“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə Arzu Nehrəmlinin şeirləri təqdim ediləcək.
Göyçək Vətən
Adəm oğlu azıb gələn,
Adın daşa yazıb gələn,
Yaddaşlardan sızıb gələn
Həqiqətsən, gerçək Vətən.
Bir nəğmədir duruşuğun,
Açılıb yol dolaşığın,
Sarmaşığı yaraşığın,
Üstü-başı çiçək Vətən.
Sinə gərdin fitnə-felə,
Dərdi unut innən belə,
Nazına qurban, naz elə,
Sığalını çəkək, Vətən
Al qızını, sıx köksünə,
Şeiri tərifdir hüsnünə,
Gör, necə oxşayıb sənə,
Gözəl Vətən, göyçək Vətən.
Biz bu evdə yaşayırdıq
Biz bu evdə yaşayırdıq...
Dünyanın ən işıqlı, geniş evində.
İki nəfər idik:
Mən və O.
Hər səhər pəncərəmizdən yayı-qışı
bəlli olmayan günəş boylanardı.
Sonra üç nəfər olduq:
Mən, O, qızımız.
Evimiz bir az da böyüdü, işıqlandı,
səsə-küyə qərq oldu.
Amma... amma
bir gün ulduzları olmayan
gecənin sabahı da olmadı.
Gözükölgəli günəş
buludların qarasını üzünə çəkib getdi.
Biz iki nəfər olduq:
Mən və qızımız.
Daha bu evdə yaşamadıq,
Çünki evimiz çox kiçik və qaranlıq olmuşdu.
Tünlük dünya
Gəlişimiz bir əbəsdir,
Şərə meydan, düzə qəsddir,
Basabasdır, bəhsəbəsdir,
Nə yaman tünlük dünyadır.
Nə gəlir, xətayla gəlir,
Ad var ki, xudayla gəlir,
Şər-böhtan nidayla gəlir,
Mələk yox, cinlik dünyadır.
Şeytan deyir: "Burax nazı,
Al eyninə, bahar yazı,
Dur, ləngimə, Kazımqızı,
Dünya beşgünlük dünyadır".
Özümə dönməyim gəlir
Yolayrıcı yolum bağlar,
Sağımı, solumu bağlar.
Çəkilin, daş üzlü dağlar,
Düzümə dönməyim gəlir.
Yıxılıb taxtdan düşmüşəm,
Taledən, baxtdan düşmüşəm,
Əldən, ayaqdan düşmüşəm,
Dizimə dönməyim gəlir.
Ömrə çiçəktək açmağı,
Unutdum ətir saçmağı,
Atıb üstündən qaçdığım
Sözümə dönməyim gəlir,
Çək ömrünü, yaşı apar,
Çən-dumanı, qışı apar,
Götür, Arzu, daşı, apar,
Özümə dönməyim gəlir.
Şəhidlər
Haqqa, azadlığa gedən yolsunuz,
Bizi bizdən yaxşı duyan şəhidlər.
Yığışıb bir yerdə Vətən olmusuz,
Elinə, yurduna həyan Şəhidlər.
Yatmış saatımı çəkib qurmayın,
Təzdən ürəyimi sıxıb qırmayın,
Məni başqa adla öyüb durmayın,
Adım da, imzam da, soyum Şəhidlər.
Daha mənə arzular da yük gəlir,
Yaram dərinləşib, yaram köhnəlib,
Sinəm altda şəhid şeirim köklənib,
Dastanım, nağılım, boyum Şəhidlər.
Dərd məni çəkir
Bu hansı səfərdir, hara gedirəm?
Ağlımda min fikir, başda min fikir.
Elə bilərsiniz üsyan edirəm,
Vallah, dərd çəkmirəm, dərd məni çəkir.
Ocaqda qazanım dərdə qaynayır,
Nə atəş anlayır, nə də su anır.
Bir az gec bişincə, tamarzı kimi
On günün acıtək ağzım sulanır.
Elə sığınmışam isti qucaqtək,
Hələ olmayıbdır dərddən yıxılam,
Qoynuna girmişəm yetim uşaqtək,
Dərdin ətəyindən tutub qalxıram.
