Super User
Qayınanam sağ olsaydı...
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Qayınanam sağ olsaydı...
Xeyrəddin Qoca satirik yazıçı olsa da, həyatda çox ciddi adamdır. Lakin heç kimin qəlbinə dəyməyən, incə, səmimi zarafatları, atmacaları hamının xoşuna gəlir.
O, rəhmətlik qayınanası haqqında həmişə hörmətlə danışır. Amma zarafatından da qalmır. Bir gün yaxın dostunun qayınanası Xeyrəddin müəllimdən soruşur ki, "qayınanan sağdır?" X.Qoca cavab verir: "Qayınanam sağ olsaydı, mən çoxdan ölmüşdüm".
Bizə aid deyil
X.Qoca söhbət etdiyi bir qayınanaya deyir ki, "kürəkənə çox da bel bağlama". Arvadın kürəkəni də yanında oturubmuş. Tərs-tərs Xeyrəddin müəllimə baxır. X.Qoca bunu hiss edib dillənir:
- Səninlə mənə aid deyil...
“Ədəbiyyat və incəsənət”
(29.05.2024)
“Qələmsiz yazılanlar “ - RƏŞAD MƏCİD
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin status-esselərini təqdim edir. Hər gün 5 yarpaq.
1.
Təmənnalı tərif sözlərin düzülüşündən bilinir.
2
Dünyanın gələcəyi ilə bağlı o qədər qorxunc proqnozlar verilir ki, keçmişə xəfif xiffət yaranır. İnsan dominant olmayacaq, insana şərik, onu sıradan çıxaran, ondan da üstün süni intellekt yaranacaq. Bu barədə bir az da vahiməli təxəyyüllər keçmişin insan üçün daha yaşamalı, münbit dövr olduğuna inam yaradır. Geriyə dönüş mümkün olmasa da, insanlar keçmişə qayıtmağı daha çox arzulamağa başlayır. Bəs siz hansını seçərdiniz: keçmişimi, gələcəyimi?
3
Yazıçılıq, Pamuk demiş, iynəylə quyu qazmaqdır. Qaza bilən qazsın!..
4
İndi kofe dəbə minməyə başlasa da, çayın əvəzini verməz!
"Çay" mahnısı isə təbrizli və lənkəranlı, o taylı-bu taylı azərbaycanlıların yaratdıqları "Şuşa" qrupunun ifasında daha rəngarəng alınıb.
Türkiyədə təhsil alan təbrizli xanım Aynaz Rəhimzadəni ilk dəfə Ankarada TÜRKSOY-un tədbirində görmüşdüm, milli musiqimizin məlahətli və ürəkdən ifasına valeh olmuşdum.
5
Unudacaqdınsa, yaşadıqlarının nə mənası vardı?
“Ədəbiyyat və incəsənət”
(29.05.2024)
“Yağışlar Allahın göz yaşlarıdır!” - Nübar Eldarqızının şeirləri
Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə şair Nübar Eldarqızının şeirləri təqdim edilir.
Ver uyğun
Söy bu bəxti, bu taleyi:
- Ay bu bəxti, bu taleyi!..
Qıy bu bəxti, bu taleyi,
Kim yazıbsa, ver!
Yaza-yaza şair yazdı, -
Qismətini sözdən asdı!
Xoşbəxtliyi bir abzasdı,
Kim yazıbsa, ver!
Qəlbimdə bir darıxmaq var!..
Bu depressiyadan kənar var...
Adın yazılı çaxmaq var;
Kim yazıbsa, ver!
Aç qapını, ört qapını
Bir evim var, qapısı qırx,
Aç qapını, ört qapını!
Qapıçının səbri nə çox,
Aç qapını, ört qapını!
Qıfılı yox, hamsı açıq,
Birindən gir, birindən çıx...
Qərar sənin, ya tik, ya yıx, -
Aç qapını, ört qapını!
Bir ömürdən gün-gün düşdüm,
Hər gün daha üzgün düşdüm...
Bundan sonra üç gün, beş gün...
Aç qapını, ört qapını!
Yaz gedənim, qış gəlibsə,
Dolu gedib, boş gəlibsə,
Oğul gələnim, xoş gəldin,
Aç qapını, ört qapını!
Fevral qaldı üstümüzə
Ağzı pozuq, ağzı yava,
Biri toyda saldı dava.
- Sümüyünə düşmür hava, -
Söz də soxdu bəstəmizə.
Fərdlər başqa, dərdlər təkrar,
- Yoxsula, - yox! Varlıya, - var!
Şərbət olan nəbzi yoxlar,
Dərman olmaz xəstəmizə!
Ha mərd ol, ha döy döşünə,
Əl uzadadan yox düşənə!
Dost olduğunçün düşmənə, -
Düşmən olduq dostumuza.
Ruhduq, canı ödünc aldıq,
Gen dünyadan bir künc aldıq.
Zalım fələkdən gün çaldıq, -
Fevral qaldı üstümüzə!..
Yağışlar Allahın
göz yaşlarıdır
Yazmaq-yaratmaqdır, onun qədəri!
Böyüyün böyükdür dərdi, bəzisi...
Bir damcısı bəsdir dağda Yeri, -
Yağışlar Allahın göz yaşlarıdır!
Nə qədər canlı var, anası odur!
Sonsuz kəhkəşanın bənnası odur!
Külək qəzəbidir, - ən asi odur,
Yağışlar Allahın göz yaşlarıdır!
Günəşi parlasa, sıcağı xoşdur!
Cəhənnəm olmasa, - ocağı xoşdur.
Sevincdən ağlasa, hər çağı xoşdur,
Yağışlar Allahın göz yaşlarıdır!
Yazır, - yazdığını silən də özü...
Hər ölən ürəkdə öləndə özü.
Ağlayır bir gözü, gülür bir gözü,
Yağışlar Allahın göz yaşlarıdır.
Yenə pəncərəmi döyür, deyəsən;
Açasan qapını "buyur!" deyəsən...
dünyanın günahın yuyur, deyəsən, -
Yağışlar Allahın göz yaşlarıdır!
Ərəfə
Küləklər ahdan başladı,
Yağışlar şehdən başladı.
Adəm ilə Həvva çaşdı, -
Dünya günahdan başladı...
- Bir günah da biz elədik,
Elə bildik düz elədik.
Çatana "sevirəm" deyib
Sözü sevimsiz elədik...
Nə qədər eşq, o qədər qəm!
Belə gəlib dünya, aləm.
Kimi bizi qaraladı,
Kiminə biz çəkdik qələm...
Keçmir bu Yerdə nazımız,
Eyzən qəm çalır sazımız.
Torpaq payın alınması susur
Razımızla narazımız...
Günəş keçir o tərəfə:
Xəbərdir, qoyulur zərfə.
Səhər ayan olacaq,bu
nəyə oğul, nəyə ərəfə...
Salvador Dali
Ən qəddar insan mənəm;
Qarışqalar da şahidim...
Şirniyyat tabağında,
Filanıncı ilin
Yay günü bir nəsil qarışqanı
məhv etdikdən sonra,
çayla ləzzətlə şəkərbura yedim...
Hörümçəklərin evini yıxdım,
Yer belləyəndə soxulcanların
Yuvasını dağıtdım.
Hamam böcəklərinin anasını ağlatdım...
Kürkümüzə düşən birələrdən
qurtulmaq üçün yorğanları yaxdım,
Sonra hunuların atasını yandırdım, -
Qanımızı içirdi o yaramazlar!
- Bütün insanların intiqamını aldım!
Daha sonra,
Salvador Dalinin
əriyən saatlarından vaxtı soruşub...
Ağırlaşan başımı yatağa atdım...
Və yatdım...
“Ədəbiyyat və İncəsənət”
(29.05.2024)
“Uşaq kitabı yazmağı eşq yaşamaq kimi görürəm”- MÜSAHİBƏ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATININ TANITIMI layihəsində bu gün sizlərə Türkiyənin tanınmış uşaq yazarı Nur Dombayçı ilə müsahibə təqdim ediləcək. Söhbətləşir: Cavid Qədir.
Azərbaycanda daha bir kitab bayramı – IX Beynəlxalq Kitab Sərgisi keçirildi. Sərgidə dünyanın müxtəlif ölkələrindən naşirlər, mədəniyyət xadimləri, yazıçılar və şairlər iştirak edirdilər. Bu yazıçılardan biri də “BookZone” şirkətlər qrupunun dəvəti ilə sərgidə iştirak edən uşaq yazıçısı Nur Dombaycı idi. Onunla kitab industriyasından, Azərbaycan və Türkiyə kitabçılığının oxşar və fərqli cəhətlərindən və əlbəttə, ədəbiyyatdan danışdıq.
– Nur xanım, Azərbaycanla bağlı təəssüratlarınız maraqlıdır...
– Hər türk kimi, lap uşaqlığımdan Azərbaycanla bağlı məlumatım var. Qardaş ölkə kimi tanıyır, qəbul edirik. Bayrağımız hər yerdə qoşa dalğalanır. Məktəbdə, dərs prosesində digər ölkələrdən daha fərqli, daha doğma münasibət göstərilir. Bu, mənim birinci növbədə vətəndaş mövqeyimdir. İkincisi, bir yazıçı kimi ölkənizlə tanışlığım “Saçaqlı qızın pasaqlı gündəliyi” kitabımın birinci hissəsi Azərbaycanda çap olunandan sonra başladı. Qardaş ölkədən çox gö zəl mesajlar, rəylər almağa başladım. Oxu cularım o qədər maraq göstərirdilər ki... Özü də mesajlar azərbaycanca yazılırdı. Çox fərqli duyğu idi. Üstəlik, yazılanların çoxunu başa düşmürdüm. Məsələn: “Necəsən?” – yazırdılar. Türkcə: “Nasılsın?” – demək imiş. Onlara cavab vermək üçün Azərbaycan dili, Azərbaycanla bağlı daha ciddi araşdırma apardım, müəyyən sözlərin qarşılığını öyrəndim. Daha sonra “Bookzone” nəşriyyatının rəhbəri Seymur Tağıyev məni ölkənizə dəvət edəndə çox həyəcanlandım. O gündən bəri həyat yoldaşımla birgə mütəmadi olaraq youtube-da Azərbaycanla bağlı videolar izləyir, nələriniz məşhurdur, hansı yeməklər yeyilir, hansı gözəl guşələriniz var kimi məsələlərlə maraqlanır, hər şeyi öyrənməyə çalışırdıq. Ölkənizdə də bizi çox gözəl qarşıladılar. Nəşriyyatın əməkdaşlarının münasibəti də çox mehribandır, istər qarşılama, istər qonaqlama... Oxucular da çox yüksək diqqət göstərirlər. Uşaqların əksəri məni tandığına görə, məxsusi mənim kitabıma görə gəlmişdi. Aralarında birinci kitabı oxuyan, ikincisini səbirsizliklə gözləyənlər də vardı. Hətta bəziləri dözə bilməyib ikinci kitabı türkcə alıb oxumuşdular. Həqiqətən, çox gözəl qarşılandım. Azərbaycanın nə qədər xoşuma gəldiyini deməyim üçün sözlər azlıq edir. Gərək bununla bağlı ayrıca kitab yazam (gülür).
