Super User
Macarıstanda bir Azərbaycan qurmuş şəxs - Ramiz Əmirli
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onu Budapeştə bir macar qızına olan sevgisi aparıb. Qırx ildir ki, orada yaşayır. İki oğlu var. Böyük oğlu Rüstəm şairdir, macar dilində yazıb yaradır, 35 yaşındadır. İndiyədək 5 kitabı işıq üzü görüb. İkinci oğlu Davidin isə 32 yaşı var, ali təhsilli mühəndisdir…
Haqqında söhbət açdığım Ramiz Əmirli əslən Qarabağlıdır, 1958-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində dünyaya gəlib. 1975-ci ildə orta təhsilini həmin kənddə başa vurub. 1976-1978-ci illərdə Macarıstanda hərbi xidmətdə olub. 1979-1984-cü illərdə Bakı Dövlət Universitetində kitabxanaçı ixtisasına yiyələnib. 1984-cü ildən Macarıstanda yaşayır…
Deyir ki,- „Uzun illər burada yaşasam da heç vaxt azərbaycanlı olduğumu unutmamışam. Hətta macar vətəndaşlığını qəbul etməmişəm ki, Azərbaycan vətəndaşı olaraq qalım. Bir azərbaycanlı kimi dönüb macar ola bilmədim. Buna daxili aləmim imkan vermədi. Həyatım boyu var qüvvəmlə Azərbaycana, soydaşlarımıza faydalı olmağa çalışmışam. Azərbaycanın Macarıstandakı səfirliyinin bütün tədbirlərində iştirak etmişəm. Qarabağla bağlı kitabların macar dilinə tərcümə edilməsində, işğal altında qalan torpaqlarımız, bütövlükdə Azərbaycan haqqında həqiqətlərin ölkə mətbuatında çap olunmasında xidmətlərim az olmayıb..."
Daha sonra əlavə edib bildirir ki; "1994-cü ildə „Budapeşt sammiti” zamanı Ulu Öndər Heydər Əliyevlə görüşümüzdən sonra, onun göstərişi əsasında ATƏTİN yeni seçilmiş sədri və o zaman Macarıstanın XİN-i Kovacs Laszlonun Azərbaycana səfərini təşkili etmişik. Ulu Öndərimizin 40 dəqiqəlik müsahibəni də ilk xarici media kimi Bakıda Macarıstanın məşhur „Panorama” verlişinin aparıcısı Demeter György alıbdır. O həm də Qarabağda cəbhə bölgəsində canlı çəkilişlər apararaq dəfələrlə macar mediasında yayımlamışdır. Bütün bunların təşkilatçısı olmuşuq. O zamankı ağır şəraiti nəzərə alaraq Azərbaycana 577.000 dollar dəyərində ərzaq məhsulları göndərmişik."
Ramiz Əmirli 2011-ci ildə "Macar-Azərbaycan Birgə Cəmiyyəti"ni yaradıb. Bu Cəmiyyətin xətti ilə çox işlər görülüb. Ramil Səfərovun vətənə qaytarılmasında böyük xidmətləri var…
Deyir ki,- "Bir gün İlham Rəhimovla məşhur milyarder Qod Nisanov Macarıstana öz şəxsi təyyarələrində təşrif buyurdular. Onları ölkənin yüksək vəzifəli məmurları olan dostlarımla görüşdürdüm. İlham Rəhimovun xahişini nəzərə alaraq, onun həbsxanada zabitimiz Ramil Səfərovla 2 saatlıq görüşünü təşkil etdim. Belə bir iş halbuki həftələrlə zaman tələb edird."
Ramiz Əmirli isə bu işi bir telefon zənği ilə həll edib. Hətta, bu adam Ramil Səfərovu həbsxanada kompüterlə təchiz edib ki, bu da Macar tarixində görünməz istisna haldır. İstər macar istər azərbaycanlı dostları Ramiz müəllimi „Adsız qəhrəman” adlandırırlar...
"Azərbaycan prezidenti İlham Əliyevin göstərişini həyata keçirmək məqsədi ilə Ramil Səfərovun vətənə ekstradisiya işinin tamamlanmasına 2 il vaxt sərf etdmişik"- deyir. Onu da deyir ki, dostlarıyla birlikdə çox həyacanlı anlar yaşayıb və bu tapşırığı həyata keçirib…
Macarıstanda yaşasa da Azərbaycan dövlətinə həmişə sədaqətli olub. Macar rəsmilərinin Azərbaycana səfərlərində, Azərbaycan rəsmilərinin Macarıstanda görüşlərinin təşkil olunmasında yaxından iştirak edib. Ramiz Əmirli, Budapeştdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Əhməd Davudoğlu, Mövlud Çavuşoğlu ilə isə dəfələrlə görüşü olub. Avropa Şurasında təmsil olunan Tökeş Laszlo, Gyöngyösi Marton, Dünya Cüdo Federasiyasının prezidenti Marius Vizer, Macarıstanın XİN-də çalışan, hal-hazırda Mongolustanda səfir olan xanım Borbala Obrusanszky ilə yaxın dostluq münasibəti var.
Mütaliə etməyi xoşlayır, milli musiqimizi dinləməkdən doymur. İstəyir ki, Azərbaycan cəmiyyəti dünyanın indi ki, ağır dövründə prezidentimiz İlham Əliyevin ətrafında bir yumruq kimi daha sıx birləşsin. Bizə düşmən münasibəti sərgiləyən xarici qüvvələrin təzyiqlərinə birgə sinə gəlməyi bacarmaq üçün.
Macarıstanda 850-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bir çox tələbənin yerləşməsində, müxtəlif problemlərinin həllində yardımçı olub.
