Komediya faciədən sonra başlayır – ŞƏFA VƏLİNİN REPORTAJI Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə nə şeir, nə də hekayə paylaşılacaq. Bu gün çətin REPORTAJ janrına müraciət olunacaq. Və bu çətinliyin öhtəsindən asanlıqla gələn Şəfa Vəlinin reportaj məkanı Şəkidə Sabit Rəhmanın ev muzeyidir.

 

                                                        

Oxunmayan hekayələr yazırıq. Eşidilməyən çığırtılarımız var; gənziyimizdəki bitməyən öskürəklərin səbəbi soyuqdəymə deyil.  Nağıllardakı dibigörünməz quyuların başına aşiqlər gedir. Qırx arşınlıq məsafələrin ən yüyrək yolçusudur xatirələr. Və bu xatirələr bu yüyrəkliklə heç vaxt mənzil başına çatmır.  Fəlsəfi oldu yazımın girişi, bilirəm.   Yaşın elə bir dövrünə gəlib çatmışıq ki, mürəkkəbliklə sadəliyin qovşağındayıq. Bilirəm, uzağı, 5 ildən sonra hər şey daha da sadələşəcək gözlərimizdə.  Karlson kimi, bütün baş verənlərə “adi həyati hadisə” deyib keçəcəyik. Və onda qayıdıb bu yazılara baxanda  ötürdüyümüz günlərin içində həyat axtardığımıza güləcəyik də... Bir pişik miyoltusuna diqqətlə qulaq asıb: “Həyat elə buymuş!”-dediyimi təsəvvür edə bilmirəm, amma ürəyimdə  bunun baş verəcəyinə əminəm və səbirsizlənirəm. Dedim axı, yaşın elə bir dövründəyik ki, ömrün sonuna çatmağa-yaşanacaqların hamısını yaşamağa, özümüzə gülməyə tələsirik.

Bu yaxınlarda kəşf etmişəm ki, paxıllığım var. Mənimçün naməlum olan gələcəyi yaşamış olanlara elə paxıllanıram, elə paxıllanıram,  təngnəfəs qaçmaq istəyirəm onların ömür yollarında. Baxmaq istəyirəm həyata onların baxdıqları pəncərələrdən...    

Yenidən ruhundan doğulanlardan idi Sabit Rəhman. Haqqında oxuduqca, yazdıqlarını anladıqca  bu fikrimə şübhə yeri qalmır. Yoxsa adam bu boyda gülə bilməzdi. “Bu boyda...” Göyçəlilərin bu sözü deyərkən əlləriylə kainata işarə etdikləri sirrini də açım,  ölçüsüzlüyü özünüz təxmin edin.   Bilirəm, çoxları ədibin gülüşünün qaynağını Şəki torpağında axtarır. Bir mənada, haqlı sayıla bilərlər. Lakin “Şəki yumoru”, “Şəki şirinliyi” qavramlarının da insan ruhundakı sancının nəticəsi olduğu haqqında düşünmək lazımdır.

Bir də, Şəkiyə yolunuz düşəndə Xan sarayını, Karvansarayı gəzib-görəndən sonra ev-muzeylərinə baş çəkin. O evlərdə doğulanların bir həyatı deyil, minlərin, milyonların həyatını, sözün əsl mənasında, yaşadıqlarını bilmək  həyatı fərqli aspektlərdən göstərəcək sizə...

Məsələn; Sabit Rəhmanın ev-muzeyinə gedin... Əlinizdəki “bələdçi kitabçası” bu yazı olsun.

        

***

 

Payızda getdim mən ədibin ev-muzeyinə.  Balaca həyət payızla qışın görüş öncəsi bəzəndiyi məkan idi. Ağaclardan tökülən yarpaqlar şehi buz tutmuş çəmənliyə yayxanaraq pıçıltılarını küləklə bir-birinə göndərirdilər. 

Məni ev-muzeyinin direktoru Pərvanə xanım İskəndərova qarşıladı.  Pərvanə xanımın doğmasəsi, gülümsəyən çöhrəsi  məndə şükran duyğuları oyatdı.“Müasirlik” anlayışının göz görə-görə bir az da insanlığımızdan, mərhəmətimizdən, mədəniliyimizdən oğurladığı bir vaxtda  xoş təbəssüm dəva-dərmandır ruhumuza...

