Super User
Əli Çağla: “Yaşamadan yazmaq olmaz!”
“Ədəbiyyat və incəsənət” portalı SİTATALAR rubrikasında bu gün portalın Güney Azərbaycan təmsilçisi Əli Çağlanın ədəbiyyatla bağlı fikirlərinə yer ayırıb.
Bəzi məşhur və güclü roman-povestləri oxuduqda, adam özü də itir-batır.
Deyəcəyim məsələ, "İtmək" fenomenidir.
Ernest Heminqueyin Qocası dənizdə itir, Tolstoyun Ərbab ilə Kənizi qar-boranda itir, Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş" romanında gəmidəki uşaq ilə ailəsi itir. Bəzi romanlarda da, örnək olaraq Aqota Kristofun üç cildlik "Ekizlər" romanında isə bir nəfər özünü itiribdir, kimliyi bilinməsə də, özünü tapmaq üçün cəhd edir.
Konkret olaraq bu itməklərin içərisində, bəlkə də o romanları qələmə alan yazıçılar özləri də itmişdirlər.
Yaşamadan yazmaq olmaz!
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasını yekunlaşdırmaq üzrədir: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyəndiniz.
Çəlikli adamın sürəti böyük olmasa da, bayaq Mahirin gözəyarı ölçdüyü beş yüz metrdən dörd yüzünü artıq geridə qoymuşdu. Cəmi yüz metrdən sonra o, özündəki idarəetmə cihazını aktivləşdirə biləcəkdi. Həyəcan son həddə çatmışdı. Ancaq Mahir Vəliyev hələ də səbirlə gələcək zəngi gözləyirdi. Adam daha səksən metri arxada qoydu. Onun təhlükəli məsafəyə çatmasına cəmi iyirmi metr qalırdı.
Əvvəlki gəlişlərində hər üç istiqamətdən gələrkən ona lazım olan məsafəni müəyyən edib nişanlamışdı. Hiss elətdirmədən indi gəldiyi yolda divarda qoyduğu nişana baxdı. İki addım da atıb nişan olan yerin tuşuna çatdı. Budur, gözlədiyi an gəlmişdi. Bir azdan, barmağının bir hərəkəti ilə buralar cəhənnəmə dönəcəkdi. Ölçdüyü yer düz iki yüz metr məsafədəydi. Bu onun üçün ilkin oriyentir idi. Risk etməməkçün bir qədər də yaxınlaşmağı qərara aldı.
* * *
Artıq hər şey saniyələrlə ölçülürdü. Mahirin olduğu yerdən fərqli olaraq, yolun «Koramal»ın gəldiyi tərəfindəki kolluqda yer seçmiş olan əməkdaşın onun üstünə atılmasına bir saniyə bəs edərdi. Zəngin gəlmədiyini görən polkovnik əməkdaşına «Koramal»ı saxlamaq əmri verməyə hazırlaşırdı ki, telefonunun titrəyişini hiss etdi. Cəld səssiz rejimə qoyduğu telefonu açdı:
-Tez danış, komandir.
Mahir Vəliyevə zəng vuran qrup rəhbəri qısa şəkildə vəziyyəti izah edib hər şeyin qaydasında olduğunu bildirdi. Üçüncü, sayca sonuncu partlayıcı da zərərsizləşdirilmişdi. Daha yoxlanılan ərazi «təmiz» idi. Mahir Vəliyev dərindən nəfəs aldı. Telefonu qapadıb göstərişini gözləyən əməkdaşa tələsməməsinə işarə verdi. İşarəsini başa düşən əməkdaşı gizləndiyi yerdə tam görünməz oldu. O, hər an «Koramal»ın üstünə atılmağa hazır idi. Hələliksə, hərəsi yolun bir tərəfindən adamın nə edəcəyini izləyəcək, sonra qəfildən onu götürmək üçün irəli atılıb, nəhayət bu ilanı zərərsizləşdirəcəkdilər.
* * *
Aşkar olunan partlayıcıların dərhal ərazidən aparılması tələb olunurdu. Bu təlimatın tələbi idi. Söhbətini bitirib maşına oturan qrup rəhbəri,-bazaya qayıdırıq,-deyib alnını basmış soyuq təri sildi. O da, onun illərlə birlikdə çalışdığı əməkdaşları da təxminən on kiloqrama yaxın trotilin partlayacağı təqdirdə hansı fəlakətin baş verəcəyini gözəl başa düşürdülər. Bu partlayıcının cəmi dörd yüz qramı metro vaqonunu kağız karton kimi cırıb parça-parça etməyə kifayət edirdi. Onları gətirən maşın qarajdan çıxıb şəhər kənarındakı hərbi hissələrdən birinə tərəf istiqamət aldı. Yolun kənarındakı çəlikli adama onlar heç fikir də vermədilər.
* * *
On addım da irəli gəldi. Bir qədər fikirləşib beş addım da attıqdan sonra dayandı. Barmaqlarının hərəkəti ilə çəliyinin dəstəyinin altındakı qoruyucunu açdı. Qoruyucunun altında tək bir düymə var idi. Hər şeyə son qoyacaq tək düymə. Bir neçə saniyə bu vəziyyətindən həzz alıb sonuncu dəfə qarşısındakı möhtəşəm qüllələrə baxdı. Sonra astaca çəliyi tutduğu əlinin şəhadət barmağını düymənin üstünə gətirib basdı. Sükut… Heç nə baş vermədi. İkinci dəfə düyməni basdı. Yenə də sükut. Axı belə olmalı deyildi. Düymə üçüncü dəfə də işə düşməyəndə bir anda hər şeyi başa düşdü: Partlayıcıları aşkar etmiş, indi onunla oyun oynayırlar. Bunu başa düşən kimi qolaylanıb çəliyi yaxınlıqdakı kolluğa atmaq istəyəndə haradansa yuxarıdan, kolların arasından atılıb üstünə düşən adamın bədəni onu yerə sərdi. Asfaltın üstünə yıxılıb özünə gəlməyə imkan tapmamış, qaçaraq gələn ikinci adam onu üzü üstə çevirib əllərini arxadan qandalladı, sonra dizini belinin ortasına qoyub əli ilə başını asfalta sıxdı. Üstünə çökən adamın ağırlığından, onun sifətini yerə sıxmış güclü əlindən heç cür qurtula bilməyəcəyini başa düşəndə çarəsiz halda uzandığı yerdən bir qədər kənara düşmüş çəliyinə baxıb gözlərini yumdu. Hər şey məhv olmuşdu.
