Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” əsərində mif və gerçəklik Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün ədəbi tənqid zamanıdır, Filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlinin “Dəniz kənarıyla qaçan alabaş” məqaləsi ilə tanışlıqdır.

 

 

O başa düşürdü ki, nəhayətsiz ənginlik müqabilində qayıqda olan insan heç nədir. Lakin insan düşünür, özü də bununla Dəniz və Səma böyüklüyü kəsb edir, bununla da o, dünyaların dərinliyi  və ucalığı fövqündə dayanır. Elə buna görə də insan nə qədər ki sağdır, o, ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir, zira onun düşüncəsinin hüdudu yoxdur. O öləndən sonra isə davamını kimsə bir başqası düşünəcək, ondan sonra daha bir başqası, sonra da bir başqası və bu minvalla nəhayətsiz olaraq düşünəcəklər”.

Çingiz Aytmatov

 

İnsanın məğlubedilməzliyi, ruhun ölməzliyi və onun varisliyi dünya ədəbiyyatının içindən qırmızı xətlə keçir və zamandan, məkandan asılı olmadan sənət adamlarını düşündürür. XIX əsrin sonu, XX əsr boyu dünyada elmi-texniki inqilablar baş verir və bu hadisələr  arzuolunmayan nəticələrə səbəb olur. Bir-birinin ardınca baş verən iki dünya müharibəsi ədəbiyyatı vahid ideyaya-insanın tədqiqinə yenidən və fərqli baxmağı tələb edirdi. Nəzəri konsepsiyaların bir-birini əvəz etməsi bu və ya digər səbəblə dünya müharibələri və onların doğurduğu paroksizmlə bağlı idi. Sənət insanı və insanlığı sarsıdan, onun ucalığı haqqında min illər boyu formalaşan konsepsiyanı dağıdan fəlakətlər qarşısında aciz idi. Doğrudan da, Lev Tolstoyun “Hərb və sülh” kimi monumental əsərindən sonra iki dünya müharibəsi baş vermişsə, demək ki, sənət, geniş mənada mədəniyyət, ictimai-siyasi maraqların, imperialist iddiaların qarşısında məğlub olub. Erix Maria Remark “Qərb cəbhəsində təbəddülat yoxdur” romanında qəhrəmanı 19 yaşlı gənc Paul Boymer vasitəsilə dünya müharibəsindəki məlum reallığı xarakterizə edirdi. “…parçalanmış bədənin üzərində hələ də həyatın gündəlik cərəyanını əks etdirən insan çöhrəsinin bulunduğuna adam heç cür inana bilmir. Lakin bu hələ yalnız bir xəstəxana, yalnız bir müalicə məntəqəsidir; halbuki bunlardan yüz minlərcə Almaniyada, yüz minlərcə Fransada, yüz minlərcə də Rusiyada vardır. Bütün bunlar mümkün olduğu halda, insanların vaxtilə yazdıqları, elədikləri, düşündükləri şeylər nə qədər mənasız imiş? Əgər min illərin mədəniyyəti bu qədər qanın axmasına, yüz minlərlə belə həbsxanaların törəməsinə bais olan amili aradan qaldıra bilməmişsə, o zaman bütün bunlar yalnız yalan və laqqırtıdan başqa bir şey deyilmiş!”

Hər iki müharibədə milyonlarla insan ölürdü. Heç kim onların seçim haqqını müzakirə etmirdi. Ən ucuz xərclənən isə insan ömrü, onun arzu və istəkləri oldu. Dünya nəsrində “itirilmiş nəslin nümayəndələri” kimi tanınan Erix Maria Remark, Ernest Miller Heminquey və başqalarının yaradıcılığında müharibə bütün mahiyyəti ilə təsvir olunurdu. Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur”, Heminqueyin “Əlvida, silah”, “Olmalı, yaxud olmamalı” romanları, eləcə də Çingiz Aytmatovun çox sonralar qələmə aldığı “Öldürmək, öldürməmək” əsəri təxminən eyni səpkidə qələmə alınan nəsr nümunələri idi.

