Super User
Yazıçılar hansı fəsildə daha məhsuldar olurlar? – ƏDƏBİ SORĞU
Ednews saytının əməkdaşı Oğuz yazıçılar arasında sorğu keçirib. O, hansı fəsildə yazıçıların daha məhsuldar olması ilə maraqlanıb. Daycest-də bu sorğudur.
Əksərən deyirlər ki, yazıçılar soyuq fəsildə daha yaradıcı olurlar. Ümumiyyətlə, yaradıcı şəxs üçün fəsilin önəmi varmı? Yazıçılar hansı fəsildə daha məhsuldar olurlar?
Ednews mövzu ilə bağlı yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik?
Səfər Alışarlı:
“Fəsil, gecə, gündüz, məişət şəraitinin komfortu, həyat yoldaşının müdrikliyi və s. bu kimi məsələlər normal ölkələrin yazıçıları üçün aktual ola bilər. "Normal ölkə" deyəndə mən təkcə yazıçıların deyil, bütün xalqın çörək problemini həll etmiş ölkələri nəzərdə tuturam. Biz Qarabağ problemini həll etmişik, ancaq xalqın çörək və iş problemini həll etməmişik. Bizim yazıçımız əsasən ailəsinin çörək və hüquqi qayğılarından baş açıb qənimət kimi ələ keçirdiyi bir neçə saatı yaradıcılığa həsr edə bilir. Ona görə də onun yaradıcılığı üçün optimal fəsillərdən və şəraitlərdən danışmaq çətindir. Yaradıcılıq üçün yazıçının ruhi müvazinətinin balanslaşması çox vacibdir. Hirs, qəzəb, kin, hədlərini aşan hər hansı aludəçilik yaradıcılığın düşmənidir. Ancaq ölkədə bütün problemlərin həll olunduğu bir ictimai-siyasi, sosial-mənəvi şəraitin bərqərar olunduğunu fərz etsək, onda payızın və qışın fərdi yaradıcılıqdan başqa heç nəyə yaramayan soyuq, yağmurlu və qaraqabaq havalarını optimal hesab etmək olar. Bunlar, əlbəttə, köməkçi amillərdir. Əsas olan isə yazıçının istedad potensialıdır: yazıçı var, yayın cırramasında da heç nədən gözəl bir əsər düzəldir, yazıçı da var, qışın oğlan çağında gül kimi mövzunu ağnağız eləyib atır oxucunun qabağına. Onu da etiraf edək ki, yazıçımız da, oxucumuz da eyni mənəvi-intellektual kalitenin mənsublarıdır və onların böyük əksəriyyəti üçün qış da bahar kimidir”.
Fəxri Uğurlu:
“Bu barədə çox düşünməmişəm. Ancaq 2006-2007-də yazdığım silsilə hekayələr təxminən yanvar-fevral aylarından aprel-maya qədər yazılıb. Məncə, yaradıcılıq üçün şərait olsa, hər fəsildə yaxşı əsər yaratmaq mümkündür”.
Rövşən Yerfi:
"Bilmirəm, belə bir deyim var, yoxsa yox, amma, soyuq fəsli heç xoşlamıram. Yaradıcı şəxs üçün faslin önəmi olmamalıdır. İlin hansı vaxtı ürəyini boşaltmaq zəruriyyətini hiss etsə, yazmalıdır. Mən daha çox yazın sonu, payızın əvvəlində yazmağa həvəsli oluram".
Pərviz Cəbrayıl:
“Yaradıcı şəxs və yaradıcı proses üçün fəslin önəminin olduğunu düşünmürəm. Ancaq insanlar fərqlidir. Bu insanın xarakterinə, psixikasına baxır. Hansısa yazıçı qışda daha yaradıcı ola bilər, kimsə yazda, yayda və ya payızda. Romanın hazırlıq prosesi üçün fəsil önəmli deyil. Bu, bəzən illərlə çəkir. Ancaq sırf yazı prosesi üçün yazı, yayın ilk aylarını daha çox sevirəm. Şaftalıların çiçəklədiyi vaxtı”.
Varis:
“Bu deyim bilirsiniz nə vaxt yaranıb, Antik dövrlərdə. O zamanlar insanlar isti olanda çöldə-bayırda iş-güclə məşğul olar, soyuqlar düşəndə isə isti sobanın qabağında oturub yazıb-yaradardılar.