* * *
Nəhayət, sonuncu döngəni də dönüb Qüllələrə aparan dikə çıxdım. Diki sürətlə qalxıb maşını orada dayanmış adamların yanında saxladım. Mahirə başımla salam verdim. Geciksəm də, gördüklərimdən belə məlum olurdu ki, hər şey uğurla bitmişdi. «Koramal» əlimizdə idi. Partlayışın da qarşısı alınmışdı. Mahir qoluma girib məni bir qədər kənara apardı. Görünür, təklikdə deyəcək sözü var idi. Beş-altı addım aralanmış dayandı və dedi:
-Hər şeyə görə sağ ol, Bəxtiyar, hər şey yaxşı qurtardı. Ancaq rezidenti hələ də müəyyən edə bilməmişik. Bu pisdir.
Mahirlə kənara çəkilərkən gözucu onun əməkdaşlarının «Koramal»ı minik maşınının arxa oturacağına otuzdurduqlarını görürdüm. İki əməkdaş da onun sağ və solunda oturdu. Sürücü mühərriki işə salarkən başqa bir əməkdaş yaxınlaşıb açıq qapıdan arxa oturacaqdakılara bir çəlik uzatdı. Maşınla dayandığımız yerin arasında təxminən səkkiz metr məsafə olardı. Çəliyi alanın qapını bağlamasını gözləyən sürücü sürətlə maşını yerindən tərpətdi. Solominin aşkar etdiymiz mənzilini tərk edərkən əlində çəlik olduğunu bilirdim. Özü-özlüyündə burada qeyri-adi heç nə yox idi. O, qrimlənib bu obraza girmişdisə, buraya da çəliklə gəlməli idi. Ancaq Mahirin rezidentin hələ də tapılmamasını deməsi ilə sanki bir anda ayıldım. Yerimdən sıçrayıb özümü sürət yığan maşının qarşısına atdım. Sürücü əyləci bassa da, sürüşüb mənə dəyən maşının zərbəsindən kənara yuvarlandım. Bir anda sinəmdə bərk ağrı hiss etdim. Ancaq ağrıya güc gəlib ayağa qalxdım və maşına tərəf qaçdım. Çatan kimi arxa qapını açıb çəliyi hələ də əlində tutmuş əməkdaşdan aldım. Zeytunluğun başlanğıcında dayanmış Mahirin yanından qaçaraq onun nisbətən təhlükəsiz məsafədə qaldığına əmin olduqdan sonra var gücümlə çəliyi ağacların arasına vızıldatdım. Son yadımda qalan güclü partlayış, üstümə uçan daş-torpaq parçaları və kökündən qopub yerə aşan iri zeytun ağacı oldu. Sonra bir anda hər yerə qaranlıq çökdü...
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
Nassim Talebin Qara qu quşu nəzəriyyəsi bizlərə nəyi təlqin edir?
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Təbii ki, insanın uğur qazana bilməsi üçün onun ətrafında baş verən prosesləri düzgün dərk etməsi, cəmiyyəti və onun qanunlarını doğru-dürüst bilməsi, təbiət və onda baş verən proseslərdən bu və ya digər şəkildə bəhrələnməsi üçün məlumatlı olması vacibdir.
Nassim Talebin «Qara qu quşu» kitabı bu xüsusda çox əhəmiyyətlidir. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq?
Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.
Həyatda baş verən və dağıdıcı təsir göstərən nəsnələri «Qara qu quşu» adlandıran müəllif hər bir kəsə xitabən söyləyir ki, əyləşdiyi kreslodan durmadan hər kəs qara qu quşunun rolunu dərk edə bilər. Bunun üçün çox sadə bir çalışma lazımdır: Öz şəxsi həyatınızı götürün. Doğulduğunuz gündən bəri ən əlamətdar hadisələri sadalayın, sonra onları perspektivdə gördüyünüzlə, xəyal etdiyinizlə müqayisə edin. Hansılar cədvəl üzrə olub? Həyatınızda peşə seçiminiz, sevdiyinizlə unsiyyətiniz, doğma yerlərdən köçməyiniz, qarşılaşdığınız satqınlıq və xəyanətlər, qəfil varlanmalar və müflisləşmələr... Tez-tezmi bu hadisələr plan üzrə baş verib?
Demək, «Qara qu quşu»nun mahiyyəti onun gözlənilməz gəlməsi, haqqında bilgilərinizin olmamasındadır.
Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimi diqqətinizə çatdırıram:
- Anomaliyaları öncədən söyləyə bilmək tarixin gedişini öncədən söyləməyə səbəb olur;
- Metaforalar və əhvalatlar ideyalardan qat-qat güclüdür. Çünki onları oxumaq çox xoş olur, asan yadda qalırlar.
- Biz büdcə defisiti və neftin yaxın 30 illik müddətdə qiymətini proqnozlaşdırırıq, bununla belə, bu qiymətlərin növbəti yayda necə olacağını bilmirik.
- Özlərini ekspert adlandıran bəzi peşəkarlar, əslində peşəkar deyillər. Onların fəaliyyət siyahısına baxsaq, görərik ki, onlar bu sahədə hansısa küçədən keçən insandan elə də çox anlayışlı deyillər, fərqləri təkcə mövzu barədə yaxşı danışmalarındadır, bir də bizim beyinlərimizi riyazi modellərlə doldurmalarındadır. Onların hamısı həm də qalstuk taxırlar.
- Problem bizim şüurumuzun strukturundadır: biz qaydaları yox, yalnız faktları əxz edə bilirik.
- Hamı bilir ki, profilaktikaya terapiyadan çox diqqət yetirilməlidir. Amma az adam profilaktikaya üz tutur.
- Biz tarix kitabına düşən şəxsiyyətlərin adlarını yalnız nailiyyətləri tarixçilərin diqqətindən kənarda qalan şəxslərin hesabına fəxrlə çəkə bilirik.
- Əgər siz öz dostunuzun temperamenti, əxlaq prinsipləri və tərbiyəsi barədə təsəvvürünüzün yaranmasını istəyirsinizsə, onu mütləq gündəlik həyatın çəhrayı işığında deyil, istisna vəziyyətlərdə görməlisiniz.
- Bir əhvalatı təkzib etmək üçün başqa əhvalat lazımdır.
- İnsan şüuru üç problemdən əziyyət çəkir ki, mən bunları qaranlıq triadası adlandırıram:
a) İnsanlar dünyada baş verən hər bir şeydən agah olduqlarını düşünürlər, hadisələrin onlar duyduqlarından daha mürəkkəb olduğunu anlamırlar;
b) Baş verən hadisələr yalnız keçmiş zamanda qalanda onlara qiymət verilə bilər kimi retrospektiv yanlışlığa yol verirlər;
c) Alimlərin zərərli təlimlərinə əsaslanıb hər hansı faktın əhəmiyyətini şişirdirlər.
Növbəti gün sizə Nasim Talebə aid bir-birindən maraqlı digər kəlamları, aforizmləri, eləcə də təbiət qanunlarını çatdıracağam.
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
“Qürbət yazıları” – Fərqanə Yusifqızının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Fərqanə Yusifqızının şeirləri təqdim ediləcək.
