Super User

Super User

Cümə axşamı, 30 May 2024 17:07

Səhv görüş

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

 

Baş konsul Xeyrəddin Qoca işdə oturmuşdu. Günortaya yaxın attaşe ona xəbər verir ki, Hindistanın baş konsulu onun görüşünə gəlir.

X.Qoca təəccüb edir. Qaydaya görə, baş konsullar bir-biri ilə görüşmək üçün bir neçə gün əvvəl "randevu" alır, yəni görüş gününü və saatını müəyyənləşdirirlər, sonra görüşürlər.

X.Qoca Hindistanın baş konsulunun gəlişinin təsadüf olduğunu düşünərək kabinetindən bayıra çıxır və qonağı qarşılayır. Əyləşəndən sonra qonağa "xoş gəlmisiniz" -  deyir və bildirir ki, Hindistanla Azərbaycanın dostluq və qardaşlıq əlaqələri var. Hələ uşaqlıqdan hind filmlərinə çox baxmışdır, hind musiqisinə vurğundur və s. və i.a.

Xeyrəddin müəllim danışdıqca hiss edir ki, qarabuğdayı qonağın sifəti getdikcə qaralır. Buna baxmayaraq Hindistan haqqında yenə xoş sözlər söyləyir. Birdən qonaq dillənir:

-Bilirsiniz, mən Pakistanın baş konsuluyam...

Onda Pakistanla Hindistan arasında münaqişə davam edirdi.

Xeyrəddin müəllim başlayır ki, bəs Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir, o özü də vaxtilə bu ölkədə səfərdə olmuşdur və s. və i.a.

Pakistanın baş konsulu yenə dillənir:

-Bağışlayın, sayın baş konsul, mən sizinlə yox, Səudiyyə Ərəbistanının baş konsulu ilə görüşməliyəm...

Səudiyyə Ərəbistanının Baş Konsulluğu isə Azərbaycan Respublikasının Baş Konsulluğunun 50 metrliyində yerləşirdi. Pakistanın baş konsulu səhvən Azərbaycan Baş Konsulluğuna gəlibmiş...

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Poetik Qiraətdə bu dəfə Cəlil Cavanşirdir. Şair “Öküz dərisinə yazacağım şeir” deyə bir tənhalıq şeiri sərgiləyir. Darıxmağın kulminasiyasıdır bu şeir. Oxuyursan, sanki şairin darıxmaq azarı sənə də yoluxur. 

Xoş mütaliələr!

 

hamıdan qəşəng darıxıb

hamınızdan çox içirəm

dərdlərə meydan oxuyub

ömrün içindən keçirəm

 

taleyimi varaq-varaq

oxuyuram kitab kimi,

çox məsumam, günahlarım

yazılacaq savab kimi.

 

mən bir az dəliyəm, dəli

hər şeyə gülə bilirəm,

hər sabah erkən doğulub,

hər axşam ölə bilirəm

 

hər gecə döyüb qapımı,

sonra da özüm açıram.

təklik qaçır qucağıma,

baş alıb evdən qaçıram.

 

dolaşıram küçələri,

dolaşıram səfil kimi,

öz başıma daş tökürəm,

göylərdən əbabil kimi.

 

dərd-səri yavanlıq kimi,

harda gördümsə, qapıram

bir az şeirlə ovunub,

sözlə təsəlli tapıram.

 

ömürdü də, yaşayıram,

harda qırıla, qırıla!

bir qız da çıxmır bəxtimə,

düşüb eşqinə, vurulam.

 

hamıdan gözəl sevirəm,

hamıdan tez unuduram

qəfildən ağlamaq tutur,

tez özümü ovuduram.

 

belə qarışıq adamam,

gül keç, yoluxaram sənə,

çıx get, 

bax, aşiq olaram,

sonra darıxaram yenə.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Belçikanın Brüssel şəhərində Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə caz pərəstişkarlarının ən sevilən məkanlarından biri olan Brüsselin “The MusicVillage” caz klubunda tanınmış pianoçu Etibar Əsədlinin triosunun konserti təşkil edilib.