Amma indi yazmaq planlaşdırmadan asılıdır. Yəni, özünü növbəti yazıya hazır hesab elədinmi, əsla temperaturdan asılı olmadan yazacaqsan”.
İndiki halda kim bu antik deyimə riayət edirsə, ən azından, yayda kondisionerli otağa keçib əsərini yaza bilər".
Cəlil Cavanşir:
“Mən daha çox isti aylarda aktiv yaradıcılıqla məşğul oluram. Ümumiyyətlə, isə mənim üçün fəsilin önəmi yoxdur”.
“Ədəbiyyat və incəsənət”
(08.01.2023)
“Cinema Radio” V “Müasir audiovizual baxış” mükafatını təqdim edəcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu ildən “AzerNyuMedia” şirkətinin istehsal etdiyi və hazırda “Real FM”də (107 FM) yayımlanan “Cinema Radio” kanalının növbəti – V “Müasir audiovizual baxış” mükafatı təqdim olunacaq. Bu mükafatın təqdimetmə mərasimi hər il yanvarın sonlarında keçirilir.
Mükafat “Cinema Radio”nun ötən il üzrə yekunları əsasında müəyyənləşir.
Qeyd edək ki, “Sinema Radio” 2019-cu ildən etibarən şənbə və bazar günləri yayımlanır. Kanalın buraxılışlarında əcnəbi kino bazarı haqqında məlumatlar, eləcə də Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının eksklüziv xəbərləri, yerli və əcnəbi filmlərdən “soundtrack”lər, audiotreylerlər, audiosəhnələr, yerli audiovizual xəbərlər, xüsusi audioreportajlar, həmçinin maraqlı qonaqlarla müsahibələr yayımlanır.
“Cinema Radio” 2021-ci ildən Azərbaycan Mətbuat Şurasının üzvüdür, 2022-ci ildən etibarən Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası ilə əməkdaşlıq edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə “Cinema Radio” məlumat yaymışdır.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Başı qovğalarda olmuş Azərbaycan gözəli
Könül, “Ədəbiyyat və incəsənət”
Artıq öncəki yazılarda qeyd etmişik, bu gün Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan və ən gözəl Azərbaycan qadınları sırasında yer alan Leyla Bədirbəylinin anadan olmasının 104-cü ildönümüdür.
Amma Leyla xanım barədə daha geniş danışmasaq, günah etmiş olarıq.
Leyla Bədəlbəyli 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.
Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.
Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.
Kinoda bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.
Təbii ki, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.
Onun “Azərbaycan gözəli” adını alması isə bir başqa mövzudur. Hətta SSRİ dövlətinin başında dayanan diktator Stalin belə Leyla xanımın gözəlliyinə aşiq olubmuş.
Bu gözəllik Leyla Bədəlbəylinin başına çox dərd açıb, amma bu barədə indi danışmaq istəmirəm.
Aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardandır.
Görkəmli aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 29-da imzaladığı Sərəncamla ölkəmizdə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Mehdi Qəmsizin “Dəlixana” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Mehdi Qəmsizin şeirlərini təqdim edir.
Qəmsiz kimi tanınan Mehdi Tiğzən 2000-ci ilin mart ayında Təbriz şəhərində doğulmuşdur.
DƏLİXANA
Salonun dibindən tanış səs gəlir,
Yenə də vaxtıdır qapılar: “Taq-taq”!..
Oyanıb röyadan baxıram sənə,
Bura dəlixana, sonuncu otaq.
(Bu il gəlişinə çox inanmışam),
Yalnız mən deyiləm, hər kəs inanıb.
Gündüzlər bu yollar yolunu güdüb,
Gecələr lampalar dalınca yanıb.
Dərdimi əzbərdi pəncərələr də,
Bu tozlu camlarda nağıllar batıb.
İçəri üzündə, ayaq başında,
Bəbəklər tökülüb dənizlər yatıb.
Ağ donlu mələklər gəlib gedərlər,
Beynimi gəzməkdən yorulmayırsan.
Uzaqdan hamısı sənə bənzəyir,
Yaxına gələndə sən olmayırsan.
Canımda saf yerim elə qalmayıb,
Qolumda iyrmi sant yerin qalıbdır.
Dışarı üzümü iynə yerləri,
İçəri üzümü dərdin alıbdır.
“Yaz olub” – deyirlər dışarılarda,
Bulaqlar qaynayar, günəş nur saçar.
