Super User

Super User

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət”

 

Yaxşı bir deyim var “Düşmənin mərd olmasa yaşamaq çətinləşər”

Azərbaycan əsrlərdir haqq yolunda mübarizələr aparır. Canından keçən hər qarışı zəngin torpağım! Ömür boyu sərvətini gizli, aşkar əlindən almağa çalışan bədxah qonşularının qəhrini, zülmünü çəkdin. Milli sərvətinə, torpaqlarına əl uzadan namərd düşmənlə üz -üzə qaldın. Sənin adət-anənələrini, irsini, mədəniyyətini oğurladılar - susdun. İndi bütöv Azərbaycanlı  olaraq, bu yazını yazarkən torpaqlarımız tapdaq altında olduqda keçirdiyim hissləri xatırlatmaq istərdim. O zamanlar mən bu cür, bu sayaq söhbətlərdə ikiqat əzab çəkir, fikirlərimi çatdırmağa çətinlik çəkirdim. Çünki anaların gözü yaşlı idi, torpaq xiffəti ürəyimizdə qübar  bağlamışdı.

İndi vəziyyət fərqlidir, biz artıq qalib xalqıq. Amma bu üzüqara, üzdəniraq qonşularımız müharibəni uduzmuş olsalar belə hələ də sərvətlərimizə göz dikməkdən heç əl cəkmək fikrində deyillər deyəsən. Bu gün musiqi təhsili ilə məşğul olan, dünyaya böyük sənətkarları ilə səs salan tədris müəssisəsinin bir üzvünə çevrildiyimdən,  məni musiqi ilə bağlı faktlar çox düşündürməyə başlayıb. 

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti  Siyavuş Kərimi öz çıxışlarında dəfələrlə bu mövzuya toxunur, ürəkağrısı ilə bunu dilə gətirir. Axı nədən onların bizim musiqimizə əl uzatması  kölgədə qalib, onlar bizim musiqimizi oğurlamaqdadırlar. Xalq mahnılarımızı, bəstəkar əsərlərimizi öz adlarına çıxarır və xaricdə öz ifalarında, öz əsərləri kimi təqdim edirlər. Onlar bu qədər haqsız olduqları halda təbliğatlarının belə güclü olduğunu vurğulayır və sual edirəm: bəs biz niyə susuruq? 

Düzü bir Universutet rektoru olmaqla yanaşı, Xalq artisti,sənətkar Siyavuş Kərimi məni bu yazını yazmağa sövq etdi. Azərbaycan Milli Konservatoriyasında Azərbaycanın öndə gedən, Azərbaycan musiqisini çiyinlərində daşıyan sənətkarlar heyəti var. Biz də bu baxımdan aidiyyatlı qurumlara müraciət edirik. Susmaq olmaz. Bu gün Milli sərvətlərimizi öz adına çıxardan, artıq döyüşdə bizim müzəffər ordumuza qarşı çıxa bilməyən oğru xislətli tayfa bizim müqəddəs musiqimizə əl qoyur. Əlimizdə faktlar ola-ola, bu sənət əsərlərini meydana gətirən, həyat verən bizim sənətkarlar olduğu halda bunu necə etmək olar? O sənətkarların ruhu bizi bağışlayarmı görəsən? Mən hər kəsi səsimizə səs verməyə, musiqimizə sahib çıxmağa səsləyirəm.

Erməni tayfasının ələ keçirdiyi mahnı, təsniflərimiz, musiqi əsərlərimizin sayı hesabı yoxdur. Bir Azərbaycanlı olaraq və Azərbaycan Musiqisinin inkişafı yolunda çalışan, əmək sərf edən, Azərbaycanın musiqi sahəsində gecəsini gündüzünə qatıb işləyən bir qurum olaraq  səsimizi dünya içtimaiyyətinə çatdırılmasını tələb etməliyik. Əlbəttə ki, Azərbaycan dərin folklora, köklərə bağlanan bir ölkədir. Tar, kamança, saz, zurna, qara zurna, balaban, tütək kimi müxtəlif musiqi alətlərinin müşayiəti altında oxunan elə mahnılarımız olub ki, nəinki Azərbaycan, hətta Qafqaz regionundan bütün Şərqə yayılıb. Ermənilər bu mahnıların, təsniflərin sehrindən yan keçə bilməyiblər və çıxış yolunu bu sərvətə sahib çıxmaqda görüblər.

«Vağzalı», «Yallı», «Uzundərə», «Mirzeyi», «Qazağı», «Tərəkəmə» kimi oyun havalarını, «Sarı gəlin» «Xan bacı», «Dəli Ceyran» kimi xalq mahnılarımızı oğurlayıblar. 

Bu gün isə sosial şəbəkələrdə çoxlu səs-küyə səbəb olan bir fakt məni daha çox sarsıtdı. Üzeyir Hacibəyovun "O olmasın, bu olsun" musiqi əsərinə əl uzatmaq, onu erməni familiyası ilə başqa adla dünyaya tanıtmağa cəhd edib erməni pianoçunun  ifasında təqdim etmək - bu ki dəhşətdir. Belə ki, Haykl Melikyan adlı erməni pianoçunun ifasında bəstəkarı Arno Babacanyanın olduğu iddia olunan əsərin, guya 1947-ci ildə yazılması bildirilib. Dahi Azərbaycan bəstəkarı Uzeyir Hacıbəyovun 1910-cu ildə yazdığı dünyaca məşhur “O olmasın, bu olsun" komediyasına necə sahib çıxmaq olar? Bu səhnəni, bu mənzərəni görən hər bir Azərbaycanlının qanı donur. Bu cür haqsızlıq olmur. Onu düşünürəm ki, hər bir Azərbaycanlı bu məsələyə öz mövqeyini bildirməlidir və mübarizə aparmalıdır.

Biz mədəniyyətimizi, musiqimizi, milli dəyərlərimizi  gözümüz görərək oğurlanmasına göz yuma bilmərik. Ermənilər bizim musiqimizi xaincəsinə, çox yaxşı oyrəniblər və sonra asanlıqla öz adlarına çıxardıblar. Onların "gözəl" oğurluq bacarığına, ardınca erməni kütləsini yığaraq, onlara da bu oğurluğu sübut etmək ustalığına malik olduqlarını yaxşı bilirik.