 

AzərTAC verir ki, konsert Azərbaycanın məşhur caz məktəbini Avropada tanıtmaq məqsədilə keçirilib.

Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təsisçisi Kevin Van Nuffel açılış nitqində Azərbaycan cazı haqqında məlumat verib və konsertin muğam və cazın elementlərini özündə birləşdirən kompozisiyalardan ibarət olduğunu bildirib.

İl ərzində 300-dən çox canlı konsertə ev sahibliyi edən “The Music Village” caz klubunun daimi dinləyicilərinə Azərbaycan etnocaz janrı ilə yanaşı, musiqiçilərin ifasında Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin əsərləri, görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun bayatılara bəstələdiyi “Gəl” mahnısının caz-muğam versiyası da təqdim edilib.

Bu, 2024-cü ildə təsis olunmuş Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi sayca ikinci konsertdir. İlk konsert 2024-cü ilin yanvar ayında Xalq artisti Salman Qəmbərovun və “Bakustik caz” qrupunun iştirakı ilə Cəmiyyət tərəfindən Brüsseldə təşkil olunub.

Dinləyicilər musiqiçilərimizin ifasını böyük alqışlarla qarşılayıblar. Yerli media təmsilçiləri Etibar Əsədlidən müsahibə alıblar.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Kim nə deyirsə desin, şərtlər hər nə olursa olsun, qarşınıza ailənizi belə alacaq olsanız, əgər həqiqətən qəlbinizin ən dərinlərində sevgiyə dair bir qığılcım, közərmək istəyən ümid işığı varsa özünüzü sevgisizliyə məhkum etməyin.

 

Sizə dünyaya çəhrayı pəncərələrdən baxın demirəm amma, qaranlıq gecələrinizi aydınlatacaq olan sevginiz üçün çalışın və hətta vuruşun. Dünyanın min bir yerində bir birinə qovuşmaq üçün həsrət oduna yanıb tutuşan ruhlar var, hansı ki, hələ də rastlaşmayıblar. Əgər siz Allahın sizin qəlbinizi sevginizə layiq biri ilə müjdələdiyinə inanırsınızsa nəyin bahasına olursa olsun vaz keçməyin. Baxın, bu videoda qadın həkimlərin imkansız dediyi bir şeyi bacarır. Üz iflici olan bir xəstənin mimikalarının oyanması uzun aylar, bəlkə də say-say bitməyəcək illər apara bilər. Ancaq bu gənc xanım hər gün yorulmadan eyni hərəkətləri  edir, sevdiyi adamın gözlərinin içinə usanmadan şəfqət dolu baxır. Bəlkə onu kənarda minlərlə hər cür təminatı mükəmməl olan insanlar gözləyir və ya istəsə vaz keçə, başqa biri ilə münasibətə də girə bilər. Ancaq o, əsl saf sevgini seçir və bacarır da. 

Deyəcəyim odur ki, tanrı qəlbinizdən eşqin közünü itirmiş qığılcımını almayıbsa inanclarınızı sorğulamayın, duyğularınıza kor olmayın, sevginizi layiq olanlara verin ki, siz də, onun sevgisinə layiq ola biləsiniz. Vaz keçmək asandır, buraxıb getmək, geridə qırıq qəlb, qovuşmamış əllər, yaşanması mümkün ikən yaşanılmamışlıqlar, xəyal qırıqlıqları, nakam eşqlərə imza atmaq çətin deyil. Çətin olan sevmək, sevildiyinə inanmaq, ümidsizliyə düşməmək, gözləri ilə gülməyi, qəlbi ilə görməyi bacarmaqdır. Unutmayın tanrı eşqi qorxaqlara naməhrəm qılıb.