Müharibədən illər keçdikdən sonra sənətdə insana daha fərqli rakursdan baxmağa, onu yenidən kəşf etməyə cəhdlər edilməyə başlandı. Bu kontekstdə ərsəyə gələn ən uğurlu əsərlərdən biri Ernest Miller Heminqueyin “Qoca və dəniz” povesti idi. Çingiz Aytmatov üstündən on illər keçdikdən sonra həmin ideyada öz əsərini yazdı. Yazıçının “Dəniz kənarıyla qaçan alabaş” povesti insana yenidən və fərqli dönüş ideyasını ifadə edən dünya nəsrinin maraqlı nümunələrindən biridir.  “Dəniz kənarıyla qaçan alabaş” Çingiz Aytmatov yaradıcılığının və onun insanlıq konsepsiyasının təkrarsız bədii nümunəsidir. “Qoca və dəniz”də olduğu kimi, bu əsərdə də insanın yenilməzliyi, ucalığı  müharibə situasiyasında deyil, fərqli bədii zaman və məkanda təsvir edilir.

Povest dənizlə bağlıdır və əsərdə həyatı balıqçılıqla keçən insanların  taleyindən bəhs olunur. Eyni zamanda əsərin süjeti real müşahidələrə, yaşanmış hadisələrə və qəhrəmanlara əsaslanır. “Dəniz kənarıyla qaçan alabaş” povestinin süjeti Çingiz Aytmatovun dostu yazıçı Vladimir Sanqinin mənsub olduğu dənizçi nivx xalqının həyatından götürülüb. Əsas məşğuliyyətləri balıqçılıq olan nivxlərin sənətləri ilə bağlı müxtəlif əhvalatları var və Vladimir Sanqi onlardan birini, balıqçıların dəniz ovu zamanı azması və qu quşunun köməyi ilə qurunu tapması ilə bağlı hadisəni görüşdükləri zaman Aytmatova danışır. Əsərdəki Kiriskin prototipi Vladimir Sanqinin özüdür, Çingiz Aytmatov da əsərini yazıçı dostuna ithaf etmişdir. “Bu əsərdə baş vermiş real hadisədən bəhs etdim. Hekayənin qəhrəmanı kiçik Kirisk hələ də yaşamaqdadır və bir yazıçıdır. Adı Vladimirdir”.

         Çingiz Aytmatov müsahibələrinin birində Vladimir Sanqi ilə həmin görüşdən və əsərin yaranması ilə bağlı tarixçədən bəhs etmişdir: “Mənə bir gün başına gələn hadisəni nəql etdi. Bu hadisəni mənə verməsini, icazə verərsə, yazmaq istədiyimi söylədim. Heç tərəddüd etmədi, hətta – bundan hekayə çıxar? – deyə sakitcə çiyinlərini çəkdi. Mən oturub yazdım. Nəşr olundu. Bir gün qarşılaşdıq, heyrətlənmişdi: “Necə yazdın? Mümkün iş deyil, kaş hekayəni sənə verməyəydim!” – dedi. Güldüm. “O hadisəni yaşayan sənsən, amma sən yaza bilməzdin” – dedim. Ancaq mən yaza bilərəm. Mən nə etdim? Vladimirin yaşadığı, hər kəsin başına gələ biləcək hadisəni götürdüm, öz fəlsəfəmin içinə oturtdum. Əhvalatdakı bəşəri, müştərək olan məqamı tutdum və əsəri yazdım. Hər usta yazıçı, dünyanın harasında yaşayır-yaşasın, bütün insanlar arasında müştərək olan nöqtəni tutar və o nöqtəni hədəf alaraq əsərlərini qələmə alar”.

         “Dəniz kənarıyla qaçan alabaş” povesti ilk dəfə 1977-ci ildə “Znamya” jurnalında çap olunur. Orqan, Əmrayıl, Mılğun və Kiriskin timsalında yazıçı insan həyatının mənası və onun gələcək uğrunda mübarizəsini təsvir edir. Çingiz Aytmatov əsərlərində obrazlar və onları əhatə edən mühitlə çərçivələnmiş dünyanın modelini qurur. Yazıçının müəllifi olduğu “Qiyamət” romanında dünyanın sonu-qiyamət o zaman başlanır ki, əsərdə təsvir olunan və nəslin, geniş spektrdə insanlığın davamçısı sayılan sonuncu oğlan uşağı ölür. Eyni zamanda mifik inanca görə, insanların xilaskarı hesab edilən boz canavar insanlar tərəfindən öldürülür.”Qiyamət” romanından fərqli olaraq, burada dünyanın sonu ilə bağlı yazıçının düşüncələri ümidvericidir. Aytmatov “Dəniz kənarıyla qaçan alabaş” povestində də bir ailənin timsalında model quraraq bəşəri ideyaları diqqət mərkəzinə çəkir. Dörd nəfərin mindiyi qayıq dənizə balıq ovuna çıxır. Povestdə Kirisk bir ailənin timsalında insan cəmiyyətinin, eyni zamanda onların müqəddəs saydıqları sənətlərin gələcəyini təmsil edir. Hər kəs ona uğurlu ov arzulayır. Bir-birinin ardınca öz həyatlarını qurban verərkən Orqan, Əmrayıl və Mılğun yeniyetmə gəncin müstəqil bir fərd olaraq özünü cəmiyyətdə təsdiqini və bir nəslin gələcəyinin xilasını düşünürlər. Arif Əmrahoğlu yazır: “Ağ gəmi” insanların özlərinin sürətləndirdikləri qiyamətin gəlişinin xəbərdarlığıdır, “Dəniz kənarıyla qaçan Alabaş” isə insanların öz iradələrindən asılı olmadan başlamaq ərəfəsindəki qiyamətin qarşısını almalarının təntənəsidir”.