Gəlsənə fərş olum ayaqlarında,
O zaman bu xalça çiçəklər açar.
Gələcəksən deyə qiyamət qopub,
Bəzənib divarlar, geyinib yataq.
Hər əldə bir şəkil ərköyünləşir,
Bura dəlixana, sonuncu otaq.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
TDT hökumət başçılarının türkmən şairi Məhtimqulunun yubileyinə həsr olunmuş Zirvə görüşü olacaq
Böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə Aşqabadda Türk Dövlətləri Təşkilatı (TDT) hökumət başçılarının Zirvə görüşü və mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.
AzərTAC türkmən KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkmənistan Nazirlər Kabinetinin iclasında Baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredov məlumat verib. O qeyd edib ki, nazirlər səviyyəsində tədbirin bu ilin mayında, hökumət başçılarının Zirvə görüşünün isə oktyabrda keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Məhtimqulu Fəraqinin yubileyi münasibətilə Türkmənistan hökuməti elmi konfranslar, ədəbi axşamlar, film və tamaşaların nümayişini, həmçinin ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Rumıniya, İspaniya, Almaniya və digər ölkələrdə yaradıcılıq həftələrinin təşkilini planlaşdırır.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov hökumətə böyük şairin yubileyinə həsr olunmuş beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilini təmin etməyi tapşırıb.
“Ədəbiyyat və incəsənət”
(08.01.2023)
Şərəbanu necə xatircəm oldu
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu günün lətifəsini təqdim edirəm. Hadisələr vaqe olur Elmlər Akademiyasının binasında.
Şərəbanu akt zalında keçirilən iclasa qatılır. Məruzəçi olan akademik Şahgəldiyev söyləyəndə ki “yüz on yeddi milyon ildən sonra yer kürəsində həyat yox olacaq”, Şərəbanu yerindən dik atılıb təlaşla soruşur:
-Neçə? Siz neçə dediniz?
Akademik Şahgəldiyev təəccüblə qadına baxıb deyir:
-Yüz on yeddi milyon ildən sonra.
Şərəbanu dərindən ah çəkib deyir:
-Şükür sənə, ilahi. Mən yüz yeddi milyon eşitdim.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Köhnə radio
Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzən həyat radioda ifa olunan mahnılar kimidir. Dinləyəcəyin mahnıları idarə edə bilmirsən. Eynilə də həyatında baş verənləri.
Sevdiyin bir mahnının ifası başlayır, sən isə heç bitməyəcək kimi həmin mahnının səsini artırıb, sözlərin ahəngində qərq olarsan. Fəqət “hər başlanğıcın sonu olduğu kimi” bu mahnının da bitəcəyini bilməli və qəbullanmalısan. Elə olar ki, o mahnı bitər və heç sevmədiyin, dinləmədiyin bir mahnı çalmağa başlayar. Sən isə təəssüflənər, ya radionun başından qalxmaq, söndürmək, ya da səsini qısmaq istəyərsən. Amma hər başlanğıcın sonu olduğu kimi, hər son dediyimizin də başlanğıcını gözardı etməməlisən. Həmin an mahnını söndürsən, ondan sonra radionun sənin üçün çalacağı mahnılarından xəbərsiz olarsan.
Həyatda isə baş verən neqativliklərin sizi öz burulğanında boğmasına icazə verməməli, ruhunuzu təslim etməməlisiniz. Xoşbəxtlik dediyimiz hadisələr radioda ruhumuza oxşayan mahnılara, bədbəxtlik dediyimiz isə, bunun əksi olaraq dinləməkdən qaçdığımız, ruhumuza xitab etməyən mahnılardır..
Ruhunuz hər zaman dinləmək istədiklərinizi eşitməyəcək. Elə olacaq ki, sizin dinləməkdən qaçdığınız mahnıları eşitməyə can atacaq sizdən qeyriləri. Həyat isə, bəzilərinin xoşbəxtliyi, digərinin bədbəxtliyi, digərinin sonu, obirinin başlanğıcı olacaq bir yerdir. Radio sizin üçün həmişə istədiyiniz mahnıları çalmayacaq, həmçinin istəmədiyinizi. Necə ki, mahnılar döngü olaraq çalınır, eynilə də həyatda istədiyimiz və istəmədiyimiz hadisələr baş verir. Heç bitməyəcək və heç başlamayacaq kimi yaşamayın. Həyat ucu bucağı bilinməyən dənizin sularıdırsa, o suya atılmazdan əvvəl, üzməyi öyrənin. Öyrənin ki, burulğanında və dalğalarında qərq olmayasınız...
