Super User

Super User

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

 

Qürur duyuruq ki, əksər sahələrdə kişilərlə çiyin-çiyinə qadınlar da bacarıqla fəaliyyət göstərir, qurub yaradırlar. Onlar seçilənlərdir və seçilənlərin qədir-qiyməti həmişə bilinir. 

 

Aprelin 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunan qadınlara mükafatlarının təqdimetmə mərasimi keçirildi.

 

Tədbirdə çıxış edən komitə sədri Bahar Muradova Azərbaycan qadınının tarixən ailə dəyərlərimizi qoruyan və inkişaf etdirən, layiqli vətəndaş, eləcə də torpaqlarımızı işğaldan qurtaran igid qəhrəmanlar yetişdirən fədakar analar olduqlarını vurğuladı. B.Muradova milli-mənəvi dəyərlərimizin yaşadılmasında əsas yükün qadınların çiyinlərinə düşdüyünü, xalqımızın tarixən maarifpərvər və bacarıqlı xanımlarımızla qürur duyduğunu dedi. 

Ümummilli Lider Heydər Əliyevin qadınları hər zaman yüksək qiymətləndirdiyini, onların ailədə, cəmiyyətdə, dövlət həyatındakı yerinə özünəməxsus münasibəti olduğunu xatırladan komitə sədri Ulu Öndərin qadın siyasətində qoyduğu ənənələrin bu gün də davam etdirildiyini diqqətə çatdırdı. 

“Heydər Əliyev İli” çərçivəsində reallaşdırılan layihələrdən söz açan B.Muradova Azərbaycanın ötən il əldə etdiyi bir çox nailiyyətləri xatırlatdı, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərdən sonra ölkəmizin yeni-yeni uğurlara imza atdığını, antiterror tədbirləri nəticəsində öz suverenliyini, ərazi bütövlüyünü bərpa etdiyini bildirdi. Komitə sədri qələbə ruhunda keçirilən ilk prezident seçkilərinin nəticələrini Ulu Öndərin irsinə sadiqliyin göstəricisi adlandırdı. Əlavə etdi ki, bütün bu proseslərdə, eyni zamanda, yaxın gələcəkdə Qarabağa qayıdışın təmin olunmasında qadınlarımızın rolu danılmazdır.

Prezidentin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikdə “Xalqımız hər zaman qadınlara çox böyük hörmət, ehtiram bəsləmiş, ana haqqını üstün tutmuşdur” fikrini xatırladan Bahar Muradova ölkəmizin hazırkı dövlət qadın siyasətinin bu zəmin üzərində inkişaf etməkdə olduğunu dedi. 

Sonda komitə sədri təltif olunan qadınları təbrik edib, Prezidentin imzası ilə dövlət mükafatı almağın şərəf, qürur və məsuliyyət olduğunu, onların medalı ləyaqət və fəxarətlə daşıyacaqlarına inandığını bildirdi.

Daha sonra Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözünü demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan qadınlara Prezident təltifləri təqdim edildi. 

Mükafatlandırılan qadınlar çıxışlarında qalib ölkənin vətəndaşları kimi təltif edilmələrinin qürurverici olduğunu söylədilər. Bu təltifi fəaliyyətlərində şərəfli bir səhifə kimi qiymətləndirərək, Azərbaycan qadınlarına göstərdiyi diqqət və etimada görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, etimadı doğruldacaqlarını, Vətənimizə, millətimizə sadiq olacaqlarını vurğuladılar. 

Onu da qeyd edək ki, təltif olunan qadınlar arasında "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert Natəvan Dəmirçioğlu da var. "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri Natəvan Dəmirçioğlunu "Tərəqqi" medalı ilə təltif olunması münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırlar.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Çərşənbə, 17 Aprel 2024 17:00

BİR SUAL, BİR CAVAB Əkbər Qoşalı ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

 

“Bəlkə də, bir gələn var,

  Gözlərim yol çəkir, yol;

  Ölü dillər kimiyəm,

  Sözlərim yol çəkir, yol...

   

   Göy ulu, yer yağızdı,

   Hər dua bir ağızdı;

   Bu - qələm, bu - kağızdı,

   Özləri qol çəkir, qol”... 

   (Ə.Qoşalı)

 

Dəyərli Əkbər bəy, şeir yazarkən, "Kağız və qələmin sehri böyükdür" deyib ruhunuzun pıçıltılarını qələmə söyləyirsiniz, yoxsa, deyəcəksiniz ki, "Əbülfəzqızı, indi zaman dəyişib, düymələri sıxmaqla, müasir texnika ilə yazıram"?

 

CAVAB

-Əbülfəzqızı, söyləşimizin “Bismillah”ını şeirlə başladığınız üçün də, bu sualınız üçün də öncədən sizə əsənliklər diləyir, gün ağlığı arzulayıram! Bilirsiniz, şeirin hansı texnika, texniki dəstək və ya avadanlıqla yazılması, bəlkə, bir o qədər də önəm daşımır. Axı, biz qələmlə yazmağa alışıq olsaq da, qələmdən öncə lələk olub, lələkdən öncə bir başqa nəsnə olub... üstəlik, hələ “qələm” şərti adı ilə tanıdığımız əşyanın özü çox fərqli formalarda olub, necə deyərlər, inkişaf yolu keçib. Yaradıcı insanlar yazıdan öncə də olub, əlbət; əlbəttə, onlar öz hiss-həyəcanlarını şifahi olaraq bölüşüb və ağız ədəbiyyatı da belə başlayıb hər halda. Hər halda sözdən də, yazıdan da öncə səs olub – sonra sözlər səslərin, başqa sözlə, müəyyən ahəngə, ritmə malik musiqinin müşayiəti ilə dinləyicilərə çatdırılıb. “Oxu!” əmrindən öncə, “Dinlə!” olub, “Düşün!” olub, “Özün özünü dərk et!” mənəvi buyruğu olub, elə deyilmi? Uzun sözün qısası, yazı icad olub, yazanlar, oxuyanlar təsirli dərəcədə çoxalıb, yazmaq-oxumaq yayğınlaşıb ki, artıq İlahi buyruq da, “Oxu!” şəklində təcalla edib. Ancaq bu, digər mənəvi, ilahi buyruqları sıradan çıxarmayıb.