Əlbəttə ki, Azərbaycan Milli musiqisini qorumaq üçün son zamanlar Vətənimizdə çox inkişaf getmişdir. Buna sübut olaraq Muğam müsabiqələrini göstərmək olar. Heydər Əliyev Fondunun, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu yolda atdığı addımlar danılmazdır. Muğamın inkişafına böyük zəmindir. Bu gün 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin tərəfindən yaradılmış Azərbaycan Mİlli Konservatoriyası da Mİlli musiqimizin məbədi rolunu oynayır. Belə ki, bu tədris müəsisəsində keçirilən Milli musiqi Festivalları buna bariz nümunədir. Hal hazırda mən bu yazını yazarkən belə Konservatoriyamızda Xalq çalğı alətləri Festivalı gedir və mədəniyyət kanalı vasitəsi ilə yayımlanır. Tar, kamança, milli nəfəs  alətləri, qanun ifaçılarının bir-birindən peşəkar ifalarını izlədikcə Musiqimizin ölməz olduğunun şahidi oluruq.

Yalnız təsəvvür edin, bir etnomusiqişünas doktorant Conatan Xoliss öz çıxışında bu ad altında məruzə edir - "Bakıda yaşayan erməni musiqiçilərin qovulması". O, öz məruzəsində balabanı qədim erməni aləti kimi təqdim edib. Öz araşdırmalarında Muğamın bu alətdə ifasını erməni  musiqiçilərinə bağlayır və ən dəhşətlisi də odur ki, onu Amerikanın arasdırmalar mərkəzi dəstəkləyir və onun dediklərini təsdiq edir.

Bəli, bizim milli alətimiz olan tütək və balaban alətini qondarma bir xalqın adına, əlində heç bir doğru tarixi fakt olmadan çıxır və bunu dünyaya sübut edir.

Bizim xeyirxah bir xalq olduğumuz məlumdur. Yalnız bu halların getdikcə artmağı bunun əksini deyir. Biz musiqimizi qorumaqla, həm də bəstəkarlarımızın, dahi musiqiçilərimizin dünyaya səs salan əsərlərinin keşiyində durmuş oluruq.

 

Azərbaycan Milli Konservatoriyası olaraq,

Azərbaycan Milli irsinin, milli musiqi alətlərinin, muğamın keşiyində duran bir tədris müəssisəsi kimi Milli musiqimizin inkişafi naminə yaradılmış bir tədris müəssisəsi olaraq bunu tələb edirik: Azərbaycan musiqisinin oğurlanması əlimizdə olan faktlara əsasən dünyaya sübut olunmalıdır. Biz yetərincə təbliğatla məşğul olduğumuz halda bu cür halların çoxalması yolverilməzdir.

Bəli bir faktı da qeyd etməliyik ki, İnternet vasitəsi ilə bir çox musiqi alətlərimizin ya musiqi sərvətlərimizin adı çəkildikdə, axtarışa verildiyində erməni adı altında qarşımıza çıxır. Azərbaycan xalqının sənətkarları musiqimizi bütün dünyada yetərincə təbliğ edirlər. Bunu ona görə qeyd edirəm ki,  məqalələrin birində aidiyyatı quruma müraciət edildiyi halda belə bir cavab alınıb: “musiqiçilər və musiqi təhsili ilə məşğul olan müəsisələr təbliğatı artırsın”.

İndi mən də təkrar olaraq cavab verirəm ki, təbliğat yetərincədir. Yalnız indi texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə musiqimizi qorumağa hər kəs yerindən qalxmalıdır. Hər kəs, hamı damarlarında Azərbaycan qanı axan hər kəs müqəddəs musiqimizin keşiyində durmalıdır. Söhbət Milli dəyərimiz olan Milli musiqimizdən gedir.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi” rubrikasında bu gün sizlərə Səhid Seyyid Qütbinin fikirlərini çatdıracaq.

 

 

***

Yarısı dünya, yarısı axirət üçün çırpınan bir ürəklə yaşaya bilmərəm.

 

***

Atamın ən çox diqqət yetirdiyi şey ruhumuza axirət duyğusu aşılamaq idi...

 

***

Mən Allah yolunda gördüyüm bir iş üçün əsla üzr istəmərəm.

 

***

Kimin üçün öldünüzsə, mükafatınızı ondan gözləyin!

 

***

Gecənin ən qaranlıq olduğu an, şəfəqə ən yaxın olan zamandır...

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

 

 

Cümə axşamı, 18 Aprel 2024 10:15

Şəhidlər barədə şeirlər – Tural Eyyubov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Tural Eyyubovahəsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

TURAL YADULLA OĞLU EYYUBOV

(02.07.1992.-25.10.2020.)

 

Kürdəmir rayonunun Mollakənd kəndindən olan, ADU-nun məzunu, Azərbaycan Silahlı qüvvələrinin leytenantı, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 

        ZƏFƏR İLƏ

 

Sevirdi bu Vətəni, sevirdi bu torpağı,

Hər bir zaman gəlirdi  xoş səsi,  xoş sorağı,

Öpüb aylı-ulduzlu, üç boyalı bayrağı,

Yollandı döyüşlərə, yollandı hünər ilə,

İnanırdı, dönəcək geriyə, zəfər ilə.

 

Hamı bilir o, necə  mərd idi, igid idi,

Bacarıqlı komandir,  cəsur bir zabit idi,

Qorxmayırdı ölümdən, mələklər şahid idi,

Taleyinə düşmüşdü  döyüş fitnə-şər ilə,

İnanırdı, dönəcək geriyə  zəfər ilə.

 

Çox qəhrəman yetirib doğulduğun  Mollakənd,

İşğalda qala bilməz nə bir şəhər, nə bir kənd,

Keçdi neçə dağ-dərə, aşdı yamac, bərə, bənd,

Adını tarixlərə yazdı bu səfər ilə,

İnanırdı, dönəcək geriyə, zəfər ilə.

