“Dəccal” (5-ci paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNONOVELLASI Featured

 

 

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“DƏCCAL” kinonovellasının növbəti bölümü təqdim olunur.

 

Sarışın evlənən gündən Molla Qafarın evin­də qalmadı. Özünə kəndin ucqarı sayılan “Çaqqal dərə­si”ndə taxtadan təzə daxma qaraltdı. Molla Qafardan savayı hamı ona alışdı. Ancaq Molla Qafar baş verənləri anlamaya-anla­ma­ya qəzaya, qədərə bağladı. İlahinin imta­hanına yozdu. Sonda axırının xeyir olmasını Allahdan istəyib istixara elədi. Sarışınla Molla Qafar çox az-az danışardı. Az-az görüşərdi. Molla Qafar sarışından ürə­yinin gizlinində qorxardı. Üzündə-gözündə dola­şan qır­mızı şəhvanilik Molla Qafarı diksindirərdi. Sarışının Qafarın ürəyindən xəbəri yox idi. Kimi gördü, harda gördü, çənəsinin altına salıb saatlarla atasından danışardı. Hansı işin qulpundan yapışır-yapışsın, aşırardı. Əlindən hər iş gələrdi. Armavirdən gələndən kəndlilər üçün aran yerdə yeddi sulu quyu qazmışdı. Kəndə dağlardan bulaq suyu çəkmişdi. Yolları, körpüləri təkbaşına təmir elə­mişdi. Hamı başına and içirdi. Kəndə birinci velosipedi, motosikleti də o gətirmişdi. Gedib şəhərdən kreditə götürdüyü televizorları bir-bir kənd evlərinə paylamışdı. Bütün kəndi türk seriallarına alışdırmışdı. Uşaqlar o gələndən sonra serial dillərində dil açıb, serial qəhrə­manları kimi danışırdılar. Dünən isə Qafarın evinə gəlib xahiş etmişdi ki, ona mollalığı da öyrətsin. Molla olmaq istəyir. Molla Qafar sarışının anasını xatırlayıb ilk dəfə ona qəti “Yox” demişdi. Onların arasına düşən çat da bu qəti “Yox”dan sonra başladı.

Sarışın üzdən Qafara oxşasa da, əməllərindən oxşamırdı. Əməllərində biclik vardı. Kəndi özünə məqsədsiz yerə ram etmirdi. Qafarı da ən çox qorxudan buydu. Ona həyatın ləzzəti kədərindən yaxın idi. Sarışın ölümdən, Allahdan qorxmurdu. O, heç nədən qorxmadığı üçün qorxuluydu. Sarışın həyatı an bilirdi. Və bu anı öz xeyrinə dəyişməyi sevirdi. Axirəti anlamırdı və qəbul etmirdi. O, həzz adamıydı, tövbəsi yoxdu. Allaha təslim olmamışdı. Özünə qadağa qoyanlardan deyildi. O, indi, bu gün, bu dəqiqə olanlardan ləzzət almağı sevirdi. Onun üçün nə keçmiş var idi, nə gələcək. O, indinin adamıydı. Məzluma qalib gəlirdi. Özündən zəifi bağışlamırdı. Qadağaları belə həyasızcasına ləzzətə çevirirdi. Adam var ki, günah etdiyini biləndə qorxur. Günahı təninin ağlı ilə etsə də, daxildə peşmançılıq çəkir. Bu daxil onun vicdanıdır. Etdiyi günahın əziyyə­tini illərlə yaşayır. Belə adamın nizamı, daxili yazısı imandandır. Özü dərk etməsə də, nizamı Allahdandır. Adam da var ki, etdiyi günahdan həzz alır. Günah edəndə və sonra heç bir peşmançılıq çəkmir. Sarışın günahından belə həzz alanlar­dan idi. Onun yazısında peşmançılıq yox idi. Günah elə bil onun qanında, canında idi. Molla Qafar da buna görə ildırım kimi ömrünə daxil olmuş sarışının molla olmasını istəmirdi. Ona görə yox ki, sarışın imana gələ bilməzdi. Ona görə ki, sarışın imanı belə öz iradəsi ilə dəyişəcəkdi. Onun buna gücü və iradəsi çatacaqdı. Bu gücü Molla Qafar sarışında görürdü. Elə ona görə də ondan qorxurdu.