Pillələrlə muzeyin ikinci mərtəbəsinə qalxırıq. Pərvanə xanım pilləkənin başında dayanıb görünən mənzərəyə nəzər salır və köksünü ötürərək deyir:

– Hər köçüb getdiyi evdə insan bir parça özündən qoyur...

Razılaşdığımı bildirmək üçün başımı sallayıram.  Kiçik dəhlizdən keçib aynabəndə giririk. Qapı ilə üzbəüz divardakı taxçalar çəkir diqqətimi. Taxçalardakı əşyalara toxunmağı etik saymıram, amma baxışlarıma çərçivə qoymaq mümkünsüzdür.  Pərvanə xanımın incəsənəti bütün çalarlarıyla sevən, duyan  həssas ruhu   beynimdən keçən sualı cavablayır:

– Muzeydə 707 eksponat var.  701 eksponat idi. 2021-ci ildə Ceyran xanım 6 eksponat  da hədiyyə etdi.

Ədibin nəvəsi, bəstəkar Emin Sabitoğlunun qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, musiqişünas Ceyran Mahmudovanı nəzərdə tutduğunu bilirəm.  Amma ən çox xoşuma gələn Pərvanə xanımın  açıqlamanı verməməsi idi.  Demək, hələ də ürəyində o inam vardı ki, Azərbaycan xalqı öz ziyalılarını yaxşı tanıyır... Bu inamı çox xoşlayıram, çox... Əlimlə taxçadakı əşyalara işarə edirəm:

– Əşyalar elə bu evə aiddir?

– Sabit Rəhman 1910-cu ildə bu evdə doğulub. 1936-cı ilədək burada yaşayıb. 1934-36-cı illərdə Şəkidəki “Mübariz” qəzetində, “Nuxa fəhləsi” qəzetlərində işləyib. Daha sonra Bakıya köçüblər.  Yəni ədib 26 yaşından sonra Bakıda yaşayıb. Təhsilini orada davam etdirib, ailə həyatı qurub. Muzeydə ədibin ata-anasından qalan əşyalar da var, Bakıdakı evindən gətirilənlər də.

– Sırf bu evə aid olan əşyalar hansılardır? – Marağımdakı itiliyə yenilirəm.

– Aşağıdakı – birinci mərtəbədəki ekspozisiya otağında olan əşyaların hamısı bu evə aiddir. O otağı Sabit Rəhmanın anası Münəvvər xanım mətbəx kimi istifadə edib. Məişət əşyaları, mis qablar anasının, ailəsinin istifadə etdikləridir.

Pərvanə xanım danışa-danışa açıq qapıdan içəri otağa daxil olur. Mən də arxasınca addımlayıram. Hiss edirəm ki, addımlarım, nəinki, bu evə, Şəkiyə, Azərbaycanımızın qudsal sərhədlərinə sığmayan ehtiramımın diqtəsindədir. Pərvanə xanım əlini ehmalca yazı masasına toxundurur:

– Sabit Rəhman Azərbaycan ədəbiyyatına bəxş etdiyi o gözəl əsərlərini bu masada yazıb.

Masanın üzərindəki iki çay stəkanı çəkir diqqətimi.  Dövrümüzün böyük türk şairlərindən olan Orhan Bahçıvan şeirlərindən birində deyir: “Çay, arkadaşım çay...”  Məncə də, yazıçı qələminin ən yaxın dostu çay olmalıdır. Hər abzasdan sonra, soyumuş olsa da, bir udumluq çayın dadı hopmayan yazı səmimi ola bilməz!   Özümün yazı-çay vərdişimi xatırlayıram.  Hər yazı bir əhvaldan doğulur,  hər əhvalın da fərqli rəngdə fincanı, ayrı dadda çayı olmalıdır. Düşüncələrim  dilimdən tökülür:

– Görəsən, ədib hansı əhvalda  balaca stəkanda, hansı əhvalda böyük stəkanda çay içirmiş?