Ramiz Əmirlinin Macarıstanda daimi yaşayış izni olsa da hər 10 ildən bir bu izni yeniləmək məcburiyyətində olub. Macar vətəndaşlığı olmadığına görə. Macar qanunu bunu tələb edir. Heç zaman ona bu iş problem yaratmayıb. Amma, bizə düşmən olan bəzi qüvvələr məhz macar qanunun bu boşluğundan məharətlə istifadə edib ona problem yaratmağı bacarıblar. Onlar 2020-ci ilin may ayında Ramiz Əmirlinin Macarıstanda yaşamaq iznini yeniləmək üçün verdiyi müraciətinə bəhanələr gətirtiməklə 5 illik deportuna nail ola biliblər. Çünki Ramiz Əmirli həmin o düşmən qüvvələrə qurşaqdan aşağı zərbəni çoxdan vurmuşdu. Çox şükür ki, doğma ailə və ikinci vətən həsrətinə tezliklə son qoyulacaq. Ramiz Əmirli gələn il yenidən ailəsinə və daimi yaşadığı Macarıstana dönəcək. Belə insanların həyatı onsuz da sürpüzlərlə dolu olur...
Bu mart günlərində xoşməramlı insanın doğum günüdür, 66-nı başa vurur. Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü və görəcəyi işlərdə yeni-yeni uğurlar arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
“Əkinçi” yoxdursa, mən də yoxam” - Rəhman Bədəlov
Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”
Tarixdə elə şəxslər var ki, onların yaradıcılığı, öz sahələrində Vətən naminə külüng çalmağı bütün nəsillərə örnəkdir. Atatürk deyir ki, müəllim şam kimidir, özü yanıb tükənərkən, ətrafını işıqlandırır. Bu gün özü əsrlər əvvəl yansa da, işığı hələ də indiki nəsilləri aydınladan dahi Zərdabinin yaradıcılığına toxunacağıq. Görkəmli mütəfəkkir, publisist Həsən bəy Zərdabini araşdıranlardan biri də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun professoru Rəhman Bədəlovdur. Rəhman Bədəlov “Əkinçinin” dəyərindən söz açarkən belə deyir:
“Zərdabidən danışarkən onu deməliyəm ki, “Əkinçi” və “Molla Nəsrəddin” yoxdursa, mən də yoxam. Bir zamanlar mənə “Zərdabi deyəsən səndən başqa heç kimə lazım deyil” deyirdilər. Amma bu gün Zərdabi haqqında çoxlu əlyazmalar, araşdırmalar var. Əlyazmaları danışdırmaq özü də böyük məharətdir. Onları dindirmək üçün insanın coşqusu, həyəcanı kifayətdir. Mənim Azərbaycanım “Əkinçi”dən Azərbaycan Demokratik Respublikasına qədərdir. Mən keçmişə, bu günə və gələcəyə oradan baxıram. Zərdabinin məndə olan şəkillərinə baxanda görürəm ki, o çox qoca görünür. Şəkillərdən birində “Qoca Zərdabi” məndən 20 yaş cavandır. Onu izlədikcə anlayıram ki, bu həyatda çox yaşamaq mümkün deyil, hələ əgər sən xalq dərdi çəkirsənsə.”
Müsahibə əsnasında Rəhman Bədəlov Həsən bəyin dəfn mərasimindən də danışıb:
“Bu gün Zərdabinin dəfni haqqında müxtəlif əlyazmalar var. Bu əlyazmalar arasında “Kaspi” və “Təzə Həyat” qəzetlərindəki yazılar da yer alır. Mən o yazıları oxuyanda Həsən bəyin dəfni kimi dəfnin olmadığının şahidi oluram. 29 noyabr 1907-ci ildə indiki Tağızadə küçəsində 9 rus-tatar məktəbinin şagirdləri, mətbuat nümayəndələri, gürcü, erməni ruhaniləri, ziyalılar binanın qarşısında toplaşmışdılar. Küçədən keçən hər kəs təəccüb edirdi ki, bir gimnaziya müəllimi üçün bu qədər insan niyə cəm olub? Şagirdlərin bəziləri Həsən bəyin çəkdiyi portretini aparır, bəziləri isə “Əkinçi” qəzetinin qızıl suyuna salınmış ilk nüsxəsini əllərində daşıyırdı. Gürcü, erməni, müsəlman ziyalıların hər biri öz dilində Zərdabini yad edirdilər. Həmin gün Həsən bəy Zərdabi görülməmiş təntənə ilə dəfn edildi. Bax insanlar Zərdabini belə sevirdilər. Bədən ölür, fikir isə yaşamağa davam edir. Həsən bəyin bir müəllim və publisist kimi irəli sürdüyü fikirlər bir ömür Azərbaycan xalqının beynində, qəlbində özünə yer tapacaq.”
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
“Ədəbiyyata marağım musiqi ilə eyni vaxtda inkişaf etdi” - Zafer Yiğitaslan
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyədən müsahibələrimiz davam etməkdədir. Bu dəfə qonağım dəyərli yazar, eyni zamanda musiqiçi Zafer Yiğitaslandır.
-Xoş gördük Zafer Yiğitaslan bəy! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında bizim oxuculara məlumat verərdiniz.
-İlk öncə bütün oxucularımıza salamlarımı və sevgimi çatdırmaq istəyirəm. 30 avqust 1983-cü ildə Balıkəsirdə anadan olmuşam. On altı ildir ki, doğma şəhərim Balıkesir Sındırgıda Təcili Tibbi Yardım Texniki olaraq çalışıram. Ali təhsilim iqtisadiyyat üzrədir. Ailəliyəm. Bu evlilikdən Yasin adlı 10 yaşlı oğlum var. Anam və atamla yaşayıram.
-Ədəbiyyata marağınız nə zaman başladı və ilk əsəriniz nədən bəhs edir?
