“Hərə bir cür unudulur” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” Təranə Dəmirin yeni şeirlərini təqdim edir. 

 

SEVMƏK GÜNAHDI

Hərə bir cür unudulur,

Kimi saçlarından,

Kimi baxışlarından,

Kimi əllərindən,

Kimi dodaqlarından,

Kimi göz yaşlarından,

Kimi ayaqlarından unudulur.

Cığır -cığır, yol-yol, ləpir -ləpir,

Kölgə -kölgə, söz-söz,

sətir-sətir yaddan çıxır.

Adamı dəniz-dəniz, liman-liman,

Şəhər-şəhər, küçə- küçə unudurlar.

Şeir-şeir, heca-heca unudurlar.

Göz açıb yumunca unudurlar.

Qulağın eşidə-eşidə,

Gözün görə-görə,

Ürəyinə  girə-girə -

Bilmirsən necə unudurlar.

Hərənin bir unudulmaq vaxtı var:

Bir saat, bir gün, bir həftə, bir ay,

Lap elə bir il olsun uzağı,

Nə fərqi var axı ,

Axır ki, unudurlar.

Əvvəlcə ayaq səslərindən tutursan unudulduğunu,

Sonra ürəyinin döyüntüsündən,

Daha sonra saçlarından,

Sonra əllərindən,

Sonra baxışlarından,

Ən sonda dodaqlarından hiss edirsən unudulduğunu.

Asırlar səni dünənin boğazından,

Səhərə heç nəyin qalmır,

Bir ovuc külündən savayı.

İmdadına nə söz gəlir, nə şəhərlər,  

nə küçələr,

Nə göz yaşları, nə qarmaqarışıq gecələr.

Sonra özün öz içində itib batırsan,

Azırsan özündəki nabələd döngələrdə.

Sonra bir də..., bir də...,

Bir də unudulursan.

Dünyada ən ağır yükdü unudulmaq.

Sevmə, atam balası, sevmə ,

Unudulacağını bilə -bilə 

Sevmək günahdı vallah.

 

YAĞIŞ YAĞIR

Yağış  yağır  sakit sakit ,

İslanır yazın yaxası.

Burnuma ot ətri gəlir,

Burnuma torpaq qoxusu.

 

....Qonşu  bağın ağacları

Bizim bağla bəhsə girib.

Hər tərəf çiçək qoxuyur,

Bahar hələ təzə girib.

 

Ümidlər bahar donunda,

Arzular qönçədi hələ.

Ağaclar allı, yaşıllı,

Arılar beçədi hələ.

 

Kəpənəklər fırlanırlar,

Çiçəyin, kolun başına.

Cahıllar axşamtərəfi

Yığışır yolun başına.

 

Qapılar üzünə gülür,

Evlərin çəpəri yoxdu.

Dəcəl, şıltaq uşaqların

Dünyadan xəbəri yoxdu.

 

Hamı qismətindən razı,

Hamı günündən razıdı.

Hamı əskiyindən razı, 

Hamı kəmindən razıdı.

 

Hamıya yurdu, yuvası,

Hamıya qalası əziz.

Hamıya öz səltənəti,

Hamıya balası əziz. 

 

Yoxdu özündən biqərar,

Sözündən yekə adamlar.

Yoxdu sabahın dərdini

Bu gündən çəkən adamlar.

 

Dünya öz məhvərindədi,

Yerindən çıxaran yoxdu.

Göz ilə anlaşır hamı,

Çığıran, bağıran yoxdu.

 

...Yağış yağır sakit-sakit,

İslanır yazın yaxası.

Burnuma ot ətri gəlir, 

Burnuma torpaq qoxusu.

 

İNDİ

İndi  səhərlərin günəşi çıxmır,

İndi ulduz doğmur gecələr, Allah.

Tıxacda boğulur indi şəhərlər,

İndi nəfəssizdi küçələr, Allah.

 

Nifrətə yuvadı indi ürəklər,

İndi baxışların istisi yoxdu.

İndi qapıların qonaq-qarası,

İndi bacaların tüstüsü yoxdu.

 

Bəxti də üzünə gülmür adamın,

Yaşamaq da azar, ölmək də azar.

İçindən qurd çıxır verilən sözün,

Hayana baxırsan bazardı, bazar.

 

Haqqın, ədalətin adı var elə,

Divlər papuc tikir şeytana indi.

İndi buz erası, robort əsridi,

Kimdi qiymət verən insana indi.

 

Dustaq eləmişik həqiqətləri,

Adamın üstünə yeriyir yalan.

Vətən şeirləri səfə düzülüb, 

İndi qəhrəmandı yerindən duran.

 

İndi səhərlərin günəşi  çıxmır,

İndi ulduz doğmur gecələr, Allah.

Tıxacda boğulur indi şəhərlər,

İndi nəfəssizdi küçələr, Allah.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.