İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
Abdulla Padarlı klassik Azərbaycan ədəbiyyatının az tanınmış nümayəndələrindəndir. O, Vartaşen (indiki Oğuz) rayonunun Padar kəndində, Çayqıraq məhəlləsində anadan olmuşdur. Şairin təxminən 1870-1875-ci illərdə burada anadan olduğunu ehtimal edən professor Ə.Cəfərzadə 1979-cu ildə onun “Seçilmiş şeirlər” kitabına yazdığı ön sözdə qeyd edirdi ki, şairin evi və şəxsi əşyaları yaşadığı kənddə mühafizə olunur.
Təəssüf ki, mənbələrdə Abdulla Padarlının həyatı haqqında ətraflı bilgi yoxdur. Padar kəndindəki qəbirüstü kitabədən onun təvəllüd tarixi dəqiq məlum olmasa da, 1905-ci ildə vəfat etdiyi aydın olur. Ərəbcə yazılmış həmin kitabədə oxuyuruq: «Məlumdur ki, əgər dünyada bir adam qalsa belə, o dövr edəcəkdir. Dünyada peyğəmbərlər də bir-birini əvəz edərək gəlib gediblər. Dünyada ölüm olmasına baxmayaraq, biz bu dünyada çox qalacağıq. Şeyx Hacı Abdulla ibn Dursun əl-Padari yerini təzələyərək, fani dünyadan baqi dünyaya köçdü və 22 səfər 1323 ildə (28.04.1905) vəfat etdi». (Yazını professor Məşədixanım Nemət oxuyub tərcümə etmişdir.)
A.Padarlı Şeyx Dursun ibn Əhməd Padarinin nəslindəndir. Rus şərqşünası, akademik B.Dornun qənaətinə görə, Şeyx Dursun Padar məşhur övliya olmuşdur. B.Dorn yerli əhalidən əldə etdiyi bir arayışa əsasən yazır ki, «Şeyx Dursunun nəsli Şirvan əhlindəndir. Xançobanı mahalından, Padar tayfasındandır. Şeyx Dursun ibn Əhməd Padar şərəfli bir adam olub. Ağsu rayonunun Kalaxana kəndinin qərbində vaqe olan məşhur yeddi günbəzlər Şeyx Dursunun övladlarındandır.» Onun özünün Ağsu rayonundakı günbəzi isə bu gün də müqəddəs ziyarətgahlardandır. Gümbəzdəki iki sətirlik yazını professor Məşədixanım Nemət belə oxuyub: “Bu xoş rayihəli müqəddəs (ziyarətgah) və işıqlı məqbərə övliyaların görkəmlisi Şeyx Dursun ibn Əhməd Padarındır. Onun vəfatı haram zilhiccə ayı, səkkiz yüz birinci ildə (VIII-IX 1399) baş vermişdir”.(Maraq naminə qeyd edək ki, Azərbaycanın Xocavənd rayonunda da Şıx Dursun adlı kənd var.)
Şair ilk təhsilini atası Məhəmməd Dursun oğlundan aldıqdan sonra, Ağdaş mədrəsəsinə daxil olmuşdur. Daha sonra elmi biliklərini artırmaq üçün Dəməşq şəhərinə üz tutmuş, burada mədrəsəni bitirdikdən sonra Həcc ziyarətinə getmişdir. Ərəbistana səfəri vaxtı İranı, Türkiyəni və digər ölkələri də səyahət etmişdir. O, Dəməşqdə tarix, fəlsəfə, məntiq, tibb, poetika və nücum elmlərinə yiyələnmişdir. Hacı Abdulla Padarlı doğma ana dilindən başqa ərəb, fars, türk, erməni və avar dillərini də bilmişdir.
Mənbələr əsasında şairin zahiri görünüşü barədə də məlumatlar dəqiqləşdirilmişdir. Ə.Cəfərzadənin araşdırmalarına görə, şair Abdulla alagöz, sarışın, uca boylu qıvraq adam olmuşdur. Gözəl nitq qabiliyyəti varmış, adi söhbətlərini də çox zaman qafiyəli nəsirlə edərmiş. O, Şeyx olaraq irşad fəaliyyəti göstərmiş və tələbələr yetişdirmişdir. Təbiəti çox sevərmiş. Təmiz əxlaqlı, gülərüz, səxavətli, pak, vətənsevər insan olmuş, başqalarını da belə görmək istəmişdir. İqdisadi cəhətdən ağır həyat keçirmiş, baramaçılıqla məşğul olmuşdur. Abdulla Padarlının Pəri adlı bir qızı olmuş, sonrakı nəsli də bu qızın vasitəsi ilə davam etmişdir.