 

Bu yurdu, bu torpağı suvararaq qanıyla,

Torpağı vətən edir canıyla,

Azərbaycan tanındı şöhrətiylə, şanıyla,

Millət  yenilməz olur, ərən ilə, ər ilə,

İnanırdı, dönəcək geriyə  zəfər ilə.

 

Yağıları məhv etdi rəşadətli ordumuz,

Tural, səni unutmaz, bil, müqəddəs yurdumuz,

Artıq həyata keçib neçə illik arzumuz,

Xalqımız fəxr eyləyir səntək hünərvər ilə,

Müharibə qurtardı  şanlı bir zəfər ilə!

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoyun Cavid Ramazanovun “Amanabənd” romanı barədə yazdığı“Sənətin estetikası və inestetikası” məqaləsini təqdim edir.

 

 

SƏNƏTİN ESTETİKASI VƏ İNESTETİKASI

(Cavid Ramazanovun “Amanabənd” romanı kontekstində)

 

Fransız filosof Alen Badyu 2001-ci ildə Venesiyada bir konfransda “Çağdaş sənətə dair 15 tezis” adlı bir məruzə ilə çıxış edir. Strukturalist-filosof yeni əsrdə sənətin estetikası və inestetikası məsələlərini müzakirəyə çıxarır və analiz edir. Sənətin, xüsusən də söz sənətinin lokal və qloballığını onun estetik və ya inestetik cəhətləri ilə paralelləşdirir. Estetika kompozisiya sənəti, ifadə, struktur gözəlliyidirsə, inestetika yazıçının intellektual bazasına aid özəllikdir. Bu gün Azərbaycanda söz sənətinin ən ciddi əksikliyi intellektual emosiyanın yetərsizliyidir.  Bu qüsur poeziyadan prozaya, esseistikadan ədəbiyyatşünaslığa, oradan da ədəbi tənqidə qədər uzanır. Roman janrında isə vəziyyət daha acınacaqlıdır...

          Badyu eyni məruzəsini 2004-cü ildə daha da təkmilləşdirir. Və Amerikada müxtəlif elm və sənət məclislərində çıxış edir. Yenilənmiş tezisdə sənətin total və ümumi yönləri, kompozisiyanın imkanları, sənətdə subyekt və obyektin tandemi işlənir. Təxminən eyni illərdə Azərbaycanda Seymur Baycan “Ət və ət məhsulları” romanını yazır. “Ət və ət məhsulları” roman yazmaqdan çəkinən gənclər üçün eksperimental bir nümunə, “sklet” rolunu oynayır. Seymur yumoristik, sarkastik bir üslubda olduqca sadə strukturu olan bir mətn yaradır. Dövrün ədəbi parodiyası kimi dəyərlidir “Ət və ət məhsulları”.  Heç tam olaraq roman da deyil. Roman janrının  uğurlu, maraqlı bir parodiyasıdır.

          Son 10 ildə müasir Azərbaycan romanını ciddi şəkildə izləyir, mütaliə edir və tədris edirəm. Nadir hallarda normal bir mətnlə tanış oluram. Təbii ki, bu vəziyyət bir ədəbiyyat adamı kimi məni kədərləndirir. Elə bu dəqiqə özümə belə bir sula verirəm: "Müasir Azərbaycan romanı varmı?" Həm var, həm də yox. Bu lap Əhməd Həmdi Tanpınarın XX əsrin 30-cu illərində özünə verdiyi “Bir türk romanı varmı?” sualına bənzədi. İllər keçəcək və Tanpınar romanlar yazacaq və yenidən o suala cavab verəcəkdi ki, modern türk romanı var. Biz öz sualımıza qayıdaq. Var, ona görə ki, kəmiyyət bunu təsdiq edir. Yoxdur, çünki keyfiyyət inkarçı mövqeyində haqlıdır. Lakin mən təsdiqimi keyfiyyət və kəmiyyət bölgüsündən daha dəyərli olan bir mətn əsasında sübut etmək istəyirəm. Cavid Ramazanovun “Amanabənd” romanı təsdiq və inkar üçün ciddi arqument, tezis və analizlərə şərait yaradır.

        “Amanabənd” romanının predmeti əsərin qəhrəmanı İlyasın amanabənd həyatıdır. Təkcə İlyasın həyatımı amanabənddir? Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəsin həyatı ya zəlzələdən, ya da vəlvələdən yaranan ani bir reaksiyaya, hadisəyə, qəzaya, amana bənddir. Deməli, əsərin adı da uğurludur. Romanın lokal bir sözlə ifadə olunan adı qlobal, ekzistensial sənət və həyat probleminə çevrilə bilir. Cavid bəy Azərbaycanın müstəqillik illərindəki xroniki, ictimai, siyasi, sosial və mədəni tarixindən deyil, daha canlı olan gündəlik həyatın qovğalarından söhbət açır. Bununla da, digərləri haqda da yetkin bir estetik qənaət bəxş edir inestetik kontekstdə. Yazıçı mətnin içində yox olmağı da bacarır. Özü yoxdur, mətn var. Çağdaş ədəbiyyatımızda olduqca ciddi bir problemdir. Mətnin müəllifinin başına gələn əhvalatları, xatirələri nəql etməsi, yeniyetməlik sarsıntılarını şeir, hekayə və ya roman adıyla ifadə etməyə çalışması halları ilə çox rastlaşırıq. “Amanabənd” romanı bu kəsirlərin antitezasıdır.

