“Eşq. İspan kafesi” - Aysel Fikrətin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin yeni hekayələrinin dərcinə başlayır. İlk olaraq sizlərə “Eşq. İspan kafesi” təqdim edilir. 

 

 

Bu hekayəni mən uydurmadım. Bu hekayə onların hekayəsi idi, iki eşq adamın hekayəsi...

 

Bu gün də ispan kafesində adam azdır. Kafe ekzotik abu-havada, son dərəcə ədəbli personalıyla özünə ad qazanmışdı. Tez-tez bu kafeyə gedə bilməsəm də, onu bir gedəcəyim yer kimi həmişə düşünürdüm. Bəzən hər kəsdən, hamıdan qaçıb orda əyləşib bir qədəh içib, yazı yazmağı sevirdim. Orda keçirəcəyim vaxt təkcə mənim olurdu. Orda əyləşib, həmişə düşünürdüm ki, burda qapıdan o tayda anlamsız, daima qaçaqaçda olan bir həyat var və o həyat yaradıcı insanların düşmənidir.

Bu gün də özümə dair bir gün oğurlayıb həmin kafeyə gəldim.

Şəhərin tam mərkəzində yerləşən bu kafedə  üç-ya dörd adam tapardın. Həzin musiqi fonunda səssizlik hökm sürən məkanda  bir orta yaşlı kişi oturmuşdu.

Kişi ayrı kabinada tək otursa da iki nəfərlik yemək sifariş etmişdi. Ofisiantı çağırıb susdu, sonra üzbəüz sanki kimisə işarə edirmiş  kimi dilləndi.

- Elə həmişəki kimi lanqet bir də çaxır. Ofisiant duruxub dayanmışdı. Kişi əlavə etdi: "Hər ikimizə".

Ofisiant uzaqlaşıb sifarişi içəri ötürdü. Kafenin müdiri ona yaxınlaşdı: "Yenə əvvəlki kimi sifariş etdi?" deyə soruşdu.

Ofisiant başı ilə hə cavabını verdi.

-Yaxşı, ona çox sual vermə. Nə deyir apar. Hesabı da aparmadan  mənə göstər.

Müdir içəri keçib kişiylə çox böyük ehtiramla görüşdü.

-Çoxdan sizi görmürəm. Nə var nə yox, necəsiz?

Kişi də onunla hal-əhval tutdu.

- Hər şey yaxşıdı.

Müdir ordan ayrılanda ofisianta təəcüblə baxdı.

 Bu mənzərə məni alıb aparmışdı deyə, sifarişi unutmuşdum. Ofisianta kofe sifaris edib, siqaret yandırdım. Çantamdan çoxdan bəri oxumaq istədiyim həmin kitabi  çıxartdım,  kitabdan nəsə oxumağa başladım. Fikrimi toplaya bilmirdim.

Oxuduğum kitabın adı "Zahir" idi. Koelyonun  bu əsərində qəhrəmanı bir jurnalist qadındır, elə mənim kimi.

Bir gözəl gün evdən qaçır. Çünki ona bu dünyanın hər hənirtisi belə anlamsız gəlir. Bu barədə mən də burdakı qəhrəmanla tam razı idim. Yeknəsək həyatdan kim qaçmaz ki?

Düşündüm ki, insanlar həmişə hardansa harasa qaçır. Mühit dəyişmək səni tənhalıqdan xilas etməyəcək.

Yenə ona tərəf baxdım. Kişi sakit, səssiz görkəmiylə  nəzərimi cəlb edirdi. O, badəni qaldırıb, öz-özünə sağlıq deyir, uzun-uzadı danışırdı. Mən ona heyrətlə baxırdım. Əlimdə olan hər şeyi kənara qoyub, bu səhnəni bir az da izləməyə başladım. Bir az keçəndən sonra kişi ofisiantı çağırdı.

-Hesabı gətirin, biz getməliyik. 

-Nə tez.

-Xanım heç nə yemir, bir az havada gəzmək istəyir. Dənizə baxmaq istəyir. 

Sonra hər şey anidən baş verdi: 

Kişi hesabı ödəyir. Ayağa qalxır. Müdir onunla əl uzadıb görüşür.

- Siz özünüzə yaxşı baxın müəllim. Bu həyatdır. Hər şey olur.