Onu da qeyd etmək lazımdır ki, Abdulla Padarlı uzun müddət Ağdaşda yaşamış, ömrünün sonlarına yaxın öz doğma kəndinə qayıtmışdır.
Azərbaycanın bir çox bölgələrində Padar adını daşıyan kəndlər və məhəllələr vardır. (Yazılı mənbələrə görə Azərbaycanda 16 Padar kəndi olub. Onların çoxu Aran yerlərində olub.) Bu səbəblə A.Padarlının hansı Padar kəndindən olması, təvəllüd tarixi, dəfn yeri barədə zaman-zaman fərqli fikirlər söylənmiş, mübahisələr meydana çıxmışdır. Məsələn, Ş. Lətifoğlu adlı bir müəllifin “Ağdaşım mənim – yaddaşım mənim” adlı kitabında şairin Ağdaşın (keçmiş Üçqovağın) Padarqışlaq kəndindən olması göstərilir. Onun burada ailəsinin, hətta Məhəmməd adlı oğlunun olması, Soyuqbulaq (Azərbaycanda bu adda da çoxlu kəndlər var) yaxınlığında dəfn edildiyi qeyd edilir.
Şairin Ağdaşda ikinci ailəsinin olduğunu qəbul etmək mümkündür. Amma bir adamın qəbrinin iki və ya üç yerdə olması absurdur. Movcud kitabələrdən ancaq biri həqiqətən qəbirüstü ola bilər. Digər kitabələrin isə xatirə lövhəsi olduğunu güman edirik. (Bizcə, A.Padarlının hansı Padar kəndindən olması o qədər də önəmli deyil. Sonda o azərbaycanlıdır, Azərbaycan xalqına mənsubdur, bizim klassik şairlərimizdəndir, hamımızındır.)
Ümumiyyətlə, A.Padarlının həyat və yaradıcılığının yeni elmi araşdırmalara, tədqiqatlara ciddi ehtiyacı var
Abdulla Padarlının gözəl sənət nümunəsi olan şeirlərindən bəziləri şair, ədəbiyyatşünas, orta əsr əlyazmalarının kolleksiyaçısı S.Mümtazın «El şairləri» (1927-1928) kitabında toplanmışdır. Şairin “Nəsihətnamə” adlı əlyazması AMEA Əlyazmalar İnsititunda bu günədək saxlanmaqdadır.
Professor Ə.Cəfərzadə isə onun seçilmiş şeirlərini 1979-cu ildə ayrıca kitabça şəklində Bakıda nəşr etdirmişdir. 2005-ci ildə çap olunmuş “Azərbaycan aşıq şerindən seçmələr” (II cild) və digər kitablarda da bəzi əsərləri yer almışdır.
Şairin həyat və yaradıcılığının əsas tədqiqatçısı olan Ə. Cəfərzadə onun “Seçilmiş şeirləri” kitabının əvvəlində yazır: ”XIX əsrin poeziya səmasında Q.B. Zakir, bir qədər sonra isə S.Ə. Şirvani parlaq ay olmuşlarsa, Abdulla Padarlı da o kəhkəşanın ulduzlarından biri olmuşdur.”
Dostu Məlikballı Qurban şeirlərinin birində onun haqqında yazırdı:
Padarda törəyib tazə əfəndi,
Yoxdu onun kimi bir alicənab,
Puşidə niqab,
Göftgusu nab...
Araşdırmaçıların qənaətinə görə A.Padarlı zəngin söz ehtiyatına malik hazırcavab bir şəxs olmuşdur. Bunu onun müasiri Ş.Səmədlə deyişməsində də aydın görmək mümkündür:
Şıx Səməd:
Nə heyvandır əsil-nəsil yetirməz?
Nə ağacdır bəhər-meyvə gətirməz?
Hansı adam yaxşılığı itirməz,
Hansı yerin ocaqları yeddidi?
Abdulla Padarlı:
O qatırdı-əsil-nəsil yetirməz,
O söyüddür-bəhər-meyvə gətirməz,
Əsil adam yaxşılığı itirməz,
O Kəşmirdi, ocaqları yeddidir...