 

https://www.instagram.com/reel/C7Z8zkCteLm/?igsh=Y3dpamI3dTFpdDN1

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Bu gün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə Qəmbər Hüseynli adına I “Cücələrim” Uşaq Festivalı başlayacaq. Festival iyunun 1-dək davam edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət və Təhsil idarələrinin təşkilatçılığı ilə keçiriləcək festivalın əsas məqsədi uşaqların musiqi dünyasının zənginləşdirilməsi, uşaq mahnılarını təbliğ etməkdir.

Festival çərçivəsində uşaq mahnılarından ibarət konsert proqramları, uşaq xorlarının çıxışı, əl işlərindən ibarət sərgi təşkil olunacaq.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncə şəhərində uşaqların musiqi paradı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Cümə axşamı, 30 May 2024 10:01

“Yıxılmaq haqqında” -ESSE

“Ədəbiyyat və incəsənət” portalı tanınmış statusman Hümbət Həsənoğlunun “Yıxılmaq haqqında” adlı essesini təqdim edir. 

Çox ibrətamizdir, oxumağa dəyər! 

 

Küçədə ayağım qalxmış səki daşına  dəydiyindən yıxıldım. Durub ətrafa baxıb gördüm ki, küçə boşdur və heç kim mənim yıxıldığımı görmədi.

Yıxıldığıma təəssüfləndim. 

Yıxılmağımın insanların görmədiyinə ikiqat təəssüfləndim, nə qədər insanı yıxılmağımla sevindirə bilərdim. 

Axı insanları ürəkdən ən çox sevindirən şey başqalarının yıxılmağıdır…

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Filologiya üzrə fəlsəfə doktoru, şair Qiymət Məhərrəmlinin Qoca Xalid barədə məqaləsi təqdim edilir. 

 

May ayının 25-də "şeirlərindən kövşən iyi gələn" tanınmış şair-tərcüməçi Qoca Xalidin (Namizəd Xalidoğlu) 70 yaşı tamam oldu.

Qeyd edək ki, bu ad, bu imza Azərbaycan və rus oxucusuna yaxşı tanışdır. Qoca Xalid həm istedadlı şair, həm də mahir tərcüməçi kimi öz imzasını Azərbaycan və rus ədəbiyyatı tarixinə yazmış sənətkarlarımızdandır. O həm öz şeirləri, həm də məşhur rus şairləri - Yesenin, Tütçev, Fet, Vısotski, Rubtsov, Kuznetsov, Sokolov, Peredreyev, Kazantsev və başqa görkəmli sənətkarlardan etdiyi tərcümələri ilə məşhurdur. Vaxtilə Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alan Qoca Xalid Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü, Rusiya xalqlarının VII Artiadasının və Beynəlxalq N.Rubtsov mükafatlarının laureatıdır.

Şəki Tibb Kollecində şairin 70 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Görüşdə şairin qələm dostları, kollecin müəllim və tələbə heyəti iştirak edirdi. "Qoca Xalid. Rus poeziyası. Seçmə şeirlər" kitabı poeziyasevərlərə şair-tərcüməçinin yubiley hədiyyəsi və yaradıcılıq hesabatı kimi təqdim olundu.

Tədbiri Şəki Tibb Kollecinin direktoru Elmira Hacıyeva açaraq qonaqları salamladı, yubilyarı yubiley yaşı münasibətilə ürəkdən təbrik etdi. Şairə daha böyük uğurlar və cansağlığı arzulayaraq, hədiyyə və gül dəstəsi təqdim etdi.

Daha sonra kollecin kitabxana müdiri İradə Səmədova yubilyarın ömür və yaradıcılıq yolu barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, tədqiqatçı-alim İlham Abbasovun dost səmimiyyəti ilə qələmə alınmış "Böyük şairlərin rəqibi" adlı geniş Ön sözlə tanışlıq oxucuya bütün standart və qəlibləri öz daxili azadlığı hesabına uçurub-dağıdan azadfikirli kənd şairi haqqında bitkin məlumat əldə etmək imkanı verir.