 Sarışın atasının qəti “Yox” deməsindən sonra bir də bu məsələyə qayıtmadı. Başını aşağı salıb xarratlığı öy­rəndi. Amma bu “Yox”dan sonra gözlərində qəribə bir gülüş əmələ gəldi. Bir müddətdən sonra onun xarrat­lı­ğından da dastanlar danışılmağa başlandı.

Sarışının gəlişindən sonrakı həyat təzə-təzə məcra­sına düşürdü ki, dəhşətli xəbər kəndi sarsıtdı. Molla Qafarın kiçik qızı Sənubər günün günorta çağı yoxa çıxdı. Əvvəlcə Molla Qafar, sonra bütün kəndlilər ətrafı ələk-vələk elədilər. Xeyri olmadı. Elə bil qız yağlı əppək olub göyə çəkilmişdi. Gördüm deyən yoxdu. Şəhərə zəng vurub polis çağırdılar. Polis iki günlük axtarışlardan sonra qızı “Çaqqal dərəsi”nin arxasındakı lal uçurumdan ölü tapdı. Onun çaqqallar didmiş gözəl tənini Gülərin tükürpədici ah-vayı altında şəhər xəstəxanasına apardılar. Qızın bədənini ekspertiza etmək üçün yarmış patoloq-anatom eşiyə çıxan kimi Molla Qafarı otağına dəvət etdi. İçəridə ondan: “Qızının hamilə olmasından xəbərin var idimi?” – soruşdu. Molla Qafar Sənubərin ölməsindən çox hamilə olmasından sarsıldı. Axı Sənubər uşaq idi. Evdən eşiyə çıxmırdı. Məktəbə getmirdi. Oğlanla görüşmək nədir? Bir də kənddə onunla yaxınlıq edəcək ərgən oğlan uşağı, demək olar ki, yox idi. Molla Qafar daha bir sirri ürəyinə gömüb kəndə qayıtmalıydı. Buna ürəyi dözəcəkdimi? Bu sirri kimə deyəsən? Necə deyəsən? Həkimdən də, polisdən də məsələni ağartmamağı xahiş edib, ciblərinə pul basdı. Onlar Sənubərin ölümünü intihar kimi qeydiyyata salıb işi bağladılar. Molla Qafar ölüm kağızlarına son dəfə qol çəkəndə müstəntiqdən: “Uşaq neçə aylıq idi?” – soruşdu. Müs­təntiq: “O qədər də böyük uşaq deyildi”, – dedi. Molla Qafar o hadisədən sonra heç kimlə kəlmə belə kəsmədi. Günlərlə dinib-danışmadı. Dəli kimi tək gəzib, tək dolaşdı. Sənubərin ölümünü öz günahına yazıb içinə çökdü. Qızının qatili kim idi? Onu kim zorlamışdı? Görəsən, o adamla üz-üzə gəlsəydi, Molla Qafar özünü necə aparacaqdı? Allahı unudub o adamı öz əlləriylə boğacaqdımı? Görəsən, Allah Sənubərin ölümüylə ona nə demək istəyirdi? Onu bu ağır imtahana niyə çəkirdi? Nəyi anlamalıydı? Səhvi nəydi? Nə günah etmişdi?

