“Dəccal” (son) – ORXAN FİKRƏTOĞLUNUN KİNONOVELLASI Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“DƏCCAL” kinonovellasının son bölümü təqdim olunur.

 

Vəkili Molla Qafara Ayişənin də hamilə oldu­ğu­nu söylədiyi an isə hər şey ona gün kimi aydın olmuşdu. Ən qəribəsi bu idi ki, heç kəs sarışının bu işləri edə biləcəyinə inanmazdı. Heç kəs onun günahkar ola biləcə­yini ağlına belə gətirməzdi. Əksinə, bütün kənd onun qeyrətli oğul olmasından danışırdı. Bu insanların gözü, görəsən, necə bağlanmışdı? Yaxşı, deyək ki, kəndlilər avamdı. Bəs müstəntiqlər? Axı Molla Qafarın hər iki qızı hamiləydi. Bunu kimsə etmişdi də. Qızlar öz-özünə ha­milə olmamışdılar ki? Molla Qafar qızlarının sarışınla yatmasını tədqiqatdan gizlətsə də özündən gizlətməmişdi. Bəs niyə onun özü belə bu sirri açmırdı? Ona nə mane olurdu? Adam içinə çıxmaqdan utanırdı? Onsuz da daha adam içinə çıxmayacaqdı. Ömürlük həbs olunmuşdu. Sarışın uzaqdan diqqətlə ona baxırdı. Molla Qafar hiss etdi ki, sarışın onun alçalmasını, sındığı, Allahdan üz döndərdiyi anı görmək istəyir. Sarışın nəfs idi. Sarışın günah idi. Sarışın hər nə idisə, adam deyildi. Molla Qafar özünü toplayıb sarışının gözlərinin içinə baxdı. Sarışının göz­ləri gülürdü.

 Nəhayət, Molla Qafarın üzünə hökm oxundu.

Onu bir neçə dəqiqə sonra məhkəmə salonundan həbsxa­na­ya aparacaqdılar. Molla Qafar ağır-ağır ayağa qalxdı. Çev­ri­lib Gülər tərəfə baxdı. Baxışları ilə olsa da, qadını ilə halal­laşırdı. Gülər salonun ortasında sarışını sinəsinə sıxıb ağlayırdı. Sarışının əli Gülərin bu gün bir az dik görünən döşlərinin üstündəydi. Gülər də sarışını bir az başqa cür qucaqlamışdı. Əyninə geydiyi qara paltarının ətəyi bir az yuxarı qalxmışdı. O, əvvəllər belə paltarlar geyinməzdi. Sarışın Molla Qafar görsün deyə sağ əlini yavaş-yavaş Gülərin kürəyindən aşağı sürüşdürüb arxasında saxladı. Və salondakı qarışıqlıqda Gülərin yumru arxasını sığallamağa başladı. Qəribəsi bu idi ki, Gülər də onun əlini geri itələmirdi. Molla Qafar nə deyəcəyini, nə edəcəyini bilmədi. Yerə tüpürüb salondan eşiyə çıxdı. Addımını atdıqca qollarını sıxan qandal qəribə səslər çıxarırdı. Maşına minənə qədər Molla Qafar heç nə düşünə bilmədi. Yenə olanları Allahın ixtiyarına buraxdı.

Ancaq gecə təkadamlıq kamerada işıqlar söndürü­ləndən sonra Molla Qafar döşəməyə çöküb üzünü göyə tut­du və utana-utana pıçıtıyla kimdənsə: “Sən hələ or­dasan?” – soruşdu...

Və birdən qulaqlarına açıq-aydın sarışının səsi gəldi: “Əlbəttə burdayam... harda olacam?”

 

SON

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.