Beləliklə, bilgisayarların icadı, yazı şəklinin yeni forma və texniki məzmun qazanması da digər yazı şəkillərini tam sıradan çıxarmayacaq. Bax, Səmərqəndi, Buaxaranı ziyarətə gedərkən, əski əlifba ilə yazan, başı qaragül papaqlı xətattalara ödəniş edib, adımızı, yaxud istədiklərimizin adını yazdırmırıqmı? Yəqin, 20-30 il öncəki yazı şəkilləri də bir qədər sonra, sanki ekzotikaya çevriləcək, muzey predtmetinə dönüşəcək; ancaq insanlar ona can atacaq, onu unutmayacaq, ona yeni anlamlar yükləyərək yaşadacaq...

Sualınızdan çox uzağa düşmədən, deyim: doğrudur, son illər, əsasən bilgisayr klaviaturasına barmaq vurur, ağ ekrana qara hərflər düzür, o hərflərin ifadə etdiyi sözləri, o sözlərin şəkilləndirdiyi cümlələri, misraları bəndlərə, ağ şeirlərə, aydın hekayələrə daşıyıram; lakin hər dəfə mənə elə gəlir, tam ürəyim istəyən alınmır, enerji itkisi olur... Sanki qara qələm ağ kağıza enincə enerji itkisi çox daha az olurdu...

Nə bilim... Aşıq Veysəl demiş,

“Uzun, incə bir yoldayız,

Gediyoruz gündüz-gecə”...

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Çərşənbə, 17 Aprel 2024 16:30

TOP 10. Yazı yazmaq barədə maraqlı faktlar

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə sizlərçün “Yazmaq barədə 10 maraqlı fakt” təqdim edəcəyəm. Düşünürəm  ki, tək ədəbiyyatsevərlər üçün deyil, hamı üçün bu faktlar maraqlı olacaq. Hamı kitab oxumur, amma hamı mütləq yazır. Hətta əvvəllər işi-gücü ancaq yazmaq olan anonimçilərə də rast gəlinirdi. Lətifəsi sizsən uzaq.
Beləliklə, bud a faktlar.

 

1. Ən qədim yazının 5500 yaşı var;

2. Aqata Kristi əslində asanlıqla yaza bilmirdi, yəni yazmaq vərdişi onda cüzi idi;

3. Con Steybek gündə 60-a qədər qələm istifadə edirdi;

4. Yaradıcı yazıçıların dominant beyin yarımkürəsi yoxdur;

5. Yaradıcı yazı peşəkar atletikaya bənzəyir, yəni bu qənaətə gələn mütəxəssislər məhsuldar beyin gərilməsi ilə məhsuldar əzələ gərilməsini eyniləşdirirlər;

6. İntrovertlər (daxili dünyasına yönəli insanlar) ən yaxşı yazıçı olurlar;

7. Yazıçı blokunun olması normaldır;

8. Tələbə yazıçılar kənar perspektivdən daha çox faydalana bilirlər;

9. İngilis dili daim dəyişir və təkmilləşir, ingiliscə yazanların perspektivi də iki dəfə digərlərininkindən artıq olur;

10. Yazıçıların qəribə vərdişləri olur və əksərən bu  vərdişlər digər sahələrdə çalışanlara xas olmur.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Çərşənbə, 17 Aprel 2024 15:30

Ruhumuzun təbiəti

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Hələ yay gəlməmiş, yazda mart-aprel aylarında səhər oyanıb görərsən ki, hava çox istidir, nazik geyinib gəzərsən.  

Sonra axşam çağı mövsüm özünü göstərər, Günəş batıb hava qaralanda axşama doğru bir də baxarsan ki, hava soyuyub, üşüyərsən. Hüznlü bir ürpərti sarar vücudunu. Əllərini çarpazlayıb qollarını ovuşdurar, axşamın boz-bulanıq alatoranında üfüqdə uzaqlara dalar düşüncələrin.  

Ruhumuzun təbiəti də eyni ilə belədir, bəzən məşğul olarsan, məşğuliyyətlər başını qatar.  

Keçdi deyərsən, bax hər şey yaxşıdır deyərsən. Deyib, gülüb, danışarsan.  

Bir anlıq hər şey unudular bəzən, amma bir anın içində də, hər şey yada düşər yenidən.. 

Sonra bir anın içində durduq yerə axşam çağı çökən o soyuq hava kimi, bir hüzün çökər üzərinə, qəlbin, nəfəsin daralar sanki. O an yediyin yemək, ya içdiyin çay düzülər boğazına. Gülüşün donub qalar üzündə və köks ötürər, ağırlığ çökər içinə.  

Özün də fərqində olmadan saxta gülüşlər saçdığın qələbəliyin içində, xatırlamağın, ya bəlkə də fərqinə varmanın verdiyi məyusluqla ruhunun bir küncünə çəkilib düşünərsən.. 