– Bir qədər Azərbaycan və Türkiyə kitab industriyasının fərqli və oxşar cə hətləri barədə danışmağınızı istərdim. Azərbaycan ədəbiyyatı ilə yeni tanış olmağa başlamışam. Dərin araşdırma aparma ğa macalım olmayıb. Amma sərgiyə marağın böyük olduğunu görürəm. Naşir ləri niz çox əhatəlidirlər, özlərini çox yaxşı inkişaf etdiriblər. Kitabların təbliği üçün can yandırırlar. Müəllifləriniz də eyni şəkildə. Az qala hamısı sərgiyə qatılıb. Bu işə ürək qoyduqları ortadadır. Türkiyədə də naşirliyə, kitabçılığa, eləcə də müəlliflərə çox diqqət göstərilir. Bu siyahıya illüstratorları da əlavə etmək olar. Öz aralarında təşkilatlanır, platformalar yaradırlar.
Mənim Azərbaycana səfər edəcəyimi öyrənən rəssamlar buranın da kitab industriyası ilə maraqlanır, onlar üçün bazaar olub-olmadığını, illüstratorlara ehti yac duyulub-duyulmadığını öyrənmək istəyirdilər.
Türkiyə və Azərbaycan kitab bazarına müqayisə obyektindənsə, çox gözəl əməkdaşlıqlara imza atmağın mümkün olacağı iki ayrı nəşriyyat sahəsi kimi yanaşmağın daha doğru olacağı fikrindəyəm.
– Bəs əsas fərqlərin nə olduğunu düşünürsünüz?
– Klassiklər, dünyaca məşhur əsərlər sizdə də var. Amma uşaq yazıçılarına çox da rast gəlmədim. Əsas fərq bu ola bilər. Bizdə xeyli uşaq yazıçısı var. Xüsusən də son illərdə. Hət ta uşaq kitabları yazmaq, uşaq yazıçılığı, rəssamlığı ilə bağlı təlimlər də keçirik. Bu təlimlər uşaq yazıçıları, illüstratorlarının sayına ciddi təsir edib.
Bir məsələ var ki, bu sayın azlığının, yaxud çoxluğunun yaxşı olmağına qərar verə bilmədim.
– Az olmağı, əlbəttə, yaxşı deyil. Amma bu sahənin inkişafına cəhd göstəririk. Az-
çox alınır da.
– Sizdə bu sahənin çox sürətlə inkişaf edəcəyinə əminəm. Naşirləriniz, həqiqətən, bunda istəklidirlər. Uşaq nəşriyyatları açır, uşaq kitabları nəşr edirlər. Hətta sərgidəki bəzi stendlərin məhz uşaqlar üçün dizayn edildiyini gördüm; balacaların diqqətini cəlb etsin, oxumağı sevsinlər...
– Ədəbiyyata, yazıçılığa marağınızı necə kəşf etdiniz? Necə oldu ki, “Mən yazmalıyam!” – dediniz?
-Qələmlə ilk tanışlığımdan danışa bilərəm (gülür). Hər uşaq kimi, qələmi birinci dəfə əlimə götürəndən etibarən yazmağı, şəkil çəkməyi çox sevdim. Daha doğrusu, şəkil çəkəndə daha rahat oluram. Rəssam kimi özümü daha yaxşı ifadə etdiyimi düşünürəm.
Qələm ilk oyuncaqlarımdan biri idi. Qonaq gedəndə, yaxud evdə başqa oyuncağa ehtiyacım olmazdı. Qələmimin olmağı kifayət idi. Məktəb dövründə dəqiq elmlərlə yanaşı, hu manitar fənlərə də xüsusi marağım vardı; özümü daha yaxşı ifadə edə bilirdim. Türk dili dərsini çox sevirdim.
Böyük bacı kimi bacılarımın dərslərinə kömək edir, onlarla oyun oynayır, hekayələr oxuyub-yazırdım. Bir gün müəllim-müəllim oynayırdıq. Oyun əsnasında bacılarım üçün xırda-xırda hekayələr yazmışdım. Jan de La fontendə olduğu kimi, heyvanların di lindən qələmə almışdım. Kağızları səliqə ilə qatlayıb hekayələri yazdım, altından da illüstrasiya cızma-qara etdim. Guya mən müəlliməm, bacılarım da şagirdlərim. Oyun qurtarandan sonra kağızları atdıq. Anam təsadüfən bu cızma-qaraları gördü. Məndən “Bunları öz beynindən yazmısan, yoxsa haradansa köçürmüsən?” – soruşdu. Mən də “Özüm yazmışam”, – deyəndə anam çox bəyəndiyini söylədi. Sonra da mənə bir dəftər aldı. “Sən hər gün bu dəftərə hekayələr yaz, şəkillər çək, naşirlərə göstərək”, – dedi.
Yeri gəlmişkən, onda cəmi səkkiz yaşım vardı. Anam “Naşirlər səkkiz yaşlı uşağın hekayə yazdığını, rəsm çəkdiyini görsələr, təsirlənərlər”, – düşüncəsində idi. Mənim yazmaq macəram belə başladı...
Bir məsələ də var ki, kitab sərgilərində, kitabxanalarda gördüyüm tərcümə uşaq kitablarının əksəriyyətinin müəllifi və rəssamı eyni adam idi. Mən də yazıçı olmaq üçün rəssamlıq öyrənməyin lazım gəldiyi düşüncəsinə qapılmışdım.
Beləcə, özümü rəssamlıq sahəsində sına mağa başladım. Liseydə kompüter mühən disliyi ixtisasında oxuyurdum. So nuncu kursda mütləq praktika keçməli idim.
Beləcə, on altı yaşında Türkiyənin ən bö yüş nəşriyyatılarından birində təc rü bə proqramına başladım. Kitabxanada kitabların arxasındakı ünvanlara baxdım; evimizə ən yaxın olanını seçdim (gülür). Beləcə, nəşriy yatagetdim və yazıçı, illüst rator olmaq, qrafik dizayn öyrənmək istədiyimi dedim.
Arzularıma, xəyallarıma qulaq verəndən sonra “Sabah gəl başla!” – dedilər. Ertəsi gün Qrafik dizayn şöbəsində praktikaya başladım. Düz üç il orada təcrübə keçdim. Bu müddət ərzində tanınmış yazıçılarla tanış ol dum. Tez-tez nəşriyyata gəlirdilər. Məsələn, dünyaca məşhur alim İlber Ortaylı ora gəlirdi. Mən də ona çay aparırdım. Arzum onun kimi məşhur müəllif olmaq idi. Ora gələn rəssamların texnikasına fikir verir, öy rənirdim; necə çəkirlər, hansı üsullardan is tifa də edirlər... Həmin nəşriyyat mənim üçün bir növ universitet rolunu oynadı. İşi nəzəri cəhətdən çox praktiki şəkildə öy rəndim. Sonra planşet alıb evdə yavaş-yavaş öz layihələrimi reallaşdırmağa start verdim. İlk gördüyüm iş bir taxta oyuncaq firması üçün bu oyuncaqların üstünə şəkillər çəkmək olmuşdu. Sonra da uşaqlar üçün interaktiv kitablar hazırlamağa başladım. İyirmi yaşım olanda isə “Damla” nəşriyyatında ilk –“İx tiraçı nəvəsi olmaq asan deyil” kitabım çapdan çıxdı.
– Səhv etmirəmsə, bu, beş kitablıq dəst olmalıdır.
– Elədir, beş kitabdan ibarət dəst idi.
– Sizin üçün yazıçı olmaq daha ra hatdır, yoxsa rəssam?
– Bu sualı illərdir, mənə verirlər və həmişə dilemmaya düşürəm ki, görəsən, hansı cavabı verim? İki il əvvəl məni Qazaxıstana dəvət etmişdilər. Orada da kitablarımın xeyli oxu cusu varmış... Uşaqların əksəri rus və qazax idi. Üstəlik, dillərini qətiyyən bilmirdim. Onlar da ingiliscə başa düş mür dülər. Hətta “hello” sözünü belə anlamırdılar.
Təşkilatçılardan böyük bir yazı lövhəsi istədim və şəkil çəkməklə uşaqlara sözləri izah etməyə çalışdım. Məsələn, “tıs bağa” deyirəm, uşaq başa düşmür. Mən də “tısbağa” sözünü təsvirlə izah etməyə başladım. O hadisədən sonra bir məsələni anladım ki, rəssamlığın dili qlobaldır. Heç bir xarici dil biliyim olmasa da, dünyanın istənilən yerində şəkil çəkməklə ünsiyyət qurmağı bacararam.
– Elədir, Çarli Çaplinin də səssiz filmlərlə bağlı bənzər yanaşması var.
– Bəli, mən də rəsmlərimlə hamı ilə ünsiyyət qura bildiyimi düşünürəm. Kitab-larım bir çox dillərə tərcümə olunur. Amma rəssam kimi də neçə ölkənin nəşriyyatları ilə əməkdaşlıq edirəm. Dillərini bilməsəm də, rəsmlərimi görmələri ünsiyyət üçün kifayət edir.
Sualınızın cavabına gəlsək, rəssamlığı özümə daha yaxın hiss edirəm.
– Əslində, bu suala cavab verdiniz, amma daha ətraflı cavab istərdim: Müəllif olmaqdan əlavə rəssamlığın hansı avantajları var?
– Ən gözəl cavabımı deyim. Bunu normalda yazıçı dostlarım mənə deyirlər. Heyif deyil, kitabına rəssam axtarmırsan (gülürük). Bəli, rəssam axtarmıram. Hansısa hekayəni yazanda “Görəsən, bunu hansı rəssam daha yaxşı çəkər?” – düşünmürəm. Yazı prosesində obrazlar xəyalımda canlanır onsuz da. Bəzən birinci rəsm formasında ağlıma gəlir. Mən də “Bu rəsmi hekayəyə çevirim”, –düşünüb sonradan yazmağa başlayıram.
– Görmək istədiyiniz kimi çəkirsiniz...
– Elədir. Rəsmləri başqası çəkəndə bəzən bəyənmir, yaxud obrazın yazdığımızdan fərq liolduğunu görürük.
– Filmlər və kitablarda olduğu kimi. Rejissor baxışı müəllif baxışından həmişə fərqli olur.
– Elədir. Məsələn, mən “Haydi” kitabını çox sevərək oxumuşdum. Amma cizgi filminə baxanda məyus olmuşdum. Çünki qətiyyən beynimdə canlandırdığım kimi deyildi...
– Uşaqlar üçün yazmağın hansı çətinlikləri var?
