Super User

Super User

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Qan təzyiqi

Bəzi məmurlar kimi
Qalxdığı yerdən
düşmək istəmir,
a kişilər!
Belə-belə işlər!

 

Bu şeir Fikrət Sadığındır. Bir qədər baməzə, sözü üzə deyən, mərdimərdanə, köhnə kişilərdən idi Fikrət Sadıq. 

Bu da onun şeiridir:


Adam qəhətə çıxıbdı,
Özüm-özümlə dərdləşirəm.
Bu da, bir cür ömürdü, 
Mən də bir cür - bəşərəm.

 

Anlamaq dərdi ağır dərddir və ətrafda baş verənlərin mahiyyətini anladıqca, dünyanı olduğu kimi gördükcə insan təkləşir, məcbur qalır ki, özü özüylə dərdləşsin. 

 

Fikrət Sadıq 1930-cu ilin bu günündə - mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə isə orta təhsil aldıqdan sonra 1946-cı ildə Bakıda sənət məktəbini bitirmişdir. Və əmək fəaliyyətinə başlamışdır.

6 il (1946-1952) Naftalanda və Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir. Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir (1974-1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur (1961-1975).

Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980).

Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunmuşdur. 2002-ci ildən prezident təqaüdçüsü idi. 

16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat etmişdir.

Fikrət Sadığın övladları - oğlu, tanınmış yazıçı və ssenarist, Azərbaycan Respublikası Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu və qızı, yazıçı və publisist, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi Aysel Fikrət indi onun yolunu davam etdirirlər. 

 

ŞÜŞƏ KİMİ

Şuşa yadıma düşəndə,

Qəlbim sınır şüşə kimi.

Görərsən görərmiyəm,

Şuşanı bu qışa kimi.

 

Alınmaz qalaydı, gərək,

Qala da qalaydı gərək!

Şuşa dağılaydı gərək,

Son yaralı daşa kimi.

 

Vaqifin məzarı ağlar,

Ağlar o dərələr, dağlar.

Solub doğma bağça, bağlar.

Bu başdan, o başa kimi.

 

Torpaq dözmür yad təpiyə,

Bax, bu dərəyə, təpəyə.

Çıxıbdı fəryadı göyə,

Kədərli tamaşa kimi.

 

Bu şeir böyük şairin Vətən sevgisinin təzahürüdür. Ömrünün sonuna yaxın xüsusən ürəyi düşmən tapdağında qalmış torpaqlar üçün qübar bağlamışdı. Çox təəssüf ki, o, Şuşanın və digər rayonlarımızın azadlığını görə bilmədi. 

 

ANA DİLİN

Sənin Ana dilin dövlət dilidir,

Sən Ana dilini aləmə bildir.

Yoxsa özgə dildə lövhələr asmaq,

Sənə görə hələ günah deyildir...

 

Kim icad elədi bu yaltaq dəbi?

Bu ikiüzlülüyün nədir mətləbi?!

Özün yaz, özün də oxuya bilmə,

Təki razı qalsın beş-üç əcnəbi.

 

Dünyanı gəz, axtar, gör yad elində,

Bir yazı varmola sənin dilində?

Sən sözdə azadsan, işdə mütisən,

Kiməsə tabesən hər əməlində. 

 

Bu şeirdə şair öz dilinə həqarətlə baxanları cəsarətlə tənqid atəşinə tutur. Çünki belələri ən yüksək mərtəbələrə ucaldıqca ana dilinə arxa çevirirlər. 

 

BİR DAHA KİTAB HAQQINDA

Bir yerdə soruşdum gəlib keçəndən,

Tanıyan olmadı kitabxananı.

Çörək hayındadı cümlə el-vətən

Kitab oxumağa indi vaxt hanı?

 

Lap şair şairin, alim alimin,

Kitabını açmır, dəyişib zaman.

Ən yaxın dostlar da biri-birini,

Ya qəsdən oxumur, ya paxıllıqdan.

 

Ara qarışıbdı, məzhəb itibdi,

Qardaşın qardaşa yanmayır canı,

Sənə nə düşüb ki, bu basabasda,

Düşüb axtarırsan kitabxananı.

 

Bu günlər heç kəsi bəyənmir heç kəs,

Hamı özəl olub, güdür özünü.

İndi mərifət bir qəpiyə dəyməz,

Kitab, kitabxana dedi sözünü.

 

İndi oyun gedir, sərvət oyunu,

Hər tində bank çıxır qarşına sənin.

Bir də kitabxana gəzib soruşma,

Yoxsa, söz qəhətdi başına sənin. 

 

Bu isə Fikrət Sadığın kitaba münasibətin dözülməz həddə çatması ilə bağlı keçirdiyi narahatçılığın təzahürüdür. Kitab mənəvi yüksəlişin təməlidirsə, ona ögey münasibət mənəviyyatsızlığa yuvarlanma deyilmi? 


BELƏ DÜNYANI NEYNİRƏM

Hər yerdə yol kəsir yolu,

Belə dünyanı neynirəm.

Yolu yolkəsənlə dolu,

Belə dünyanı neynirəm.

 

Adamları ikiüzlü,

Dili teyxa haça sözlü.

Üstü açıq, altı gizli,

Belə dünyanı neynirəm.

 

Otları var acı, şirin,

Məskənidir, xeyrin, şərin.

Adlatmasıdır bəşərin,

Belə dünyanı neynirəm.

 

Yolçu yolda - necə olar,

Günü - gündüz, gecə olar.

Yol qurtarar, o heç olar,

Belə dünyanı neynirəm.

 

Səfası çox, vəfası yox!

Cəfası çox, səfası yox!

Qadağa çox, rəvası yox!

Belə dünyanı neynirəm.

 

Haqdır, demir düz deyənə

İşıq vermir gözləyənə

Şərikdir şər söz deyənə,

Belə dünyanı neynirəm.

 

Bu gəraylı - yeddibənddi!

Birər dərddi hər bir bəndi.

Bu  - açılmaz qıfılbəndi,

Belə dünyanı neynirəm!

 

Və ən nəhayət, bu şeirində Fikrət Sadıq üzüdönük dünyadan, onun cılızlaşan insanlarından şikayətlənir. 

Şair düzü düz, əyrini əyri yazır, eynən yüz il öncə həmyerlisi Sabir yazan kimi. 

Ruhun şad olsun, böyük insan, böyük şair!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Ötən ilin bugünkü 30 may günündə bütün diqqətlər Fransaya, Kəhraba sahilə yönəlmişdi. "Çöküş anatomiyası" filmi üçün "Qızıl palma budağı”nı alan aktyorlar və rejissor layihə üzərində necə işləmələri barədə Euronews-a danışmışdılar. “Ədəbiyyat və incəsənət” portalının tərcüməçisi də efirə növbətçilik edərək bu maraqlı məlumatı oxucular üçün hazırlamışdı.

 

Juli Dyukurno "Titan" filminə görə "Qızıl Palma budağı " aldıqdan iki il sonra, 2023-cü ildə Kann kinofestivalının baş mükafatı yenidən fransız rejissoruna verildi. Bu dəfə qadın rejissora - Castin Trieuya.

Castin Trieunun "Çöküş anatomiyası" üç dildə bir cütlüyün həyatının ən qaranlıq məqamlarını tədqiq edir, cütlüyün qadın obrazını alman aktrisası Sandra Hüller canlandırır. Və bu qadın qətldə ittiham edillr.

 

CASTİN TRİEU

Rejissor Castin Trieu söyləyir: "Əvvəldən dil bizim üçün çox vacib bir nəsnə idi və həqiqətən lap əvvəldən layihənin mərkəzində idi. Və mütləq həqiqətdir ki, birlikdə belə bir təcrübə əldə etmək çox xoş idi".

 

SANDRA HÜLLER

Sandra Hüller – milliyyətcə alman olan aktrisa isə söyləyir: "Bir nəfərin qərar verib başqalarına nə edəcəyini söyləməyindənsə, birlikdə işləmək həmişə yaxşıdır. Rejissorun qadın olması mənimçün xüsusən önəmli idi. O, hər kəslə məsələləri müzakirə edir və kollegial olaraq düzgün həll yolu tapmağa çalışırdı. Və bu da gördüyümüz işi o qədər dolğun,  şən və fərəhli edirdi ki."

 

Filmin adından da göründüyü kimi, “Çöküş anatomiyası" bir insanın fatal olaraq çöküşünün, ölümcül düşməsinin təsadüfi olub olmadığını öyrənmək üçün təhlil edir. Məhkəmə isə həqiqətin həmişə aşkarda olmadığını göstərəcəkdir.

 

FREDERİK PONSAR

Frederik Ponsar – Еuronews”un şərhçisi isə söyləyir: "Film yalnız bir neçə favoritlərdən biri olsa da, münsiflər heyəti bu xüsusi lenti qalib seçdi və gənc fransız rejissoru çox dərin Avropa filminə görə mükafatlandırdı. Aktiv siyasi mövqe tutaraq Castin Trieu müəllif filmi ideyasını bacarıqla müdafiə edir." 

 

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

 

 

 

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

           

 

Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin  Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?

 

«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır,  bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.

Barbaranın tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki  metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».

Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.

Həmin çalışmaları sıra ilə sizlərə təqdim edirəm.

 

 

 

Beşinci çalışma.

Ən xırda epizodlarına kimi öz ideal gününüzü vərəqə köçürün. Siz kiminlə və harada yaşayırsınız? Saat neçədə yuxudan durursunuz? Nə geyinirsiniz? Gün ərzində nə ilə məşğul olursunuz? Gün ərzindəki arzu və istəklərinizi də yazın. Və unutmayın ki, «Kaş ki, olaydı» ifadəsi əsil arzunu ifadə edə bilmir. Əsil arzu birinci şəxsin dilindən, özü də qəti, «olacaq» ifadəsi ilə ifadə olunmalıdır.

Öz ideal gününüzü yazdıqdan sonra arzularınızı 3 kateqoriyaya bölməyə çalışın.

1.     Sizə xoş olan, həyatınız üçün ən zəruri şeylər hansılardır? Hansı ki, onlarsız siz özünüzü havasız kimi hiss edirsiniz. Məsələn, sizə rahatlıq verən mənziliniz, sizə güc və həyat eşqi verən kabinetiniz, sizə fərqlilik, komfort gətirən avtomobiliniz və s.

2.     O qədər də vacib olmayan, amma arzuladığınız elementlər: məsələn,  eyvandan dəniz mənzərəsi, kabinetinizin pəncərəsindən güllü-çiçəkli bağın mənzərəsi və s.

3.     Sizdə olması xoş olan, amma onsuz da keçinə biləcəyiniz əşya. Məsələn, yeni IPhone modeli, əl işi olan bahalı qələm və s.

Düşünün, sizin ideal gününüzdə hansı elementlər var, hansılar yoxdur? Sizin şəxsi pazlda nələr çatışmır? Nə etməlisiniz ki, şəxsi pazl tam olsun?

Həqiqi arzuları seçib onlara qovuşmaq yolunu tapmaq, baxın, bu çalışmalardan keçir.

Bu bölmədə ən sonda nəyi qeyd etmək istəyirəm? Əziz oxucu, unutma ki, arzuya gedən yolda gərgin çalışmalar, qətiyyət və inam başlıca yer tutur.

Amma arzularınızı da mütləq korrektə edin. Sizi həqiqi yolunuzdan sapındıracaq arzularla sizi uğura aparacaq arzuları mütləq ayırmağı bacarın!

Əlbəttə ki, yaxşı arzulamaq əsla ziyanlı deyil!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSNDƏ layihəsində bu gün Müsahibə zamanıdır, sizlərə Günel Natiq tanınmış yazıçı Seyran Səxavətlə söhbəti təqdim ediləcək.

