Nurəddin Ədiloğlu, “Ədəbiyyat və incəsənət” üçün
İnsan var ki, ömür yollarında sənin rastına təbiətin və taleyin ən böyük bəxşeyişi qismində çıxır... Bir çox qələm dostları kimi mənim də Ağa deyə xitab etdiyim Ağacəfər Həsənli də belə dəyərli və nadir insanlardan biridir.
Adı ilə əməli həmişə tən gələn Ağacəfərlə çox sonralar dostluğa çevrilən tanışlığımızın düz 40 illik tarixçəsi var. O vaxt universitetin jurnalistika fakültəsini təzəcə bitirmişdim, Ağacəfər isə Haqqdan gələn istedadı ilə SÖZə bəndəlik edə-edə çoxdan Haqqa gedən yola çıxımışdı. İlk tələbəlik illərindənbüzü bəri bədii SÖZün təsir gücünə güvənib könüldən-könülə körpü salan Ağacəfər Həsənli bu gün artıq öz imzasını çağdaş ədəbiyyatımızda çoxdan təsdiqləmiş peşəkar bir qələm əhlidir. Azərbaycan ədəbi tənqidin aparıcı siması, ustad tənqidçi Vaqif Yusifli demişkən, külli-aləm bilir ki, Ağacəfər Həsənli ŞAİRDİR, özü də əlüyyül-əlasından!..
Təbii ki, hər bir yaradıcı insana güc verən qoynunda doğulub boya-başa çatdığı yurd, dədə-baba ocağıdır. Ağacəfərin ulu babalarının şəcərəsi seyid-peyğəmbər nəslindən zinətlənib. Nadir şah Əfşarın zamanında Ərdəbildən Muğana, ordan da ecazkar təbiəti olan Lerikə köçüblər. Ağacəfər də yetmiş il əvvəl günəşli bahar günü sözünün sahibi olan ağır ləngərli, ağzı xeyir-dualı ata-babalarının məskunlaşdığı Rvarud kəndində dünyaya göz açıb...
Başı lacivərd göylərə söykənən məğrur dağlardan düzə enib, paytaxtda lövbər salan Ağacəfərin halal qələmindən çıxan yazılarının əksəriyyətində elə o dağların saf havası, daşlı - qayalı çayların şırıltısı, diş göynədən bulaqların xoş zümzüməsi, dibi görünməyən dərələrin, yaşıl ormanların nəfəsi duyulur. Adına tapındığı, and yeri bildiyi müqəddəs yurdun bulaqları bulaq dilində, meşələrin şahı sayılan dəmirağacla ağac dilində, dağ kəkliyi ilə quş dilində danışa bilir...
Deyirlər, mərhum xalq şairi Musa Yaqub şəhərə gələndə qələm dostlarıona "dağ qartalı" deyərmişlər. Kim bilir, bəlkə də Musa Yaqub böyük şəhər mühitindən daha çox öz ruhunun azadlığını, ədəbi və əbədi rahatlğını boya-başa çatdığı dağlar qoynundakı Buynuz kəndində yaşayıb-yaratmaqda görürdü...
Təbii ki, Ağacəfər Həsənli də dağlara, el-obasına, doğma kəndinə bağlıdır. Ona görə də yarım əsrdən çox şəhərdə yaşasa da “Mən köklü-köməcli bir kənd oğluyam” deyir... Sözün zirvəsinə yuksələn YOLUNA şəhərdə davam edən şairin poetik dünyasından ədəbi tənqidin görkəmli nümayəndələri saysız-hesabsız sanballı məqalələr yazıblar. Mən isə gənc yaşlarından QƏLƏMİ müxtəlif mətbuat orqanlarında cilalanmış Ağacəfərin özünəməxsus dəst-xətti ilə seçilən publisistik yaradıcılığından qısa da olsa, söz açmaq istərdim.
