Super User
BİR DİREKTOR, BİR ŞAGİRD - Fayaz Hüseynov və Müjgan Güvəndikli
“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 189-190 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
Direktor:
Mən, Fayaz Hüseynov 1967-ci ilin iyun ayının 3-də Bakı şəhərində anadan olmuşam.
1974-84-cü illərdə 70 nömrəli məktəb liseydə oxumuşam. Ordu sıralarında xidmət etdikdən sonra 1988-ci ildə BDU-nun tarix fakültəsinə qəbul oldum və 1994-cü ildə buradan məzun oldum. Pedoqoji fəaliyyətimə 2000-ci ildən təhsil aldığım 70 nömrəli məktəbdə başlamışam. Tez bir zamanda 2003-cü ildə təşkilatçı təyin olundum. 2006-cı ildən Beynəlxalq qiymətləndirilmədə ( PİŞA ) fəal iştirak etmişəm və Azərbaycanda keçirilən Beynəlxalq qiymətləndirmənin fəal üzvlərindən olmuşam.
2009-cu ildə keçirilən əhalinin siyahıyaalınmasında məntəqə sədri olmuşam. 2015 -ci ildə direktorların işə qəbulu müsabiqəsində uğurla iştirak etmişəm və kursu müvəffəqiyyətlə başa vurmuşam: belə ki, keçirilən imtahanlarda yüksək nəticə topladım və Müsahibə mərhələsindən uğurla keçərək kursu bitirdiyim ildə - 2016-cı ildə 60 N li tam orta məktəbə direktor vəzifəsinə təyin olundum. Qarşıma bir məqsəd qoymuşdum- Öz işini sevərək icra edən bir kollektivi olan, demokratik əsaslarla idarə olunan məktəb yaratmaq. Burada İdarə etdiyim 5 il ərzində məktəbimiz bir çox uğura imza atdı. Fənn müsabiqəsində qələbə, sabahın alimləri layihəsində 4 şagirdimin uğuru, şahmat üzrə II-IV siniflər arasında keçirilən respublika çempionatında 1-ci yer (6 şagirdimin əzmi nəticəsində Respublika çempionu olduq), Heydər Əliyev Təqdimatında 2-ci yer, qrant layihələrdə qalibiyyətlər və s. Bu illər ərzində 2 müəllim əməkdar müəllim adına, 2 müəllim qabaqcıl təhsil işçisi adına layiq görüldü, 2 müəllim isə fəxri fərman aldı. 6 şagirdim bu 5 il ərzində məktəbi xüsusi naliyyətlərlə bitirərək 3 qızıl və 3 gümüş nişanla təltif olundu. Məktəb E twinning, OCEP beyxəlxalq layihələrinə qoşuldu. Özüm də layihələrdə uğurla iştirak edərək keçirilən pedaqoji mühazirələrdə final mərhələsinə vəsiqə qazandım və Tərifnamə ilə təltif olundum.
ADA-da keçirilən Data əsaslı idarəetmə kursunu müvəffəqiyyətlə bitirdim. BŞTİ-nin bir çox layihələrinin qalibi oldum( Fibonaççi intellektual yarışları), İcra Hakimiyyəti tərəfindən iki dəfə fəxri fərmanla təltif olunmuşam. Fransanın Strasburq şəhərində keçirilən Beynəlxalq “demokratik məktəb”konfransında Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak etmişəm. 2016-2021 -ci ildə 60 nömrəli məktəbdə fəaliyyətim çox produktiv oldu. Daha sonra 2 N THL-yə direktor vəzifəsinə təyin oldum. Düzdür, burada çox az müddət çalışdım, 1 ildən biraz artıq, amma burada da naliyyətlərim az olmadı. Beynəlxalq Olimpiadalarda qələbələr, RFO-da 2 qələbə, RFM-də qızıl medal qazandıq. Məktəbdə Steam və Rəqəmsal layihələri tətbiq olunmağa başladı. 1 müəllim tərəqqi nişanı ilə, 1 müəllim isə fəxri fərmanla təltif olundu. 2022-ci ildə 189-190 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olundum. Çox gözəl tədris mühiti var burada. Bu məktəbin özünəməxsus xüsusiyyəti tanınmış şəxslərin, məşhurların buradan məzun olmasıdır. Çox qısa müddətdə burada da artıq naliyyət və uğurumuz var. İlk olaraq məqsədə doğru inamla çalışaraq gedən kollektivimiz var. Heydər Əliyev -100 təqdimatında Respublika üzrə II yerin qalibiyik. Həmçinin 1 şagirdim bu il Riyaziyyat fənni üzrə RFO qalibi olmuşdur. Məktəb qrant layihənin qalibidir. Bir müəllimim Yaradıcı müəllim müsabiqəsinin qalibi oldu. SAF- da ( Steam Azərbaycan Festivalı) uğurla çıxış edərək müxtəlif nominasiyalarda I, Il, III yerləri qazanmışıq. Gələcəkdə daha çox uğura bu kollektivlə imza atacağımdan əminəm. Yüksək keyfiyyətli bacarıqlarını sevərək icra edən müəllimlərlə çalışmaq, işini sevərək həyata keçirən insanlarla bir arada olmaq çox xoşdur. Uşaqları çox sevirəm. Məktəbimi, kollektivimi və işimi çox sevirəm.