Eh…
Yenə də gəlmisiz,
boylanırsız içəri,
ay ömrümün ən acı,
şirin xatirələri.
Heç olmasa bu gecə
məndən bir az gen gəzin.
Heç olmasa bir yerdə
sakitcənə gizlənin.
Ağrı çöküb sinəmə,
nəfəs kimi yaxınsız.
Dağılmısız ömrümə,
bir az yorğun...
baxımsız...
Kirpiklərim qovuşur,
məni gecəyə qatın.
Yuxum var...
bir azacıq,
izn verin, qoy yatım...
YOXSAN
İçimdə külək əsir,
Amma ki, sərini yox.
Hər tərəf toz içində,
Gözüm səni arar hey.
Getdiyin boz yolların
Cığırında itmişəm.
Hər gələn qaraltıya
Əllərim uzanar hey...
Sel yuyubdu yolları,
Hər tərəfi dağıdıb.
Axıb gələn çay daşı
Dizimi yaralar hey.
Yoxsan, tətilə çıxıb
Xoşbəxt günlərim mənim.
Gizlətsəm də, xeyri yox,
Yanağım saralar hey...
Yatsam da, ruhum oyaq,
Sənsən təkcə ağlımda.
Yuxuma girir hərdən
Getdiyin oralar hey.
Səsin ilişib qalıb
Gedərkən qulağımda,
Ətrin isə özgənin
Yatağına dolar hey...
HARDASAN?..
Oturmuşam sahildə
Yağışlı bir sabahda.
Hamının çətiri var,
Mənlə dənizdən başqa.
Sənsizlik tüğyan edir,
İnan ki, hər qarışda,
Hardasan, söylə, harda?..
İslanmış ürəyimi
Günəş belə qurutmaz.
Sevən sevəni bir gün,
Bir dəqiqə unutmaz.
Dünya-aləm yığışa,
Həsrətimi ovutmaz,
Hardasan, söylə, harda?..
Bizim eşqin sahili,
Ünvanımı dəyişdi?
Yoxsa vüsal gəmimiz
Burulğanamı düşdü?
Bilirəm, bu gedişin
Geri dönməz gedişdi,
Hardasan, söylə, harda?..
İndi bu qərib şəhər,
İçində də mən varam.
Hər yanım paramparça,
Kökdən düşən bir taram.
Xəstə olan könlümə
Baş çəkəcək Yaradan.
Hardasan, söylə, harda?
Hardasan, söylə, harda?..
GECƏ
Gecənin bu vədəsi
Varmı daha bir oyaq?
Gəl gecənin gözündə
Tənhalığa son qoyaq.
Ulduzlu səmalara
Birgə səhayət edək.
Tənha aya baş çəkib,
Sonra da yerə enək.
Sübhə qədər oturaq,
Sənə danışım Ondan.
Başlamayan sevginin
Heç bitməyən sonundan.
Sən də nəfəs almadan
Mənə qulaq asarsan.
Bir sevgi hekayəsin
Yaddaşına yazarsan.
Dan yeri sökülməmiş
Getməyə çalışasan,
Bir vida nəğməsiylə
Gecəyə qarışasan.
***
İstəyirsən, ayrıl‚ get,
heç vecimə deyil ki.
Yalan söylədim‚ sənə
salmamışdım meyil ki.
Yuxum qaçanda gecə
düşməımisən yadıma.
O gözəl şeirlər də
yazılmayıb adına.
Sənsiz alışıb-yanmaq –
havanın istisindən.
Gözlərimin dolması
Ocağın tüstüsündən.
Deyirəm ki, bu qədər
razı olma özündən.
Sanma, xoşbəxt oluram
bircə "salam" sözündən.
Bu sevgi oyununu
başlamadan gəl bitir.
Daha cavab gözləmə,
yazmayacam bir sətir.
Ya da hələ bitməsin,
Canım sıxılır yenə.
Deyəsən, darıxıram‚
Qoy zəng edim bir sənə...
PAYIZ SEVDALIM
Susmuş ürəyimin telləri dindi,
Dünya başdan-başa əlvan geyindi,
Qəlbim bundan belə doğma evindi,
Ay həsrət qoxulum, payız sevdalım.
Bu xəzan ömrümdə açıldı nərgiz,
Mənə doğma oldun, əzizdən əziz,
Nə desəm, bu hissin önündə aciz,
Ay həsrət qoxulum, payız sevdalım.
Bəlkə də, gec qaldıq qəfil gəlişə,
Şirin söhbətlərə, şaqraq gülüşə,
Axı necə gəlim sənlə görüşə,
Ay həsrət qoxulum, payız sevdalım?
Həyatın süprizi çaşdırdı bizi,
Bürüdü içimi sevgi dənizi,
Bilirəm, ömürlük qalacaq izi,
Ay həsrət qoxulum, payız sevdalım.
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
Məhəmməd Füzuli və folklor – DAHİ FÜZULİNİN 530 İLLİYİNƏ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün
530 illik yubileyini qeyd etməkdə olduğumuz, “humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qida” (H.Əliyev) olan Məhəmməd Füzuli mütəfəkkir bir sənətkardır. O, dörd əsrdən artıqdır ki, xalq tərəfindən əzbər oxunur və tədqiq edilir, öyrədir və öyrədilir.
Şeir fəzilətinin ayrı bir elm olduğunu dönə-dönə qeyd edən,“İlahi, könlümə hər elmdən pay ver”, - söyləyən, üç dili mükəmməl bilməsi sayəsində nəinki türk, eləcə də Şərq və dünya xalqlarının folklorunu əsaslı sürətdə öyrənmiş M.Füzuli folklordan istifadəni söz sənətinin zəruri ünsürü saymış və azərbaycanca divanının müqəddəməsində bu məsələlərdən bəhs etmişdir.
“Qəm karvanı” və “zülmətdə nur” olan M.Füzuli folklordan bəhs etməklə kifayətlənməmiş, şifahi xalq ədəbiyyatından gələn ən qədim inamların ifadə olunduğu folklor motivlərindən öz əsərlərində ustalıqla bəhrələnmişdir.
Folklor nümunələri şairin əsərlərinin yaranmasına güclü təsir göstərmiş, onların məzmun və formasını zənginləşdirmişdir. V. P. Anikin qeyd edirdi ki, “folklor Şərq müdriklərinə öz sərrastlığı və dəqiqliyi ilə seçilən elə bir hikmət bəxş etmişdir ki, eşidənlər bir yandan mat qalır, digər tərəfdən də onlara pərəstiş edirlər”.
