Super User
“YAŞAT" Fondunun Antalyadakı düşərgəsi davam edir
"YAŞAT" Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün Türkiyənin Antalya şəhərində yay düşərgəsi maraqlı məqamlarla davam edir.
Şəhidlərimizin 18-22 yaş aralığındakı qız övladlarının qatıldığı yay düşərgəsi 21 iyul tarixinədək davam edəcək. Layihənin ikinci hissəsində şəhidlərimizin oğlan övladları iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət” portalı fonda istinadən xəbər verir ki, həmin düşərgə 29 iyul - 3 avqust tarixini əhatə edəcək.
Düşərgənin əsas məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir. Düşərgə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Alaaddin Keykubat Kampında keçirilir. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edirlər.
Həftəlik proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, oxatma, dağa dırmanma, rafting, ebru sənəti, həmçinin liderlik bacarıqlarının inkişafı üçün seminar və təlimlər, düşərgə fəaliyyətləri, film gecəsi, intellektual və əyləncəli oyunları keçirilib. Kurşunlu şəlaləsinə və şəhər mərkəzinə ekskursiya təşkil olunub.
Ziyafətdə şəhid övladları türkiyəli iştirakçılarla birgə milli rəqsimizi ifa ediblər. Düşərgə iştirakçısı, şəhid Emil Nəzirovun qızı Aytən Nəzirli “Sarı gəlin” mahnısını ifa edib. Digər iştirakçı, şəhid Əfqan Abdurahmanovun qızı Hilalənin isə doğum günü qeyd olunub.
Düşərgənin qızlar üçün təşkil olunan həftəsi başa çatıb və onlar arıtq Vətənə qayıdıblar. Növbəti həftə isə şəhidlərimizin eyni yaş kateqoriyasından olan oğul övladlarının düşərgəsi başlayacaq.
Şəhidlərimizin müxtəlif yaş kateqoriyasına uyğun övladları üçün “YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr, təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladlarından ibarət daha bir qrup Londonda yay məktəbində iştirak edir.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
“Oğul” - ESSE
Rusiyada yaşayıb yaradan həmyerlimiz, şair Eldar Əhədov növbəti yaşına qədəm qoydu. “Ədəbiyyat və incəsənət” portal oxucularına şairin yazılarından bir çələng təqdim etməkdədir. Bu gün sizlər “Oğul” essesi ilə tanış olacaqsınız. Tərcümə Elviz Əliyevindir.
Eldar Əhədov Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Yazıçılar Birliyinin, Cənubi Rusiya Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun və Rusiya Coğrafiya Cəmiyyətinin üzvüdür. Azərbaycan, ingilis, ispan, italyan, çin, rus və serb dillərində 80 şeir və nəsr kitabının müəllifidir. Rusiya, İtaliya, Almaniya, İspaniya, Venesuela, Serbiya, Monteneqro və digər ölkələrin ədəbi mükafatları laureatıdır.
“Eldar Əhədov rus dilində yazan görkəmli Azərbaycan şairidir. Çoxşaxəli şəxsiyyət, eyni zamanda dağ-mədən mühəndisi, şaxtaçı, Arktika fəzalarını, yerin içini və insan şüurunun dərinliklərini araşdıran tədqiqatçı, dilçi alimdir və bir tənqidçi, bir müəllimdir. O, ətrafımızda və içimizdə olan fiziki kainatı tərənnüm edir və eyni zamanda varlığımızın bizə verdiyi sirli metafizik suallarla məşğul olur... Onun ruhu ehtiraslı intellektual axtarışı empatiya və alicənablıqla birləşdirir. Onun şeirləri oxunur, iztirab və sevinclə nəfəs alır, amma hər şeydən əvvəl ümid saçır”.