Sualıma cavab gözləmədiyimi bildiyi üçün Pərvanə xanıma mütəşəkkir oluram.  Sonra başımı qaldırıb otağı süzürəm. Yazı masası ilə üzbəüz duran royalın başında çox yox, ikicə gün dayanıb xəyala dalsam,  gənclərin əl-əl axtardığı  duyğulu romanlardan birini yazmaq olar. Royal çox möhtəşəmdir. Pərvanə xanım danışır:

– Royal 1912-ci ildə-ədibin 2 yaşı olanda atası Əbdülkərim Nəbizadə tərəfindən alınıb.  Sabit Rəhmanın musiqi təhsili olmayıb. Amma royalda gözəl ifa etməyi bacarıb. Hələ 1923-1926-cı illərdə Bakı Darülmüəllimində oxuyanda onun musiqi müəllimi  böyük  bəstəkarımız Üzeyir Hacıbəyov olub. Dahi bəstəkarımız belə bir ifadə işlədib: “Əgər Sabit Rəhmanın musiqi təhsili olsaydı, ondan gözəl bəstəkar olardı”. Ədibin musiqi istedadı oğlu Emin Sabitoğluna keçib. Maraqlısı budur ki,   hələ o dövrdə-XX əsrin əvvəllərində  rayonda kimsə evinə royal alır. Heç bir musiqi təhsili almayan övladlarından biri-Sabit Rəhman royalda ifa etməyi bacarır. Ədibin böyük qardaşı, hərbi həkim Zahid Mahmudov tar çalıb.

– Belə düşünürəm ki, ədibin atasının musiqiyə marağı olub.

– Olar... O ehtimal da qəbul olunandır. Musiqini sevib, həvəsi olub, istəyib ki, uşaqları musiqini anlasınlar... O vaxt filmlər səssiz verilirdi.  Filmlər Şəkidə göstərildiyi vaxtlarda Sabit Rəhman kənardan royal çalar, bir növ, filmə səs əlavə edirmiş.

Açıq qapıdan içəri təpilən külək pərdələri yellədir. Şəkinin tərtəmiz, dumduru, adamı  tənhalığın ən rəngli naxışına sürükləyən havasını ciyərlərimə çəkir, bir gümana sarılıb deyirəm:

– Sabit Rəhman yay aylarında buraya gəlib də, yəqin ki?

– Hər halda,  gəliblər. Emin Sabitoğlu ömrünün sonunadək bu evə, Şəkiyə bağlı olub. İstəyirdi ki, muzeyin açılışı daha möhtəşəm olsun. Ev bərpa edilsin, daha gözəl ekspozisiyaqurulsun. Təəssüf ki, muzeyin açılışı ona qismət olmadı. Muzey 2001-ci ildə yaradılıb.  Emin Sabitoğlu 2000-ci il  noyabrın 18-də dünyasını dəyişib.  Emin Sabitoğlu bu evi dövlətə hədiyyə verib ki, atasının burada ev-muzeyi yaradılsın.

– Emin Sabitoğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən biri də budur.

– Bəli.

– Şəfiqə Axundovanın doğulduğu ev var Şəkidə. Getdik o məhəlləyə, kiçik bir lövhə də tapammadıq binanın üstündə ki, “Şəfiqə Axundova burada doğulub” yazılsın.  Evi tapa bilmədik...

– Satılıb o ev başqa adama... – Pərvanə xanım təəssüflə köks ötürür.

– Satılsa da,  ev-muzeyi olmasa belə, kiçik bir lövhə vurula bilər deyə düşünürəm.

– Əlbəttə, lazımdı! Bu yaxında Şəfiqə xanım haqda film çəkirdilər. Məkan kimi bizim muzeydən də istifadə etdilər.  Evin ab-havası,  royal filmin mövzusuna çox uyğun oldu.

– Muzeydə ədibin əlyazmalarından varmı?

– Yox... Sabit Rəhmanın arxivi Ceyran  xanımda olar...

– Ümid edək ki, yavaş-yavaş nə var-nə yox, buraya  hədiyyə edəcək. Necə ki, indiyədək çox şey hədiyyə edib. Sizə verilən eksponatlar yalnız ailə tərəfindən verilib,yoxsa başqa şəxslər tərəfindən də verilənlər var?