Füzuli poeziyası xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat arasındakı üzvü bağlılığın, ənənə və novatorluğun qarşılıqlı əlaqəsinin parlaq təzahürüdür. Görkəmli yazıçımız, filologiya elmləri doktoru, professor, AYB-nin üzvü, Azərbaycan SSR Əməkdar elm xadimiMir Cəlal özünün “Füzuli sənətkarlığı” əsərində yazırdı: “Ümumiyyətlə, klassik şeirimizin ən qüvvətli cəhətlərindən biri, əsasını xalq ədəbiyyatından, folklordan alan, ən populyar sənətkarlıq üsullarından olan bədii paralellərdir”.
“Könüllər sultanı” öz əsərlərində bayatı, nağıl, dastan, lətifə, təmsil, ideomatik ifadə, atalar sözü və məsəllər, əfsanə və rəvayətlərdən yerli-yerində istifadə etmişdir. Bunlar onun üçün fikir mənbəyi olmuş, zamanın qapısını açan açar, obrazların simasını müəyyən edən üsula çevrilmişdir. Bu üsul və vasitələrdən uğurla faydalanan şair təbiəti, tarixi, insan qəlbini, onun mənəvi aləmini, özünün fəlsəfi düşüncələrini də uğurla əks etdirə bilmişdir.
M.Füzuli qəzəl, qəsidə, tərcibənd, müxəmməs, mürəbbe, qitə, poema və nəsr əsərlərində folklor mötivlərindən sözün silqətini artırmaq, dərin fəlsəfi fikirlərini daha təsirli şəkildə vermək, portret və xarakter yaratmaq, bədiiliyi qüvvətləndirmək üçün də sənətkarlıqla qidalanmışdır.
Məsələn, şair öz əsərlərində tez-tez atalar sözü və məsəllərə üz tutur. Tanınmış dilçi alim T.Hacıyevin də dediyi kimi, “bu halda atalar sözü həm hikmət ifadəçisi tək dilə yığcamlıq gətirir, həm də xalq düşüncəsinin məhsulu olaraq mətnin poetik qavranmasında aydınlıq yaradır”, dilin xəlqiliyinə təminat verir.
Şairin əsərlərində atalar sözləri və məsəllər bəzən xalqın ağzından çıxdığı kimi, yəni bir fraqment şəklində olur.Yazıçı bu örnəklərin motivlərinə toxunmur, dəyişiklik etmir. “El ağzun tutmaq olmaz”, “Qanda olsa, qanlıyu, əlbəttə, qan dutar”, “Sınacaqdur sənin başunda çanaq” və s. nümunələr buna misal göstərilə bilər.
Çox zaman dahi sənətkar atalar sözü və məsəllərdən material kimi istifadə edir. Onların üzərində improvizə işi aparır, subyektiv yanaşma nəticəsində dəyişikliklər edir. Nümunələrə baxaq: “Ehtiyat et, yanmasun nagəh quru odunda yaş” (Qurunun oduna yaş da yanar), “Tut ki, qan etdim, qanı qana tut” (Qanı qana tutarlar), “Nə olur üzi qara qulda xətadan qeyri!?” (Qul xətasız, ağa kərəmsiz olmaz), “...rəsmdür yasdıqdan ikrah eyləmək sayru” (Xəstə yasdıqdan iyrənər) vəs.
Bəzən də M.Füzuli atalar sözünə istinad edir, onu sitat (iqtibas) kimi gətirir. “Sürdü Məcnun növbətün, indi mənəm rüsvayi-eşq, Yaxşı derlər: hər zaman bir aşiqin dövranıdur” misrasında olduğu kimi.
M.Füzuli əsərləri üçün əfsanə və rəvayətlər “qida mənbəyi” olmuş, onlar lirik qəhrəmanı və xalqı düşündürən bir çox siyasi-içtimai və əxlaqi məsələlərlə əlaqələndirilmişdir. Şairəfsanə və rəvayətlərdə “həqiqət şəfəqləri görmüşdür” (S.Vurğun). M.Kazım bəy yazırdı: “Əfsanəsi olmayan xalq, rəvayəti olmayan ölkə yoxdur... Yarımmədəni xalqlarda bu nümunələr onların etiqadlarının əsasını, yazılı ədəbiyyatın, tarixin əsas məzmununu təşkil edir. Mədəni xalqlarda isə müqəddəm bir şey kimi onların təxəyyülü üçün zəngin qida mənbəyinə çevrilir...”
Şairin yaradıcılığında hər bir əfsanənin, hər bir rəvayətin “öz yeri, ifadə gücü, xarakteri tamamlamaq imkanları, hadisələri və zamanı canlandırmaq xüsusiyyəti vardır.Əslində əfsanə və rəvayətlər onun əlində sirr söyləmək üçün bəhanə (“Əfsanə bəhanəsilə ərz etsəm raz...), əsərlərinin estetik təsirini qüvvətləndirmək üçün vasitə olmuşdur.
“Gül” qəsidəsindən aşağıdakı nümunəyə baxaq:
Həbsdən Yusif çıxıb sultani-Misr olmuş kimi,
Oldu, açıb qönçəsin arayişi-gülzar gül.
San Züleyxa xəlvətidir qönçeyi-dərbəstə kim,
Çıxdı ondan daməni-çakirə Yusifvar gül.
Gördüyümüz kimi burada şərq xalqları arasında məşhur olan “Yusif və Züleyxa” əfsanəsinə işarə olunur. Obrazların əməlinə qiymət vermək, misraların bədii qavrayışını təmin etmək üçün əfsanədən uğurla istifadə olunmuşdur.
Şairin “Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?” misrası ilə başlayan qəzəlindəki
Ləhzə-ləhzə surətin görsəydim ol şirin ləblərin,
Sən kimi,ey Bisütun, mən həm qərar etməzmidim?
beytində müvafiq rəvayətə istinad olunmuşdur. Xatırladılan rəvayət beytdəki məna incəliyinin ifadəsinə xidmət edir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, M.Füzulinin yararlandığı əfsanə və rəvayətlərin əksəriyyəti “Qrani-Kərim”in “Yusif”, “Ta ha”, “Şüəra”, “Bəqərə”, “Nisa”, “Şad”, “Əraf”, “Ali-imran”, “Əraf” və digər surələrindəki əfsanə və rəvayətlərdir. Hədislərdir. Bizcə, bu təbiidir. Çünki Füzuli XVI əsr Bağdad mühitində islami hökmlərlə dindar bir həyat yaşamış çox sədaqətli din xadimi idi. Bu mənada filologiya üzrə fəlsəfə doktoru A.Məmmədovun da yazdığı kimi “Füzuli sənəti bütövlükdə özünün bədii ecazlarına görə Qurana borçludur”.
Aşağıdakı nümunədə bir hədislə bağlıdır:
Muri-mühəqqərəm ki, sərasimə çox gəzib,
Nagahbargahi-Süleymana yetmişəm.
