Super User
MAYIN İYUNA TAPŞIRIĞI - Əkbər Qoşalı yazır
May ayı başa çatır.
Bu ay Şuşanın, Laçının işğal günlərinin qaramatını deyil, əziz Şuşamıza ilk, laçın kimi Laçına növbəti köçün sevincini bölüşdük! Türk dünyasının böyük şəxsiyyətləri Atatürkün, Heydər Əliyevin dünyaya gəlişinin, Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun, İstanbulun fəthinin növbəti ildönümlərini bu ayda qürurla qeyd etdik. Başqa gözəllikləri də sıralaya bilərik: Qazaxın dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrımlinin) işğaldan qurtuluşunun, Xocalıya ilk köçün sevinci 2024-cü ilin beşinci ayını bir aydan daha artıq - əla aya çevirdi! Bəli, uğur uğur gətirir!
Bəli, müstəqillik böyük nemətdir! - Biz bu nemətin dadını-duzunu indi-indi görürük. Az qala müstəqilliyimizin “yaşıd”ı olan ağır işğallara son verdikdən sonra üfüqlər genişləndi, qara buludlar dağıldı, çəmbərlərin daralması bitdi! Zəfər parlaq Günəş kimi canımızı isitdi, ruhumuzu dirçəltdi, torpağımızı havalandırdı! Ayağı torpaqda möhkəm, başı buludlarda uca olmaq ayrı bir aləmdi!
May ayı başa çatır və necə deyərlər, bizi iyuna tapşırıb gedir: hər gələn ay daha üstün olsun deyə…
Ermənistan Respublikasında da nələrsə başa çatır amma nələrsə “balalayır”… Tavuşdan teylənən Kanadalı arxiyepiskop Baqrat Qalstanyan İrəvanadək gəlib (gedib) çıxdı və indi üzərindəki adıyaman missiyanı tamamlamağa çalışır. Sual olunur: həmin o yaramaz keşiş və onun arxasındakılar (yanıbaşındakılar) tam olaraq nə istəyir? - Bildiyimizi bilirik də, yəni əvəzçıxma havasınamı giriblər, yeni müharibəyəmi çağırırlar? Keşiş keşişdisə, sülhə çağırmalıdı ya müharibəyə? O keşişin arxasındakı, böyür-başındakılar hansı “ədalət”i təmsil edir? -
İlahi ədalət? - Deyil, kəsinliklə deyil və müzakirəyə gəlmir!
Bəşəri ədalətinsə burada (orada) heç bir hərfi də iştirak etmir. Yaxın keçmişdə soyqırım aktları, terrorlar törətmiş, işğalçılıq etmiş və hələ də Azərbaycandan üzr istəməmiş xalq, dövlət zatən bəşəri ədaləti təmsil edə bilməz! Bir milyon azərbaycanlını yer-yurdundan didərgin salıb, “əvəz”ində bir milyon mina basdıran zehniyyət sahibləri - beynəlxalq hüquq normalarını heçə sayan respublika hansı bəşəri iddiada ola bilər ki?
Dini ədalətmi? - O hansı dindir ki ədalətsizliyə, evyıxmağa, qan tökməyə, gərəksiz müharibəyə çağırsın? Varsa, o heç din deyil!
Bəlkə milli ədalət? - Axı sadə erməniyə adam kimi yaşamaq lazımdır, avantüra yox. Öz ağılları ucundan Bakıdan, Gəncədən, Tovuzdan, … dünyanın dörd tərəfinə səpələn(diril)miş ermənilər bir azərbaycanlı “zemlyak” görüncə ağlayır, keçmiş qonşularını soruşur, “heyf o illərdən!” deyir… İndi, bizim Qərbi Azərbaycanda bərqərar olmuş respublikalarını dirçəltmək ermənilərçün milli görəvdi ya olan-qalanlarını da itirmək? Axı: Dəmir Yumruq xəbərdarlıq edir, zarafat etmir!
Ya elmi ədalət ola bilərmi? - Əgər “elmi ədalət” qavramını işlətmək qəbulsa, mövcud elmlərin heç biri “bacarmadığını et”, “boyundan hündürə tullan”, “başqalarının əlində alət ol” deyəcək qədər kitabsız (elmsiz!) olamaz!
Beləliklə, keşiş sanılan Baqratın nə bağı gülüstan olmaz, nə atı irəli çapmaz! Vaxtilə Həkəri körpüsününün o üzündə sıralanan “yardım maşınları” kimi sabah - birisi gün o da üzünü çevirib geri dönər… Bacarsa, İrəvandan Tavuşa yürüyərək gedər… İstərsə, heç Tavuşa da dönməz - “Zvartnos”da uçağa minib, birbaş Amerikanın yolunu tutar…
Azərbaycan isə qurur-yaradır.
Böyük qayıdış öz nizamında davam və inkişaf edir.
Heç kəs deyə bilməz ki, bir gün Daha Böyük Qayıdış - soydaşlarımızın Qərbi Azərbaycana “ruh bədənə girən kimi” qayıdışı olmayacaq. Haqqın incəldiyini görən çox olub, amma üzüldüyünü görən olubmu? - Haqq incələr, üzülməz!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
"Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Türkiyədə çap olunub
Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Türkiyədə çap olunub.