– Uşaqlar üçün yazmağın heç bir çətinliyi yoxdur. Uşaq kitabı yazmağı eşq yaşamaq kimi görürəm. Əksinə, böyüklər üçün yazmaq daha çətindir. Böyüklər hər mətni bəyənmir, tənqid edirlər; məmnun etmək çətin məsələdir. Amma uşaqları xoşbəxt etmək, həqiqətən, asandır. Onların dili ilə danışıb, onların gözlərinin içinə baxmaq, həyəcanlarını hiss etmək... Yazıçı olduğumu eşidəndə ürəkləri çırpınır. Amma hansısa yetkin şəxsi “Mən yazıçıyam”, – deməklə həyəcanlandıra bilmərəm. Uşaqlar isə həyə canlanırlar, tanış olmaq, imza almaq istəyirlər.
Bir məsələ də var ki, uşaqların sevəcəyi üslubda yazmaq, onların dilini tutmaq çə tindir. Böyüyürük, uşaqlığımız arxada qalır. Amma böyüsək də, uşaqların dünyasından əl götürməmək lazımdır.
– Belə baxıram, bir xeyli çətinlik varmış (gülürük).
– Hazırkı cizgi filmlərindən xəbərdar olmaq, indiki nəslin dilində danışa bilmək lazımdır. Çox müxtəlif animasiya filmləri var. Qısası, uşaqla uşaq olmaq lazımdır. Məsələn, “Haker nənə” kitabım var, bu yaxınlarda siz də də çap olunacaq... Yaxud “Minecraft” (“Maynkraft”) oyunu ilə bağlı hekayə yazdım. Uşaqlar bu oyunu çox sevirlər. Hansısa oyunu uşaqlar üçün zərərli hesab edirsinizsə, “Bunu oynama”, – deməkdənsə, hekayənin içinə girib zərərlərini göstərmək daha doğru yanaşmadır. Uşaqlarla daha yaxşı ünsiyyət qura bil mək üçün mənim də oyun oynamağı sev- diyimi göstərməyin faydalı ola biləcəyini anladım. Üstəlik, onlara dərs keçirmiş kimi yox, onların müəllimi, böyükləri kimi deyil, öz yaşıdları kimi xitab etməyə çalışıram. Azərbaycan dilində çıxan “Saçaqlı qızın pasaqlı gündəliyi” kitabında olduğu kimi... Necə deyərlər, uşaq qalmağa, böyüməməyə çalışıram...
– Nur xanım, hansı mövzular sizə daha doğma gəlir?
– Elmi fantastika janrını çox sevirəm. Filmlər olsun, kitablar olsun... Hətta yuxu larım da elmi fantastika üzərində qurulur. Bəzən elə yuxu görürəm ki, öz-özümə deyirəm: “Bunu “Vorner-Broz.” görsə, çox gözəl film çəkər”(gülür). Bu janrı çox sevdiyimdən dolayı yazdıqlarımdan başqa – hətta yuxularıma qədər işləyib. Ən ra- hat olduğum, xəyal qura bildiyim, xəyal q randa, belə demək mümkünsə, cəfəng şeylərdən yaza biləcəyim şeylərdən yazmağı xoşlayıram. Əlbəttə, realistik mövzulara da toxunuram. Duyğu dolu mətnləri sevirəm.
“Hər şey mütləq xoşbəxt şəkildə cərəyan etməlidir”, – deyə bir şey yoxdur. Əzab, itki, müharibə kimi anlayışlar var. Obrazlarımı işləyəndə bunları da nəzərə alıram. Məsələn, “Saçaqlı qızın pasaqlı gündəliyi”nin ikinci kitabında qəhrəmanım qocalar evinə gedir, yaş lıları ziyarət edir. Bunlar hamısı həyatın gerçəkləridir. Mən də hekayələrimdə real hadisələrdən, yaşanmış iztirablardan söz açıram. Uşaqlara çox xoşbəxt, tamamilə utopik bir dünya təqdim etmirəm. Fantastika olsun, amma reallığı da qələmə almağı sevirəm. Yəni hər ikisi – realistik janr da, fantastika da mənim üçün doğmadır.
– Bayaq yuxulardan film çəkilməsi ilə bağlı zarafat etdiniz. Bizim yazıçılardan Şəmil Sadiq bu barədə “Yuxu maşını” adlı əsər yazıb. Romanın qəhrəmanı yuxuları filmə çevirə bilən bir maşın ixtira edən mühəndisdir.
– Həyat yoldaşıma tez-tez deyirəm ki, kaş yuxu maşını olaydı, yuxularımızı qeydə ala biləydi.
– Belə bir maşın Azərbaycanda olmasa da, ədəbiyyatında var.
– Çox gözəl (gülür).
– Nur xanım, yazanda özünüzə hansısa sərhədlər qoyursunuz?
– Əlbəttə. Ümumiyyətlə, insan yazanda da, yaşayanda da müəyyən konturlara əməl edir. Mənim də sərhədlərim var: əxlaqi, etik, uşaqların xarakterlərinə görə, inancıma görə sərhədlər... Bu mövzularda çox diqqətli davranmağa çalışıram. Xüsusilə onlayn mühitdə təzyiq və yönləndirmə var. Son zamanlarda mən də öz incə cizgimi çəkib içərisində dayanmağa, uşaqlara əxlaqi mə sələləri yaxşı formada təqdim etməyə çalışıram.
– Bəs ən ciddi sərhədiniz hansıdır?
– Ən ciddi sərhəd... (düşünür) Xeyir və şər. Çox qısa cavab oldu? İstəyirsiniz, bir az da geniş danışım (gülür).
– Yox, məncə, kifayət qədər konkret cavab oldu (gülürük). Yaxşı, bəs sizcə, ən uğurlu kitabınız hansıdır?
– “Saçaqlı qızın pasaqlı gündəliyi” on üç dilə tərcümə edilib. Oxucular tərəfindən çox sevilir. Mənim üçün xüsusi yeri var. Özüm də çox sevirəm. Amma “Qəmgin oğlan” kitabımın yeri bir ayrıdır. Çünki onu fantastik, elmi-fantastik janrda yazmışam: ən çox sevdiyim janrda. Uşaq vaxtı da qorxu filmlərinə baxmağı xoşlayırdım. Sərgilərdə uşaqlar tez-tez qorxu janrında nəsə yaz mağımı istəyirdilər. Qorxulu hekayələr uşaqlara maraqlı gəlir. Biz də balaca olanda bir-birimizə qorxunc şeylər danışardıq. Bunu bir hekayənin içərisində, onları çox qorxutmadan verməyə, dəyərlərimizi aşılamağı da yaddan çıxarmamağa çalışdım. Məsələn, bu kitabın qəhrəmanlarının başla rına vahi məli bir meşədə qorxulu hadisələr gəlir.
Amma hekayənin sonunda meşəni, ağacları xilas edirlər. Yaxşılıq toxumlarını əkməklə qor xulu hekayə yaza bildiyim üçün “Qəmgin oğlan” kitabımı çox sevirəm.
– Nur xanım, bəs sizin üçün dünya ədəbiyyatındakı ən yaxşı əsər hansıdır? Bö-yüklər üçün də ola bilər, uşaqlar üçün də.
– Həm işimlə bağlı, həm də sevdiyim üçün çox kitab oxuyuram. Evdə xeyli kitabım, hətta kitabxanam var. Amma lap uşaqlıqdan bəri dəfələrlə oxuyub, həqiqətən, sevdiyim – bəlkə də, ailələrin çoxu içərisində sehr, tilsim var deyə, narahat olduğu – Coan Ketlin Roulinqin “Harri Potter” seriyasıdır. Dostluq, sevgi kimi mövzular işləndiyi üçün də bir ayrı xoşlayıram. Kimisə özünə qəhrəman seçmədən də hər insanın öz qəhrəmanlıq yolçuluğuna çıxa biləcəyini göstərə bilən çox gözəl bir hekayəsi var. Con Ronald Ruel Tolkinin “Üzüklərin hökmdarı” seriyası isə ən sevdiyim, ən yuxarı pilləyə qoya biləcəyim klassiklərdəndir. Ümumiyyətlə, dünya klassiklərini də sevərək oxuyuram. Ceyms Barrinin “Piter Pen” əsərini də çox sevirəm. Bir çox klassik əsərləri sevirəm, amma əvvəl də dediyim kimi, birinci yerdə “Üzüklərin hökmdarı” gəlir.
– Yaxşı, bəs hekayə yazanda, oxuyanda, öz yolunuzu cızanda hansı yazıçılardan,
rəssamlardan təsirlənmisiniz?
– Dünyaca məşhur rəssamların əsərlərini həmişə araşdırır, gözdən keçirirəm. Çünki mən incəsənətlə bağlı təhsil almamışam, ixtisasca kompüter mühəndisiyəm, türk dili və ədəbiyyatı üzrə də oxumuşam. Söh bətimizin əvvəlində də vurğuladığım ki mi, işi praktikada öyrənmişəm. Bunun üçün də həddən artıq çalışmışam. Hansısa müəl limdən dərs almamışam, amma bütün sənətkarları müəllim kimi görmüşəm. “Onlar dan nə öyrənə bilərəm?” sualı həmişə ön planda olub.
Yaxşı, “Üzüklərin hökmdarı”nı mütaliə edirdim, amma ona oxucudan daha çox müəllim kimi yanaşır, necə yazdığını, texnikasını öyrənməyə çalışırdım.
Yeri gəlmişkən, hələ də “Üzüklərin hökmdarı” kimi bir əsər yazacağımın xəyalını qururam.
Rəssam kimi isə bir çox əcnəbi rəssamlardan onlayn şəkildə dərs alır, özüm də dərs keçirəm. Amma ad çəkməkdənsə, təbiətdən ilham aldığımı demək daha doğru olar. Təbiəti, buludları, ağacları seyr etməyi, meşədə gəzməyi sevirəm. Bunlar mənə daha çox ilham verir.
– Nur xanım, istəyirəm, bir az da yaradıcılıqla bağlı planlarınızdan danışaq.
– Böyüklər üçün heç nə yazmamışam. Bir dəfə də olsa, böyüklər üçün nəsə yazmağı sınamaq istəyirəm (gülür). “Görəsən: “Böyüklər üçün yazmaq daha çətindir” – stereotipimi qıra biləcəklərmi? Bəyəndirə biləcəyəmmi?” – düşünürəm.
– Məncə, uşaqlar üçün yazmaq daha çətindir. Mən bədii redaktoram, daha çox böyüklər üçün nəzərdə tutulan kitabları redaktə edirəm. Uşaq kitablarını redaktə edəndə bir qədər çətinlik çəkdiyimi düşünürəm. Çünki uşaq kimi baxmaq, uşaq kimi yazmaq, uşaq kimi düşünmək asan deyil.