          Qayıdaq “Amanabənd”in kompozisiyasına. Mətnin predmeti ilə kompozisiya bütövlüyü arasındakı harmoniya estetikanın vacib şərtlərindəndir ki, Cavid bəy bunu bacarıb. “Amanabənd”in kompozisiyasındakı zaman tezliyi və intervalı ümumi bir sənət estetikası formalaşdırır. Roman bu cümlələrlə başlayır: “İki polis əmrə tabe olmayan şəxsin evinə sarı gedirdi. Ətrafdakı tikililər boş idi, hamı çıxıb getmişdi. Təkcə bir nəfər hələ də yerindən tərpənmək fikrində deyildi”. Roman belə də başlaya bilərdi. “İki polis əmrə tabe olmayan İlyasın evinə sarı gedirdi”. Lakin qəhrəmanın adının verilməməsi elə ilk cümlədən oxucunu maraqlandırır. Oxucu İlyası tanımaq istəməsə də, romanı könülsüz oxusa da, ilk cümlənin enerjisi  diqqəti mətnə cəlb edir və onu oxuyan adamı oyun estetikasının içinə salır.

          Yazıçı geriyə dönüş səhnələri ilə əmrə tabe olmayan şəxsin-İlyasın uşaqlığına doxsanıncı illərin sonu, iki mininci illərin əvəllərinə qayıdır. Biz İlyasın həyatı fonunda müharibə sonrası həyatın reallıqları, keçid dövrünün problemləri, zamanın Bakısını, “Sovetski” məhəlləsinin gündəlik həyat tarixini, sökülmə prosesini dərin və yaxından fraqmentlərlə izləyirik. İlyasın sevgisinin möhkəm, sağlam təməli mövcuddur, ancaq o dərin eşqin predmeti amanabənddir. Eynilə Bakıda, “Sovetski” məhəlləsində yaşayan insanların həyatı kimi. Bu baxımdan “Amanabənd”in kompozisiyası sonlu deyil, romanın sonsuz bir konfiqurasiyası var. Cavid bəy həmin sonsuz kompozisiyada vacib fiqur idi, ona görə keçmiş zamanda danışıram ki, artıq bir sənət əsəri, roman yaranıb. Axı sənətin predmeti sənətkar deyil. Sənətkar, yazıçı sənət, mətn üçün obyetiv bir məcburiyyət ola bilərmi? Zənnimcə, yox. Çünki sənətin obyektiv varlığı, mövcudluğu sənət əsərləridir. Cavid Ramazanov da bir yazıçı kimi “Amanabənd” romanının subyektiv və ya obyektiv yaradıcısı deyil, çünki artıq ortada ciddi bir mətn var, o da ədəbiyyatın və oxucunundur.

Yazıçı İlyasın həyatında, hadisələrdə yoxdur, yoxa çıxıb, bu, əsərin ən etik və estetik keyfiyyətidir. Ola bilsin ki, İlyas bioqrafik yaddaş və detallarla yaradılıb. Ancaq biz intellektual (bəzən də psevdointellektual  və bu da olduqca təbiidir) və psixoloji faktlara şahid oluruq. Romanda gündəlik məişət işləri, hadisələri belə psixologizm və faktual realizm kontekstində təsvir edilə bilir. Təhkiyə təsvirlə bütövləşir. 

         Yazıçının nitqi İlyasın həyatına nüfuz edir: “İlyas əyləşəndə saçlarının spreylə isladılmasına görə həyəcanlandı. Saçları indiyəcən heç vaxt suyla isladılaraq kəsilməmişdi. Sevincək fikirləşdi ki, bu, nəsə ustalıq əlamətidir”. Bu səhnə ilk baxışda adi, normal bir rutindir. Məişət hadisəsidir. Anası İlyası öz saç ustasına aparıb və məkan qəhrəman üçün yenidir. Bərbər də, onun cazibədar müğənni xanımı da. Cavid bəy məkanın insan üzərindəki təsirlərini roman boyu verməyi bacarıb. “Sovetski” məhəlləsində başlayan hadisələr elə oradaca son(suz)lanır.  Qəribədir ki, qəhrəman “Sovetski”dən kənarda o qədər də canlı deyil.  İlyas bərbərdə olarkən yeni məkandadır, doğma məhəllədən uzaqdır. Yeni məkan interpsixoloji detallarla təsvir edilir, bərbərin xanımının erotik cazibəsi bir müddət yeniyetmə İlyası rahat buraxmır. Bu interpsixoloji fakt əsərin sonlarında yenidən xatırladılır. Oxucunun yaddaşı illər sonra televizorda göstərilən müğənni qadının əri ilə bağlı etirafları ilə kəsişir.

          İlyas qadın bədəni ilə bağlı sərhədli, xəyali təsəvvürləri də ilk dəfə “Sovetski”də yaşayır. Kartoşkaxanım ləqəbli qonşu gəlin Gülzarın bədəni İlyas üçün erotik, intim ünsiyyətin fiziki təmasından daha yaxındır. Romanda bu səhnə ustalıqla təsvir edilib: “Qəfildən başlayan yağış elə şıdırğı yağırdı ki, o anda uğultusundan vahiməyə qapılırdın. İri damlalar həyətə güllə kimi şaxıyır, yeri aramsız döyəcləyirdilər. Birdən qarşıdakı evin qapısı açılanda Gülzar göründü... Paltarları sancaqdan açıb tez-tez ləyənə atmağa başlayanda şıdırğı yağış onu bir anda təpədən dırnağacan islatmışdı. Saçları alnına yapışmış, sifəti, sinəsi, totuq qolları yağışdan parıldayırdı. Altından heç nə geyinmədiyi ağ rəngli nazik köynəyi bədəninə yapışdığından iri giləli döşləri aşkara çıxmışdı. Gəlin gözlərini qıyaraq döşlərini, totuq qollarını, əndamını əsdirə-əsdirə paltarları yığıb qurtarmağa çalışarkən İlyas yerində mıxlanaraq tamamilə sehrlənmiş halda bu təbiət möcüzəsinə tamaşa edirdi... Yeniyetmə geri çəkiləndə artıq gec idi, görünmüşdü”. Yazıçı İlyasın lokal dünyasına daxil olur. Buna estetikada lokal enerjinin təsviri deyilir. Əslində, lokal enerji estetikası dəqiq, konkret bir səhnəni, fraqmenti tutmaq və oradan qlobal enerjiyə (Qlobal enerji Azərbaycan ədəbiyyatının əbədi və əzəli sualına cavabdır: Biz dünya insanına nə qədər maraqlıyıq?) keçid etməkdir, qəhrəmanın digər obraz və hadisələrlə ünsiyyətini genişləndirməkdir. Tutaq ki, İlyasın bərbərin cazibədar xanımını xəyal etməsi, Allahverdi Eminovun “Yataq dərsləri (Payıza qədər. Seks haqqında söhbət)” kitabından erotik səhnələr oxuyaraq ehtiraslanması onu eşqinə olan “sədaqətindən” ayıra bilmir. Məhz bu hadisələrin fonunda İlyasın Şəhlaya aşiq olması, eşqin şəhvəti üstələməsi, sevginin fərdi və ümumi ekzistensiyası ilə tanış oluruq.