“Nə keçdi? Hara keçdi? Kimi aldadıram mən” deyərsən öz-özünə... Hətta bəzən “mənim burda nə işim var?” deyərsən..

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günü ilə  bağlı “Məhərrəm İbrahimovun doğum günüdür” adlı paylaşım edib. 

“Ədəbiyyat və incəsənət” mətni diqqətinizə çatdırır:

 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) müxbiri, şəhid jurnalist Məhərrəm Əli oğlu İbrahimovun doğum günüdür (16.04.1982, Ardanış, Çəmbərək, Göyçə – 04.06.2021, Susuzluq, Kəlbəcər).

 

Uzun müddət cəbhəboyu bölgələrdə ezamiyyətlərdə olan, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil edilən təlimlərdə iştirak edən, Aprel döyüşlərində, Tovuz döyüşlərində, II Qarabağ müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimov hərbi jurnalist kimi zəngin təcrübəyə yiyələnmişdi. 

O, öz təcrübəsini digərləri ilə həvəslə bölüşürdü. 

Peşəkar hərbi jurnalist Məhərrəm İbrahimov mötəbər auditoriyalarda silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla #media nümayəndələri arasında qarşılıqlı bağlar və birgə çalışmaların təşkili, o cümlədən dezinformasiya və saxta xəbərlərin psixoloji təsiri ilə bağlı mühazirələr oxuyub. 

Jurnalist "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif edilib. 

İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirərkən Ermənistan silahlı qüvvələri mənsublarının basdırdığı minaya düşərək həlak olan Məhərrəm Əli oğlu İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin 14.06.2021-ci ildə imzaladığı Sərəncam əsasında "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

Sayğılarla anırıq.

Ruhu şad olsun!

 

Azərbaycan Respublikası 

Milli Məclisinin Mədəniyyət Komitəsi

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Çərşənbə, 17 Aprel 2024 15:00

Eyni kök, eyni göyüzü… -FAZİL MUSTAFA YAZIR

“Ədəbiyyat və incəsənət” portalı millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın Azərbaycan - Qazaxıstan dostluğundan bəhs edən “Eyni kök, eyni göyüzü” məqaləsini təqdim edir. 

 

Azərbaycanın 44 günlük (II Qarabağ) müharibəsində qələbəsi bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlar yalnız 2020-ci ildə, yalnız Qarabağda, Azərbaycanda və hətta Qafqazda qalmadı, daha geniş coğrafiyaya, o cümlədən Türk dünyasına sirayət etdi. Ortaq əcdadımızın Yer üzündə barışın, əmin-amanlığın qurulması sahəsindəki irsini, mənəvi-mədəni təcrübəsini günümüzə daşıyan türk dövlətləri Azərbaycanın uğurunu da, öncəki illərdə kədərini bölüşdüyü kimi bölüşdü. Bu bir qardaşlıq düsturudur: kədəri bölüş - azalsın, sevinci (uğuru) bölüş – çoxalsın! 

Azərbaycan alimlərinin ünlü sözü ilə desək, “Ortaq keçmişdən ortaq gələcəyə!” gedirik. Bu yolda bizim  əsas istinadgahımız, əsas dayağımız Türk Dövlətləri  Təşkilatdır (TDT). TDT-yə üzv dövlətlərlə, ümumən türk ölkə və topluluqları ilə işbirliyi Azərbaycanın çox önəm verdiyi əməli fəaliyyət sahəsidir. İlham Əliyev bu il fevralın 14-d Milli Məclisdə Azərbaycan Prezideni olaraq and içərkən Türk dünyasının birlik-bərabərliyinə xidmət edən önəmli ismarıclar verdi. Prezidentin “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləri artıq bir aforizmə çevrilib, siyasi-diplomatik formul kimi qəbul görməkdədir. TDT üzvləri ilə, ümumən Türk dünyası ilə mövcud bağları daha da gücləndirmək, işbirliyini bütün əməli fəaliyyət sahələri  üzrə genişləndirmək Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətidir. 

Xəzərin o tayındakı qardaş ölkəmiz Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana növbəti dövlət səfərinin mənəvi əsaslarını gözardı etmədən, bu səfərin ciddi siyasi, iqtisadi, mədəni önəm daşıdığını vurğulamalıyıq. 

Azərbaycan və Qazaxıstan Prezidentlərinin Bakıda birgə mətbuat konfransında vurğulandığı kimi, son ilyarım içində Prezident İlham Əliyevin Qazaxıstana dörd dəfə, Qazaxıstan Prezidentininsə bu müddət içində üç dəfə ölkəmizə səfəri olub, il içində daha iki səfər də planlaşdırılır. 

Üstəlik, Azərbaycanla Qazaxıstan arasında son ilyarım içində 40 önəmli sənəd imzalanıb. Bax, bu qədər yüksək səviyyəli bağlar, son illərdəki intensiv səfərlər, sıx fikir mübadilələri Prezident İlham Əliyevlə Prezident Kasım-Jomart Tokayevin yüksək səviyyəli dostluq, səmimi qardaşlıq münasibətlərinin təntənəsidir. Bu isə öz növbəsində, xalqlarımızın eyni kökdən gəlib eyni göyüzünə budaqlanmasının rəhnidir. - Yəni, arxalandığımız irsin, gələcək nəsillərə göstərdiyimiz yolun yüksək ifadəsidir.

