Nassim Talebin Qara qu quşu nəzəriyyəsi bizlərə nəyi təlqin edir? Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Təbii ki, insanın uğur qazana bilməsi üçün onun ətrafında baş verən prosesləri düzgün dərk etməsi, cəmiyyəti və onun qanunlarını doğru-dürüst bilməsi, təbiət və onda baş verən proseslərdən bu və ya digər şəkildə bəhrələnməsi üçün məlumatlı olması vacibdir.

 

Nassim Talebin «Qara qu quşu» kitabı bu xüsusda çox əhəmiyyətlidir. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq?

Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.

Həyatda baş verən və dağıdıcı təsir göstərən nəsnələri «Qara qu quşu» adlandıran müəllif hər bir kəsə xitabən söyləyir ki, əyləşdiyi kreslodan durmadan hər kəs qara qu quşunun rolunu dərk edə bilər. Bunun üçün çox sadə bir çalışma lazımdır: Öz şəxsi həyatınızı götürün. Doğulduğunuz gündən bəri ən əlamətdar hadisələri sadalayın, sonra onları perspektivdə gördüyünüzlə, xəyal etdiyinizlə müqayisə edin. Hansılar cədvəl üzrə olub? Həyatınızda peşə seçiminiz, sevdiyinizlə unsiyyətiniz, doğma yerlərdən köçməyiniz, qarşılaşdığınız satqınlıq və xəyanətlər, qəfil varlanmalar və müflisləşmələr... Tez-tezmi bu hadisələr plan üzrə baş verib?

Demək, «Qara qu quşu»nun mahiyyəti onun gözlənilməz gəlməsi, haqqında bilgilərinizin olmamasındadır.

Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimi diqqətinizə çatdırıram:

 - Anomaliyaları öncədən söyləyə bilmək tarixin gedişini öncədən söyləməyə səbəb olur;

- Metaforalar və əhvalatlar ideyalardan qat-qat güclüdür. Çünki onları oxumaq çox xoş olur, asan yadda qalırlar.

 - Biz büdcə defisiti və neftin yaxın 30 illik müddətdə qiymətini proqnozlaşdırırıq, bununla belə, bu qiymətlərin növbəti yayda necə olacağını bilmirik.

 - Özlərini ekspert adlandıran bəzi peşəkarlar, əslində peşəkar deyillər. Onların fəaliyyət siyahısına baxsaq, görərik ki, onlar bu sahədə hansısa küçədən keçən insandan elə də çox anlayışlı deyillər, fərqləri təkcə mövzu barədə yaxşı danışmalarındadır, bir də bizim beyinlərimizi riyazi modellərlə doldurmalarındadır. Onların hamısı həm də qalstuk taxırlar.

 - Problem bizim şüurumuzun strukturundadır: biz qaydaları yox, yalnız faktları əxz edə bilirik.

 - Hamı bilir ki, profilaktikaya terapiyadan çox diqqət yetirilməlidir. Amma az adam profilaktikaya üz tutur.

 - Biz tarix kitabına düşən şəxsiyyətlərin adlarını yalnız nailiyyətləri tarixçilərin diqqətindən kənarda qalan şəxslərin hesabına fəxrlə çəkə bilirik.

 - Əgər siz öz dostunuzun temperamenti, əxlaq prinsipləri və tərbiyəsi barədə təsəvvürünüzün yaranmasını istəyirsinizsə, onu mütləq gündəlik həyatın çəhrayı işığında deyil, istisna vəziyyətlərdə görməlisiniz.

 - Bir əhvalatı təkzib etmək üçün başqa əhvalat lazımdır.

 - İnsan şüuru üç problemdən əziyyət çəkir ki, mən bunları qaranlıq triadası adlandırıram:

a) İnsanlar dünyada baş verən hər bir şeydən agah olduqlarını düşünürlər, hadisələrin onlar duyduqlarından daha mürəkkəb olduğunu anlamırlar;

b) Baş verən hadisələr yalnız keçmiş zamanda qalanda onlara qiymət verilə bilər kimi retrospektiv yanlışlığa yol verirlər;

c) Alimlərin zərərli təlimlərinə əsaslanıb hər hansı faktın əhəmiyyətini şişirdirlər.

Növbəti gün sizə Nasim Talebə aid bir-birindən maraqlı digər kəlamları, aforizmləri, eləcə də təbiət qanunlarını çatdıracağam.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.