“Bir az kədərlidir mənim həyatım…” -NƏRİMAN HƏSƏNZADƏNİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xalq yazıçısı, poeziyamızın ağsaqqalı Nəriman Həsənzadənin şeirləri təqdim ediləcək. 

 

 

Ulu öndərə ilk görüşdə oxunan şeir

 

Ey eşqim, vüqarım, sənətim, canım,

Ana çağırdığım Azərbaycanım!

Açıb qollarımı mehri-ülfətlə,

bağrıma basıram səni hörmətlə.

Sən də, ey adıyla fərəhləndiyim,

görəndə, sevinib ürəkləndiyim,

xalqımın istəkli, əziz övladı,

şeirimin-sözümün qolu-qanadı!

Sənin hər istəyin, sənin hər arzun

həyatda qoy, şöhrət çələngi olsun.

Qaldırdın adını bu məmləkətin,

andın müqəddəsdi, südün təmizdi.

Mənim taleyimdi sənin şöhrətin,

tarixdə tarixi mərhələmizdi.

Gəlin, addımlayaq sıx cərgələrlə,

gəlin, qabaqlayaq dövrü, zamanı.

Daim alqışlayaq yalnız Zəfərlə

ana dediyimiz Azərbaycanı!

 

 

1969

 

Aya - nur

Ulduza - işıq

 

Akademik Arif Mir Cəlal oğlu

Paşayevin ad gününə

 

Arif öz əsrinin fövqündə durur,

fiziki kəşflərin gedir yarışı.

Arif "Yer dilində" təlim oxuyur,

Aya - Nur göndərir,

ulduza - İşıq.

Fiziki kəşflərin gedir yarışı.

 

Bəşər övladıdı, sadə, mehriban,

Üzündə təbəssüm - o haqdan gəlir.

Ona salam verən, onu tanıyan

deyər ki,

İlahi bir insan gəlir.

Üzündə təbəssüm - o haqdan gəlir.

 

Nəyi sadalayım, hansını deyim,

göylərin yerlərə töhfəsidir o!

Sənin - xeyirxahın, mənim - taleyim,

kiminsə, hardasa

kimsəsidir o.

Göylərin yerlərə töhfəsidir o.

 

"Uçan təyyarənin sirri nədədir?"

"Kosmosun təsiri varmı Yer üçün?.."

Arifi ölkələr dəvət eləyir,

xüsusi hörmətlə,

bu kəşflər üçün.

"Kosmosun təsiri varmı Yer üçün?.."

Könül fərəhlənir tanış səsindən,

o, yenə yatmayıb, oyaqdı, oyaq.

Ömrün doxsanıncı pəncərəsindən

Arif bizə baxır,

gəlin, əl çalaq.

O, yenə yatmayıb, oyaqdı, oyaq.

 

 

Sənin xətrinə

 

Xəyyam!

O Xəyyam yox, bu biri Xəyyam,

bu da əzizidi bir əzizimin.

Biri o dünyamdı, biri bu dünyam,

Davudun oğludu,

Davud Nəsibin.

 

Həssasdı, görürəm çox şeyi duyur,

yəqin əldən vermir ehtiyatını.

O, Xəyyamın şöhrətini qoruyur,

bir də

atasının şair adını.

 

Bəlkə bu dünyaya gəlibdi özü,

hər "Xəyyam!" dedikcə eşidib bizi.

Bir müdrik kəlamı, ya şair sözü

oxşayır meh kimi

ürəyimizi.

 

Yenə havalandı sinəmdə ilham,

könlüm səni görüb dil açdı yenə:

Şairin xətrinə qoy sənə, Xəyyam!

Sənə oğlum deyim,

sənin xətrinə.

 

 

Qarabağ gəzintisi

 

Cənab Ali Baş Komandan,

var olun, sizi,

nə o yeriş yaddan çıxar,

nə o yol, nə iz.

Dəyişdirdi Azərbaycan

tariximizi,

Qarabağda o şahanə

bir gəzintiniz.

 

Dedilər ki, Atabəydi, -

Cahan Pəhləvan,

qədim ata torpağını

gəzir vüqarla.

O yerişdən tanımışdı

sizi tanıyan,

doğma ellər alqışladı

bir iftixarla.

Hərbi zəka, dəmir yumruq,

44 Gün və Xalq!

Əsrin hələ görmədiyi

möcüzəsiydi.

Azərbaycan Avropanı

heyran qoyacaq, -

Ulu öndər özü deyib, -

tövsiyəsiydi.

 

Cənab Ali Baş Komandan,

var olun, sizi,

nə o yeriş yaddan çıxar,

nə o yol, nə iz.

Dəyişdirdi Azərbaycan

tariximizi,

Qarabağda o şahanə

bir gəzintiniz.

 

 

Şeir kitabım

 

210 saylı tam orta məktəb.