A.Padarlının geniş ədəbi əlaqələri olub. Müasirlərindən Qasım bəy Zakir, Q.Şəkili, İ.B.Nakam, M. Qurban, Ş.Səməd, M.Şaban, həmyerliləri olan M.K.Vardani, P.Qarağani, M.R.İltica, Q.Cəbrayıl, M.Rövşən, A.Əhməd, M.Abbas, Ə.Salami və digərləri ilə sıx əlaqə saxlamışdır. Şairin məşhur yazıçı İ.B.Qutqaşınlı ilə ədəbi əlaqələrinin olduğu da etimal edilir. O, M.K.Vardaninin öz evində təşkil etdiyi musiqili-ədəbi məclisin fəal üzvü olmuşdur. Bundan başqa şairin Şəki və Şirvanda fəaliyyət göstərən digər ədəbi məclislərdə, o cümlədən Şamaxıdakı "Beytüs-Səfa” ədəbi məclisində iştirak etdiyi də istisna olunmur.
A. Padarlı sözə, fikrə, kəlama yüksək dəyər verən şair olmuşdur. O hər kəsin dəyərini elə sözünün dəyəri qədər sayır. Müasiri olan söz ustalarından da sözün qədrini, qiymətini bilməyi tələb edirdi. Şair dostlarına, bir-iki şeir yazıb özünü “böyük şair” hesab edənlərə qarşı tələbkar və amansız idi. A.Padarlı epiqonçu şeirə tənqidi münasibətin ilk təməl daşlarını qoyanlardan olub. Onun “Həcvi-məlih” əsərində sözü ucuz tutan, onun dəyərini bilməyən insanlar kəskin tənqid olunur və şair onlarla eyni dövrdə yaşadığına görə peşimançılıq çəkərək deyir:
Dəxi qoydu yerə şairliyi bu Abdullah,
Bir də minbəd danışmaz süxəni-övzani.
Şairin mənbələrdə qalan 20-yə qədər şeiri müasirlərinin dilində və Şirvan aşıqlarının repertuarlarında geniş yayılmışdır.
Onun əsərlərinin çoxu xalq şeiri şəklində olan bayatı, gəraylı və qoşmalardan (təcnislərdən) ibarətdir. Türk araşdırmaçı Mujgan Cunbur şairin bu şeir şəkillərində daha başarılı olduğunu qeyd edir. A.Padarlının bayatı, gəraylı və qoşmalarının dili təbii və səlis, səmimi və lakonik, emosional-ekspressivlik kimi xüsusiyətlərə malikdir.
Şairin əldə olan qəzəl, müxəmməs, müsəddəs, müsəbbə və həcvləri, “Həcvi-məlih” adlı əsərində S.Şirazi, Ə.Firdovsi, N.Gəncəvi, Ə.X.Dəhləvi, Ə.Nəvai, M.Füzuli və digər klassiklərin adlarını hörmətlə çəkməsi və yaradıcılıqlarını yüksək qiymətləndirməsi, “Gəl indi” qoşmasında rəddil-əcüz ələs-sədrdən istifadə etməsi, Q.B. Zakirin məşhur “Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana” misrası ilə başlayan müsəddəs-müstəzadının hər bir bəndinə parodiyayazması, hətta sonrakı bəndlərdə Zakirin dediklərinə əks fikirlər söyləməkdən belə çəkinməməsi və s. göstərir ki, o, xalq şeri tərzində başarılı olduğu kimi, divan ədəbiyyatına da vaqif olmuşdur.
Şair şeirlərində insanı öz adına layiq olmağa çağırır. Onun əsərləri insanın öz ləyaqətini düzgün qiymətləndirilməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunu anlamasına kömək edir. Əxlaqi-mənəvi keyfiyyətlərə yüksək qiymət verən A.Padarlı insanlara özlərinə qiymət qoymağı və öz yerlərini bilməyi, düşünüb danışmağı, ətrafındakı insanları yaxşı tanımağı, haqsızlıqlara dözməməyi məsləhət görür. O, “Mən” rədifli qoşmasında bu barədə deyir:
Adam gərək öz-özünə düşünə,
Kimnən gəzim, necə gəzim, harda mən.
Tay-tuşlarım uyğun olsun özümə,
Danışanda utanmayım orda mən.
