“Ədəbiyyat və incəsənət” portalı sizlərə istedadlı şair Nəsib Məlhəmin 3 şeirini təqdim edir. Klassik şeirin ən gözəl və zərif xüsusiyyətlərini özündə cəmləşdirir bu şeirlər. Onun rəqəmlərə gətirdiyi cinas qafiyə isə sadəcə mükəmməldir.
Göz oxşayan çəmənlər
Yarı tikan, yarı gül.
Tüstülənən ocağın
Yarı közdü, yarı kül.
Qarışıq hisslərimiz
Yarı sevinc, yarı dərd.
Dostların, düşmənlərin
Yarı namərd, yarı mərd.
Ömrümüzün hər günü
Yarı qara, yarı ağ.
Həyatın çətin yolu
Yarı dərə, yarı dağ.
Dünyamızın havası
Yarı od, yarı şaxta.
Yaşayırıq beləcə
Yarı düz, yarı saxta.
.* * *
Elə qırdın ürəyimi,
Qalmadı bir güman yeri.
Yerə vurdun kürəyimi,
Qıymadın bir aman yeri
Kədər etdin sirdaşımı,
Dərdə saldın çal başımı,
Al boyadın göz yaşımı,
Ovcum oldu ümman yeri.
Yola dikdin baxışımı,
Ömürlük etdin qışımı,
Kim açacaq qırışımı?
Yox könlümün uman yeri.
Boğub eşqin nəfəsini,
Qəhərlədin zil səsini,
Eşqimin dağ zirvəsini
Niyə etdin duman yeri?
* * *
Xoşbəxtlik qərinəsi
Keçdi, ömür oldu 40,
Əlvida, qara saçım,
Deyib çal başını qırx.
Minnətsiz yaşa 10 il
Həm ayaqlı, həm əlli,
Yuxu kimi ötəcək
Ömür olacaq 50.
Əcəl möhlət verərsə
Ömrünü elə 60,
Görərsən qüssə-qaymaq,
Kef-damaq isə altmış.
Günü günə calayıb
Yaş ötür olsun 70,
Hamı sənə deyəcək
Ahıl yaşına yetmiş.
Gah diksinib ölümdən,
Gah da əcəldən səksən,
Onca il iməkləsən
Yaşın olacaq 80.
Cinas qafiyə yoxdur
Görən niyə 90-a?
80 deyib səksəndim
Bəlkə ölüm yox sana.
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)