Super User
Axmaq frazaları başdan çıxarmağın Devid Şvarts təlimi
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bir müddət əvvəl belə bir eksperiment elədim. Oxuduğum bütün informasiyalardan, kitablardan beynimdə qalanları qısa konspekt formasında kompüterin yaddaşına köçürdüm.
Eyni zamanda öz düşüncələrimi, bu və ya digər hadisənin beynimdəki inikasını, oxuduğum və eşitdiyim hər hansı informasiyaya, məqaləyə reaksiyamı da ardıcıl həmin fayla yükləməyə başladım. Çox maraqlı düşüncə və mülahizələr, faydalı məsləhətlər, qənaətlər silsiləsi əmələ gəldi.
Uğur qazanmaq yolunda bunlara riayət etməklə insanın çox böyük fayda əldə edəcəyini duydum.
Əslində, tək elə bu konspektim olduqca qalın bir kitab ola bilər. Burada nələr yoxdur. Amma bu nəhəng materialın bizim kitabın cəmi bir bölümü olacağı reallığı məni məcbur etdi ki, böyük ixtisarlar edim. Amma hansı hissələri? Başımı hey sındırdım. Hamısı bir-birindən maraqlı. Axırda əlacım ona qaldı ki, elə əvvəldən ardıcıl yazılanları kitabın bu hissəsi üçün lazım olan işarə sayı qədər götürüb dərc edim.
Beləliklə, buyurun, tanış olun. Uğur qazanmağın daha bir şərti: axmaq frazaların başınızdan çıxarılmasıdır.
***
Əyləclər avtomobilin sürətini azaltmaq və tam dayandırmaq üçündür. Heç fərqinə varmısınız ki, insanın beyninin də əyləcləri var? Bəzi frazalar var ki, insan beynini əsilcə tormozlayır. Bunları mən gündəlik həyatda həmişə hiss eləyirdim. Müvəffəqiyyətə, uğura köklənmiş fəaliyyətimizi bədbin hisslərin, düşüncələrin necə tormozladığının həmişə şahidi olmuşdum.
Bədbinlik və qətiyyətsizlik adlı nəsnələrin gətirdikləri fəsad çox böyükdür.
Devid Şvartsın «Masştablı düşünmək sənəti» kitabını oxudum və müəllifin «Beynin işini bloklayan 4 təhlükəli fraza» ümumiləşməsi ilə tanış oldum.
Beyni bloklayan bir neçə fraza var. Onlar, necə deyərlər, insanın əlini-qolunu yanına salır, beyni fəaliyyətsizliyə kodlaşdırırlar, deyirlər, daha düşünməyinə, həllər axtarmağına ehtiyac yoxdur. Qəribədir ki, insan tez-tez belə frazalardan istifadə edir, amma heç düşünmür də ki, bu necə təhlükəlidir.
Bəli, neyropsixoloqlar həyəcan təbili çalaraq insanları bu adətdən kənarlaşmağa çağırırlar. Devid Şvartsın diqqət yönəltdiyi belə məhvedici frazalardan biri budur: «Mənim heç vaxt bəxtim gətirmir». İş ondadır ki, bəxti gətirmək, əslində təsadüfi bir şey deyil. Hər hansı bəxtigətirməyə diqqətlə baxsaq, görərik ki, onun içində hazırlıq, planlaşdırma, düşüncənin müəyyən obrazı vardır ki, insanı uğura məhz bunlar gətirir. Ona görə də, özünüzdə qələbə üçün lazım olan xüsusiyyətlər formalaşdırın, özünüzü qalib kimi aparın, tezliklə mütləq sizin də bəxtiniz gətirəcək.
Söhbəti burda saxlayıb digər frazalara keçmirik ki, siz bir-bir hamısını yadda saxlayasınız.