– Bir məsələ var, uşaqlara nəyisə uzun-uzadı cümlələrlə danışanda sıxılırlar. Onları yormadan, daha axıcı cümlələrlə ünsiyyət qurmaq lazımdır. Böyüklər üçün yazanda: “İstədiyimə qədər – uzun-uzadı dərdimi danışa bilərəm”, – düşüncəsindəyəm (gülür). Den Braunun üslubunu da çox sevirəm, təxminən o cür üslubda nəsə yazmağı planlaşdırıram.
– Nur xanım, əslində, son sualımı artıq vermişdim. Amma bir sual da əlavə etmək istəyirəm. Kitablarınızı oxuduqca başqa yazı çıları görürsünüz, yoxsa mətniniz bü-tövlükdə Nur Dombaycıdır?
– Bir üslub yarada bildiyim fikrindəyəm. Oxucular da bu fikirdədir. Kitabı bitirəndən sonra “Gözəl alınıb”, – deyirəm. Amma içdəniçə “Bəlkə, alınmayıb?” düşüncəsi olur. Bu da, əslində, yaxşıdır. İnsanı inkişafa aparır. “Mən artıq peşəkaram”, “Çox yaxşı yazıram”, “Xarüqələr yaradıram”, – düşünən insan inki- şaf edə bilməz. Belə olanda nəsə problem, eqoizm var deməkdir. Həyat yoldaşıma həmişə şikayət edirəm ki, yaxşı alınmayıb, daha yaxşı yaza bilərdim və s. “Hamı oxuyur, neçə dilə tərcümə edilib”, – deyəndə “Olsun, amma burasını filan cür yazsaydım, daha yaxşı alınardı”, – deyirəm.
Başqa ədibin təsirinin hiss olunması barə də heç düşünməmişdim. Amma bəlkə, Tolkinin təsirini hiss edə bilərəm. Əlbəttə, kitablarda bu görünməyə bilər: onun üslubun da yazmıram. Daxilən isə kitablarımı san ki Tolkin yazmış kimi tənqidi baxışla oxuyuram. “Kitablarımı Nur Dombaycı yazıb”, – deyə bilərəm (gülür).
– Nur xanım, maraqlı söhbət üçün sizə təşəkkür edirəm! Ümid edirəm, daha uca pillələrə qalxarsınız.
– Mən təşəkkür edirəm! Tanışlıq çox xoş oldu. Uca pillələrlə bağlı dediyinizə cavab kimi demək istəyirəm ki, hazırda elə ən uca pillədəyəm: Azərbaycanda olmaq mənim üçün ən uca pillədə dayanmaqdır. Burada olduğum üçün çox xoşbəxtəm.
“Ədəbiyyat və incəsənət”
(29.05.2024)
BARBARA ŞER - “Ən sevdiyiniz məşğuliyyətləri kağıza köçürün...”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?
«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır, bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.
Barbaranın tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».
Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.
Həmin çalışmaları sıra ilə sizlərə təqdim edirəmş
Dördüncü çalışma.
Özünüzün iyirmi ən sevdiyiniz məşğuliyyəti vərəqə köçürün. Bura, həm böyük vaxt aparan məşğuliyyətlər (məsələn, kino çəkilişi), həm də epizodik məşğuliyyətlər (məsələn, pəncərədən yoldan keçənləri müşahidə etmək) aid ola bilər. Yazandan sonra iyirmi punktun hər birinə bir-bir nəzər yetirin və hər birində də özünüzə sual verin: son dəfə mən nə zaman bu işlə məşğul olmuşam, bu hobbi hər hansı xərc tələb edirmi, onunla təklikdəmi, yoxsa kampaniya arasında məşğul oluram, bu məşğuliyyət ruhumunmu (məsələn, konsertə getmək), yaxud cismiminmi (məsələn, səhər gimnastikası) tələbidir.
Sonda analiz edib bu suala cavab tapın: Bu iyirmi məşğuliyyətdən hansılarını
həyatınızda daimi etmək istəyərdiniz.
“Ədəbiyyat və incəsənət”
(29.05.2024)
İraq şairi Əli əl-Xalanın şeirləri – FƏRİD HÜSEYNİN TƏRCÜMƏSİNDƏ
“Ədəbiyyat və incəsənət” portalının sizlərin iraqlı şair Əli əl-Xalanın şeirləri ilə tanışlığınızı davam etdirir. Onları dilimizə Fərid Hüseyn çevirib.
Əli Əl-Şəlah (İraq) 1965-ci ildə Babildə dünyaya gəlib. Bağdad Universitetinin Ədəbiyyat fakültəsində ərəb dili ixtisası üzrə təhsil alıb. Ərəb-İsveçrə Mədəniyyət Mərkəzinin rəhbəri, Beynəlxalq "Əl Mutennebi" Şeir Festivalının direktorudur. "Babilli Əli", "İmzalar" adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Özümü sınayıram
Öz dünyama səyahət edəcəyəm
və ürəyimin qapısını döyüb
qapı ağzında özümü gözləyəcəm.
Əgər bədənimlə ruhum arasındakı hasarlar
bir az alçaq olsaydı,
bəlkə, özümə qonşu olardım.
Məsələn, bu halda əmim anamın nəyi olacaqdı?
Özüm özümün əmioğlum olacaqdım?
Onda Toni Bleyrdən viza dilənməli idim,
əgər Şekspiri orijinaldan oxumaq istəsəydim?
Əgər öz dünyama girmək üçün
bir qapı tapa bilmirəmsə,
deməli, o qapını könlümdə axtarmalı olacağam.
Əgər ürəyim istəyən kimi biri ola bilməsəm,
onda özüm olmağa çalışacağam.
Əvvəlki ömürlər
Mistik baxışları olan,
işin gərginliyindən əhvalı pozulmuş
nigaran bir kreslo
iş yerinin qapısı ağzında dayandı.
Sükut onunla birgə
pillələrin önünə kimi gəldi.
Sehrli baxışları olan
bu narahat kreslo yenə
ağlayır
danışa bilməyəndə...
Qadın
Ürəkli ol,
de görək nə istəyirsən?
O, bir qadındır,
bütün qadınlar kimi.
O sənə bəxş edilmiş bir lütf illüziyasıdır.
Fərz elə, cəhənnəmdən gələn səadətdir.
Onun mehrabına diz çöküb,
ayaqlarını qucaqlayıb dua edirsən,
onun üçün Tanrıdan çox şey diləyirsən.
Ah, dualar aləmi!
Bir qadın
bütün qadınlar kimidir.
Sürgün
Heç kim yaşamalı olduğu
zamanda doğulmamışdı.
Heç kim öz yerində deyildi.
Unudulmuşlar arasında
Unudulmağa layiq heç kim yox idi.
Bir gecə dan yeri söküləndə
fəryad eşidildi:
Atasızlar qışqırırdı:
Bəs doğulmayanların atası hardadır?
Sonsuz suallar
A
Ata ölüb,
oğul da ölübsə,
deməli, bir ev ölüb.
B
Su ölübsə,
ot da ölüb,
səs də ölüb.
Bəs ölüm özü haçan öləcək?
Həqiqət
– Səmanın da üzünü qaraldan
bu qurbanları gördünmü?
– Xəbərləri eşitmisənmi?
İki şəhid xəbəri –
bir qədər sonra
cəmi bir saniyəlik
salamlayacağıq onları.
Yalnızlıq
Bir qadınım olmadı –
həyatın səsiylə sevişdim
xəyal buludundan düzəldilmiş yataqda.
Bu yataqda düşündüklərimin
hamısı atamdır,
hamısı anam,
hamısı nəslimin davamçılarıdır.
Ölməzdən qabaq hamısıyla
tələsirəm görüşmək üçün.
Bəsit zaman
Ürəyində qoruduğu
yarasına toxunma,
içində partlamağa hazır
bomba kimi yatır yarası.
Onun mərd ürəyində qürur uyumur.
Eşq köhnəlsə də,
unutmaq üçün edilən dualar
qəbul olmur.
O, bütün ruhu ilə başqalarından fərqlənir.
Onu yerindən tərpətmək, sarsıtmaq olmaz.
O əyilməz,
bütöv bir qəbilə əyilsə də.
Yanan odun közləri kimi alovlu adamdır,
Onun eşqinin közərtisi belə
aşiqlərin yoluna işıq salır.
Onun yaraları da müqəddəsləşib, –
gözəl və qürurlu bir qadın tərəfindən.
Zaman çox bəsit məna kəsb edir
bu pak adam üçün.
Xəyalları ilə ölməzlik qədər
böyük dünyalarda yaşadığı üçün.
Ziddiyyət
Dirilər ölülərə nə deyə bilər ki?
İki dünya arasındakı yollar itib,
kim o dünyadan biriylə haqq-hesab çəksə,
səsi əks-səda kimi geri qayıdır,
bu azmış kimi,
vecsiz bir sıxıntı da ürəyi bürüyür.
Adların xaosu...
Heç kimin adı olmasa,
bəlkə, hamı özü ad qazanmaq üçün
düzgün yaşayar.
Qullar da azadlıq uğrunda
mübarizə aparmadan
azad olanda özlərini eyni cür hiss edir.
Dirilər, torpağın içinə çəkdiyi nəfəsik,
ölülər isə nəfəsi gedib-gəlməyin sonudur.
Ana
Yaradılış boğçasında hardan peyda oldun?
Hansı gildən tökülüb xəmirin?
Olmaya Tanrı bütün çiçəklərin gözəlliyini
bir bağçada toplayıb?
“Toplayıb. Deməli, beləcə yaranmısan?”
Kim səbəbini deyə bilər,
bayram niyə bircə gündə bitir?
Sən də bayram kimisən,
bir gündə başa çatırsan.
Və bayram kimi İlahinin seçdiyi günsən.
Tiranlar
Həmin tiranlar
nağılın göydən üç alma düşən
yerində yuxuya getdilər.
Bəsit fəhmləriylə vəhşi təbiətə ayaq açdılar.
Sən isə onsuz da axırda
tənhalığın girdabına yuvarlanacaqsan.
İndisə mərmər illüziya kimi donub qalmısan.
İndi mənə de görüm... Niyə?
Getdiyin hər yerdə gücsüzlərin
yaxasından yapışıb sürütlədin.
Hamını yarı yolda qoyub
milyon yerə səpələdin... Niyə?
Olmaya bədbəxt bir təsadüf nəticəsində
Tanrının nəzərindən yayınacağını düşündün?
Şəninə səslənən mahnılardan ötrü
fağırları kömür kimi yandırdın.
Xəritələri yenidən çəkməyi
və bu boş səhraları
gələcək nəsillərimiz üçün
oyun meydançasına çevirməyi
öz öhdənəmi götürdün?
Bəs elə bilirdin ki,
həyat küləklə rəqs etmək kimi bir şeydir?
Amma tarix
narkomanların hallanması sayaqdır bəzən –
üfüq parlaq görünür, amma əslində,
səni toz buludu özünə sarı çəkir.
