Görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsinin təntənəli bağlanış mərasimi baş tutdu. Təbii ki Gəncədə. Filarmoniyada.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, tədbirdən öncə bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirildi.
Bağlanışda bədii rəhbər və baş dirijor Xəyal Qəhrəmanovun rəhbərliyi ilə Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri, Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Tural Abdullayev, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Qaya Nəsibzadə, Əli Məmmədov, Rüstəm Cəfərov, Məhərrəm Qasımov, Samirə Hacıyeva, Musa Bayramov, Azər Verdiyev, Zəminə Nuriyeva, Aysel Həsənova, Bayram Üzeyirovun ifalarında “Küsmərəm” , “Vağzalı çalınır”, “Sərvi Xuramanım”, “İlk xatirələr”, “Bilsəm sən gəlirsən”, “Daimi hərəkət”, “Gözlə məni”, “Bilsin yar”, “Neylərəm”, “Eşq olsun sənətkara”, “Ulduzumsan” həmçinin orkestrin ifasında "Azərbaycan rəqsi", “Xəyala dalarkən", “Şalaxo”, “Sözsüz mahnı” gurultulu alqışlarla qarşılandı.
Təntənəli bağlanışda dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri iştirak etdilər.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)