Yazıçının əsərdə əsl məqsədi dünyanın əbədiliyinə inam və hər bir insanın öz nəslinin yaşama arzusunu ifadə etməkdir. Bu baxımdan balıqçı nəslinin nümayəndələri Orqan, Mılğun və Əmrayılın yeniyetmə Kiriskin həyatı uğrunda apardıqları mübarizə və özlərini fəda etmələri insan oğlunun ucalığıdır. Əsl insan çətin anlarda öz mənafeyini deyil, xalqın taleyini düşünərək gələcək üçün nə lazımdırsa, etməlidir. Povest adət-ənənənin atadan oğula ötürülməsinin və insan oğlunun dünəni, bu günü və gələcəyi uğrunda mübarizəsinin göstəricisidir. Çingiz Aytmatovun povestinin sujeti gerçək qəhrəmana və onun həyat hekayəsinə dayanır. Həyatı dənizə bağlı olan insanların taleyi – harda olmasından asılı olmayaraq – ortaq mahiyyət kəsb edir. 

Çingiz Aytmatovun əsərində mifə istinad olunur. Miflər dünyanın ilkin yaranışında və onun ayrı-ayrı inkişaf mərhələlərində ulu əcdadlarımızın ətraf aləmi dərk etməsiilə, onları narahat edən, maraqlandıran hadisələrlə bağlı yaratdıqları şifahi bədii mətnlərdir. Qədim insanların həyat tərzi kimi qəbul edərək yaşadıqları miflər, bəşəriyyətin inkişafının növbəti mərhələlərində bu və ya digər formada iştirak etmiş, öz mövcudluqlarını qoruyub saxlamışlar. XX əsrdə Karl Qustav Yunq Ziqmund Freydin şüuraltı nəzəriyyəsinin əksinə özünün təhtəlşüur konsepsiyasını irəli sürdü. Yunqun təhtəlşüur psixoloji konsepsiyasının üç elementindən biri ortaq təhtəlşüur adlanırdı. Məhz bu elementin əsasında Yunq arxetip nəzəriyyəsini yaratdı. Yunqun nəzəriyyəsinə görə, ortaq şüur insanların həyatlarında bəzən ixtiyari, bəzən də qeyri-ixtiyari şəkildə iştirak edən vərdişlərin, inancların məcmusudur. Beləliklə, modernist estetikanın faktı kimi mifə istinad XX əsrdə dünya nəsrində geniş yayıldı. Baş verən hadisələri izah etməyə çətinlik çəkən sənət, mədəniyyət geriyə, ilkin başlanğıca qayıtmaqla izahlar tapmağa çalışırdı. Məhz bu səbəbdən Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” povestində insan taleyinin bəşəriyyətin ilkin başlanğıc əlamətləri – mif gerçəkliyi kontekstində izahı təbiidir.