Oturanda gərək bilim yerimi,
Niyə durum görən kimi birini?
Nə danışım, nə də verim sirrimi,
Cəhl düşsün, məğlub olum zorda mən?!
Danışanda sərhəd çəkim sözümə,
Qiymət qoyum çünki özüm-özümə.
Qoşa barmaq uzanmasın gözümə,
Balıq kimi çabalamayım torda mən.
Abdullayam, haqq-hesabı qanmışam,
Haqsızlığa alışmışam, yanmışam,
Çoxlarını candan əziz sanmışam,
Çox az gördüm yaxın gələn darda mən!
A.Padarlının əsərlərində həssas oxucuları düşündürəcək mötivlər çoxdur. Bunların içərisində içtimai mötivlər üstünlük təşkil edir.
Hər şeydən əvvəl A.Padarlı vətənpərvər bir insan olub, Vətənini ürəkdən sevmişdir. Oxuduğu və səyahət etdiyi illərdə daim Vətən həsrəti çəkmişdir. Onun belə bir şeir parçası el arasında da məşhurdur:
Ey Vətəndən gələn el aşinası,
Mən də sənin kimi qəribəm, qərib.
Yetir bir nişanə dağdan, arandan,
Mən də sənin kimi qəribəm, qərib.
Vətənpərvər şairin əsərlərinin içərisində dövranın və cəmiyyətin eyiblərini, mənəviyyatsızlıqlara və zülmə etirazı, xalqın arzu və istəklərini əks etdirən əsərlər xüsusi əhəmiyyət kəsb edir. Şair “Görmədim” qoşmasında öz dövründən şikayətini belə dilə gətirir:
Neçə müddət könül intizar idi.
Fikrim, zikrim xəyalımda yar idi,
Dedilər ki, yaxşı dövran var idi,
Mən çox gəzdim o dövranı görmədim.
Şair zarafatvari “Kəsəyən” rədifli müxəmməsində kəsəyəni xalqı soyub kovxa üçün aparan darğaya bənzədir. “Eşibən hücrəmizi döndərdi mal qazmasına” deyərək bildirir ki, ölkə natəmizlik, xəstəlik yayan “kəsəyənlərlə” doludur. Xalq bu bəlalardan xilas ola bilmir. Təsadüfi deyildir ki, müasiri M.K.Vardaniyə müraciətlə başlayan qoşmasında deyirdi:
Tufan oldu zülmü bizim Ağdaşın,
Fəqirlər gücilən saxlardı başın.
Qəzəllərinin birində “Canım üzülüb ta belə dövranın əlindən” söyləyən şair “Bəyənməz” qoşmasında zahiri gözəlliyə üstünlük verən, bəzək-düzək hesabına “gözəlləşib” özünü Züleyxa hesab edənləri, “xəlayiqi quduz kimi dalayan” bəyləri, “torbası dolu olan” və “camaatı incidən” tacirləri və hampaları, “dövran mənimdir” deyənləri kəskin şəkildə tənqid edir:
Ay ağalar, bir zəmanə gəlibdir,
Həmtay olan heç həmtayı bəyənməz.
Qara qızlar sürmə çəkib gözünə,
Gözəllikdə Züleyxayı bəyənməz.
Müqəddəm bəylərə verirdi qəlyan,
Xəlayiqi quduz kimi dalayan,
Ayaq üstə sini dibi yalayan,
Qohum-qardaş, əmi-dayı bəyənməz.
Namərdlərin dolu olur, torbası,
Deyir: «Mənəm tacirlərin zorbası»,
Ya bunların artıq düşüb arpası,
Düldül kimi badpayı bəyənməz.
Kor bəyənməz mütləq gözü görəni,
Kar da qulaqları darı dələni,
Hampalar inçidir çörək verəni,
İgit qudurub, qaysavayı bəyənməz.
Yəqin gündüz gəzə bilməz yarasan,
Gecələr də deyər: «Mənimdir dövran»,
Çip-çip edər alacəhrə, bitdiyan.
Oxumaqda torağayı bəyənməz.
Şairin “Çörmədim” və “Bəyənməz” qoşmalarında Aşıq Abbas Tufarqanlı,M.P.Vaqif və A.Ələsgərin təsiri aydın duyulmaqdadır.
