Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“Allahla arama girmə, Molla Qafar. Mən bilərəm, O bilər. Sən niyə qarışırsan?”
Çiyninə dəyən daşdan çox Səkinə arvadın sözü Qafarı tutdu. Ölüm qapıya bir də gəlməsin deyə kənddə mollanın arxasınca qara daş atırlar. Səkinə bu səhər əfin-kəfin olunmuş Təbriz kişinin əlli illik halalı idi. Adətə görə, ev yiyəsi kimi qara daşı mollanın arxasınca yola o atmalıydı. O da daşı necə atdısa, kişinin çiynini tutdu.
“Bəlkə daş çiynimə təsadüfən dəydi?”
Molla Qafar sualını gözündə təsbeh kimi şaqqıldada-şaqqıldada geriyə çevrildi. Səkinəni əl işarəsi ilə yanına çağırıb: – Daşı mənə niyə atırsan, ay arvad? – soruşdu.
Səkinə arvad: – O nədi demisən ki, Səkinənin ölümü öz əlində deyil?! Bəlkə mən bu gecə öləcəm. Sənə nə var?
Arvadın sözləri Molla Qafarın hirsini soyutdu. Çiyninə dəyən daşı unudub “Sən bir imana, yəqinliyə bax” düşündü. Səkinə arvad Molla Qafarın düşüncələrindən xəbərsiz idi. Gözünü qan tutmuşdu. Ona, doğrudan da, elə gəlmişdi ki, Allahla arasında duran Molla Qafardır. Onu ərinin arxasınca ölməyə qoymayan da odur. Molla Qafar Səkinə arvada bir söz demədi. Çiyninə dəyən daşı Allahdan bilib kənd yoluna çıxdı. Yolun sonu gəlin duvağı kimi dağdan aşağı sallanmış dumanın qatılığında görünmürdü. Molla Qafar çiyninə dəymiş daşdan sonra hara gedəcəyini də unutmuşdu. Daş kişinin tarazlığını pozmuşdu. Bu günə qədər min bir əziyyətlə qazandığı adına kölgə salmışdı. Mollalıq etdiyi kənd o qədər də Allah tanıyan yer deyildi. Gününü lağlağılıqla keçirən kəndlilərin çoxu Allahı ancaq yas yerlərində xatırlardılar. Onlar üçün molla da hərbi komissar kimi bir şeydi. Fərq bircə ondaydı ki, kəndin ağlıyca, hərbi komissar hökumətə işləyirdi, molla Allaha. Hökumət onlar üçün Allahdan daha diriydi. Hökumət adama “pensiya” verirdi. Allah hökumətə baxanda mücərrəddi. Allah kəlamını yuxu kimi anlayan bu adamların içində ruhani olmaq və gülünc görünməmək Molla Qafara elə də asan başa gəlməmişdi. İndi də belə, günün günorta çağı Səkinə arvad yas çadırının qarşısında nə sənə, nə mənə, qara daşı götürüb tolazlamışdı ona. Bundan sonra yaşa bu kənddə, görüm necə yaşayırsan? Yas çadırında nə çoxdu təzə dəymiş cüvəllağı. Çox güman ki, şəklini telefona çəkib internetə də ötürüblər. Bundan sonra nə üzlə əza məclisi aparacaqdı? Ciddi nə danışsa, daşı xatırlayıb güləcəkdilər. Sarı Həmidin kinayəsi axırına çıxacaqdı. Evdə iki qızı vardı. Onlar da rüsvay oldular. İndi qayıdıb Səkinə arvada bir söz desə də, daha xeyri yoxdu. Olmalı olan olmuşdu. Kənddə insanın adı şüşə kimidir. Bir daş dəydimi, sınacaq. Töküləcək ayaqlarının altına. Kişisən, adın sınandan sonra onu təzədən yama.