– Muzey 2001-ci ildə açılasıydı. Buradan nümayəndə heyəti getdi Bakıdakı evlərinə. O vaxt Sabit Rəhmanın ömür-gün yoldaşı İsmət xanım sağ idi. Şəxsən İsmət xanım özü masanı, radionu, şəkilləri, divardakı kitab rəflərini verdi muzeyimizə.

– İsmət xanım da şəkilidi?

– Yox. O, əslən İrəvan xanlarının nəslindəndir.

– Bildiyimə görə, bu ev Şəkidə tikilən ilk daş evlərdəndir.

– Hə. Bu səbəbdən Sabit Rəhmanın nəslinə “Daşagirənlər” deyilib. Ta qədimdən bu küçə Əfqanlar olub. Daha sonra Ağvanlar adlanıb.

– Daşdan ev tikdiklərinə görə, demək olarmı ki, Sabit Rəhmanın ailəsi varlı olub?

– Ədibin tacir babası sonradan müflis olub. Ondan qalan borcları Sabit Rəhmanın atası ödəyib.Ailədə 6 uşaq olublar: 3 bacı, 3 qardaş.  Bir az kasıb yaşasalar da, ailə təhsilə dəyər verib.  Sabit Rəhmanın kiçik qardaşı Əthəm Mahmudov fizika-riyaziyyat müəllimi olub.  Bacısının biri həkim, biri mühasib olub. Göz həkimi olan bacısı Zivər xanımın nəvəsi bir dəfə bizə qonaq gəlmişdi. Sabit Rəhmanın bir oğlu, iki qızı olub: böyüyü Emin Sabitoğlu, qızları Gültəkin xanım və Afət xanım.  Emin bəylə Afət xanım haqq dünyasındadırlar. Gültəkin xanımın isə 80-ə yaxın yaşı var. Son dəfə 2014-cü ildə buraya gəlib. Səhhətinə görə gələ bilmir.  Ədibin 3 də nəvəsi var: Emin Sabitoğlunun qızı Ceyran xanım, Gültəkin xanımın oğlu Polad müəllim, Afət xanımın qızı Xumar xanım. Polad müəllimin oğlunun adı Sabitdir. Divardakı afişaları Polad müəllim hazırlatdırıb, gətirib muzeyimizə. 

– Bu ətrafda ədibin qohumlarından yaşayan var?

– Yox. Bu yaxınlarda bir oğlan gəlmişdi. Dediyinə görə, babası Sabit Rəhmanla əmiuşağı olub. Dedim, elə bir sənəd varmı? Yaxud nəsildə elə bir yaşlı adam varmı onunla söhbət edək? Bəlkə, bilmədiyimiz nəyisə öyrəndik. Dedi: “Yox”. Məsələn; mən indiyədək bilmirəm ki, ədib niyə “Rəhman” təxəllüsünü götürüb. Mahmudov Sabit Əbdülkərim oğlu. Bəs niyə Rəhman?  Bir söylənti eşitmişəm bu haqda, əslində. Deyirlər ki, Sabit Rəhmanın atasına el arasında “Rəhman əfəndi” deyiblər. Bədirxan Əhmədov sırf Sabit Rəhman yaradıcılığının araşdırmaçısıdır. Təəssüfki, onun kitablarında da  bu haqda heç nə tapmamışam. Sabit Rəhmanın   uşaqlıq xatirələrini yazdığı kitabı var, orada da yoxdur.

– Sanki Şəki camaatının mənəvi varidatlarına qarşı  bir az laqeydliyi var. Məsələn, bu muzeyi axtaranda çox soruşduq,  heç kim bilmədi. Axırda bir yaşlı kişi əlini bu səmtə uzatdı ki: “Orada bir ev-muzeyi olasıdı elə bil”. Yəni bu basalağın camaatı  belə, buranı tanımır. – Gileylənirəm, amma sonra  peşman oluram və söhbətin  səmtini dəyişirəm: –Ev muzeyinin ərazisi nə qədərdir?