          İlyasın Şəhla ilə bağlı hər bir xatirəsi teatraldır. Dinamikdir, hərəkətdədir. Bu eşq uğursuzdur, daha çox təktərəflidir. Zahiri  planda faciəvi şərtləri ifadə edir. Ancaq tragik deyil, komikdir, tragikomikdir. Yəni İlyas zamanə gənci deyil. Buna romanın finalında da əminliklə şahid oluruq. Yeniyetməlik dövründə sevdiyi Şəhla bir gün ondan üz döndərir və İlyas isə onu heç vaxt unutmur. Evlənmir və hətta dostu Qulunun dilindən verilən məlumata görə, bakirdir. İllər keçir, Şəhla qısa evlilikdən sonra boşanır, İlyas gizli-gizli onu izləyir, ürəyində gəzdirir. Nəhayətdə, sevgisini etiraf edir və “Sovetski” məhəlləsindəki evləri üçün aldığı kompensasiyanı sevdiyi qadına bağışlayıb yoxa çıxır. O bu dünyanın adamı deyil. Bu dünyada olmayan, sadəcə, kölgəsi, silueti düşən bir roman qəhrəmanıdır. İlyas özündənəvvəlki uğursuz eşqlərin qəbiristanından ortaya çıxmışdır. Romanlarda və həyatdakı uğursuz eşqlərin qəbiristanıdır bu. “Amanabənd” romanı sonlanmır. Açıq bir final təqdim edir oxucuya. Cavid bəy yersiz struktur imitasiyalarından uzaqdır, qalıcı bir sənət əsəri yazıb. Lakin bir o qədər də modern romanlar və kinolarda rastlaşdığımız açıq sonluqla oxucunu düşündürür. Çünki İlyas öz missiyasını yerinə yetirir, eşqini etiraf edir və o andan etibarən varlıq və yoxluğun bədii obrazına, proyeksiyasına çevrilir.

         Şəhla güclü xarakterdir. Onun ünsiyyəti həyat kimi qısa və ötəridir. İlyasla seksual münasibəti də bir həyəcan, anlıq emosiya kimi yaşayır. Uşaqlıq, yeniyetməlik həvəsi kimi görür. İlyas isə hələ Şəhla həyatında yoxkən sevəcəyi qızın xəyalını qurur: “Görən, mən də nə vaxtsa əlimdə qızılgül tutub sevgilimi belə gözləyəcəmmi? Görən, hansısa qız əfəlliyimi görmədən məni sevə bilərəmi? Zəhrimara qalsın, heç olmasa boyum bir az hündür olardı”.

         Romanda dörd obraz aparıcıdır. İlyas, anası Vəfa, dostu Qulu və Şəhla. Qulu yaddaqalan obrazdır. Diridir, hərəkətdədir. Qulu İlyasa daima eşq tövsiyələri verir, onu ürəkləndirir. Hətta İlyasla Şəhlanın arasını düzəldir. Qulunun hazırcavablığı, astarı üzünə, üzü astarına çevrilmiş “eşq” şeirləri söyləməsi, İlyasın Quludan savayı bir dost tapa bilmədiyi üçün (Olduqca ciddi həyat detalıdır, dostluqlar, tanışlıqlar da amanabənddir, daha yaxşısı olmadığı üçün məcburidir) onunla dostluq etməsi dostlar arasında şifahi bir təlqin yaradır. Burada təlqin edən Quludur. İlyas passivdir. Qulunu yaxşı tanımaq üçün romanı oxumaq şərtdir...

         İlyasın anası Vəfa ilə olan münasibəti də hər an qırılmağa bənddir. Vəfa o qədər də aktiv obraz deyil. Ancaq o, fərdi cizgiləri olan bir insan, qadındır. Ətraf mühit üçün, mental dəyərsizliklər üçün yaşamır. Həyat yoldaşını itirib və normaldır ki, həyatında bir kişi var. İlyas isə bu vəziyyətdən olduqca narazıdır. Çünki “Sovetski” məhəlləsində onu “qeyrətsiz”, “peysər” adlandırırlar. Vəfanın elədiklərindən daima xəcalət çəkir. Lakin ürəyinin lap dərinliklərində hardasa anasına haqq qazandırır. Cavid bəyin bu incə məqamı verə bilməsi romanın ən ciddi dəyərlərindən biridir. İlyas qəti addımlar atmır, daha çox ürəyində yamanlayır Vəfanı. Lakin bir gün anasını kişi ilə “tutması” hər şeyi alt-üst edir: “Öz ananı yad kişi ilə yataqda lüt-üryan görmək bilirsən, nədi? Dünyanın ən iyrənc mənzərəsi... Bir-birinə yapışan iyrənc bədənləri görəndə ürəyim ağzıma gəldi. Qusdum”. İlyasın Vəfa və aşnasını öldürmək cəhdi uğursuz olur. Vəfanın baş götürüb nifrət etdiyi kənd mühitinə qaçması, kəndli bir kişiyə ərə getməsi taleyin ona oynadığı oyunlardan biridir. İlyas isə anasına olan sevgisini ürəyində gizli, lap gizli saxlayır...