-Ədəbiyyata marağım musiqi ilə eyni vaxtda inkişaf etdi. On beş yaşım olanda özümə gitara almışdım. Əvvəllər, belə deyək, dəli kimi gənc idim. Amma musiqi və ədəbiyyat məni saflaşdırdı. Dostumdan aldığım böyük türk şairlərinin antologiyası məni şeirə çəkdi. Bir axşamüstü emosiyalarım şiddətli olanda mən də yaza biləcəyəmmi deyə fikirləşdim və “’Bunu Sakın Unutma” adlı ilk şeirimi yazdım. Ətrafımdakı insanların, anamın, dostlarımın, müəllimlərimin reaksiyaları müsbət olduğundan yazmağa davam etdim və hələ də yazıram. Artıq dörddə bir əsr keçib. “Girdap” adlı ilk mahnımı on yeddi yaşım olanda yazdım. Əsərlərimdə sevgidən bəhs edirəm. İnsani sevgi, o biri dünya sevgisi və vətən sevgisi.
-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
-2011-ci ildə Qazi Kitapevində “Gonca Gül’de Kör Diken”, 2022-ci ildə Mustafa Tenker Nəşriyyat Qrupuna bağlı Linza Nəşriyyatında “Kalbin Vuruşları” adlı şeir kitablarım nəşr olunub. Bundan əlavə, beşi şeir, dördü mahnı olmaqla doqquz musiqi əsərim rəqəmsal mediada single olaraq mövcuddur. Onu da bildirmək istəyirəm ki, musiqi və ədəbi mənada yeni layihələrlə dinləyicilərimizi və oxucularımızı inşallah bir araya gətirəcəyik. Dörd şeir, bir ilahi, bir mahnı və dörd yüz aforizmi bir kitab halına gətirmək üçün ilk addımlarımızı atdıq.
-Ən çox sevdiyiniz yazar və ən çox sevdiyiniz əsər hansıdır?
-Əslində oxuduğum çox yazarlar var, rəhmətlik Cemal Safi, Abdurrahim Karakoç. Daha da geriyə getsək, Özdemir Asaf, Necip Fazıl Kısakürək, Mehmet Akif Ersoy. Üstünlük baxımından bu müəllifləri bir-birindən ayıra bilmirəm. Mütləq dillə desək, indiyə qədər mənə ən çox təsir edən kitablar Mina Urqanın “’Bir Dinazorun Anıları” kitabı və H.C.Armstronqun Atatürkün həyatından bəhs edən “Bozkurt” kitabı olub.
-Türkiyədə yazarlar sizi qane edirmi, genel kitablara yoxsa digital kitablara üstünlük verirsiniz?
-Türkiyədə diqqət çəkən yeni qələmlər var. Mən də bəzilərini oxumaqdan zövq alıram. Ancaq Məhəmməd Peyğəmbərimizin (s) “Axır zamanda qələmlər çoxalacaq!” hədisinə düşməkdən çox qorxuram. İnternetdə üzv olduğum rəqəmsal kitab saytları var, amma bu şəkildə oxumağa alışa bilmədim.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Azərbaycan ədəbiyyatı deyəndə ağlıma Bəxtiyar Vahabzadə gəlir. Keçmişdən İmadəddin Nəsimi ağlıma gəlir. Sizin musiqinizi bizimkindən daha sürətli və inkişaf etmiş hesab edirəm. Daha çox nihavənd məqamında olan mahnılarınız şəxsən məni ovsunlayır. Məsələn, uşaqlıqdan bəri qulaq asdığım “Ayrılıq” mahnısı.
-Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-40 yaşım var. Yaşlanıram və çoxlu təcrübə qazanmışam. Gənc yazarlara ilk tövsiyəm şəffaf və dürüst olmaqdır. Heç bir qorxuları olmasın. Qələmləriniz əyilib, bükülməsin. Ancaq bunu edərkən onu pozmayın. Biz təhlükəli coğrafiyada yaşayırıq. Dostumuz qədər düşmənimiz də var. Çox iti dilli olmamalıdırlar. Ən əsası, sadəcə yazmaqla yazıçı ola bilməzsən. Yazdıqlarımız reallığı əks etdirən, səmimi olduğumuz dərəcədə uğur qazanacağıq.
Bu münasibətlə əziz Azərbaycanımıza və bütün Türk dünyasına öz hörmətimi, sevgimi və ehtiramımı çatdırmağı bir məsuliyyət hesab edirəm və mənə bu fürsəti təqdim etdiyiniz üçün çox sağ olun.
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
Vicdan yetərsizliyi sindromu, yaxud Solovyovun “vorona”lığı - AKTUAL
Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı şair, publisist və siyasi şərhçi Əkbər Qoşalının Rusiya teleməkanında antiazərbaycançılığı ilə tanınan teleşərhçi Vladimir Solovyov barədəki tənqidi qeydlərini diqqətinizə çatdırır.
Xristianlıqdan öncə indiki Rusya Federasiyasının bir çox yerində quşlara qut bir rol yaraşdırılıb, dolayısıyla (özəl bir qoruma biçimi olaraq) körpələrə “qoruyucu quş” adları verilərmiş. O cümlədən zəngvari, melodik səsi olan körpələrə Bülbül deyilərmiş... Ancaq nə o vaxt, nə bu vaxt Bülbül deyə çağırılan, əzizlənən birinin böyüdükdən sonra qarğa qarıltısı çıxartmayacağına kimsə zəmanət verə bilməməmişdir...
Söhbət nədən, kimdən gedir? – Moskvadakı “Crocus City Hall”ın Konsert zalında törədilmiş, xeyli günahsız insanın ölümünə səbəb olmuş məlum terakt barədə danışan adıyaman telejurnalist Vladimir Solovyov yenə qulağını yumub, ağzını açıb...