Hələ açılmamış sirrəm, sualam,
Nə qədər cavablar pərt çıxıb gedib.
Deyirəm, bir sabah mən necə ollam,
Birdən durub görsəm, dərd çıxıb gedib?!
Çəkilməyən dərdimdir
İtiribdir vaxtını,
Çapıb gəlib atını,
Durun, açın qapını,
Çəkilməyən dərdimdir.
Dönübdür güzarıma,
Könlümdür çözüm ona,
Enimə, uzunuma
Biçilməyən dərdimdir.
Ömrüm bir günə qalsa,
Dönmərəm, dönüm olsa,
Necə bağlanmışamsa,
Keçilməyən dərdimdir.
Laylay
Düşünürdüm:
- Anamsız yaşamaram.
Bir gün mən öldüm,
Anam ağladı, ağladı, ağladı...
Gecə-gündüz başımın üstündə
layla çalıb, bayatı dedi:
- Laylay, balam, laylay
Bir müddət yaşadı məndən sonra,
Ölümüm onun üçün
ağır, sağalmaz dərd oldu.
Elə bu dərdlə də köçüb getdi,
öldüyüm yerə -
ağladığı mən boyda dərdinin yanına.
- Laylay, anam, laylay!
Çək üstündən bu sal daşı
Məzarla söhbət
Gəldim deyim, unutmusan,
Yadına sal, səslə məni.
Sən demişdin, ölüm səndən
ayırammaz əsla məni.
Dinlə məni, dilim yanır,
Yerdə yerim, göyüm yanır,
Bax, arxamca elim yanır,
Bəsdir qoydun yaslı məni.
Gəl, unutma, yar, amandır,
Hicran yolu buracandır,
Dəyişmisən nə zamandır
Aya, günə, fəslə məni.
Can harayda, ömür hayda,
Qoy, birtəhər verim bada,
Burdakıtək, gülüm, orda
Gözlərsən həvəslə məni.
Bu soyuq yer mənzil başı,
Arzunu bil, "usal", naşı,
Çək üstündən bu sal daşı,
Al qoynuna, bəslə məni.
Qızımın atası, anası qayıt
Həyat yoldaşım Yusifin dilindən
Üzündə giley var, dilində ağı,
Öpüb qucaqlama daşı-torpağı.
Dur, get evimizə gəlinsayağı,
Ömrümün parası, yarısı, qayıt!
Bilirəm, incidib, bu illər səni,
Dondurub, üşüdüb fəsillər səni.
Qınayar ürəklər, könüllər səni,
Elimin pərişan sonası, qayıt!
Axıtma göz yaşın, arxına dönnəm,
Düşərəm selinə, axına gəlləm,
Get dincəl, bu gecə yuxuna gəlləm,
Tökmə gözlərinin qarasın, qayıt!
Ürəyin dopdolu, sözün qalıbdır,
Heç vaxt çəkilməyən nazın qalıbdır,
Bir ömür istəyin, arzun qalıbdır,
İçində bir ümid varsa da, qayıt!
Bilmirəm, nə kimi varmışam sənə,
Bir yığın xatirə qoymuşam sənə,
Sən elə bilirsən doymuşam sənə?
A Məcnun sevdamın Leylası, qayıt!
A sönük ülkərim, nə deyim sənə,
Söykə taleyini günün birinə,
Al ağır yükünü çiyinlərinə,
Qızımın atası, anası qayıt!
Bu dərd
Dərd peşəm, dərd işim olub,
Əyləncəm, vərdişim olub.
Çəkdikcə şipşirin olub,
Nə gözəl yar imiş, bu dərd.
Bəzək, naxış, rəng yerimdir,
Ümid yerim, ərk yerimdir,
Həyat dərsi, dərk yerimdir,
Yaxşı ki, var imiş, bu dərd.
Şeirimə qol-qanad verdi,
Əzm, hünər, inad verdi,
Dopdoluca həyat verdi,
Dövlətmiş, var imiş, bu dərd.
Düşüb Arzunun izinə,
Vurulub onda dözümə,
Eşqilə onu özünə
Gör, necə sarımış, bu dərd.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)