“Amanabənd” romanında bəzi kəsir və qüsurlar da vardır. Romanın redaktoru  istedadlı yazıçı Pərviz Cəbrayıldır. Ancaq yenə də  ciddi ədəbi redaktəyə ehtiyac var.  Cavid Ramazanov “Sovetski” məhəlləsi və ətrafı fonunda Bakının bədii obrazını canlandırmağa çalışıb. Bütövlükdə bunu bacarıb. Lakin uğursuz məqamlar çoxdur. Bakının küçələrinin adlarını İlyasın hərəkət trayektoriyası tezliyində verməsi olduqca gözəldir. Lakin küçələrin rəngini, qoxusunu, vizual özəlliklərini –  bir sözlə, bədii atmosferini görə və duya bilmirik. Bunun əsas səbəbi Cavid bəyin daha çox İlyasın mənəvi-psixoloji vəziyyətinə fokuslanmasıdır. İlyasla baş-başa qaldığımız anlarda romanın digər qüsurlarını görmürük. Heç yada da düşmür. Misal üçün, yemək səhnələrini qeyd edə bilərik. İlk baxışda qəhrəmanın yemək yeməsi ilə bağlı səhnələr ifrat dərəcədədir. Lakin diqqətli oxucu görür ki, bu, gündəlik zəruri ehtiyacın təsviri deyil, birbaşa qəhrəmanın əhvalını ifadə edir...

         Romanın ən ciddi qüsuru finalın olduqca qurama, süni olmasıdır. İnandırıcı deyil. İnformasiyalar şaxələnib qəhrəmanların həyatı ilə paralellik təşkil etmir. Roman janrına xas estetik və epik vüsətin zəiflədiyi səhnələr də az deyil. Bu bəzi məqamlarda ifadə və cümlələrin natarazlığında da özünü göstərir. Sanki yazıçının poetik enerjisi, gücü çatmır. Və belə səhnələrdə Cavid bəy dünya vətəndaşı və oxucusu ilə ünsiyyətə girə bilmir. Mətn həm fikir, ifadə, həm də struktur estetikasında lokallaşır.

         Nəticədə Cavid Ramazanov “Amanabənd” romanı ilə müasir Azərbaycan ədəbiyyatını zənginləşdirir. Ciddi həyat müşahidəsi, müşahidənin təcrübəsi, təcrübənin estetikası, estetikanın psixologiyası, psixologiyanın emosiyası və ən nəhayətində, emosiyanın intellekti Cavid bəyi yetkin, istedadlı yazıçı kimi görməyimizə əsas verir. Sosioloji tədqiqatlarda XXI əsr naməlumluq, bəlirsizlik dövrü adlandırılır. Bəlirsizlik çağında həyatımızın hər anı amanabənd deyilmi? Bu romanda olmayan bir ideala qarşı olan sevgi və sevgisizlik vardır. İlyasın olmayan bir idealı – Şəhlanı yaratması romanın ən böyük uğurudur. Və daha sonra sevdiyi qızın ondan üz döndərməsinə baxmayaraq, olmayan ideala qarşı böyük bir arzu, istək, ehtiras olan sevginin də necə və nə şəkildə amanabənd olduğunu İlyasla birgə yaşayırıq.

         Son 10 ildə psevdoroman bumu ilə üz-üzəyik. Hərçənd ki, mən bunu ciddi bir təhlükə kimi görmürəm. Bununla bağlı rahatsız da deyiləm. Sənət, estetika damarım da qabarmır. Çünki hər bir mərhələ  bir təcrübədir. Uğurlu və ya uğursuz eksperimentdir. Ən böyük dünya ədəbiyyatı hadisələri cəsarətli eksperimentlərin nəticəsində yaranmayıbmı? “Amanabənd” romanı işığı közərən roman janrımızda yeni bir işıq, yeni bir məzmun, Bakıya və sevgiyə yeni bir baxış yaratma cəhdidir. Bu gün medianın “gücü” və “alqoritmik” dili ilə xoşbəxtlik yalanları uydurulur. “Amanabənd” romanı bunu yeniyetmə və gənc İlyasın mental dəyərsizliklərin məngənəsindən xilas ola bilməməsi, həyatını dəyişdirmək çabalarının uğursuzluğu, ən adi situasiyalarda belə “özünü ifşa olunmuş kimi hiss etməsi”, əzabları, eşqi, eşqsizliyi, olmayan cinsi həyatı ilə inkar edir. Bu inkar publisistik deyil, demaqoqik də deyildir. Yəni Cavid bəy medianın xoşbəxtlik demaqogiyasına sənətin estetik və bəzən də inestetik dili ilə cavab verir. Heç cavab da vermir. İlyasın və “Sovetski” məhəlləsinin insanlarının həyatı bəs edir ki, özümüzü əndam aynasında çılpaq görə bilək.

         Bu roman ifadə etdiyi həyatlar baxımından milli romandır. Ancaq milli, etnik lokallığı, şəxsiliyi ifadə etmir. Bəs bu roman tam olaraq qlobaldırmı? Qlobal sənət dili ilə danışa bilirmi? Mənim şəxsi fikrim budur ki, ən azından buna cəhd var. Və düşünürəm ki, təkcə “Amanabənd” romanı deyil, bütün romanlar, dünya ədəbiyyatı həyatımız bu qədər amanabənd olduğu üçün yeni bir qlobal məzmun və forma yaratmalıdır. Qloballıq o demək deyil ki, nəsə xüsusi bir forma kəşf edəsən və ya güncəl bir mövzudan yazasan. Sənətin qloballığı insanı duymaqdır, hiss etməkdir. Və “Amanabənd”də onlarla belə səhnələr var ki, onları analiz edə bilərəm. Lakin etmirəm. Mətnin sehrini qaçırmaq istəmirəm. Oxucuya buraxıram. Riçard Vaqner ümumi sənət tezisində qeyd edir ki, şeir, musiqi, rəsm kimi sənət növlərini ifadə edən bir əsər lazımdır. Yəni belə kokteyl bir əsər. “Amanabənd” romanında poetik, şeiriyyətli, teatral, vizual səhnələr var. Bu cəhdlər Cavid Ramazanovun daha yetkin və uğurlu mətnlər yaza biləcəyinə ümid verir. “Amanabənd”i oxumağı bütün oxuculara, ədəbiyyat adamlarına və hər bir Azərbaycan yazıçısına məsləhət görürəm. Sevgilər, sayğılar...    