Beytin məzmunu: "Təhqir olunmuş, həqir qarışqayam ki, özbaşına çox gəzib təsadüfən Süleymanın sarayına rast gəlmişəm”. Nümunə aşağıdakı “Nəml surəsi”nin 18-ci ayəsinin və həmin ayənin təsiri ilə yaranmış dini rəvayətlə bağlıdır: "Nəhayət, onlar (Süleyman peyğəmbərin qoşunu) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizit apdayıb məhv etməsinlər”. Füzuli beytdə özünü qarışqaya, gözəli Süleyman peyğəmbərə bənzətməklə həm təşbeh, həm də litota yaratmışdır.
Şair portretləşdirmədə də belə folklor nümunələrindən uğurla istifadə edir. Məsələn, “Ey mələksima ki, səndən özgə heyrandır sana” qəzəlində aşağıda göstərilən beytə nəzər salaq:
Aşiqə şövqünlə can vermək sana müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.
Burada Füzuli bədii müqayisə ilə təsvir obyektini daha aydın canlandırmışdır. Bədii müqayisə isə Məsih (İsa) haqqındakı rəvayətə istinad etməklə qurulmuşdur. Nəticədə lirik qəhrəmanın hiss, düşüncə və iztirablarını daha canlı və təsirli vermək mümkün olmuşdur. Rəvayətdən istifadə həmçinin misraların poetik qavrayışının intensivliyini artırmış, bədii qənaətlərin daha tez aşkarlanmasına kömək etmişdir.
Füzuli həm də folklor nümunələrindən istifadə etməklə bədii ifadə vasitələri yaratmağın kamil ustasıdır. Aşağıdakı beyti buna nümunə göstərmək olar:
Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar.
Burada şair Quranın “Əraf” surəsindəki (40-cı ayə) əfsanəyə müraciət etməklə uğurlu bir mübaliğə yaradılmışdır. O, bu beytlə islam dinində məşhur olan bir hadisəyə işarə edir. Bu hadisəyə görə, qiyamətdə kafirlər cəhənnəmdə əzaba məhkum ediləcəklər. Onların bu əzabdan qurtulmaq ümidi yoxdur. Kafirlər, əzab əhli yalnız dəvə incəlib iynənin gözündən keçəndə cəhənnəmdən xilas olacaqlar. Şair deyir ki, onun dərdi-qəmi o qədər çoxdur ki, dəvənin belinə qoysan, incəlib iynənin gözündən keçər. Beləliklə, şair öz qəmlərinin ağırlığını belə köməkçi hadisələrlə ifadə edir. Guya bu qəmlər o qədər ağırdır ki, dəvənin başına qoyulsa, dəvə incəlib sapa dönər və iynənin gözündən keçər.
Bir başqa nümunəyə baxaq:
Can çıxar təndən, könül, zikri-ləbi-yar eyləgəc,
Tən bulur can yengidən, ol ləfzi təkrar eyləgəc.
Burada şair dini əfsanə ilə (insanın ölümündən sonra qiyamət günü dirilməsi - “Bəqərə” surəsi) sevgilinin ziddəyyətli münasibəti arasında analogiya aparmış, antiteza yaratmaqla əksliyin dəyişikliyə səbəb olmasına gözəl bədii nümunə yaratmışdır.
Gövhəridir eşq bəhrinin, Füzuli, ab-i çeşm,
Leyk bir gövhər ki, Lütf-i Həqq onadır müştəri.
misralarında (burada Ab-i çeşm göz yaşı, göz yaşlarının eşq dənizində gövhər olduğu bildirir) bir rəvayətə işarə edilir. Həmin rəvayətə görə Allah bütün məxluqəti bir gövhərdən yaratmışdır. Ona görə də, şair Lütf-Həqqin bu gövhərə müştəri olduğunu, ona lütf dolu nəzər saldığını bildirir.
Rəvayətəgörə, kainat, varlıqdördünsürdən – su, od, hava vətorpağınbirləşməsindənibarətdir. Füzuli aşağıda göstərilənrübainidə bu fəlsəfiformulaəsasındaqurmuşdur. Barələrindəsərgüzəştləri, əfsanəvərəvayətlərixatırlamaqlaözünüMəcnun, Vamiq, Fərhadiləmüqayisəedir. Özünühəminəfsanəqəhrəmanlarınıntəmizvəəbədi insani hisslərinin varisi adlandırır:
Məcnun oda yandı şöleyi-ah ilə pak.
Vamiq suya batdıeşqdən oldu həlak.
Fərhadhəvəsiləyelə verdi ömrün.
Xak oldular onlar, mənəm indi ol xak
M.Füzuli yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poemasında da şifahi xalq ədəbiyyatına aid folklor motivlərinə kifayət qədər rast gəlmək mümkündür. Öncə qeyd edək ki, Füzuli “Leyli və Məcnun” əsərinin mövzusunun özü xalq ədəbiyyatından almışdır: Bu poemanın süjeti, Dunyevskinin göstərdiyi kimi, hələ bizim eramızdan altı əsr əvvəl Vavilon xalqının içərisində yaşamışdır. (Conra ərəblərə keçmişdir). Buradakı övladsızlıq, qəhrəmanın nəzir-niyazdan sonra qeyri-adi şəkildə doğulması, tək övlad olması, köməkçi qüvvələrinin olması, arxetipik süjet və obrazlardan istifadə olunması və s. folklor mötivləridir. Füzuli çox ustalıqla folklor mötivlərini öz əsərinin ruhuna hopdurmağı bacarmışdır ki, bu da onun şifahi xalq ədəbiyyatına dərindən bələd olmasını göstərən əyani sübut kimi qiymətləndirilməlidir.
Məsələn, Leylinin pərvanəyə xitabındakı “qapalı anlama” baxaq. Leyli pərvanəyə belə deyir:
Sənsən rəhi-eşq içində sadiq,
Aşiqsən, əmma təmam aşiq.
Bir görməyə yarı, can verirsən,
Bir zövqə iki cahan verirsən.
Məlumdur ki, pərvanə özünü, guya aşiq olduğu üçün oda çırparaq məhv edir. Dini əfsanəyə görə intihar edən, özünü öldürənlər, sözsüz, mühakiməsiz cəhənnəmə atılırlar. Pərvanə “eşq yolunda” özünü öldürməklə, həyatını məhv etməklə həm ölür, həm də “axirət feyzindən” məhrum olur. Deməli, pərvanə öz eşqi yolunda həm dünyadan, həm də axirətdən əl çəkib çox böyük fədakarlıq edir.
Və yaxud anası Leyliyə deyir:
Ənqa kimi üzlət eylə nişə,
Öylə rəviş eylə kim, həmişə,
Gərçi adın ola aləmdə məzkur,
Görmək səni ola qeyri-məqdur.
Buradakı “ənqa” Azərbaycan nağıllarında da təsvir olunan simurq quşudur. Əsatirə görə, bu quş Qaf dağının başında tək yaşayır, sevdiyi insanlara köməklik edir. Onu tez-tez görmək qeyri-mümkündür.