Kişi papağını başına qoyub gülümsünür.

- Nə ola bilər ki? Hər şey əladır.

O, səssizcə kafedən çıxıb gedir.

Ofisiantlar onun dalınca baxırlar. Kişi maşına oturub uzaqlaşır…

Kofeni gətirən ofisianta: -Sizdən bir söz soruşum -deyib, sözə başladım.

-Məni bayaq gedən o kişi maraqlandırır.  Axı o niyə öz-özünə danışıb, saqlıq deyirdi və siz ona mötəbər bir insan kimi yanaşırdınız? Bu barədə mənə danişa bilərsiniz? Mən əslində jurnalistəm və bu cür hallar mənə hədsiz maraqlıdır. Amma sizin onunla belə davranmağınız məni düşündürdü. Elə bil ki, bu insan elə düppədüz edirmiş kimi.

Ofisiant bir qədər düşünüb söylədi:

-Məsələ budur ki, hər həftənin besinci günü bu kişi bir qadınla kafemizə gəlirdi. Onunla  söhbət edər, saatlarca gülüb, danışardı. Uzun illər bu davam etdi. Onlar burda ad gunu kecirər, bayramları qeyd edər, öz işlərindən, uğurlarından danışar, bölüşərdilər. Düzdü, mən deyə bilmərəm ki, o qadın bu kisinin arvadı idi. Çünki arvadı olmağ üçün bir az başqa cür olmalıydı. Bİz bir şeyi bilirdik ki, onlar birlikdə xoşbəxtdirlər. Və biz də onların ad günündə, gözəl günlərində onlara qulluq etməyi sevərdik. Bİr müddət onlar daha gəlmədi. Keçən həftə kişi gələndə, bİz qapıda durub, qadını gözlədik. Düşündük indi maşından düşüb yenə qaçaraq sevdiyi insanın görüşünə tələsəcək, bizi görən kimi gülümsəyəcək. Üst geyimini alıb onu kabinaya qədər ötürəcəyik. Amma çox təəssüf, gəlmədi.

Kişi isə həmişəki kimi saata baxmadı. Adəti üzrə iki nəfərlik yemək, içki sifarş etdi. Biz sakitcə onu izlədik. Müdaxilə etməyə müdir icazə vermədi, ona sual verə bulmədik. Bildiyim bu qədərdi xanım... İndi bu ayrılıqdı ya nədi, bilmirəm. Bir onu bilirəm ki, kişinin vəziyyəti yaxşı deyil.

Bu sözləri deyib, maraqla gözlərini mənə zillədi.

-  Bilirsiz, əslində onların məhəbbəti qeyri adi idi. Biz onların bir birinin davranmağına heyran idik. Onlar birlikdə elə gözəl gülürdülər ki... İndi maraqlıdır, siz bunu necə qələmə alacaqsız. Jurnalistsiz dediniz? Nədən yazırsız?

-Hər halda sizdən deyil.

Ofisiant himə bənd kimi sözümdən sıçrayıb, o tərəfdən də müdirin onu çağırmağına rəğmən bir anlıq toz olub getdi. Sonra eyni cəldlikdə qayıtdı.

- Axı bu düz olmadı, mən sizə kömək etdim, siz isə əvəzində məni acıladız.

Mən susub gülümsədim. Ordan cıxdıqdan sonra uzun-uzadı dəniz kənarında gəzib onları düşündüm.

Ən çox da o kişini düşündüm. Hətta mən də, onun kimi həmin qadını özümdən uydurdum.

Ona görə qərar verdim ki, bu beşinci gün mütləq həmin kafeyə gedəcəm. 

 

Eyni vaxtda elə də etdim. Mən tez gəlmişdim. Məndən on dəqiqə sonra gəldi. Yenə adəti üzrə əyləşdi, eyni sifarişləri verdi. Kofemi götürüb yanına yaxınlaşdım.

-Sizdən bir söz soruşa bilərəm?

Iri gözlərini mənə zillədi. Bir anlıq mənə elə gəldi ki, onun gözlərindən ceşmə kimi bulaq qaynayır və hər an göz yaşları sel olub aləmi bürüyə bilər. Düzü, bu sualı verəndə özümü çox pis hiss etdim. Nahaq baş qoşdum bu adama.