Qoca Xalidi əsərlərini tərcümə etdiyi görkəmli rus şairi Vladimir Vısotski ilə doğmalaşdıran cəhətləri İ.Abbasov belə xarakterizə edir: "...Q.Xalidi V.Vısotski ilə doğmalaşdıran hər iki şairin yazı (və düşüncə) tərzi üçün səciyyəvi olan baməzəlik, çoxbilmişlik, yaxşı mənada, "lotuluq" - ümumiləşdirilmiş şəkildə götürsək, "şəkililik", ("dəhnəlilik") sindromudur".

Bundan sonra mərasimin təşkilatçıları da çox güman ki, standartları, sözün yaxşı mənasında, pozdular: şairin elə bu özgür cəhətini, daxili azadlıq xüsusiyyətlərini dəyərləndirərək, çıxış üçün sözü ilk olaraq yubilyarın özünə verdilər.

 

"Boyu balacadır sətrinə görə,

Bununçün kimsəyə bir işi düşməz.

Mənim şeirlərim ətrinə görə

Heç kəsin şeiriylə dəyişik düşməz,

Kövşən iyi gəlir şeirlərimdən..."

 

- deyə bütün mənalı ömrünü doğulub boya-başa çatdığı dogma Kiçik Dəhnəyə bağlamış, "Bu su Dəhnədən gəlir..." deyərək, "Dəhnənin suyunu qurumağa qoymamağı" qarşısına məqsəd qoyan şairin səmimi çıxışı poeziyasevərləri ovsunladı. Bu könül söhbəti əsnasında bir daha şahid olduq ki:

 

Şairin şəklini şəhərdə - qəzet,

Kənddəsə - arxlardan axan su çəkir.

 

Özü də elə gözəl çəkir ki!..

 

Şairin könül verdiyi, heç vaxt arxa çevirmədiyi kənddə onu olduğu kimi qəbul edib dəyərləndirənlər nə qədərdir?! Bax, buna görə, "ən gözəl hissləri" qələm dostumuzu "təkləyəndə", gücü ancaq özünə çatır, ərki könül çırpıntılarına yetir: odur ki, "şeirlə boğaram həyəcanımı", - deyir. Bir də axı, şəhərdən kənd görünməsə də, şəhər mühiti, "elitar ədəbi səhnə" kənddən elə aydın, elə aşkar görünür ki...

 

Dostlar da cürbəcür işə qoşulub,

Köçdülər, köçəri quşa qoşulub.

Mən isə doqqazda daşa qoşulub,

İlişib qalmışam kənddə-kəsəkdə...

 

"Əli qaşında" "göyərmiş daşlara" baxaraq, "adına duz salınmaq" ağrısını küləklərə söyləyən şairin həmin gün adına duz salmaq istəyənlərin sayı-hesabı yoxuydu... Çünki özü kimi sözü də, hiss və duyğuları da özgür, səmimi, mərd, dəli-doludu Qoca Xalidin.

Şairin özü kimi taleyini Dəhnəyə bağlayan dostu - uzun illər kənd məktəbində dil-ədəbiyyat müəllimi işləmiş yazıçı-ədəbiyyatşünas Yəhya Abbasova söz veriləndə, o, Qoca Xalidin - bu sadədən-sadə görünüşlü kənd-kəsək şairinin, rus klassik və müasir poeziyasının mahir tərcüməçisinin oxucuya o qədər də tanış olmayan, bugünəcən könül saxlancında sevib-əzizlədiyi gizlinlərini səxavətlə açıqladı. Sən demə, Qoca Xalidin heç özünə də bəlli deyilmiş, qol-qola girib getdiyi arzular, ümidlər onu hansı səmtə aparır. Bildiyi yalnız budur ki, çıxdığı yolun cığırı da özünə məxsusdur, izi də... Sonrasını kim bilir ki?!..

