“Turan” (5-ci paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

 

Titr yazı... Gəncə. Mart. 1918-ci il.

Nuru paşa at belində Qafqaz İslam Ordusu zabitləri ilə birgə Gəncəyə daxil olur...

Yol boyu onu salamlayan gəncəlilər...

Aşıqlar yol kənarlarında saz çalırlar.

Gənclər yallı gedirlər...

Xan bağının qarşısı qələbəlikdir...

Xan Xoyski, Xudadat bəy Rəfibəyli və digər Gəncə zi­ya­lıları Nuru paşanı salamlamaq üçün at belində dayanıb­lar....

Nuru paşanı qarşılayan Gəncə müsəlmanlarının üzlərin­də sevinc var...

Qəfil erməni məhləsindən top səsi eşidilir.

Sazlar susur...

İnsanların sevinci qorxu ilə əvəzlənir...

Top səsinə Nuru paşa da dayanır. Top atışlarının davamlı olub-olmamasını öyrənmək istəyir...

Topun susduğunu görüb onunla yanaşı atını çapan Nazim bəyə gülə-gülə:

– Nazim bəy, ermənilər də məni salamlayırlar, – deyir.

Nazim bəy də gülümsəyir...

Bircə anda insanların üzlərinin ifadəsi dəyişir...

Nuru paşanın gülüşü onları toxtadır...

Şəhər Azərbaycan və Osmanlı bayraqları ilə süslənib...

İnsanların üzündə gülüş və göz yaşları eyni vaxtda görünür...

Küçələrdə əsgər marşları ifa olunur...

Qafqaz İslam Ordusunun azsaylı əsgəri hərbi marşla küçələrdən keçir...

Rusların işğal etdiyi Türkiyənin şərq vilayətlə­rin­dən gəti­rilmiş yetim uşaqlar da türk əsgərlərini qarşılayanlar arasın­dadır. Onların osmanlı çocuqları ol­maları geyimlərindən bəlli olur. Qəfil o yetim uşaqlardan biri atasını görüb tanıyır və bərkdən qışqırır.

Uşaq: – Baba... Baba... Benim, Mehmetcan... Seni çok özledim! Baba, her gece seni düşünerek uyuyorum.

Türk əsgəri də kütlə içindən onu səsləyən uşağını tanıyıb ona doğru qaçır...

Türk əsgəri ilə uşağı qucaqlaşırlar...

Türk əsgəri: – Yavrum... Mehmetcanım... Sen bura nasıl geldin? Annen nerededi?

Uşaq: – Annemi kayb etdik, baba... Gencede... öksüzler evindeyim.

Bir gəncəli qadın bu səhnəyə ağlayır...

Ağlayan kim, gülən kim, sevincindən Qafqaz İslam Ordusunun zabitlərini qucaqlayan kim...

Atından düşüb qarşısı qırmızı xalılarla döşənmiş binaya daxil olan Nuru paşanı foyedə Məmməd Əmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, Məmmədbağır bəy Şeyxzamanlı qarşılayır. Nuru paşa onu qarşılayanlarla görüşüb hərbi təzim edir. Nuru paşaya əlində qılınc tutmuş Nəsib bəy Yusifbəyli yaxınlaşır...

Nəsib bəy Yusifbəyli: – Qafqaz İslam Ordusu Azər­baycan türklərinin dövlət qurmasında, türk kimi mövcud olmasında əvəzsiz qüvvə olacaq. Bizləri döyüşkən orduya çevirəcək. Dövlət hüdudlarını yaradacaq. Coğrafi ərazimizi vətən edəcək. Siz bura gəlməsəydiniz, bizi ermənilərlə bolşeviklər yer üzün­dən siləcəkdilər, paşam. Bunun üçün onlara silah və səlahiyyət də verilmişdi. Oyunu siz pozdunuz. Sizə və Ənvər paşamıza can borcumuz var.

Nuru paşa: – Əsgərsiz paşa olmaz, Nəsib bəy. Əs­gərlərim sizlərsiniz. İrəlidə yüzlərlə savaşımız var. Ba­kını işğaldan azad edəcəyik. Uzun illər dövləti olmayan xalqa sizlər və dil uğrun­da savaş edən ziyalılar dövlət olub. İnşallah, dövlətimiz olacaq. Dövlətin təməli milli ordudur. Mən milli ordunu yaradacam. Eşitmişəm səriştəli generallarınız da var.

Nəsib bəy Yusifbəyli: – İcazə verin bu qılıncı xalqım adın­dan sizə təqdim edim. Vuran əliniz həmişə var olsun, paşam.

Nuru paşa ona hədiyyə edilən qılıncı alıb yavərinə verir.

Nuru paşa: – Sizin könüllülər haqqında çox eşit­mişəm. Mənə bir az zaman verin, ordumuzla fəxr edəcəyik, – deyir.

Nuru paşa və ətrafındakılar binaya daxil olurlar.

Nuru paşa və ətrafındakılar onlara göstərilən yerlərdə əyləşirlər.

Kiçik zalın pərdələri açılır.

Şərti səhnədə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından bir parça ifa olunur. Məcnun ənə­nəvi şərqli qəmi ilə yanıqlı-yanıqlı muğam oxuyur. Qəfil səhnəyə hərbi şinelli bir adam daxil olur. O, Məcnun rolunun ifaçısından susmasını xahiş edir.

Hərbi şinelli adam: – Bu gündən kədər yetər, bəylər... Bu hava bizi yazıq edir. Mən Üzeyir bəyin qardaşı Zülfüqar bəy Hacıbəyliyəm. Bu gündən Gəncə­basardan üzü o yana savaşla azad edəcəyimiz torpaqla­rımızda şəhid düşəcək və ya qazi olacaq ərlərimizi hərbi marşlarla ağırlamalıyıq. Qəm yetər. Savaş zamanıdır, bəylər. Qalib millətin nəğmələri heyratı üstə olmalıdır.

Zala toplaşanların hamısı ayağa qalxıb hərbi marş ifa edir...

İri planda Məcnun rolunun ifaçısı da hərbi marş oxuyur...

Xorla oxunan hərbi marş:

 

Şu qarşıdakı duman çıxan bacadan

Sən gəlmədən iniltilər çıxırdı...

Geciksəydin, məzlumların fəryadı

Yeri, göyü, kainatı yıxardı...

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə...

 

Səs keçidi...

 

 “Ədəbiyyat və incəsənət”

(19.04.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.