Macarıstanda bir Azərbaycan qurmuş şəxs - Ramiz Əmirli Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onu Budapeştə bir macar qızına olan sevgisi aparıb. Qırx ildir ki, orada yaşayır. İki oğlu var. Böyük oğlu Rüstəm şairdir, macar dilində yazıb yaradır, 35 yaşındadır. İndiyədək 5 kitabı işıq üzü görüb. İkinci oğlu Davidin isə 32 yaşı var, ali təhsilli mühəndisdir…

 

Haqqında söhbət açdığım Ramiz Əmirli əslən Qarabağlıdır, 1958-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində dünyaya gəlib. 1975-ci ildə orta təhsilini həmin kənddə başa vurub. 1976-1978-ci illərdə Macarıstanda hərbi xidmətdə olub. 1979-1984-cü illərdə Bakı Dövlət Universitetində kitabxanaçı ixtisasına yiyələnib. 1984-cü ildən Macarıstanda yaşayır…

Deyir ki,- „Uzun illər burada yaşasam da heç vaxt azərbaycanlı olduğumu unutmamışam. Hətta macar vətəndaşlığını qəbul etməmişəm ki, Azərbaycan vətəndaşı olaraq qalım. Bir azərbaycanlı kimi dönüb macar ola bilmədim. Buna daxili aləmim imkan vermədi. Həyatım boyu var qüvvəmlə Azərbaycana, soydaşlarımıza faydalı olmağa çalışmışam. Azərbaycanın Macarıstandakı səfirliyinin bütün tədbirlərində iştirak etmişəm. Qarabağla bağlı kitabların macar dilinə tərcümə edilməsində, işğal altında qalan torpaqlarımız, bütövlükdə Azərbaycan haqqında həqiqətlərin ölkə mətbuatında çap olunmasında xidmətlərim az olmayıb..."

Daha sonra əlavə edib bildirir ki; "1994-cü ildə „Budapeşt sammiti” zamanı Ulu Öndər Heydər Əliyevlə görüşümüzdən sonra, onun göstərişi əsasında ATƏTİN yeni seçilmiş sədri və o zaman Macarıstanın XİN-i Kovacs Laszlonun Azərbaycana səfərini təşkili etmişik. Ulu Öndərimizin 40 dəqiqəlik müsahibəni də ilk xarici media kimi Bakıda Macarıstanın məşhur „Panorama” verlişinin aparıcısı Demeter György alıbdır. O həm də Qarabağda cəbhə bölgəsində canlı çəkilişlər apararaq dəfələrlə macar mediasında yayımlamışdır. Bütün bunların təşkilatçısı olmuşuq. O zamankı ağır şəraiti nəzərə alaraq Azərbaycana 577.000 dollar dəyərində ərzaq məhsulları göndərmişik."

Ramiz Əmirli 2011-ci ildə "Macar-Azərbaycan Birgə Cəmiyyəti"ni  yaradıb. Bu Cəmiyyətin xətti ilə çox işlər görülüb. Ramil Səfərovun vətənə qaytarılmasında böyük xidmətləri var…

Deyir ki,- "Bir gün İlham Rəhimovla məşhur milyarder Qod Nisanov Macarıstana öz şəxsi təyyarələrində təşrif buyurdular. Onları ölkənin yüksək vəzifəli məmurları olan dostlarımla görüşdürdüm. İlham Rəhimovun xahişini nəzərə alaraq, onun həbsxanada zabitimiz Ramil Səfərovla 2 saatlıq görüşünü təşkil etdim. Belə bir iş halbuki həftələrlə zaman tələb edird."

Ramiz Əmirli isə bu işi bir telefon zənği ilə həll edib. Hətta, bu adam Ramil Səfərovu həbsxanada kompüterlə təchiz edib ki, bu da Macar tarixində görünməz istisna haldır. İstər macar istər azərbaycanlı dostları Ramiz müəllimi „Adsız qəhrəman” adlandırırlar...

"Azərbaycan prezidenti İlham Əliyevin göstərişini həyata keçirmək məqsədi ilə Ramil Səfərovun vətənə ekstradisiya işinin tamamlanmasına 2 il vaxt sərf etdmişik"- deyir. Onu da deyir ki, dostlarıyla birlikdə çox həyacanlı anlar yaşayıb və bu tapşırığı həyata keçirib…

Macarıstanda yaşasa da Azərbaycan dövlətinə həmişə sədaqətli olub. Macar rəsmilərinin Azərbaycana səfərlərində, Azərbaycan rəsmilərinin Macarıstanda görüşlərinin təşkil olunmasında yaxından iştirak edib. Ramiz Əmirli, Budapeştdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Əhməd Davudoğlu, Mövlud Çavuşoğlu ilə isə  dəfələrlə görüşü olub. Avropa Şurasında təmsil olunan Tökeş Laszlo, Gyöngyösi Marton, Dünya Cüdo Federasiyasının prezidenti Marius Vizer, Macarıstanın XİN-də çalışan, hal-hazırda Mongolustanda səfir olan xanım Borbala Obrusanszky ilə yaxın dostluq münasibəti var.

Mütaliə etməyi xoşlayır, milli musiqimizi dinləməkdən doymur. İstəyir ki, Azərbaycan cəmiyyəti dünyanın indi ki, ağır dövründə prezidentimiz İlham Əliyevin ətrafında bir yumruq kimi daha sıx birləşsin. Bizə düşmən münasibəti sərgiləyən xarici qüvvələrin təzyiqlərinə birgə sinə gəlməyi bacarmaq üçün.

Macarıstanda 850-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bir çox tələbənin yerləşməsində, müxtəlif problemlərinin həllində yardımçı olub.

Ramiz Əmirlinin Macarıstanda daimi yaşayış izni olsa da hər 10 ildən bir bu izni yeniləmək məcburiyyətində olub. Macar vətəndaşlığı olmadığına görə. Macar qanunu bunu tələb edir. Heç zaman ona bu iş problem yaratmayıb. Amma, bizə düşmən olan bəzi qüvvələr məhz macar qanunun bu boşluğundan məharətlə istifadə edib ona problem yaratmağı bacarıblar. Onlar 2020-ci ilin may ayında Ramiz Əmirlinin Macarıstanda yaşamaq iznini yeniləmək üçün verdiyi müraciətinə bəhanələr gətirtiməklə 5 illik deportuna nail ola biliblər. Çünki Ramiz Əmirli həmin o düşmən qüvvələrə qurşaqdan aşağı zərbəni çoxdan vurmuşdu. Çox şükür ki, doğma ailə və ikinci vətən həsrətinə tezliklə son qoyulacaq. Ramiz Əmirli gələn il yenidən ailəsinə və daimi yaşadığı Macarıstana dönəcək. Belə insanların həyatı onsuz da sürpüzlərlə dolu olur...

Bu mart günlərində xoşməramlı insanın doğum günüdür, 66-nı başa vurur. Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü və görəcəyi işlərdə yeni-yeni uğurlar arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.