Molla Qafar dumanın içində azdığını görüb yol kənarındakı daşa söykəndi. Duman ağ kəpənək kimiydi. Uça-uça evlərin damına qonurdu. Onun kənd dediyi Fit dağının ətəyində salınmış iyirmi evdi. İyirmisinin də bacası tüstülüydü. Bu xırda kənd dağın ətəyində bitən bütün yabanı ağacları sobalarında yandırmışdı. Tüstülü, dumanlı evləri olan bir yerdi. Nəyi gördü, kimi gördü yandırıb-yaxırdı. Molla Qafar bu evlərin həm mollasıydı, həm bələdiyyə sədriydi, həm də məktəb direktoru. Haçansa qonşu kəndin mollası İsaqdan aldığı üç sinif dini dərslə kəndin ən savadlı adamı da elə o idi. Kənddə Adəmdən bəri diri kitab görən iki adam olmuşdu. Biri Molla Qafardı, biri də şofer Məlik. Şofer Məlik əsgərlikdə dəftər-kitabla altı ay şoferlik oxumuşdu. İndi də kitabı atıb iri yük maşını sürürdü. Daha xırda-mırda işlərə baş qoşmurdu. İşi iriydi. Tonla hesablanırdı. Molla Qafar isə, şofer Məlikdən fərqli olaraq, kəndin bütün balaca işlərini boynuna götürmüşdü. Bu kənddə binədən yerli-dibli molla olmamışdı. Ölən olanda Gəncədən atla molla gətirərdilər. O günəmuzd mollalar dağa qalxana qədər ölülərin təni soyuyardı. Molla Qafara qədər kəndin bütün ölüləri torpağa boyat basdırılardı. Vəli kişinin anası Gəncədən molla gələnə qədər darıxdığından bir dəfə dirilmişdi. O arvaddan sonralar Fransa televiziyası kino çəkdi. İspaniya xristianları onu müqəddəs qadınlar siyahısına da saldılar. Sonra ispanlardan səs çıxmadı. Vəli kişinin anası ispanlar kəndə gələnə qədər yüz iki yaşında nərdivandan yıxıldı və birdəfədə öldü. Vəli kişi anasını bir il basdırmadı ki, yenə diriləcək. Arvad nədirsə, daha dirilmədi. Dedilər, ispanlar gəlmədi, ona görə.
Kəndlilərin bu cür əziyyət çəkdiyini görən Molla Qafar günlərin bir günü başına buxara papaq qoyub ucadan bəyan etdi ki: “Bu gündən ölülərimizi özüm basdıracam. Arxayın ölün. Mənə yuxuda mollalıq verilib”. Sarı Həmid üç gün-üç gecə Qafarı çayxanaya həsrət qoyub “Fatihə” surəsini əzbər söylətdi. Hər dəfə surənin bir yerində çaşan Qafarın “vergili” olmasına şübhələrin artdığı ərəfədə turp kimi Kələntər kişi eşşəkdən yıxılıb öldü. Kələntərin uşaqları gecəynən yığışıb gəldilər Qafarın evinə və dedilər:
- Bu meydan, bu da şeytan, buyur, dədəmizi basdır. Həm sən sınaqdan çıx, həm də biz dağ aşıb bahalı molla arxasınca Gəncəyə getməyək. Amma nə eləyirsən-elə, kişini murdar eləmə.
Qafar təmkinlə “Bismillah” deyib qollarını çırmaladı. Əvvəlcə Kələntəri öz əlləriylə yun ləyənində yuyub kəfənlədi. Sonra yeri qazdırıb qəbrə qoydu. Şərq şairləri kitabından öyrəndiyi bir-iki ərəb şeirini ucadan oxuyub kişinin üstünü torpaqlatdı. Sonra da babasından eşitdiyi bir-iki məzəli əhvalatı yasa gələnlərə danışıb Kələntərin yasını başa vurdu. Odur-budur, Qafarın adına “Molla” sözü əlavə olundu. Və odur-budur, kəndin yasları bir az məzəli keçir. Çünki xımı belə qoyulub.