 

Arzuyla, ümidlə girib qol-qola,

Baxmayıb yağışa, qara, gedirəm.

...Mən çoxdan çıxmışam getdiyim yola! -

Di, gəl ki bilmirəm, - hara gedirəm.

 

Şairin çıxdığı intəhasız poeziya yoluna nəzər salmaq missiyası bu dəfə şair-tədqiqatçılar Qiymət Məhərrəmlinin, Ramiz Orsərin boynuna düşdü. Duyğular dilə gəldi, arzular pöhrələndi şairə tərəf:

 

"Nə qədər mağmınam, nə qədər qərib!

Soyuq qarşıladı bu şəhər məni...

 

- deyə şəhər mühitinin biganəliyindən üşənən şair ürəyi kövrək notlara köklənir. Şəhərin vecinə almadığı "şeirlərindən kövşən iyi gələn" "sadə" kənd şairinin umacağı elə də çox deyil. Sadəcə, diqqət... Sadəcə, sevgi... Sadəcə, anlaşılmaq duyğusu...

Bu arzu, bu istəklə üz tutduğu ağaclardan belə gileyi var şairin:

 

Hər gün dilə tutdum neçə palıdı, -

Gah cavan, gah da ki qoca palıdı.

Ağac da saymadı Qoca Xalidi;

Soyuq qarşıladı bu şəhər məni.

 

Elə bu soyuq qarşılanmalar oldu, bəlkə də şairi əbədilik öz Kiçik Dəhnəsində minbir zillətlə, "dərdə, möhnətə qatlaşa-qatlaşa qurduğu koma"ya bağlayan..."

Məhz bu fədakarlığına, yurda, torpağa bağlılığına, sevgi və sədaqətinə görə qələm dostlarını təqdir edən natiqlər, ona bundan sonrakı tərcüməçilik fəaliyyətində və şeir yaradıcılığı sahəsində daha böyük uğurlar arzuladılar.

Bədii qiraət ustası Bəhiyyə Nağıyeva şairin şeirlərini özünəməxsus sənətkarlıqla səsləndirdi. Şairlərdən Musa Həşimov, Gülarə İnci, tədbirin layihə rəhbəri, yazıçı Pərvanə Məmmədova çıxış edərək, Qoca Xalidin ömür və yaradıcılıq yolundan, bənzərsiz poeziyasını şərtləndirən cəhətlərdən söz açdılar. Şairin ailəsi adından qızı Təbrizə Zəkəriyyə söz aldı; Qoca Xalid kimi ünlü bir şairin, tərcüməçi və publisistin qızı olduğundan hər zaman qürur duyduğunu bildirdi, yubiley mərasimini təşkil edib keçirdiklərinə görə təşkilatçılara, tədbirin belə yüksək səviyyədə alınmasına görə şairin qələm dostlarına və tələbələrə sonsuz minnətdarlığını bildirdi.

Seçmə şeirlərini, tərcümələrindən nümunələr səsləndirən şair, oxucuların suallarını cavablandırdı.

Yubiley tədbiri milli geyimli gələcək tibb bacılarının ifasında bir-birindən gözəl rəqslərlə yekunlaşdı. Tədbir iştirakçıları bu gözəl poeziya bayramından unudulmaz duyğularla ayrıldılar.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Cümə axşamı, 30 May 2024 09:03

BİR SUAL, BİR CAVAB Aysel Nəsirzadə ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

 

Atalar sözü- qədim fəlsəfənin sağ qalmış parçasıdır. ( Aristotel)

Aysel xanımın tez- tez işlətdiyi atalar sözü hansıdır və elə atalar sözü varmıdır ki, onunla razılaşmır?