Saxta sevgilərə çox arxalandın,
ah, dostum, halbuki yetimlərin
başına sığal çəksəydin, əbədiyyəti qazanardın.
Görəsən, ürəyin yuxaya dönə,
ya da qan ağlamaq istəyərdimi,
əgər casusların son nəfəslərini sənə versəydilər?
Dünyaya qarşı bu düşmənliyə kim son qoyacaq?
Ortadakı bu qan-qadanı kim aradan qaldıracaq?
Haçansa şəninə oxunan mədhiyyənin
bir gün ağı olacağı heç ağlına gəlmişdimi?
İndi haçansa
kiminsə əleyhin qalxan barmaqlardan sallanan
küdurətin dərinliyini duyursanmı?
Bəs, bu axşam günəşi kimi batanların
övladlarının xəyallarını düşüdünmü?
Cansız bədənlərindən
divarlar hördürtdüyün günahsızların
ailələrinin naləsinə qulaq verdinmi barı?
Bu təmiz suları, ağ göyərçinləri,
görüş yeri olan xurma ağaclıqlarını,
Bir məzarlıq xatirə yerlərinidəmi
sən sildin yer üzündən?
Sevinclərini başlarına uçurduqlarının
adlarını barı xatırlayırsanmı?
Bunları kim bağışlaya bilər, dost?..
Kim oğullarının məhbəsdə keçirdiyi fəsilləri
analara qaytara bilər?
Bu qədər qanı kim təmizləyər?
Səni bu qədər qanın arasında
kim axtarıb tapa bilər?
... Əslində, heç kim
belə bir qəhrəmanlıq göstərməz də.
Bu qanın ağırlığı qətran qarası qədərdir,
bu günahların peşmanlıq etirafı
bir rahib üçün belə çoxdur.
Bir xalqı qətl edəni Tanrı da bağışlamaz...
Odur ki, uzaq dayan səmamızın sərhədlərindən,
bağçalarımızdan, xurmalarımızdan əllərini çək,
günəşimizdən, çörəyimizdən, buğdamızdan...
Heyvanlarımızın da aldığı havadan uzaq dur,
onda yenidən inanarıq ki, sevincdən mələşirlər.
Get!
Hamımız sənə qarğış elədik...
Bəli, əlbəttə, qarğış elədik...
Bəs nə bilmişdin?
Əliyalınların ah-naləsi
Tanrı dərgahında asanca qəbul edilirmiş,
eşit və bil,
biz sənin əleyhinə dua etdik.
Burada ucalan hər səs
sənə qarşı bir dua üçündür.
əsən külək... sənə qarğışdır.
qabaran sular... sənə qarğışdır.
Bu yeniyetmə qızların simaları...
sənə qarğışdır.
Balacalarımızın sahibsiz oyuncaqları
sənə qarğışdır.
Səhərin gəlişi,
axşamın düşməsi,
quşların oxuması,
vəhşi təbiətin,
çiçəklərin davam edən həyatı,
hətta əxlaqsız qadınlar belə sənə qarğış tökür.
dənizdəki yosunlar da səni qarğıyır.
Bəs kim bağışlaya bilər belə insanı... dostum?
Biz səni, – Tanrının hökmündən
və xəbərdarlığından qorxmayanı,
elə Allahın imtahanına təslim etdik.
Biz hamımız Rəşid ola bilməyən Harunun əllərində
çarmıxa çəkilən Məsih olduq.
İndi mənə de görüm,
səbəb olduğun faciələrin
şəxsən mən öz payıma düşəni üçün
niyə səni bağışlamalıyam?
İndi mənə de görüm,
bu gedişatın sonrasını görməmək üçün
qəflət yuxusundan ayılmamaq israrının səbəbi nə idi?
Bu xalq artıq yuxularda da görüləsi halda deyil.
Məndən başqa hamıya cavab ver,
ancaq mən izahat istəyirəm.
İşləməyən qanunlar
Sanki məni görəndə
qapının kandarı da ağladı.
Onun üzündən bu sözləri oxudum:
“niyə gəldin?”
Üzüm dünyanın gərdişinə qapılmışların
sərsəri insanın üzüdür.
Məni bilmədiklərim yox,
bildiklərim azdırdı yolumdan.
Aynada gördüyüm insanı inkar elədim,
üzüüstə yerə çırpılanda ayıldım,
Qorxularımı səngitmək üçün
yenidən üz tutdum bu qapıya –
hələ içəri keçməmiş
bu kandarıca ev bildim.
Beləliklə, sən...
Bil ki, bizim evimiz
bir ilğıma tuş gəlib
yalnız küləklərlə özünə qayıda bilir.
Qadınların üzündəki o günah ləkəsi
soyuğun, qumun və aclığın meyvələridir.
Sənsə ölümdən ən uzaq yerdə
kütlələri ölümə səsləyirsən.
Sən zülmət saçan bir aydan nurlanan
meşənin ən zəif işıqlı yolu,
sən ev sahibinin əl-qolunu
bağlayan oğrunun səxavəti qədər,
hər birinin öz adı olan
fahişələr ordusu qədər də deyilsən.
Özündən əvvəlkilərdən fərqlənən
bir yolgöstərən üçün
bir masa və saman çöpündən
mahnılar düzüb-qoşdular.
Onun söhbətlərinin qalıqları da
ona itaət edənlər kimi yerlə bir oldu.
Qulaqlarımızla səma arasında gördüklərimiz
ancaq bu uca binaların uğultusudur.
Məğlubiyyətdən sonra içilən
içkinin dadını verir
şəhid xanımının
hər ay gözlədiyi təqaüdlə aldıqları.
İndi onun kişilərə qarşı arzusu
ürəyinin gölündə yellənən yataq istəyi kimidir.
Xəbər spikerinin yersiz qəhqəhə çəkib gülən,
irişən dodaqları bir anda dondu,
buz kəsildi və bir anda
dörd bir tərəf məzar çənbəri ilə əhatələndi.
Masaya dağlar qədər ağır kədər çökdü.
Son sözlər son möhür kimi oxundu.
Sonra məlum cənazə korteji arxasında
şəhidin soyundan çiçəklənənlər
əllərində bayraqlar,
dillərində şüarlar gəlib keçdi.
Növbəti nəsil belə hörümçək toru kimi toxunur,
bu şəhid adlarını uşaqları böyüdür,
o adlar yazılan küçələrdən keçirik.
Elə hey təxirə salınan “müharibənin sonu”,
təxirə salınan qələbə xəbərlərinin şərəfinə
bu adlar tarixə çevrilir.
Bu adların yolu ilə gedənlər
axmaqlıqlarını zorla təlqin edənlərin adına da
kimlikləri müəyyən etdilər.
Kəfən toxuyanlar
qorxulardan arınmış bir xristianlıq
və günahların bağışlanmasını
Tanrıya həvalə edən kilsələrin olmasını istəyir.
Bir yetimin uzun gecələrinin qorxusu isə
təyyarə səsləridir.
Onlar valideynlərinin olmamasından qorxur,
halbuki ölüləri öz züriyətləri dəfn edir.
Nəsillərin ardı gəlməsə, hər şeydən əvvəl
bu əyləncəli söhbətlər də bitəsidir.
Bəlkə də, ən çox bunun üçün
əllərimiz saat əqrəbləri kimi göydən asılı qalır.
Sənsə ən böyük itkilərin şahidi anam,
sanki bütün kədərlərindən arınmısan.
Sənin üzündən oxunan kədərlər
Günəşin təzə-təzə çıxdığı vaxtın rəngindədir,
kitablarda isə sarı rəngdə.
Qadınlar ömrümüzdən keçirsə,
mövsümlər dəyişir.
Onlar suya da dua eləsə, müstəcəb olur...
İlanlar kürəyində səhraların duzunu,
qumunu gəzdirsə də,
mədələrində Dəclənin saf suyu var.
“Ədəbiyyat və incəsənət”
(29.05.2024)
Şəhidlər barədə şeirlər –MƏTLƏB ƏLƏSGƏROV
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Mətləb Ələsgərova həsr edilmiş şeirlə tanış olacaqsınız.
MƏTLƏB VÜQAR OĞLU ƏLƏSGƏROV
(18.07.1999.-07.10.2020.)
Ağstafa rayonunun Köçəsgər kəndindən olan, 2 nömrəli Köçəsgər kənd orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Füzuli rayonu
Dəfn yeri: Ağstafa rayonu Köçəsgər kəndi
VURUŞDU GÖZ QIRPMADAN
Mətləb kimi igidlər azad etdi torpağı,
Onların qorxusundan it kimi qaçdı yağı.
Köçəsgərdə doğulub, göz açmışdı cahana,
Yayılıbdır şöhrəti indi Azərbaycana.
Məktəbdə oxuyanda hər il oldu əlaçı,
Anlayırdı, təhsildi çox dərdlərin əlacı.
Ali məktəbə girdi mühəndis olmaq üçün,
Neftçi kimi çalışıb səylə ucalmaq üçün,
Alim-müəllimlərdən öyrəndi yorulmadan,
Kamil olmaq olarmı, kitaba vurulmadan?
Bakalavr diplomunu qazandı zəhmət ilə,
Magistrliyə girdi yüksək bal-qiymət ilə.
Amma Vətən borcunu hər oğul verməlidir,
Əsgərlik məktəbini kişilər görməlidir.
Getdi hərbi xidmətə sevgiylə, məhəbbətlə,
Əsgərliyin edirdi ləyaqətlə, qeyrətlə.
Düşmən dinc dayanmayır verməliyik cavabın,
Otuz ildir çəkirik biz Qarabağ əzabın.
Müharibə başladı, igidlərim hazırdı,
Düşmən ağıllanmadı, hey yolunu azırdı.
Füzulinin uğrunda qanlı döyüş başlayıb,
Torpaqlar azad olur, hücum-yürüş başlayıb,
Mətləb necə qoçaqmış, alqışlar hünərinə,
Lap az qalıb xalqımın möhtəşəm zəfərinə.
Necə də xoşdur görmək torpaqların xilasın,
Mətləb ala bilmişdi əmisinin qisasın.
Əmisi də qəhrəman, cəsur, igid olmuşdu,
Vətənçin candan keçib, ölməz şəhid olmuşdu.
Mətləb son nəfəsədək vuruşdu, göz qırpmadan,
Şəhidliyə qovuşdu, belə yazmış yaradan.
Köçəsgərə qayıtdı bükülərək bayrağa,
Qovuşdu canından çox sevdiyi bu torpağa.
Ağstafa, Köçəsgər doğulduğu məkandır,
Əbədi məskənisə qalib Azərbaycandır.
“Ədəbiyyat və incəsənət”
(29.05.2024)
“Yenilməz batalyon” filmi barədə müəmmalar və HƏQİQƏTLƏR
Sevda Verdiyeva, ADPU-nun Şəki filialının tələbəsi – “Ədəbiyyat və incəsənət” üçün
Bəri başdan deyək ki, “Yenilməz batalyon” filmi istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından mükəmməl filmdir.