– Muzeyimiz 4 otaq, 2 dəhlizdən ibarətdir.  4 otaq 1 dəhlizdə hazırda ekspozisiya nümayiş olunur.  1 dəhlizdə isə eksponatları saxlayırıq. 105 m2 sahəyə malikdir.  Muzey açılanda əlimizdə olan məlumat bu idi ki, ekspozisiya sahəmiz 91 m2-dir. 14  m2 həyətyanı sahəmizdir. 2023-cü ilin iyul ayında nazirlik tərəfindən monitorinq keçirildi.  Monitorinqin nəticələri bizə veriləndə daha dəqiq rəqəmlər deyə biləcəyik.  Tiraltıdır bura, yəni bir dam örtüyündə iki bina var: muzey və yaşayış binası. Ev illərlə kirayəyə verilib. Sabit Rəhman Şəkiyə gəlib həmin vaxtlar. Güman edirəm, ya qohum evində, ya ayrı yerdə qalıb.

– Ziyarətçilər çox olurmu?  Gələnlər məkan haqqında məlumatlıdırlarmı, yoxsa təsadüfən gəlirlər? Xüsusən əcnəbilər Sabit Rəhmanı tanıyaraqmı gəlirlər, yoxsa Şəkinin gəzməli-görməli yerlərindən birində olmaq marağı ilə?

– Ziyarətçilərimiz çox olur desəm, yanlış olmaz. Əksəriyyəti bilərək gəlirlər. Şəkidə Sabit Rəhmanın ev-muzeyi olduğunu bilənlər yollarını buradan salırlar. Əcnəbilər  isə Şəkidə gəzməli yer kimi baş çəkirlər muzeyimizə. Şəkixanovların evinə əllərində xəritə ilə gələn turistlər bu küçədən keçirlər. Təbii ki, muzeyin mövcudluğu onların marağını çəkir. Bina olaraq xoşlarına gəldiyini deyirlər.  Sonra ingilis dilində məlumat verilir onlara ki, Sabit Rəhman kimdir, nə xidmətləri var.

– Belə anlayıram ki, ziyarətçilər buradan təəssüratla qayıdırlar.  Gələcəklə bağlı elə planınız varmı ki, ədib haqqında açıqcalar olsun, əsərlərinin müxtəlif dillərdə nəşri olsun? Turistlərin özləriylə apara bilmələri üçün.

– Maraqlı olar... Amma bunlar hamısı vəsait istəyir. Muzeyimizin bukletləri var.  Onu da hər ziyarətçiyə vermək mümkünsüzdür. Çalışırıq ki, ən az dövlət, incəsənət xadimlərinə həmin bukletlərdən verək.

– Gələn qonaqların ən çox maraq göstərdikləri eksponat hansıdır?

– Royal. Biləndə ki, royalın 100-dən çox yaşı var, deyirlər: “Necə olub ki, bir əsr əvvəl evə royal alıblar?”

Yenə royal... Yenə duyğu dolu bir roman yazmaq fikri...Yox, mən o romanı yazmayacağam. Bəzi romanları yaşamaq yazmaqdan daha gözəldir axı.   Divar sobasına, bacaya, taxçalara, insanı bir an içində XX əsrin əvvəlinə, oradan 1960-cı illərə ötürən əşyalara baxır, qeyri-ixtiyari soruşuram:

– Sabit Rəhman bu evdə yaşasaydı, yenə Sabit Rəhman olardımı? Yoxsa burda da “geniş, perspektivli mühit” qavrayışı qarşımıza çıxır?

Pərvanə xanım azacıq fikrə gedir. Elə bil nəyisə deyib-deməməkdə tərəddüd edir. Maraq məni əsarətinə alır. Qeyd dəftərçəmə yazıram:  “Yaşanan romanlar yazılan romanlardan qiymətlidir”. Nəhayət, Pərvanə xanım deyir:

– Bir yaşlı adamın danışdığına görə, o vaxt Sabit Rəhmanın burada bir istəklisi olub. Nəsə alınmayıb. Bir az da ona görə ədib Şəkidən küsüb. Bu məlumatın nə dərəcədə doğru olub-olmadığını bilmirəm.

– Dəqiq olduğunu bilə adam, araşdıra, yaza, qəşəng sevgi romanı çıxar. Amma təəəssüf ki,  məşhur adamlar haqqında söyləntilər yaymaq şakəri də var insanlarda.  – Bugünlük roman söhbətinə nöqtə qoymalıyam...

Şəkil albomlarına baxırıq,  muzeyə gələn Emin adlı ziyarətçilərin fəxrlə: “Emin Sabitoğlunun adını qoyublar mənə!” – deməsinə gülümsəyirik. Birdən gözüm qozadan hazırlanmış cücələrə sataşır.

