Tatarıstanın tanınmış şair-tərcüməçisi Lenar Şeyxin “Qələmli dünya” adlı yeni - tərcümələr (və uyğunlaşdırmalar) kitabı işıq üzü görüb. Yeni nəsil tatar ədəbiyyatında özünəxas yeri olan Lenar Şeyxin kitabı Azərbaycan şairi Əkbər Qoşalının şeirləri ilə başlayır.
Əkbər Qoşalının “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, tərcüməçi yeni kitabında ən geniş yeri məhz Əkbər Qoşalı yaradıcılığına ayırıb.
Qeyd edək ki, ötən il Əkbər Qoşalının “Dərviş sözü” kitabı Tatarıstan Dövlət Kitab Nəşriyyatı tərəfindən yayımlanıb. Həmin kitaba “Ön söz”ü Tatarıstanın Xalq şairi, Dövlət mükafatı laureatı, deputat, Tatarıstan Yazıçılar Birliyinin başçısı Rkail Zəydulla yazıb. Azərbaycan şairinin şeirlərini tatarcaya Lenar Şeyx, Rüzəl Muxəmmətşin, Rifat Saleh uyğunlaşdırıb.
Əkbər Qoşalı portalımıza deyib: “Biz də öz növbəmizdə tatar şair, yazıçı və tərcüməçilərinə, bütün Tatarıstana sevgi-sayğılarımızı, ən xoş diləklərimi ismarlayırıq!
Tatarıstanın bayrağı uca olsun!”
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)