Film yazıcı Qılman İlkinin (Musayevin) “Qalada üsyan” romanı əsasında çəkilmişdir. Ssenari müəllifi Q.İlkinin özüdür. Filmdə Zaqatalaya sürgün olunmuş “Potyomkin” zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların birgə mübarizəsindən danışılır. Hadisələr 1907-ci ildə baş verir. “Yenilməz batalyon” bədii filmi də öz təsir gücünə görə “Qalada üsyan” romanının özündən geri qalmır.
Ssenarisi 1960-cı ildə bəyənilərək təsdiqlənən bu filmin çəkilişlərinə uzun çək-çevirdən sonra 1965-ci ilin sentyabr ayında başlanmışdır. Çəkilişləri 1966- cı ildə başa çatan filmin ilk baxış tarixi həmin ilin fevral ayının 13-də baş tutmuşdur.
Filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə, operatorlar Xan Babayev, Rasim İsmayılov, quruluşçu rəssam Nadir Zeynalov, bəstəkar Cahangir Cahangirov, filmin direktoru Nazim Ələkbərovdur.
Rollarda Tamilla Ağamirova, Vladimir Yemelyanov, İsmayıl Osmanlı, Anatoli Yurçenko, Müxlis Cənizadə, M.Orlov, İsanbet Prozat, Valentin Kulik, Ofeliya Məmmədzadə, Mixail Puqovkin, Ceyhun Mirzəyev, Pavel Vinnik, Hüseynağa Sadıqov, Zoya Çekulayeva və başqaları çəkilib.
Bu yazıda məqsədimiz heç də filmi və aktyorların işini təhlil etmək yox, film haqqında bəzi yalnış və əsassız fikirlərə münasibət bildirməkdir. Birincisi, bəziləri iddia edirlər ki, “Yenilməz batalyon” filmi əvvəldən axıra kimi Zaqataladakı qalada çəkilmişdir. Düzdür, əvvəl çəkilişin Zaqataladakı həbsxanada aparılması nəzərdə tutulmuşdu. Lakin bu çəkilişə icazə verilməyib. Ümumiyyətlə, bu filmlə bağlı Zaqtalada hər hansı çəkiliş olmayıb.
“Yenilməz batalyon” filmində titrlərdə adı keçməsə də, burada rejissor köməkçisi kimi iştirak edən R.Dadaşov müsahibələrinin birində deyir:
“Bütün çəkilişlər Bakıdakı köhnə kinostudiyanın pavilyonunda, eyni zamanda Şəkidə həyata keçirilib. Əsas natura çəkilişləri elə Şəkinin adıyla bağlıdır. Səhnələr Şəkiətrafı, Oğuz (Qırxbulaq səhnəsi, arabanın partlaması), Xanabadda (final səhnəsi) ekranlaşdırılıb.
Deməli, 1964-cü ilin sentyabr ayı idi, bütün heyətlə Şəkiyə yollandıq. Biz iki ekspedisiya ilə Şəkiyə getmişdik. Çəkilişlər zamanı çox böyük çətinliklərimiz oldu. Biz Şəkiyə çatdıq, yerləşdik. Təsəvvür edə bilməyəcəyiniz qədər güclü yağışlar yağmağa başladı. Gözləməli olduq, bir gün, iki gün...
Demək olar ki, hər gün boşluq idi. Yuxudan durub nə edəcəyimizi bilmirdik. Gördük ki, bu yağış kəsən deyil. Bir ay ərzində boş yerə Şəkidə gözlədik. Nəhayət qərara gəldik ki, Bakıya qayıdıb pavilyon çəkilişlərini həyata keçirək. Bu gecikmələrdən dolayı filmin çəkilişləri bir ildən çox vaxt aldı.
Böyük səhnələrdən olan həyətdə ev tikilməsi, işçilərin yük daşıması, kazarma, dərzi Yusifin evi pavilyonda qurulmuş səhnələr idi… Bakıdakı pavilyon çəkilişlərini bitirdikdən sonra yenidən Şəkiyə yollandıq. Əsas səhnələr Şəkidəki türmə-qalanın ətrafında reallaşdırıldı. Deməli, türmənin ətrafında dekorasiyalar tikmişdik. Qala çəkilişləri, əsgərlərin addımlaması, barabanların çalınması hamısı orda lentə alınıb…filmdəki dava səhnəsində çəkilənlər əsl idmaçılar olub”
Eyni zamanda Azərbaycan hərbi dairəsinin hissələri də çəkilişlərdə iştirak ediblər. Filmin bəzi epizodlarının (Qırxbulaq səhnəsi və arabanın partlaması) Oğuzda çəkilməsini rejissor köməkçisi R.Dadaşov və kino-tənqidçisi S.Sultanova ilə yanaşı, Oğuz rayonunun onlarla sakini də xoş bir xatirə kimi xatırlayır.
Çəkilişin şahidi olan oğuzlulardan tanınmış ziyalı E.Əzimli qeyd edir ki, yaxşı xatırlayıram, film Bayan kəndində, yeni Filfilli ərazisindəki yolda çəkilib.
Bayan kəndinin sakini S.Üzeyirov söyləyir ki, həmin epizodlar Bayan kəndində Əlican çayının sahili ilə üzüaşağı Bayan talaşına gedən tozlu yolda çəkilmişdir. Hətta Bayan kənd sakini Bəkir kişi öz atı ilə orda epizodik rolda da çəkilib.
G.Mürşidova isə deyirdi ki, bu film mənim gözümün qabağında çəkilib.
V.Çələbiyev də deyilənləri təkrar edir və çəkiliş zamanı məzəli hadisələrin baş verdiyini söyləyir. A.Zakirzadə söyləyir ki, filmdəki qara atı Bucaq kəndindən tapıblar. Sahibi əvvəl atı verməyə razı olmayıb, sonradan razılaşıblar.
İ.İsmayılov isə qeyd edir ki, çəkilişdə istifadə olunan furqon Böyük Söyüdlü kəndindəki keçmiş Muçirin adına kolxozdan götürülmüşdür.
Yuxarıda da qeyd edildiyi kimi filmin final səhnəsi Xanabadda çəkilmişdir.
İkinci mübahisəli məsələ filmdə Teymurun mahnısının kimin ifa etməsi ilə əlaqəlidir. Məşhur mahnını kimin ifa etdiyi əksərən səhv bilinir. Bir çoxları filmdə mahnının ifaçısı kimi C.Mirzəyevin və A.Qəniyevin adını çəkirlər. Halbuki burada səslənən ifa Xalq artistimiz İ.Rzayevə məxsusdur.
Xalq artisti Heydər Anatolu müsahibələrinin birində deyir: “Deməli, “Yenilməz batalyon”da həmin ifanı birinci dəfə atam səsləndirmişdi. O vaxt Moskvaya filmi təhvil verəndə bədii şura bildirib ki, atamın səs tembri ilə böyük sənətkarımız Ceyhun Mirzəyevin yaratdığı obraz uyğun gəlmir. Ona görə mahnını mərhum sənətkarımız, atamın da yaxın dostu olan İ.Rzayev səsləndirdi”.
Sonda qeyd edək ki, 60 il öncə çəkilmiş “Yenilməz batalyon” filminə bu gün də maraqla tamaşa edilir.
“Ədəbiyyat və incəsənət”
(29.05.2024)
“Varla yoxun əhvalatı” - Günel Mehrinin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr saatıdır, sizlərə Günel Mehrinin “Varla yoxun əhvalatı” hekayəsi təqdim ediləcək.
NƏSR SAATI
Günel MEHRİ
“Şəhrizadın nağılları” silsiləsindən
VARLA YOXUN ƏHVALATI
Biri vardı, biri yoxdu. Bir Var vardı, bir də Yox vardı. Var və Yox əkiz qardaş idilər. Görünüşləri iki damla su kimi bənzəsə də, xasiyyətləri yerlə göy qədər fərqli idi. Var nə qədər kövrək, anlayışlı idisə, Yox da bir o qədər tərs və davakar idi. Var nə cür davransa da, Yoxu qane edə bilmirdi. Yox hər dəfə bir bəhanə tapıb söz-söhbət salırdı. Onun hərəkətləri valideynlərini də əsəbiləşdirirdi. Qış gecələrinin birində Yox yenə səsini başına atıb hay-küy saldı:
– Dedim ki, karandaşlarını mənə ver. Sən düz çəkə bilmirsən. Belə dağ çəkməzlər.
Var onu sakitləşdirməyə çalışdı:
– Sənin karandaşların var da. Öz karandaşlarını götür. Mən də belə çəkmək istəyirəm.
Yox isə dediyini deyirdi:
– Yox, dedim ki, ver. Yoxsa, rəsmi cıracam.
Və elə bu məqamda Yox Varın bərk-bərk tutduğu rəsmdən yapışdı. Kağız iki yerə bölündü. Var ağlamağa başladı. Səs-küyü eşidən ata ilə ana otağa girdilər:
– Yenə nə olub?
Yox cırdığı rəsmi arxasında gizlətməyə çalışsa da, artıq gec idi. Valideynləri Varın əlindəki cırıq kağız parçasından nə baş verdiyini anlamışdılar. Yoxun hərəkətinə hirslənən ata onu cəzalandırmaq üçün bütün karandaşları götürüb getdi. Yox əsəbi halda Varın oturacağını silkələdi:
– Hər şey sənə görə olur. Axı sən niyə varsan? Sən yox olsan, bütün həyatım düzələr.
Var gözünün yaşını silib günahkar-günahkar qardaşına baxdı:
– İstəyirsən, mən gedim deyim ki, rəsmi özüm cırmışam? Ya da karandaşlarımı alıb sənə verim. Hamısı sənin olsun.
Yox yatağına girib yorğanı başına çəkdi.
– Yox, səndən heç nə istəmirəm. Yox ol!..
Səhər şəfəqləri Yoxun üzünü qıdıqlayırdı. O, gözlərini ovuşdura-ovuşdura yerindən durdu. Birdən dünən gecəki hadisə yadına düşdü. Əsəbi halda Varın çarpayısına baxdı. Amma orada çarpayı yox idi. Yox təəccüblə gözlərini bir də ovuşdurdu. Həmin künc, doğrudan da, boş idi. Yox yerindən sıçrayıb Varı çağırmağa başladı:
– Hardasan, Var? Bu nə oyundur belə? Tez çıx ortaya. Var, eşidirsən?
Yoxun səsinə səs verən olmadı. O tələsik mətbəxə keçdi. Anası fincanlara çay süzürdü. Atası da kitab oxuyurdu.
– Sabahın xeyir. Gəl, çay içək.
Yox tez fincanları saydı: bir, iki, üç.
– Ana, bəs dördüncü fincan hanı?