AzərTAC xəbər verir ki, yeni nəşri Türkiyə türkcəsinə “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru Bəxtiyar Aslan çevirib.
Kitabın “Ön söz” müəllifi görkəmli türkoloq alim, professor Əhməd Bican Ercilasun, “Son söz” müəllifi isə Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun müdiri Burak Ekedir.
Professor Əhməd Bican Ercilasun “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının “Ön söz”ündə yazır: “Qeyri-səlis məntiq “0” ilə “1” arasında bir çox dərəcənin olduğunu proqnozlaşdırır. Lütfi Zadənin 1965-ci ildəki məqaləsi əslində “ya o, ya budur” şəklində klassik Aristotel məntiqinin rədd edilməsidir. “O” ilə “bu” arasında bir çox fərqli dərəcələr var. Bir çox texnoloji inkişafa səbəb olan Lütfi Zadə öz nəzəriyyəsinin ictimai elmlərə də tətbiq olunmasını çox arzulayırdı. Bu kitabla onun bu arzusu gerçəkləşdi... İndi əlimizdə Bəxtiyar Aslanın Türkiyə türkcəsinə tərcümə etdiyi “təkmilləşdirilmiş nəşri”nin mətni var. Düzdür, belə mücərrəd əsərin tərcüməsinə çalışmaq cəsarət tələb edir. Bəxtiyar bəy bu işi uğurla başa vurub”.
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin ideyalarının təbliğində mühüm rol oynayan “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı qeyri-səlis məntiqin ədəbiyyata ilk tətbiqidir. Burada “Kitabi-Dədə Qorqud”a qeyri-səlis məntiq prizmasından yanaşma dastanın tədqiqi prosesinə yeni ruh verir. İlk dəfə olaraq qeyri-səlis məntiq prinsiplərinin qədim dastana tətbiq edildiyi kitabda müəlliflər əcdadlarımızın düşüncə tərzinə xas olan demokratik əhvalı “Dədə Qorqud” boylarının gizli dil qatlarında aşkarlayırlar.
Lütfi Zadənin məntiq nəzəriyyəsindən bəhrələnərək ərsəyə gələn “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı qorqudşünaslar, informasiya nəzəriyyəçiləri və məntiqçilər üçün eyni dərəcədə maraqlıdır. Öz unikallığı və aktuallığı ilə seçilən kitab həm qədim miflərin, həm də müasir ədəbiyyatın strukturunu öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Kitab üç dəfə Azərbaycanda, habelə Almaniyada və indi də Türkiyədə çap olunub. Eyni zamanda, kitabın ingilis dilində nəşrinə hazırlıq görülür.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
“Tanı, Oxu, Tanıt" layihəsindən növbəti görüş Sumqayıtda baş tutdu
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində növbəti tədbir Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin aparıcısı Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbiri giriş sözü ilə açaraq ədəbiyyat könüllülüyünün önəmindən bəhs edib.
Ardınca DGTYB başqanı, şair, “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsinin rəhbəri İntiqam Yaşar tədbir iştirakçılarına layihə və “Ədəbiyyat könüllülüyü”, “Ədəbi toplu-2024” kitabları barədə məlumat verib.
Daha sonra Azərbaycan Ədəbiyyat Fondurun direktoru, yazıçı Varis Yolçuyev, DGTYB İdarə Heyətinin üzvü, şair Yusif Nazim, DGTYB İH üzvü, şair Elvin İntiqamoğlu, DGTYB İH üzvü, şair Şükür Əli, şair Şəhriyar Seyidoğlu, DGTYB başqan müavini, şair-publisist Ayşən Rəhim və DGTYB İH üzvü şair Cəmil Cəmilbəyli, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhəhtçisi Bayram Cəfərliyə və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məslhətçisi Həsən Həsənliyə, yazıçı Almaz Bəyazidə, Sumqayıt Dövlət Universitetinin müəllimi Əli Rzazədəyə söz verilib. Onlar DGTYB-nin sözügedən layihələri barədə söz açıb, Layihənin cəmiyyət üçün önəmindən bəhs ediblər. Tədbirdə iştirak edən yazarlar “Ədəbi toplu – 2024” adlı kitabda yer alan şeirlərini səsləndiriblər.
Tədbirin sonunda iştirakçılara təşkilat tərəfindən nəşr olunan kitablar hədiyyə edilib, diplomlar verilib, xatirə şəkli ilə tədbirə yekun vurulub.
Qeyd edək ki, “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində çap olunmuş kitabın məsləhətçisi Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, redaktoru DGTYB başqan müavini Taleh Mansur, kitabın tərtibçiləri DGTYB başqan müavini Ayşən Rəhim, DGTYB üzvü Rizvan Fikrətoğlu, dizayn-tərtibatçısı isə DGTYB İdarə Heyətinin üzvü Sərvər Kamranlıdır.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
Bakı qlobal startap ekosistemi reytinqində 68 pillə irəliləyib
30 may 2024-cü il tarixində dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan “StartupBlink” təşkilatı tərəfindən “Qlobal startap ekosistemi indeksi”nin 2024-cü il üzrə hesabatının təqdimat konfransı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən ölkəmizdə özəl sektora dəstək, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəindən bu istiqamətdə həyata keçirilən tədbirlər, hədəflər və yeniliklər diqqətə çatdırılıb.