Bildiyimiz kimi, jurnalistikanın ayrılmaz tərkib hissəsi sayılan publisistika ictimai-mədəni mühitə, sosial-siyasi həyata fəal müdaxilə edən janrdır. Ötən əsrin 50-60-cı illərində Mirzə İbrahimov, İlyas Əfəndiyev, Rəsul Rza, Həsən Seyidbəli və başqa görkəmli qələm sahibləri publisistik əsərləri ilə Azərbaycan oxucusuna demokratik fikirləri aşılayırdılar.
Sovet dönəminin 70-80 -ci lləridə Azərbaycanda Ağacəfərin təbirincə desək, jurnalistikanın qızıl çağları, ən parlaq dövrüydü. Respublikamızın demək olar ki, bütün şəhər və rayonlarda qəzetlər nəşr olunurdu. Paytaxtda dərc olunan qəzetlərin tirajı 250-300 minə, hətta yarım milyona çatırdı. Ağacəfər də o vaxtalar “Sovet kəndi” qəzetində çalışırdı və əks-səda doğuran yazıları ilə oxucuların diqqətini cəlb edə bilirdi... Poeziyada olduğu kimi, publisistikada da Ağacəfər bədii amalına sadiq qalır; dilə, sözə həssaslıqla yanaşır, lirik duyğulardan məharətlə istifadə edərək dolğun təsvirlər, canlı lövhələr yaradır.
Mətbuat səhifələrində bizi əhatə edən ətraf mühitin qorunması haqda zaman-zaman yazılır, danışılır, “həyəcan təbili” çalınır. Çünki TƏBİƏT ədəbiyyat və incəsənətin əbədi mövzu mənbəyidir. Əfsus ki, yaşadığımız zəmanədə təbiəti talayanların sayı onu qoruyanlardan daha çoxdur! Bir çox publisistik məqalələrində, o cümlədən “Cənub meşələrinin həyəcanı” ekoloji-oçerkində Ağacəfər təkcə ana təbiətin taleyindən narahatçılığını dilə gətirməklə kifayətlənmir, həm də mövzunun aktuallığını önə çəkərək milli təəssübkeşlik hissi ilə qabartdığı məsələnin nə qədər ciddi olduğunu müvafiq qurumların diqqətinə çatdırır. Yeri gəlmişkən qeyd edim ki, həmin oçerk 23 il əvvəl “Azərbaycan” ədəbi dərgisində də dərc olunub (2001, №9)
Ağacəfər vətənpərvər ziyalı, mübariz publisistdir. O, nəinki ölkədə, respublikamızın hüdudlarından uzaqlarda gəzib-gördüklərini, içində olduğu hadisələrin mahiyyətini, qürbətdə yaşayan soydaşlarımızın həyat və fəaliyyətini, bir sözlə, təbiət, cəmiyyət, sənət həqiqətlərini oxucularla bölüşməyi özünə borc bilir.
Müqəddəs ruhların behişt yeridir,
Ocaq Azərbaycan, pir Azərbaycan.
Harda baş ucaldan övladı varsa,
Orda bərqəradır bir Azərbaycan.
...Müxtəlif qəzet və jurnallarda çap olunmuş publisist məqalələri, sənət haqqında fikirləri, ayrı-ayrı sənətkarlara həsr etdiyi yazılarında poetik DİL, bədii SÖZ Ağacəfər Həsənlinin ruhunu, mənəvi dünyasını əks etdirən şəffaf aynaya bənzəyir. Bu aynada onun özü və sözü ilə bərabər dünənimizin və bugünümüzün mənəvi mənzərəsi, yaradıcı simalarının obrazları canlanır...
Ağacəfərin bələdçiliyi ilə Xalq şairi Məmməd Arazın: “Sən bölgə şairi deyilsən, ölkə şairisən” dediyi Şəkər Aslanın, “Dağlar oğlu” romanınım müəllifi Məmmədhüseyn Əliyevin, “Mənə vaxt verin” deyən, fəqət dünyadan çox erkən köçən Vaqif Hüseynovun, AzTV-də “Hünər”in əsasını qoyan Məmməd Kazımın, bugünkü“nəsildaşları, tale ortaqları - Vaqif Bəhmənli, Adil Cəmil, Tofiq Nurəli, Maarif Soltan, Əjdər Ol, Balayar Sadiq və neçə-neçə əhli-qələmlərin söz dünyasına səyahət edirsən...