 

 

 

O, sözün də, insanın da safını sevir. Azərbaycan ədəbi dilinin normalarına xələl gətirən yazılar onu xəstə yatağına belə sala bilir. Müdrik zarafatlarına görə isə onu çağdaş günümüzün Molla Nəsrəddini adlandırmaq olar.

Azərbaycan ədəbiyyatının Seyran Səxavəti ilə söhbətimizə ustad yazıçının uşaqlıq illərilə bağlı xatirələrdən körpü saldıq.

 

– Seyran müəllim, doğrudur ki, ilk şeirinizi rus dilində yazmısız?

 

– Şayiədi. Bizim millət şayiə janrını xoşlayır. Hansısa informasiyanı alır, o informasiya onu doyurmayanda, böyür-başını şayiə janrında tamamlayır. Şeir rus dilində deyil, sadəcə, rus sözləri var içində. Rus qızına yazmışdım o şeiri, rus dili müəllimimizin, Lena müəllimənin qızıydı. Kənddəki bütün qızlardan fərqlənirdi. Özünə sığal çəkirdi, saçlarına tumar çəkirdi, lent vururdu, olurdu gözəl. Bütün oğlanlar da onu sevirdi. Bizim qızların ağlına gəlmirdi özlərinə sığal çəksinlər. Mən də 3-də, ya da 4-də oxuyurdum, dəqiq yadımda deyil.

Bizim torpaq da ki güclü, yeməli torpaq! Ayağımız torpaqda, başımıza da gün vurur – Qarabağ günəşi! Düzdü, belə coğrafi termin olmasa da... Orda oğlan uşaqları çox tez ayılırdı. Çox tez cücərirdilər. O cücərənlərin içində, yəqin, mən də olmuşam. Rus dili müəlliməsinin qızını sevənlərdən biri də mən idim. O vaxt rəhmətlik anam Füzuli şəhərindən kəndə gəlin gəlmişdi. Kənddə iki kitabxana vardı: biri kolxozun kitabxanası, biri anamın kitabxanası. Anam bizim kəndə çox şeylər gətirmişdi. Kənddə şoraba nə olduğunu bilmirdilər. Anam onlara öyrətdi. Mürəbbə nədir, bilməzdilər. Uzaqbaşı tutdan "irçal" deyilən şey var, onu bişirərdilər. Anam müəllimə idi, rus dilini çox gözəl bilirdi. Ondan iki həftə aralıqla üç söz öyrəndim. Bir gün soruşdum ki, "mən" nə deməkdir? Dedi "ya". Bir həftə sonra, anam ilk xəbər aldığım sözü unudanda soruşdum ki, "səni" nə deməkdir? Dedi, "tebya". Bir həftədən sonra da "sevirəm" sözünün mənasını öyrəndim.

 

Bu minvalla “əsas sözlərin” mənalarını öyrənmiş oldunuz...

 

– Hə, əsas sözləri öyrəndim və kolxozun həyətində ot tayasının yanında rus dili müəlliməsinin qızı gəlib keçəndə tutdum onu. Dedim: "Ya tebya lyublyu". O da qayıtdı ki, net.

Gəldim evə, anamdan ümidlə soruşdum ki, "net" nə deməkdi? Dedi, "net", yəni yox.

 

Həyatınızın ilk rədd cavabını aldınız beləcə...

 

– Ay sağ ol. O sarsıntıdan iki bənd şeir yazmışdım.

 

İndiyə qədər yadımdadır:

Sizdən bir cavab istədim,

Rusca mənə "net" dediniz.

Saf eşqimi lağa qoyub,

Hərdən "privet" dediniz.

Amma düşünmədin, gözəl,

Gördüyün iş necə işdi?

Mən biləni, anan sənə

Rusca layla deməmişdi.

 

– Şeiri kiçik yaşda yazsanız da, hissiyyatınız güclü olub. Xüsusilə son misra çox təsirlidir...

 

– Hə, yəni rusca yazmamışam, obyekt özü rusca olub.

 

Deyirlər, kənd uşaqları sevəndə gözəl sevir, şəhərdə böyüyən uşaqlar belə dəli-dolu sevməyi bacarmır...

 

– Kim deyibsə, düz deyib. Şəhər çox yekrəngdi. Şəhərdə nə var? Ancaq yekrəng evlər, küçələr, asfalt, avtobuslar, trolleybuslar və başqa maşınlar. Şəhərin atributları bununla da qurtardı. Amma kənddə nələr yoxdu. Çinarlar, dağlar, dərələr, təpələr, bulaqlar, meşələr, çəmənliklər...

 

Bütün bunlar adamı şair edir...

 

– Elədi. Şəhərdə hər yerin öz adı var da, düzdü? Şəhər İcra Hakimiyyəti tərəfindən adlandırılıb. Kənddə  icra hakimiyyəti-filan yox idi, amma hər yerin öz adı vardı. Məsələn, Çirişli dərə. Orda çiriş bitirdi. Qaraquzey. Arazölən, Taxtalı. Bütün bunlar kənd adamını yerə- yurda doğma edirdi. Hər kəs elə bilirdi ki, kənd onun özününküdür. Şəhərdə yaşayan adam heç vaxt şəhəri özününkü hesab eləmir, çünki şərik çoxdur.

Mənə bir dəfə dedilər ki, niyə sən çox vaxt gecələr işləyirsən? Dedim, çünki gecələr bəşəriyyətin yarıdan çoxu yatır, dünya daha çox mənimki olur.

 

Şəhərə özünü yad hiss edənlər, şəhərin özünə yad hiss etdiyi adamlar, yəqin ki, bunun xiffətini çəkir.

 

– Bunun çox qısa cavabı var. Gözünü şəhərdə açan, ömür boyu şəhərdə yaşayan adam kəndə ezam olunsun – 10 illik, 15 illik. O hansı dərəcədə kəndçi ola biləcəksə, şəhərə gələn kəndçilər də o qədər şəhərli olacaq. Bunun cavabı budur, özü də mütləq cavabdır ha, başqa variantı yoxdur.

 

– Siz bir ifadə işlətdiniz, dediniz, "yeməli torpaq". Kənddə doğulan yazıçının ən böyük gücü torpağı hiss etməyidi. Şəhərdə doğulan yazıçı bunu hiss edə bilməz.

 

– Düzdür, yenə özümdən sitat gətirəcəyəm, aşıq gördüyün çağırar... Bir dəfə Novruzqabağı televiziyada çıxış edirdik, qabaqdan da torpaq çərşənbəsi gəlirdi. Dedim, ümumiyyətcə, Novruz bayramı şəhər adamlarına aid deyil. Aparıcı da yaxşı bir qız idi, deyəsən, bakılı idi. Gördüm, mısmırığını salladı. Dedim, qızım, incimə e, torpaq çərşənbəsi var, elədir? Bəs asfalt çərşənbəsi necə, var? Dedi, yox. Dedim, day nə deyirsən?

(gülüşmə).

Torpaq enerji mənbəyidir. Mənim üçün günəşdən də güclü enerji mənbəyi torpaqdır. Torpaq zəhər kimi istiot da yetişdirir, bal kimi əncir də. İşə bir bax! Məkan, zaman bir, dad- tam başqa. Günəşdə biz bunu hiss etməmişik. Demək, torpaq günəşdən də güclü enerjiyə sahibdir.

Torpağın bir üstünlüyü də var. Günəş yandıra, məhv edə də bilir, amma torpaq mərhəmətlidir. Torpaq kimi yandırıb indiyə qədər?

 

                                  "Baş redaktora süd apardım ki, içib əmələ gəlsin"

 

– Seyran müəllim, o vaxt sizə məsləhət görüblər ki, Qızıl Meydana, Kremlə, Lenin babaya şeir yazasız. Nəzərə aldınızmı?

 

– Deyim də. Bizim rayonda "Qızıl Araz" qəzeti çıxırdı. Allah rəhmət eləsin, çox möhtəşəm bir baş redaktoru vardı, Firuz Atakişiyev. Qələmi olan adam idi. Rus qızına yazdığım şeiri apardım, oxuyub güldü. Qəzet şəhər mərkəzində yerləşirdi, bizim kənd – Yağlıvənd kəndi isə Ağdam – Füzuli yolunun kənarında. Arada 7 km yol var idi. Ya atla gedirdim, ya eşşəklə. Redaksiya da məsciddə yerləşirdi. Özümlə də bir litr süd aparmışdım ki, bu arıq, cansız kişi içsin, bir az əmələ gəlsin.

 

Balaca yaşınıza uyuşmayan çoxbilmişlik...

 

– Hə, görünür, o vaxtdan canımızda varmış, mən bunları sonradan dərk edirəm e. O vaxtdan danışıram, amma bu vaxtın adından. Rus qızına yazdığım şeir bir az antisovet şeiri kimi çıxırdı. Dedi, bala, Şamama Həsənovanı tanıyırsan? Şamama Həsənova da SSRİ Ali Sovetinin deputatı idi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı... məşhur adam idi, bir sözlə. Dedim, tanıyıram. Dedi, hə, bax, ondan yaz, partiyadan yaz, Lenindən yaz, Qızıl Meydandan yaz. Mən də çap olunmaq istəyirdim. Şamama xanımdan yazmadım, baxmayaraq ki, onu bir dəfə görmüşdüm. Gördüyümdən yazmadım, amma görmədiyim Qızıl Meydandan, görmədiyim Moskvadan, görmədiyim Lenin "babamdan" yazırdım. Yəqin, bunlar da ürəkdən gəlmədiyindən baş redaktor oxuyub deyirdi, get bir az da yaz.

 

– Siz bu haqda ürəklə və əlbəttə ki, yumorla söhbət açırsız. Hərçənd  şairlərin çoxu Leninə şeir həsr etdiklərini danırlar.

 

– Mənim yaşıdlarımdan da bunu danan var, onlar saxtadırlar. Özlərinə də deyirəm. Deyirəm ə, yazmışıq da. Boynuna almamaq nə deməkdir? Bilirsən, bu nəyə oxşayır? Bir qatarda gedirik, sən beşinci vaqondasan, mən onuncu vaqonda. Nə sən çalışa bilərsən məndən sürətlə gedəsən, nə də mən çalışa bilərəm mənim vaqonum səninkindən sürətlə getsin. Sürətin vahid və mütləq olduğu məqamlar və məkanlar var.

 

Seyran müəllim, siz kifayət qədər populyar şair olmusuz.  Bəs siz şeirə nə vaxt inanmaqdan vaz keçdiniz ki, nəsr yazmağa başladınız?

 

         – Yox, bu şeirə olan inamsızlıqdan gəldiyim nəticə deyil. Ən azı ona görə ki, şeirin də, nəsrin də materialı sözdü də. Sadəcə, mən 4-5 il heç nə yaza bilmədim. Hətta Məmməd Araz "Ulduz" jurnalında məqalə yazmışdı ki, Seyran Səxavət niyə ədəbiyyatdan qaçaq düşüb? Mən həm ölkədən getmişdim, Bişkekdə işləyirdim, həm də elə bil ki, ədəbiyyatdan getmişdim. Yaza bilmirdim, yazmırdım da. Bir dəfə bir jurnalist məndən soruşdu ki, siz 5 il susmusunuz, nə üçün susdunuz?  Dedim, o vaxta qədər yazmışam, pis-yaxşı, ədəbiyyata xidmət etmişəm. Beş il susmaq da o deməkdir ki, beş il də yaza bilməyəndə susmağımla ədəbiyyata xidmət etmişəm. Və özümü haqlı hesab edirəm. Sonra mən şahın vaxtında İrana işləməyə getdim, 1974-cü ildə. Artıq 4-5 il idi ki, heç nə yazmırdım. Beynimdə nəsə fırlanırdı, dumanlı şəkildə, ordan da buxarlanıb gedirdi. Yəni gəlib ürəkdən keçmirdi, yol bağlanmışdı elə bil. Orda ilk hekayəmi yazdım. İranda işləyəndə "Azərbaycan", "Ulduz" jurnallarına, "Ədəbiyyat qəzeti"nə abunəydim. Göndərdim "Ədəbiyyat qəzeti"nə. Üzeyir Hacıbəyovun yubileyi ərəfəsində, 15 sentyabr nömrəsində dərc olundu. Nəsə nəsr məni daha çox çəkdi. Şeirlə nəsrin fərqini mən müsahibələrimin birində qısa və konkret belə demişəm ki, şeir mənim üçün şəhər uşağıdı, nəsr kənd uşağı. Elə bil mən öz ilkinliyimə qayıtdım. Baxmayaraq ki, ikisi də sənətdir, ikisinin də materialı sözdü, nəsr mənə daha ciddi gəldi.