(Richard Berenqarten Kembric, Böyük Britaniya)
OĞUL
Hər kəsin öz adı, soyadı var. Mənim də hamı kimi öz adım, soyadım və atamın adı var. Amma, mən azərbaycanlı olduğumdan atamın adı (otçestvo-rus.) iki sözdən ibarətdir:- birinci atamın adı, ikinci-"oğlu", yəni rus dilinə tərcümə edəndə-"sın". Azərbaycan dilində "oviç" və ya "ovna" şəkilçiləri olmadığından rusca tərtib olunan sənədlərdə ya "oqlı" (sın), ya da "kızı" (doç) yazılır. Ilk baxışdan qeyri-adi bir şey yoxdur. Amma, nəzərə alaq ki, mən əsrin dörddə birindən çoxunu Rusiyada yaşayıram və burada bu hal hamı tərəfindən eyni tərzdə qarşılanmır. Iş yerində də cüzi də olsa, bəzi çətinliklərlə üzləşirdim. Hətta, arxamca "çurka" deyənlər də olmuşdu. Amma, üzbəüz deyə bilmirdilər. Utanırdılar .Çünki, rusca mən bəzilərindən yaxşı danışır, yaxşı yazır, həm də yaxşı anlayırdım. Elə ona görə də utanırdılar. Küçəyə çıxanda həmişə pasportu özümlə götürürəm. Әslində, Moskvadan başqa heç yerdə çətinliyim olmayıb. Paytaxtda da, göz dəyməsin, yola verə bilirdim. Bir neçə dəfə saxladılar, sənədlərimi yoxladılar. Amma, mənim "oviç" deyil, "Oğlu" olduğuma görə baxışlarından şübhə hiss olunurdu..Bu isə bir narahatlıq hissi doğururdu. Sanki, mən nəsə bir pis iş görmüşəm və gizlətməyə çalışıram..
O vaxtlar çox həyacanlı, özbaşınalığın hökm sürdüyü doxsanıncı illər idi. Odur ki, bir dəfə mənim milliyətcə rus olan həyat yoldaşım belə məsləhət verdi:-"Sənin bu "oqlı" nəyinə lazımdır? Onsuz da sən Rusiyada yaşayırsan, rusca danışırsan, rusca düşünürsən. Get, pasportstola, atanın adını dəyişdir. Nə olar ki?.. Rüsumu ödəyərsən, rejissor Ryazanov kimi Aleksandroviç və yaxud Alekseyeviç olarsan. Nə fərqi var? Bizim uşaqları da məktəbdə yoldaşları lağa qoymazlar." Bir xeyli düşündüm. Atamın, anamın, bacılarımın şəkillərini saxladığım zərfi çıxartdım. Bu vaxt zərfin içindən şəkillərlə birgə doxsanıncı ilin yanvar ayında çıxmış köhnə "Bakı" qəzeti çıxdı.
Qəzetdə dəniz sahilində saysız-hesabsız insan dənizi ilə örtülmüş şəhər meydanı göstərilib...
Şəhərdə komendant saatı hökm sürür. Küçələrdə tanklar, bronetransportyorlar, pulemyotlar, minlərlə silahlı əsgərlər. Üç nəfərdən artıq bir yerə yığışmaq qadağandır. Amma, xalq meydana çıxdı. Xalq nə ölümdən, nə də həbslərdən qorxmadı. Bir vaxtlar şair Qaliç oxuyardı:
"Çıx meydana, sən çıxarsan,
Sən ki, bunu bacararsan.
Çatdı zaman, hamı hazır?!
Kvadratlarda alaylar,
Dayanıb əmrə müntəzir..."
Məhz, alaylar həqiqətən dayanıb əmri gözləyirdilər. Meydanın üstündə hərbi vertolyotlar dövrə vürurdular. Bütün bunlara baxmayaraq, sadə, silahsız insanlar-bakılılar və başqa bölgələrdən gələnlər bu meydana axışıb gəlirdilər. Onları heç kim dayandıra bilməzdi! Heç bir əsgər, heç bir pulemyot, heç bir tank. Onlar 20 yanvargecəsi əsgərlər tərəfindən öldürülmüş övladlarını dəfn etməyə gəlirdilər. Şəkildə görünən uzunsov düzbucaqlar həlak olmuş şəhidlərin cənazələridir. Mən onların adlarını bilmirəm. Yüzlərlə öldürülmüş cavanlar, yaşlılar, yeniyetmələr, qızlar, uşaqlar, qocalar... Onların hər birinin adı var idi, soyadı var idi, atasının adı var idi.Onlarınatalarının adlarının nə olduğunu bilmirəm, amma, ondan sonra gələn sözü harda olsam unutmaram və unuda da bilmərəm.