Ədibin “Getdi mənim” adlı gəraylısında isə cəmiyyətdəki təbəqələşmə, sevgi azadlığının olmaması, qadın hüquqsuzluğu, mənəvi keyfiyyətlərin böhrana uğraması tənqid olunur.
Özünün var idi meyli,
Məcnun idim, o da Leyli,
Gözündən tökübən seyli,
Yar əlimdən getdi mənim.
Heç kimdə olmaz belə dərd,
Həmişə mən deyərəm fərd,
Atası çıxdı çox namərd,
Yar əlimdən getdi mənim.
Leylimi verdilər dula,
Bu gecə saldılar yola.
Aldadıblar mala, pula,
Yar əlimdən getdi mənim
Abdullahın yoxdu varı,
Əldən gedib nazlı yarı,
Kömək edin, sizi tarı,
Yar əlimdən getdi mənim.
Şairin “Hələm də gəlir”,“Gül” rədifli əsərlərində,yumor və satirik məzmunlu mənzum məktublarında,“Həcvi-məlih” adlı həcvində və başqa əsərlərində də içtimai mötivləri aydın görmək mümkündür. Onun yumor və satirik məzmunlu şeir və mənzum məktublarında Q.B.Zakirin təsiri duyulur.
İçtimai mötivli satirik şeirləri və mənzum məktubları ilə A.Padarlı XIX
əsrdə satira məktəbinin formalaşmasına da öz töhfəsini vermişdir.
A.Padarlının əsərlərinin xeyli qismi məhəbbət mövzusundadır. Bu mövzuda və xalq şeiri şəkillərində (xüsusən qoşmalarda) olan əsərlərdə M.P.Vaqifin, Aşıq Ələsgər gözəlləmələrinin təsiri duyulur. Bu təsir təkcə ruh, məzmun və forma yaxınlığı ilə qurtarmır, həm də ayrı-ayrı şeirlərin təsiri ilə yazılan nümunələrlə də təsdiq olunur.
Şairin məhəbbət mövzusunda olan əsərlərini şərti olaraq iki qismə bölmək olar: gözəllərin təsviri və saf məhəbbətin tərənnümü.
A.Padarlının birinci qismə aid olan şeirlərində təqdim olunan gözəlləronun şəxsən gördüyü və tanıdığı qadınlardır; bu şeirlərdə gözəlin aydın və konkret təsviri ilə bərabər, şairin özünün gözələ olan münasibəti də ifadə olunur.
Onun “Qayıtdı”, “Olsun”, “Bu nişandadır” qoşmalarında, klassik şeir şəkillərində olan “Güldü gül”,”Ey qaşı kəman”, “Ələ düşməz” və s. əsərlərində gözəllər o qədər canlı və füsünkar şəkildə təsvir olunurlar ki, həmin lirik qəhrəmanlar sanki oxucu ilə təmasdadır və onun gözü önündə canlanırlar. “Bu nişandadır” qoşmasında bunu aydın görmək mümkündür:
Ey ağalar, həsrətini çəkərəm,
Bu mələkmənzərin nə zamandadır.
Onun gözəllikdə yoxdu həmtayı,
Nə Rumu Əcəmdə, nə İrandadır.
Ənbər muyun həm pərişan edəndə,
Rəna yeriyibən, sərxoş gedəndə,
Ağıl başda qalmaz, həm ruh bədəndə,
Sevdası sərimdə, eşqi candadır.
Günəşdir uruyu, mahi-müşəkkəl,
Bu əsridə gözəlliyi bibədəl,
Gərdəni sürahi, zülfü müsəlsəl,
Abdullahın yarı bu nişandadır.
Şairin məhəbbətin tərənnümünə həsr olunmuş əsərlərinin irik qəhrəmanları aşiq və məşuq; əsas mövzusu - problematikası isə aşiq-məşuq münasibətləridir. Hicran dərdi, vüsal həsrəti, ümid və kədər, nalə və əfqan, kəskin daxili təlatümlər, həyəcan və iztirablar bu əsərlərin ana xəttini, əsas leytmotivini təşkil edir.Şair məhəbbət mövzusunda olan şeirlərini müəyyən bir hadisə ilə əlaqələndirir ki, bu da emosionallığı xeyli gücləndirir.