 

CAVAB:

 

Razılaşmadığım demək olar yoxdur və yaxud da hal-hazırda xatırlamıram. Ancaq məktəbdə oxuduğum müddətdə Rəsul Rzanın şeirindən iki misra demək olar həyat devizimə çevrilmişdi və bütün ( hazırlıq üçün istifadə etdiyim) dəftərlərimin ilk səhifəsində yazmışdım:                                          “Mübarizə bu gün də var, yarın da,

Mən də onun ən ön sıralarında”.

Hal -hazırda isə özum özümə xatırlatdığım Demokritin “Güclü iradə insan üçün dəyərli keyfiyyətdir” fikridir. Təvazökarlıqdan uzaq olsa da, mən öz iradəmin gücünə inananlardanam.

 

Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Gül kələm qovurmasının hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR:

§ Gül kələm – 130 qr

§ Yumurta – 40 qr

§ Yağ – 30 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Yumurta çalınır, un, duz, istiot vurulur. Kələmin gül hissəsi kökündən ayrılır. Kökü yağda qovrulur.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizləri güneyli şair Hüseyn Səlahlının şeirləri ilə tanış edir. 

 

I

Boynuna dayayır

Qulağının arxasına qoymaq üçün

İyirmi barmaqla axtarır

Dişlərinin arasında qılınc

Və qırmızı ipək məndil sərili daş üstündə

Əli onun altında bir vəziyyətdə

Sevişən iki yarıçılpaq insan

Nə alıb verdiyini anlamamaq üçün

Nə alıb, vermədiyi üçün

Nə verib, ala bilmədiyi üçün.

 

Oyuncaqlar hekayəsində

Canlı kukla olmuş ölü

Və oyuncaqla oynamağa davam edən xəbərsiz körpələr

Bir-birinə yapışıq iki körpə

Başdan, çiyindən

Birinin boynunda ip,

Taburet isə ötəkinin ayaqlarının altında.

İp yerini sarmış,

Bəyaz duvaq üstündən öpüşcüklər, qaşındırır.

 

Taburetin üstündə

Sidikdə üzən iki ayaq,

Əski alışqanlıqdanmı?

İki mələyin döyüşməsindənmi?

Taburet bir o yana, bir bu yana sallanır.

 

Taburetin üstündə oturmuş

Çiyindən yarı ayrı bir qol

Ruhunun beli qaşınır.

Əl çatmayan yerdə

Tam bağlı ələ yarı tutulmuş

Barmaq uclarında rəqs edən bir qu quşudurmu?

Bakirəliyini əldən vermiş bir Roma ilahəsimi?

Taburet bir o yana ,bir bu yana sallanır...

 

II

1.

Bir aktyor...

Xəyallarını göy üzünə atır,

Qəhqəhə ilə gülür,

Çəpik çalır, tutur.

Önündə ovuc dolusu səhnə tozu

Əllərini açır və yerə düşəndə yaşanmamış şəkillər çıxardığını seyr etməyə oturur

(Bir boş qrammofon

Musiqisi ağız sularına qucaq açmış toz dənələrinin çağırış səsidir)

Fon səsləri boş səhifədən ibarət,

Tək başına yalqızlıq divarına dayanmış.

Susqunluğa dəyər atmosfer ortaya çıxarır

Ortaq bir sonsuz epizod,

Həm gələcək,

Həm keçmişə...

2.

Yapışdırılmaqdan qaçan iki yarını

İzləməyə çalışır

Əllərini dizlərinə dayayıb.

Diz qapaqlarını qaynar qözlərinə qoyur.

Şəkilləri pozmaq istəmir.

Dizlərinin üstündə bir qab dolusu toz

Və ondakı rəsm isə

Günahdan arınan (günahını artıran)

Təzə doğulmuş ana

Dodaqlarının boyası üzünə yaxılan fahişədən fərqsiz, heyrətdə.

3.