Agentlikdən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, hesabatda dünya üzrə startapların inkişafı üçün münbit şəraitin olduğu 100 ölkə və 1000 şəhər seçilib. Ötən illə müqayisədə Azərbaycan reytinqdə 4 pillə irəliləyərək top 80-liyə daxil olub. Bakı isə şəhərlərarası reytinqdə 68 pillə irəliləyərək ən yüksək nəticə göstərmiş 350 şəhərdən biri olub.
Reytinq hesablanarkən şəhərlərdə innovasiya mərkəzlərinin, investorların, qeydə alınmış startapların və akselerasiya proqramlarının sayı, o cümlədən startaplar üçün yaradılmış infrastruktur və onlardan istifadə, güzəşt mexanizmləri, universitetlərdə innovasiya tədbirləri, startap bazar həcmi, tədqiqat və araşdırma işləri kimi meyarlar nəzərə alınır.
Xatırladaq ki, Dövlət Agentliyi 2022-ci ildən etibarən "StartupBlink" təşkilatının ölkə üzrə əsas partnyorudur.
Ölkəmizin beynəlxalq reytinqlərdə daha da irəliləməsi üçün yerli innovasiya ekosisteminə dair yeniliklər, reallaşan layihələr və dəstək tədbirləri ilə bağlı məlumatların beynəlxalq arenada paylaşılması istiqamətində işlər davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
“Çətinlər bu qədər asan sevilməz..” - Kəmaləddin Qədimin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Kəmaləddin Qədimin şeirləri təqdim edilir.
KİMİNSƏ UNUDUB GETDİYİ ADAM
Bir ac sərçəsinə dənəmmişəm mən,
Bir tox sərçəsinə ögeyəm, yadam.
Bu yolayrıcında mənəmmişəm, mən –
Kiminsə unudub getdiyi adam.
Həsrətə halım yox, dərdə tabım yox,
Dözümü hardasa qoyub gəlirəm .
Bitməyir özümlə haqq-hesabım, yox,
Özümü hardasa qoyub gəlirəm.
Baxın, bu qurağa axan su mənəm,
Özüyəm, qurağın özüyəm ya da.
Dəyişik salmayın mənəm, bu mənəm –
Özünü hardasa axtaran adam.
Bir qadın sevmişdim, şirin, çox şirin,
Şəkərdi, unutdum, baldı, unutdum.
Gözlərim ardınca yeriyib getdi,
Əllərim əlində qaldı, unutdum.
Nə hələ gün düşür o çəkən dağa,
Nə hələ o adlı yaram sağalıb.
Vallah, əzrayıl da tapmır almağa,
Canım o qadının yanında qalıb.
Bir ac sərçəsinə dənəmmişəm mən,
Bir tox sərçəsinə ögeyəm, yadam.
Bu yolayrıcında mənəmmişəm, mən,
Kiminsə unudub getdiyi adam.
HƏLƏ ZAMAN TUTUR, VAXT TUTUR MƏNİ...
Hələ zaman tutur, vaxt tutur məni,
Hələ özü bilən sayaq saxlayır.
Unutmaq istəyən unudur məni,
Kimdəsə var bir az maraq, saxlayır.
Xəlvət dayansa da qəsdimdə ölüm,
Uca qamətimdə, şəstimdə ölüm.
Gəzdirir gözünün üstündə ölüm,
İlahi, nə gözəl qonaq saxlayır...
Ətrafda nə varsa adamsayağı,
Yerişlər, duruşlar saxta, bayağı.
Gör necə götürür üzlər boyağı,
Üzləri gör necə boyaq saxlayır...
Qərib şəhərlərin, qərib köylərin
Dustaq adamları, zindan öyləri.
Nəyin üzərində durur göyləri,
Göyləri hansı güc, dayaq saxlayır?
Bilmirəm yuxumu, gerçəkmi adı,
Vallah, bir başqadır ləzzəti, dadı.
Hər gün ziyarətə gəlir bir qadın,
qəbrimin yanında ayaq saxlayır.
Nə yaman qəribə, qərib bu dünya,
Nə üzlər, sifətlər görüb bu dünya...
Divini yuxuya verib bu dünya,
Hərdən Cırtdanını oyaq saxlayır.
QARI NƏNƏMİN SON GÜNLƏRİ
Oturur ağrıyır, durur, ağrıyır,
“Allahım bu nə can, bədən?” deyinir...
Gərək tez gələydi deyir, bu gələn,
Gərək getməyəydi gedən, deyinir...
Qalmayıb ağrının ləzzəti, dadı,
Ayıra bilməyir qohumu, yadı.
Üstdə ”yarı gəlin, yarı qız” adı,
Tənha qoyub gedib dədəm, deyinir...
Deyirəm, bəlkə də, azı, ən azı
Darğındı, küskündü, çəkilmir nazı.
Kimdən narazıdı, nədən narazı,
Özü də bilmir ki, nədən deyinir...
Elə uzun-uzun yollara baxır,
Torlanmış gözündə şimşəklər çaxır.
“Harada sülənir bu ölüm axı,
Gəlib çatmadımı vədəm?”, deyinir...
MƏN ELƏ SONRAKI AĞIL KİMİYƏM
Diksinməz ahıma, naləmə Tanrı,
Çatsın adamlara naləm, çətin ki...
