Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasını yekunlaşdırmaq üzrədir: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyəndiniz.
Çəlikli adamın sürəti böyük olmasa da, bayaq Mahirin gözəyarı ölçdüyü beş yüz metrdən dörd yüzünü artıq geridə qoymuşdu. Cəmi yüz metrdən sonra o, özündəki idarəetmə cihazını aktivləşdirə biləcəkdi. Həyəcan son həddə çatmışdı. Ancaq Mahir Vəliyev hələ də səbirlə gələcək zəngi gözləyirdi. Adam daha səksən metri arxada qoydu. Onun təhlükəli məsafəyə çatmasına cəmi iyirmi metr qalırdı.
Əvvəlki gəlişlərində hər üç istiqamətdən gələrkən ona lazım olan məsafəni müəyyən edib nişanlamışdı. Hiss elətdirmədən indi gəldiyi yolda divarda qoyduğu nişana baxdı. İki addım da atıb nişan olan yerin tuşuna çatdı. Budur, gözlədiyi an gəlmişdi. Bir azdan, barmağının bir hərəkəti ilə buralar cəhənnəmə dönəcəkdi. Ölçdüyü yer düz iki yüz metr məsafədəydi. Bu onun üçün ilkin oriyentir idi. Risk etməməkçün bir qədər də yaxınlaşmağı qərara aldı.
* * *
Artıq hər şey saniyələrlə ölçülürdü. Mahirin olduğu yerdən fərqli olaraq, yolun «Koramal»ın gəldiyi tərəfindəki kolluqda yer seçmiş olan əməkdaşın onun üstünə atılmasına bir saniyə bəs edərdi. Zəngin gəlmədiyini görən polkovnik əməkdaşına «Koramal»ı saxlamaq əmri verməyə hazırlaşırdı ki, telefonunun titrəyişini hiss etdi. Cəld səssiz rejimə qoyduğu telefonu açdı:
-Tez danış, komandir.
Mahir Vəliyevə zəng vuran qrup rəhbəri qısa şəkildə vəziyyəti izah edib hər şeyin qaydasında olduğunu bildirdi. Üçüncü, sayca sonuncu partlayıcı da zərərsizləşdirilmişdi. Daha yoxlanılan ərazi «təmiz» idi. Mahir Vəliyev dərindən nəfəs aldı. Telefonu qapadıb göstərişini gözləyən əməkdaşa tələsməməsinə işarə verdi. İşarəsini başa düşən əməkdaşı gizləndiyi yerdə tam görünməz oldu. O, hər an «Koramal»ın üstünə atılmağa hazır idi. Hələliksə, hərəsi yolun bir tərəfindən adamın nə edəcəyini izləyəcək, sonra qəfildən onu götürmək üçün irəli atılıb, nəhayət bu ilanı zərərsizləşdirəcəkdilər.
* * *
Aşkar olunan partlayıcıların dərhal ərazidən aparılması tələb olunurdu. Bu təlimatın tələbi idi. Söhbətini bitirib maşına oturan qrup rəhbəri,-bazaya qayıdırıq,-deyib alnını basmış soyuq təri sildi. O da, onun illərlə birlikdə çalışdığı əməkdaşları da təxminən on kiloqrama yaxın trotilin partlayacağı təqdirdə hansı fəlakətin baş verəcəyini gözəl başa düşürdülər. Bu partlayıcının cəmi dörd yüz qramı metro vaqonunu kağız karton kimi cırıb parça-parça etməyə kifayət edirdi. Onları gətirən maşın qarajdan çıxıb şəhər kənarındakı hərbi hissələrdən birinə tərəf istiqamət aldı. Yolun kənarındakı çəlikli adama onlar heç fikir də vermədilər.