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024) 

 

 

Bu gün - aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. 

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyası tərəfindən “Səslənən irsimiz” adlı yeni layihə həyata keçirilir. Layihənin məqsədi Azərbaycanın çoxəsrlik tarixinin, xalqımızın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən musiqi və memarlıq irsimizin tanıdılmasıdır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə çərçivəsində müxtəlif tarixi abidələrin qarşısında muğam, klassik, rok, estrada və digər janrlarda musiqi ifaları, eləcə də ayrı-ayrı rəqs nömrələri təşkil edilərək lentə alınacaq. Həmin videomateriallar mediada və sosial şəbəkələrdə yayımlanacaq.

Layihə üzrə ilk çəkiliş “Qarabağ” muğam triosunun iştirakı ilə Kiçik Mərdəkan qəsrində aparılıb. Xalq artisti Mənsum İbrahimov XIII-XIV əsrin yadigarı olan qəsrin qarşısında muğam və təsniflərimizi səsləndirib.

Həmin ifanın lent yazısı bu gün – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə AzTV-də yayımlanacaq.

Layihənin ilk buraxılışının musiqili qonağı xanəndə, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru və Muğam kafedrasının müdiri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mənsum İbrahimov Azərbaycan muğam sənətinin tanınmış nümayəndəsidir. M.İbrahimovu tar ifaçısı, Xalq artisti Elçin Həşimov və kamança ifaçısı, Əməkdar artist Elnur Əhmədov müşayiət edir.

Kiçik Mərdəkan qəsri Xəzər dənizi sahilində yerləşən müdafiə tikililərindən biridir. Abşeron qəsr memarlığına xas xüsusiyyətləri özündə təcəssüm etdirən abidənin XIII-XIV əsrlərdə inşa olunduğu məlumdur. Strateji baxımdan əlverişli yerdə ucaldılan tarixi tikili düşmən təhlükəsi haqqında məlumatı qısa zamanda lazımi ünvanlara çatdıra bilirdi.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən İmişli şəhərində 19 aprel tarixində saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 2) Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Qəbulun tarixi haqqında məlumat nazirliyin rəsmi internet resurslarında əvvəlcədən yerləşdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

 

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, professor Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Süleyman Ələsgərovun 100 illik yubileyinin Prezident İlham Əliyevin Sərəncamına əsasən geniş şəkildə qeyd olunduğunu bildirib. O, görkəmli bəstəkarın Azərbaycan professional musiqisində böyük irs qoyduğunu vurğulayıb.

Sonra Süleyman Ələsgərovun həyat və yaradıcılığına həsr olunmuş "Xəyala dalarkən..." sənədli televiziya filmi nümayiş etdirilib.

Sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Xalq artisti Ağaverdi Paşayev və digərləri çıxış edərək, Süleyman Ələsgərovun həyat və yaradıcılığından geniş söz açıblar.

Tədbir konsert proqramı ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Çərşənbə, 17 Aprel 2024 18:59

Şəkidəki tarixi abidələrə diqqət artıb

 

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu və “Kiş” Tarix–Memarlıq Qoruğu üzrə vətəndaşların qəbulunu keçirib.

 

Bu barədə AzərTAC agentliyə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə sakinləri maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilərək müvafiq tapşırıqlar verilib.

Qəbulda Dövlət Turizm Agentliyinin qoruq ərazisində dünya miqyaslı və yerli əhəmiyyətli tarixi-memarlıq abidələrinin mühafizəsinin təşkil edildiyi, bir sıra abidələrin bərpa olunduğu və bir sıra abidələr üzrə yenidənqurma işlərinin davam etdiyi qeyd edilib.

DTA-nın sədri Fuad Nağıyevlə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qoruq ərazisində bərpa olunan abidələrə baxış keçiriblər.

Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 83 tarixi-memarlıq, arxeoloji, park-monumental abidə, məscidlər, tacir mülkləri, su kəmərləri, su dəyirmanları mövcuddur. 2021-ci ildə Şəkinin tarixi hissəsində yerləşən 58 tikiliyə “abidə” statusu verilməklə, dövlət mühafizəsinə götürülüb.

2022-ci ildə Qala divarları daxilində XIX əsrə aid iki abidə - Rəsm Qalereyası və qoruğun inzibati binasının yerləşdiyi tarixi tikili ənənəvi Şəki memarlığı üslubunda, ilkin görkəmi saxlanılmaqla təmir-bərpa edilərək istifadəyə verilib və hazırda Qala divarları daxilində bəzi tarixi binaların bərpa işləri davam etdirilir.

Eyni zamanda, XIX əsrin əvvəllərində Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna yaxın üslubda inşa edilmiş Dairəvi məbədin bir hissəsinin fasadında təmir-bərpa işləri aparılır, o cümlədən şəbəkə emalatxanası, Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi bina bərpa olunur. Həmçinin Şəkidəki Kiş alban məbədinin daxili tərtibatı yenilənib.

Növbəti mərhələdə Xan Sarayında bərpa işləri ilə bağlı layihələndirməyə başlanılması, Kiş kəndindəki “Gələrsən görərsən” qalasının ətrafında turizm infrastrukturunun yaradılması, Kiş tarixi məscidinin bərpa işlərinə başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, 2023-cü ildə “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunun 140 min ziyarətçisi olub, bu, 2022-ci illə müqayisədə 90 faiz artım deməkdir. Kiş alban məbədinə gələn turist sayında 2023-cü ildə 2022-ci illə müqayisədə 100 faiz artım müşahidə edilib və 40 mindən çox ziyarət qeydə alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

 

Aprelin 17-də görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun anadan olmasının 140-cı ildönümü münasibətilə mədəniyyət xadimləri və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

 

AzərTAC xəbər verir ki, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Zülfüqar Hacıbəyovun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlərdən danışıb: “O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib. XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır”.

 

Diqqətə çatdırılıb ki, Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.

