“Ədəbiyyata marağım musiqi ilə eyni vaxtda inkişaf etdi” - Zafer Yiğitaslan Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyədən müsahibələrimiz davam etməkdədir. Bu dəfə qonağım dəyərli yazar, eyni zamanda musiqiçi  Zafer Yiğitaslandır.

 

-Xoş gördük Zafer Yiğitaslan bəy! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında bizim oxuculara məlumat verərdiniz.

 

-İlk öncə bütün oxucularımıza salamlarımı və sevgimi çatdırmaq istəyirəm. 30 avqust 1983-cü ildə Balıkəsirdə anadan olmuşam. On altı ildir ki, doğma şəhərim Balıkesir Sındırgıda Təcili Tibbi Yardım Texniki olaraq çalışıram. Ali təhsilim iqtisadiyyat üzrədir. Ailəliyəm. Bu evlilikdən Yasin adlı 10 yaşlı oğlum var. Anam və atamla yaşayıram.

 

-Ədəbiyyata marağınız nə zaman başladı və ilk əsəriniz nədən bəhs edir?

 

-Ədəbiyyata marağım musiqi ilə eyni vaxtda inkişaf etdi. On beş yaşım olanda özümə gitara almışdım. Əvvəllər, belə deyək, dəli kimi gənc idim. Amma musiqi və ədəbiyyat məni saflaşdırdı. Dostumdan aldığım böyük türk şairlərinin antologiyası məni şeirə çəkdi. Bir axşamüstü emosiyalarım şiddətli olanda mən də yaza biləcəyəmmi deyə fikirləşdim və “’Bunu Sakın Unutma” adlı ilk şeirimi yazdım. Ətrafımdakı insanların, anamın, dostlarımın, müəllimlərimin reaksiyaları müsbət olduğundan yazmağa davam etdim və hələ də yazıram. Artıq dörddə bir əsr keçib. “Girdap” adlı ilk mahnımı on yeddi yaşım olanda yazdım. Əsərlərimdə sevgidən bəhs edirəm. İnsani sevgi, o biri dünya sevgisi və vətən sevgisi.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-2011-ci ildə Qazi Kitapevində “Gonca Gül’de Kör Diken”, 2022-ci ildə Mustafa Tenker Nəşriyyat Qrupuna bağlı Linza Nəşriyyatında “Kalbin Vuruşları” adlı şeir kitablarım  nəşr olunub. Bundan əlavə, beşi şeir, dördü mahnı olmaqla doqquz musiqi əsərim rəqəmsal mediada single olaraq mövcuddur. Onu da bildirmək istəyirəm ki, musiqi və ədəbi mənada yeni layihələrlə dinləyicilərimizi və oxucularımızı inşallah bir araya gətirəcəyik. Dörd şeir, bir ilahi, bir mahnı və dörd yüz aforizmi bir kitab halına gətirmək üçün ilk addımlarımızı atdıq.

 

-Ən çox sevdiyiniz yazar və ən çox sevdiyiniz əsər hansıdır? 

 

-Əslində oxuduğum çox yazarlar var, rəhmətlik Cemal Safi, Abdurrahim Karakoç. Daha da geriyə getsək, Özdemir Asaf, Necip Fazıl Kısakürək, Mehmet Akif Ersoy. Üstünlük baxımından bu müəllifləri bir-birindən ayıra bilmirəm. Mütləq dillə desək, indiyə qədər mənə ən çox təsir edən kitablar Mina Urqanın “’Bir Dinazorun Anıları” kitabı və H.C.Armstronqun Atatürkün həyatından bəhs edən “Bozkurt” kitabı olub.

 

-Türkiyədə yazarlar sizi qane edirmi, genel kitablara yoxsa digital kitablara üstünlük verirsiniz?

 

-Türkiyədə diqqət çəkən yeni qələmlər var. Mən də bəzilərini oxumaqdan zövq alıram. Ancaq Məhəmməd Peyğəmbərimizin (s) “Axır zamanda qələmlər çoxalacaq!” hədisinə düşməkdən çox qorxuram. İnternetdə üzv olduğum rəqəmsal kitab saytları var, amma bu şəkildə oxumağa alışa bilmədim.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Azərbaycan ədəbiyyatı deyəndə ağlıma Bəxtiyar Vahabzadə gəlir. Keçmişdən İmadəddin Nəsimi ağlıma gəlir. Sizin musiqinizi bizimkindən daha sürətli və inkişaf etmiş hesab edirəm. Daha çox nihavənd məqamında olan mahnılarınız şəxsən məni ovsunlayır. Məsələn, uşaqlıqdan bəri qulaq asdığım “Ayrılıq” mahnısı.

 

-Bir  yazar olaraq digər  yazarlara məsləhətləriniz nədir?

 

-40 yaşım var. Yaşlanıram və çoxlu təcrübə qazanmışam. Gənc yazarlara ilk tövsiyəm şəffaf və dürüst olmaqdır. Heç bir qorxuları olmasın. Qələmləriniz əyilib, bükülməsin. Ancaq bunu edərkən onu pozmayın. Biz təhlükəli coğrafiyada yaşayırıq. Dostumuz qədər düşmənimiz də var. Çox iti dilli olmamalıdırlar. Ən əsası, sadəcə yazmaqla yazıçı ola bilməzsən. Yazdıqlarımız reallığı əks etdirən, səmimi olduğumuz dərəcədə uğur qazanacağıq.

Bu münasibətlə əziz Azərbaycanımıza və bütün Türk dünyasına öz hörmətimi, sevgimi və ehtiramımı çatdırmağı bir məsuliyyət hesab edirəm və mənə bu fürsəti təqdim etdiyiniz üçün çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.