Bəlli olduğu kimi, Rusiya Federasiyasının dövlət rəsmiləri, hüquq-mühafizə orqanları başçıları da, başqa məsul qurum-quruluşların təmsilçiləri də sözügedən qandonduran faciə barədə danışarkən bir xeyli uhulət-suhulətli cümlələr qurmağa çalışır. Zatən, belə məqamlarda toxtaqlıq ən vacib şərtlərdən biridir. Ancaq Solovyovlar barmaq tuşlayıb, öz ağıllarınca ünvan göstərməyə tələsir. Əgər belə tələsik “müəyyənlik” gərəksə, o zaman kimin terror təcrübəsi varsa, ağla ilk o gəlməlidir, elə deyilmi? – Solovyovlar bilməmiş deyil ki, terrorçuluq onların sevimli hayları üçün yalnız keçmiş (irs) deyil, bugünkü fəaliyyət sahəsidir, sabaha dair plandır. 105 ildir yıxıla-sürünə mövcud olan Ermənistan Respublikasının araxalandığı irs də, o irs üzərindəki özkeçmişi, bu günü də terror, qətl, qan-qada və qat-qat yalanlardan ibarətdir. Ermənistan terrorçuluğu dövlət siyasəti olaraq sabitləşdirmiş azsaylı dövlətlərdəndir. Özü də, haylar teraktları yalnız azərbaycanlılara, Türk-İslam dünyası mənsublarına qarşı törətməyib; elə Solovyovun yaşayıb – “yaratdığı” Moskvada da törədib.
Hay (erməni) terrorizmi – hay millətçi qruplarının və təşkilatlarının sistemli təhdid və fərdi intiqam aktlarından biridir. “Hay (erməni) terrorizmi” termini ilk dəfə ABŞ-da 1982-ci ilin avqust ayında yayınlanan “ABŞ Dövlət Departamentinin aylıq bülleteni”ndə rəsmən istifadə edilib. Hay (erməni) terrorizmi mütəşəkkil bir terrorizm olmaqla, beynəlxalq terrorizmin geniş qanadı və şəbəkəsidir. Əgər genişlikdən, “qanad” və şəbəkədən danışırıqsa, o zaman kim zəmanət verə bilər ki, Livan, Suriya üzərindən İŞİD-lə dərin bağlantı quran erməni terror qruplaşmaları yoxdur? - Terrorçu terrorçunu tapar...
“Armenakan”, “Hnçak” (Sosial Demokrat) Partiyası, “Daşnaksütun”, “Erməni soyqırım ədalət komandosları”, “Yeni erməni müqaviməti”, ASALA, “Erməni gizli azadlıq ordusu”, “Erməni inqilab ordusu”, “Orli qrupu”, “İntiharçılar eskadronu”, “Erməni birliyi”, “Gənc ermənilər ittifaqı”, “9 iyun” qrupu, “Erməni azadlıq hərəkatı”, “Geqaron”, “Apostol”, “İsveçrə qrupu”, “Demokratik cəbhə”... – Bunca terror təşkilatlanması daha hansı xalqda vardır?
Solovyovun diqqətinə özəlliklə onu çatdırmalı ki, “Erməni birliyi” 1988-ci ildə məhz Moskvada yaradılıb. – “ASALA” ilə sıx bağları olan “birlik”, terrorçuların keçmiş Sovet məkanında rahat çalışması üçün onları saxta sənədlərlə təmin edib, eləcə də, Qarabağa silah və muzdluların ötürülməsində iştirak edib.
Haylar, Moskva və terror mövzusuna daha bir vurğu: 1977-ci ildə Moskvada törədilən silsilə terror aktlarını yada salaq. – 08.01.1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilib:
saat 17:33-də Moskva metrosunun vaqonunda “İzmaylovskaya” və “Pervomayskaya” stansiyalarının arasında partlayıcı qurğu işə düşüb;
saat 18:05-də (keçmiş) SSRİ DTK-sının binası yaxınlığında, Derjinskiy (indiki Böyük Lubanka) küçəsində yerləşən 15 saylı ərzaq dükanında partlayış baş verib;
saat 18:10-da “Oktyabrın 25 illiyi” (indi Nikolskaya) küçəsində yerləşən ərzaq dükanının yaxınlığında daha bir partlayıcı qurğu işə düşüb. –
Bu teraktlar sonucunda 7 nəfər həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Moskvadakı bu silsilə teaktları “ermənləri əzdiyi üçün” ruslardan intiqam almağa çağıran erməni fəal (keçmiş “Ermənistan birləşmiş milli partiyası”nın mənsubu) Stepan Zatikyanın başçılığı ilə Baqdasaryan və Stepanyan icra edib.
Bunlar Solovyov üçün işin Moskva vurğusu olsun;
bir vurğu da Solovyovun soyadını xatırlamaqla edək: ASALA 06.06.1977-ci ildə Sürixdə (İsveçrə) güclü partlayış törədək, milliyyətcə türk olan Hüseyn Bülbülə məxsus dükanı tam dağıdıb. Kim zəmanət verə bilər ki, yeni Zatikyanlar çıxmayacaq və sabah-birisigün elə Moskvada, elə Solovyova məxsus hansısa mülki, obyekti tam dağıtmayacaq?..
(Yalnız ASALA, yalnız 1975-1991-ci il içində - 16 il boyunca 130-dan çox terakt törədib)!
Rusiya Federasiyasının yüksək dövlət təltiflərinə layiq görülən Solovyov, heç təəccüblü deyil ki, Ermənistanın dövlət təltifi “Şərəf” ordeni ilə, qondarma “Donetsk Xalq Respublikası”nın Qəhrəmanı adına da layiq görülüb. Rudolf Naumoviç Solovyovla Ana İnna Solomonovna Şapironun izdivacından meydana gələn Vladimir gənc deyil, yeniyetmə heç deyil, nə az-nə çox 61 yaşın içindədir. Yəni, ağlı salim davranmaqçün, nəyin nə, kimin kim olduğunu bilməkçün imkanlara malikdir. Görünür o, çox vacib bir çatışmazlıqdan əziyyət çəkir – onun da adına vicdan yetərsizliyi deyirlər...