Sarışın Sənubərin yasında əldə-ayaqdaydı. Hamıdan çox ağlayırdı. Hamıdan bərk danışırdı. Gələnin, gedənin qullu­ğun­da dururdu. Kənd cavanları kimi, Sənubərə yas tutub saqqal da saxlamışdı. Ağsaqqallar onun Molla Qafara bir hədiyyə oldu­ğu­nu deyirdilər. Ağbirçəklər ya­nında yaş­maq­lan­mırdılar. Sarışın hamının məhrəminə, doğmasına çevril­mişdi. Təkcə Molla Qafar sarışına tərəf gözünün ucuyla belə baxmırdı. Başına gələn bütün bədlikləri onun adıyla bağlayırdı. Ondan haçansa gələcək daha böyük təhlükəni ağlı ilə dərk edə bilməsə də, hiss edirdi. Bundan artıq nə təhlükə olacaqdı? Gözəl-göyçək Sənubəri kimsə aldadıb zorlamışdı. O da təhqirə dözməyib özünü uçurumdan aşağı atmışdı. Molla Qafar bu vicdansızı tapıb öz əliylə boğmalıydı. Şübhələndiyi adam da vardı. Öz oğlu sarışın. Bunu ona necə subut etsin? Sübutu yox idi. Gümanı min yerə getsə də, imanı onu addım atmağa qoymurdu. Bəlkə bu işi heç sarışın eləməyib? Onda kim eləyib? Nə qədər düşünürdü, sarı­şından savayı ağlına heç kim gəlmirdi. Kənd adamları halal südəmmiş adamlar idilər. Onlardan heç kəs belə bir iş eləməzdi. Sənubərin özü də imanlıydı. Onu aldada biləcək adam ancaq doğma adam ola bilərdi.

Molla Qafar gecələrin birində heç zaman açmadığı qapını təpiklə açıb sarışının daxmasına girdi. Nazlı yeni doğulan oğlunu əmizdirirdi. Sinəsini örtüb utana-utana ayağa qalxdı. Sarışın divanda uzanmışdı. Molla Qafarın içəri girdiyini görüb döşəməyə atıldı. Ən əvvəl sarışın Molla Qafarın əllərinə baxdı. Onun silahsız olduğunu görüb toxtadı. Kandarda durmuş Molla Qafarın üzündəki kədəri gördükdən sonra isə istehza ilə gülümsündü. Bu gülüş Qafarın gözündən yayınmadı. Sarışın əllərini irəli açıb:

– Belə atam evimə xoş gəlib, – dedi.

Molla Qafar Nazlının əlindən uşağı zorla çəkib aldı. Bir həmlə ilə uşağı soyundurub işığın altına tutdu. Sarışının oğlu ona yad göründü. Uşaq başqa qandan idi. Molla Qafarın nəslində belə oğlanlar doğulmurdu. Molla Qafar nifrətlə sarışına baxıb:

– Başqa qadından uşağın yoxdur? – xəbər aldı.

Sarışın irişə-irişə:

– Xeyr, ata. Mən ancaq öz ailəmdə uşaq əkirəm, – dedi.

Molla Qafar ucadan ağlayan lüt uşağı Nazlıya qaytarıb diqqətlə sarışının gözlərinin içinə baxdı. Beləcə bir xeyli baxandan sonra:

– Mən o işin axırına çıxacam, – dedi. Və çevrilib otaqdan çıxdı. Nazlı Molla Qafarın qəfil hirsini anlamadığından qorxub ağlamsındı. Sarışın, arvadından fərqli olaraq, Molla Qafarın gəlişinə sevinmişdi. Elə bu sevinclə də əllərini bir-birinə sürtüb Nazlının yanağından öpdü. Sonra da:

– Yemək gətir, acmışam, – dedi.

 

***

 