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
“Xalqın mədəni sərvəti” adlı sənət layihəsinə başlanılır
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Xalqın mədəni sərvəti” adlı sənət layihəsi keçiriləcək.
AzərTAC xəbər verir ki, əsas məqsəd regionlarda Azərbaycan klassik nümunələrini təbliğ etmək, milli-mənəvi dəyərlərimizi, folklor musiqisini müasir gəncliyə çatdırmaqdır.
Layihə çərçivəsində yanvarın 8-dən 14-dək dünyaşöhrətli Azərbaycan bəstəkarı, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) əsərlərindən ibarət “Musiqi paradı” təşkil ediləcək.
Layihə hər ay yaradıcılığı ilə əbədiyaşarlıq qazanmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunacaq.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Türk xalqları ilə bağlı yeni məlumat kitabçası işıq üzü görüb
Türk xalqları ilə bağlı yeni məlumat kitabçası işıq üzü görüb. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitabı türk dilində nəşrə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova hazırlayıb.
Nəşrin redaktoru Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovdur.
Bu araşdırma dünyanın müxtəlif yerlərində yaşayan türk xalqları ilə bağlı qısa xülasəsidir. Oxucu bu kitabça ilə türk xalqlarının yaşadıqları geniş coğrafiyaya “səyahət” edəcək.
Nəşrdə qeyd edilir ki, böyük tarixi keçmişi olan türklər müəyyən dövrlərdə dünyanın müxtəlif yerlərində yaşayıb və böyük izlər qoyublar. Türk xalqları dünyanın ən qədim və köklü xalqlarından biridir, böyük tarixi və mədəni irsə malikdir. Başqa xalqlar müəyyən ərazidə yaşadıqları halda, türklər dünyanın müxtəlif yerlərində yaşamışlar və hazırda da yaşamaqdadırlar. Nəşrdə dünyada təxminən 300 milyondan çox türkün yaşadığı vurğulanır. Bildirilir ki, qloballaşma və digər dünya xalqları ilə inteqrasiyanın genişlənməsi türklərin öz tarixi yerlərindən daha geniş ərazilərə yayılmasına səbəb olub. Bu gün türkdilli xalqlar müxtəlif qitələrdə yaşayırlar.
Kitabda türk xalqlarının hər biri haqqında ayrıca məlumat verilir. Bu kitabçada əlavə interaktiv məlumatlar da yer alıb.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bu barədə “Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
İnsani münasibətlər haqda - ESSE
Hümbət Həsənoğlu, “Ədəbiyyat və incəsənət” üçün
İnsanlar bir-birinə bağlıdırlar. Düşünürsünüz ki, qohumlar, dostlar bir-birinə polad məftillərlə bağlıdırlar, qalanları bərk iplərlə? Belə düşünmək rahatlıq və xoşbəxtlik gətirir, belə düşünməkdə də davam edin. Bunun məhz belə olduğuna inanın.
Bu inam həyatınızda ən böyük dəstəyiniz olacaq. Amma heç vaxt bu iplərin sarsılmazlığını sınamayın. Ümid edin, inanın, amma sınamayın.
Çünki insanları, hətta yaxınları həqiqətdə bir-birinə bağlayan adi saplardır. Hə, adi pambıq saplar.
Bir kəskin söz və ya hərəkətdən o sapların asan qırılacağını görüb təəccüblənməyin də. Belədir. Bu haqda çox düşünüb özünüzü heç yormayın. Dəyərli vaxtınızı bu haqda fikirlərə də sərf etməyin, barışın və qəbul edin.
Bu səbəbdən sizi insanlara, fərqi yoxdur, doğma, yaxud yad insanlara bağlayan o saplarla çox ehtiyatla davranın. Sözünüzdə də, əməlinizdə də sabitqədəm olun.
Düzdür, o qırılan sapları təkrar bağlamaq olur, amma nə qədər yaxşı bağlamaq istəsəniz də, düyün yerləri həmişə qalacaq və görünəcək, özünüzü görməzliyə vursanız da, görünəcək və hər dəfə o düyünə görə təəssüflənəcəksiniz.
Bu yazımı da ehtiyatla bitirirəm, çünki sizlərə də nə ilə bağlandığımın fərqindəyəm.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)