Beləliklə, bu gün qərar qəbul edəcəksiniz ki, bir də heç zaman «Mənim heç vaxt bəxtim gətirmir» frazasını təkrarlamayacaqsınız.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024
Gəncə festivalı paradla başa çatıb
Azərbaycanda ilk dəfə olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Gəncə torpağının yetirməsi, əbədiyaşar Qəmbər Hüseynli adına I "Cücələrim" Uşaq Festivalını təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, festivalın sonuncu günü 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş uşaqlardan ibarət musiqi paradı baş tutub. Şəhərin mərkəzindən başlayan parad Gəncə Dövlət Filarmoniyasının önündə konsert proqramı ilə yekunlaşıb.
Konsert proqramında Gəncə şəhər 1, 2, 13 nömrəli körpələr evi-uşaq bağçasının fidanları, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri, Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin, Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktəbin, İmadəddin Nəsimi adına 44 nömrəli məktəb-liseyin şagirdləri iştirak ediblər. Onlar müxtəlif rəqs və flaşmoblar nümayiş etdiriblər.
Konsert uşaqların ifasında festivalın adını daşıyan "Cücələrim" mahnısı ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
Elvin İntiqamoğlunun sevdiyi şeir Ramiz Rövşəndəndir
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı Ədəbiyyatı çox sevən şair Elvin İntiqamoğludur.
-Xoş gördük, Elvin bəy.
Elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir. (N.Q.Çernışevski)
Elvin bəy, Ədəbiyyatın cəmiyyətə təsiri haqqında saatlarla danışmaq olar. Sözlər insan ovqatını dəyişmə gücünə malikdir.
Siz də sualımızı şərti olaraq qəbul edin. Elə bu an söyləsək ki: " Sevdiyin şeiri gəl mənə söylə", Elvin İntiqamoğlunun ruhu bizə hansı şeiri söyləyər?
-Salam, əziz dost. Mən, əsasən, təsirli və bitkin sujet xəttinə malik, eyni zamanda uğurlu bədii tapıntılarla zəngin olan şeirləri oxumağa və məzmununu yadda saxlamağa üstünlük verirəm. Hesab edirəm ki, müasir Azərbaycan ədəbiyyatının ünlü isimlərindən olan dəyərli xalq şairimiz Ramiz Rövşənin "Qara paltarlı qadın" şeiri sadaladığım parametrlərə cavab verən şeirlər sırasına başçılıq edir. Dəfələrlə poeziyasevər oxuculara, məndən peşəkarcasına yazılmış şeir adı istəyən tanışlarıma "Qara paltarlı qadın"ı məsləhət görmüşəm. Həmçinin qələm həmkarlarımla baş tutmuş ədəbi müzakələrimizdə də adını qeyd etdiyim şeir haqqında söhbət açmışıq.
Şeiri uzun-uzadı təhlil etmək fikrim yoxdu, çünki onunla bağlı adlı-sanlı ədəbiyyat bilicilərimiz yetəri qədər öz münasibətlərini bildiriblər.
Sonda sizin yeni rublikanıza uğurlar arzulayır, mənə də zaman ayırdığınıza görə sizə öz minnətdarlığımı bildirirəm.
Qara paltarlı qadın
(Ramiz Rövşən)
Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var.
Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!
Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: İlahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!
Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?
Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.
Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama…
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
Mədəniyyət Nazirliyi Rəqəmsal Yaradıcı Həftəsonu təşkil etdi - YEKUN BU GÜN ŞUŞADA OLACAQ
Ölkəmizdə 2024-cü il mayın 31-dən iyunun 3-dək elan olunan Rəqəmsal Yaradıcı Həftəsonu (Digital Creative Weekend) çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə genişmiqyaslı oyun festivalı – “Gamesummit 2024”, ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) dünya finalı təşkil edildi.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən Rəqəmsal Yaradıcı Həftəsonu çərçivşsində həyata keçirilən tədbirlərin siyahısını təqdim edir:
Mayın 31-də Bakı Kristal Zalında dünyaca məşhur pop musiqiçisi Con Nyumanın açılış konserti ilə başlayan oyun sammiti festival, performans və oyun konfransı olmaqla 3 hissədən ibarət oldu və 3500-dən çox kompyuter oyunu həvəskarlarını, oyun tərtibatçılarını və şirkətləri, icmaları, İT startapları eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələrini bir araya gətirdi.