Qutsaldır, and içib qələmə Tanrı,
Büdrəsin əlimdə qələm, çətin ki...
Bu şər dedikləri minillik şərsə,
Hələ çox gedəcək işimiz tərsə.
Aləm ölər, – deyir, – alim ölərsə,
Alim ölüb gedir... aləm, çətin ki...
Əlimin bayrağı, ələmi dərddən,
Bağrıbadaş olur beləmi dərddən?
Eşq ilə tutmuşam şələmi dərddən,
Çətin, ağır gələ şələm, çətin ki...
Bir az son kimiyəm, axır kimiyəm,
Bir az röya kimi, nağıl kimiyəm.
Mən elə sonrakı ağıl kimiyəm,
Qayıdıb başıma gələm, çətin ki...
ÜSTÜNDƏ SƏBRİN OLMAZ?
Hər quş xəbər gətirməz,
Hər quş göyərçin olmaz.
Nə yuxular görərsən,
Birisi də çin olmaz.
Ha qoru, çək keşiyin
Bu bumbuz, boş beşiyin.
Yaşarsan, ev-eşiyin,
Ölərsən, qəbrin olmaz.
Vaxt da kəskin, sərt gələr,
Əldə min cür şərt gələr.
Bir gün Qiyamət gələr,
Hesabın, cəbrin olmaz.
Gözlərində nəm artıq,
Kədər artıq, qəm artıq.
Dözə bilmirəm artıq,
Üstündə səbrin olmaz?
ÇƏTİNLƏR BU QƏDƏR ASAN SEVİLMƏZ...
Yarımaz dünyaya hər gələn adam,
Dünyaya hər ayaq basan sevilməz.
Gözdən uzaqlarda köhnələn adam,
Qaydan bəyənilməz, yasan sevilməz.
Zaman bir başqadı, qardaş, sən başqa,
Torpaqda dən başqa, saçda dən başqa.
Üstündə kağızdan, qələmdən başqa
Bir şey tapılmayan masan sevilməz.
Söylə, görmədinmi darda, çətində
Nələr zahirdəydi, nələr bətndə?
Sevilməz Yezidlər səltənətində,
Sevilməz, Hüseyn, Həsən sevilməz.
Çox da korun-korun əriyən şamsan,
Nolacaq, əriyib dibinə damsan?
Hələ də deyirlər, çətin adamsan,
Çətinlər bu qədər asan sevilməz..
PIÇILDAR MƏNİ
Mənsizlik məndən sonra
Əlbət, pıçıldar məni.
İtirmədiyim abır,
İsmət pıcıldar məni.
Tənhayam, təkmişəm ki,
Kimə gərəkmişəm ki?
O qədər çəkmişəm ki,
Həsrət pıçıldar məni.
Çox qalmaram canda, çox,
Damarda çox, qanda çox.
Eldən-obadan da çox
Qürbət pıçıldar məni.
Tək adı yar evində,
Nəfəsi dar evində.
Bir qadın var, evində,
Xəlvət pıçıldar məni.
Arıtmasa su daşı,
Göz yaşınla yu daşı.
Bu qayanı, bu daşı
Tərpət, pıçıldar məni...
SEÇİM YANLIŞ OLUB...
Bir ömür sürmüşəm yaxşı-yamanlı,
Çox da işim-gücüm çalışmaq olub.
Çox da ki, oğulun-qızın yanında
Alnım açıq olub, üzüm ağ olub.
Seçim yanlış olub, seçim, bəlkə də,
Gərəkmiş üstündən keçim, bəlkə də.
Ən böyük günahım, suçum, bəlkə də,
Bu bəxtlə, teleylə barışmaq olub.
Ha sev sevdiyini sev, gedən, artıq
Saçımda, başımda sevgi dən artıq.
Eh, mənim sevgim də, sevgidən artıq
Birinə öyrəşib, alışmaq olub.
Hərdən olmamışam özümdə, Tanrı,
Yox olub bu dünya gözümdə, Tanrı,
Bağışla şeirim də, sözüm də, Tanrı,
Sənin işlərinə qarışmaq olub.
BİLİRƏM Kİ, MƏLƏK BİLİR...
İtiriblər bir apaydın səhərdə,
Ya dumanda, çəndə məni, fərqi yox.
Gəzən yoxsa bu qosqoca şəhərdə,
Görən, yoxsa məndə məni, fərqi yox.
Nəsən, yağış, çölün sudu, için su,
Sənə dözmək nədir ki, bir içim su.
İslanmışın yağışdan nə qorxusu,
Sən də islat, sən də məni, fərqi yox.
Son şərqimdi ac sərçənin oxusu,
Nəfəsim yox dırmanım bu yoxuşu.
Ya torpağı yem eyləsin, ya quşu
Bu bədəndə, təndə məni, fərqi yox.
Nə “baxaq”, nə “görək” bilir Allahım,
Gərəkəni gərək bilir Allahım.
Bilirəm ki, mələk bilir Allahım,
Kim bilirsə, bəndə məni, fərqi yox.
ÇIXIN İÇİNDƏN BOYANIN
Kimdi bu saxlayan məni,
Özünə bağlayan məni?
Kimdi, kim, ağlayan məni
Qəbrin dalında gizlənib?..