Dünyanın müxtəlif xalqlarının mifologiyasında dünyanın su başlanğıcı ilə bağlı motivlər vardır. Altay yaradılış dastanında Qaraxan dünyanı ucsuz-bucaqsız su üzərində yaradır. Çingiz Aytmatovun əsəri mifdən gələn mətnlə – Luvr ördəyinin qanadları ilə qurunu yaratması ilə başlayır. Povestdə üç əsas tərəf var: nəhayətsiz dəniz, Luvr ördəyinin lələkləri ilə qurduğu yuvadan yaranan torpaq və onların arasında seçim etmək məcburiyyətində qalan insan. İnsan təbiət etibarilə daha çox quruya, torpağa bağlı olduğu üçün dəniz onu sevməz. İnsan isə əksinə, hər zaman dənizi fəth etmək arzusu ilə yaşayır. Qurunun hüdudsuzluğundan fərqli olaraq, dənizin intəhasızlığı insanı həyəcanlandırır, düşündürür. Su mifoloji mətnlərdə kainatının başlanğıcını, ilkin vəziyyətini xarakterizə edir. Su, eyni zamanda, həyatın var olması, canlıların varlıqlarını davam etdirə bilmələri üçün təməl ünsürlərdən biridir. Dolayısı ilə canlının həyatı suyla bağlıdır.

Özünüaldatma yolu, uğursuzluqdan qaçma cəhdi, taleyin arzuolunmayan hökmündən qorunmaya, təhtəlşüur hadisəsinə-arxetipə əsərdə rast gəlinir.  “Dəniz kənarıyla qaçan alabaş” povestində Kiriskin anası oğlunun ilk balıq ovunun uğurlu keçməsi, pis qüvvələrin ona mane olmaması üçün çalışır. Tayfada hər kəs Kiriskin ilk ovunu görməzliyə vurmağa, unutmağa ciddi-cəhdlə çalışır. Ana özünə və evdə hər kəsə inandırmağa çalışır ki, oğlunun hara getdiyini bilmir və onları yola salarkən meşəyə tərəf baxır və sanki pis qüvvələri qovmağa, Tanrının arzu olunmayan taleyindən oğlunu gizlətməyə çalışır. “Anası dənizə yox, meşəyə tərəf baxaraq, oğluna bilə-bilə ucadan və aydın şəkildə: “Hə, get meşəyə! – dedi. –Amma odun quru olsun, özün də meşədə azma ha!”

Çingiz Aytmatov yaradıcılığını mifoloji kontekstdə tədqiq edən Arif Əmrahoğlu Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” povestindəki bu məqamı Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povesti ilə müqayisə edərək ölümdən qaçma, onu aldatma motivi kimi öyrənir. “… ölüb-dirilmə və ölümün aldadılması motivi mifologiyada da, bədii ədəbiyyatda da xaos-kosmos qarşıdurması ilə birbaşa bağlıdır. İki nümunədə M.F.Axundovun “Aldanmış kəvakib”, Ç.Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” povestlərində bu motivlərin əyani təzahürünü görmək mümkündür. “Aldanmış kəvakib”də Şah Abbasın Yusif Sərracla əvəzlənməsi, “Dəniz kənarıyla qaçan alabaş” povestində dənizə balıq ovuna çıxan oğlana anasının meşədə keçəcək ovunda uğurlar arzulaması da ölümün aldadılması faktının maraqlı nümunəsidir”.

Yuxu gerçəkliklə irreallığın sərhədləri arasında neytral boşluqda mövcuddur. Yunq yuxunun arxetipik yozumunu verərkən onu insan ruhunun psixoloji vəziyyəti ilə əlaqələndirir. “...ruhun təhtəlşüur yaşamının təməlini təşkil edən ana plan bizim qavrayışımızdan o qədər uzaqdır ki, qarşılıqlı təsirlənmədən müsbət nəticənin alınması üçün necə bir pisliyin lazım olduğunu, hansı müsbətin mənfiyə, pisliyə yol açacağını əsla bilmərik”. Yuxu süjeti, Yunqun qeyd etdiyi kimi, bir o qədər asan deyil, bəzən bizim düşüncə sərhədlərimizdən çox kənarda olur. Əsərdə Orqanın məlum yuxuları periodik təkrarlandığı üçün onun üçün görülənlər irreallıqdan çıxır, qəhrəman yuxunun gerçək olduğuna inanır. Obrazın yuxusunda gördükləri mifoloji yaddaşın təzahürü kimi çıxış edir. Nəticədə o, yuxuya inanır.

Qoca Orqanın məlum yuxuları Balıq-qadınla bağlı idi. Nivxlərin qədim inancına görə, onlar Balıq-qadından törəmişlər. Qoca Orqan üçün ölüm o qədər qorxulu deyil, yetər ki, Balıq-qadına qovuşsun. Orqan yuxuda gördüklərini irreal və təsadüfi deyil, həyatının, yaşamının tərkibi hissəsi kimi qavrayır. Sanki yuxu ilə gerçəklik arasındakı məsafə aradan qalxır, birindən digərinə keçid baş verir. Obraz yuxunu gerçəklik, həyatının parçası kimi qəbul edib yaşayır.