Oxucum Həqiqət xanım Gülalıyevaya

 

Qızım, hədiyyədir şeir kitabım,

bir şeyi çatdırım nəzərinizə, -

bir az kədərlidir mənim həyatım,

sevinc diləyirəm,

həyatda sizə.

Gələn günləriniz mübarək olsun,

bir də,

süfrənizdə duz-çörək olsun.

 

 

Ana mahnısı

 

Fatimə xanıma

 

- Hardasan, Arif, hardasan?

- Burda, yanında, anacan!

- Ruhunda, canında deyəydin gərək, Arif!

İlk əhd-peymanında deyəydin, gərək, Arif!

Bir qəzada itirmişdi həssas qadın, öz ərini,

Arif, - deyə çağırırdı, ilk səadət günlərini.

Hardasan? - deyirdi, Arif, yaşat məni öz adınca,

içimdə bir səs susubdu, sən o səsi oyadınca.

Yaşat, Arif, yaşat məni...

 

 

İki qüvvət

 

Prof. Mehrab həkimə

 

O, Qaçaq Kərəmin kürəkənidi,

özü də arabir ABŞ-a "qaçır".

Həkim kəşfləri var, tamam yenidi,

ağıla gəlməyən düyünlər açır.

Sadə gülüşü var, zarafatı var,

məşhurlar içində məşhur adı var. 

Hər zaman,

hər yerdə,

görünür yeri!

Ona həsr elədim mən də bu şeiri.

İstədim, iş vaxtı tək olan zaman,

varsa, yorğunluğu çıxsın canından.

Şair də həkimin tutsun əlindən,

birimiz -mənəvi,

birimiz cismən.

Gərək ayrılmasın bu iki qüvvət,

söz də düz çəkidə - yaşar cəmiyyət.

 

 

“Silaha" çağıran şair

 

İlk dəfə "Silaha" çağıran şair,

səfərbər elədi, kişiləri də.

İskəndər Homerin yetirməsidir?!

Sübut? -

Axillesin yürüşləridi!

 

Axilles əsərin baş qəhrəmanı,

Homer həyat verdi ona bu adda.

İskəndər - qorudu "İliada"nı,

qılıncla yanaşı,

başının altda.

 

Şair, Axillesi gətirdin yada,

de, varmı elə bir Tanrı hünərin, -

Qalib sərkərdənin yol çantasında,

gəzsin, sən yazdığın

bir şah əsərin?!

 

 

Vəkilin göz yaşı

 

Keçmiş tələbəm

Ayxan Rüstəmzadəyə

 

Mənə danışdılar bu əhvalatı,

bəlkə də bəlliydi yaxına, yada...

Mən onda dedim ki,

insan həyatı

hörmətə layiqdi insan yanında.

 

Adi sürücüydü... nə ad, nə şöhrət,

qalmışdı müttəhim kürsülərində.

Ədalət istərdi,

yalnız ədalət,

hər kim otursaydı onun yerində.

 

Lakin tutulmuşdu üzü hakimin,

görəsən, dustağa nə deyəsiydi?!

Dedilər, qətiydi sözü hakimin,

necə?

Türmələrdə çürüyəsiydi?!

 

Ölçürdü, biçirdi Vəkil yerində,

deyirdi, dustağın günahı yoxdu.

Onun işlətdiyi cümlələrində

məntiq yoxdur deyə,

pənahı yoxdu.

 

Bir zalda gizli bir döyüş gedirdi,

biri Hakimiydi, o biri Vəkil.

Dustaq da haqqını tələb edirdi,

ədalət ortada,

heç kəsin deyil.

 

Ədalət üstündə döyüşüb bəşər,

"Ədalət" qoyubdu adını, insan.

Üz-üzə dayanıb Xeyir ilə Şər,

Hakimlə Vəkiltək,

üz-üzə, üsyan!

 

Şərin qabağını göylər saxlayıb,

dustaq da o gündən şaxdır, əyilmir.

Deyirlər o axşam,

Vəkil ağlayıb,

yorğunluq canından çıxıbmı... bilmir.

 

 

Şah babam

 

"Əgər Yaradan dünyaya bir general göndəribsə, heç şübhəsiz ki, bu, Şah İsmayıldır. Nə Napoleon, nə Sezar, nə Atilla, nə Çingiz, nə də digərləri onun kimi hərbçi, savaşçı deyildi. Çünki bu Qızılbaş şahı 14 ildə - 14 ölkəni, 357 şəhəri fəth etdi, ordunun önündə savaşaraq cahanda iz buraxdı".

Karl Marks

           

Babam Şah İsmayıl, Qibleyi-aləm,

heykəlin önündə heykəlləşmişəm.

Sinəmdə bir qürur, bir ruh, bir həvəs,

səni tufanlar da,

tərpədə bilməz!

Bir dahi almanın verdiyi qiymət

şaha diqqətiydi,          

tarixə hörmət.

Tutdu 14 ildə - 14 dövləti,

taclı başlar o bir başa baş əydi!

Azərbaycan dili - rəsmi bir sənəd,

bu dildə başladı -

əlaqə, ülfət.

