Şəhidlər barədə şeirlər – Şahgündüz Cabbarov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şahgündüz Cabbarov həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ŞAHGÜNDÜZ  HABİL  OĞLU  CABBAROV

(13.01.1995.-25.10.2020.)

 

Əslən Laçının Oğuldərə kəndindən olan, Bərdənin Mollalı kəndində anadan olmuş, ADNA-nın məzunu, SOCAR-ın “Azneft” İB-nin “28 May” NQÇİ-nin əməkdaşı olmuş, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

ŞAHGÜNDÜZ

                 

 I

Vətən, sənin yolunda candan keçən igidlər,

Haqq- ədalət yolunu qəlbən seçən igidlər,

Şəhidlik şərbətini gülüb içən şəhidlər,

Əbədi yaşayırlar, əbədi, Şahgündüztək.

 

II

Şahgündüz:

Müharibə başlayıb, döyüşə getməliyəm,

Düşmənlə  kişi kimi, görüşə getməliyəm.

Anam məni böyüdüb müqəddəs Vətən üçün,

Vətəndən əziz nə var  ruh üçün, bədən üçün?

Uşaqlıqdan kəndimin xəyalıyla yaşadım,

Arzum - Oğuldərəni  əməlimlə yaşadım.

Düşmən əsirliyindən xilas edib torpağı,

Kəndimizə sancacam mən üçrəngli bayrağı.

 

Qucaqlayıb anasın, öpdü nurlu üzündən,

Ana fəxarət duydu  əziz Şahgündüzündən.

Anası kövrəlsə də, tez çevirib üzünü,

Bircə onu söylədi: -  Oğlum, qoru özünü.

 

 III 

Şahgündüz neftçi idi, şərəfli işi vardı,

Ali təhsil almışdı,  işində peşəkardı.

İşləyirdi inamla qucağında Xəzərin,

Yavaş-yavaş görürdü  zəhmətinin bəhərin.

Kollektiv arasında dərin hörməti vardı,

Hamı onu sevirdi, şirin ülfəti vardı.

 

Əslən Laçından idi, kəndlərin görməmişdi,

Oğuldərə kəndindən bir çiçək dərməmişdi.

Amma hər gün xəyalı o yerlərə uçurdu,

Bəzən yuxularında kəndlərində qaçırdı.

 

Şahgündüzün ürəyi nəğmələrlə doluydu,

Şeirləri mənalı, nəfəsisə bal idi.

Qış  günü dindirəndə  ecazkar, telli sazı,

Hər yana yayılırdı Şahgündüzün avazı.

 

        IV

Bax, üçrəngli bayrağa bürünübdür Şahgündüz,

Vidalaşaraq  dedi:  “Qisasa gedirik biz”.

Cəsur əsgər olmuşdu hərbi xidmət zamanı,

Mais Bərxudarovdan  almış  idi  Fərmanın.

 

Şahgündüzgil inamla  keçmişdilər hücuma,

Xalqımız inanırdı  məğlubolmaz orduma.

Şahgündüz vuruşurdu mərdliklə, şücaətlə,

Son anadək döyüşdü Vətənə sədaqətlə.

 

Döyüşlərin birində aldı qəlpə yarası,

Şəhid oldu yurdumun gül çöhrəli balası.

Ölmədi, qələbədən gətirərək xoş soraq,

Əbədilik qazandı- cənnətə qovuşaraq.

 

 V

Şahgündüz qoçaq balam, Şahgündüz igid balam,

Ümidi gerçək edən, Şahgündüz şəhid balam.

Şahgündüz öz ömrünü yaşadı ləyaqətlə,

Onun qəhrəmanlığın vəsf etdim məhəbbətlə.

 

Qazmaçıydı dənizdə, neftçi həmkarımızdı,

İndi Vətənin fəxri, bizim vüqarımızdı.

Özü görə bilmədi, arzuları oldu çin,

Heç zaman unudulmur  yaşayanlar vətənçin.

Şuşamızda, Laçında dalğalanır bayrağım,

Düşmənlərdən alınıb şəhid qanlı torpağım!

 

“Ədəbiyyat və incəsənətz”

(02.04.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.