Elə olub ki, bir oturuma on iki şeir yazmışam, elə olub, on oturuma bir şeir də yazmamışam. 7 roman yazmışam, 8-9 povestim var, radio, televiziya pyesləri, teatr tamaşaları üçün pyeslər... Yəni nəsr mənim üçün bir az torpaq işidi, ağır işdi.

 

Əsərləriniz arasında fərq qoyursuzmu? Valideynlər də övladlarının ən uğurlusunu sevirlər...

 

– Mənim öz əsərlərimə baxışım, deyim, necədir. Bunlar, əslində, bir əsərdi. Şərti olaraq birinin adı "Nekroloq"du, biri "Daş evlər"di, biri "Yəhudi əlifbası". "Seyran Səxavətin yaradıcılığı"-  bax, düzgün ifadə budu. Əslində, bunun özü də şərtidi. Bir az böyük miqyasda götürəndə, var "Azərbaycan ədəbiyyatı". Seyran Səxavət yaradıcılığı o ifadənin içindədi. Adlar şərtidi. Hətta Seyran Səxavətin özü də nisbətən şərtidi.

 

Bir neçə il qabaq romanlarınıza tənqidçilərin bir az laqeyd yanaşmasından gileylənmişdiniz...

 

– Laqeydlik bir az ayrı şeydi. Məsələn, götürək "Nekroloq" romanını. "Yəhudi əlifbası"nı da onun davamı hesab edirəm hardasa. 60 ildir ədəbiyyat aləmindəyəm, pis-yaxşı hamını tanıyıram. Adlı-sanlı, bərkgedən tənqidçilərin hamısına o kitabı verdim və dedim ki, bunun altını üstünə çevirin, nə bilim, əlcək kimi çevirin, nə istəyirsiz, edin. Heç biri yaxın dura bilmədi. Bu, biganəlik yox, prinsipsizlikdi. Həm də sözə olan diqqətsizlikdi. Çoxdan bu fikirdəydim, bu fikir son iyirmi ildə təsdiq olundu: sovet dövründə muzdlu tənqidçilər vardı, müstəqillik dövründə isə "Azərbaycan tənqidi" deyilən anlayış günəmuzd tənqiddən ibarətdi.

 

                               "Yer kürəsini ağıllı adamlardan qorumalıyıq"

 

– Sizin kitablarınız sovet dövründə böyük tirajlarla çap olunub. Məsələn,  o dövrdə bestseller sayılan  "Daş evlər" 90 min tirajla çap olunub və hamısı da satılıb. Kitablarınızın böyük tirajla çap edildiyi dövr üçün darıxırsınızmı?

 

– Əlbəttə, darıxıram, adam döyüləm? Elə darıxıram! Heç bir zamanı, elə məkanı da qaralamaq olmaz. Böyük mənada "zaman" deyirəm ha. İndi "zaman"ı da yerində işlətmirlər. Deyirsən, gedək çay içək, deyir, zamanım yoxdur. Zaman ayrı şeydi, zamana minilliklər sığmır. Hə, şura hökumətinin çox gözəl cəhətləri vardı. İndi mənim kitabım çıxır 200-300 tirajla, o vaxt çıxırdı yüz min tirajla, Moskvada əlli min tirajla. İndi mən durub deyim, darıxmıram?

 

Belə bir fikir var ki, o vaxt internet olmadığına görə yeni nəşrlər hadisə sayılırdı.

 

– İnternetin qəti dəxli yoxdu. Sən mənə bir il qabaq kitab vermişdin, bir günün içində oxudum, onda internet yox idi?

Biz söhbətimizdə bəzi bəlalardan danışdıq. Ola bilsin, sənə qəribə gəlsin, amma bütün bəlaların kökündə, fövqündə bir şey dayanır. Biz insan olaraq dünyanı, yer kürəsini və bəşəriyyəti ağıllı adamlardan qorumalıyıq! Yoxsa dünyanı dağıdırlar!

 

Texnologiyanın insan faktoru üzərində üstünlüyünü nəzərdə tutursuz?

 

– Elə hər mənada deyirəm. Dünyanı irəli aparmaq nə deməkdi? Dünyanın öz sürəti var, öz tənzimi var. Mənim bir nənəm vardı, şuşalı qızı idi, onlar özlərinə "qalalı" deyirlər. 1961-ci ildə Qaqarin kosmosa uçanda dedi ki, göyün filan yeri yırtıldı, bundan sonra dünya dağılacaq. Savadsız adam idi, belə bir şərh vermişdi bu hadisəyə.

O ağıllı adamların üzündən insanlar dünyanın bütün gedişatına qarışır. Tənzimat pozulur. Adicə bir şey deyim sənə. İsfahanda mən bir hamam görmüşəm, bircə şamla işləyirdi. Amerikanlar gəldi görsünlər ki, nə məsələdir, korlayıb getdilər. İndi şam da yanmır, hamam da işləmir. Yer kürəsi həmin ağıllı adamların "hesabına" korlana-korlana gedir.

 

Onda bəşəriyyətin ilkinliyinə qayıdaq? Əgər ağıllı adamlar olmasaydı, bu gün söhbətimizi yaddaşda saxlamaq üçün səsyazmadan da istifadə edə bilməzdik...

 

– Eləməzdik, əlimizlə yazardıq! Bu bizə nə verdi? Bax, 30 il qabaq televizoru yandırmaq, ya kanalları dəyişmək üçün gedib gəlirdik, bir az hərəkət edirdik. İndi piylənə-piylənə oturmuşuq.  Varlığın piylənir, bədənin piylənir, beynin, düşüncən piylənir, həyata olan sevgin, eşqin piylənir. "Bəşər sivilizasiyası" deyirlər, mən bu sözü qəbul eləmirəm. Orijinal görünmək xatirinə deyil. Götürün dünyanın son 100 ilini. Gör nə boyda haqsızlıqlar, ədalətsizliklər, insan adına yaraşmayan işlər baş verib. Bunların hamısının da səbəbkarı ağıllı adamlardı. Ona görə dünyanı onlardan qorumaq lazımdı, dünya öz başını saxlaya bilər.

 

                                                "Mən öz sözümə baxan adamam"

 

– Seyran müəllim, mən bir dəfə oxudum ki, siz roman yazmazdan əvvəl yazı masanızı öpürsüz, tumarlayırsız...

 

– Ona yaltaqlanıram də.

 

Yəni bu yanaşmanın uğur gətirəcəyinə sizdə mistik inam var?

 

– Hə, bir növ özümü inandırmışam, özü də inandırmaqda çox zəhmət çəkməmişəm, mən özüm öz sözümə baxan adamam. "Sitizen" saatım vardı, bir də "Təxti Cəmşid" təsviri olan qızıl üzük. Saatı çıxarırdım, üzüyü də qoyurdum üstünə. Bir ay təxminən hər şeydən imtina edirdim. Natiq Səfərovla, Ramiz Rövşənlə, heç kəslə  görüşmək olmaz, heç kəslə.

         Əsas birinci cümləni tapmaqdı. Mənim iki hissəli "Qaçaqaç" romanım təxminən min səhifədi. Öz həyatımdan – məndən keçən və mənim keçdiyim adamlardan yazmışam. Birinci cümləni mən aparmalıyam, yerdə qalan bütün sözlər məni aparmalıdı. Çünki sən sözü uzaqbaşı bir cümlə məsafəsinə qədər apara bilərsən, amma söz səni min cümlə məsafəsinə də apara bilər.

 

Romandan yenidən şeirə keçid etmək istəyirəm, çünki siz dediyiniz kimi, bunlar bütöv mənada, "Seyran Səxavət yaradıcılığı" kimi qəbul edilməlidir. Sizin "İlk məhəbbət, son məhəbbət" şeiriniz on ən yaxşı sevgi şeirindən biri seçilib. Deyirsiz ki, "İnsan bir dəfə doğulduğundan elə bir dəfə də sevə bilərmiş". Siz bu şeiri yazanda, doğrudan, buna inanırdız?

 

– Bəli. Bu şeir yazılıb 22 yaşın içində. Mən yazanda ki, insanlar bir dəfə doğulduğundan elə bir dəfə də sevə bilərmiş, buna yüz faiz inanırdım. O obyekt də məlumdur, indi həyatdadır. Şeir kənd cavanının şəhər qızına olan sevgisiylə bağlı yazılmışdı. Ata-ananın ərköyün bircə qızı... Otuz yaşdan sonra mən anladım ki, özümə şər atmışam. İnsanlar bir dəfə doğulduğundan elə min dəfə də sevə bilərmiş. Həyat davam edir. Sevgi də adam kimidi. Adamlar doğulur, yaşayır, ölür. Sevgi də elədi. Amma iki seriyalı sevgilər də var, filmlər kimi. Sevgi var, bir seriyadı, qurtardı, öldü getdi. Yeddisi, qırxı çıxmamış da unudulub gedir. Elə sevgi var ki, hörmətə çevrilir. Onu da təşkil etmək mümkün deyil, gərək öz-özünə baş versin. Sevgi hörmətə çevriləndə qala bilir, nümunə ola bilir, başqalarının qibtə obyektinə və məkanına çevrilə bilir.

 

Belə çıxır, şeirdə həqiqətdən çox yalan var.

 

– Bir türk mahnısının sözlərini eşitmişdim, çox xoşuma gəlmişdi: "Öylə bir yalan de ki, inanmayım yalandı". Füzuli baba nə deyir? "Aldanma ki, şair sözü, əlbəttə, yalandı".

 

Bu misralardakı hisslərin ölməzliyinə elə inanmaq istəyir ki, insan.

 

"Sıxma ürəyimi, ürək cəhənnəm,

Axı sən ordasan, sən sıxılarsan".

 

– Bayaqkı şeirin sonudu. Məhəbbət Kazımov mahnı da yazıb, məşhur mahnıdı. Bu şeiri o vaxt qızlar "Xatirə" dəftərinə yazırdılar. Sonra bizim arvadın da "Xatirə" dəftərindən çıxdı. Çox populyar şeir idi, adamlar bir-birinə göndərirdilər. O şeirin hesabına mən təxminən 1200 manat pul qazanmışam. "Qaçaqaç" romanında yazmışam bunu. 22 yaşında mən şərqşünaslıq fakültəsinin 3- kursunda oxuyurdum. Bizim bir məşhur şairimiz zəng etdi ki, radiodan səni axtarırlar. Şaxtalı bir qış günü idi.  Getdim. Dedi, sənin şeirlərin xoşuma gəldi, gəl 10 dəqiqəlik "Poeziya dəqiqələri"ndə şeirlərini oxu. O vaxt o verilişə Məmməd Rahim, Bəxtiyar Vahabzadə kimi məşhur şairlər çıxırdı. Mənim o verilişə çıxmağım qeyri-mümkün bir şey idi. Amma çıxdım. Qonorarı da çox yüksək idi, 10 dəqiqəyə 1200 manat aldım mən. Pulu alandan sonra dərslərimi yarımçıq qoyub getdim Moskvaya. Dərs-zad yaddan çıxdı.