O başını yellədi. Onunla üzbəüz oturmaq istədim, yalnız ürək etməyib kənarda oturdum.

-Bilirsiz, mən jurnalistəm. Maraqlı insanlardan yazıram. Siz də çox maraqlısız. Öz-özünüzə sağlıq deyirsiz və s.. Uzun sözün qısası, siz harda işləyirsiz?

O fikrə getdi  mənə diqqətlə baxıb dedi: -Mən təqaüdə çıxmış müstəntiqəm. İşsiz bir adam. Xanım isə rəssamdır, özü də yetərincə tanınmış. Biz onun sərgisində tanış olduq. Qıvrım saçları var idi. Ona sual verirdilər. Hətta həmin gün onun foto şəklini də çəkdim. O gündən çox sonralar görüşməyə başladıq. İlk görüşə gələndə gözlərimə elə məsum baxırdı ki.

Mənsə onu hər sərgi keçiriləndə danlayırdım. Çünki qısqanırdım. Mən ondan böyüyəm. On bir yaş.

-Çoxdur ki? - deyib söhbətə qoşulmağa cəhd etdim: - Məncə gözəl yaş fərqidir.

O, gülümsündü.

-Bəzən uşaq kimi şiltaqlıq edəndə peşman olduğum olub.

Mən də gülümsədim.

-Yaxşı. Adınızı da bilmədim.

O susdu.

-Yaxşı bəs indi o hardadı?

Kişi tərəddüd içində fikrə getdi.

Uzun müddət susdu.

Və nəhayət, cavab verdi:

-Bilirsiz, xanım qız, mən indi bir az da ondan danışsam, həqiqəti desəm, onu həmişəlik itirə bilərəm. Sevgi elə bil sehirdir ki, ondan danışmaq olmaz. 

Ofisiantı çağırdı. Hesabı verdi. Sakitcə ayağa qalxdı və dedi:

- Xanım daha buranı sevmir. Biz onunla dəniz sahilində balaca bir yer tapmışıq. Daha bura gələ bilməyəcəyik. 

Və mən tərəfə baxmadan getdi.

Həmin gün qadın rəssamlarını araşdırmaq üçün aləmi bir-birinə vurdum. Amma tanımadığım adamı necə tapa bilərdim axı?

Hətta bəzi rəssam qadınlarla söhbət də etdim. Kafeyə də getdim. Həmin gündən sonra kişinin kafeyə gəlmədiyini söylədilər. Lakin ofisiant mənə əsas xəbəri də verdi. O dedi ki, qadın avtomobil qəzasında həlak olub.

Ofisiant dedi ki, özü onun şəklini qəzetdə görüb, hadisəni olduğu kimi oxuyub. Sadəcə kişi onun yoxluğunu qəbul etmir. Nə zaman edəcək, o da bilinmir.

Mən dərhal son qəzetləri araşdımağa başladim və "Mədəniyyət xəbərləri"ndə bir rəssam qadının  şəklini gördüm. Saçları qıvrım, gözləri iri, ortayaşlı bir qadın idi. Uç ay əvvəl qəzada öldüyü iddia edilirdi.

 

O hadisədən sonra mən daha o ispan kafesinə gedə bilmədim. Məni hər zaman baş vermiş faciə düşündürürdü. Bəzən insanlar ömür boyu bir yerdə yaşadıqları adamı sevdiyi insan kimi düşünməyə  çalışsalar belə bu, onlarda alınmır.

Mən o fikirli adamı, sevgi dolu adamı görənə qədər məhəbbətə inanmırdım. Düşünürdüm, nəsli kəsilmiş dinazavrlar kimi sevginin kökü bu dünyada çoxdan kəsilib. Bu insanı gördükdən sonra isə ürəyimdə ümid işığı yarandı. Düşündüm, hər insanın həyatında onun sağ ya ölü olduğundan asılı olmayaraq bu sayaq sevən bir adamı mütləq olmalıdır. Ölüncə, uca məhəbbəti görmədən, ölməli deyil insan.

Eşq hər yaşda insanın qarşısına çıxa bilər,  Hətta ölümündən üç ay əvvəl, ya üç il əvvəl. Əsas odur ki, səni səndən sonra da dünyada sevən tək bircə nəfər qalsın, o çeşmə gözlü susqun insan kimi…

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.