* * *
On addım da irəli gəldi. Bir qədər fikirləşib beş addım da attıqdan sonra dayandı. Barmaqlarının hərəkəti ilə çəliyinin dəstəyinin altındakı qoruyucunu açdı. Qoruyucunun altında tək bir düymə var idi. Hər şeyə son qoyacaq tək düymə. Bir neçə saniyə bu vəziyyətindən həzz alıb sonuncu dəfə qarşısındakı möhtəşəm qüllələrə baxdı. Sonra astaca çəliyi tutduğu əlinin şəhadət barmağını düymənin üstünə gətirib basdı. Sükut… Heç nə baş vermədi. İkinci dəfə düyməni basdı. Yenə də sükut. Axı belə olmalı deyildi. Düymə üçüncü dəfə də işə düşməyəndə bir anda hər şeyi başa düşdü: Partlayıcıları aşkar etmiş, indi onunla oyun oynayırlar. Bunu başa düşən kimi qolaylanıb çəliyi yaxınlıqdakı kolluğa atmaq istəyəndə haradansa yuxarıdan, kolların arasından atılıb üstünə düşən adamın bədəni onu yerə sərdi. Asfaltın üstünə yıxılıb özünə gəlməyə imkan tapmamış, qaçaraq gələn ikinci adam onu üzü üstə çevirib əllərini arxadan qandalladı, sonra dizini belinin ortasına qoyub əli ilə başını asfalta sıxdı. Üstünə çökən adamın ağırlığından, onun sifətini yerə sıxmış güclü əlindən heç cür qurtula bilməyəcəyini başa düşəndə çarəsiz halda uzandığı yerdən bir qədər kənara düşmüş çəliyinə baxıb gözlərini yumdu. Hər şey məhv olmuşdu.
* * *
Nəhayət, sonuncu döngəni də dönüb Qüllələrə aparan dikə çıxdım. Diki sürətlə qalxıb maşını orada dayanmış adamların yanında saxladım. Mahirə başımla salam verdim. Geciksəm də, gördüklərimdən belə məlum olurdu ki, hər şey uğurla bitmişdi. «Koramal» əlimizdə idi. Partlayışın da qarşısı alınmışdı. Mahir qoluma girib məni bir qədər kənara apardı. Görünür, təklikdə deyəcək sözü var idi. Beş-altı addım aralanmış dayandı və dedi:
-Hər şeyə görə sağ ol, Bəxtiyar, hər şey yaxşı qurtardı. Ancaq rezidenti hələ də müəyyən edə bilməmişik. Bu pisdir.
Mahirlə kənara çəkilərkən gözucu onun əməkdaşlarının «Koramal»ı minik maşınının arxa oturacağına otuzdurduqlarını görürdüm. İki əməkdaş da onun sağ və solunda oturdu. Sürücü mühərriki işə salarkən başqa bir əməkdaş yaxınlaşıb açıq qapıdan arxa oturacaqdakılara bir çəlik uzatdı. Maşınla dayandığımız yerin arasında təxminən səkkiz metr məsafə olardı. Çəliyi alanın qapını bağlamasını gözləyən sürücü sürətlə maşını yerindən tərpətdi. Solominin aşkar etdiymiz mənzilini tərk edərkən əlində çəlik olduğunu bilirdim. Özü-özlüyündə burada qeyri-adi heç nə yox idi. O, qrimlənib bu obraza girmişdisə, buraya da çəliklə gəlməli idi. Ancaq Mahirin rezidentin hələ də tapılmamasını deməsi ilə sanki bir anda ayıldım. Yerimdən sıçrayıb özümü sürət yığan maşının qarşısına atdım. Sürücü əyləci bassa da, sürüşüb mənə dəyən maşının zərbəsindən kənara yuvarlandım. Bir anda sinəmdə bərk ağrı hiss etdim. Ancaq ağrıya güc gəlib ayağa qalxdım və maşına tərəf qaçdım. Çatan kimi arxa qapını açıb çəliyi hələ də əlində tutmuş əməkdaşdan aldım. Zeytunluğun başlanğıcında dayanmış Mahirin yanından qaçaraq onun nisbətən təhlükəsiz məsafədə qaldığına əmin olduqdan sonra var gücümlə çəliyi ağacların arasına vızıldatdım. Son yadımda qalan güclü partlayış, üstümə uçan daş-torpaq parçaları və kökündən qopub yerə aşan iri zeytun ağacı oldu. Sonra bir anda hər yerə qaranlıq çökdü...
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)