 

“Mən həmkarımı Qazaxıstanın sosial-iqtisadi inkişafda, iqtisadiyyatın davamlı artmasında, beynəlxalq məsələlərdə nüfuzunun daim yüksəlməsində əldə olunan nailiyyətlərə görə təbrik etdim. Bu, bizim üçün çox mühümdür, qardaş xalqla qürur duyuruq. Çünki bu gün Qazaxıstan beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malikdir. Biz buna ürəkdən sevinirik”. - Bu sözləri Prezident İlham Əliyev Qazaxıstanlı həmkarı ilə birgə mətbuat konfransında (11.03.2024, Bakı) dedi. Bəli, doğrudan da, Qazaxıstana hər səfərdə dəyişikliklərin şahidi oluruq. Astana xəritədə Avrasiyanın coğrafi mərkəz şəhəri kimi görünməklə qalmayıb, qardaş qazax xalqının qurub-yaratmaq eşqinin, şəhərsalma mədəniyyətinin də təntənəsidir. Astana böyük Qazaxıstanın zəngin mədəni irsinin, üfüqügenişliyinin, xeyirxahlığının parlaq ifadəsidir. Çünki bu şəhərdən beynəlxalq aləmə barış, beynəlxalq hüquqa hörmət, özünəgüvən ismarıcları dalğalanır, yayılır. Çünki bu şəhər Türk dünyasının ən cavan paytaxt şəhəri olsa sa, böyük düşüncəkidir, ümidverən, inamaşılayandır. Beynəlxalq Türk Akademiyası Astanada yerləşir; Astanada alınan qərarlar Türküstan şəhərinin (bölgəsinin) inkişafına yeni fəsil açıb. - Türküstan Türk dünyasının ruhani mərkəzidir.

Ortaq türk qurumlarından ikisisə Bakıda yerləşir: TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu.

Biz də Milli Məclisin Mədəniyyət Komitəsi olaraq, qardaş ölkələrimizlə, o cümlədən Qazaxıstanla mədəniyyət, sənət, mədəni irs, müvafiq kateqoriyalar üzrə qanunvericilik təcrübəsinin mübadiləsində maraqlıyıq, belə imkanlarına görə şadıq. 

Çox şadıq ki, Qazaxıstan Prezidenti də Bakıdakı mətbuat konfransında mədəniyyətə xüsusi vurğu etdi:

 

“Strateji tərəfdaşlığımızın mədəni-humanitar tərkibi üzrə əməkdaşlığımızı da xüsusi qeyd etmək istəyirəm. Bu, xalqlarımızın yaxınlaşması baxımından çox mühümdür. Biz Azərbaycan tərəfinə Qazaxıstan mədəniyyəti günlərinin yüksək səviyyədə keçirilməsinə yaradılan lazımi şəraitə və səmimi qəbula görə minnətdarıq. Biz də Azərbaycan mədəniyyət xadimlərini ölkəmizdə səbirsizliklə gözləyirik və bu tədbirin uğurla keçəcəyi heç bir şübhə doğurmur, çünki Azərbaycan mədəniyyətinə maraq hər zaman vardır. Düzünü söyləmək lazımdır ki, Qazaxıstan xalqı sizin mədəniyyətinizdən ötrü darıxıb və Azərbaycan mədəniyyət xadimlərini böyük məmnunluqla qarşılayacaq”.

 

İnsanın və cəmiyyətin inkişafının çağdaş səviyyəsi, insanın yaratdığı, nəsildən-nəsilə ötürdüyü maddi -mənəvi dəyərləri, bir sözlə, insan əli, ağlı və ruhi gücü ilə yaradılmış bütün pozitivlər mədəniyyət adlandırılır. Əgər qardaşların dostluğundan, qardaşlıq mədəniyyətindən, işbirliyindən danışırıqsa, mədəniyyət özünəxas mövqe qazanmağı haqq edir. Bu, artıq mədəniyyətlərin qardaşlığından ötə hadisədir. Bakı və Astana, Şuşa və Türküstan, Gəncə və Almatı… sivilizasiyalar, mədəniyyətlərarası dialoqun ocağı, mədəniyyət bayrağı ucaltmış şəhərlər kimi çıxış edirsə, bizim sözümüzə sübut axtarmağa ehtiyacımız yoxdur.

Bəli, biz “ortaq keçmişdən ortaq gələcəyə” gedirik. 

Yolumuz açıq, qardaşlıq bayrağımız uca olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

 “Ədəbiyyat və incəsənət” portalı ÖTƏN İL BU GÜN “Aktual mövzular” rubrikasında Aygün Əzizin Abşeronun ən iri yaşayış massivləri olan Bakı və Sumqayıtın içməli su ilə təchizatı problemindən bəhs edən yazısını təqdim etmişdi. Və oxucularını da xəbərdar etmişdi ki, üzümüzə gələn yay mövsümündə daim özlərinə içməli su ehtiyatı görsünlər.

İndi biz xatırlayırıq, yayda su qıtlığı elə də hiss edilmədi. Amma mövzu bu il üçün də aktualdır.

 

 

Bakının və Sumqayıtın su dərdi

 

Məlumdur ki, Bakının, eləcə də Sumqayıtın bəzi ərazilərində içməli su qrafiklə verilir. Rəsmi qurumlar bunu mənbələrdə suyun azalması ilə əsaslandırır. Mütəxəssislər isə çıxış yolu olaraq su təminatı sistemində innovativ yanaşmaların tətbiqini zəruri hesab edirlər.

Azərbaycanda su qıtlığı ilə bağlı həyəcan təbili çalınır. Artıq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Bakıətrafı ərazilərə suyu qrafiklə verir.