Birləşilməzləri

Yaddan çıxarmamaq üçün

Yalamaqla məşğul

Evlənmiş tozları

Ovuc içində qalan son tər dənələrini

Barmaq uclarını dili ilə

Dilini dırnaqları ilə

Və dırnaqların dişləri ilə təmiz edir

İşarət barmağını qrammofon diskinə sürtür

Sonsuz epizoda bir kat!

Keçmiş və gələcək arasında

Bilinməz sona çatır.

 

III

Cır-cır edir taxtalar

Püflənməyəcək qədər toz var üstümdə. 

Dizlərimdə ola bilər

Bir qrup uşaq mənə sarı qaçırdı.

Səhnəyə çıxmağıma dözə bilmirdilər.

Hoqqa qutuma göz tikmişdilər və mənsə kilidsiz.

Bir xırda pul,

Gözlərini bağla, aç.

İki xırda pul,

Hansını qulaqlarının dalında gizlədim?

Hansını atım göylərə?!

Quş işarətlini qara saçlarının arxasında gizlətdim.

Nə parlaq sırğadır?

Elə bir dovşanı çıxartmalıyam.

Saçları qədər ağzı da qaradır.

Dörd dənə dişi yox idi

Quş işarətlini göyə atıram.

Hansı başmağımı ilk bağlamalıyam?

Bir fırlanır,

Gözlər ona dönür və mən əyilirəm.

Bir əlim sərbəst,

Bir gözüm qızda.

Gülüşləri, dişləri olmayan ağız

İçdən gələn tüpürcəklərinin içi də saçları kimi qara idi.

Əlimin qabarlarına dolur (Bir şeylər becərir)

İki fırlanır.

Balcığımı palçığa basıb, palçığı balcığıma atıram.

Bağcığıma balcığımın palçığı bulaşır.

Dərinliklərinə yendikdən biri təmiz olmayan əllərim ilə bağlayıram.

Örnəyin, mən və mən.

Örnəyin, sən.

Bağcığmı palçıqdan keçirirəm,

Saymazcasına üstümə silirəm.  

Bağlayıram boğazıma yaraşan düyünü saqqallarım ilə,

Palçığı silmək üçün (Silirəm).

Və üç də yerə düşür, saf.

Tələm-tələsik, qutumu aça bilmirəm.

Bir dəstə bibisiz kart,

Yoxdur, heç nə yoxdur.

Ayağımı bəndə qoyub düşürəm.

Önümdə o,

Əli qulağında,

Əlində dovşanım.

Və mən barmaqlarımda sırğa

Məndən gedənsə dörd diş,

Qolumdan qaçan dovşan və

Məndən qalansa onun önündə dörd diş.

 

IV

Boğanın ərimiş buynuzu adına

Dünyam balina dalında sakin bir qayıq

Və mən, məməsiz körpələr kimi özümü onun qucağına atmışdım.

Çılpaq, şıltaq edirdim.

Göz gördüyü qədər dəniz ilə çaxır kəsişirdi.

Dəniz öz içində bir şeylər yaşayır.

Dalğalar bir-birlərinə yaxınlaşırlar. Əlbəttə ki, sənin mənə baxdığın ən son dəqiqələrdə

Qaşların kimi.

Bir masa, iki bardaq, biri boş.

Bir masa, iki səndəl, üç adam, biri yuxuda.

Bardağı doldurub masaya çırpıram.

Bardaq titrəyir, masa titrəyir.

İçirəm,

Bir titrəyiş..., iki titrə..., üç.

Bardağın düzündə limanda Meduza.

Mənə baxır.

Gözlərimin qayıq üstündə Düsməsindən ayaqlarına baxıram və daş olur.

Bir bardaq ona töküb çağırıram.

Baxır, bardağın əyri yansımasından ürəyimə.

Bir titrəyiş daha.

Bardağımda limanı boğuram.

Bir boş səndəl artıqla

Tam olaraq sənin getdiyin gün...

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.