Şagird:
Mən, Müjgan Güvəndikli 2007-ci ildə Bakı şəhərində anadan olmuşam. 2013 -cü ildə Nərimanov rayonu 202 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. 2015-ci ildən isə Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə təhsil alıram. Hazırda məktəbin 11-ci sinif şagirdiyəm.
Esse
“Mənim uğur yolum”
Hər kəsin həyatda bir yolu var. Etdiyimiz seçimlər, aldığımız qərarlar bu keşməkeşli həyat yolumuzun bünövrəsi olur. Doğrudur, bəzən bizlər çiyinlərimizdəki ağırlığa tab gətirə bilməyib yıxıla da bilirik, səhvlər də edə bilirik, lakin qətiyyətli insanlar öz yolundan dönmürlər. Yıxılsalar da, yenidən ayağa qalxıb yoluna davam edirlər. Beləliklə, bizi biz edən düşüncələrimiz və seçimlərimiz nəticəsində öz uğur yolumuzu davam edirik.
Mənim də uğur yolum hələ lap uşaq ikən etdiyim seçimim nəticəsində başlayıb. Məşhur bir beyin cərrahı olmaq arzum hər keçən gün mənə motivasiya vermiş, həyat amalıma çevrilmişdir. Təbii ki, mən bu yolun heç də asan olmadığını, məşhur bir həkim olmağın necə də böyük bir məsuliyyət olduğunu böyüdükcə daha da dərindən dərk etməyə başlamışam.
Bugünkü gün keçirdiyim yuxusuz gecələr, həddən artıq çox çalışdığım günlər məni yorsa da, əvvəldə də söylədiyim kimi, beyin cərrahı olmaq xəyalım bütün bunlara hər zaman qalib gəlir. Çünki mən bilirəm ki, oxuduğum, öz üzərimdə çalışdığım hər bir an məni gələcəkdəki arzuma daha da yaxınlaşdırır.
Amma məni hədəfimə daha da yaxınlaşdıran iştirak etdiyim bir müsabiqə oldu. Doğrudur, həmin bu müsabiqəyədək mən bir çox yarışlarda, tədbirlərdə iştirak etmişdim. Lakin bu müsabiqənin mənə gətirdiyi uğur əvəzolunmazdır. Belə ki, 2023 -cü ildə ulu öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində istirak etdim. Çəkdiyim əziyyət və ətrafımdakı insanların dəstəyi ilə bu müsabiqədə respublika üzrə II yerə layiq görüldüm. Mənim nəzərimdə həmin gün həyatımın ən önəmli günü idi.
Ulu öndərimizin 100 illiyinə həsr olunmuş tədbirdə II yerə layiq görülmək mənim üçün həm böyük şərəf, həm də xoşbəxtlik idi. Əldə etdiyim bu böyük uğur, mənim gələcəkdəki digər nailiyyətlərimə də bir növ zəmin yaratdı, onlar üçün uğur yolu açdı. Məhz “Ən yaxşı Təqdimat Musabiqəsi“ mənə məktəbi qızıl medalla qurtarmaq şansını verdi. Bu, həyatımda ən böyük uğurum oldu. İndi arxaya dönüb baxdıqda, nələrə nail olduğumu gördükdə , gələcəkdəki o möhtəşəm hədəfimə necə addım- addım yaxınlaşdığımı da sezirəm. Lakin onu da bilirəm ki, bu hələ mənim uğur yolumun yarısıdır, hətta deyərdim ki, başlanğıcıdır. Qalan yarısı isə gələcəkdə məni gözləyir.