Yaxud Nofəl səhrada heyvanlarla dolaşan Məcnuna belə deyir:
Dövlət diləsən, hümadan istə,
Gənc istəsən əjdahadan istə.
Burada yenə əfsanəyə istinad olunmalıdır. Mifik təsəvvürə görə, hüma dövlət quşudur, əjdaha isə həmişə xəzinənin üstündə oturub onu qoruyur.
Poemada bu cür nümunələri çox göstərmək olar. Akademik H.Araslı tamamailə haqlı olaraq yazırdı: “Füzuli... əsərə bir çox epizodlar və mövzu ilə bağlı xalq ədəbiyyatında yayılan rəvayətlər əlavə etməklə insanın mənəvi əzəməti, insan gözəlliyinin ülviliyi və məhəbbətin qüdrətini tərənnüm edən ölməz sənət abidəsi yaratmışdır...”. “Leyli və Məcnun”un ümumtürk poeziyasında liro-epik poemanın ən yüksək etalonu səviyyəsinə qalxmasının bir səbəbi də onun ana dilində yazılması ilə yanaşı, xalq həyatı və folklor motivləri ilə sıx bağlı olmasıdır
M.Füzulinin alleqorik əsərlərində də (“Bəngü Badə”, “Səhhət və Mərəz”, “Söhbətül-əsmar”, “Yeddi cam” və s.) folklorun təsiri aydın görünməkdədir. Filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü A.Rüstəmova “Azərbaycan epik şerinin inkişaf yolları” (XII-XVII əsrlər) adlı monoqrafiyasında Füzulinin alloqorik əsərləri üçün əsas mənbənin xalq ədəbiyyatı, onun süjet və obrazlar aləmi olduğunu faktlarla sübut etmişdir.
“Bəngü Badə” əsərində şərabdan danışılarkən Yaxın Şərq folklorunda geniş yayılan “Şeyx Sənan” əfsanəsinə müraciət edilməsi, “Söhbətül-əsmar”da Gilas barədə deyilən “Bir qətrə su, bir də üstxansan (sümüksən)” ideomu, “Yeddi cam”da Nuhun gəmisi, Xızır peyğəmbərin dirilik suyu, Cəmşidin camı mötivləri, “Səhhət və Mərəz”in əvvəlində Füzulinin özünün “...rəvayət binasının əsasını qoyanlardan biri belə nəql edir və deyir...” ifadəsi, nağılvari üslub və s. buna nümunə sayıla bilər. Bunlar şairin əlində siyasi-içtimai həyatın, dövrün və mühitin simasını canlandıran vasitəyə çevrilmişdir. О, alleqoriyadan təkcə fikirləri üçün bədii don kimi yox, həm də düşüncələrini daha obrazlı şəkildə ifadə etmək üçün istifadə etmişdir.
Folklor motivlərindən və alloqoriyadan istifadə sayəsində akademik H.Araslının “Böyük Azərbaycan şairi Füzuli” adlı monoqrafiyasında yazıldığı kimi “Füzuli ... alleqorik poemalarında dərin içtimai, siyasi və fəlsəfi fikirlər ifadə edə bilmişdir”.
Məhəmməd Füzulinin həcmcə ən böyük əsəri, nəsrlə ana dilində qələmə aldığı, əsas ideyası – şərə və zülmə, haqsızlıq və ədalətsizliyə qarşı etiraz və qiyamın, bu yolda şəhidliyin tərənnümü ilə sıx surətdə bağlı olan “Hədiqətüs-süəda” əsərində də folklordan geniş istifadə olunmuşdur. Kərbəla hadisəsini bir mövzu kimi işləyən Füzuli buraya müəyyən rəvayət və əhvalatları da (məsələn, “Yusif və Züleyxa” əfsanəsi, Göyərçinin kasıb və kor bir yəhudi qızının gözlərini açması və s.) əlavə edib. Dini əfsanə və rəvayətlərdən, həm də dövrün əsərlərindən faydalanan dahi mütəfəkkir, Adəm peyğəmbərdən başlamış Məhəmməd peyğəmbərə qədər peyğəmbərləri, o cümlədən imamət tarixini izləyərək imamları və onlara olan sevgisini əsərində tərənnüm etmişdir. Bu əsər Füzulinin dini, fəlsəfi duyğu və düşüncələrinin bəhrəsidir. Dahi şairin özünəməxsus bədii xüsusiyyətlərə malik nəsrlə qələmə alınmış məktublarında, xüsusən “Şikayətnamə”də də folklor motivlərini duymaq mümkündür.
Füzulinin əsərləri öz mövzu və quruluşu ilə yox, eyni zamanda bədii xüsusiyyətləri ilə də şifahi xalq ədəbiyyatı ilə bağlıdır.
“M.Füzuli və folklor” mövzusundan söz açmışkən onu da qeyd etmək lazımdır ki, M.Füzuli özündən sonra yazılı ədəbiyyatla yanaşı, şifahi xalq ədəbiyyatına da təsir göstərmişdir. Bu gündə xalq ədəbiyyatı xəzinəsində Füzulinin şəxsiyyəti, söylədikləri, onun qəhrəmanları və əsərlərinin süjetləri ilə bağlı xeyli material vardır. “Füzuli dərd əlindən dağa çıxdı, dedlər: bəxtəvər yaylağa çıxdı”, “Salam verdim, rüşvət deyil deyə almadılar”, “Xəstə yasdıqdan ikrah edər”, “Xəstəyə su vermək savabdır”, “Qızsan, ucuz olma qədrini bil”, “Hər gördüyünə su kimi axma” və s. ifadələrin Füzuli tərəfindən yaradılması, sonra xalq arasında yayılaraq zərbi-məsəllər, atalar sözləri, ideomlar halına gəlməsi, xalq arasında dolaşan “Gir Məcnunun gözünə, bax Leylinin üzünə”, “Füzuli arxı” (İraqda) adlı rəvayətlər buna sübut ola bilər.
Tədqiqatçılar göstərirlər ki, Füzuli tərəfindən yaradılmış bir sıra aforizmlərdə sonralar xalq arasında yayılaraq zərbi-məsəllər və atalar sozləri halına gəlmişdir. Akademik H.Araslı yazırdı ki, Füzulinin ana dilində yazdığı “Leyli və Məcnun” əsəri sonra Azərbaycan xalq ədəbiyyatına keçmişdir. Azərbaycan aşıqları bu əsərin təsiri altında “Leyli və Məcnun” dastanını yaratmışlar. Bunu nəzərə alaraq Y.E.Bertels yazırdı: “Məcnun surəti Yaxın Şərqin sevimli surətləri silsiləsinə daxil olmuş, yazılı ədəbiyyat çərçivəsini sındıraraq folklora girmiş, əbədi həyat kəsb etmişdir”.