Otuz beş-qırx il sonra həmin şairlə Moskvada liftdə "naxalni" görüşümüz oldu. Dedi, indi sən, maşallah, adlı-sanlı adamsan, bəs nə əcəb o vaxt soruşmadın ki, ay filankəs müəllim, bu nə hörmət idi, sən mənə elədin? "Poeziya dəqiqələri"ndə tələbə oğlanın çıxış etməyi mümkünsüz bir şey idi.

Dedim, yəqin, şeirlərim xoşuna gəlib. Dedi, həm də ona görə. Mən bir xanımı sevirdim, necə oldusa, kobudluğum tutdu, onu incitdim, o da məndən üz döndərdi. Məktublarıma cavab vermir, zənglərimə cavab vermir. Axırda "Azərbaycan" jurnalında sənin bu şeirini, "İlk məhəbbət, son məhəbbət" şeirini kəsdim, ümidsiz göndərdim onun ünvanına. 8 gündən sonra zəng gəldi. İşdə bir telefonum vardı, ancaq evdən zəng edirdilər ona. Bir də gördüm, telefon zəng çaldı. Elə bildim, arvad yenə deyəcək filan şey al, filan şey al. Amma o xanımın səsi gəldi, adımı da çox nəvazişlə çəkdi... Bax ona görə səni çağırdım, sən o xanımı mənə qaytardın o şeirinlə.

 

                           "Ortaya nəsə qoy, biz də baxıb öyrənək"

 

– Bu gün Azərbaycan ədəbiyyatının ən böyük problemi nədir?

 

– Ədəbiyyatın bircə problemi var, heç o da ədəbiyyatın problemi deyil, oxucuların problemidir. İndi kitab oxuyan azdı. Ədəbiyyat onsuz da yaranır. Bu gün oxunmayacaq, sabah oxunacaq. Ədəbiyyata gündəlik tələbat malı kimi baxmaq lazım deyil. Ədəbiyyat şüurun, hissin ən yuxarı zirvəsində məskunlaşmış bir şeydi. Ədəbiyyat Allah kimi bir şeydi. Ədəbiyyata təşkilat kimi baxmaq lazım deyil. Ədəbiyyat onsuz da öz işini görür. Başını aşağı salıb adam balası kimi öz işinlə məşğul olanda həyatın da, sənətin də orda gedir, hörməti də orda qazanırsan.

Təxminən 25 il qabaq bəzi cavanlar ortaya çıxmışdılar, mənimlə də görüş keçirdilər. Gördüm bunların arasında istedadlı cavanlar da var. Amma əxlaq deyilən bir şey var də. Əxlaq deyəndə Azərbaycan xalqı ancaq yorğan-döşək söhbətini gətirir gözünün qabağına. Ancaq əxlaq çox geniş məfhumdur, Kainatdan sonra əxlaq gəlir mənim aləmimdə. Gördüm bunların o məsələdə bir az əlləri aşağıdı. Axırda mənə sual verdilər ki, bu görüşdən bizim haqqımızda hansı fikirlərlə ayrılırsız? Dedim, sizə qulaq asdım, içinizdə istedadlı cavanlar var. Amma bir şey hiss elədim, çalışın özünüzü ondan qoruyun. Hamınız başınızın razmerindən böyük danışırsız.

         Həmin cavanlar heç kimi bəyənmədilər, gündəmə gəlmək üçün Üzeyir bəydən, Cəlil Məmmədquluzadədən tutmuş, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadəyə qədər hamını tökdülər çölə. Ən çox tənqid olunan da Anar oldu. Hikkələri bəraətlərindən dəfələrlə böyükdü. Demirsən ki, ədəbiyyat belə olmalıdı? Ortaya qoy, biz də baxıb "öyrənək də". Deyənlərin yaşı 50-ni keçib, hələ ortada heç nə yoxdur.

Bəziləri ağızları köpüklənə-köpüklənə deyir ki, Şuşanı qaytardılar, bəs niyə əsərlər yazılmır? Bu, ədəbiyyat deyil. Qabaqlar SSRİ vaxtı sosializm yarışı vardı, ona bənzəyən bir şeydi. Ədəbiyyatın öz tempi, öz hövsələsi var. Öz qəbahəti və öz bəraəti var. Sən kimsən, ədəbiyyata sifariş verəsən?

İkinci Qarabağ müharibəsindən əvvəl bizi – bir neçə yazıçını bir proqrama dəvət etmişdilər. Aparıcı bizi ortaya qoyub sinif rəhbəri kimi danlayırdı. "Niyə müharibədən yazmırsız?" və bu kimi şeylər.

Dedim, mən bütün ərkim keçən dostlarıma – Musa Yaquba, Ramiz Rövşənə, Sabir Rüstəmxanlıya, Vaqif Bəhmənliyə Qarabağ haqqında yazmağı qadağan eləmişəm. Çünki Qarabağ məsələsi artıq ədəbiyyat mövzusu deyil, müharibə mövzusudu, döyüş mövzusudu. Qarabağ haqqında ən mükəmməl və ən vacib əsəri Ali Baş Komandan Azərbaycan əsgəri ilə bir yerdə yazmalıdı. Şükürlər olsun ki, yazıldı. Poemada, povestdə, romanda alınan Qarabağ mənə lazım deyil. Mənim də az-çox fantaziyam var, bir obraz yaradaram, Rembo kimi qıra-qıra düz gedər İrəvana qədər. Mənə Qarabağ lazımdır, gedib İsa bulağında ovcumu doldurub naturada su içim, torpaqla üz-gözümü yuyum. Şükürlər olsun ki, o əsər yazıldı. Son iki yüz ilin ən vacib əsəri!

 

– Yəqin ki, Qarabağla bağlı mənəvi yükünüz çox böyük idi...

 

– Bilirsən, adama ən çox ağır gələn nə idi? Sənin əlinə baxan bir millət başqasının hesabına gəlib sənin torpaqlarını alır, sənə diktə edir. Bu, çox ağır məsələdi. Bu hətta torpağın işğal olunmasından da min dəfə ağır bir şeydi. Mənim bir erməni dostum vardı: Levon Adyan. Ağdərədən idi. Yaxın dost olmuşduq, Azərbaycan ədəbiyyatçıları onun xətrini çox istəyirdi. Bu hadisələrdən sonra köçüb getdi Peterburqa. İldə bir dəfə mənə mesaj yazırdı: "Bez slov". ("Sözsüz"). O iki kəlmə mənə bir il bəs edirdi. Başı aşağı, dili gödək nə qədər yaşamaq olardı?

Qarabağ azad olunandan sonra ona bircə dəfə yazdım. Yazdım: “bez slov"…  

 

Bəs siz yazandan sonra cavab gəlmədi?

 

– Yox, cavabı məndən əvvəl Azərbaycan ordusu vermişdi.

 

Kin-küdurətə baxın! Bu illər ərzində hər il Qarabağı aldıqlarına eyham vurmaq!.. Qələbədən üç il keçib, bəlkə, siz də onun etdiyi kimi, hər il bu sözü yazıb göndərməliydiz.

 

– Yox, elə bircə dəfə göndərdim. Mən ayrı kişiyəm axı. Mən azərbaycanlıyam, o isə ermənidi.

 

Yurd yerinə getdinizmi?

 

– Kəndimiz azad olunandan üç gün sonra getdim. Amma yaxşı qurtardım...

 

Ərazi minalanmışdı?

 

– Yox, başqa məsələdi. Məni bir polkovnik dostum qeyri-qanuni aparmışdı. Bizim kəndimiz gözəl bir gölün kənarında yerləşirdi. Ordan Şuşaya 40 km yol var. Molla Nəsrəddin yolub – yəni qısa yol. Dağ çayı boyunca gedirsən, meşəlik, cırcıramalar da burdan oraya kimi oxuyurlar səninçün. İndi kənddən əsər-əlamət yoxdu, göldən bildim ki, bizim kənddi... Dostuma dedim ki, məni tez çıxarın burdan. Orda çox qalmaq çətin olardı...

 

Xankəndi də düşməndən təmizləndi. Təbii ki, hamımız buna sevindik. Qarışıq duyğular yaşayanlar da vardı. Məsələn, bəzi yazı adamları dinc ermənilərin köçünə baxıb sevinə bilmədiklərini bildirdilər. Sizin içinizdəki sevinc hissini qısnayan bir hiss varmı, məsələn, mərhəmət kimi?

 

– Mən bir dəfə bir görüntüyə baxdım. Orda Zori Balayan bir qadına müsahibə verirdi. Bu danışır, erməni anası olan qadın da hayıl-mayıl olub ona qulaq asırdı. Zori Balayan deyirdi ki, türk balasını pəncərəyə mıxlayırdıq. O bağırırdı, səsi qulağımıza gəlirdi. Bu səs bizə ləzzət edirdi. Amma birdən bizə elə gəldi ki, onun ağzını yummaq lazımdı, anasını da tutmuşduq, onun döşlərini kəsib, uşağın ağzına basdıq ki, səsi kəsilsin...

Mən dünyanın ən alçaq canlısına mərhəmət göstərə bilərəm, amma bunlara rəhm edə bilmərəm.

 

                                               

                               "Yusif Səmədoğlu ilə oturub hortadardıq"

 

Seyran müəllim, dediyiniz kimi, siz İranda şahın dövründə iki il tərcüməçi işləmisiz. Necə xatırlayırsız o illəri?

 

– Şah azərbaycanlıların bütün hüquq və bərabərliklərini əlindən almışdı, ermənilərin isə neçə məktəbi, qəzeti, kilsəsi – hər şeyi vardı. Amma indikilərə baxanda şaha min şükür. Şahın dövründə tərəqqi vardı. Həm də İran dünyanın ən maraqlı məkanlarından biridi. Ora mənimçün türk məmləkəti kimi bir şeydi. Neçə yüz il orda türklər şahlıq ediblər. Sonuncu şah Rza Pəhləvi idi, onun da xanımı azərbaycanlıydı.

 

Fərəh xanımla görüşdünüzmü heç?

 

– Yox, şahın qayınanası ilə görüşmüşəm. Ququşla görüşmüşəm. Şahın bacısı vardı, Əşrəf Pəhləvi, idman işlərinə baxırdı, onunla görüşmüşəm. Mənim "Daş evlər" romanımın bir xətti elə İranla bağlıdır.

 

– "Qaçaqaç" romanı həyatınızdan keçən qələm dostlarınıza həsr olunub. Bəs indi hansı şair və yazıcılarla üzbəüz oturub söhbət etmək istərdiz? Yaşadığı dövrdən və məkandan asılı olmayaraq...

 

– Məsələn, Ziqfrid Lenslə (o, almandı) oturub bir pivə içərdim. Gürcü Nodar Dumbadze ilə söhbət etmək istərdim. Onunla görüşmüşəm də. Möhtəşəm insan və çox istedadlı yazıçı idi. On ildən bir onu başdan-ayağa oxuyuram. Azərbaycana gəldikdə, Yusif Səmədoğlu ilə oturub, onun özü demişkən, hortadardıq. Sonra qarabağlı yazıçı var, əjdaha, "Qatarda" pyesini yazıb, İşi Məlikzadə bax, onunla uzaq səfərə gedərdim. Amma mənim işim bununla qurtarmır axı. Tutaq ki, mənim on yazıçı dostum olubsa, min qeyri-yazıçı dostum da olub.

 

Bəli, deyilənə görə, dostlarınız arasında hətta qırçılar da olub. Müxtəlif peşə sahibləri ilə dostluq etmək obraz tapmaq istəyindən irəli gəlib?