Unutmayın ki, uğur yalnız qətiyyətli və çalışqanları sevir. Qətiyyətliliyin və çalışqanlığın əsas şərti isə qarşıya müəyyən bir hədəf qoymaq və xəyalında canlandırdığın o arzunu bir gün gerçəkləşdirmək ümidi ilə yaşamaqdır. Uğur yolunda irəliləyən bir insan kimi ətrafımdakılara yalnız bir şeyi tövsiyə edə bilərəm.
Xəyallarınızı və hədəflərinizi sərbəst buraxın, siz onları yox, qoyun onlar sizi aparsın!
“Ədəbiyyat və incəsənət”
(29.05.2024)
Və Rəsulzadəyə bənzəyəcəyik biz də…
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bu axşam çağı da, hava yenə çox gözəldir, hətta deyərdim bu gün insana hüzur verən bir ayrı aramlıq var təbiətdə.
Günəş son şəfəqlərini də yorğanı kimi axasıyca sürüyərək üsulca dağların arasında qürub edir…
Mavi səma, pərən-pərən olub ulduz kimi səmanın qoynuna səpələnmiş buludlar sanki həqiqətən də ulduzmuş kimi parıldayaraq baxdıqca göz oxşayıb xoş təəssürat bağışlayır insana. Yaşıl yarpaqların arasında gizlənqaç oynayan quşların şən cəh-cəh səsi, çayda quruldayan qurbağaların səsinə qarışır. Yarpaqları xışıldadıb, xəfifcə saçlarıma sığal çəkən külək də, bununla sanki məndə burdayam deyir.
Fəqət nədənsə naringi çiçəklərinin qoxusu gəlmir, ya mənmi duymuram?!
Yoxsa çox sevdiyim bu xoş ətirdəmi vaxtsız tərk edib getdi məni?!
- Nədir bu vaxtsız gedişlər belə? Deyə susqun-susqun soruşdum səmadan.
Amma bu dəfə, bu susqunluq mənim adət etdiyim susqunluqlardan deyil, təkcə mən yox bütün insanlar onunla belə danışır, çox güman ki, elə Sən də..
Səmayla söhbət edərkən sözlərə gərək yoxdur ki, o zatən hər şeyi baxışlardan anlayır.
Əlqərəz hə nə deyirdim, bilirsən, bu gün ona səndən danışdım və bu gün son dəfədir yazıram sənə..
Həə qədim dostum vidalaşıram axı səninlə bu gün.
Bilirəm hər dəfə bu sondur deyib yenə səndən və yenə sənə yazıram, amma elə bil bu dəfə həqiqətən də sondur, bilmirəm...
Bu gün sənin başlanğıcında bitirirəm səni. Azadlıq günəşinin səmada ilk parladığı gündə.
Hər nə qədər çətin olsa da, bu gün qəlb evimin pəncərəsindən bir quş tək azadlığa buraxdım və baxışlarımla muşayət edib o parlayan buludlara qədər ötürdüm səni.
Və sən hər yağış yağdıqca buludların göz yaşları ilə damla-damla süzülüb torpağa qarışacaqsan və hər yağış sonrası torpaq qoxusuyla baş qaldırıb yenidən ciyərlərimə dolub əbədi xatirələrdə yaşayacaqsan.
Allah quşları sevərkən ağacları, insan quşları sevərkən qəfəslər yaratdı deyirlər. Mən səni insanlar kimi sevmədim heç vaxt və əsla da, insanlar kimi unutmayacam.
1918 kimi, Cumhuriyyət kimiydik biz səninlə, amma deyəsən mən unutmuşdum ki, 1918-in 1920-si də var idi axı..
Və Rəsulzadəyə bənzəyəcəyik biz də. Onun qədər özəl və eyni zamanda onun kimi səadəti, istiqlal səadəti doyunca yaşanılmamış, yarım qalmış, onun kimi lazımi qiymətini hələ tam almamış. Amma bir o qədər də onun kimi gerçək, danılmaz və əbədi. Necə ki, hər zaman görünməsə belə varlığına və orada olduqlarına heç vaxt şübhə olunmayan ay və ulduzlar kimi..
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Bu gün böyük Məmməd Əmin Rəsulzadə başda olmaqla bütün Cümhuriyyət qurucularını şərəflə anırıq
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
28 May – Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. 1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.
28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. 1990-cı ildən Cümhuriyyət Günü ölkədə dövlət bayramı kimi qeyd edilir. Azərbaycanın milli bayramlarından olan Respublika Günü 30 ildən sonra ilk dəfədir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.