Mən-oğluyam! Mən atamın və anamın oğluyam. Belə olub və belə də olacaq. Mənim yoluma kim çıxırsa çıxsın- nasistlər, skinxedlər, başıqırxıqlar, fərqi yoxdur. Mən Bakıda necə doğulmuşamsa, elə də qalacam!
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
NOBEL MÜKAFATÇILARINDAN – Yəhudi soyadlı fransız yazıçısı
“Ədəbiyyat və incəsənət” portalı Ədəbiyyat üzrə Nobel mükafatçılarının təqdimatını davam etdirir. Rubrikanı İlham Abbasov aparır.
Andre JİD. YƏHUDİ SOYADLI FRANSIZ YAZIÇISI
1947-сi ilin ədəbiyyat üzrə Nobel mükafatına namizədlər siyahısında qarşıdakı illərin bir sıra laureatları, o cümlədən bu mükafatı 1948-ci ildə alacaq ingilis yazıçısı Tomas Eliot, 1954-cü ilin Nobel mükafatçısı, ABŞ təmsilçisi Ernest Heminquey, 1958-ci ilin laureatı -- sovet yazıçısı Boris Pasternak kimi görkəmli ədiblər olduğu halda, Nobel Komitəsinin qərarı ilə mükafat “insan probleminin, həqiqətən, qorxusuz sevgi və dərin psixoloji hisslərlə əks etdirildiyi yüksək mənalı bədii əsərlərinə gorə” o dövrdə çox da tanınmayan, yəhudi əsilli Fransa yazıçısı Andre Jidə verildi. Bir insan və şəxsiyyət olaraq son dərəcə ziddiyyətli, bir yazıçı kimi mürəkkəb həyat yolu keçmiş A.Jid özünün bənzərsiz əsərləri ilə ədəbiyyatda gedən yeniləşmə prosesinə güclü təsir göstərmişdi.
Nobel mükafatçısının familiyasının əsasında duran söz yəhudi dilində onların özlərinə verdikləri “iuda” adından yaranıb. Avropa xalqlarının çoxu şifahi danışıq dilində bu sözü təhrif edərək “iud” – “jud” – “jid” kimi işlədirlər. Bizim dilimizdəki “ciud” –“cüüd”– “cuud” – “cuhud” sözü də həmin kökdəndir. Yəhudilər bu sözü Avropa xalqları arasında geniş yayılmış anti-yəhudi – anti-semit ovqatla əlaqələndirdiklərinə görə ona neqativ münasibət bəsləyirlər. Bizim ölkəmizin tolerant mühitində isə belə bir problem olmadığı üçün Azərbaycanda yaşayan yəhudilər bu sözdən incimir, onu normal qarşılayırlar.