 

– Obraz axtarmaq istəyi nəinki məndə, yazıçıların heç birində olmur. Bu, sadəcə, onun həyatıdır. İstəsə belə, onu özü təşkil edə bilməz. Bunda, sadəcə, belə alınıb. Mənim həyatımda o qədər maraqlı adamlar olub ki. Adil Hacıyev, Zeynal Zeynalov – dünyanın ən maraqlı adamlarından idilər...

 

– Seyran müəllim, sözə sevgi, adətən, genetik olur. Övladlarınızdan sözə, qələmə meyilli olan varmı?

 

– Yox, yoxdur. Bəlkə, ona görə ki, onlar da bayaq tənqid etdiyim gənclər kimi pis dövrə – keçid dövrünə düşdülər. O vaxt bir qəzet vardı, "Oxu məni". Orda bir rubrika vardı, məşhur adamların uşaqlarından müsahibə alırdılar. Bir xanım mənə zəng vurub uşaqlardan müsahibə almaq istədiyini bildirdi, dedim, gəlin.

Əvvəl Orxana üz tutdum. Dedi ki, bir o qalıb ki, mənim şəklim qəzetdə çıxsın? Toğrula dedim, o da razı olmadı. Qızım Ləman 8-ci sinifdə oxuyurdu, dedi, mən danışaram. Yaxşı da müsahibə vermişdi. Hətta müxbir Ləmana sual vermişdi ki, qardaşlarınla necə yola gedirsən? Demişdi, "itlə pişik kimi. Amma bir-birimizi çox istəyirik".

Müxbir gedəndə Orxana dedim ki, ötür xanımı. Gördüm xanım deyir ki, Orxan, yaxşı, müsahibə vermirsən, heç olmasa de görüm, Seyran Səxavətin əsərlərini oxumusan? Bu da dedi ki, mən heç Məhəmməd Füzulini oxumuram, Seyran Səxavəti oxuyacam?

(gülüşmə)

 

Sözü, adətən gül qoxusu, yarpaq qoxusu ilə müqayisə edirlər. Siz isə belə bir ifadə işlətmisiniz: sözün üfunət qoxusu. Söz nə vaxt üfunət qoxusu verir?

 

– Bu suala qısa cavab verəcəyəm. Sözün yükü yalan olanda it iyi verir… Türkiyə türkcəsindən dilimizə keçən bir deyim var, məsələn, deyirlər, “filankəs sözünü tutmadı”. Söz quş-zaddı onu tutum? Bəs Azərbaycan dilində necə deyirlər: “Filankəs sözünün üstündə durmadı”. Çünki sözünün üstündə durmaq hər kişinin işi deyil. Söz bütün böyüklüyülə, nəhəngliyilə həm də sürüşkən şeydi, çoxları onun üstündə dura bilmir, yıxılır…

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

 

 

Cümə axşamı, 30 May 2024 11:20

Şəhidlər barədə şeirlər – MURAD GÖZƏLOV

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Murad Gözəlova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

MURAD ZABİL OĞLU GÖZƏLOV

(12.05.1995.-05.11.2020.)

 

Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuş, Həsənabad qəsəbə orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Bakı Neft-Energetika Kollecinin məzunu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

Şəhid olduğu yer:  Qubadlı rayonu.

Dəfn yeri:  Neftçala rayonu.

 

 

DÜŞMƏNİ TARİMAR EYLƏDİ MURAD

 

-İntizarla bitə bilməz ömrümüz,

Daha bəsdir, tükənibdir səbrimiz,

Qoy verilsin, “Get irəli!” əmrimiz,

Yad əllərdə torpaq eyləyir fəryad,

Döyüşə hazıram, -söylədi Murad.

 

 

Yox olsun fitnəni yaradanları,

Anlada bilmədik, kor nadanları,

Torpağa tökülən şəhid qanları,

Qisasa çağırır, ürək deyil şad,

Döyüşə hazıram, -söylədi Murad.

 

O torpaqda var min illik izimiz,

Şükür, hələ bükülməyib dizimiz,

Nələr gördü neçə ildə gözümüz,

Bəsdir daha, şəhid olubdur Polad,

Döyüşə hazıram, -söylədi Murad.

 

Neftçalada, Həsənabadda doğuldu,

Görənlər deyirdi,-Əhsən, oğuldu,

Kolleci bitirdi, mühəndis oldu,

İnsanı ucaldır yaxşı əməl, ad,

Döyüşə hazıram, -söylədi Murad.

 

Qəlbində nə qədər arzusu vardı,

ADNSU-ya girəndə çox bəxtiyardı,

Bilirdi, hər şeydən öncə diyardı,

At oynada bilməz torpağımda yad,

Döyüşə hazıram, -söylədi Murad.

          

 II

Geyindi, yenə də hərbi libasın,

Başlatdı kafirin matəmin, yasın,

Hüseyn əmisinin aldı qisasın,

Yurd azad olduqca ruhlar olur şad,

Düşməni tarimar eylədi Murad.

 

Əzizdir Vətənin qayası, daşı,

Bunu anlayammaz kütbeyin naşı,

Oldu Vətən oğlu, yurd vətəndaşı,

Əbədi yaşayan, qeyrətli övlad,

Düşməni tarimar eylədi Murad.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

 

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

AYRIC

                    

2.                 

 

 

Hər dəfə də mənə deyirdi ki, gəl səni aparım o sürücülərin yanına. Vallah, qızlığına dəyməyəcəklər. Elə oranı-buranı əlləşdirib öpəcəklər, axırda da bir yerini tapıb boşalandan sonra pulunu verəcəklər, qayıdacaqsan evinə. Nəsə... Bir gecə necəsə saqqızımı oğurladı. Bilirəm, indi inanmayacaqsan. Amma, vallah, belə olub. Sən xəbər tutmamışdan qabaq bir dəfə də o xaraba meydana getmişdim. Sən ikinci dəfəsinə gəlib çıxdın. Biz Ziba ilə maşının kabinəsinə qalxanda, indi başa düşürəm ki, sürücülər bəlkə də bir-birini yola verirlərmiş. İkisi də lüt idi. Ona görə belə düşünürəm. Tərbiyəsiz köpəyuşaqları. Nəsə, birinci dəfə elə Ziba deyən kimi də oldu. Qızlığıma dəymədilər. Yaxşı da pul verdilər. İkinci dəfə isə həmin o kök eşşəyə rast gəldim. Sonra da səni Allah yetirdi. Qisasımı ondan aldın. Vurub öldürdün. Amma o da mənim qızlığıma dəyməmişdi. Qızlığımı da Rusyetdən qayıdandan sonra sən korladın. Kefli idin. Heç demədim də sənə...

Güzgüdən Mədinəyə baxdı. Ağlayırdı.

Maşını Şağan yolunun kənarında tikilmiş “Sirat” hotelinin qarşısında əylədi. Açarı hotelin qara frak geymiş qapıçısına verib aşağı endi. Hotelin pəncərələrindən dəniz görünürdü. Qağayıların səsinə qədər yaxınlıqdaydı. Mədinə hotelin pillələrini yeyin-yeyin yuxarı qalxanda qəfil ayağı büdrədi. Az qaldı ki, yıxıla. Gülümsünüb öz-özünə: – Ayağısürüşkənəm də, neynəyim! – dedi.

Mədinənin sakit kinayəsindən gözləmədiyi halda eyni açıldı. Bayaqdan bəri danışılan xatirələrdən içinə dolmuş nifrət hissi bircə anda əriyib yox oldu.

Üzünü Mədinəyə tutub: – Gəl bir-birimizi köhnə palan içi açıb tökməklə yormayaq! Mən yenidən yaşamaq istəyirəm! – dedi.

Mədinə ona əhəmiyyət belə vermədən hotelin iri şüşəli qapılarından içəri keçdi.

Qeydiyyat şöbəsində hər ikisindən vaksin sənədi ilə bərabər kəbin kağızı da tələb etdilər. Hotel “pandemiya dövrünün qaydaları” ilə işləyirdi. Bir qədər çək-çevirdən sonra hotel rəhbərliyi ilə üçsıfırlı məbləğ müqabilində razılaşıb qalacaqları otağın açarını aldılar.

Mədinə “prezident lüksü”nün qapısı qarşısında sinəsinə qısılıb:  – Görüm də məni Sirat körpüsündən bu gecə neçə dəfə keçirə biləcəksən? – pıçıldadı.

“Əstəğfürulah” deyib gülə-gülə otağın qapısını açdı. Və hər ikisi, sərhəd keçirlərmiş kimi, həyəcanla hotel otağına daxil oldular.

Hotel otağının, həqiqətən də, fərqli bir haləsi vardı. Bakirə, hələ yaşanmamış səhər kimi yeniydi. Yerliyi yaşıl divarlarına qədim yunan və Roma dövrünə aid əsatir qəhrəmanlarının yağlı boya ilə şəkilləri çəkilmişdi.

Mədinə divardakı tabloda qədim yunan olimplərinin ən kiçiyi, adının mənası “ikinci dəfə doğulan” olan Dionisin ayağına sığınmış qurbanlıq keçinin iri və məsum gözlərini görəndə əməlli-başlı heyrətlənib əlləri ilə ağzını tutdu.

Mədinədən: – Nə oldu sənə, keçidən qorxdun? – soruşdu.

Qadın divarda çəkilmiş keçini əlləri əsə-əsə göstərib: – Bu keçiyə bax! Gözlərimə inanmıram. Bu qurbanlıq keçini səninlə birgə üç gecə yuxularımda görmüşəm! Üç gecə sərasər sənin ayağının altında kəsilmək üçün cəllad kötüyünün üstünə uzadılıb! İndi bu nə deməkdir? Mən yatmışam? – cavab verdi.

Şəklə diqqətlə baxdıqdan bir xeyli sonra:  – Yəqin, yatanda ac olmusan! Xətrinə keçi əti düşüb, – dedi. Və qapını içəridən bağladı.

Mədinə paltarlı-paltarlı çarpayıya uzanıb: – Həyat kişiylə daha gözəldir! – qışqırdı.

Şəkildəki keçinin məsum gözləri birdən-birə onu Bakıdan qaçaq düşdüyü illərə qaytardı. O zaman tale onu hələ dağılmamış Sovetlər birliyinin ən ucqar şəhəri olan Kalininqrada aparıb çıxarmışdı. Bir müddət şəhərdən kənarda yerləşən alman qəsəbəsində gizli çalışan kiçik araq fabrikində fəhlə işləmişdi. Gəliri də o zaman üçün pis olmamışdı. Qaçaqmalçılıq bütün dövrlərdə yaxşı pul gətirir. Ən əsası isə, belə işlərdə işləmək üçün ondan sənəd tələb edilməmişdi. Sovetlərin bir nömrəli ərzağı araq idi. O da araq istehsal edənlərin yanındaydı. Daha o illərdə adama bundan savayı nə lazım ola bilərdi ki? Heç nə. Ölmək istəyirsən, get Mazandarana. Bir dəfə yenə də gecə yarısı işdən yaşadığı kiçik daxmasına qayıdırdı. Hər gün işə gedib-gəldiyi cığır kiçik dəmir yolu stansiyasının böyründən keçirdi. Həmin gecə də qəsəbənin maşın yolunu federal dəmir yolundan ayıran, ağ-qara rəngli şlaqbaum gəlib keçəcək qatarın xəbərdarlığını aşağı enməsiylə bildirmişdi. O da, həmin gecə qatarın gəlib keçməsini gözləyən digər qəsəbə sakinləri kimi, səbirlə dayanıb ağ tüstülü kölgəsi uzaqdan görünən qatarın gəlib keçməsini gözləmişdi. Həmin gecə şlaqbaumun böyründə iri gözlü keçisinin başını sığallayan bir rus qarısı da dayanmışdı. Belə qarılar adətən əyalətlərdə kilsələrinin qarşısında ibadətə gələn zəvvarlara çöllərdən dərilmiş yabanı çiçəklər satırlar. Qarı həmin gecə stansiyaya yaxınlaşan qatarın yolunu oxuduğu müqəddəs dualarla və xaç çevirməklə nurlandırmışdı. Arxasında dayanmış orta yaşlı iki kefli rus kişisi isə qarının bu ifrat dindarlığını lağa qoyaraq şalvarlarını aşağı endirib gələn qatara çılpaq arxalarını göstərmişdilər. Bu təzad o zaman ona da, digər qəsəbə sakinləri kimi, gülməli görünmüşdü. Nəhayət, qatar ənənəvi aramlıqla kiçik stansiyanın qarşısından keçib getmişdi. Adəti üzrə bir neçə saniyədən sonra kiçik stansiya köşkündə oturmuş, qalın kürklü dəmiryolçu şlaqbaumu yuxarı qaldırmışdı ki, qəsəbə sakinləri evlərinə rahat gedə bilsinlər. Və bu zaman hamının gözü qabağında möcüzə baş vermişdi. Əvvəlcə qarının səkil keçisi şlaqbaumla birgə göyə yüksəlmişdi, ardınca da ağzı dualı qarının özü. Kefli kişilər bu dəfə gözlərinin qarşısında ilahi müdaxiləylə müqəddəs İsa kimi göyə yüksələn müqəddəs qarının boyu bərabəri dayanıb xaç çevirməyə və şeytanı lənətləməyə başlamışdılar.