Tədbir çərçivəsində aparıcı xarici və yerli ekspertlərin iştirakı ilə beynəlxalq biznes konfransının təşkili, yerli şirkətlər arasında ən yaxşı kompyuter oyunu üzrə müsabiqənin keçirilməsi, həmçinin “Yaradıcı” brendi, rəqəmsal incəsənət, animasiya və digər sərgi pavilyonlarının yaradılması həyata keçirildi.
Konfransdan əlavə, ziyarətçilərə müxtəlif interaktiv əyləncələr - arkad maşınları, VR zonası və müstəqil yerli tərtibatçıların oyunlarının nümayişi baş tutdu. Sammitdə “e-Sports” kateqoriyası üzrə müxtəlif yarışmalar, “Cosplay” (xüsusi personajların həvəskar şəxslər tərəfindən təmsil və nümayiş etdirilməsi), “K-pop” (Koreya pop musiqisi) rəqsləri və musiqili çıxışlar, həmçinin “AzDimension” studiyası tərəfindən həmin günədək elan olunmamış oyunlar təqdim olundu.
“Gamesummit” oyun texnologiyası sahəsində olan ən son nailiyyətlərini nümayiş etdirmək, müstəqil oyun tərtibatçılarına istedadlarını üzə çıxartmaq və peşəkarlar oyunçularla əlaqə qurmaq üçün platforma rolunu oynadı.
İyunun 2-də Bakı Kristal Zalında ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) dünya finalı keçirildi.
Bu gün- iyunun 3-də isə Şuşada mükafatlandırma mərasimi baş tutacaq.
Qeyd edək ki, “A-Hub Akselerasiya Proqramı” ICESCO-ya üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir.
Bu gün Şuşada 3 panel sessiyadan ibarət “Beynəlxalq Sahibkarlar Forumu” keçiriləcək. Forum çərçivəsində “Startapların və gələcək inklüziv texnologiyaların önəmi”, “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: Trendlər və Çağırışlar” mövzularında müzakirələr aparılacaq.
Tədbirlər Azərbaycan Respublkası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndinin icrası ilə əlaqədar mədəniyyət və yaradıcı sənayelərin sənaye kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən istehsalat bazasının təkmilləşdirilməsi və sahəvi klasterləşmənin təşviqi məqsədilə həyata keçirilir.
Keçid üçün link: www.gamesummit.ai
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib
31 may – 3 iyun tarixlərində Bakıda və Şuşada Rəqəmsal yaradıcı həftəsonu layihəsi həyata keçirilir.
Layihə çərçivəsində iyunun 2-də Mədəniyyət Nazirliyinin dəstəyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO və “New Space Open Innovation”ın əməkdaşlığı ilə Bakı Kristal Zalında A-Hub Akselerasiya Proqramının (2023-cü il üzrə) dünya finalı təşkil edilib.
“Ədəbiyyat və incəsənət”
AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin videoçıxışı dinlənilib.
Açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Mədəniyyət Nazirliyi bu layihəni ICESCO ilə birlikdə icra etməkdədir: "Çox şadıq ki, bu platforma irimiqyaslı layihəyə çevrilib. Biz gələcəkdə bu platformanı inkişaf etdirmək üçün yeni təşəbbüslər irəli sürəcəyik".
Azərbaycanla ICESCO arasında əməkdaşlığa toxunan nazir müavini söyləyib ki, bu günə kimi ölkəmizin bu qurumla məhsuldar əməkdaşlığı olub: "Buna nümunə olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsini qeyd edə bilərik. Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi mötəbər bir hadisədir. Sizlər sabah Şuşaya səfər zamanı bu qədim şəhərimizin necə bariz bir şəkildə islam mədəniyyətini ehtiva etdiyini öz gözlərinizlə görəcəksiniz".
ICESCO baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif qonaqpərvərliyə görə ölkəmizə təşəkkür edib, dünya finalında iştirak edən komandalara uğurlar arzulayıb. Tədbir çərçivəsində layihə iştirakçılarının Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olacağına əminliyini bildirib.