“Crocus City Hall” konsert zalında törədilmiş vahim terakt bütün tərəqqipərvər insanlar kimi, bizi sarsıdıb, əlbəttə. Əlbəttə, 30 ildən artıq erməni işğalına, terroruna məruz qalmış Azərbaycanın vətəndaşları olaraq biz terror acısının nə olduğunu çox dərindən bilir, öz canımızda hiss edirik. Heç təsadüfi deyil ki, “Crocus City Hall”dakı qanlı aksiyanı qınayan, bu teraktı kəskin şəkildə pisləyən ilk dövlətlərdən biri Azərbaycan Respublikası oldu.
İş beləykən, öz fəaliyyətini qərəz, yalan üzərində quran, Azərbaycana qarşı düşmən mövqeyini vaxtaşırı nümayiş etdirən, “haydan daha artıq hay”lıq edən Solovyovun bu terror olayında “Azərbaycan izi”ni axtarması nifrətzadəlik, zəvzəklik və gədalıqdır. Belə zəvzəkləmə Rusiya Federasiyasının TV önündəki milyonlarla vətəndaşında Azərbaycana, ilk növbədə, Rusiyada yaşayan azərbaycanlılara qarşı planlı təxribat, ölkələrarası əlaqələri pozmaq cəhdidir.
44 günlük müharibədən artıq 4 il keçməkdədir, lakin Solovyovun ölkəmizə qarşı apardığı qarayaxma kompaniyası hələ davam və “inkişaf” edir... Gərək Rusiya Federasiyasının sağlam düşüncəli vətəndaşları, aydınları özləri də belələrinin cavabını versin!
Bəli, yalnız öldürmək yox, işgəncə verərək öldürmək, ölünü də təhqir etmək gələnəyi haylarçün normativ kimi bir şeydir. Hələ onu demirəm ki, bəlli terakt Moskvadakı “Aşan” ticarət obyektləri zəncirində yaxud hayların Moskvadakı digər çoxsaylı mərkəzlərindən birində deyil, məhz azərbaycanlı işadamının qurub-yaratdığı mərkəzdə baş verib. Və o dəhşətli hadisə vaxtı onlarla insanı xilas edən də yenə bir azərbaycanlı gənc (Kamil Nəsibov) olub. Üstəlik, bu aralar Ermənistan-Rusiya münasibətləri daha gərgindir nəinki Azərbaycan-Rusiya münasibətləri. Bu və bənzəri faktları, gerçəkləri yenə sadalamaq olar; ancaq daha heç nə sadalamadan da, kor-kor, gör-gör – Azərbaycan, azərbaycanlı adı Moskva teraktında şübhələniləcək ən sonuncu ölkə və xalqdan daha sonra belə təsəvvürə gəlmir. Əgər “Roma hüququ”yla yanaşsaq da, bu, bizə sərf etməzdi – kimə sərf edə bilərsə o barədə dürlü-dürlü (ağlabatan) versiyalar ortadadır. Bizim terror özkeçmişimiz, təcrübəmiz, gələnəyimiz yoxdur; biz hətta özünümüdafiə zorunda qalarkən də, ləyaqətimizi, comərdliyimizi itirmirik. – Uzağa getməyək: Solovyovların, Simonyanların və başqalarının da çox yaxşı bildiyi kimi, biz 44 günlük müharibə vaxtı qadağanolunmuş raketlərlə Gəncəni, Bərdəni qana bulayıb, günahsız körpə, qadın, qocanı... qətl edən Ermənistanın (və siyasi-hərbi uzantılarının) cavabını illa döyüş meydanında verdik. Biz körpə qatili deyilik, qadın qatili heç deyilik, qocalarla zərrəcə işimiz yoxdur. Bir də, axı bəyəm biz izah vermə zorundayıqmı? Bilənlərə salam olsun, bilməyənlərə borc olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
Qulu Ağsəsin "Görsən üşüyürsən..." adlı şeirlər kitabı çap olunub
Könül, “Ədəbiyyat və incəsənət”
Tanınmış şair Qulu Ağsəsin "Görsən üşüyürsən..." adlı şeirlər kitabı işıq üzü görüb. "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-də nəfis şəkildə dərc edilən kitabda müəllifin müxtəlif illərdə yazdığı poetik nümunələr toplanıb.
..."Yaxşı pəhrizi var iztirabların,
nə özüm kökəldim, nə kitablarım..." – deyən Qulu Ağsəs yaradıcılığı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir. Tanınmış şairin “Görsən üşüyürsən...” kitabında müəllifin müxtəlif illərdə, rəngarəng və fərqli mövzularda qələmə aldığı şeirlər toplanmışdır.
Buna qədər Qulu Ağsəsin oxucu rəğbətini qazanan, poeziyamızın incilərinə dönən, publisistikamızda örnəyə çevrilən “Sənsən hər yer”(2002), “Т.о.ч.к. и.” (2007, rus dilində), “Nabran novellası” (2009), “Вiтряна пошта” (Kiyev, 2009), “Dawn” (2016, ingilis dilində), “Yorğun ağacam” (Təbriz, 2022) kimi kitabları işıq üzü görüb. Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı elmi araşdırma da ərsəyə gətirmişdir.
Qulu Ağsəs şeirlərinin mərkəzində İnsan durur. Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”, insan-Tanrı”, “insan-sevgi”, “insan-həyat”, insan- torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalacaq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış olacaqlar.
Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.
Tezliklə oxuyub məmnun olacağınıza əsla şübhə etmirəm.
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
BİR SUAL, BİR CAVAB Saqif Qaratorpaq ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Bir sual, bir cavab" rubrikamızın qonağı sevimli şairimiz Saqif Qaratorpaqdır.
SUAL
Xoş gördük, əziz Saqif bəy. “Şairlər tanrının tərcüməçisidirlər" ( Platon)
Şeirlərinizdə daxili dünyamızın portretini açıq aşkar görmək olur və bugünkü " 1 Sual" da şeirlərinizdən doğdu.
Mən belə dəliyəm, məni görmə, get!
Xoşuna gələsi axı nəyim var?
Sevda ətri verən, şeir qoxuyan
Nəfəsi yanıqlı qırıq neyim var...