Anası təəccüblə ona baxdı:
– Hərəyə bir fincandır da. Dördüncü fincanı neynirik?
Yox əsəbi şəkildə anasının sözünü kəsdi:
– Bəs Var? Biz dörd nəfərik axı...
Valideynləri bir-birinə baxdılar:
– Var kimdir? Qonağın gələcək bu gün?
Yox qulaqlarına inana bilmirdi. O, cavab gözləmədən bütün evi, həyəti gəzdi. Amma nəinki Varı, heç onunla bağlı bir əlamət də tapa bilmədi. Hətta evin divarlarına vurduqları ailəvi fotolarda belə Var yox idi. Yox heç cür sakitləşmək istəmirdi:
– Yox, bu belə ola bilməz. Hardasan, Var? Yoxsa mənim gecəki sözlərimə görə sən yox olmusan. Yox, yox. Qayıt evimizə, həyatıma qayıt...
Amma Yoxun çağırışları cavabsız qalırdı. Ən pisi isə valideynləri də, həyətdəki uşaqlar da Varı xatırlamırdılar. Onda Yox qərara gəldi ki, evlərindən çıxıb dünyanı gəzsin. O əmin idi ki, hardasa bir yerdə qardaşı Varla qarşılaşacsaq. Onlar yenidən birgə oynayacaqlar, güləcəklər və bir də dalaşmayacaqlar...
Beləcə, Yox evdən çıxıb yola düzəldi. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Çox yerdən soraqladı, amma qardaşı Varı gördüm deyən olmadı. Axırda yol bitdi, gəlib dənizə dirəndi. Yox əliboş geri qayıtmaq istəmədi. Dənizi səslədi:
– Xoş gördük, mavigözlü dəniz. Mən qardaşım Varı axtarıram. Yol məni sənə gətirdi. Sənin dalğalarında onunla çox oynamışıq. Bəlkə, sən biləsən onun yerini?
Dəniz əvvəlcə coşdu, daşdı. Nəhəng dalğaları sahilə hücum çəkdi. Amma Yox yerindən tərpənmədi. Üst-başı suyun içində soyuqdan titrəyə-titrəyə dənizə baxdı. Birdən dəniz quzu kimi sakitləşdi:
– Varı gördüm. O, mənim dalğalarımı aşıb o biri sahilə getdi. Belə görürəm ki, onu tapmağı çox istəyirsən. Sənə kömək edəcəm.
Dəniz bunu deyib iki yerə ayrıldı. Düz ortasından digər sahilə yol yarandı. Yox dənizə təşəkkür etdi:
– Çox sağ ol, əziz dəniz.
Yox həmin yolla gedib digər sahilə çatdı. Bu dəfə də hündür bir dağla qarşılaşdı. Dağın buludlara çatan zirvəsi, keçilməz sıldırım qayaları vardı. Yox dağın dövrəsində dolaşdı. Amma geri çəkilmək istəmədi. Dağla danışmaqdan başqa bir çıxış yolu görmədi:
– Salam olsun sənə, ucalardan uca, qocalardan qoca dağ! Mən qardaşım Varı axtarıram. Bəlkə, ona rast gəlmisən? Mənə ondan bir soraq versən, çox sevinərəm.
Bu vaxt tufan qopdu. Dağın yan-yörəsindən qopan iri daşlar düz Yoxun üstünə gəldi. Yox özünü qorumaq üçün sağa-sola qaçsa da, dağdan uzaqlaşmadı. Birdən tufan dayandı. Dağ dilə gəldi:
– Sən nə qorxmaz oğlansan? Məni təəccübləndirdin. Qardaşını görmüşəm. Ona doğru getmək üçün sənə sehrli ağacımı göndərirəm.
Dağın yamacındakı ağacın budağı uzanıb Yoxun qarşısında dayandı. Yox budağın üstünə çıxdı. Budaq onu dağın üstündən buludlara qaldırdı. Yox buludun üstündə oturdu. Göyün bir qatında təəccüblə ətrafına boylandı. Amma Varı heç yerdə görmədi. Qərara gəldi ki, indi də qardaşını səmadan soruşsun:
– Salam, ey sonsuz səma! Qardaşım Vardan xəbərin varmı? Onun sorağıyla sənə üz tutmuşam.
Səma bozardı. Buludlar qarışdı. Bir şimşək çaxdı, bir yağış yağdı, bir göy guruldadı ki, gəl görəsən. Amma Yox gözünü qırpmadan dik başla səmaya boylandı. Birdən səma aydınlaşdı, duruldu və dilə gəldi:
– Dik duruşundan xoşum gəldi, oğlan. Qardaşını sənə göstərəcəm.
Yox bir də gördü ki, aydın səmada bir parça bəyaz bulud ona yaxınlaşır. Buludun içində parlaq bir işıq vardı. Bulud yaxınlaşanda işıqdan səs gəldi. Bu, Varın doğma səsi idi:
– Salam, əziz qardaşım. Səni görmək necə gözəl. Darıxmışdım.
Yox gözlərinə inana bilmədi:
– Sən... sən işığa dönmüsən? Axı niyə?
İşıq Yoxun ətrafında dövrə vurdu. Onun üzünə yaxınlaşdı:
– Niyəsini soruşma, qardaşım. Mən indi səmada uçuşan bir parça işığam və həmişə sizi yuxarıdan izləyib xoşbəxtliyiniz üçün duaçı olacam.
İşıq Yoxun gözlərini qamaşdırırdı. O, əlləri ilə gözlərini ovxaladı:
– Yox, getmə, Var. Yanımda ol. Yenə qardaşım ol.
Yox dayanmadan bu cümlələri təkrarlayırdı. Birdən hiss etdi ki, kimsə çiynindən tutub silkələyir. Gözlərini açdı. Var pəncərədən düşən günəş şəfəqlərinin arasından Yoxa baxırdı:
– Sakit ol, Yox. Hər şey yaxşıdır. Deyəsən, yuxu görürdün, hə?
Yox yerindən sıçrayıb Varı qucaqladı:
– Sən burdasan. Yanımdasan. Yenə qardaşımsan, Var!
Var heç nə anlamadan Yoxa baxdı, baxdı və onu qucaqladı:
– Mən harda olsam da, yenə qardaşın olacam.
Bax burda göydən üç alma düşdü. Biri mənin, biri sənin, biri də nağıl sevənlərin.
“Ədəbiyyat və incəsənət”
(29.05.2024)
“AYRIC” – Orxan Fikrətoğlunun povesti (1-ci paylaşım)
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
AYRIC
1.
– Ağoppa da ondan öldü, Molla Abuzər də, Elçin müəllim də. Allah lənət eləsin bu xəstəliyi məhləyə salan dəyyusa, nəslimizdə bir salamat adam qoymadı qala. İşdi-şayət, sabah yıxılıb ölsəm, kimin çiynində gedəcəm gora? Məhəllə arvadlarının?
Dükançı Əşrəflə dəyiman daşı kimi xırıldıya-xırıldaya danışan bəstəboy adamı səsindən tanıdı. Fəhmini yoxlamaq üçün cibindən gözlüyünü çıxartdı. Gözlük yanıla bilməzdi. Düz tapmışdı. İki illik qapanmanın üz cizgilərini qocalıqla naxışladığı zərgər Bafadar idi. Onu görsə, azı bir saat hal-əhval tutacaqdı. Ustufca nar yeşiklərinin arxasına keçdi. Payızın utancaq yanaqları kimi qızarmış narların qızılı işığında zərgər Bafadar üzünü boz məxməri ərp basmış qozbel heyva kimi görünürdü. İki illik qapanma kişinin rəngini gözgörəsi saraltmışdı. Səsi də elə bil özünün deyildi. Boğazından susuz quyudan kəndirlə çəkilən boş satıl kimi danqıldaya-danqıldaya çıxırdı.
Əslinə qalsa, Bafadar görüşmək istəmədiyi adam deyildi. Ayrı vaxt olsaydı, özü onu dindirib, “nə var, nə yox” edərdi. Gəl ki, son illərin ağırlığı sinirlərini əməlli-başlı pozmuşdu. Başı artıq səs götürmürdü. Hər səhər yuxudan durar-durmaz sanki kimsə beynini yeddi pudluq çəkiclə döyəcləyirdi. Evdə də heç kəs cürət edib onu gərəksiz suallarla yormurdu. Ancaq “Hə” və “Yox”. İkicə ilin içində əməlli-başlı ağırlaşmışdı. Evdən çölə çıxmaq istəmirdi. Qazanc da artıq umurunda deyildi. Təki qulağı dinc, başı salamat olsun. Ancaq sakitlik istəyirdi. “Bir tikə yavan çörəyim olsun, bəsimdi. Sabaha Allah kərimdi!” – deyib keçinirdi.
Dükandan çıxıb maşına minmək istəyəndə avtobus dayanacağına tərəf qaçan Mədinəni gördü. Mədinə də dəyişmişdi. İldırım çaxışlı qıyqacı baxışından, uzaqdan çağıran “mənə bax” yerişindən, nazlı duruşundan əsər-əlamət qalmamışdı. Bununla belə, yenə həmin Mədinəydi, əyarı üstündə. Kübar və nazlı. Bircə anlığa boğazı qurudu. Mədinəni görəndə həmişə belə olurdu. Deməli, Mədinəyə olan hissləri qapanma zamanı da ölməyibmiş. Əvvəl istədi özünü görməzliyə vurub zərgər Bafadardan gizləndiyi kimi gizlənə. Sonra heç özü də bilmədi necə əlini maşının siqnalına basıb səsi titrəyə-titrəyə: – Mədinə, – çağırdı.
Mədinə sanki buna bənd imiş. Adını eşidən kimi dayanıb yeyin addımlarla ona sarı gəldi. Zərgər Bafadarın qarşısından salamsız- kəlamsız keçib, maşının arxa qapısını açdı. Ərklə oturacağa oturub ətəyi qısa paltosunu əliylə açıq qalmış yumru dizlərinin üstünə çəkdi.
Günün günorta vaxtı dayandığın yerdə işə düşmək buna deyirlər. Məhlənin tən ortasında keçmiş sevgilisi “dipdiri Mədinə” tıppır-tıppır yerişiylə gəlib maşınına oturur. İndi gəl dayan da bu dığdığın, bu həngamənin qabağında, görüm necə dayanacaqsan? Ən çox da oğlundan utanırdı. Onun saf, həmişə üzgün, vəfalı gözlərindən. Amma olan olmuşdu. Daha geriyə yol yox idi. Mədinəni maşından zorla düşürəsi deyildi ki. Tələsik mühərriki işə saldı. Maşın asqırıb geniş şəhər yoluna çıxanda Mədinə birnəfəsə: – Səni üç gecədir ki, sərasər serial anonsu kimi yuxumda görürəm. Hər dəfə də eyni sifətdəsən, əynində də eyni sarı kürk. Cavan vaxtındı amma. Üzün də tüklüdü, qırxmamısan. Bir dağın başında dayanıb elə hey məni harasa səsləyirsən. Odur ki, səni indi görəndə heç soruşmadım nə var, nə yox. Bildim ki, bizi yuxu görüşdürüb. Bu, nə sənlikdir, nə də mənlik. Necəyəm? Çox xarab olmamışam? – dedi.