"New Space Open Innovation”ın təsisçisi Leyla Tağızadə layihə haqqında məlumat verib. Qeyd olunub ki, layihə ICESCO-ya üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf üzrə təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir: "Biz 3 il əvvəl bu layihəyə başlayanda heç təsəvvür edə bilməzdik ki, bu gün Azərbaycanda belə möhtəşəm dünya finalı keçiriləcək. Dünya finalında 11 ölkədən - Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudandan 30-dan çox innovativ komanda iştirak edir. Finalın ümumi mükafat məbləği 30 min ABŞ dollarıdır".
Çıxışlardan sonra startap komandaları öz ideyalarını təqdim ediblər.
Qaliblərin adlarına iyunun 3-də Şuşada keçiriləcək mükafatlandırma mərasimində aydınlıq gələcək.
Qeyd edək ki, "A-Hub Akselerator"u, ICESCO və "New Space Open Innovation"un əməkdaşlığı ilə həyata keçirilən, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Bu akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək onların ideyalarını reallaşdırmaq üçün lazım olan resurs və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb
İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində 2023-2024-cü illər üzrə IV Məktəblərarası Rəsm Müsabiqəsinin iştirakçıları mükafatlandırılıb. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, müsabiqə Azərbaycanın Birləşmiş Rəssamlar Klubu, “Antaris” şirkəti və “Faber-Castell” SC ilə birgə təşkil edilib.
Münsiflər heyətində Birləşmiş Rəssamlar Klubunun sədri Bəhram Xəlilov, “Faber-Castell” şirkətinin Azərbaycandakı nümayəndəsi Ləman Yusifli və rəssam Səbinə Cəfərova yer alıb.
İki turdan ibarət olan IV Məktəblərarası Rəsm Müsabiqəsinə 2023-cü ilin payızında start verilib. “Qarabağ” mövzusunda hər olunan birinci tur 2024-cü ilin aprelində keçirilib. İkinci tur “Dünya ənənələri və dünya nağılları”na həsr olunub. Ümumilikdə müsabiqəyə 500 yüzə yaxın iştirakçı qoşulub, onlardan altmışı ikinci tura keçib və sonda beş finalçı seçilib.
Müsabiqədə 1-ci yerə Dəniz Cəfər, 2-ci yerə Fərəh Əkbərzadə, 3-ci yerə Yunus Dalğa, 4-ci yerə Aysun İbrahimova, 5-ci yerə isə Fərəh Xələfzadə layiq görülüb. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.
2020-ci ildən bəri bu müsabiqə uşaqlar və yeniyetmələrin yaradıcılığını sövq edən çox gözəl ənənəyə çevrilərək, hər il 6-17 yaş arası məktəblilər arasında keçirilir.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
Qala Etno Fest başa çatdı
Mayın 31-dən iyunun 2-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Qala Etno Fest keçirildi.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ekspozisiya şöbəsinin müdiri Turan Həsənova jurnalistlərə müsahibəsində festival barədə danışıb: “Tədbir çərçivəsində ənənəvi və etnoidman növlərinin həvəskarları oxatma, nərd, şahmat və dama kimi masaüstü oyunlarda iştirak edirlər. Kiçik ziyarətçilər üçün isə etno və uşaq oyunları, rəsm müsabiqələri təşkil edilib”.
Milli Məclisin deputatı Fazil Mustafa öz növbəsində bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. O, tarixi abidələrin tanıdılması və qorunması istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb. “Ümid edirəm ki, belə festivallar xalqımızda tarixi mirasımıza qarşı diqqəti və həssaslığı artıracaq”, - deyə deputat bildirib.
Festivalda iştirak edən Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə yaxından tanış olublar.
Qala Etno Fest çərçivəsində, Qala qəsrində “Qala tarixi fotolarda” sərgisi ziyarətçilərə təqdim olunub.
Günümüzə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi formasında qorunan “Dulusçu evi”nin həyətindəki 300 yaşlı püstə ağacının altında ölkəmizin önəmli mədəniyyət xadimləri ilə görüşlər keçirilib.