Bir eşqin yarası sinəmdə göz-göz,
Hər gün həsrət-həsrət çiçəkləyərəm.
İçimdə bir bahar buludu ağlar,
Misra-misra, bənd-bənd çiçəkləyərəm.
Nə xoşdu özümə verdiyim cəza,
Əzabım - qönçədi, ağrım - tumurcuq.
Min ildi özündə azan dərvişəm,
Ürəyi-xaraba, koması-uçuq.
Məni sözə tutma, sözə uyaram,
Qəfil kövrələrəm...sonra gec olar.
Qapısı gül açar kimsəsiz evin,
Bu yurddan o yurda köçhaköç olar.
Səni aldatmasın bu yaz havası,
Tələsmə dumandan, çəndən keçməyə.
İlişib qalarsan sol tərəfimdə,
Yol tapa bilməzsən məndən keçməyə... ( Saqif Qaratorpaq)
Əziz Şairimiz, ruhları bir- birinə görünməz zəncirlərlə bağlananları nə ayıra bilər? Və bu mümkündürmü?
CAVAB
Xoş gördük, Ülviyyə xanım! Dəyər verdiyiniz üçün təşəkkür edirəm. Əlbəttə, ruhları görünməz zəncirlərlə bağlananları nə məkan ayıra bilər, nə də zaman. Çünki bu eşq zənciridir, nə qırılar, nə üzülər. Eşq- əbədidir. Məkandan, zamandan ucadır. Leyli və Məcnun eşqi kimi. Maqnit dəmiri axtaran kimi eşq də aşiqi axtarıb tapar. İki aşiq cismən ayrıla bilərlər, ruhən, qəlbən daim birlikdədirlər. Eşq Allahın insana lütfüdür. Ondan hər sevənlə bir də doğular. Tanrı qatında aşiqlikdən uca mərtəbə yoxdur. Mövlana Cəlaləddin Rumi deyirdi ki, mən şair deyiləm, Aşiqəm sadəcə. Böyük Füzuli isə deyirdi:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
Musiqisi Vaqif Gərayzadənindir…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyirlər ki, dünya dağılanda İsrafil surunu çalacaq...
Musiqi ilahi bir möcüzədir, ruhu qəfəsdən çıxarıb havaya qaldıra bilir. Onu keçmişə, xatirələrə doğru uçurdur...
Deyilənlərə görə, Qafqazın böyük kişilərindən biri Şeyx Şamil İslam qaydalarına əsaslanıb musiqini şeytan əməli kimi qadağan etmişdi. Cəza tədbiri olaraq kimsənin musiqi səsləndirdiyi məlum olarsa, ona yetmiş dəfə çubuq vurulmasını da tapşırmışdı. Bir gün evə dönərkən anasının mahnı oxuduğunu görür. Ayaqları əsir, dili topuq vurur. Əmr edir ki, anasının əvəzinə ona mərhəmət göstərilmədən yetmiş dəfə çubuq vurulsun. Bəli, amansızcasına vururlar da. Amma MUSİQİ o qədər ölməzdir ki, qüdrətindən asılı olmayaraq, kimsə ona qadağa qoya bilmədi. Musiqi yaşayıb, bu gün də yaşayır…
Haradan yadıma düşdü bu olay, bilmirəm. Amma onu yaxşı bilirəm ki, bu dünyada Vaqif Gərayzadə adında bir bəstəkar var. Onun nə danışdığı, nə düşündüyü mənim üçün maraqlı deyil, onun ruhlara sığal çəkən bəstələri maraqlıdır. Ola bilsin ki, dediklərini özündən öncə bir başqa cür deyənlər də olub. Axı əlahəzrət SÖZün yaşı Vaqif Gərayzadədən çox böyükdür. Lakin bəstələdiyi musiqidə keçmişin izi, gələcəyin sorağı var. Yəni ki, bir başqa ahəngdir, yeni səsdir...
Biz Üzeyir Hacıbəylini görməmişik, amma ona ehtiramımız sonsuzdur. Onu bizə sevdirən şəxsiyyətindən çox yaratdıqları olub. Vaqif Gərayzadə də yaradıb, mənəviyyat nümunəsi, musiqi əsərləri təqdim edib. Dinləmişik, ruhumuzu oxşayıb. Ruhları oxşadıqca da sevilib...
Dünən - martın 27-də bəstəkarın doğum günü idi. 27 mart, yazın yeddinci günüdür. Təbiətin qış yuxusundan təzə-təzə oyanıb, tumurcuq-tumurcuq bahara təslim olduğu dövr. Tarixin bu günündə çox böyük insanlar dünyaya gəlib. Xəlifə Harun ər-Rəşid də bu günün dünyaya bəxş etdiyi hədiyyəsi idi. Onun dönəmində İslam xilafəti hərbi, siyasi, mədəni və elmi baxımdan sürətli inkişaf etmişdi. Yüz illərdir ki, əlahəzrət Zaman onu unutdura bilmir. Bəli, Vaqif Gərayzadə də martın 27-də anadan olub. Tumurcuqların budaqlardan ürkək-ürkək boylandığı vaxtlarında…
…Deyirlər ki, dünya dağılanda İsrafil surunu çalacaq. Kim bilir, bəlkə də İsrafilin ifa edəcəyi musiqi elə Vaqif Gərayzadədən olacaq…
63 yaşın mübarək!
Çox yaşa!
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
KİNOTƏHLİL"də "İtən gündəlik" filmi
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Böyük inciklikləri kiçik anlaşılmazlıqlar yaradırmış"
Sədaqət Kərimova
Bir ölənə, bir də olana çarə yoxdur deyirlər... Bəzən kiçik anlaşılmazlıqlardan doğan böyük ittihamlar insan qəlbində dərin və sağalmaz yaralar açırmış.
Bəzənsə kiçik anlaşılmazlıqlar, çox böyük və bərpası olmayan incikliklərə səbəb olurmuş.