– “Ulduz” filmindəki cücələrdi bunlar?

– Hə, Nəsibə Zeynalova hədiyyə edib bunları ədibə.

Əlimi cücələrə tərəf uzadıram, amma tez də “eksponatlara əl vurmaq olmaz!” sözlərini xatırlayıb geri çəkirəm. soruşuram:

– Görəsən, bunları Nəsibə xanım özü düzəldib?

– Təəssüf ki, dəqiq heç nə deyə bilmirəm bu haqda.  Amma rəhləni  zəngin Azərbaycan mətbəxi haqda fundamental tədqiqatların müəllifi Hacı Cabir Xəlfəzadə hədiyyə edib muzeyimizə. O, Emin Sabitoğlunun yaxın dostlarından biri idi.

– Muzeyinizin  dostluq etdiyi muzeylər hansılardır?

– Şəkidəki muzeylərlə mədəni əlaqələrimiz var. 3 nömrəli musiqi məktəbi ilə sıx əməkdaşlıq edirik.  Hər il şagirdlər üçün ekskursiyalar təşkil edirik.  Şagirdlərdən əksəriyyəti Sabit Rəhmanı tanıyaraq, yaradıcılığı haqqında məlumatlanaraq gəlirlər. Bununla belə, kədərli də olsa, deməliyəm ki, ədibi tanımayanların da sayı az deyil.

Payız küləyi bayaqkına nisbətən daha hiddətlə girir içəri; pərdələri yelləməklə qalmır, bizi də üşüdür. Qələmimi, dəftərçəmi masaya qoyub əllərimi ovuşdururam. İnsanın ruhunu isidən bu gözəl məkanda Şəki payızının kəskin ayazı bizi reallığa qaytarır. Pərvanə xanım baxışlarını aşağı salır, astadan danışır:

– Muzeyimizin istilik problemi var. Xidmət otağımız yoxdur deyə, aşağıdakı ekspozisiya otağında xidmət göstəririk. Soyuqlar düşəndə məcburən orada odun sobası yandırırıq. Eksponatlara nəm də ziyandır, istilik də. Xüsusi temeparturda qorunmalıdırlar.

– Divar sobasını yandırmaq olmaz  burada-ikinci mərtəbədə?

– Qədimi evdir, yoxlanmamış, uyğun olub-olmadığını bilməmiş divar sobasını yandırmaq riskdir. Bir şey də var ki, istiliyin olduğu qədər, soyuğun da eksponatlara ziyanı var. Qışda bura  o qədər soyuq olur ki, ziyarətçilər paltoda, papaqda gəzirlər muzeyi. Psixrometr-havanın nisbi rütubətini təyin edən cihaz var. Amma istilik olmayan yerdə nəyi tənzimləyə bilərik ki?! Ev-muzeylərindəki eksponatların əskəriyyəti şəkillərdir, kitablardır, digər kağız materialdan olan eksponatlardır. Onlara da rütubət qətiyyən olmaz. Hər otağın özünə uyğun rütubəti olmalıdır. 

Aynabənddə var-gəl edir, məni maraqlandıran sualları  sıralayıram:

– Evin  neçə yaşı var?

– Ev Sabit Rəhmanın atasına öz atasından qalıb. Onda belə demək olar ki, ev XIX əsrin əvvəllərində tikilib. Heyif ki, Şəkidə Sabit Rəhmanın xüsusi araşdırmaçısı yoxdur. Onun nəsil şəcərəsi, Şəkidə keçən uşaqlığı,  qəzetçilik fəaliyyəti, teatrdakı xidmətləri barədə daha çox şey öyrənərdik.

Otağa keçirəm. Yazı masasına  bu dəfə tamam başqa hisslərlə, başqa əhvalda yaxınlaşıram. Hədiyyəlik qələm sataşır gözümə. Aşağı əyilib ona daha yaxından baxıram. Pərvanə xanım da qələmə tərəf əyilir, deyir:

– Emin Sabitoğlunun qələmi var bizdə, amma ədibin özünün qələmi yoxdur.

