“Ədəbiyyat və incəsənət” portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş 65 lirik şeirinin dərcini davam edir. Şeirlər Azad Yaşarın təqdimatında sizlərə çatdırılır.
“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.
Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)
19
Göydən, yerdən, dəryadan Tanrı nəfəsi gəlir.
Dumanla yerə enir, odla göyə yüksəlir.
O uçurur qartalı dibsiz, əngin göylərdə,
tovuzquşuna kibri verən də elə Odur.
Xoruzlara hökm edir: “Banlayın ta obaşdan!”,
gülə aşiq bülbülü şövq ilə O oxudur.
Güclü seçilsin deyə, ixtilaflar yaradır,
axmağı hakim qılır müdrikə... bir müddətə.
Deyir: “Əgər təşnəsə o müdrik azadlığa,
içində güc taparaq
gələcəkdir qeyrətə”.
Qışın bizə vurduğu zədələrin əlacı
ilk baharla gələcək...
Odur ki qış haydadır.
Səfehin yol verdiyi hər yanlışdan müdrikin
özü üçün dərs-ibrət alması bir qaydadır.
Baş sındırma: “Taleyin məntiqi nədir?” deyə,
onsuz da varammazsan yaradılış sirrinə.
Qatlaşaraq taleyin ağrı və acısına,
şükürlü ol yazına... üsyan etmək yerinə.
20
Meydən ləzzət alanın
gecə-gündüz demədən
badəsi dolu gərək,
sözü – duzlu, məzəli.
Mey olmayan bir yerdə
dəyərsizdir hər nemət,
qiyaslarkən bilinir
hər şeyin ən gözəli.
Bizi müdrikləşdirir
şərabın xoş xumarı,
saqqalları isladır
onun al damlaları.
Dolanır başımıza
bütün ərş-fərş, mələklər.
Tərk etmirik bir an da
nəğməni, meyi, yarı.
Adi insan oğlundan
əlindəki qədəhlə
müdrik yüksəkdir, yüksək.
Vadiyə hakim olan,
göyə baş çəkən dağtək.
Gün işığında necə
bərq vurursa zirvələr,
içdiyimiz meydə də
üzlər... elə əks elər.
Bu həzzdən də vaz keçsək,
həyat bizə nə verər?!
Hansı nemət şirindir
meyin xumarı qədər?!
Ondan da dəyərli bir
nemət var, onu deyim:
Hafizəm! Mənim ilə
xəlvətə çəkilməyin,
şux ixtilat arası
mənə busə verməyin.
Müdriklər yaxşı bilir:
öz məcrasıyla axan
həyat – qısadır, qısa.
Nə fərqi var – ondan həzz
alasan, almayasan.
Burax tərəddüdləri,
gəl, bu sadiq aşiqi
meylə, işvəylə sına.
Gəl, qoşul sıramıza,
Günəş necə girirsə
dağların arasına.
21
Bülbüllər bağda içir gül ləçəyindən şəbnəm –
onlar yaxşı bələddir o ləzzətə, o dada.
Bizim dodağımızı mey isladır dəmbədəm –
bizlər yaxşı bələdik bu ləzzətə, bu dada.
Dənizdə tufan vaxtı rüzgar necə çırpırsa
o yalçın qayalara dalğaları peydərpey,
bizim damaqları da eynən elə ovar mey –
bizlər yaxşı bələdik bu ləzzətə, bu dada.
Mey – bir ruh sultanıdır, əti yox, sümüyü yox,
onun ətri, atəşi bütün dünyaya dəyər.
Kimdir təslim olmayan çağlayan, gülgün meyə?!
Bizlər yaxşı bələdik bu ləzzətə, bu dada.
22
Gec, ya da tez saatda, heç fərq etməz...
nə xoşdur
hal əhliylə oturub şirin məclis qurmağın.
Ürəkdən deyib-gülüb, lətifələr danışıb
alyanaqlı cananla qədəh toqquşdurmağın.
Mirzə Şəfi, belədə vaxt ötür duyulmadan,
hamı görür sən necə dərin ümmansan, ümman.
23
– Gül kolun başqasından ayıran nədir, səncə?
– Onun çiçək sovqatı.
– Şərabı nəfis qılan nəymiş? Bunu bilirsən?
– Damağımdakı dadı.
– Bəs insana dəyər, şan qazandıran nədir, nə?
– Onun ruhu və zatı.
– Bəs şeyx ilə müftinin fərqi nədədir, görən?
– Təkcə çalmalardadır.
Dostum, bu cavablarda hikmət də, məna da var,
İndi gedib bunlardan özün nəticə çıxar!
24
“Daim eyni mövzuda yazırsan,
buna görə
şeirlərin könlümü açmır” demişdin mənə.
“Niyə onlarda daim yer verirsən baharın,
eşqin, meyin, bülbülün, qızılgülün vəsfinə?!”
“Səncə, şair bunlardan hansını mövzu seçər:
Hap-gop, nöyüt lampası, bir də qaranlıq gecə?!
Mənsə nəğmələrimlə günəştək nur saçıram,
gözəllik aşiqiyəm, təkrarlardan qaçıram.
Başqaları aşiqsə dinə və cah-cəlala,
onda gül, mey, bir də eşq vəsfi də mənə qalar.
Mirzə Şəfi, müşk-ənbər hopubdur hər beytinə,
çünki öydüklərin də başqa cür şeirə gəlməz.
Kimsə bənzəməz sənə,
o misraları heç kəs
ağlına və dilinə əsla gətirə bilməz.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)