Aşiq real, səmimi duyğu və düşüncələri ilə rəğbət oyadır. Bu şeirlərdə aşiq tərənnüm olunan saf məhəbbət duyğularının əsas daşıyıcısıdır. O, son dərəcə təmiz qəlbli bir gəncdir. Zəngin mənəvi aləmi vardır. “Gəlmişəm” rədifli qoşmasında aşiq özünü gözələ nazil olmuş bir ayəyə bənzədir. Lirik monoloqlarında özünü "xəstə", "biçarə", "yaralı" adlandıran bu gənc öz sevdiyinə qovuşmaq üçün hər çətinliyə dözür və hər fədakarlığa hazırdır. Ayrılığı ölümdən ağır hesab edir. “Bax” təcnisində deyilir:
Sərrafam, istərəm gərək dür mənə,
Lütf eylə bürqəni, gərəkdir mənə.
Yar səndən ayrılsam, gərəkdir mənə
Bir molla, bir tabut, bir də qara, bax!
Aşiqin könlü "bir gülə əsir olmuş", hər an bu gülün həvəsi, ona yetişmək arzusu ilə qovrulub nalə çəkir. Onun naləsinin səsini “Xoş gəlmisən” qəzəlində, “Ey şux, mənim yari-vəfadarımsan sən” misrası ilə başlayan cığalı müxəmməsində, “Oldun”, “Olsun”, “Görmədim” qoşmalarında, “Gəldi mənim” gəraylısında, “A sayələndi” və “Bax” təcnislərində daha aydın “eşitmək” mümkündür.
“Xoş gəlmisən” qəzəlində vüsala çatmaq üçün aşiqin çəkdiyi əzab-əziyyət belə təsvir olunur:
Gör necə birəhmdir, zülmü mənə az eyləməz,
Ol səbəbdəndir mürgi-dil bu təndə pərvaz eyləməz,
Çağırıb könlüm evin bir kərrə avaz eyləməz,
Bu qədər məşuq öz aşiqinə naz eyləməz,
Dilsitan, sərvi-rəvan, əbrukaman, xoş gəlmisən.
“Oldun” qoşmasında isə aşiq öz monoloqunda iztirablarını belə dilə gətirir:
Başma döndüyüm xubların şahı,
Bir de görüm, indi kimə yar oldun?
Kim öyrətdi səni, kimlər ayırdı.
Hansı eşqə düşüb biilqar oldun?
Mən çəkdim yolunda cövrü-cəfanı,
Sən sürdün qeyrilə zövqü-səfanı,
Yenə üzdün məndən əhdü-vəfanı,
Kimlərin sözüylə məndən zar oldun?...
Qəm çəkməkdən canım üzüldü, billah,
Dilbəri görsəniz deyərsiz: Allah,
Neyləmişdi sənə fəqir Abdullah,
Əğyarə gül olub, ona xar oldun?!
A.Ələsgərin “Düşdü” qoşmasını xatırladan “Qayıtdı” qoşmasında isə vüsal həsrəti ilə yaşayan aşiqin “yaralı canı” təsvir olunur:
Mən görmüşəm gözəllərin çoxunu,
Belə olmaz amma boyu, buxunu,
Müjganından çəkdi xədəng oxunu,
Yaralı canıma çaldı, qayıtdı.
Gözlər ikən, gözlərimə yetişdi,
Mürdə cismim eşq oduna tutuşdu.
Şahrahdan qıya baxıb ötüşdü,
Yollarında gözüm qaldı, qayıtdı.
Dilimizdə elə sözlər var ki, onların kədərli notlarla səslənməsi insan qəlbindəbir nisgil yaradır. Bu mənada, Padarlı Abdullanın şeirdə “qayıtdı”, “getdi”, “döndü” və s. sözləri yerində işlətməsi və klassiklərə məxsus xüsusi məharətlə qəm-qubarı tərənnüm etməsi həm aşıq şeirindən doğan üslubdur, həm də klassiklərdən gələn peşəkarlıqdır.
Adı çəkilən şeirdə şair həm də hadisənin canlı mənzərəsini yaratmışdır. Sanki burdakı lirik qəhrəmanları – aşiq və məşuqəni, onların rastlaşmalarını, baxışmalarını və vidalaşmalarınıcanlı olaraq görürük.
