Cəfər Cabbarlının 125 illiyi adını daşıdığı kitabxanada qeyd edildi

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Daim ən müxtəlif tədbirlərlə ictimaiyyəti və istifadəçilərini sevindirən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasındakı növbəti tədbir gözlənilən idi. 

Belə ki, kitabxananın adını daşıdığı görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyini ölkəmiz qeyd edirdi, bu yubileyə, təbii ki, kitabxana biganə qala bilməzdi. 

Növbəti xəbərim bu barədədir. 

 

Anons edim: Kitabxanada keçirilən yibiley tədbirində görkəmli dramaturqun həyat və yaradıcılığı haqqında geniş söhbət açıldı. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, kitabxananın görkəmli dramaturqun yubileyi ilə əlaqədar həyat keçirdiyi tədbirlər – kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası, biblioqrafiya, ənənəvi və virtual kitab sərgiləri, videomaterial haqqında geniş məlumat verdi.

Professor Asif Rüstəmli Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışaraq, görkəmli dramaturqun xatirəsinin onun ev muzeylərində və Gənclər Kitabxanasında yaşandığını söylədi. 

Professor Tahirə Məmməd Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, heç bir halda əqidəsindən, amalından dönmədiyini bildirdi. 

Professor İsmayıl Məmmədov Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli, mövzu etibarilə rəngarəng, əhatəli və dərin məzmunlu olduğunu dedi. O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” kitabı haqqında məlumat verdi, lüğətdə verilən hər bir sözün dramaturqun dilində əks etdiyi mənaların doğma dilimizin ifadə imkanlarını daha da genişləndirmək baxımından dəyərli olduğunu söylədi. 

Cəfər Cabbarlı adına ev-muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının 125 illik yubileyi çərçivəsində keçirilməsi nəzərdə tutulan yerli və beynəlxalq tədbirlər, layihələr, səhnələşdiriləcək tamaşalar haqqında məlumat verərək, “Cəfər Cabbarlı mükafatı”nın verilməsinin bu ildən bərpa olunacağını qeyd etdi. 

Tədbirdə Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələrinin Cəfər Cabbarlının şeirlərindən ibarət kompozisiyası və kitabxana əməkdaşları tərəfindən hazırlanan “Varlığında bir dünya çırpınan sənətkar” adlı videomaterial nümayiş etdirildi.

Bir sözlə, kitabxanada böyük dramaturqun adına layiq bir tədbir baş tutdu.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.