Altı-yeddi ölü kəfənləyən Qafar qəfil anladı ki, özgələr cəhənnəm, üçillik savadı özünə belə yetmir. Öz-özüylə tək qalanda belə bilmir ki, “Bismillah” əvvəldədir, ya “Əstəğfürullah” qabaqdadır. Salavatı hansı əllə çevirməlidir ki, Allaha naxoş getməsin. Təkcə onu bilir ki, Allah var və hamını O yaradıb. Bakıya gedib bir qədər mollaxana dərsi almaq lazımdır.
Molla Qafar, Lomonosov kimi, arıdan-zaddan satıb bir az pul düzəltdi. Və elm dalınca Bakıya üz tutdu. Bakıda üzmü qalmışdı? Bakı keçidə oxşayırdı. Nə əvvəli vardı, nə axırı. Adamlar üzlərini əllərində tutub Bakıdan keçib harasa gedirdilər. Heç birinin də dili, ağzı yox idi ki, danışa. Bu tələskən, üzsüz adamlardan “Bismillah” deyib, “Əstəğfürullah” soruşmaq olardımı?
Bakı Molla Qafarı peşman etdi. Burada Allahı tapmaq kənddə telefon köşkü tapmaq kimi bir şey idi. Əlinə çıraq alıb nə qədər axtarsa da, o boyda Bakıda imanda özündən safına rast gəlmədi. Bakıda Allah bilməyənlər daha çox idi. Allahın görmədikləri də az deyildi. Allah bilənlərin yarısı imamtanıyan idi. Yarısı imamtanımayandı. Yerdə qalanlar isə nə imamtanıyandılar, nə də Allah sayandılar. Onlar sadəcə saqqal buraxıb din alveri edirdilər. “Yasin” satırdılar. Qəbir yeri satırdılar. Ehsan üstə savaşırdılar. Qafar öz savadsızlığına şükr edib kəndə qayıtdı. Və iki gün-iki gecə kənd adamlarını tövləyə yığıb onlara öz Allahından gap etdi. Onun Allahı hamının tanıdığı xalis Allah idi. Kəndlilər onun dediklərindən heç zad başa düşməsələr də, onu başa düşdülər ki, Qafar daha əvvəlki adam deyil. Deyəsən, doğrudan da, yuxuda “nəsə” görüb. Və bu “nəsə”dən sonra bir qədər üzü Allaha tərəf çaşıb. Bu çaşmaq Allah səmtə çaşmaq olduğundan kəndə heç bir ziyanı yoxdur. Və Qafar Sarı Həmidin kinayələrindən sivişib, oldu Molla Qafar. Odur-budur, kənddə daha heç kəs Qafarın xəbəri olmadan bu dünyadan o biri dünyaya köçmür. Hörməti də ölüdən-ölüyə artır.
Amma illər ötdükcə molla adı Qafarı, doğrudan da, dəyişdi. Rəndələyib saflaşdırdı. Kişi adının əsirinə çevrildi. Get-gedə adı kimi oldu. Daha yad qadınlara gözünün ucuyla olsa belə baxmadı. Yalan danışmadı. Özgəsinin malına, mülkünə tamah salmadı. İrana keçib iki il ərəb dilini də mükəmməl öyrəndi. Oradan qayıdandan sonra kənd məktəbini öz puluna təmir elətdirib uşaqları siniflərə yığdı. Sarı Həmid məktəb işində Qafara “Rus Əhməd” ayaması qoysa da, buna fikir vermədi. Başını aşağı salıb, kəndin maarif işiylə məşğul oldu. Çox keçmədi, onun bu səylərini görüb şəhərdən kəndə qovluqlu kişilər, rus dilində ləhcə ilə danışan pullu arvadlar gəldi. Onlar Molla Qafara üç dəfə “malades” dedilər. Və onu rəsmən məktəb direktoru təyin edib yenidən şəhərə qayıtdılar. Düzdür, Ramiz dədə o gedənlərin qoltuğunda qovluqla bərabər beş-altı kisə sovqatın da olduğunu görmüşdü. Amma sovqatın bu gün mətləbə və məktəbə heç bir dəxli-filanı yoxdur. Görünən budur ki, məktəb sovqatsız işləyir.