 

Anım tədbirində bir daha vurğulanıb ki, Azərbaycan klassik musiqisinin formalaşmasında Zülfüqar Hacıbəyovun rolu böyükdür.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 83 nömrəli məktəb-liseydir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR

 

Bayramova Almaz Fəttah qızı 05.12.1975 – ci ildə Bakı şəhərində anadan olmuşdur. Tam orta təhsilini Bakı şəhəri A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə almışdır.

ADPU ibtidai təhsilin metodikası və pedaqogikası fakultəsini 1998-ci ildə bakalavr pilləsində bitirmişdir.

2000-ci ildə ADPU-nun pedaqogika  nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə biritmişdir.

1997-2014-cü illərdə Nəsimi rayonu 5 N – li tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır.  

2014-cü ildə “Bu günün və sabahın direktorları “ kursunu müvəffəqiyyətlə bitirmişdir.

2014-2019-cu illərdə Binəqədi rayonu 246 N – li məktəb-liseydə direktor vəzufəsində çalışmışdır.

2019-cü ildən Binəqədi rayonu 83 N – li məktəb-liseydə direktor vəzifəsində çalışır.

İşlədiyi müddətdə səmərəli fəaliyyətinə görə müxtəlif fəxri adlara layiq görülmüşdür:

2018-ci ildə “Qabaqcıl Təhsil işçisi döş nişanı“;

2016 – 2017-ci tədris ilində Fəxri fərman;

2020-ci ildə BŞTİ tərəfindən Fəxri fərman;

2020-ci ildə YAP Binəqədi rayon təşkilatı tərəfindən  Fəxri fərman;

2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;

2021 – ci ildə BŞTİ tərəfindən Fəxri fərman;

2023-cü ildə BŞTİ tərəfindən Fəxri fərman;

2022– ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;

Eyni zamanda işlədiyi müddətdə müxtəlif kurs və treyninqlərdə iştirak etmişdir:

2015-ci ildə Paris – Sorbonne Universiteti “School Based Management“ kursu I və II hissə - sertifikat;

“İnteraktiv texnolologiyalardan və elektron məzmundan istifadə“ sertifikatı;

“İnklyuziv təhsil “ – sertifikatı;

2016-cı ildə İnternational Learning Conference – sertifikat;

2016-cı ildə AMİM tərəfindən təşkil edilmiş “Direktorlar üçün strateji planlaşma“ modulunu müvəffəqiyyətlə bitirdiyinə görə“ – sertifikat;

2018-ci ildə “Yaradıcı gənclərə dəstək olaq” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə göstərdiyi dəstəyə görə - təşəkkürnamə;

2021-ci ildə “ STEAM Azərbaycan“ layihəsi çərçivəsində “Layihə Əsaslı Öyrənmə“ , “Birpalatalı platforma üzərində kodlaşdırma”, “ Modelləşdirmə və Dizayn“ modulları üzrə təlimləri müvəffəqiyyətlə bitirdiyinə görə settifikat;

2021-ci ildə “Vətəndaş məmnunluğunun idarə olunması“ – sertifikat;

2 metodik vəsaitin müəllifidir. Təhsildə inkişaf və İnnovasiyalar üzrə IV və V müsabiqələrin qalibi olmuşdur.

 

ŞAGİRD

 

Mən, Zeynallı Nilufər Hidayət qızı 9 may 2008-ci ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə 83 saylı məktəb-liseydə 1-ci sinfə getmişəm. 2 dəfə Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə qalib olmuşam. 9-cu sinfi fərqlənmə attestatı ilə bitirmişəm. Hazırda 83 saylı məktəb-liseyin 10-cu sinfində təhsil alıram.

 

ESSE

 

“Azərbaycan - Avropa əlaqələri”

 

Vətənimiz Azərbaycanın əlverişli coğrafi mövqeyi - Avropa və Asiyanın kəsişməsində yerləşməyi onun həmişə hər iki regionla sıx əlaqələrdə olmasına səbəb olmuşdur. Hazırda Avropanın hərtərəfli inkişafı müstəqillik yoluna yenicə qədəm qoymuş Azərbaycana daha çox təsirini göstərir. Azərbaycanla Avropa arasında digər bütün şərq dövlətləri ilə müqayisədə fenomenal dərəcədə möhkəm bağlılıq yaranıb. Mədəni cəhətdən günü-gündən daha da inkişaf edən Azərbaycan dünyanın ən qabaqcıl ölkələri - İngiltərə, İtaliya, Almaniya kimi dövlətlərlə nəinki siyasi, eləcə də iqtisadi və mədəni əlaqələri genişləndirməyə, dünya miqyasında sürətlə inkişaf edən dövlət kimi tanınmağa başlayıb. Müstəqilliyin ilk illərində Avropa İnsan Hüquqları Bəyannaməsini qəbul etməyimizlə dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına üzv seçildik. Maraqlıdır ki, regional cəhətdən Asiyada yerləşməsinə baxmayaraq, Avropa dövlətlərinin üzv olmağa hələ də cəhd etdiyi bir quruma Azərbaycan o zamankı gücü sayəsində qoşula bilmişdi.

Hazırda Azərbaycanın Avropa dövlətləri ilə ticarət əlaqələri də daha da inkişaf edir. 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsinin” imzalanması iqtisadiyyatımızda dönüş yaratdı, yeni neft yataqlarına investisiya qoyuldu. Bakı nefti Bakı-Tbilisi-Ceyhan neft-kəməri ilə Aralıq dənizinə daşınır və Avropa ölkələrinə satılır.

Mədəniyyət sahəsində də sənətçilərimiz uğurlar əldə ediblər. 2011-ci ildə musiqi sənətkarlarımız "Eurovision" musiqi yarışmasında 1-ci yerə layiq görülmüşlər. Eləcə də, idman sahəsində də uğurlarımız artmaqdadır. Bu və digər sahələrdə Ulu Öndər - Heydər Əliyevin başladığı və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi tədbirlər nəticəsində Azərbaycanın Avropa ölkələri ilə siyasi, iqtisadi və mədəni inteqrasiyası artır və ölkəmiz günü-gündən daha da inkişaf edir.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.