BİR SUAL, BİR CAVABda Namiq Hacıheydərli Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Bir sual, bir cavab" rubrikamızın qonağı AYB, DGTYB-nin üzvü, "Ey türk doğulan", " Səni tapan itirməz", “Söz sənindir" və digər kitabların müəllifi, araşdırmaçı şair Namiq Hacıheydərlidir.

 

SUAL

 

Qoy ruhdan düşməsin dərdə düşənlər,

Hamının dərdindən halıdı dünya.

Sonunda hər kəsin haqqını verir,

Minillər şahidi, uludu dünya.

 

Gah ömür yoluna bəla gətirər,

Gah da yollarında çiçək bitirər,

Doğru yol tutanı haqqa götürər,

Əyriyə cəhənnəm yoludu dünya.

 

O kəs ki, düşməni öz tamahıdır,

Qazancı günahsız məzlum ahıdır,

Şərə dost olanın şahənşahıdır,

Haqqa dost olanın quludu dünya.

 

Nəbzi var, dili var, canlı, diridi,

Yaşayan varlığın o da biridi,

Dilini bilənə yaylaq yeridi,

Bilməzə düzlərin koludu dünya.

 

Ay Namiq, əməllər getməz havayı,

Hər kəsin önünə qoyular payı.

Kim deyir, azalıb onların sayı,

Yaxşı adamlarla doludu dünya. 

(Namiq Hacıheydərli)

 

Xoş gördük, əziz Namiq bəy.

Namiq bəy, bilirik ki, fizikada dəyişməyən qanunlar var, bəs bir insanda  zamanın dəyişə bilmədiyi hansı cəhətlər ola bilər, yaşanan "həyat süjeti"nə görə zaman xarakteri dəyişə bilərmi?

 

CAVAB:

 

İnsanın 2 yaradılışı var; 1.Tanrının yaratdığı insan 2. İnsanın öz -özünü yaratması. Əslində Tanrı insanın materialını yaradır və ona özünü gəlişdirmək üçün hər cür  potensialı verir. Biz bilirik ki, vərdişlər sonradan qazanılır. İnsan sonradan vərdişlərlə qazandığını tərk edə bilər. Lakin o xüsusiyyət ki, insana Tanrı tərəfindən verilib, o xüsusiyyətlər ki, insana genetik yaddaşla ötürülür, onları tərk etmək sadəcə olaraq mümkünsüzdür. Genəl olaraq insan xarakteri 40 yaşa qədər formalaşır. 40 yaşdan sonra insan xarakterinin ciddi şəkildə dəyişməsi qətiyyən mümkün deyil. Bu yaşdan sonra insan öz xarakterinə ən yaxşı halda hansısa redaktələr edə bilər. Zaman oturuşmuş xarakterə və genetik yaddaşdan gələn özəlliklərə ciddi dəyişiklik edə bilməz. Zamanın xarakterə redaktə etməsi də istisna deyil. Bu, ciddi sarsıntı, ciddi qorxu və ciddi xəyal qırıqlığı anlarında mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.