Keçinin boynuna bağlanmış kirli kəndirin şlaqbauma dolaşması səbəbindən hamının gözü qabağında göyə “yüksəlmiş” qarının və keçisinin gözlərindəki o ilahi məsumluğu və məmnun işığı bu gün də unuda bilmirdi. Sabit iman bu yalan dünyada yaşamaq üçün ən doğru yalan imiş. Qarı o zaman necə də böyük inamla illərlə etdiyi dualarının müstəcəb olduğuna inanmışdı. Və illərlə tapındığı İsa Məsih kimi, etdiyi davamlı ibadətlərinə görə dərgaha “yüksəldiyinə”, öz müqəddəsliyinə necə də ürəkdən inanmışdı. Qarının gözlərində elə böyük sevgi, elə gur ilahi nur və elə böyük barış hissi var idi ki, o zaman qaranlıq gecəni belə səhər kimi aydınlatmışdı.

Hotel otağının divarına yağlı boya ilə çəkilmiş qurbanlıq keçinin də gözlərində həmin o tanış ilahi nur, həmin o göyə “ucalma” anında qarının gözlərində yaranmış Tanrıya qovuşma yəqinliyi vardı. O zaman həmin o dindar rus qarısı keçisinin boynuna öz əliylə bağladığı kəndirin təsadüfən şlaqbauma ilişməsi səbəbindən göyə ucaldığını ağlından belə keçirməmişdi. İnamı var idi axı, ona görə. Qarı bütün ömrünü bu inamla yaşamışdı deyə belə bir möcüzənin olacağını gözləmişdi. Buna hazır idi. Ömrü boyu beyət etdiyi İsa Məsihin ölümünün müəqəddəs olduğuna inandığı üçün özünün də bu meracı haçansa təkrar edəcəyinə inanmışdı. Həmin an isə dualarının bədəli olaraq Tanrı tərəfindən ona edilmiş ətanın sevincini yaşamışdı. İnsan nəyəsə ürəkdən tapınmasa, kiməsə inanmasa, sevməsə, heç vaxt hüznlə yaşaya bilməz. Heç rahat ölə də bilməz. İnsan insandan ancaq özünü aldatmaq bacarığı ilə seçilir. Öləcəyini bilə-bilə başqa cür necə yaşaya bilərsən axı? Ancaq yalanla. Özünü aldada-aldada. Sonu unudaraq və düşünməyərək”.

Haradansa beyninə gələn təzadlı fikirlərdən əməlli-başlı üşənib divana oturdu. Otağın tavanından asılmış qızılı çilcırağın zəif işığı altında üzünü Mədinəyə tutub: – Bu nə şəkillərdi belə, adamın lap bağrı yarılır! – dedi.

Mədinənin başı dolabdan sellofana bükülmüş hamam xalatını çıxarmağa qarışmışdı. Onun nə dediyini eşitmədi. Qadının hər bir hərəkətində incəlik, naz, axıcı xumarlılıq var idi. Nə qədər istəsə belə, ona davamlı olaraq nifrət edə bilmirdi. Mədinə zərif, incə, su kimi tinsiz, ölçüsüz, ucu-bucağı olmayan bir axın kimiydi. Amma acılığı da ağız yandırırdı. Ayağa qalxıb Mədinənin incə belindən tutdu. Qadın təması başqa yerə yozdu. Əlində tutduğu sellofana bükülü xalatı ona uzadıb qımışa-qımışa: – Nə xəbərdi, adə! Əvvəl bunu aç, görüm yadırğamamısan ki? – dedi.

Sellofanı barmaqları ilə yırtıb içindəki ağ hamam xalatını Mədinəyə uzatdı.

– Bu xəstəlik qurtarsın, səni Mayamiyə aparacam! – dedi.

Mədinə soyunduqca payızın gəlişinə yarpaqlarını tökən ağcaqayın ağacına bənzəyirdi. Hələ bəzi paltarları yarpaq-yarpaq əynindəydi. Bəziləri xəzəl kimi döşəməyə düşürdü. Eyni zamanda, ağcaqayın ağlığında olan çılpaq bədəni bütün gözəlliyi ilə artıq görünməkdəydi.

Qadın onun üzünə belə baxmadan: – Hələ sən məni Maştağa bazarına apar görüm, apara bilirsən! – dedi.

Siqaret yandırıb eyvana çıxdı. Daş onun bostanına atılmışdı.

Mədinəli keçmişinə biganə olduğunu maşında susmaqla bildirsə də, əslində həmin o sevdalı illəri üçün əməlli-başlı darıxırdı. Özünə belə etiraf etməsə də, Mədinədən sonra heç bir qadını eyni çılğınlıqla sevə bilməmişdi. Qaçaq olduğu illərdə Rusiyada nələrdən keçdiyini artıq unutmuşdu. Mədinənin pis yola düşməsi xəbərini aldığı günü isə bütün xırdalıqlarına qədər xatırlayırdı. İki illik qapanma belə bu ağrını ona unutdura bilməmişdi. Üstündən gör nə qədər vaxt keçsə də, hələ də yataqda Mədinədən iyrənirdi. Hər dəfə sevişdikləri zaman onu öldürəcək qədər hirsli olurdu. Mədinə ilə ancaq içkili halda yatağa girə bilirdi və son dərəcə aşırı kobudluqla pozğun qadın kimi davranırdı. Bədəni ilə bədəninə vurduğu hər bir sevgi təkanı bıçaq zərbəsi kimi sərt, kəskin və qançıxaran olurdu. Bununla belə, Mədinənin bu günə qədər ürəyində diri qaldığına özü də heyrətlənirdi. Mədinə həmişə içindəydi. Və heç zaman da oradan çölə çıxmamışdı. Bu tənliyin həlli yox idi. Bu nə hiss idi, anlamırdı. Sevgiydisə, sevgi belə hirsli olmazdı. Nifrətdisə, nifrət də belə şirin olmur. Bu bağlılığın hüznü, dincliyi, rahatlığı və əminliyi yox idi. Bu təmas sevgi üçün qəddar, intiqam üçün çox yumşaq idi. Bu yaxınlığın içində bir az qisas, bir az nifrət, bir az sevgi, bir az da doğma adama olan kölə bağlılığı vardı.

Eyvandan içəri keçib divana oturdu.

Hamam otağından Mədinənin səsi gəlirdi. Çiləyin altında pəsdən mahnı oxuyurdu. Ağzından çıxan sözlər otağa çatana qədər sudan keçib islanırdı deyə anlaşılmırdı. Görünür, aydın olmaq üçün söz gərək quru ola, islanmaya. Amma Mədinənin avazı da ona bəs edirdi. Su qadının yanıqlı avazını, mehrini söz qədər dəyişə bilmirdi. Əksinə, Mədinənin səsi soyuq suyu da isidirdi. Bu gün hamamın suyu Mədinədən qızırdı. Sözlərini su yuyub aparsa da, nəfəsi əməlli-başlı qapıdan bu taya keçirdi. Mədinə təpədən-dırnağa qədər tamam fərqli bir hal, ayrı bir nəfəs idi. Suyu da yuyub arıdırdı.

Ayağa qalxdı. Soyuducunun qapısını açıb kiçik konyak şüşələrini bir-bir çölə çıxartdı. İkisini birnəfəsə başına çəkib qalanlarını mizin üstünə düzdü.

Telefonla otağa yemək sifariş verəndən sonra çarpayıya uzandı.

Son zamanlar bütün günü əzgin olurdu. Eləcə yatmaq istəyirdi. İş görməsə belə, yorulurdu. Bütün günü öz-özüylə danışırdı. Sən deyən bir elə xatirəsi də yox idi ki, onu yorsun. Mədinəni çıxmaq şərtilə, olduqca hamar bir ömür yaşamışdı. Bununla belə, yenə də içi narahat idi.

 

 “Ədəbiyyat və incəsənət”

(30.05.2024)

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində bu gün Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim ediləcək.  Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

 

İlk olaraq tanış olacağınız şeir Uinston Çörçillə aiddir. “Yazıq küçük Puqi-Vud” adlanır. Təəccübləndiniz, deyilmi? Böyük Britaniyaya uzun illər rəhbərlik etmiş bu şəxsin şeir yazmasını yəqin çoxlarınız bilmirdi.

 

Uinston  Çörçill

(1874-1965)

Böyük Britaniya

 

Yazıq küçük Puqi-Vuq

 

Nə olubdur, bilən var,

Bu yazıq Puqi-Vuqa?!

Ver yeməyi tavada,

Öp üzündən, qucaqla.

Tez ol, axtar hər yanı,

Tapıb gətir dərmanı.

Çək üstünə palazı,

Qızdırması azalsın.

Getsin azar-bezarı,

Puqi-Vuq da sağalsın.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

 

Məmməd Məmmədli, “Ədəbiyyat və incəsənət” üçün

 

 

İspan yazıçısı Sabina Urrakadan bir tərcüməm var. Bu, onun ən çox təbliğ olunan romanından parçadır. Müəllifin bioqrafiyasını və onun müsahibəsini də əlavə etmişəm.

 

 

Əslən İspaniyanın Bask əyalətindən olan Sabina Urraka Tenerifedə boya-başa çatıb, 15 ildən artıqdır ki, Madriddə yaşayır. O, sığorta satış təmsilçisi, ofisiant, ssenarist, müxbir və teleaparıcı kimi çalışıb. Hazırda İspaniyanın El País, El Diario.es, Vice və Cinemanía nəşrləri ilə əməkdaşlıq edir. Sabina Urraka “Fulgencio Pimentel” nəşriyyatında çap olunan, “Xavier Morote” mükafatı qazanmış “Əcaib əkizlər” romanın müəllifidir. “NewSpanishBooks” biblioqrafiyasının kataloqunda yer alan bu əsər həm də İspaniya Kitab Satıcıları Assosiasiyası və Gildiyaları Konfederasiyası tərəfindən təbliğ olunur. O, “Gəzəyən qız” hekayə toplusu və “Trankilas– Gecə vaxtı evdən tək çıxan qızlar üçün” kitabında çıxış edən müəlliflərdən biridir. Sabina Urraka 2017-ci ildə TEDx layihəsində “Əcaib qızdan necə yaxa qurtarmaq olar” başlıqlı monoloq söyləyib. Hazırda “Fuentetaja”yazı emalatxanasında bədii yazı üzrə dərs deyir.