İkinci Dünya müharibəsi bitəndən bir il sonra Nobel mükafatını böyük alman yazıçısı Herman Hesseyə vermiş və bununla vurğulamışdılar ki, alman milləti yalnız nasizm ideologiyasının deyil, həm də hamıdan daha əvvəl humanist anti-fasist amalının daşıyıcısıdır. Sonrakı il Nobel mükafatına layiq görülən yazıçı nasizmin törətdiyi dünya müharibəsində başı ən çox bəlalar çəkmiş, ən ağır təqiblərə düçar olaraq soyqırımına məruz qalmış yəhudi xalqının nümayəndəsi idi. Özü də soyadında etnik mənsubluğunun möhürünü daşıyırdı. Çox güman, bu seçim də təsadüfi olmamışdı, Nobel Mükafatları Konitəsi bu dəfə laureatın mənsub olduğu xalqa mərhəmət hisslərini ifadə etmək istəmiş, boyük dünya savaşında bu kiçik xalqın verdiyi qurbanların xatirəsini bu yolla yad etmişdi. Yeni Nobel mükafatçısının milliyyətcə deyil, “əslən” yəhudi olduğunu xüsusi vurğulamağımız heç də təsadüfi deyil. Məsələ bundadır ki, yəhudi (iudey) dininin qaydasına görə, yəhudi (iudey) inancı və yəhudi milləti yalnız bir vəhdət halında mövcud ola bilər, yəni dini inancına görə yəhudi olmayan şəxs milliyyətcə yəhudi sayıla bilməz və əksinə, dini inancına görə yəhudi olan insan etnik mənsubluğuna görə başqa millətin nümayəndəsi hesab edilə bilməz. Kəsəsi, ehkam belə səslənir: “Yəhudi ancaq yəhudi ola bilər.” XVIII-XIX əsrlərdə bir çox Avropa ölkələrində iudey dininə mənsub insanların yüksək mənsəb tutmalarına yol verilmədiyinə görə belə insanların bir çoxu dinini “dəyişib” xristian inancına keçirdi. Məsələn, kommunizm nəzəriyyəsinin banisi Karl Marksın atası Henrix ravvin (yəhudi ruhanisi) ailəsində doğulub böyümüşdü. Hüquq təhsili aldıqdan sonra məhkəmə sistemində işləmək istəmiş, icazə verilmədiyinə görə xristian dininə keçməyə məcbur olmuşdu. Bu halda onun milliyyəti də daha yəhudi sayıla bilməzdi. Beləliklə, yəhudi əsilli vəkil Henrix Marks avtomatik olaraq xristian almana çevrilmişdi. Fransada yaşayan yəhudi professor Pol Jid də bu minvalla fransız olmuşdu. Avropa ölkələrində bu gün də əcdadları yəhudi olmuş alman, rus, fransız, полуак, italyan, ukrayna, çex, ispan və digər millətlərə mənsub miyonlarla vətəndaş yaşayır. Təbii ki, onların arasında adlı-sanlı, məşhur adamlar, o cümlədən Nobel mükafatçıları da az deyil.
Fransa ədəbi mühitində nasir, publisist və dramaturq kimi məşhur olan Andre Pol Giyom Jid 29 noyabr 1869-cu ildə Fransanın paytaxtında, Paris Universitetinin hüquq professoru Pol Jidin ailəsində dünyaya gəlmişdi. Anası Cülyet Ponda da xristianlığı qəbul etmiş yəhudi ailəsindən idi. Uşaqlıqdan atasını itirmiş Andre kiçik yaşlarını anasının və xalalarının himayəsində keçirmişdi. Özü belə hesab edirdi ki, feminist mühitdə böyüməsi onun psixoloji və cinsi cəhətdən qeyri-normal tərbiyə almasına və cinsi təmayülünün pozulmasına səbəb olmuşdu. Belə bir mühitdə, nə qədər qəribə görünsə də, hələ ilk gənclik yaşlarından xalası qızı Madlen Rondaya aşiq olur və ilk çap olunmuş “Andre Valterin qeyd dəftərləri” (1890) povestini ona həsr edir. Qnlar 1995-ci ildə qarşılıqlı sevgi əsasında ailə qururlar. Bir neçə ildən sonra rəsmən boşansalar da, mənəvi bağlılıqları Madlen 1938-ci ildə dünyadan köçənə qədər davam edir. Bu nikahdan onların övladı olmasa da, 1923-cü ildə Andrenin Elizabet van Russelberq adlı qadından nikahdankənar qızı dünyaya gəlmişdi.
Səhhətində problemlər olduğuna görə kiçik yaşlarından sistemli təhsil ala bilməyən Ahdre yeniyetmə yaşlarında Paris protestant liseyində oxumuş, təhsil illərində ədəbiyyata, xüsusən klassik yunan poeziyasına böyük maraq göstərmişdi. O, liseyi bitirdikdən sonra yazıçı olmaq qərarına gəlir. Gənclik dostu yazıçı Pyer Luinin vasitəsilə simvolist yazıçılar çevrəsinə daxil olur. 1991-93-cü illərdə simvolist üslubda şeir və hekayələr yazır. Dövrün ən uğurlu və populyar gənc yazıçıları ilə tanış olaraq dostlaşır.