Divarın o üzündən çəkic-mişar səsləri eşidilir. Susub dinləyirik... Zaman keçir, divarın o biri üzünə dəyən çəkic zərbələrinin hər biri canıma xof salır. Qorxularımı sözə çevirirəm:

– Tiraltı evdə, yəni yaşayış binasında təmir gedir. O təmirin muzeyə bir ziyanı olmaz ki?

– Əvvəldən nəzərə alınıb, xəbərdarlıq edilib. 2020-ci ildə “Vətən müharibəsi” zamanı muzeylərin əksəriyyətində qiymətli eksponatlar  bükülüb zirzəmilərdə saxlandı. Mənfur düşmən xain, namərd idi axı... Günahsız insanların başına bomba tökürdü. Hər an ehtiyatlı olmalıydıq. İndi də, təmir gedənədək bəzi şeyləri  axşamlar aşağıdakı-birinci mərtəbədəki otağa aparırıq, səhər işə gələndə yerinə qaytarırıq. Bəzi şeylərin üstünə isə sellofanlar çəkirik ki, toz tökülər. 

– İndiyədək olduğum ev-muzeylərinin əksəriyyətində eyni problemlərlə qarşılaşmışam: təmir,   xidmətin maddi tərəfi, təbliğatın yetərincə aparılmamağı. Amma sevindiyim odur ki, bütün ev-muzeylərində  əməkdaşların məkana, eksponatlara sevgisi dərin olub.  Ev-muzeyi olan  şəxsiyyətlərin bir xalqın mənəvi sərvəti olduğunu anlayanlar, bilənlər  işləyir bu məkanlarda. Buna çox sevinirəm. 

– Bilirsiniz də, “O olmasın, bu olsun” filminin ssenari müəllifi Sabit Rəhmandır. Üzeyir Hacıbəyov film haqqında danışarkən deyib: “Sabit Rəhman Məşədi İbada obraz verdi, onu hoqqabaza çevirmədi”.  “Gülüş fenomeni” ədib haqda çəkilən ən yaxşı filmdir. Bizim proyektorumuz yoxdur, amma kompüterlə şagirdlərə göstərirəm bu filmi.  Bir də, çox istəyərdim ki, ədibin “Şeyx Samit” imzası ilə yazdığı felyetonları yer alan “Molla Nəsrəddin” jurnalları da bizdə osun. O dövrdə “Molla Nəsrəddin”ə yazı yazmaq böyük cəsarət tələb edirdi.   Azərbaycanımızın görkəmli maarif xadimlərindən olan Rəşid bəy Əfəndiyev Sabit Rəhmanın atasının dayısı olub. Bu qohumluq əlaqəsi haqqında da dolğun bir məlumat olmasını arzulayıram.

Pərvanə xanım bunları birnəfəsə danışır. Sonra susur... Mən onun susqunluğunda daxilində gurlayan dağ çayının səsini eşidirəm. Onun Azərbaycan mədəniyyətinə  olan ehtiramının səsidir o şırıltı. Heyf ki, çağlayan arzuların qarşısına  “imkan” sözü boyda bəndlər çəkilir...

Qayıdıb masaya boylanıram. Sabit Rəhmanın masaüstü yarpaqlı təqvimi açıqdır... Saralıb, kövrəkləşib, amma  ədibin bu dünyaya gözlərini yumduğu gündə-23 sentyabr 1970-ci ildə açıq qalıb... Ondan sonra bu təqvimin yarpaqları bir daha çevrilməyib.

...Ədibin qızı Gültəkin Mahmudova “Dünya bir pəncərədir” adlı televiziya verilişində deyir: “O, çox prinsipial bir adam idi”.  Xalq şairi Vaqif Səmədoğlunun dediyinə görə,  emosiyalarını saxlaya bilən insan olub Sabit Rəhman. Mənsə “Şirin bülbül” tamaşasındakı  bir cümləni xatırlayıram: “Komediya faciədən sonra başlayır”. Sabit Rəhman haqqında əsaslı bir araşdırma aparılmasını istəyirəm, onun haqqında heç bir məlumatın üstünə sual işarəsi kölgə salmasın, istəyirəm. O zaman məni düşündürən bu sualın da cavabını taparam: “Görəsən, Sabit Rəhmanın komediyaları onun hansı daxili faciələrinin sonrası idi?”

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.