Ən maraqlısı odur ki, mən Ağanın istər bədii, istər sənədli publisistikada portret cizgilərini yaratdığı yaradıcı simaların çoxunu tanıyıram. Və onların çoxu bizim ortaq dostlarımızdır. Ağacəfərin şair dostu Tofiq Nurəlinin 70 yaşına həsr etdiyi məqalədə başlığa çıxartdığı “Sözünün "ağası" və "qara fəhləsi" fikrini isə elə onun özünə də şamil edirəm.
Xatirələr aynasında Ağa ilə Masallıda, Lənkəranda, Lerikdə unudulmaz görüşlərimiz, Bakıda “Mars” ədəbi dərgisində çiyin-çiyinə çalışdığımız günlər canlanır. İlk dəfə Ağa məni cənub bölgəsinin mədəni mərkəzi Lənkəranda Respublikanın əməkdar artisti, rəhmətlik Əli Salahlının yaratdığı ”Muğam” teatrına aparıb. Əli klassik və muasir Azərbaycan şairlərinin şeirlərini əzbərdən, həm də çox məharətlə ifa edirdi. Onun şeir YADDAŞI sanki özüylə əkiz doğulmuşdu... Əli özü də Ağacəfərin Mövlanə Füzuli sevgisinə, qüdrətli söz ustadının əksər qəzəllərini əzbərdən bildiyinə heyran idi.
“Muğam” teatrında Ağacəfər çıxışına qeyd etdi ki, bütün söz məclisləri Füzuli kəlamları ilə açılmalıdır və musiqinin müşayiəti ilə dahi şairin qəzəllərindən birini dedi. O gün mən də Ağacəfərin “Can böyük təslim aktıdır, bədəndən ağrıyla çıxır” mətləli şeirini söylədim. Böyük zövq aldığım o məclisdə Ağacəfərin bir çox şeirini əzbər söyləyəndən sonra Əli Salahlı üzünü bizə tutub ərklə dedi: “Ağanın qədrini bilin, bu kişi böyük şairdi..”
Etiraf edim ki, iyirmi il əvvəl mənim Bakıya gəlməyimin əsl səbəbkarı Ağacəfər Həsənli olub. Elə ona görə də özünü “əziyyətə” salıb, 55-60-65 illik yubileylərimin həm rəsmi, həm də bədii hissələrinə aparıcılıq edib...
Ağacəfər Həsənli Azərbaycan ədəbiyyatını bir sıra beynəlxalq tədbirlərdə uğurla təmsil edib. O, Qaracaoğlan poeziya festivalının qalibi, TÜRKSOY və “Qızıl kəlmə” (Azərbaycan) mükafatlarının laureatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun baş məsləhətçisidir. 50-dən çox kitabın müəllifidir. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuşdur. Müxtəlif ədəbi janırlarda yazılan yüzlərlə kitabın redaktorudur.Göründüyü kimi, şair-publisist Ağacəfəri Həsənlinin ədəbi fəaliyyəti çoxşaxəlidir. Geniş diapozona malik yaradıcılığı çoxcəhətli çalarları və mövzu rəngarəngliyi ilə seçilir...
...Deyirlər, insanın doğulduğu yer, fəsil, adı, soyadı onun xarakterinə və taleyinə təsir edir, hətta qədim inanclara görə, onun gələcəyini müəyyən edir. Bu mənada ilin bahar çağı dağlar qoynunda dünyaya gələn Ağacəfər Həsənlinin adı ədəbi aləmdə ən məhsuldar və görkəmli qələm sahiblərinin cərgəsində çəkilir.
70 yaşlı müdrik qələm dostuma nə arzulayardım. Özü bir şeirində deyir ki, heç kəs azadlığın tamını axıracan dadmır – yoxsa ağzının ləzzəti qaçardı... İlk növbədə mənim Ağaya arzum budur ki, ömrünün son anına qədər ağzının dadı-duzu qaçmasın.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)