O günlərə - ötən əsrin əvvəllərinə qısaca olaraq rakurs etsək nə görərik?
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. O vaxt Bakı erməni daşnak və bolşevik quldurlarının əlində idi. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu. Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı.
Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Allah bizi yatmış ayının oyanaraq yenidən Azərbaycanı öz caynaqları arasına salmasından hifz eləsin. Amin!
“Ədəbiyyat və incəsənət”
(28.05.2024)
Gənclər Kitabxanasında Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov xalqımızın varlığını, böyüklüyünü və mübarizliyini sübut edən tarixi məqamlardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti dövrü haqqında məlumat verib.
O, 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildiyini, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edildiyini bildirib.
Tədbir iştirakçıları öz çıxışlarında Müstəqil Azərbaycan Cümhuriyyətinin qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdiyini, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Nümayiş olunan virtual kitab sərgisində ilk müsəlman Şərqində demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, fotoşəkillər öz əksini tapıb və Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında ətraflı məlumat verilib.
Sərgidə Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədiyi fikirlər videogörüntülərlə nümayiş olunub, XXI əsrdə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi, müdrik diplomatik siyasəti, qəhrəman Azərbaycan oğullarının şücaəti ilə qazanılan Qarabağ Zəfərinin türk tarixinə daha bir şanlı səhifə kimi yazıldığı qeyd edilib.
Virtual kitab sərgisində “Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabit və hərbi məmurları”, “Azərbaycan ordusunun tarixi”, “Azərbaycan Xalq Cümhuriyyəti işığında”, “Cümhuriyyətin təhlükəsizlik orqanları”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “Yüz ilin işığında”, “Cümhuriyyət xilaskarları” kimi kitabların qısa annotasiyası təqdim olunub.
Məlumat bülleteni və biblioqrafik vəsaitdə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu, İstiqlal Bəyannaməsi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, dövlət sərhədləri, rəmzləri və atributları haqqında məlumat verilir, son illərdə Cümhuriyyətə dair çap olunmuş Azərbaycan, rus və ingilis dilində kitabların biblioqrafik təsviri yer alıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən kitablar, dövrü mətbuat materialları sərgilənib.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
“YAŞAT” Fondunun dəvəti ilə türkiyəli şəhid ailə üzvləri Bakıda
“YAŞAT” Fondunun təşkilatçılığı ilə Türkiyədən olan şəhid ailəsi üzvləri Azərbaycana səfər ediblər.
Layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
Məqsəd azərbaycanlı və türkiyəli şəhid ailə üzvlərini bir araya gətirməklə ölkələrimiz arasındakı mövcud əməkdaşlığı genişləndirməkdir. “Tək millət, tək ürək” şüarı ilə reallaşan təşəbbüs çərçivəsində məlumatlandırma və mədəniyyət mübadiləsi, dəstək tədbirləri istiqamətində birgə müzakirələr, eləcə də Şuşa şəhərinə səfər nəzərdə tutulur.
Səfər “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin dəstəyi ilə baş tutub.
28 May - Müstəqillik Gününə həsr olunan layihə çərçivəsində qonaqlar öncə Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini və İkinci Fəxri xiyabanı ziyarət ediblər.
Hərbi Qənimətlər Parkında şəhid ailə üzvlərinə Vətən müharibəsi zamanı əldə edilmiş qənimətlər barədə məlumat verilib.
Bakı şəhəri ilə tanışlıq çərçivəsində isə Bulvar ərazisinə və İçərişəhərə ekskursiya edilib.
Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığın bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin media dəstəkçisi : ASAN TV, ASAN radio
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Respublika Gənclər Kitabxanasında görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illik yubileyi münasibətilə silsilə tədbirlər həyata keçirilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illik yubileyi münasibətilə ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portakına kitabxanadan verilən məlumata görə, virtual sərgidə görkəmli yazıçının həyat və yaradıcılığı, ictimai fəaliyyəti, müəllifi olduğu əsərlər haqqında geniş məlumat verilib. Sərgidə Ulu Öndər Heydər Əliyevin, Xalq şairləri Səməd Vurğun, Mirvarid Dilbazi kimi görkəmli şəxslərin dramaturq haqqında söylədikləri dəyərli fikirlər yer alır. Materialda yazıçının çoxşaxəli yaradıcılığı, müəllifi olduğu “Söyüdlü arx”, “Dağlar arxasında üç dost”, “Körpüsalanlar”, “Üç silah”, “Xurşidbanu Natəvan” kimi ona milyonlarla oxucunun rəğbətini qazandıran əsərləri haqqında məlumat verilir. Virtual sərgidə pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açan İlyas Əfəndiyevin “Dövlət mükafatı” na layiq görülmüş “Mahnı dağlarda qaldı” pyesindən fraqmentlər, yazıçının şəxsi foto və video arxivindən görüntülər təqdim edilir.