Bəzən insan əslində nə qədər xoşbəxt olduğunun fərqinə əlindəki xoşbəxtlik əlindən çıxdığı zaman varır. Bəzənsə insan birinin onun üçün nə qədər dəyərli olduğunun, həyatında nə anlam ifadə etdiyinin, hansı boşluğu doldurduğunun fərqinə o insanı qırdığı, itirdiyi zaman varır.
Necə ki, gəncliyin qədrini qocalanda, uşaqlığın qədrini yetkinlikdə, sağlamlığın qədrini sınıxanda, toxluğun qədrini ac olanda, valideynlərinin, sevdiklərinin qədrini onları itirəndə, zamanın qədrini artıq nələr üçünsə çox gec olanda, eləcə də məktəb həyatının qədrini məzun olanda anlayır.
Sözü çox uzatmayacam, bu gün "Kinotəhlil" rubrikasında Sədaqət Kərimovanın "İtən gündəlik" adlı tammetrajlı bədii filmindən bəhs edəcəyik.
Qatfarfilm istehsalı olan "İtən gündəlik" filmi Sədaqət Kərimovanın eyni adlı romanının motivləri əsasında Ləzgi dilində çəkilmiş, sonradan çoxsaylı tamaşaçı istəyi nəzərə alınaraq Azərbaycan dilinə dublyaj edilmişdir.
Rejissor, prodüser, bəstəkar və ssenari müəllifi Sədaqət Kərimova olan filmin operatoru Elxan Rüstəmovdur.
Çəkilişləri Qusar rayonunda baş tutan filmdə rolları həvəskar aktyorlar ifa edib.
Ekran əsərində ötən əsrin 60-cı illərinin uşaqlarının orta məktəb həyatı təsvir olunub.
Melodram janrında lentə alınmış bu ekran əsərində Azqarın gündəliyinin itməsi fonunda məktəbdə və məktəbdənkənar asudə vaxtlarda uşaqlar arasında cərəyan edən hadisələr, onların sərgüzəştləri, məktəb, şagird, müəllim; valideyn münasibətləri və dövrün ab-havası, mənəvi dünyası əks etdirilmişdir.
Filmin ilk epizodlarından etibarən uşaqların şən və qayğısız kənd həyatına, dövrün ab-havası, insanların bir-birinə olan xoş münasibətinə qibtə etməmək mümkün deyil.
Burada insanların qarşılıqlı xoş münasibəti, səbrli olması, münasibətlərdə güzəştə getməyi bacarması, yardımsevərliyi, doğruçuluğu, haramdan çəkinməsi, müəllim şagird və qonşuluq münasibətlərindəki səmimiyyət, canıyananlıq kimi mənəvi dəyərlər çox gözəl təsvir olunub.
Filmin qəhrəmanı Azqar 5-ci sinifdə öz gündəliyini itirir. Burada Azqarın gündəliyinin oğurlanması uşaq dəcəlliyi kimi simvolizə edilə bilər. Lakin, Azqar 9-ci sinifdə gündəliyini bir daha itirir. Və Azqarın 5-ci sinifdə gündəliyinin oğurlanması uşaq dəcəlliyi idisə, 9-cu sinifdə oğurlanması artıq başqa bir şeydən xəbər verirdi.
Burada artıq itən sadəcə gündəlik deyildi. Azqarın gündəliyi ilə birlikdə həm də saf, təmiz uşaqlıq hissləri də itmiş, yerini yeni duyğular, yeni baxış bucaqları əvəzləməyə başlamış, bəlkə də uşaq qəlbində ilk məhəbbət duyğuları cücərmişdi.
9-cu sinifdə həmçinin uşaqların arasında kiçik anlaşılmazlıqdan doğan böyük bir inciklik yaranır. Və bundan sonra artıq heç nə əvvəlki kimi ola bilmir, nə uşaqlar nə də aralarındakı münasibət.
Azqarın gündəliyi ilə birlikdə sanki uşaqlar arasındakı əvvəlki xoş və səmimi münasibət də itir.
İlk başda Teymurxanın Mahiyatı yanlış anlaması ilə yaranan inciklik böyüyərək uşaqlar arasında elə bir uçurum yaradır, onları bir-birindən elə uzaqlaşdırır ki, barışmaq olmur.
Uşaqların bir-birindən uzaqlaşmaları, bir-biri ilə üz-göz olmaları məktəb və kəntdə hamının məyusluğuna səbəb olur. Lakin, müəllimlər və valideynlər də uşaqlar arasındakı bu buzun əridilməsinə müvəffəq ola bilmirlər.
Uşaqlar sanki düşdükləri bu qəflət yuxusundan yalnız acığa düşən Mahiyatın evlənməsindən sonra ayılırlar. Və məktəb həyatının da bitməsinə çox az qaldığından duyuq düşdükləri zaman çox peşman olurlar.
Onlar aralarındakı əvvəlki səmimiyyət və mehribanlığın, bir-birlərinin və eləcə də qayğısız məktəb həyatının dəyərini yalnız bu zaman dərk edirlər.
Olanlardan dərs çıxaran Teymurxanın da söylədiyi kimi: "İnsan çox naşükür məxluqdur, nəyisə itirməyincə onun qədrini bilməz..."
Düşünürəm ki, İtən gündəlikdə olduğu kimi hamımız yuxarı siniflərə qalxdıqca uşaqların sanki yavaş-yavaş parçalandığının, kimlərinsə müxtəlif səbəblərdən təhsildən yayınmasının, sinif yoldaşlarından uzaqlaşmasının, kiçik səbəblərdən ötrü araya düşən uzunmüddətli küslüklərin şahidi olmuşuq.
Həyatla iç-içə olan və özündə həyatın real acı gerçəklərini, çox insanın yaşadığı dramatik hadisələri əks etdirən, tamaşaçıları dərindən düşündürən İtən gündəlik Sədaqət Kərimovanın sayca üçüncü bədii ekran əsəridir.
