Aprelin 17-də İtaliyada keçirilən beynəlxalq "Nervi Rozza Music Ballet Festivalı"nın mətbuat konfransında “Teatro Carlo Felice” Teatrının rəhbərliyi ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasını milli klassik baletimizin Avropa səhnəsində nümayişi ilə bağlı dəvət edib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu barədə sözügedən konfransda iştirak edən dünyaşöhrətli opera ifaçısı, Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov məlumat verib.
Mətbuat konfransında çıxış edən Y.Eyvazov bildirib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi mədəniyyətin inkişafına daim diqqət və qayğı göstərir. "Məhz bu dəstək sayəsində dünyanın bir çox məşhur teatrlarının səhnəyə qoyduğu Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti bu dəfə Nervi festivalında nümayiş olunacaq. Səhnə əsərində Opera və Balet Teatrının balet artistləri ilə yanaşı, Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri də iştirak edəcək. Teatrın 115-ci mövsümündə beynəlxalq qastrol səfərlərinə balet truppasının Rusiyanın Çelyabinsk şəhərində “Min bir gecə” baleti ilə “Yekaterina Maksimova adına Beynəlxalq Balet Festivalı”nda çıxışı ilə başlayacaq. Ardınca iyul və avqust aylarında İtalyanın Genuya və Verona şəhərlərində milli balet əsərləri ilə yanaşı, dünya klassik baletinin incisi olan “Qu gölü” əsəri də ifa olunacaq", - deyə o əlavə edib.
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)