Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Xırdalan şəhərində yerləşən "Kitab evində" Azərbaycan YaIçılar Birliyinin üvləri Təranə Dəmir və Fəxrəddin Teyyubun oxucularla görüşü keçirilib.
Çox sevindirici haldır ki, həmin gün şairləri elə çağdaş ədəbiyyatımızda öz imzaları ilə tanınan şairlərimiz də tək buraxmayıblar. Görüşdə sevilən şairimiz İbrahim İlyaslı, Qəşəm Nəcəfzadə, Elvin İntiqamoğlu, Azərbaycan radiosunun müxbiri, baş redaktor Dilşad Mirzəyeva, AzTV- nin əməkdaşı Vaqif Nəcəf, şair Rizvan Nəsiboğlu, Qəzənfər Məsimoğlu, politoloq Hüseyn Naibov, Mübariz Süleymanlı iştirak edib.
Möhtəşəm ədəbiyyat saatı 3 saat davam edib. Təranə Dəmir və Fəxrəddin Teyyuba oxucular və tədbirin aparıcısı- bəndəniz müxtəlif suallar verib və ətraflı cavablar alıblar.
Şairlərin hər birinin ifasında gözəl şeirlər səsləndirilib.
Tədbirdə gənc yazarlardan Fərqanə Səfərli və Murad Vəlixanov da iştirak edib, Təranə Dəmirin " balaca fanatı" Əli Aslanlı "Vətən" şeirini səsləndirib. Sonda isə məkanın rəhbəri, filoloq Rzaqulu Məmmədov şairlərə təşəkkürünü bildirərək məqsədi kitab oxumağı sevdirmək və gənc nəslə mütaliənin vacibliyini anlatmaq üçün bu məkanı istifadəyə verdiyini söyləyib.
Ədəbiyyat saatı yekunlaşanda isə yorulmaq bilməyən şairlər və oxucular zamanın tez keçdiyini söyləyərək xoş xatirələrlə məkanı tərk ediblər, amma “Kitab evi"- nin divarları daş yaddaşına olanları həkk etmişdir.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)