Sarışının gəlişi Molla Qafarı çox dəyişmişdi. Bunu Gülər də hiss edirdi. Daha Quran oxuyub, ibadətlə məşğul olmurdu. Namazından, orucundan qalmışdı. Bütün günü “Allaha çətin imtahan verirəm” deyib gözlərini bir nöqtəyə zilləyərdi. Məktəbə də həvəsi qalmamışdı. Daha din dərsləri keçmirdi. “Zamanı gələndə uşaqlar özləri Allahı qanacaqlar. Allah kitablarda deyil, əməllərdə imiş”, – deyib məktəbdən yayınırdı. Həyatdan da ləzzət almırdı. Sağ qalmış yeganə qızı Ayişənin üzünü belə görmək istəmirdi. Ancaq taxtın üstündə oturub papiros çəkə-çəkə nə haqdasa düşünürdü. Adam içində olanda belə öz-özüylə danışırdı. Yuxudan hövlnak oyanıb səbəbsiz yerə ağlayırdı. Kimisə bərkdən söyüb: “Səni gec-tez öldürə­cəm”, – qışqırırdı. Bir gecə Güləri yuxudan qaldırıb: “O, mənim günahımdır, dirilib arxamca gəlib. Ömrümdə bir dəfə günah etmişəm. Onun da bədəli qızım Sənubər oldu”, – demişdi. Molla Qafar Gülərdən də soyumuşdu. Daha heç kəsi sevmirdi. Bütün günü öz aləmindəydi. Səhər-axşam sərasər sarışını düşünürdü. Görəsən, sarışın kim idi? Onu Qafarın evinə kim göndərmişdi? Sənubəri kim zorladı? Allah bütün bu olanlardan xəbərdardırmı? Onun hökmü olmadan bu dünyada heç nə baş vermir. Niyə bu baş verənlər onun başına gəlir? Tanıdığı bütün adamların günahı vardı. Onlarındamı günahları sarışın təki arxalarınca gəlib nizamlı həyatlarını alt-üst edib? Yoxsa Allah ancaq sevdiyi bəndələrini imtahana çəkir?! Axı o, sarışının anası Valentinanı fahişə etməmişdi. Hamı kimi, o da Valen­tinadan bir neçə günlük həzz almışdı. Bu idimi onun günahı? Bu günahın əvəzi günahsız Sənubər olma­lıydımı? Həmin gecə Valentina ilə gör neçə kişi əylən­mişdi. Bəs necə olmuşdu ki, Valentina ondan uşağa qalmışdı? Allahdan gələn bəla ilə barışmaq çətin imiş. O, bu çətin yolu seçsə də, özüylə artıq bacarmırdı. Sarışını öldürmək istəyirdi. Qisas almaq fikrindəydi. Belə olan zamanlar, görəsən, iradəsini kim idarə edirdi? Özümü? Son günlər buna şübhə edirdi. Sarışın ondan evini, sevgisini, illərlə yaratdığı könül nizamını və nəhayət, qızının canını istədi. O, bütün bunları ona könüllü verdi. Özündən asılı olmadan sevgi ilə verdi. Sarışın gəlişi ilə onun sakitliyini pozdu. Onu dəyişdi, kiçiltdi, alçaltdı və şübhələrə saldı. Bu gəliş qədər idimi?.. Tale idimi?.. Yazı idimi?.. O, bütün bunlara dözdü. Qiyam etmədi. Sonda sa­rı­şın imanının, sevgilərinin, yəqinliyinin davamı olmaq istədi. Burda o, sarışının fahişə oğlu olduğunu xatırladı. Və onu öz davamı kimi görməyə razı olmadı. Ona görə razı olmadı ki, sarışının anası fahişə idi. Fahişənin oğluna imanmı etibar etmək olardı? Bax burda imiş bü­tün sualların cavabı. Molla Qafar olanların niyə ol­duğunu, nəhayət ki, anladı. Həqiqət ona birdən-birə aşkar oldu. Sənubərin ölümü özünü sarışından üstün bilməsinin cəzası imiş. Axı ona fahişəyə qiymət vermək ixtiyarını kim vermişdi? Yəqin, buna görə də qızı fahişə kimi ölmüşdü. O, gərək gənc olan zamanlarda da Valentinaya fahişə təki baxmayaydı. Onu məsum qız təki sevəydi. Bağışlayıb qadını edəydi. Görünür, Valentina onun taleyi, yazısı imiş. Və o, bunu anlamadan taleyinin acığına, ziddinə gedib. Özünü fahişədən üstün bilib. Bununla da hansısa qanunları pozub. İndi də bu səhvə görə Valentinanın oğlu ondan intiqam alır. Bu idimi ilahi nizam? Axı o fahişəni necə sevmək olardı? Bu suala Molla Qafar hələ də cavab tapa bilməmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.