Min ayəsi var kitabın,
Aç kitabı, haqqa tapın.
Elə hər kəs bir hesabın,
Cəbrin dalında gizlənib.
Bu şan-şöhrət, bu var, kişi,
Yaşamağa nə var, kişi?
Nə boyda laydivar kişi
Səbrin dalında gizlənib...
Çıxın içindən boyanın,
Məndən uzaqda dayanın.
Mən ölmüşəm bir həyanın,
Abrın dalında gizlənib...
URUDSUZ GƏLMİŞDİ, URUDDU GETDİ
Qonşumuz Urudlu Aynişan xala yuxuma gəlmişdi
Yuxuma gəlmişdi Aynişan xala,
Umudsuz gəlmişdi, umuddu getdi.
O qədər şad xəbər dedim ki, vallah,
Dərdini-qəmini unutdu, getdi.
Bir az yaş gəlmişdi yaşının üstdə,
Qırışlar artmışdı qaşının üstdə.
Dedim ki, Şuşanın başının üstdə
Sən deyən o qara buluddu, getdi.
Sonunda gücümüz gəldi kara, bax,
Sağaldı, korşaldı o bəd yara bax.
Artıq azad olub külli-Qarabağ,
Gözünün yaşını qurutdu, getdi.
Gördüm ki, danışmır nəsə Uruddan,
Qıymadım bir az da susa Urudddan.
Bir şeir oxudum Musa Uruddan,
Urudsuz gəlmişdi, Uruddu getdi.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
Mehdi Hüseynin böyük etirafı
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Xalq yazıcısı Mehdi Hüseyn görkəmli yazıçı, dramaturq, tənqidçi və tanınmış ictimai xadim idi. İsmayıl Şıxlı yazırdı: “Mehdi Hüseynin tənqidi də, bədii yaradıcılığı kimi həm əhatə etdiyi mövzu, həm də poetikası baxımından rəngarəngdir. Belə ki, o bir neçə ədəbi janrda əsər yazdığı kimi, tənqidin də müxtəlif sahələrinə əl atıb. Biz onun tənqidi əsərləri içərisində ədəbiyyat tarixinə, müasir ədəbi məsələlərə, teatr tənqidinə, aktyor sənəti haqqında mülahizələrə, rus və dünya ədəbiyyatı barədə çox qiymətli fikirlərə rast gəlirik”.
Professor B.Xəlilov qeyd edirdi ki, “İsmayıl Şıxlı Mehdi Hüseynin bir münəqqid və ədəbiyyatşünas kimi söylədiyi fikirləri iki yerə ayırır: birincisi, münaqişələr dövründə (1937-ci ilə qədər) söylənilən fikirlər, ikincisi, münaqişələrdən sonrakı dövrdə yaranan ədəbi-tənqidi mülahizələr. İ.Şıxlı onun hər iki dövrdə yazdığı ədəbi-tənqidi məqalələri barədə düzgün mövqeyini bildirməklə yanaşı, ayrı-ayrı yazıçılar barədə yanlış mülahizələrini də diqqətdən qaçırmır”.
“Münaqişələr dövründə “ayrı-ayrı yazıcılar barədə söylənmiş yanlış mülahizələrdən” bəziləri də klassik ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən olan C.Məmmədquluzadə haqqında idi.
Hələ keçən əsrin 30-cu illərində M.Hüseyn “Ədəbi döyüşlər” (1932) kitabında M.Cəlilin yaradıcılığından bəhs edir, onun ədəbiyyat və içtimai fikir tariximizdəki yerini müəyyən etməyə çalışırdı. Əlbəttə, Mehdi Hüseyn də müasirləri kimi, dövrünün övladı idi, sovet rejiminin tələb etdiyi, cidd-cəhdlə qoruduğu çərçivələrdən o qədər də kənara çıxa bilməzdi. Marksist tənqidin sosioloji metodologiyasının təsirinə qapılan, bir müddət rappçılığa da meyl edən M.Hüseyn “vulqar siosiologizmin təsiri” ilə C.Məmmədquluzadəni “cığırdaş”, “proletar inqilabından əvvəl demokratik xırda burjua cərəyanının qüvvətli nümayəndələrindən biri” adlandırırdı.
Sonralar o, dahi C.Məmmədquluzadənin yaradıcılığına dərindən bələd olduqca, onun yaradıcılığının ehtiva dairəsinin nə dərəcədə geniş oduğunu gördükcə və burdakı estetik gözəlliyi duyub qiymətləndirdikcə yanlış mövqe tutduğunu etiraf etmişdi.
Böyük yazıcımız İ.Əfəndiyev öz xatirələrində yazırdı ki, bir dəfə M.Hüseyndən nə üçün belə etdiyini soruşdum. O, boğulurmuş kimi dərindən köks ötürüb dedi: “Bunlar hamısı, – lənətə gəlmiş vulqar sosiologizm – bizi … uzaq salmışdı. Biz tribunalarda döşümüzə döyüb Cəfər Cabbarlı kimi, Cavid kimi gözəl sənətkarlarımızın, Əhməd Cavad, Sanılı kimi şairlərimizin, hətta Mirzə Cəlil kimi böyük ədibimizin hərəsinə bir- bir damğa vururduq. Kimini pantürkist, kimini xırda burjua yazıçısı, kimisini nə adlandırırdıq. Biz Yusif Vəzir kimi, Cavid kimi təmiz insanlara siyasi böhtanlar atmaqdan da çəkinmirdik. Biz o tribunalardan hətta klassiklərimizə də atəş açırdıq”.