         İnsan nə qədər çalışsa da, taleyin hökmündən qaça bilməz. Onun verdiyi qərar həlledicidir. Folknerin “Qoca və dəniz” haqqında fikrində qeyd olunduğu kimi, Tanrı akulanı yaratmışdı ki, balığı yesin. Eyni zamanda Tanrı dənizin üzərinə dumanı çökdürmüşdü və Mılğunun üsyan etməsinə, külək tanrısını qarğımasına rəğmən qoca Orqanı, Mılğunu və Əmrayıl ölür. Tanrı eyni zamanda onların hər üçünün arzusunu yerinə yetirir və nəsli yaşadacaq, sənəti davam etdirəcək Kiriski sağ saxlayır və o, alabaşını tapır. Beləliklə, əsərdə dənizə çökən duman taleyin hökmünü icra edən element kimi çıxış edir.

Dənizdə quşun ümid, uğur rəmzi kimi iştirak etməsinə əsərdə rast gəlinir. Babası Kiriskə dumanda yolunu azmış balıqçıya yalnız aququk quşunun kömək edəcəyini bildirir. Çünki aququk quşunun gözləri çox itidir, qurudan dənizə və əks istiqmətdə uçur. Ona görə qurunu müəyyən etmək olur. Kirisk aququk quşunu  görür və bu onu ümidləndirir.

Dənizə çökən dumanın günlərlə çəkilməməsi qoca Orqanı, Mılğunu, Əmrayılı ona görə narahat etmir ki, ölə bilərlər. Onları bu an bir şey düşündürür, qayıqda sənətin, nəslin davam etdirəcək Kirisk var və onun sağ qalması həyati məsələdir. Qoca Orqan günlərlə yemək yemir, su içmir və o əmindir ki, digərləri sağ qalsa, hər şey yaxşı olacaq. O, bütün mahiyyəti ilə inanır ki, əgər yüksək ideallar yaşayacaqsa, varislik davam edəcəksə, ölüm qorxulu deyil. Heç nədən qorxmaq lazım deyil. “O başa düşürdü ki, nəhayətsiz ənginlik müqabilində qayıqda olan insan heç nədir. Lakin insan düşünür, özü də bununla Dəniz və Səma böyüklüyü kəsb edir, bununla da o, dünyaların dərinliyi və ucalığı fövqündə dayanır. Elə buna görə də insan nə qədər ki sağdır, o, ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir, zira onun düşüncəsinin hüdudu yoxdur. O öləndən sonra isə davamını kimsə bir başqası düşünəcək, ondan sonra daha bir başqası, sonra da bir başqası və bu minvalla nəhayətsiz olaraq düşünəcəklər”.

Bəli, Çingiz Aytmatovun qeyd etdiyi kimi, insan ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir. Qoca Orqanın varisi Kirisk məhdud şəkildə götürüldükdə balıqçılıq sənətinin, daha geniş spektrdə isə insanlığın, bəşəriyyətin varislik ənənələrini təmsil edir. Heminqueyin qeyd etdiyi kimi, “İnsan övladı məğlubiyyət üçün yaranmayıb; insanı məhv etmək olar, lakin onu məğlub etmək mümkünsüzdür”.

Yazıçı qəhrəmanlarını sınaq qarşısında təsvir edir. Modernist ədəbiyyatın əsas prinsiplərindən biri də bu idi. Yəni tam mənasıyla müsbət və ya əksinə, bütün mənfiləri, yaramazlıqları özündə birləşdirən qəhrəman yoxdur. İnsanın keyfiyyətləri sınaq qarşısında üzə çıxır. Yazıçı insanı və insanlığı ucaltmağa, onun dəniz kimi intəhasızlığını, məğlubedilməzliyini göstərməyə çalışır. Eyni zamanda insandan, bütün varlığın üzərində fövqəladə bir güc – taledən bəhs edir. İnsanın şüurunu, dərrakəsini ötüb keçən, onun sərhədlərindən kənarda olan şeylər var. Əsl ədəbiyyat məhz bu məsələri öyrənməlidir. Sonda yazıçının gəldiyi qənaət də budur: tale sirlidir və hətta ölümdən belə üstündür.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.