Çap olunmuş ilk əsərləri uğur qazanmasa da, gənc yazıçının ədəbi mühitdə tanınmasına şərait yaradır. Yaradıcılığının ilk dövründə simvolizmə meyil edən yazıçının yazıları bu metodu təmsil edən ədəbi dairələrdə təqdir olunur. Tanınmış yazıçı Pol Valerinin müsbət resenziyası onu ədəbi görüşlərini əks etdirən “Nəsr haqqında traktat” məqaləsini yazmağa həvəsləndirir. 1890-cı illərin əvvəllərində ağ ciyər xəstəliyi keçirən gənc yazıçıya həkimlər bir müddət quru iqlim şəraitində yaşamağı məsləhət görürlər. Bundan sonra A.Jid təxminən iki il Afrikanın şimalında – Tunis və Əlcəzairin səhralıq ərazilərində yaşayaraq müalicə alır. Bu müddət ərzində ağciyər xəstəliyi ilə bağlı səhhətində irəliləyiş olsa da, özünün yazdığı kimi, düçar olduğu daha ciddi psixoloji-fizioloji mərəzlə -- homoseksualizmlə bağlı durumu daha da pisləşərək kritik həddə çatır.
1895-ci ildə yazdığı tədqiqat xarakterli, satirik məzmunlu “Bataqlıq” essesində dövrün ədəbi mühitini, o cümlədən simvolist yazıçıları kəskin tənqid edir. Bu əsər müəllifə yaradıcılıq baxımından uğur gətirməsə də, onun əvvəlki ədəbi həyat çevrəsindən, dəqiq desək, simvolistlərdən ayrılmasına səbəb olur. Həm də sonra gələn gənc yazıçılar nəslinə (o cümlədən fərdi ekzistensialistlərə) insanın mənəvi varlığının azadlığı məsələlərində güclü təsir göstərir. Yaradıcılığının ilkin mərhələsində bütövlüklə insanın daxili aləminin əks etdirilməsi problemləri ilə bağlı olan yazıçı yetkinlik dövründə müasir cəmiyyətdə insanın şəxsiyyət azadlığı məsələsini yaradıcılığının əsas motivi kimi ön plana çəkir. 1897-ci ildə nəşr olunmuş, ritmik nəsr formasında yazdığı “Yerin nemətləri” povesti A.Jidin əvvəl yazdığı əsərləri kölgədə qoyaraq müəllifə ciddi uğur qazandırır.
Bu romanda yazıçı insanın şəxsiyyət azadlığı ideyasını ilk dəfə açıq şəkildə qoyaraq belə bir qənaətə gəlir ki, cəmiyyətdə insanın sosial ehkamların köləsi olmadan sərbəst ömür sürməsi həyatın əsas məqsədi olmalıdır. Bu barədə düşüncələrini yazıçı əsrlərin kəsişməsində yazdığı “Pis pərçimlənmiş Prometey” (1899) və “İmmoralist” (1902) kimi romanlarında davam etdirir. Problemə estetik və fəlsəfi baxışlarını isə A.Jid publisistik və ədəbi-tənqidi məqalələrinin toplandığı “Millətçilik və ədəbiyyat” (1909) adlı kitabında əks etdirir. Dövrün ədəbi tənqidi bu əsərləri gənc oxucuların ədəbi zövqünə və dünyagörüşünə çox güclü müsbət təsir göstərən nümunələr kimi qiymətləndirir və vurğulayır ki, burada A.Jid ilk dəfə olaraq cəmiyyətin eqoizm normaları əsasında formalaşmış yaşam prinsiplərini cəsarətlə ifşa etmişdir.