“Püstə ağacının altında görüş” silsiləsində “Türk damğaları”, “Keramika sənəti”, “Abşeron arxeologiyası” və “Dəzgah və kitab qrafikası” mövzularında görüşlərin təşkili etnomədəni mühitə xüsusi ab-hava qatıb.
Sənətkarlıq və qədim peşələrlə maraqlananlar üçün dulusçuluq, xalçaçılıq, boyakarlıq, dəmirçilik, qurama, keçə sənəti, zərgərlik, vitraj, ağacoyma, keramika, rəngləmə, ebru və şam düzəltmə üzrə ustad dərsləri də təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
Mükafatçılar bəlli oldu
“Ulduz" aylıq ədəbiyyat dərgisi və AYB Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsinin qalibləri bəlli oldu.
“Ədəbiyyat və incəsənə” portalı siyahını təqdim edir:
I yer:
Cavid Qasımov;
II yer:
Rəşad Nağı Mustafa , Allahşükür Ağa ;
III yer:
Eminquey,
Seyidəli Sübhi,
El Roman
Qaliblərin mükafatlandırılması və təqdimat günü ilə bağlı əlavə məlumat veriləcək.
Təşkilati dəstək : "Kəpəz hospital"
İnformasiya dəstəyi: "Ədəbiyyat və İncəsənət" portalı.
“Ədəbiyyat və incəsənət”
(01.06.2024)
Respublika Gənclər Kitabxanasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar görüş
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq 4 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq oldular.
“Ədəbiyyat və incəsənət”ə kitabxanadan verilən məlumata görə, kitabxana əməkdaşları məktəblilərə kitabxananın iş prinsipi, ondan istifadə qaydaları, fondu, kitabxanada təşkil edilən tədbirlər, kitab təqdimatları, sərgilər, oxuculara təqdim edilən elektron xidmətlər, kitabxanın rəsmi saytı haqqında məlumat verdilər, müasir dövrdə elektron və audio kitablarla yanaşı ənənəvi mütaliənin də mühüm əhəmiyyət daşıdığını söylədilər. Məktəblilər kitabxanın “Musiqi” bölməsində saxlanılan nadir qrammafon valları, not nəşrləri ilə tanış oldular, kitabxananın nadir nüsxələr fondunda saxlanılan ədəbiyyat nümunələri haqqında məlumat aldılar. “Uşaq ədəbiyyatı” sərgisi ilə tanış olan məktəblilərə kitabxananın fondunda saxlanılan Azərbaycan, rus və xarici dillərdə olan uşaq ədəbiyyatı haqqında geniş məlumat verildi.
Kitabxana işinin avtomatlaşdırılması və rəqəmsallaşdırma şöbəsinin müdiri Səadət Şəfiyeva və Tədbirlərin təşkili və çap məhsulları üzrə iş şöbəsinin müdiri Qənirə Əliyeva Ümummilli Lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” - müdrik kəlamının uşaqlara olan məhəbbətinin təzahürü olduğunu qeyd edərək, Azərbaycan dövlətinin uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti və qayğısı ilə əhatə olunması məsələsinə həssaslıqla yanaşdığını bildirdilər.
Görüş zamanı Yaradıcılıq Mərkəzinin “Məktəb teatrı” dərnəyinin üzvləri görkəmli dramaturq Cəfər Cabbarlının “Dilarə” hekayəsindən səhnəciklər nümayiş etdirdilər.
Ekskursiyanın sonunda 4 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin kollektivi kitabxanaya əməkdaşlığa görə minnətdarlıqlarını bildirdilər. Görüşün sonunda xatirə şəkli çəkildi.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)
“YAŞAT" Fondu növbəti “Hədiyyə Karvanı” layihəsini reallaşdırır
“YAŞAT” Fondunun təşkilatçılığı, “Nar”ın dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Hədiyyə Karvanı" layihəsi həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”ə fonddan verilən məlumata görə, 4-cü ildir reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutusu çatdırılır.
Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dən çox uşağı əhatə edəcək.
Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.
Vətən əsgərinə, şəhid övladları isə xalqa əmanətdirlər!
Layihənin logistika dəstəkçisi Abşeron Logistika Mərkəzidir.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)