– Hələ qoy “probka”dan çıxım, sonra sənə baxacam! – pıçıldadı.
Mədinənin qırışığı açıldı. Uğunub oturacağa yayxandı: – Bir ildir mən də özümü probkalamışam. İnanırsan, ərim də yoxdur ki, yoxlayım. Hərdən mənə elə gəlir ki, KOVİD bütün kişiləri “petux” eləyib. Heç kəs küçədə daha qadına tərəf baxmır. Hamı xonça kimi olub. Şaxşaxlı, qotazlı! Əlli dəfə istəmişəm sənə zəng vurum. Bağda-zadda görüşək. Bir səni yoxlayım. Sonra arvadından qorxmuşam. Tək-tənha evdə oturmaqdan adamın bağrı yarılır e. Heç kəs daha bir-birinə yaxın durmur. İt də küçədə daha adama tərəf hürmür. Fikir vermisən? Belə yaşamaq olar? Qara yerin malıyıq da onsuz da hamımız. Əvvəli-axırı var. Hamı öləcək. Bəs bu xarabada beş gün adam balası kimi yaşamağa nə deyirsən? Adamlar özlərini nə qədər çox istəyirmiş? Baxırsan, itə oxşayır e... Amma o da maska taxıb yaşamaq istəyir, – Mədinə isti körük kimi danışdıqca közərirdi.
Sözünü kəsib: – İşə gedirdin? – soruşdu.
Mədinə: – Hara istəyirsən, sür gedək! Onsuz da dünyanın axırıdır... Daha nə iş? Mənim işim ömrüm boyu ancaq sən oldun! Bunu karantin vaxtı anladım, – dedi.
Ömrü boyu ürəyində özündən belə gizlətdiyi Mədinənin birdən- birə etdiyi “Mənim işim ömrüm boyu ancaq sən oldun. Bunu karantin vaxtı anladım!” etirafı sanki onu qəflət yuxusundan ayıltdı. Karantin zamanı əvvəllər vacib bildiyi bir çox bağlılıqlar ləpədöyəndə tikilmiş qum evciklər misalı, dalğaların gəlişi ilə yuyulub silinmişdilər. Onların əvəzinə heç zaman ciddiyə almadığı bəzi ötəri hisslər cilalanıb, aşılanıb həqiqətlərə çevrilmişdi. Birdən-birə anlamışdı ki, həyatını yalan təməllər üzərində qurub. Səhv yaşayıb. Doğrunu görə bilməyib. Xəstəlik düşəndən gözgörəsi illərlə tapındığı saxta təməllər şam kimi əriyib yox olmuşdular. Ancaq xatirələri tüstüləyirdi. Sən demə, gözün açıb gördüyü bütün davranışlar yalan imiş. Xəstəlik hamını və hər şeyi dəyişdi. İnsanların çılpaq ruhları göründü, içləri üzlərinə çıxdı. Ağızlarına maska taxsalar da, maskaları yırtıldı. Heç bir əxlaq qanunu ölüm qorxusu altında daha işləmir. Hərə öz canının hayındadır. Hərə özü üçündür. Doğmalıq, qohumluq unudulub gedib. Heç kim heç kəsdən və heç nədən daha utanmır. Ətrafda bugünü yaşamaq üçün bir söykənəcək, sabaha çıxmaq üçün təməlli dəlil yoxdur. Onun da, hamı kimi, içi uralanıb, yel vurub, yengələr oynayır, bomboşdur. Mədinənin sözləri həmin bu boşluq içində necəsə qorunmuş bakirə bir nöqtəyə toxunmuşdu. Ora elə bir yer idi ki, ölüm xofu belə hələ girə bilməmişdi.
Salonun güzgüsündən Mədinəyə baxdı. Mədinə ondan fərqli olaraq, diriydi. Gözlərində həyat işığı, ölüm qorxusundan güclü olan qətiyyət və əminlik vardı. Nəyi isə anlamış, dərk etmiş və hətta həll etmiş kimi görünürdü. Çaşqın deyildi. O isə, Mədinədən fərqli olaraq, xəstəlik düşəndən qorxu altında yaşamışdı. Səhər fərman, axşam dərman. Nə bir qohum qapısı tanımışdı, nə bir dost. Bütün günü evin içində qəfəsə salınmış şir kimi sola-sağa var-gəl etmişdi. Ailəsi ilə iki il sərasər eyni damın altında yaşasa da, bircə saat belə birlikdə oturub arxayın söhbət eləməmişdilər. Hərə öz canının hayındaydı. Bir-birini evin içində itirmişdilər.
Mədinəni çoxdan tanıyıdı. Cavanlığından. Son vaxtlara qədər tini düşəndə, əlli-zad vurandan sonra onunla bir gecəlik olsa da, görüşürdülər. Mədinə gözəl qadın idi. Şən, ehtiraslı və ən əsası, sadiq. Xəstəliyin şəhərə yaydığı ölüm qorxusu altında hər an yox ola biləcək mənasız həyatını, dişlərini bir-birinə sıxıb nəyin bahasına olur-olsun qorumaqdansa, Mədinə kimi ehtiraslı qadınla haradasa kiçik bir hoteldə zaman keçirmək daha yaxşı olmazdımı? Bəlkə Mədinə onu bir gecəlik də olsa, özünə qaytara biləcəkdi?! Son günlər əli heç bir işə yatmırdı. İçinə duman çökmüşdü. Beynində eyni zamanda üç-dörd fikir əmələ gəlirdi. Hamısı da adidən-adi. Bununla belə, yenə də çaşıb qalırdı. Bilmirdi birinci hansını etsin. Əvvəl cibindən maşının açarını çıxarsın, ya ağzından maskasını. Birinci mənzilin qapısını açsın, ya mirətə qalmış rezin qoxulu əlcəklərini əlindən çıxarsın ki, əli açar tuta bilsin. Təkcə anasına olan sevgisi duman altında görünən uzaq doğma iskələ kimi hərdən-hərdən rəngli çalarlarla gözünə görünüb qəlbini sızıldadırdı. Qalan nə vardısa, onun üçün artıq mənasını itirmişdi. Həyat dadsız olmuşdu. Daha heç nə hiss etmirdi. İstəmirdi. Gözləmirdi.
Maşını şəhər kənarına sürürdü. Orada bir xəlvət hotel tapıb birlikdə gecəni keçirmək olardı. Bu gecə Mədinə ilə əylənmək istəyirdi. Özü olmaq, içində ölmüş hisslərini diriltmək istəyirdi. Mədinə qaranlıq ömrünə göndərilmiş əli fənərli sarvan kimiydi. Onu fərqli bir dünyaya aparmaq üçün gəlmişdi. Ovqatının Mədinəni düşündükcə durulduğunu görüb güzgüdən qadına göz vurdu. Mədinə onun nə istədiyini anlamışdı. Gözləri güzgüdə rastlaşanda: – Səni özüm kimi tanıyıram da! Şəhərdən çıxaq, sən Allah. Dənizi görmək istəyirəm! – dedi.
Hava limanı yoluna qədər danışmadılar. Abşeronu şəhərdən ayıran geniş yolun kənarında şam ağacları kimi sıra ilə düzülmüş, eyni biçimli radar dirəklərinə maraqla baxan Mədinə: – Sən də məni izləyəsən deyə o vaxt məhləyə radar qoymuşdun? – soruşdu.
– Mən səninlə bağlı hər şeyi radarsız da bilirdim, – pıçıldadı.
Mədinə elə indicə gözlərinə enmiş qırmızımtıl duman rəngində olan göz yaşlarını incə barmaqları ilə silə-silə: – Elə bilirsən unutmuşam məni iranlının tırından döyə-döyə aşağı salıb yerlə sürüdüyünü? Sonra da onu bıçaqlayb Rusyetə qaçdığını? İstəyirsən ora niyə getdiyimi sənə deyim? Bu günə qədər hələ heç kəsə danışmamışam. Amma sənə danışacam. Ölüm-itim dünyasıdır. Sən bunları bilməlisən! – dedi.
– Neynirsən daha?! Bundan sonra nə mənası var? Olan olub, keçən keçib. Bu gün-sabah oğlumun otuz yaşı tamam olacaq. Cavan olmuşuq da, gözümüzü qan tutub. Mən bıçaqla, sən də bədəninlə bacarmamışıq.
– Düzünü de, məni o vaxt sevirdin? – Mədinənin gözləri yol çəkdi.
Yola baxa-baxa: – Yox! – dedi.
–Sevirdin... bilirəm... Qadınlar əsl sevgini hiss edirlər... Sevməsəydin, o cür döyməzdin də. Qapanma zamanı boş vaxtım çox idi deyə ömrüm kino lenti kimi gözlərimin qabağından gəlib keçdi. Sən ilk öpüşdüyüm kişi olmusan, bilirsən bunu? Ağzımda ancaq sənin tamın var. İnanırsan mənə? Vallah, düz deyirəm... istəyirsən inan, istəyirsən inanma. Səndən başqa hələ heç bir kişiylə öpüşməmişəm. Bu gün də sənə qarşı içimdə tamam başqa bir hiss var. Elə bil ki, köhnə pencəyimsən. O qədər mənə doğmasan ki... Sənə o qədər bağlıyam ki... Nə ata bilirəm, nə də daha geyinə bilirəm. Sən indi başqasınınsan! Həm də mənimsən. Elədiklərimə görə ancaq səndən utanıram. Pis zaman idi də. Yadındadır, yəqin. Ölkə dağıldı. Atam da maaşa baxan müəllim babaydı. Aciz kişiydi. İnanırsan, evdə yeməyə soğan nədir, onu da tapmırdıq. Sənə bütün bunları o zaman demirdim. Necə deyəydim? Utanırdım axı... Bir qonşumuz vardı, Ziba xala. Özü də, qızları da iranlı, dağıstanlı tır sürücülərinin kütnən yığıldığı Lenin meydanına gedib fahişəlik edirdilər. Hər gecə də yeməklərinin artıq-urtuğunu bizə gətirirdilər ki, yeyək. Mən səninlə görüşlərə də o qızların donlarını geyinib gəlirdim. Mən də, yadındayam da, o vaxt necə gözəl idim. Cavan idim, yaraşıqlıydım. Çox qəşəng fiquram da var idi. Nə geyinirdim, yaraşırdı. Zibanın qızları mənə həsəd aparırdılar. Bir belə, beş belə. Bir gün Ziba girdi qılığıma. Hər dəfə də mənə deyirdi ki, gəl səni aparım o sürücülərin yanına...
“Ədəbiyyat və incəsənət”
(29.05.2024)