Ümumiyyətlə, folklordan istifadə M.Füzulinin dühasını təmin etmiş, əsərlərinə xəlqilik və elmlik gətirən əsas amillərdən olmuşdur. Şairin əsərlərində işarə olunan, xatırladılan folklor nümunələri və mötivləri “Füzulidə qapalı anlamların” (Ə.Tərzibaşı) başa düşülməsinə, oxucunun sənətkarı ilhama gətirən ideyalarla tanış olmalarına, əsərdə ifadə edilən hiss və duyğuları dərk etmələrinə kömək edir.
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
Şəhidlər barədə şeirlər – Səbuhi Süleymanov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Səbuhi Süleymanova həsr edilmiş şeirlə tanış olacaqsınız.
SƏBUHİ ƏLƏKBƏR OĞLU SÜLEYMANOV
(19.04.1997.-09.11.2020.)
Ucar rayonunun Bərgüşad kəndindən olan Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
YAŞAYACAQ ÜRƏKLƏRDƏ
Səbuhi – sabah adamı,
Yurdun üzüağ adamı,
Xeyirxah, Allah adamı,
Yaşayacaq ürəklərdə,
Arzularda, diləklərdə.
Tanıtdırdı Bərgüşadı,
Oldu layiqli övladı,
Şəhid-qəhrəmandır adı,
Yaşayacaq ürəklərdə,
Arzularda, diləklərdə.
Çox sevirdi bu diyarı,
Can atırdı haqqa sarı,
Pərən saldı yağıları,
Yaşayacaq ürəklərdə,
Arzularda, diləklərdə.
Hərbçi idi, cəsarətli,
İgid idi, qətiyyətli,
Bir dost idi sədaqətli,
Yaşayacaq ürəklərdə,
Arzularda, diləklərdə.
.
Evdə İsmayıldı adı,
Bir ocağın şən övladı,
Elə zirvəyə ucaldı,
Yaşayacaq ürəklərdə,
Arzularda, diləklərdə.
O, çox yüksəkliklər aşdı,
Şuşaya kimi savaşdı,
Əsgərlərlə dost-qardaşdı,
Yaşayacaq ürəklərdə,
Arzularda, diləklərdə.
Düşməni lərzəyə saldı,
Yağıdan intiqam aldı,
Şirin arzu, pak amaldı,
Yaşayacaq ürəklərdə,
Arzularda, diləklərdə.
Səmadan bulud dağıldı,
Kim deyir həyat nağıldı,
Səbuhi ölməz oğuldu,
Yaşayacaq ürəklərdə,
Arzularda, diləklərdə.
Saf sulu bulaq olacaq,
Xoş müjdə, soraq olacaq,
Hər evə qonaq olacaq,
Yaşayacaq ürəklərdə,
Arzularda, diləklərdə.
“Ədəbiyyat və incəsənətz”
(28.03.2024)
Bu gün Azərbaycanda Elm Günüdür...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Martın 27-si Azərbaycanda Elm Günüdür, yəni elmlə məşğul olan hər kəsin bayramıdır. Haqqında söhbət açmaq istədiyim Səadət Şıxıyeva da elm adamıdır, filologiya üzrə fəlsəfə doktorudur...
Qürurlu xanımdır. Özünə inamı çox yüksəkdir, fəhminə, zəkasına, ağlına həmişə inanıb. Olduqca cəlb edici və xoşa gələndir. Amma tələbkar olduğundan onunla ünsiyyət qurmaq elə də asan deyil, xarizmatik insandır. İdealistdir və hər şeyin ən yaxşı olmağını arzulayır...
Deyir ki,- “Əslində isə elm bir günlə olmur ki... Azərbaycan elm və təhsili elə duruma gətirilməlidir ki, hər günü elmi uğur, töhfə ilə tarixdə iz qoysun. Yoxsa ki, içi puç, üstü bəzəkli "əsər"lərlə, dosta, tanışa, əmrə müntəzir duranlara ad və medallar paylaşmaqla elmi inkişaf mümkün deyil. Hazırkı durumda durğunluq deyil, tənəzzülün bütün əlamətləri var, təəssüf ki...”
Xarekteri olduqca güclüdür. Çalışdığı sahədə özünü yüksəyə qaldırmağı bacarır. Nə istədiyinin fərqindədir və istədyinə çatmaq üçün əzmlə addımlaya bilir. Zamana meydan oxuyur, qarşısına çıxan səddi asanlıqla ram etməyi bacarır...
“Elm günündə həmkarlarıma arzum budur ki, "saat yığma" bəlasından qurtarıb həqiqi elmi fəaliyyətlə məşğul olmağa şəraitləri olsun, çəkdikləri zəhmətin həm maddi təltifini, həm də mənəvi mükafatını görmək nəsibləri olsun...”- söyləyir...
Hər hansı bir tarixi şəxsiyyətin həyat və yaradıcılığını araşdırıb, heç kimin bilmədiyi faktları üzə çıxarmaq, onu fərqli şəkildə təqdim etmək çox çətindir. Tədqiqatçıdan böyük hünər, ciddi təhlil, dərin savad tələb edir. Haqqında söhbət açmaq istədiyim filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva neçə illərdir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığını araşdırır. Bu istiqamətdə bir sıra uğurlara imza da atıb...
Deyir ki,- “Nəsiminin müraciət etdiyi janrlar və şeirinin poetikası haqqında bir neçə tədqiqat əsərində bəhs olunsa da, bu şairin söz sənəti haqqındakı görüşləri, əsərlərində yer alan ədəbi kateqoriya və terminlərə indiyədək diqqət yetilməmişdir. Adı daha çox hürufiliklə bağlı yad olunan Nəsiminin ədəbi fəaliyyətinin istiqamətləri, ədəbi-tənqidi görüşləri və poetika elmi ilə əlaqəli nəzəri biliyi barədə indiyədək araşdırmalarda pərakəndə və çox zaman səthi məlumatlar verilmişdir. Halbuki onun hər iki divanında yer alan janr və poetik formalar zənginliyi və rəngarəngliyi baxımından divan ədəbiyyatında çox az şairin ədəbi mirası ilə müqayisə oluna bilər. Nəsiminin əsərlərinin arxitektonikası, onun poetik ənənələri sinkretik təqdimi, fərdi yaradıcılıq eksperimentləri, poetik sözə həssas və elmli münasibəti şeir sənətinə dərindən bələdliyini göstərir. Şairin hər iki divanında şərq şeir sənətinin həm təcrübi və tətbiqi şəkillərini, həm də onun nəzəri biliklərinin ifadələrini müşahidə etmək mümkündür...”
Nəsiminin diri-diri dərisinin soyulmasını və onun həmin zaman şeir söyləməsini xalqın şairə olan məhəbbətindən yaranmış əfsanə olduğunu düşünür. Nəsiminin iki dəfə ailə qurduğunu iddia edir. Bundan əlavə alimlərin ortaq türk dili təklifinə onun da öz yanaşması var...