Qeyd edək ki, bir neçə il əvvəl əsas hədəflərdən biri Bakının fasiləsiz su təminatı ilə bağlı maksimum nəticə əldə etmək idi. 8 il öncə Bakının 60, 2021-ci ildə isə 80 faizi fasiləsiz su ilə təmin edilirdi. Hətta yaxın illərdə bu göstəricinin 100 faizə çatacağı proqnozlaşdırılırdı. Fasiləsiz su təminatı ilə bağlı paytaxtda yaşayış binalarının damlarında sakinlərə məxsus su çənləri də yığışdırılmışdı. 

Çox yox, 2 il sonra yenidən Bakı və Bakıətrafı ərazilərə suyun qrafiklə verilməsinin səbəbi nədir? Su problemi nə qədər davam edəcək?

 Bizi nə gözləyir?

 

Ənənəvi mənbələrdə su azalıb

 

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyir ki, qurum, su az olduğu üçün Su Komissiyasının qərarına əsasən, bəzi ərazilərdə qrafik rejimlər tətbiq etməyə məcbur qalıb: "Abşeron yarımadasının mənbələrindən götürdüyümüz suyu ötən ilin eyni günü ilə müqayisədə təxminən saniyədə 1 kubmetr azaltmışıq. Azalma nəticəsində bəzi ərazilərdə su tənzimlənir, qrafiklə verilir. Bunun səbəbi isə Taxtakörpü su anbarında, Samur çayında suyun azalmasıdır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyir ki, son illərdə Kürün hövzəsinə düşən yağıntının azalması nəticəsində su problemi müşahidə edilir. Onun sözlərinə görə, son 10 ildə bu azalma özünü daha çox büruzə verir: "Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə 5 istiqamətdə ekspedisiya təşkil edilib. Dağlıq ərazilərdə qar ehtiyatları müəyyən ediləcək. Eyni zamanda "Azərkosmos"dan peyk təsvirlərini də əldə edib ümumi təhlillər aparacağıq. Martın sonunda qarşıdakı dövrdə sululuq səviyyəsi ilə bağlı proqnoz veriləcək".

 

Vətəndaş məsuliyyəti də olmalıdır

 

Nazirlik rəsmisi vurğulayır ki, su qıtlığı ilə mübarizədə istifadəçilərin də üzərinə məsuliyyət düşür: "Hər kəs sudan səmərəli istifadə etməlidir. Hər hansı bir yerdə su axarkən buna biganə qalmamalı, hər birimiz bunun qarşısını almağa çalışmalıyıq. Vətəndaş məsuliyyəti olmalıdır".

 

Kürün suyu quruyur

 

Ekoloq Rövşən Abbasov su çatışmazlığının kökündə bir neçə amilin dayandığını deyir. Buraya həm təbii, insan amilləri, həm də idarəetmə amilləri daxildir: "Ölkənin 70 faizdən çox su ehtiyatları Kür və Araz çayları hesabına formalaşır. Bu çaylar xarici ölkələrin ərazisindən Azərbaycana gəlir. Türkiyədə, Gürcüstanda, Ermənistanda çoxlu su bəndləri tikilir. Azərbaycan ərazisinə gələn çaylar su bəndləri vasitəsilə saxlanılır və öz ərazilərində istifadə olunur. Bundan əlavə, iri şirkətlərə məxsus minlərlə hektar ərazi bu çaylar vasitəsi ilə sulanır. Nəticədə Kürün suyu qurumaq həddindədir".

 

Mənbələrdən götürülən suyun 40-50 faizi itkiyə gedir

 

Mütəxəssis deyir ki, problemin həlli üçün ilk növbədə Kürdə suyun azalmasının qarşısı alınmalıdır: "Kürdən su götürülməsinin səviyyəsi azaldılmalıdır. Digər mənbələr daha effektiv istifadə olunmalıdır. Bizim mənbələrdən götürdüyümüz suyun 40-50 faizi itkiyə gedir. Bu göstəricinin azaldılmasına nail olmalıyıq. İtkilər əsasən kənd təsərrüfatında baş verir. Köhnə suvarma metodlarından hələ də istifadə edilir. Torpaq kanallar beton və boru kanallarla əvəzlənməlidir. Bundan əlavə, Kürdən götürülən suyu azaltmaqla bağlı Azərbaycan qonşu ölkələrlə razılığa getməlidir. Bu razılaşmalar üçün hökumət hərəkətə keçib. Tədricən müəyyən həllərə nail olunacaq".

 

Niyə yeni üsullardan istifadə edilmir?

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Aqşin Kərimov isə içməli su probleminin həllini yağış sularından istifadədə görür. Mütəxəssis deyir ki, Bakı ərazisində su xətləri, borular təmirsiz, baxımsızdır: "İstanbulda yağış sularından istifadə olunur, lakin bu üsul Azərbaycanda tətbiq edilmir. Bundan əlavə, Bakıda yeni binalar tikilir. Müasir mühəndislik təklifi ilə yeni binalarda məişətdə yağış sularından istifadə etmək olar. Bizdə isə hər yerdə içməli su sərf edilir. Təsəvvür edin, "moykalar"da nə qədər içməli su israf olunur. Bu istifadəyə su dayanmaz. Bundan əlavə, gəlin baxaq, bizim su boruları nə vəziyyətdədir? Əgər bu borular təzə olsa, su itkisi çox azalar". 