Dövlətlərarası müqavilələr,

rəsmi gediş-gəliş, rəsmi görüşlər.

Natiqlər yanında 14 ölkədə,

Azərbaycan dili -

Şaha abidə!

Bir xəbər tez çatdı pisniyyətlərə, -

Taclı xanım özü gəlib səngərə,

şahın arxasınca, şahdan xəbərsiz.

Onu izlədilər yerli və yersiz.

Şah Xətai tanındıqca dünyada,

Sultan Səlim şah

dözmədi bu ada.

Tanrım, türk sözünün özü bir anddı,

deyiblər,

qədimdən bu bir misaldı.

Qısqandı, dözmədi Sultan Səlim Şah,

yerdə xalq şahiddi, göydə də Allah.

O, Taclı xanımı gərək sayaydı,

onu əsir alıb aparmayaydı.

Başqa misal da var eldə-obada,

namusu-namusdu - ya şah, ya gəda!

O, gündən duruydu, Aydan arıydı,

o, Şah sarayının ilk baharıydı.

Dahi bir almanın verdiyi qiymət

şaha diqqətiydi,

tarixə hörmət.

 

 

İnam

 

Türkiyəli uzman həkim

Musa Kılıca

 

Musa Kılıc,

yaşa, var ol dünyada.

Bu torpağın

şairiyəm mən, xocam.

Ərdoğana

oxşayırdın yuxuda,

inandım ki,

mən sağalıb qalxacam.

Bu torpağın

şairiyəm mən, xocam.

 

 

Atropat

 

Heredot, Arrian, bir də Diogen,

bir də Strabon,

hər fikri oyaq, -

yazdı tarixini bəşəriyyətin,

tarix! -

neçə min il eradan qabaq.

 

Hələ Platonun bizə dediyi,

elə bir fəlsəfi töhfəsi varmı?

Ya Aristotelin qoyub getdiyi

mənəvi sərvətin

əvəzi varmı?

 

Qədim kitabları varaqlayıram,

adı, ünvanı var orda hər şahın.

Mənim də,

sərkərdə Atropat babam

ən yaxın dostuydu İskəndər şahın.

 

Yalçın qayaları çapsın, oyatsın,

axtarın elə bir heykəltaraşı -

Atropatın heykəlini yaratsın, -

Əlbəttə,

Şah İskəndərlə yanaşı.

Özünü tanıyıb onda qalxacaq

qədim əsrlərin bir pərdəsi də.

Niyə qürurludu, niyə pakdı xalq, -

bilir şairi də,

sərkərdəsi də.

 

 

“Oğul"

 

"Telefonda mənə bir xəbər oxudular, heyrətlə susdum: "Oğlumun məni "Qocalar evi"nə atacağını bilsəydim, ona köpək südü əmizdirərdim ki, sədaqəti öyrənsin".

 

 

Allahım, dünyanın axırıdırmı,

bunca, yadlaşıbdı insan-insana?

Kimsə aşağıdır, yuxarıdırmı? -

yanıldım, kimsə yox,

Allahım, Ana!

 

Gör, nəyi gətirir oğluna əvəz,

bu onun laylası, duası deyil.

Əsrin naləsidir bəlkə də bu səs,

tək ana qəlbinin

ağrısı deyil.

 

Analar eşitsin qoy, o ananı,

kimsə fikirdədi, yəqin dərd çəkir.

"Bəşəri dəyərlər" - deyənlər hanı?

bir oğul "yanılıb"

üstdən xətt çəkir.

 

 

Ürəyini sındırmasın o qullar,

mənim sirrim deyil, o, əsirimdi.

Anasına heykəl qoyan oğul var, -

şair,

sənin, mənim müasirimdi.

 

 

Oxu

 

Şəmistan Əlizamanlıya

 

Yerdə eşitdiyim göy gurultusu

yerin nemətidi, haqqın öz səsi.

Şərəfli bir ömür, sən yol yolçusu,

sən bir də

Tanrının bizə töhfəsi.

 

Oxu, qoy o səsi eşitsin bəşər,

bərk oxu, qoy bir də yer silkələnsin.

Xasiyyətin həlim,

özün mötəbər,

başına çiçəklər, güllər ələnsin.

 

Şəmistan, vəsf elə qələbəmizi,

yaşadıq, üçrəngli bir bayraq üçün.

Qalib Baş Komandan eşidir bizi,

oxu,

biz vuruşduq, oxumaq üçün!

 

 

Dünyanın sirri

 

- Şair, yenə yazırsanmı? -

sual verdi biri, mənə.

Tanıtmaq istədi yəqin

məndəki şairi mənə.

 

Axşam olur, sabah olur,

mən yazmasam günah olur.

Yazan zaman agah olur

bu dünyanın sirri mənə.

 

Soyumasın od nəfəsin,

əvəzi yoxdu heç kəsin.

Ulu Tanrım çox görməsin

öz verdiyi şeri mənə.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.