Könül, “Ədəbiyyat və incəsənət”
Kitabın təbliğatına yönələn hər bir layihə gözəldir. Xüsusən də, bu layihəni “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi həyata keçirirsə!
Xəbər verdiyimiz kimi, bu il “Oxu Günü-10” layihəsi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), AMEA, Təhsilin İnkişafı Fondu, Yunus Əmrə İnstitutu və “Hədəf Nəşrləri”nin birgə təşkilatçılığı ilə AMEA parkında keçiriləcək. Tədbir barədə ətraflı bilgi almaq üçün ANAİB sədri Şəmil Sadiqə üz tutduq və bunları öyrəndik:
-Aprelin 27-də və 28-də Elmlər Akademiyasının parkımda baş tutacaq sərgi-festival otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, onlarla ədib, ziyalı, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək. Sərgi-festivalda dünyaşöhrətli qırğız yazıçı Sultan Rayev xüsusi qonaq kimi iştirak edəcək, o, müəllifi olduğu, Azərbaycan Ədəbiyyat Fondunun və “Hədəf” şirkətlər qrupunun “Türk xalqları ədəbiyyatı kitabxanası” seriyasından "XAN" nəşriyyatında işıq üzü görəcək “Dəlixana” romanının təqdimatına qatılacaq.
İki gün ərzində Varis, Rüstəm Behrudi, Elxan Elatlı, İlqar Kamil, İlham Tumas, Elay, Tamerlan İsmayılzadə, Aynur Cavid, Ramil Əhməd, Məsudə Cabbar, Erix Qauzer, Fidan Cəfərzadə və başqa tanınmış yazıçıların təqdimat və imza mərasimləri olacaq.
Bundan başqa, Çinarə Məlikzadə, Röyal Musa, eləcə də digər gənc ifaçılar festivala rəng qatacaqlar.
Onu da bildirim ki, III və IV “Kitabqurdu” Oxu Marafonunun müəllifləri – bəndəniz, Amin Sükut, Sevinc Elsevər, Elgüsel, Zahid Xəlil, Xəyalə Murad, Rövşən Abdullaoğlu, Rafiq İsmayılov, Fatimə Alxaz, Rəşad Bayramov və Gülüş Xəlilova da festivalda iştirak edəcəklər.
Şəmil Sadiqə təşəkkür edib oxucularımıza bu zəruri bilgiləri də çatdırmaq istəyirəm:
“Oxu Günü” 2015-ci ildə “Hədəf Nəşrləri” MMC tərəfindən təsis edilib. Layihənin məqsədi ölkədə kitabçılığı inkişaf etdirmək, gənclərin intellektual mühitə adaptasiyasını aktual saxlamaq, oxucu-yazıçı görüşlərini stimullaşdırmaq, endirimli kitablar təqdim etmək və bununla kitabın əhəmiyyətini cəmiyyətə aşılamaqdan ibarətdir.
“Oxu Günü” sərgi-festivalı 2015-ci ildə Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına parkda, 2016-cı ildə Nəsimi rayonu ərazisindəki Zorge parkında, 2017 – 2023-cu illərdə isə Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, “Hədəf Nəşrləri”, Elm və Təhsil və Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə keçirilib.
Elm və təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün ölkə ərazisində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu Günü” tədbiri keçirilir.
Layihə “Gəlin birgə oxuyaq!” devizi altında təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)