 

Sutəmizləmə məntəqələrimiz lazımı səviyyədə istifadə olunmur

 

Mütəxəssis deyir ki, çirkli suların təmizlənərək suvarmada, sənaye müəssisələrində istifadə olunması Azərbaycanda da var, lakin istənilən səviyyədə deyil: "Taxtakörpü su anbarında suyun səviyyəsinin qaldırılması ilə bağlı fikirlər səsləndirilir. Qaldırılsa da, bu, müəyyən müddət olacaq. Yenə həmin problemlə qarşılaşacağıq. Ən müasir sutəmizləmə məntəqələrimiz var, amma lazımı səviyyədə istifadə olunmur. Yollarda su xətlərinin "partlaması" ilə çox rastlaşırıq. Verilən suyun 40 faizi itkiyə gedir. Həll yolu respublikada yağış sularından istifadə etmək və su borularını yeniləməkdir".

 

 “Ədəbiyyat və incəsənət”

(17.04.2024)

 

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

 

Titr yazı. Bakı. 14 noyabr. 1918-ci il.

Nuru paşanın qərargahı qarşısında dayanmış Qafqaz İslam Ordusunun əsgərinə yaxınlaşan ingilis nümayəndə heyəti...

Arxa fonda binanın qarşısında dayanmış ingilis hərbi maşını görünür...

Maşının üstündə ingilis bayrağı dalğalanır.

Qafqaz İslam Ordusunun əsgəri küləyin dalğalan­dırdığı bayrağa baxır...

Heyətin başçısı keşik çəkən əsgərə hərbi təzim edir.

Sonra əlindəki məktubdan ona müraciəti oxuyur.

İngilis zabiti:

– Mən ingilis zabiti Alan Constonam. Ənzəlidə yerləşən ingilis hissələri komandanı general Tomso­nun adından Nuru paşaya xəbərdarlıq etməyə gəlmişəm. Biz yeni qurulmuş Azərbaycan hökumətini tanımırıq. Osmanlı ordusunun Bakıdakı komandanı kimi sizə rəsmi müraciət edirik. Bakıda olmağınız müqa­vi­lələrə ziddir. Osmanlı dövlətinin özündə də bunu anla­yanlar var. Bu gün Bakını tərk etməsəniz, noyabr ayının on yeddisində şəhəri işğal edəcəyik. Osmanlı dövlətinin iştirak etdiyi döyüş cəbhələrində yaranmış son vəziyyət bizə bu addımı atmağa imkan verir. Bunu bilməmiş deyilsiniz...

Bayaqdan bəri başını aşağı salmış Conston qərar­gah qapılarının açıq olduğunu görür...

Alan Conston binaya daxil olub pillələrlə yuxarı qalxır.

İkinci mərtəbədə onu gözləyən Qafqaz İslam Ordusunun daha bir əsgəri Constonu hərbi salamla salam­layır.

Conston Nuru paşanın otağına daxil olur.

Nuru paşa iri masanın arxasında oturub.

Masanın üstündə əsgəri sxemlər, müxtəlif sənədlər görünür...

Nuru paşa Alan Constona yer göstərir.

Alan Conston ayaq üstə dayanıb əlindəki məktubu Nuru paşaya uzadır.

Nuru paşa məktubu alıb oxuyur...

Araya sükut çökür... Sükutu Nuru paşa pozur:

– Mən Osmanlı ordusundan istefa vermişəm. Azər­bay­can dövlətinin müdafiə naziriyəm. Bakıdakı Os­manlı qoşunla­rının komandanı indi Mürsəl paşadır. Bu məktubu ona verin, mənə yox.

Alan Conston: – Cənab komandan, Azərbaycan hökuməti oyuncaq hökumətdir.

Bu sözləri eşidən Nuru paşa hirslənib ayağa qalxır.

Nuru paşa: – Oyuncaq hökumət bu qədər itki verib qələbə əldə edə bilməzdi. Azərbaycan xalqı qanıyla dövlət qurub və sizlər bu dövləti tanımağa borclusunuz. Bura onların ölkəsidir, bunu birdəfəlik anlayın.

Alan Conston: – General Tomsonun adından sizi xəbərdar edirəm: noyabr ayının on yeddisinə qədər Bakını tərk etmə­səniz, şəhəri işğal edəcəyik.

Nuru paşa: – Bunu Azərbaycan hökuməti ilə həll edin. Mən hökumətə tabe olan əsgərəm. Əmr etsələr, Bakını müdafiə edəcəm. Desələr, sizə hücum edəcəm. Mən siyasətçi deyiləm.

Alan Conston: – Siz çox böyük siyasətçisiniz, cənab Nuru paşa. Başa düşürəm, Azərbaycan hökumətini İngiltərəyə tanıt­maq istəyirsiniz. Amma bir həqiqəti unutmayın: Bakı heç vaxt sizin olmayacaq. Buna icazə verməyəcəyik. Türk ağalığı bu əsrdə bitdi.

Alan Conston hirslə çevrilib otaqdan çıxır...

Nuru paşa fikirli-fikirli pəncərəyə yaxınlaşır...

Pəncərədən eşiyə baxan Nuru paşa...

Pəncərədən dolanbac Bakı küçələri görünür... Kü­ləkli bir gündür... Möhkəm xəzri əsir... Orta yaşlı çarşablı qadın azyaşlı uşağının əlindən tutub üzü küləyə gedir. Külək uşağı qadının əlindən zorla almaq istəsə də, qadın uşağının əlindən bərk-bərk tutub buraxmır...

Nuru paşa küləklə mübarizə aparan qadına bir qədər baxandan sonra masanın üstündəki telefona yaxınlaşır...