Bu, əslində, “ədəbiyyata qabaqcadan hazırlanmış ölçülərlə yanaşmağa” məcbur qalan bir insanın səmimi etirafı idi. Belə bir etirafa onun tərcümeyi-halında da (1958) rast gəlirik.
Ötən əsrin 40-cı illərindən sonra M.Hüseyn özünün “Dahi sənətkar” (1941), “Düşündürən sənətkar” (1947) və digər məqalələrində M.Cəlilin yaradıcılığını daha dərindən və obyektiv qiymətləndirir, XX əsr ədəbiyyatınin inkişafında onun nəsrinin, dramaturgiyasının və publisistikasının böyük rol oynadığını göstərirdi. 1952-ci ildə yazdığı “Ədəbiyyatşünaslıqda marksizmi təhrif əleyhinə” adlı məqalədə o, M.Rəfilinin M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi sənətkarların rolunun azaltmaq, onların ədəbi-içtimai rollarına kəmetinalıq göstərmək cəhdini tənqid edərək deyirdi:
“Bu nədir, üzdə “ifrat inqilabçılıq”, əsl həqiqətdə isə ədəbi irsə rappçılıq cəbhəsindən yanaşmaq deyilmi?”
O, C.Məmmədquluzadə yaradıcılığına etinasız yanaşmaları kəskin tənqid etməklə bərabər, yazılarında M.Cəlilin böyüklüyünün sirrini açmağa çalışırdı. Dahi ədibi dərindən öyrəndikcə onun böyüklüyünü israrla etiraf edən M.Hüseyn yazırdı:
“…bizim qarşımızda adi məişət yazıcısı durmayır, bəlkə də, bu dörd-beş cildlik əsərləri ilə milli ədəbiyyatımızda böyük bir dövr açmış dahi sənətkar durur. Bu sənətkarın əsərləri yarım əsrə yaxın bir zamanın ağır imtahanından keçərək bu gün də yaşayır. Cəsarətlə deyə bilərik ki, onlar sabah da yaşayacaq. Məsələ belədirsə, Molla Nəsrəddin bu gün bizimlə yanaşı duraraq yeni dünyanın keşiyini çəkir, onun mübarizə səngərində yenə eyni mərdliklə vuruşur…”. M.Hüseyn M.Cəlilin böyüklüyünü onun öz mühitinə, xalq həyatına, milli ədəbi ənənələrə möhkəm bağlılığında, xalqı özünüdərkə çağırmasında, həmçinin mütərəqqi ideyaları müdafiə etməsində, mütərəqqi qüvvələrin qələbəsinə olan inamda, sənətkarlıq məharətində görürdü. Onun M.Ə.Sabir haqqında dediyi “Sabirin yaradıcılığı vətəndaşlıq motivləri ilə nəfəs alırdı” fikrini qeyd-şərtsiz C.Məmmədquluzadəyə də aid edə bilərik.
Ədəbi prosesdə ənənələrin rolunu yüksək qiymətləndirən, lakin ona doqmatik münasibəti qəbul etməyən, yaradıcı münasibətin tərəfdarı olan, müasirliyi duyaraq və anlayaraq yazanların həm də klassik ənənələrə sadiq qaldıqları qənaətində olan M.Hüseyn öz əsərlərində C.Məmmədquluzadə ənənələrinin davam etdirilməsinin vacibliyini bildirirdi. Bu baxımdan M.Hüseynin “...biz Molla Nəsrəddinin ölümünü şərti hesab edirik. Çünki onun ənənəsi ölməmişdir. Onun vətənpərvər ürəyi bizim köksümüzdə çırpınır...” sözlərini gəlişigözəl sözlər saymaq olmaz. O,"Biz, Azərbaycan sovet nasirləri, Cəlil Məmmədquluzadənin "Poçt qutusu"ndan çıxmışıq" (M.Cəlal) məşhur aforizmində çox mühüm bir ədəbi həqiqətin ifadə olunduğunu yazırdı.
“C.Məmmədquluzadə o tarixi şəxsiyyətlərdəndir ki, onların mübarizələrdə keçən fəaliyyəti mənsub olduqları xalqın tərəqqisində böyük təkan olur, onlar öz doğma yurdunu on illərlə irəli salırlar. O şəxsiyyətlərin surəti nəsillər üçün vətənrərvərlik, qeyrət və fədakarlığın nümunəsinə çevrilir.”
Təsadüfi deyildir ki, Mehdi Hüseyn Cəlil Məmmədquluzadəyə həsr etdiyi və 1941-ci ildə nəşr olunmuş “Dahi sənətkar” məqaləsində yazırdı ki, “Biz Molla Nəsrəddindən çox şey öyrənə bilərik və öyrənməliyik. Biz onun sənətkarlıq sirlərini və üsullarını öyrənmək yolu ilə bugünkü nəsrimizi qat-qat yüksəldə bilərik. Xüsusən düşündürmək məharətini Molla Nəsrəddindən öyrənmək lazımdır və zəruridir”. O, yazıçılara “Bədii ustalıqda Molla Nəsrəddin kimi klassik bir lokanizm yolu tapmaq, qəzəbi də, məhəbbəti də, kədəri də, sevinci də təsvir edilən lövhənin bədii məntiqində onun kimi ifadə etməyi bacarmağı”, “süjet qurmağı, hadislələr arasında möhkəm vəhdət yaratmağı, mənalı və dərin bir məntiqlə obrazları inkişaf etdirməyi, heç bir gözlənilməz və damdandüşdü macəraya yol verməməyi” məsləhət görürdü.