Kənddə məktəb yaşı çatmış doqquz uşaq vardı. Bu uşaqların dördü qız olduğundan dədələri dərsə buraxmırdı. Əsnəyə-əsnəyə dərsə gəlib, qaşına-qaşına dərsdən qayıdan oğlanlara isə Molla Qafar ancaq din dərsi keçirdi. Ona görə yox ki, kəndlilərin ətəyində haçansa namaz qılınacaqdı. Ona görə də yox ki, özləri Qafardan dini dərslərin keçilməsini istəmişdilər. Ona görə ki, kəndlilərin də, Molla Qafar təki, dindən savayı heç nədən xəbərləri yox idi. İndi Qafar bu məktəbdən nə xeyir götürmüşdü ki, qoltuğu qovluqlu kişilərə, ləhcəli qadınlara “pay” da versin? Allahdan paymı olar? Amma o da var ki, Ramiz dədənin də gözündən heç nə yayınmır. Məktəbi bilmirəm, o “qoltuqlar”ın, görünür, Qafara bələdiyyə sədri olanda köməyi dəyib. Bir gün kəndə üstü qırmızı örtüklü şüarlarla yazılı üç yük maşını gəldi. Maşındakılar ucadan danışanla kəndliləri köhnə klubun qabağına yığdılar. Həmin qırmızı maşınlardan birinin banına çıxmış iki kök qadın kəndlilərə xor müğənniləri kimi eyni tonallıqda birağızdan qışqıra-qışqıra dedilər ki: “Biz Bakıdakı ən böyük bələdiyyə sədrinin vəkilləriyik. Orda belə məsləhət olub ki, Molla Qafar bu gündən sizin kəndin bələdiyyə sədri olsun. Ölüdür, diridir, ortalıqda qalandır, bu gündən sonra kənddə kim varsa, daha onluq olacaq. Biz də daha dərəyə-təpəyə düşməyəcəyik. Bütün suallarımızı bir adama verəcəyik. Nə deyirsiz, razısız?” Bələdiyyənin nə olduğunu hər şeyi bilən Ramiz dədə belə bilmirdi. Əvvəlcə hamı bir-birinin üzünə baxdı. Sonra bələdiyyənin nə olduğunu bilməsələr də, əlüstü elliklə razılıq verdilər ki, iş uzanmasın. Danaların naxırdan qayıdan vaxtıydı. Bələdiyyə haqqında düşünməyə vaxtmı vardı? Bir də hökumətlə gərək hər işdə razı olasan. Bu yanaşma kəndin min illik ənənəsiydi. Təkcə rəhmətlik Təbriz kişi o zaman kök qadınların ikisindən də xəbər aldı ki: “Bu bələdiyyə adama pensiya verəcəkmi?” Kök qadınların özləri də bələdiyyələrin pensiya verib-verməyəcəyindən, deyəsən, xəbərsiz idilər. Ona görə də sualı cavabsız qoydular. Lap axırda o kök qadınlar qırmızı maşınların üstündə uzun-uzadı bələdiyyələrin kəndə nə verə biləcəyindən danışıb siqnal verə-verə şəhərə qayıtdılar.
Kəndlilər maşınlar gedəndən sonra rahat nəfəs alıb Molla Qafara yaxınlaşdılar. Və ondan bir dəfə də: “Bələdiyyə nədir?” – deyə soruşdular. Molla Qafar: “Bələdiyyə vacibatdır”, – dedi. Və kəndlilər yenə bir zad anlamayıb Qafarın üzünə baxdılar. Və beləcə, kəndə bələdiyyə gəldi.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)