Nuru paşa telefon dəstəyini qaldırır.

Nuru paşa:

– Məmməd Əmin bəylə calaşdır... Gün aydın... İngilislər mənimlə danışmağın mənasız olduğunu anlayıb, Azər­­­baycan hökumətini tanıyacaqlar. Onlar bunu edən kimi Azər­baycan ordusu ilə Osmanlı his­sələrini Güzdəkə çəkəcəm. İn­gilislər Bakıya tək girməyəcək. Ayın on yeddisində Biçera­xo­vun atlı kazakları ilə iki yüzə yaxın erməni əsgəri də şəhərə daxil olacaq. Sizi ingilislərin əliylə qoruyacam. Ölkəni bütöv edib sizə təhvil verəcəm. Lənkəranı, Muğanı da ingilislərə milli hökumətin əraziləri kimi tanıdacam. Sizi ruslardan qorumağı da onlardan tələb edəcəm. Osmanlı cəbhədə güc­lənib sözünü deməsə, işlər ağır olacaq. Yeddi cəbhədə döyü­şürük. Tökdüyümüz qanların, verdiyimiz şəhidlərin hədər olmadığına inanıram. Bakını tərk etməyə məcbur olsam da, döyüş davam edir, bəy.

Nuru paşa dəstəyi asıb ayağa qalxır...

Nuru paşa yenə pəncərəyə yaxınlaşıb eşiyə baxır...

Xəzri əsməyindədir...

Bir qədər əvvəl pəncərədən görünən çarşablı qadın ilə uşağı hələ də küləklə əlləşir...

Külək uşağın əlini anasının əlindən ayırıb...

Uşaq güclü xəzri küləyi ilə təkbaşına mübarizə aparır...

Külək onu irəliləməyə qoymur...

Çarşablı qadın külək altında irəliyə deyil, uşağına tərəf addım atmağa çalışır...

Küləyin qaldırdığı tozanaqdan onlar bir-birinin üzünü görə bilmirlər...

Külək vurub çarşablı qadını yerə yıxır...

Uşaq küləyin səngiməsini gözləyib anasına doğru qaçır.

Uşaq çətinliklə ayağa qalxmağa çalışan anasının qolun­dan tutub kömək etməyə çalışır.

Pəncərədən bu səhnəni izləyən Nuru paşanın üzü sərtləşir.

Nuru paşa hirsindən pəncərə şüşəsini yumruqları ilə qırır...

 

 “Ədəbiyyat və incəsənət”

(17.04.2024)

 

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizlərə abituriyentin uğur formulunu təqdim edirik. Bu formul var və özünü həqiqətən də doğruldur.

 

Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.

Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.

 

             

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Orta məktəbdə oxuyanda riyaziyyatla maraqlansa da, günlərin birində Lev Tolstoyun “Sergi ata” əsərini oxuyur. Və bu əsər onu özünə valeh edir. Çox düşünüb daşınandan sonra qərara gəlir ki, yazmağa başlasın. Yazır, amma hiss edir ki, onda nəsə çatmır. Anlayır ki, mütaliəsi zəifdir, çox əsər oxumalıdır, dünya yazarlarını dərindən mütaliə etməlidir...

 

Haqqında söhbət açmaq istədiyim yazıçı İlham Əziz 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd məktəbində orta təhsilə yiyələnib. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbində oxuyub. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. Bir müddət Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə isə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bir il sonra öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi bizneslə məşğuldur. Hazırda "Karizma Tradiq" şirkətinin direktorudur. Eyni zamanda 2017-ci ildə ''İlham Əziz'' imzası ilə ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazıları ilə çıxış edir. Bir neçə kitabın müəllifidir...

 

Deyir ki,- “Cavan yaşından Maliyyə Nazirliyində mühüm vəzifə tuturdum, istefa verib şəxsi biznesimi qurmağa başladım. Çünki dövr, zaman dəyişmişdi, kapitalizm münasibətləri formalaşırdı. Kapitalizmin isə məlumdur ki, sərt qayda-qanunları var, sovet dövrünə öyrəşmiş insanlar üçün yeni qaydalara uyğunlaşmaq çətindir. Bəziləri hələ də düşünür ki, şair və yazıçıları dövlət dolandırmalıdır. Sovet hökuməti yazı-pozu adamlarından, ümumiyyətlə yaradıcı insanlardan təbliğat aparatının ruporu kimi istifadə edirdi və təbii ki, onların dolanışığı üçün də ciddi addımlar atırdı, diqqət göstərirdi. Kapitalizmdə münasibətlər sözsüz ki, fərqlidir, rupora ehtiyac qalmır. Təbii ki, bugünkü mövqeyimdən razıyam, hekayələrim oxunur, ədəbi aləmdə müzakirə və tənqid edilir. Bu gün ədəbiyyat aləmində seçilmək, Saday Budaqlı, Mahir N.Qarayev, Etimad Başkeçid, Salam Sarvan, Fəxri Uğurlu, Şərif Ağayar, Varis, Mübariz Örən kimi ciddi imzaların çiynindən boylanmaq, onların ədəbiyyat süfrəsində yer tutmaq asan məsələ deyil, çünki orda çox sıxlıqdır. Ədəbi prosesi yaxından izləyənlər yəqin ki, dediklərimi təsdiqləyər. Bir məsələni də deyim ki, bizim ədəbi mühit çox ədalətlidir, 45 yaşında yazmağa başlayan İlham Əzizi qəbul edibsə, deməli, istənilən istedad qəbul oluna bilər. Yetər ki, ortada gözəl mətn olsun...”

