“Qürbət yazıları” – Fərqanə Yusifqızının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Fərqanə Yusifqızının şeirləri təqdim ediləcək.                               

 

 

Eh…

Yenə də gəlmisiz,

boylanırsız içəri,

ay ömrümün ən acı,

şirin xatirələri.

Heç olmasa bu gecə

məndən bir az gen gəzin.

Heç olmasa bir yerdə

sakitcənə gizlənin.

Ağrı çöküb sinəmə,

nəfəs kimi yaxınsız.

Dağılmısız ömrümə,

bir az yorğun...

baxımsız...

Kirpiklərim qovuşur,

məni gecəyə qatın.

Yuxum var...

bir azacıq,

izn verin, qoy yatım...

 

 

YOXSAN

 

İçimdə külək əsir,

Amma ki, sərini yox.

Hər tərəf toz içində,

Gözüm səni arar hey.

Getdiyin boz yolların

Cığırında itmişəm.

Hər gələn qaraltıya

Əllərim uzanar hey...

 

Sel yuyubdu yolları,

Hər tərəfi dağıdıb.

Axıb gələn çay daşı

Dizimi yaralar hey.

Yoxsan, tətilə çıxıb

Xoşbəxt günlərim mənim.

Gizlətsəm də, xeyri yox,

Yanağım saralar hey...

 

Yatsam da, ruhum oyaq,

Sənsən təkcə ağlımda.

Yuxuma girir hərdən

Getdiyin oralar hey.

Səsin ilişib qalıb

Gedərkən qulağımda,

Ətrin isə özgənin

Yatağına dolar hey...

 

 

HARDASAN?..

 

Oturmuşam sahildə

Yağışlı bir sabahda.

Hamının çətiri var,

Mənlə dənizdən başqa.

Sənsizlik tüğyan edir,

İnan ki, hər qarışda,

Hardasan, söylə, harda?..

 

İslanmış ürəyimi

Günəş belə qurutmaz.

Sevən sevəni bir gün,

Bir dəqiqə unutmaz.

Dünya-aləm yığışa,

Həsrətimi ovutmaz,

Hardasan, söylə, harda?..

 

Bizim eşqin sahili,

Ünvanımı dəyişdi?

Yoxsa vüsal gəmimiz

Burulğanamı düşdü?

Bilirəm, bu gedişin

Geri dönməz gedişdi,

Hardasan, söylə, harda?..

 

İndi bu qərib şəhər,

İçində də mən varam.

Hər yanım paramparça,

Kökdən düşən bir taram.

Xəstə olan könlümə

Baş çəkəcək Yaradan.

Hardasan, söylə, harda?

Hardasan, söylə, harda?..

 

 

GECƏ

 

Gecənin bu vədəsi

Varmı daha bir oyaq?

Gəl gecənin gözündə

Tənhalığa son qoyaq.

 

Ulduzlu səmalara

Birgə səhayət edək.

Tənha aya baş çəkib,

Sonra da yerə enək.

 

Sübhə qədər oturaq,

Sənə danışım Ondan.

Başlamayan sevginin

Heç bitməyən sonundan.

 

Sən də nəfəs almadan

Mənə qulaq asarsan.

Bir sevgi hekayəsin

Yaddaşına yazarsan.

 

Dan yeri sökülməmiş

Getməyə çalışasan,

Bir vida nəğməsiylə

Gecəyə qarışasan.

 

 

***

 

İstəyirsən, ayrıl‚ get,

heç vecimə deyil ki.

Yalan söylədim‚ sənə

salmamışdım meyil ki.

 

Yuxum qaçanda gecə

düşməımisən yadıma.

O gözəl şeirlər də 

yazılmayıb adına.

 

Sənsiz alışıb-yanmaq –

havanın istisindən.

Gözlərimin dolması

Ocağın tüstüsündən.

 

Deyirəm ki, bu qədər

razı olma özündən.

Sanma, xoşbəxt oluram

bircə "salam" sözündən.

 

Bu sevgi oyununu

başlamadan gəl bitir.

Daha cavab gözləmə,

yazmayacam bir sətir.

 

Ya da hələ bitməsin,

Canım sıxılır yenə.

Deyəsən, darıxıram‚

Qoy zəng edim bir sənə...

 

 

PAYIZ SEVDALIM

 

Susmuş ürəyimin telləri dindi,

Dünya başdan-başa əlvan geyindi,

Qəlbim bundan belə doğma evindi,

Ay həsrət qoxulum, payız sevdalım.

 

Bu xəzan ömrümdə açıldı nərgiz,

Mənə doğma oldun, əzizdən əziz,

Nə desəm, bu hissin önündə aciz,

Ay həsrət qoxulum, payız sevdalım.

 

Bəlkə də, gec qaldıq qəfil gəlişə,

Şirin söhbətlərə, şaqraq gülüşə,

Axı necə gəlim sənlə görüşə,

Ay həsrət qoxulum, payız sevdalım?

 

Həyatın süprizi çaşdırdı bizi,

Bürüdü içimi sevgi dənizi,

Bilirəm, ömürlük qalacaq izi,

Ay həsrət qoxulum, payız sevdalım.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.