Əsərlərdəki məşuqə real insandır. O, işvə-nazı ilə aşiqi haldan çıxaran gözəl bir qızdır. Öz aşiqinə cövrü-cəfa verməkdən usanmır. Lakin məşuqənin əğyara uyması, öz aşiqinə xəyanət etməsi bağışlanmazdır. Şairə görə, gözəl yalnız öz istəklisinə, aşiqinə diqqət yetirməli, xalq deyimində olduğu kimi, "gözüdağınıq" olmamalı, ancaq öz yarını sevməlidir. Şair xarici gözəlliklə daxili gözəlliyin-ağlın, kamalın vəhdətdə olmasını qabartmaqla hər bir gözəldə belə bir xüsusiyyətin olmasını istəyir.
A.Padarlının şeirlərində dini-təsəvvüfi motivlər də açıq-aydın hiss edilir. Daha əvvəllər klassik ədəbiyyatda görünən Allah sevgisi və eşqi, “Yaradan ilə yarananın birləşməsi”, yaradana çığınmaq ideyası onun yaradıcılığında sanki yenidən təzahür edir. Bunu şairin Şıx Səmədlə deyişməsində də aydın duymaq olur:
Şıx Səməd:
Gəlağlama, Abdulla, birdəhərgiz,
Allahın əmrinə olginən düm-düz,
Axır ki, mətləbə yetəcəyik biz,
Sən də fikir çəkmə heç yandan, qardaş!
Abdulla:
Çevirib üzünü sən ol dərgaha,
Gəl düşmə o qədər fəryada, aha,
Sidqini bağla bir qadir Allaha,
Yan tutma sidqini Xudadan, qardaş!
A.Padarlının bədii irsinin az bir qismini də onun bayatıları (müəllifli bayatılar) təşkil edir. Bu bayatılar şairin poetik hünəri olub, öz-özünə hesabatı da sayıla bilər. Onun Vətənə, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatıları vardır:
Köynəyim dardı mənim,
İşim ahu-zardı mənim,
Abdullah yalan deməz:
Kəbəm Padardı mənim.
Kür üstundə kənd olu,
Dörd tərəfi bənd olu,
Yarın acı sözləri
Abdullaha qənd olu.
Abdullah, apar indi,
Düşmanlar tapar indi,
Sən öldün, mən ölmədim,
Qiyamət qopar indi.
Bu dağları qarısın,
El-obaya yarısın,
Abdullah, yaxşı dostu,
Nə ölsün, nə qarısın.
A.Padarlının əsərlərinin kiçik bir hissəsi dəmüasirlərinin əsərlərinə yazdığı nəzirə, onlarla deyişmələri, qıfılbəndlər və mənzum məktublardir. Yuxarıda da qeyd etdiyimiz kimi A.Padarlı şair Q.B.Zakirin məşhur “Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana” misrası ilə başlayan müsəddəs-müstəzadının hər bir bəndinə ayrı-ayrı nəzirə yazmışdır. Onun həmçinin müasirlərindən Q.Şəkili, Ş.Səməd, M.Şaban, M.Qurban, M.K.Vardani və digərləri ilə deyişmələri də vardır. Hətta şairin həmyerlisi qarabaldırlı Aşıq Əhmədə ayrıca şeir həsr etdiyi də söylənilir.
Abdulla Padarlının bədii əsərlərinin yazılı ədəbiyyatımızın dil, üslub və şeir şəkilləri baxımından müasirləşdirilməsində, xalq kütlələrindən uzaqlaşmaqda olan divan ədəbiyyatı ilə xalqın mənafeyi arasında sıx bağların qurulmasında böyük polu olmuşdur. O, ədəbiyyatın şifahi və yazılı qolları arasında körpü quranlardan,divan ədəbiyyatı ənənələrini yaşadanlardan, XIX əsrdə aşıq şeirinin yazılı ədəbiyyatda inkişafına təsir göstərənlərdən, öz tənqidi-satirik əsərləri ilə içtimai satiramızın yaranmasına, beləliklə, Azərbaycan ədəbiyyatının inkişafına öz töhfəsini verənlərdən olub.
Abdulla Padarlının əsərləri, xüsusən xalq şeir tərzində yazdığı əsərlər indi də sevilə-sevilə oxunur. Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan ədəbiyyatının XIX əsrdə yaşamış, lakin az tanınmış nümayəndələrindən olan Abdulla Padarlının həyat və fəaliyyətinin dərindən araşdırılması qarşıda duran vəzifələrdəndir.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)