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
“Bu kino ki var…” - Səməndər Rzayevin anım gününə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Onu xatırlayanda dərhal yadıma “Bəyin oğurlanması” filmi düşür. Kəndə gələn kinoçəkənlər, kinonun çəkilməsinin bir sevgi əhvalatı ilə uzlaşması, Səməndər Rzayevin oynadığı möhtəşəm Hidayət müəllim rolu…
Ötən gün Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin anım günü idi, onun ölümündən 38 il ötürdü. Doğmaları, teatr ictimaiyyəti onun Yasamal qəbristanlığındakı məzarını ziyarət etdilər, üstünə təzə-tər güllər qoydular.
Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Xalq artisti Rza Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.
Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.
S. Rzayevin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev Azərbaycan kinosunda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı. S.Rzayev millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, "kiçik açarla da böyük qapılar açmaq olur". Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.
"Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." Bunlar S.Rzayevin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə aktyorun yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları sərf olunmuşdu. O həm də yaradıcı idi, rolu əzbərləməz, ona cizgilər artırardı.
Kinoda Səməndər Rzayevin ilk rolu “Uşaqlığın son gecəsi" filmində olub. Epizodik bir roldur, küçədə gəzən iki milis işçisindən biri. Sonra “Nəsimi" də rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırdı. Bu, aktyor üçün böyük imtahan oldu. Arada digər filmlər və sonra da əvvəldə adını çəkdiyim “Bəyin oğurlanması" filmin, hamının sevdiyi Hidayət müəllim obrazı. “Mənəm ey, Hidayət müəllim" deyə şəstlə özünü təqdim edən və sonra da qəhqəhə çəkən bu obraz çox səmimi alınıb.
ardınca da Səməndərin şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş edir.
Səməndər Rzayevdən danışarkən onun bəlkə də radiomuzun tarixinin ən parlaq proqranı olan “Bulaq" proqramındakı aparıcılığını, bir də tetar aktyoru kimi daimi yaratdığı Şakir Şəkəroviç obrazını ("Evləri köndələn yar") heç vaxt unutmaq olmaz.
Onin son işi isə "Həyatın dibində" tamaşası oldu, ağır xəstə ikən xəstəxanadan çıxaraq gəlib bu rolunu oynadı, bilet almış tamaşaçıları pərt vəziyyətdə qoymaq istəmədi. Bu, onun aktyorluq həyatının sonu idi. Əfsus ki, həyatının da sonu oldu.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
“Novruz: ənənəyə yeni baxış” adlı yaradıcılıq müsabiqəsi elan olunub
“Azərbaycan xalçaçıları” İctimai Birliyi və "NUR Art House" qalereyası sənətsevərlərə "Novruz: ənənəyə yeni baxış" adlı yaradıcılıq müsabiqəsi elan edir.
AzərTAC xəbər verir ki, layihənin ideya müəllifi "Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevadır.
Layihənin məqsədi milli mədəni irsimizin gənclər arasında təşviqi, ənənəyə klassik və müasir baxışın, nəzəri və təcrübi bilik və vərdişlərinin formalaşması, milli irsimizin zənginləşməsinə xidmət edən yeni meyillərin əks olunmasıdır.
Müsabiqə xalça sənəti və dekorativ tətbiqi sənət kateqoriyası üzrə keçiriləcək.
Müsabiqədə 14-35 yaşlı tələbə-gənclər və həvəskar rəssamlar iştirak edə bilər. Onlara görkəmli xalçaçı-rəssamların, fırça ustalarının, dekorativ-tətbiqi sənətlə məşğul olan sənətkarların yerli və beynəlxalq sərgilərdə uğurla nümayiş olunmuş, müxtəlif muzeylərin, şəxsi kolleksiyaların ekspozisiyasını bəzəyən məşhur əsərləri təqdim olunacaq və müsabiqə iştirakçıları bu əsərlərə baxaraq kopiya, replika, reproduksiya, əsərin motivləri əsasında yeni sənət nümunələri yaradacaqlar. Müsabiqənin özəlliyi incəsənətə yeni ruh gətirəcək hər bir əsərin müəllif işi kimi dəyərləndirilməsidir.
Əsərlərlə əyani olaraq “NUR Art House” qalereyasında tanış ola və ya qeydiyyatdan keçdikdən sonra elektron formatını poçt vasitəsilə əldə edə bilərsiniz.
Müsabiqə bir ay davam edəcək. Müsabiqə boyu tələbə-gənclər və həvəskarlar qrafik üzrə tanınmış rəssamlarla, müəlliflərlə görüşəcək, onlardan sənətin sirlərini öyrənəcək, məsləhətləşəcək və yeni əsərlərin üzərində işləyəcəklər.
Müsabiqəyə əsərlər aprelin 12-dək qəbul olunacaq. Müsabiqədə iştirak etmək istəyən tələbə-gənclər və həvəskar rəssamlar qısa yaradıcı tərcümeyi-halını, şəklini, şəxsiyyət vəsiqəsinin scan-versiyasını və maraq göstərdiyi incəsənət növü ilə bağlı məlumatı “Azərbaycan xalçaçıları” İctimai Birliyinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərmələri xahiş olunur. Bu məlumatları təqdim edən şəxslər müsabiqə iştirakçısı kimi qeydiyyatdan keçmiş sayılacaqlar. Tanınmış rəssam, sənətşünas və sənətkarlardan ibarət münsiflər heyəti tərəfindən seçiləcək ən yaxşı əsərlərin müəlliflərinə qalib sertifikatları təqdim olunacaq. Müsabiqəyə təqdim olunan bütün əsərlər sərgilənəcək və qaliblərə sertifikatlar sərginin açılışı günü təqdim olunacaq. “NUR Art House” qalereyasının gənc xalçaçı-rəssama hədiyyəsi isə qalib xalça eskizi əsasında toxunacaq xalça olacaq.
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)