 

SABİNA URRAKA İLƏ MÜSAHİBƏ

 

-Nə zaman və nə üçün yazmağa başladın?

 

-Mən inanılmaz yeniliklər dövründə böyümüşəm, ona görə də yazmağı bacarmazdan əvvəl hekayə qurduğum vaxtları xatırlayıram.

 

-Hansı mövzularda yazırsan?

 

-Mənə elə bir hadisəni nəql etmək maraqlı gəlir ki, onu yalnız ədəbiyyat vasitəsilə anlamaq və izah etmək olar. Gün ərzində başıma gələn bütün bədi iməqamları oxucuya ötürmək üçün elə bir hiss keçirirəm ki, buna yalnız aclıq adı vermək olar.

 

-Ən çox sevdiyin kişi və qadın müəllifləri kimlərdir? Yeni yazmağa başlayanda sənə daha çox kim təsir edib?

 

-Nataliya Ginzburg, Reymond Karver, Valeri Mrejen, Nabokov, Şarlotta Roş, Selincer, A.M. Homs. Komiks müəlliflərindən Elison Bexdel, Çester Braun, Daniel Klouz, Juli Duse, Tamburini və Liberatore. Bir də istifadə etdiyimiz sosial şəbəkələr – heç zaman tükənməyən sonsuz ədəbiyyat mənbələri.

 

-Bir nasir kimi son illərdə çap olunan kitablarda hansı yeniliklər diqqətini çəkir, hansı tendensiyalar sənə daha maraqlı gəlir?

 

 

-Tükənmiş, aciz və absurd dünyada yaşadığımızı etiraf edən yazılar məni daha çox cəzb edir. Açıq fikirləri üzə çıxarıb onları utanmadan, cəsarətlə oxucuya ötürən ədəbiyyatı çox dəyərləndirirəm. İfrat dərəcədə özünüdərketmə, özünütənqidetmə və bir insanın kənardan özünə kinayə ilə yanaşması mənə maraqlı gəlir. Lidiya Devis, Mariana Enrikes, Fabian Kasası həvəslə oxuyuram. Maria Fernanda Ampuero, Xorxe de Kaskante, Elisa Viktoria,y axud da Mersedes Sebrianın qələmində də yuxarıda adlarını çəkdiyim müəlliflərlə oxşarlıq görürəm.

 

-Hansı dövrdə və ölkədə yazıçı olmaq istərdin?

 

-Harda yazıçıya ehtiyac var orada. Yazmağım özümə görədir, yazdığım mətnə ehtiyac duyduqları üçün deyil, daxildən partlamamaq üçün yazıram.

 

-İşlədiyin layihə barəd əməlumat verə bilərsən?

 

-İndi 15 gün ərzində qısqanc bir itin başına gələnlər barədə yazıram. O, özünə sual verir: görəsən insanlar da seks və ya sevgi üstündə yolu keçərkən maşın təkəri altında qalıb ölməyə hazırdır? Cavab şübhəsiz, “hə” olacaq. Sual bundadır –necə və nə üçün.

 

ƏCAİB ƏKİZLƏR

(romandan parça)

–Böyük kimdi?

–Onlar əkizdi.

–Şirniquş istəyirsən?

–Yox, onlar şirniquş xoşlamır.

Ana onlara şirin şey yeməyə icazə vermirdi. Pediatr həkim demişdi ki, bu, onlara ziyandır. Hərdən “Dunup” içməyə qoyurdu, başqa heç nə. Qatıq, süd, “Cola Cao” isə olmaz.

–O mənə baxır.

–Yox, mənə baxır.

Paula və Raisa Maykl Ceksonun posterinin qarşısında dayanıb onun baxışlarının istiqaməti üstündə bir-birini qırırdılar.

–Görmürsən? O, mənə baxır, mənə!

Əslində qırmızı dəri gödəkcədə qolunu qoluna keçirən Maykl mənə baxırdı. Bütün qızlar bu iki bacının ortasında dayanıb onun baxışlarına tuş gəlmək istəyərdi. Mən heç kimin tərəfini saxlamırdım, sadəcə onlar özləri katalizatorluq edib bomba kimi açılırdılar. Mən onlara baxmaqdan zövq alırdım.

Hərdən Paula və Raisa əlində bıçaq evdə o baş-bu baş bir-birini izləyirdi. Anaları da başını masaya söykəyib ağlayırdı. Köynəyin manjetinə bağladığı yaylıqla dünyaya gətirdiyi və bir-birinin ölümünü arzulayan qızlarına görə acı göz yaşını silirdi. Sonra da mənə baxıb, dua edənlər kimi dilinin altında danışırdı:

Ya İsa

Nə pis iş gördüyümü artıq bilmirəm...

İsam mənim, gəl apar məni...

Deyib, parça salfetləri səliqə ilə bükür, belindən tər-su axa-axa, yaylıqla üzünü silir, bazar günü üçün ailəvi nahar süfrəsi hazırlayırdı. Mən də sözüm olmadığından qəlyanaltı eliyirdim. Mətbəx şkafında (ancaq mənim üçün) bir “Cola Cao” butulkası vardı.

–Sən ki ağıllısan, bu vəhşilərə qarşılıqlı hörmətin nə olduğunu başa sala bilməzsən?

Nə cavab verim. Bilməli idi ki, əgər mən hər cümə axşamı bu saatda, gitara dərslərindən sonra onların evinə gəlirəmsə, demək tamaşaya baxmaq üçün gəlirəm.

O dava-dalaşlar həyatımda heç zaman görmədiyim ən gözəl tamaşaydı. Enerjili heyvanlar kimi bütün bədən əzalarını maksimum dərəcədə gərərək, vəhşi səslər çıxara-çıxara yerdə süpürləşir, bir-birinin qolunu bururdular. Bu, yavaşıdılmış kadrda iki şirin boğuşmasına bənzəyirdi. Onların daxili üzə çıxırdı elə bil; hər bir hərəkət bədəndə gərilməyə səbəb olurdu ki, bu da onların əzələ sistemini görməyə, sümüklərin quruluşunu təxmin etməyə imkan verirdi. Paulanın bacısı ilə döyüşündə ağzını açan bir timsahı, bütöv bir qabanı udmağa hazırlaşan nəhəng boa ilanını, ayağımın altındakı torpağı zəlzələ təki titrədən, ürkmüş bizon sürüsünün ibtidai qaçışını sezmək olardı.

Ümumilikdə baxanda əkizlər arasında gedən mübarizə sanki bir mif, yaxud da adamın özü ilə duelə çıxmasının canlı nümunəsi idi. Elə bil insan şəxsi iradəsini zorlayır, canını əzir, özünü üstələməklə qalib gəlməyə çalışır.

Qollar, ayaqlar və dişlər bəs eləməyəndə Paula deyirdi:

–Gəl indi də bıçaqlarımızı çıxaraq.

Bu zaman ürəyimə qorxu düşür, həm də gördüyüm mənzərədən ləzzət alırdım. Analarına baxırdım. O da əlində toxuduğu parçanı yarımçıq qoyub, güclə “ay bala” deyərək yenidən göz yaşlarının içində boğulurdu. Təlaşa düşərək ayağa qalxır, sonra da qayıdıb yerində otururdu, əli ilə sinəsində xaç çəkirdi.

Ya İsa

Axı mən nə pis iş tutdum?!

Ataları radio həvəskarı idi. Bütün gününü dəhlizin o başındakı otağında keçirirdi. Qapının arxasındakı radio aparatından xışıltılar çıxırdı, gurultulu səslər, bəzən də pıçıltılar eşidilirdi. Orada gülüş səsləri yaxud da eşidilə biləcək danışıqlar olmazdı.

Evdə qaraqış qırıq salsalar da, bıçaqlar dilə gəlsə də, tavan başına çöksə də radioya qulaq asmağına davam edirdi və danışdığı adamın kim olduğunu da yalnız elə o adamın özü bilirdi. Radio həvəskarlarından həmişə qorxmuşam. Uzaqda yaşayan qərib insanlardı onlar, dostluq elədiyim uşaqların ataları, bağda-həyətdə düzəltdikləri kabinələrdə birdən-birə peyda olan, qəfildən də yoxa çıxan, heç kimə dəyib dolaşmayan amorf insanlardı. Kiminlə danışır? Heç kim bilmir. Yəqin o da bunun kimi əldəqayırma radio ilə evin qaranlıq bir küncündən siqnal ötürürdü.

Cinsiyyət üzvünün vaginanın içinə girib ağımsov mayenin fısqırtdığını ilk dəfə biləndə belə boztəhər və sakit təbiətli bir adamın Raisa və Paula kimi iki enerjili qızı mayalandırmaq üçün bi rdəfəyə o mayedən nə qədər ifraz etdiyini təsəvvürümə gətirə bilmirəm... Ana göz yaşları axıdır və ağlayırdı, amma əslində o, ərazisini qoruyan bir əjdahaydı. Onu rahat buraxmalarını istəyirdi.

Fotoatelyelərin birində onun hamilə qaldığı vaxtların cavan şəklinə baxırdım. O qədər dəhşətli bir hamiləlik keçiribmiş ki, başı bapbalaca görünürdü. Ancaq gözlərində bədənini deformasiya edən bu iki məxluqdan uzaq alovlu baxışını sezmək olardı. Onda elə bir vəhşi fikir, azadlıq yanğısı yox idi. Sadəcə, xoşbəxt adamlar kimi ipi toxuya-toxuya gözucu televizora baxardı, hərdən də dibçəkdəki güllərin yarpaqlarını təmizləyərdi. Bu deyilənlər həmin şəkildəki qadının gözlərindən oxuduğum sözlər idi. Raisa və Paula bir-birlərilə saçyolduya çıxanda o, dərindən köks ötürür, gözləri içində gizlənən arzusunu dilə gətirirdi:

–Əlbəttə, subay qalsaydım daha yaxşı olardı.

Məncə, ikimiz də belə düşünürdük ki, Paula və Raisa evin bütün dəlmə-deşiklərini yaxşı tanıdıqları üçün əzilmirdilər. Əkizlər bir-birlərinə xəsarət yetirməsinlər deyə, düşünülmüş zərbələri ilə nifrətin sanki mürəkkəb xoreoqrafiyasını xatırladırdılar. Tək-tük hallarda burunlarından qan axar, ya da yumruqları ilə dımır-dımır divarı dəlmədeşik edərdilər. Həmən anda onlardan biri qarnından tutub özünü ölülüyə vurardı. O birisi də yaxınlaşıb ayağının ucu ilə yerdəkini yoxlayardı.

–Eh, sən. Dur ayağa, gicbəsər.

Bir qədər nəfəsini dərib gözləyərdi, hiss orqanlarını hazır vəziyyətə gətirərdi. Bir anda qan təəssüratı yox olur və yenidən partlayış baş verirdi. Yenə ordan-burdan təpik-yumruq, bir-birlərinin üstünə tüpürmə başlayırdı. Ana da gözünün yaşını silə-silə qabları yuyurdu.

Axırda da tərli-tərli, yorğun oturub bir yerdə “Əjdaha topu” cizgi filminə baxırdılar. Saat 2-də səs-səsə verib seriallardakı mahnıları oxumağı xoşlayırdılar. Mahnının birinci sətrini oxuyub, dalını gətirmək üstündə yarışırdılar.

Ana gətirdiyi iri süd butulkasını xalçanın üstünə qoyub otaqdan çıxırdı. Növbə ilə şüşəni başımıza çəkib cizgi filmlərinə baxırdıq. Südü içəndən sonra ağzımda qalan tər və heç vaxt göstərmədiyim şiddəti hiss edirdim.