Qeyd edilənlərlə yanaşı, görkəmli tənqidçi böyük sənətkarın yazı üslubunu, dil və bədii təsvir vasitələrini ölçüyə, meyara və ülgiyə çevirməyin əlehinə idi. O, Mirzə Cəlildən yaradıcılıqla istifadə etməyin, öyrənməyin tərəfdarı idi.Ən gözəl ənənələri belə sadəcə təkrar etməyi qətiyyətlə rədd edir və yazırdı: “Ənənəni mexaniki təkrar edənlər, ədəbi inkişafımıza yeni bir şey də əlavə edə bilməzlər”. Ümumiyyətlə, bədii yaradıcılıqda təkrarı və təqlidi kəskin tənqid edən M.Hüseyn C.Məmmədquluzadənin bəzi əsərlərinin N.V.Qoqolun bəzi əsərlərindən iqtibas (“Qurbanəli bəy – “Kolyaska”, “Ölülər” – “Müfəttiş”) olduğunu iddia edənlərə qarşı çıxaraq bildirirdi ki, bu təkrar yox, konkret mühitin yetirdiyi, öz dövrünün və xalqının oğlu olan istedadlı bir sənətkarın başqa bir sənətkardan yaradıcılıqla faydalanmasıdır.
M.Hüseyn məqalələrində ədibin realizminin, xüsusilə, satirasının "böyük ideallara" xidmət etdiyini yazır, dramaturgiyasını "böyük fikirlər, canlı xarakterlər dramaturgiyası" adlandırırdı. "Azərbaycan romanı haqqında" adlı məqaləsində yeni, müasir Azərbaycan nəsrinin, yeni milli romanın yaranmasında Mirzə Cəlil ənənələrinin misilsiz rolunu da dönə-dönə qeyd edirdi.
M.Hüseyn M.Cəlili özünün müəllimi hesab edir və deyirdi: ”Molla Nəsrəddin təkcə yumoristik və satirik əsərlər yazan sənətkarlarımızın müəllimi deyil, həm də hər bir Azərbaycan (sovet) yazıçısının müəllimidir”. “...onun ölüm günündən 10 il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik, çünki o özündən sonra da əsrlər boyu yaşayan, ölməz sənətkarlar qəbilindəndir”.
M.Cəlilin məşhur “Ölülər” tragikomediyası M.Hüseyni valeh etmiş, onu heyrətə gətirmişdi. O, qürurla yazırdı: “Ölülər” olduqca orjinal və dahiyanə yazılmış bir komediyadır... Burada Molla Nəsrəddinin bütün dünya ədəbiyyatında ikinci bir rəqibi yoxdur... Molla Nəsrəddin fəxrlə deyə bilər: “Dünya ədəbiyyatında mənim də payım var!” Təsadüfi deyildir ki, C.Məmmədquluzadənin “Ölülər”də istifadə etdiyi priyomlar sənətkara bilavasitə təsir göstərmişdir.
Onu da qeyd edək ki, M.Cəlildən öyrənən, ondan təsirlənən və onun ənənələrini yaradıcılıqla davam etdirənlərdən biri də elə M.Hüseyn özüdür.Bu barədə M.Hüseynin özü yox, əsərləri danışır. Onun hekayələrindən digər klassiklərlə yanaşı, M.Cəlilin hekayələrinin ətrini duymaq çox da çətin deyil. “Qabar”, “Çinar”, “Şeytanın barmağı”, “Azar”, “Yaxşılıq” və digər hekayələrində M.Hüseyn “böyük demokrat” kimi mütərəqqi ideyaları ehtirasla müdafiə edir.
O, “Ölülər”dəki ədəbi priyomlardan özünün “Tərlan” və “Qara daşlar” romanlarında geniş istifadə etmişdir. Məsələn, “Tərlan” romanında Tərlanın monoloqu ilə İskəndərin monoloqu arasında daxili və zahiri yaxınlıq dərhal nəzərə çarpır. Yaxud “Qara daşlar”da Mollayevə zəng etmək üstündə düşən mübahisə Şeyx Nəsrullahın otağına girib-girməmək barədə məşvərət edən hacı və kərbəlayıların hərəkətinə çox oxşayır və s. M.Cəlilin məharətlə işlətdiyi belə üsullardan istifadə etməklə M.Hüseyn adları çəkilən əsərlərdə bəzi surətlərin xarakterini hərtərəfli açmağa müvəffəq olmuşdur. Bu cür nümunələr M.Hüseynin istəsə də, istəməsə də M.Cəlildən bir şeylər mənimsədiyini göstərir. Bu barədə görkəmli alim Y.Seyidov özünün 1979-cu ildə çap olunmuş “Mehdi Hüseyn” adlı monoqrafiyasında xeyli maraqlı nümunələr verir.