İşgüzar, çalışqan, əzmkar xanımdır. Maraqlı iddiaları ilə həqiqətin harada olduğunu ortaya çıxara bilir. Yalan danışmağı xoşlamır. Cəsarətli və mərddir. Davranışı, yüksək mədəniyyəti ilə seçilir. Müvəffəqiyyət onun üçün çox əhəmiyyətli olduğundan gərgin iş rejiminə, çətinliklərə qatlaşmağı bacarır…
Bəli, martın 27-si Azərbaycanda Elm Günüdür. Səadət xanım başda olmaqla bütövlükdə Azərbaycan elmi ictimaiyyətini bu gün münasibətilə təbrik edirik.
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
ICESCO Ümumdünya Teatr Günü münasibətilə müraciət yayıb
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı bu gün dünya ictimaiyyətinin geniş şəkildə qeyd etdiyi Ümumdünya Teatr Günü münasibətilə müraciət yayıb.
AzərTAC təşkilatın saytına istinadla xəbər verir ki, müraciətdə teatr sənətinin bəşəriyyətin mədəni irsinə verdiyi misilsiz töhfə vurğulanıb. ICESCO-nun müraciətində deyilir: “Hər il martın 27-də teatr sənətinin bir ilham mənbəyi kimi dünyada incəsənətin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində rolunu, müxtəlifliyi və bəşər tarixinə mədəni təsirini təşviq edən, habelə onun qeyri-maddi sivilizasiya irsinin ayrılmaz hissəsi olduğunu vurğulayan Ümumdünya Teatr Günü qeyd edilir.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı bu fürsətdən istifadə edərək, teatr sənətini dəstəkləmək, mədəni dialoqu təşviq etmək və təşkilata üzv dövlətlərdə teatr artistlərinin bacarıqlarını inkişaf etdirmək öhdəliyini təzələyir. Təşkilat, eyni zamanda, elmi nəşrlər və simpoziumlar vasitəsilə, xüsusən də süni intellektin yaratdığı problemlər və onun insan yaradıcılığının azaldılmasına təsiri fonunda əcdadların mirası olan bu vacib sənətin rolunun gücləndirilməsi istiqamətində göstərilən səyləri vurğulamağa çalışır”.
ICESCO vurğulayıb ki, bununla əlaqədar olaraq, təşkilat İslam dünyasında teatrın mədəni kimliyini möhkəmləndirməyə yönəlmiş bir sıra bələdçi nəşrləri, habelə məktəblilər üçün bədii və teatr təhsili üzrə rəhbər tədqiqatın hazırlanması üzərində işləyir.
Müraciətin sonunda qeyd olunub: “ICESCO Ümumdünya Teatr Günündə xüsusi ehtiyacı olan insanların teatr tamaşalarına inteqrasiyası və sosial birliyin möhkəmləndirilməsi ilə yanaşı, bu sənət növünü inkişaf etdirmək, artistlərin hazırlanmasını təşviq etmək və səhnə sənətinin qoruyub saxlamaq üçün üzv dövlətlərinin səylərini dəstəklədiyini bir daha təsdiqləyir.
Ümumdünya Teatr Günü 1961-ci ildə Beynəlxalq Teatr İnstitutu (ITI) tərəfindən təsis edilib. Beynəlxalq qeyri-hökumət təşkilatı olan ITI 1948-ci ildə UNESCO və beynəlxalq teatr ictimaiyyəti tərəfindən yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
Bu gün Beynəlxalq Teatr Günüdür
“Ədəbiyyat və incəsənət” portalı 27 mart - Beynəlxalq Teatr Günü münasibətilə teatrımızın 151 illik tarixinə bir nəzər yetirmək istədi. Belə bir gözəl mənzərə yarandı:
Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis edilib. Ənənəyə əsasən hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.
Bu gün öz yaranmasının 151-ci ildönümünü qeyd edən Azərbaycan teatrında da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.
Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib.
Dövlət başçısının bu sahə ilə bağlı imzaladığı sərəncamlar, həyata keçirilən müvafiq dövlət proqramı artıq öz bəhrəsini verir. Teatr binalarında əsaslı təmir və yenidənqurma işləri paytaxtla yanaşı, regionlarda da davam etdirilir.
Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
Həmçinin Dövlət proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricdə təhsil üçün yeni imkanlar yaradılır.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Ötən dövrdə Azərbaycana xarici ölkələrdən teatr kollektivləri qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.
Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.
Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 151-ci ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.
Biz tamaşaçılar da mənən zövq alacağıq.
Şəkildə: 1939-cu ildə İrəvan teatrının kollektivi
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
Müqəddəs insan olan Müqəddəs Şahbazov
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri, “Ədəbiyyat və incəsənət” üçün
Ad insanı başqalarından fərqləndirdiyi kimi, insan xarakterinə də təsirsiz ötüşmür. Və mənə elə gəlir ki, insana ad seçərkən təsadüfdən çox, zərurət rol oynayır. Adına çox bənzəyən adamlar var həyatda. O, adına çox bənzəyir. Adında olduğu kimi xarakterində də bir müqəddəslik, saflıq, halallıq, duruluq var.
Çox gözəl qələmi var.
Onu tanıyan hər kəs bilir. Az- az da olsa gözəl şeirlər yazır, dünya ədəbiyyatından tərcümələr edir. Bir sözlə, Azərbaycan ədəbiyyatı üçün əlindən gələn nə varsa əsirgəmir. İstəsəydi cild-cild kitablar yazardı, başqa dillərə çevirib tutalğac edərdi. Yaradıcılığından söz düşəndə abırdan-həyadan allanır. İmkanı olsa kimsəyə imkan verməz gördüyü o boyda işlərdən danışsın. Çünki hal əhli və qələm əhlidi.
Füzulidən, Nəsimidən, Sabirdən və s.xəbəri var. Sözün sirrindən agahdı. Və o yolun asan yol olmadığını bilir. Çünki özü də asan yolla heç nəyə nail olmayıb. Sözün meydanında əllaməçilik etmək istəyənlərə bir ilıq təbəssümlə reaksiya verir, qələminə və sözünə sadiq adamdı. Həyatın və dünyanın mahiyyətinə bələddi, insanlıq fəlsəfəsinin kökündə dayananlardan xəbərdardı. Bir sözlə Müqəddəs Şahbazov elə adı kimi müqəddəs adamdı.
Onun növbəti dünyaya gəldiyi gün də ötdü, keçdi. Dünya onun kimi adamları çox sevməsə də, amma əsil adamlar onu çox sevir. Günün mübarək, gözəl insan,dəyərli qələm adamı. Təbrik edirik, ən gözəl günlər sizinlə olsun!
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)