Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Müxtəlif düşüncəyə sahib insanlarla ünsiyyət artıq məndə hobbi halına gəlib. Bir gün qərara gəldim ki, onlara belə bir sual ünvanlayım:
- Azərbaycanda, azərbaycanlı fərdində nə yoxdur ?
Sualı eşidər-eşitməz ilk cavab belə oldu :
- Mədəniyyət !
-Hansı mədəniyyət yoxdur ki, bu qərara gəlmisiniz ? - deyə növbəti sualı ünvanladım. Qarşılığında respondentim başladı sadalamağa:
- Sıra, növbə mədəniyyəti, nitq mədəniyyəti, tualet mədəniyyəti, küçə mədəniyyəti, davranış mədəniyyəti, yazı mədəniyyəti, bar - otel mədəniyyəti, tolerantlıq mədəniyyəti, geyim mədəniyyəti, fikir mədəniyyəti, yemək mədəniyyəti, süfrə mədəniyyəti, gigiyena mədəniyyəti, zövq mədəniyyəti, yol mədəniyyəti və s.
Sıralamasının uzun olduğunu görüb, zarafatyana dayan, dayan dedim.
-Niyə bu düşüncədəsiniz ? Hansı səbəblər sizi belə düşündürməyə vadar edir ? - deyə soruşdum.
Cavabında dedi:
- Biri xanımı ilə yol gedərkən başqalarının yanından ötüb keçəndə, elə bil ki, sirat körpüsündən keçirsən. İçimizdə o qədər yalvarırıq ki, bircə söyüş və ya hansısa qeyri-etik ifadə işlədilməsin. İşlədəndə qalırsan qızara-qızara. Adam yolunu saldığı yerdən utanır.
Əlavə etdi:
-Daha sonra, konstitusiyamızda yazılıb ki, "din dövlətdən ayrıdır", "söz, fikir, vicdan azadlığı var". Amma, di gəl ki, biri dinə inanmadığını, ateist olduğunu ifadə edəndə, təhqirlər, qınaqlar yağış kimi yağmağa, guruldamağa başlayır.
Nəfəsini dərib birini də əlavə elədi:
-Sıra, növbə mədəniyyətimizdənsə, heç danışmağa dəyməz. Hər şey pensiya, maaş vaxtı primitiv bankomat önündə sərgilənməsi ilə diqqətdə olur.
Mənim susduğumu görüb davam etdi:
-Restoranlarda insanları izləmək daha rahatdır. Onda onlar haqqında daha yaxşı analizləri edə bilib, nəticə çıxarırsan. Məsələn, mən heç zaman başa düşə bilmədim ki, yanında xanım ilə gələn bəylər niyə özlərini yerin-göyün sahibi kimi aparırlar ?! Sanki Sultan Süleymanla, Şah İsmayılla hansısa əməkdaşlıqları olub, ya da özlərini "bəy oğlu bəy" sanırlar. Heç nə anlamıram.
Və təsəvvür edin ki, bu şəxs sanki ürəyimdəkiləri deyirdi, bu nöqsanların şəxsən mən də altından xətt çəkməyə hazır idim.
İndi bəlkə də, ağlınızda bir sual canlanır ki, bütün bu halları elə qınayırsan ki, sanki özün ideal bir varlıqsan. Xeyr, əlbəttə ki, elə deyil. Bütün bu nöqsanlar bəlkə məndə də var. Sadəcə, arada bir fərq var ki, kimisi bunu düzəltməyə çalışır, kimisi də olduğu kimi qalıb, yerində saymağa davam edir.
Bizsə, ayıbımıza kor olub, inkişafa yönəlib, monoton həyatdan uzaq olmağa çalışmalı, daim yeniliklər ardınca getməliyik. Əgər, zamanında belə olmasaydı, indi hələ də mağarada səhərin açılmasını gözləyən varlıqlardan olardıq.
“Ədəbiyyat və incəsənət”
(19.04.2024)