Qeyd etdiklərimiz M.Hüseynin peşəkar ədəbiyyatşünas kimi C.Məmmədquluzadənin yaradıcılığını yüksək qiymətləndirərək bu barədə öz aktual mülahizələri ilə ədəbi prosesə istiqamət verdiyini, eləcə də onun özünün bir yazıçı kimi püxtələşməsində görkəmli M.Cəlilin böyük rol oynadığını göstərir. Onu da qeyd edək ki, bu əlaqələr yeni tarixi şəraitdə yeni tədqiq və təhlilə möhtacdır.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
BİR SUAL, BİR CAVAB Vahid Əziz ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm, vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, əzizim…
Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır,
Arzuları nakam qalan dünyadır,
Dağılanı düzmək olmur, əzizim…
Heç bilməzdim daşım belə ağırdır,
Bəxtim belə bicarədir, fağırdır,
Gedəcəyəm, göylər məni cağıdı,
Daha yerdə gəzmək olmur, əzizim…
Kaş ki, dünya zalımlığın ataydı,
Qəlbim bir an istəyinə cataydı,
Yaşamağım göz yaşıdır, haraydır,
Göz yaşında üzmək olmur, əzizim…
Dalğalara yalvarmaqdan bezmişəm,
Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, əzizim…
(Vahid Əziz)
Dəyərli xalq Şairimiz, bu dünya tələdirmi, yoxsa, vicdanını qalxan edib şərlə, nəfslə, heyvani hisslərlə, nadanlıqla mübarizə aparmaqdır, ya da ki, nəfsinə nökər olmaq? Nədir həyatın anlamı?
CAVAB:
Mən hər zaman inqilabi ruhla yaşayan bir adam olmuşam və vicdanıma söynərək, əxlaqıma güvənərək mübarizə aparmışam.
Lap gənc yaşlarımdan Moskvada Azərbaycan üzrə xüsusi müxbir olmuşam, Bakı partiya komitəsində çalışmışam, Ulu Öndər Heydər Əliyev məni Mərkəzi Komitədə işə qəbul edib. Həmişə vicdanımı, ləyaqətimi qorumuşam. Hətta mən Mərkəzi Komitədən çıxandan sonra mənə salam verib, hörmət edənlərin sayı daha da çox olub, çünki özümü ləyaqətlə aparmışam, " dartmamışam" bu mənim xasiyyətimə yaddır.
Haqqsızlığa qarşı mübarizə aparmışam, hətta doğma qardaşımın belə günahkar olduğu bir işdə onun tərəfində yox, onunla mübarizə aparan- haqqın tərəfində olmuşam. Düşünürəm ki, insan vicdanın qulu olmalıdır, vicdan insanın qulu olmalı deyil. İnsan gərək ağlı üstün tuta, ürəyi üstün tuta. Hisslərlə və ağılla birgə yaşaya, hisslər və ağıl birləşəndə insan təmiz, ləyaqətli olur. Yəni, hissə qapanıb kiminsə ziyanına iş görmür və yaxud da çox kövrəlib, primitivləşib haqqsızlığa yol açmır.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
Bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında hesabat konserti olacaq
Bu gün Dövlət Uşaq Filarmoniyasının Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Sülh göyərçinləri” adlı hesabat konserti təşkil olunacaq.
Bu barədə Filarmoniyanın yaydığı məlumatda deyilir.
Bugünkü proqramda Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, “Güləbətin” vokal ansamblı, “Şəms” uşaq xoru, oğlan və qızlardan ibarət rəqs ansamblı çıxış edəcək.
Konsert Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Gül kələm qızartması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Gül kələm qızartmasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Gül kələm – 130 qr
§ Yumurta – 40 qr
§ Un – 10 qr
§ Yağ – 30 qr
§ Duz – 4 qr
§ İstiot – 0,2 qr
HAZIRLANMASI:
Yumurta çalınır, un, duz, istiot vu- rulur. Kələmin gül hissəsi kökündən ayrılır. Kələm yumurtalı məhlula ba- tırılır və yağda qızardılır.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
POETİK QİRAƏTdə İqbal Nəhmətin “Yaddan çıxıb” şeiri
Poetik Qiraətdə bu dəfə İqbal Nəhmətdir. Şair “Yaddan çıxıb” deyə bir giley-guzar şeiri sərgiləyir.
Xoş mütaliələr!
Nəfsinə satılır bəşər övladı,
İnsan olan yerdə cin yaddan çıxıb.
Hərə bir məzhəbin qurbanı olub,
İman gedən yerdə din yaddan çıxıb.
Çoxu öldürübdü asıb haqqını,
Çoxunun yeyiblər susub haqqını,
Dartıb aparıblar kasıb haqqını,
Milyonu deyirlər min yaddan çıxıb.
Həyat bir tamaşa izləyən yoxdu,
Mənəm-mən deyirlər biz deyən yoxdu,
Hamı düz yoldadı, düz gedən yoxdu,
Döngələr sahibsiz tin yaddan çıxıb.
Vallah belə fürsət heç düşməz ələ,
İqbal dəli olub danışır hələ,
Meşəmiz qırılıb ay tülkü lələ,
Qayıt bizim kəndə hin yaddan çıxıb?
Ədəbiyyat və incəsənət”
(31.05.2024)