“İlyas Əfəndiyev - 110” adlı ənənəvi kitab sərgisində müəllifin kitabxana fondunda olan və geniş oxucu kütləsi tərəfindən sevilərək mütaliə edilən kitabları və kitabxana əməkdaşları tərəfindən hazırlanan eyniadlı ədəbiyyat siyahısı nümayiş olunub.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/ilyas-efendiyev-110 yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Komitə sədri “Kitab evi”nin rəhbəri Adilə Nəzərə məktub ünvanlayıb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Kitab evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adilə Nəzərə təbrik məktubu ünvanlayıb. Adilə xanımın 55 illik yubileyi ilə bağlı təbrik məktubunda onun elmi və bədii yaradıcılığının ən ümdə məqamlarına vurğu edilib.
“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:
“Hörmətli Adilə xanım,
Sizi 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, elmi, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin aparıcı elmi işçisi, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Azərbaycan Yazıçılar Birliyinin üzvü, çoxsaylı maraqlı mədəniyyət-sənət layihələrinin rəhbəri olaraq geniş ictimai, yaradıcı fəaliyyətinizlə seçilirsiniz.
Siz “Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili” kimi önəmli bir mövzunu tədqiq etmisiniz. Monoqrafiyalarınızın adı və nəşr illəri belə elmi, yaradıcı fəaliyyətinizin məhsuldarlığını göstərməkdədir. “Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti” (2014), “Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri” (2017), “İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi” (2021), “Aşıq Ələsgər yaradıcılığında sufizm” (2023).
Sizin elmi və bədii yaradıcılığınız qoşa qanad kimi bir-birini tamamlayır. 9 şeirlər kitabınız gün üzü görüb. Şeirləriniz qardaş türkcələrə, habelə fars, fransız ingilis, rus dillərinə çevrilib.
Azərbaycanda və bir sıra xarici ölkələrdə poeziya festivalları, ədəbi toplantılar və elmi konfranslarda uğurla iştirak etmisiniz.
Ötən il Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü olmuş, “Aşıq Ələsgər–200” yubiley medalı ilə təltif edilmisiniz.
Sizi ictimai və yaradıcılıq uğurlarınız, eləcə də əlamətdar yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Komitə sədri kərküklü yazarla görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Kərkük Kültür Dərnəyi” İctimai Birliyinin başqanı, tanınmış jurnalist, araşdırmaçı-yazar Dr. Şəmsəddin Kuzəçi ilə görüşüb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət komitəsindən məlumat verilib.
Komitədə keçirilən görüşdə qarşılıqlı maraq doğuran mədəniyyət-sənət layihələri, nəşrlər, ortaq mədəni muraslar ətrafında fikir mübadiləsi aparılıb.
Komitə sədri və araşdırmaçı yazar qarşılıqlı olaraq öz kitablarını bir-biri üçün imzalayıb.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Kamran M. Yunisin sevdiyi şeir Vaqif Səmədoğludandır
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı sevimli sənətkarımız Kamran M. Yunisdir.
-Xoş gördük, dəyətli sənətkarımız. Baxmayaraq ki, gününüz çox məşğul keçir, rubrikamıza sevə-sevə qatıldığınız üçün Sizə minnətdarıq.
Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir. (Holley)
Dəyərli Kamran bəy, Siz həm oynadığınız rollarda, həm etdiyiniz qiraətlərdə həmin hissləri əvvəl özünüz yaşayıb sonra izləyicilərə yaşadırsınız. Bu da Kamran M. Yunisin peşəkarlığının göstəricisidir.
Etiraf edim ki, ruhsal böhran yaşayan kimi etdiyiniz qiraətlər "dadıma çatır".
Şeir seçimləriniz mükəmməldir və oxucu zövqlərinin formalaşmasında böyük rol oynayır.
Əziz sənətkarımız, elə bu an üçün söyləsək ki: " Sevdiyin şeiri gəl mənə söylə", Kamran bəy bizə hansı şeiri söyləyər?