 

Çox sadə adamdır. Heç vaxt yekaxanalıq edib özünü təkəbbürlü göstərmir. Ünsiyyətdə mehriban, davranışında mədənidir. Hansı sözü harada işlətməyi yaxşı bilir. Dəqiqliyi xoşlayır, bəlkə də bu onun riyazi vərdişlərindən irəli gəlir…

 

“Hesab edirəm ki, dövlət quruculuğunun əsas elementlərindən biri sayılan milli burjuaziya formalaşmalıdır. Gəlin açıq danışaq, bu gün Azərbaycanda necədir? Biznes mühitində ayrı-ayrı siyasi adamlar ciddi şəkildə iştirak edirlər. Adətən belə hallar yeni qurulan dövlətlərdə olur, zaman keçdikcə inanıram ki, Azərbaycan da oturuşmuş ölkələr kimi siyasi adamlar biznes mühitindən çəkiləcək, həmin yeri milli burjuaziya nümayəndələri, orta təbəqəni təmsil edən iş adamları tutacaq. Düşüncə sahiblərinin pul qazanmaq vaxtı gəlib çatacaq. Adi bir misalla fikrimi izah etməyə çalışım, bütün Qafqazda ən böyük ticarət mərkəzi sayılan “Binə” ticarət mərkəzində elə bir dövr olub ki, adını düz-əməlli yazmağı bacarmayan, vurma cədvəlini bilməyən adamlar Çindən, İrandan mal gətirərək yaxşı pullar qazanıblar, çünki o vaxt nə gətirirdinsə satılırdı. Amma indi bazarı öyrənmədən, marketinq işlərini bilmədən, gömrük, vergi ilə bağlı qanunvericiliyindən xəbərdar olmadan pul qazana bilməzsən...”- söyləyir.

 

AYB-yə üzv olmaq onun uşaqlıq istəyi olub. Ordakı simaları Azərbaycan ədəbiyyatının lokomotivləri hesab etdiyindən, AYB-ni bir qurum kimi dəyərləndirir. Düşünür ki, bu gün dövlət ədəbiyyat siyasətini bu təşkilat üzərindən aparır. Və nəvaxsa bu sahədə də islahat olacağına inanır...

 

Deyir ki,- “Mənim haqqımda bəzən deyirlər, mətnləri poetikdir, şeirə də oxşayır. Mətn üzərində bütün tənqidləri qəbul edə bilirəm, təki münasibətlər şəxsi müstəviyə keçməsin. Dostoyevskini yazıçı kimi qəbul etməyən o qədər yazıçı adı çəkə bilərəm ki... Amma düşünürəm, yazıçını peşəkar tənqidçi təhlil etməlidir. Yazıçıya “bunu belə yox, elə yaz”, -demək əxlaqsızlıqdı. Yazıçı haqqında onun həmkarı yox, peşəkar ədəbi tənqidçi irad bildirsə daha yaxşı olar. Cavanşir Yusifli, Elnarə Akimova, Maral Yaqubova kimi peşəkarlar heç bir maddi gəlir güdmədən ədəbi prosesi yaxından izləyir, fikir bildirir, gənclərin yaradıcılığını təhlil edirlər. Mən öz mətnlərimə, Azərbaycan dilinə, hər bir cümləyə qarşı çox həssas və tələbkaram. Təsəvvür edək ki, ev tikirik və biz hökmən daşdan, qumdan, sementdən istifadə etməliyik. Sudan ev tikəsi deyilik ki? Bədii mətni də tikilən binaya bənzətsək söz, cümlə, ümumiyyətlə, dil ona lazım olan vacib materiallardır...”

 

Hekayələrinin bəzilərinin qəhrəmanları Rusiyyada yaşayan soydaşlarımızdır. Bir müddət Rusiyada yaşadığı üçün, görünür oradakı soydaşlarımızın üzləşdikləri problemləri yaxından izləmək imkanı olub. Və orada yaşayan azərbaycanlıların taleyi onu həddindən çox narahat edir. “Rusiyada yaşayan, vətənə gəlib ev tikən, qardaşına toy edən, bacısını gəlin köçürənlər göz qabağındadır. Lakin orda səfil həyatı yaşayan, ömrü məhv olan, faciələr içində çırpınan soydaşlarımız da var. Dolanışıq üçün, çörək qazanmaq ardınca Rusiyaya üz tutan nə qədər insanın sevgisi yarımçıq qalıb. Biz onların taleyini hələ ədəbiyyata doğru-düzgün gətirə bilməmişik.”- söyləyir.

Hazırda növbəti roman üzərində işləyir, başa çatdırası bir neçə hekayəsi də var. Düşünür ki, hər gün neçə saat yazmaqla, planlı şəkildə işləməklə deyil, əsas odur ki, ortaya roman qoyursansa həmin əsər hadisəyə çevrilsin. Hekayələrdən sonra roman yazmağı da yaradıcılığın növbəti mərhələsi hesab etmir. Onun fikrincə, hekayə çox ciddi janrdır. Azərbaycan ədəbiyyatının gələcəyinə ümidlidir. Deyir ki;- “Qələbə qazanmış xalq yenə də Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahiləri yetirəcəyinə inanıram...”

 

Bəli, çağdaş Azərbaycan nəsrinin sıralarında bu gün çox sıxlıqdır. Yazıçı İlham Əziz bu sıxlıqda özü kimi görünən ən yaxşılardan biridir.

İlham Əzizin növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.