Yanlış bir hərəkət, bir göz qırpımında ortada közərən nifrəti yenidən alovlandırırdı. Paula bir gözü bacısında, yerindən qalxaraq kənara çəkilib, arxasınca qışqırırdı:

–Gəl bıçaqlarımızı çıxaraq...

Ana özünü eyvana atırdı.

–Mən özümü öldürəcəm, öldürəcəm... Belə yaşamaq olmaz! Öldürəcəyəm özümü...

Sızıldaya-sızıldaya, acısını dibçəkdəki ətirşah gülün yarpaqlarının tozunu almaqla çıxarırdı. Əlini qabağa uzadıb yağışın yağıb-yağmadığına baxırdı. Əlində təzəcə yuduğu paltarı sıxıb üstünə “şpilka” vururdu.

Ya İsa, gəl məni burdan apar...

Hərdən özlərini qorumaq üçün məndən qalxan kimi istifadə edirdilər. Mübarizənin tərkib hissəsinə çevrilmək məni həm qorxudur, həm də ehtirasa gətirirdi. Məni bir yerdən o biri yerə atırdılar. Çox az hallarda canıma zərər yetirərdilər. Belə olanda saatlarla könlümü alır, şokolad verirdilər. Çarpayıda mənimçün yumşaq mütəkkələr düzəldir, bir tərəfdən də “Cola Cao”nu elə içizdirirdilər ki, əlim şüşəyə belə dəymirdi.

Evə bir ətək şokoladla qayıdırdım. Hərdən yerə düşən kölgəmlə məşq edirdim, özümü yerə atır, qara siluetimlə güləşirdim.

Ümumiyyətlə, didişmə adi bir səbəbdən yaranırdı. Mübahisənin ortasında davanın əslində nədən başladığını xatırlamazdılar. Belə hallarda söhbəti qızışdırmaq üçün əllərində mütləq tutarlı bir bəhanə olurdu.

–Ana, kimin böyük olduğunu ona denən.

Bu zaman anaları çiyinlərini çəkirdi.

–Bilmirəm! Mənə o qədər narkoz vermişdilər ki, yuxuda olmuşam...

Ancaq uşaqları yalvarırdı ki, çalışıb yadına salsın. İstəyirdilər desin ki, böyük kimdir, ən yaxşı kimdir, haqlı olan kimdir.

Duşun altında çiməndə ilk uşağın kim olduğunu təsdiqləyən bir nişanə tapmaq ümidi ilə diqqətlə özlərinin buğdayı bədənlərinə, bədəndəki tükə, tünd, bir qədər də iri gözlərinə baxırdılar.

O günü bir saat fərqlə dişləri düşəndə qızların birincilik iddiası bir qədər öləzidi. Alüminium folqaya bükdüyüm dişlər mənim üçün ən gözəl hədiyyə oldu və o vaxtdan onları çantamda gəzdirməyə başladım. Hərdən bacıların enerjisini özümdə hiss etmək istəyəndə əlimi çantama atıb, bükülü folqanı bərk-bərk sıxırdım.

Həmin axşam eyvanda idik. Əllərindəki ömür xəttini müqayisə edirdilər, görək kimdə daha uzundur. Yəni kim əvvəl doğulub. Bu zaman Raisa daxilində boğduğu qəzəbi azadlığa buraxaraq Paulanı elə itələdi ki, hər ikisinin dişi sürahiyə dəydi.

Dəmir sürahi gurultulu səslə şaqqıldadı. Paula mexaniki tərzdə yerdən qalxdı. Rəngi ağarmışdı. Əlini ağzına apardı. Damağından gələn qan biləyinə tökülür oradan da saqqız kimi axıb yerə süzülürdü. Paula sakitcə evin girişinə doğru yeridi. Qapıda dayanıb qanla dolmuş ağzını açdı və:

–Görərik hələ kim böyükdü. Mən indi gedib doğum evindən soruşaram, - deyib qapını çırpdı.

Raisa çiyinlərini çəkib, dəniz döyüşü oyununu çıxardı.

Bir qədər sonra qəribə qışqırıq səsləri eşitdik. Səs elə uzaqdan gəlirdi ki, küçədə hansısa bir alkaşın yıxılıb qaldığını zənn etdik. İtdən də belə səs çıxmazdı.

Ana mətbəxdən deyindi.

–İndi nə oldu? Bu dəfə məni ikinizin arasında basdıracaqsız! Sizi doğan yerdə qara daş doğaydım...

Dəniz döyüşü oynadığımız yerdə Raisanın rəngi ağarmağa başladı. Oyunun sonuna az qalmışdı ki, tez gəmilərin yerini dəyişib yerindən dik atıldı və qapıya tərəf qaçdı. Arxasınca düşdüm. Qapı açıq idi, pilləkənlərdən qışqırıq səsləri eşidilirdi. Bir onda gördüm ki, Raisa bacısının qoluna girib yuxarı qalxır. Paula süst düşmüşdü, ağzından qanla bərabər inilti səsləri süzülürdü. Üst-başı qana bulaşmış Raisa sakit görünsə də ağlamsınırdı.

Paula xəstəxanada olduğu vaxt Raisa kollecə getmədi. Bizim onlara yazdığımız mətnləri müəllimləri qırmızı qələmlə düzəliş edirdi.

Növbəti cümə axşamı, gitara dərslərindən sonra onları görməyə getdim. Divanda oturub, televizora baxırdılar. Paula danışa bilmirdi. Başına protez qoyulmuşdu. Ağzından çıxan dəmir hissələr boynunu tərpətməyə imkan verməyən mexanizmlə birləşirdi. Üzünün aşağı nahiyəsi şişmiş, bir qədər də göyərmişdi. Divanın başında asılan sistemdən çıxan iynə qızın qolunun bükük yerinə sancılmışdı.

Mən divanın bir küncündə oturub onlara tamaşa edirdim. Heç biri də gözünü televizordan çəkmirdi.

Anası əlində məcməyi içəri girdi. Peçenye, iki “Cola Cao” və bir qutu dərman. Yeməkdən məhrum olan Paula gözünün ucu ilə məcməyiyə baxıb, güclə ağzını açdı. Anası həbi dilinin üstünə qoyaraq ehtiyatla suyu qızına içizdirdi. Elə məsum-məsum baxırdılar ki, elə bil məndən yeməyə bir şey istəyirdilər. Sonra Raisa ağzını açdı ki, anası ona dərmanı versin. Həbi “Cola Cao” ilə içdi və yorulmuş kimi bacısının böyründə gizləndi. Ekranda “Ranma” cizgi filminin əvvəlində açılan pərdə açıldı. Birinci Raisa, dalınca da Paula filmdəki melodiyanı zümzümə etməyə başladı.

Həyat çətindir,

Gərək mübarizə aparasan.

Heç Ranma üçün də

asan deyil.

Paula güclə mızıldanırdı. Raisa gözlərini ekrandan çəkmədən nəvazişlə bacısının saçlarını qarışdırdı. Paula gücsüzlüyün qulu təki başını onun sinəsinə söykədi.

Mən gedəndə onlar simmetrik şəkildə, üz-üzə çöməlmiş yuxuya getmişdilər. İkisi də eyni adamın əksinə bənzəyirdi – avtomobil qəzasından əvvəl və sonra.

Binaya girəndə məhəccərin üstündə Henrinin tapdalanmış gödəkcəsini gördüm. Bəlkə də kimsə onu pilləkənin üstünə atıldığını görüb götürüb.

Bilirdim ki, indilərdə içkinin təsirindən divanda yıxılıb yatır. Odur ki, gödəkcəni götürüb səliqə ilə qatlamağa başladım. Bükəndə barmaqlarım yoruldu və gödəkcə yerə düşdü.

Mənzilə girən kimi hamam otağına keçdim. Cibimdən bükdüyüm gümüş folqanı çıxarıb açdım. Əkizlərin dişləri əvvəl gördüyümdən elə bil bir az da saralmışdı. Folqanın arasından onları götürüb dilimin altına qoydum və birbaşa krandan su içdim. Boğazımdan cıra-cıra keçdiyini hiss etdim.

Güzgüdə özümə baxdım. Orada bir qız uşağının zərif çöhrəsini gördüm. Əlində bıçaq, üzündə zərbə izləri, damağında yırtıq yox idi. Mənim öz əlim həmən, qeyri-adi bir güclə hərəkətə keçdi. Quru bir zərbə alındı. Bunu özüm-özümə əmr etsəm də heç təəccüblənmədim. Gözlərimdə alışan qəzəbi, yanaqlarımdakı hərarəti sevdim. Gözümdən yaş axsa da, bayaqkı hərəkəti yenidən təkrar etdim.

Növbəti kurs başlayanda anam mənə dedi ki, əkizlər başqa adaya, nənəsigilə köçüblər. Evdə tək qalsın deyə, anaları onları özəl kollecə göndərmişdi. Dəhlizdəki radio səslərini nəzərə almasaq, evdə tək yaşayırdı.

Müqəddəs Həftə bayramında “El Pequeño País” jurnalı vasitəsilə qalisiyalı bir oğlanla məktublaşırdım.

Mənə göndərdiyi pasport şəklinin arxasında bu sözlər yazılmışdı: “Şəkil çoxdankı şəkildi. İndi bu qədər sızanağım yoxdu.”

Postskriptumda isə deyilirdi: “Səninlə yazışmaq çox xoşuma gəlir. Sən, ailəmizdən kənar tanıdığım yeganə qızsan.”

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

 

Cümə axşamı, 30 May 2024 14:58

Yəhudi stomatoloqun elanı

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

DİALOQ

-Sabah görüşək?

-Görüşək.

-Səni necə tanıyacam?

-Mən iki saat gecikəcəm.

 

2.

LÖVHƏ

-Professor o qədər özünü itirmişdi ki, paltarını soyunmağı unudub paltarlı halda vannaya uzanmışdı. 

-İslanıb pis günə düşdü?

-Yox, o o qədər özünü itirmişdi ki, suyu açmağı da unutmuşdu. 

 

3.

DEYİM

Fevral ona görə gödək aydır ki, insanların yazı gözləməyə səbirləri çatmır deyə qışın son ayının tez getməsini tələb edirlər.

 

4.

QARA YUMOR

Hamıdan hündürdə olmaq heç də o deyil ki, sən dar ağacından asılasan. 

 

5.

XARAKTERİSTİKA

“Bir də mənə zəng etmə” deyib qadınlar sonradan həsrətlə zəng gözləyirlər. 

 

6.

ELAN

1 yaşa kimi uşaqların dişləri pulsuz müalicə edilir.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Cümə axşamı, 30 May 2024 15:11

“Qələmsiz yazılanlar “ - RƏŞAD MƏCİD

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin status-esselərini təqdim edir. Hər gün 5 yarpaq. 

 

1.

İpək "narahat"a "rahatsız" deyir.

Məncə, düz deyir.

2.

Adlar fikirlərdən önə keçib.

Statusu görəndə bilirsən ki, bu profil hansı yönümlüdür, nə yazacaq, necə şərh verəcək, kimin tərəfindədir. Bu qarışıq dövrdə bu qədər aydınlıq da qəribədir. Bir tərəfdən heç kim heç nə bilmir, bir yandan da hamı hər şeyi bilir.

3.

Boş danışanlar çoxalıb.

4.

Kövrəlmək yaxşı əlamətdir.

5.

Hər kəsin uğur qazanmaq, özünü təsdiq etmək arzusu başadüşüləndir.

Amma istedad və ardıcıl zəhmət çəkmək inadı hamıda olmur.

Özünü gözə soxanlardan, gördüyü xırda işləri bəh-bəhlə tərifləyənlərdən fərqli olaraq, başını aşağı salıb, sevərək öz işi ilə məşğul olanlar sonda daha çox uğur və ehtiram qazanırlar.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.