-Salam Ülviyyə xanım, rubrikanıza dəvət etdiyiniz üçün minnətdaram.
Siz sualı söyləyən zaman nədənsə ağlıma bu şeir gəldi.
Dünyanın bəlkə də, ən böyük faciəsi budur. Bir gün üfüq olursan, nə olur bilmirsən, amma bir gün gəlir, görünmürsən. Bir gün cığır olursan. Cığırın sevinci onun üstündə gedib- gələn insanların var olmasıdır. Əgər insanlar yoxdursa, o cığır artıq cığırlıqdan çıxır. Vay o günə ki, nə olduğunu bilmirsən və təbbəssümünü itirirsən.
Allah millətimizin üzündən təbbəssümü əskik etməsin, sevdiklərimizin üzündən gülüşü əskik etməsin. Bəlkə də, dünyanın ən böyük neməti təbbəssümdür, sevgidir, sevincdir. Dünyanın sevgisiz, sevincsiz, bəlkə də, təbbəssümsüz qaldığı bu günlərdə Allah simalarımıza təbbəssüm bəxş etsin.
Mən, Vaqif Səmədoğludan bu şeiri söyləyirəm.
MƏN BİR GÜN ÜFÜQ OLMUŞDUM
Mən bir gün üfüq olmuşdum, duman çökdü dənizə...
Görünmədim.
Mən bir gün cığır olmuşdum, gedib-gələn olmadı, ot basdı üstümü...
Görünmədim.
Mən bir gün təbəssüm olmuşdum, nə oldu bilmədim...
Görünmədim.
1969
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
“Yazmaq peşəkarlıq tələb edən işdir” - Meral Erbağa. MÜSAHİBƏ
Habil Yaşar, “Ədəbiyyat və İncəsənət”
Budəfəki müsahibim qardaş Türkiyə dəyərli yazarlarından biri olan Meral Ərbağa xanımdır...
-Salam Meral xanlm Erbağa! Necəsiniz?
-Salam. yaxşı olasınız.
-Zəhmət olmasa əvvəl haqqında məlumat verərdiniz.
-Mən Vanın Erciş rayonunda anadan olmuşam. Dördüncü sinifdə ibtidai məktəbi tərk etməyə məcbur oldum. 17 yaşında evləndim. Bursada yaşayıram. Üç uşaq anasıyam.
-Ədəbiyyata marağınız nə zaman və necə başladı?
-İbtidai məktəb illərində ədəbiyyata marağım olub. Məktəb natamam qaldığı zaman marağım daha da artdı. Sonrakı maliyyə bu marağı yazıb istehsal məhsulu təmin etməyə çalışdım.
-Əsərləriniz mövzusu məlumat verə bilərsinizmi?
-Kitablarım öz həyatlarından bəhs edir, uşaq kitabları, roman, şeir, skeç və ssenari əsərlərim var və bu iş işlərim davam edir. Bu günlərdə daha çox şeir yazıram.
-Təhsil haqqında məlumatınız?
-Hər bir ölkənin öz təhsil kurikulumu var. Ölkənin 4+4+4 təhsil prosesi var. Sonra universitet təhsili gəlir. Fikrimcə, tələbə öz ixtisası üzrə istiqamətləndirmə və standart təhsil alsa, daha faydalı olar.
-Ən çox sevdiyiniz yazar kimdir?
-Yaşar Kamal.
-Gələcək planlarınız haqqında araşdırma apardıq.
-Yazmağa davam edirəm. Mən övladı olan və məsuliyyət daşıyan anayam. Böyük planlarım yoxdur. Xoşbəxtlikdən, faydalı planların qarşısına istifadə etmək bizim adətimizdir. Ona görə də hər şeyin təbii olmasını istəyirəm.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Çox deyil. Amma buna yad da deyiləm. Nə vaxt deyə tapsam, dünyanın başqa yerdən olan yazıçıları oxumağa, tanımağa çalışıram.
-Yeni başlayan yazarlara hansı sənədləri vardır?
-Yazmaq yaxşılıq tələb edən işdir. Hər səni şeir şair etmədiyi kimi, hər yazı da səni yazıçı etmir. Amma yeni başlayanlara məsləhət görürəm ki, təbii davransınlar, idarəni işkləri kimi ifadə etsinlər, alınmayanda uzaqlaşmasınlar, inadla davam etsinlər, təbii ki, çox oxusunlar, oxumadan yazmasınlar.
“Ədəbiyyat və İncəsənət”
(27.05.2024)