İlk on beş kitabını gələcək Nobel mükafatçısı öz hesabına nəşr etdirir və çətinliklə yayırdı. Yalnız 1909-cu ildə çap etdirdiyi “Dar darvaza” povesti qırx yaşlı yazıçıya ilk dəfə həqiqi məşhurluq və maddi qazanc gətirir.
Elə həmin ildən yazıçı “Les nuvel revyu Fransez” (“Yeni fransız icmalı”) jurnalını nəşr etdirməyə başlayır. Bu jurnal tək Fransada deyil, bütün Avropada ən nüfuzlu ədəbi dərgilərdən biri kimi populyarlıq qazanır.
1914-cü ildə nəşr etdirdiyi “Vatikanın zirzəmiləri” romanı A.Jidin yaradıcılığında məzmun və ideya baxımından yeni mərhələnin başlanğıcını qoyur.
Bu əsərdə qeyri-ənənəvi cinsi münasibətlərin təbliğinə yol verdiyinə görə yazıçı ədəbi və əxlaqi baxışlarında ənənələrə sadiq olan bütün oxucuların, həmçinin kilsə və ictimai təşkilatların kəskin tənqidinə məruz qalır. Buna cavab olaraq 1918-ci ildə yazdığı polemik dialoq formalı “Koridon” əsərində öz mövqeyini israrla müdafiə edir. Nəticədə, demək olar, bütün ədəbi mühit gənclərin əxlaq tərbiyəsini pozmaqda ittiham edərək ondan üz döndərir və kitablarını baykot edir. Yalnız 20-ci illərin sonlarında ictimai rəydə bu məsələyə münasibətin bir qədər liberallaşması vəziyyətin gərginliyini azaldır.
Yaradıcılığının ilk dövrlərində sosial məsələlərə, demək olar ki, maraq göstərməyən A.Jid yalnız 20-ci illərdə mövqeyini dəyişərək ictimai problemləri əsərlərinin əsas motivi kimi təqdim etməyə başlayır. Bu meyil onun bir yazıçı və vətəndaş kimi sosialist əqidəsinə bağlanmasına qədər davam edir. 20-30-сu illərdə Qərbin bir çox yaradıcı ziyalıları kimi, A.Jid də SSRİ-yə – kommunist rejiminə maraqla, hətta rəğbətlə yanaşırdı. Bu məsələdə ona böyük dostu, 1915-ci ilin Nobel mükafatçısı, görkəmli fransız yazıçısı, kommunist Romen Rollanın güclü təsiri olmuşdu. SSRİ-nin sosial sahədə həyata keçirdiyi eksperimentlərə uğur arzulayan, apardığı anti-faşist siyasəti alqışlayan yazıçının sosializmə rəğbətli münasibəti 1939-cu ildə Sovet İttifaqına səfərdən aldığı neqativ təəssüratlarla başa çatır. Kommunistlərin qurduğu anti-demokratik diktatura rejimini müşahidə edən, həyata keçirdikləri amansız, anti-insani repressiyalardan xəbər tutan humanist yazıçı “SSRİ-dən qayıdış” publisistik kitabından sonra kommunizmə rəğbətdən həmişəlik üz döndərir. Bununla da A.Jid hər hansı sosial fəaliyyətdən və hətta bədii əsərlərində ictimai mövqe sərgiləməkdən imtina edir. Bundan sonra SSRİ-də şəxsiyyət azadlığının hətta faşist Almaniyasından daha artıq dərəcədə boğulduğunu yazan ədibin kitabları ideoloji cəhətdən ziyanlı sayılaraq 80-ci illərə qədər Sovet İttifaqında nəşr edilmir. Bu səbəbdən Azərbaycan oxucusu da onun yaradıcılığından bixəbər qalır.
20-ci illərdə Mərkəzi Afrikadakı Fransa müstəmləkələrinə uzunmüddətli səfərə çıxan yazıçı bu mövzuda sosial məsələlərlə zəngin olan “Konqoya səyahət” (1927) və “”Çaddan qayıdış” (1929) adlı publisistik kitablarını çap etdirir. Gənclik dövründə A.Jid Afrika mövzusunu macəra və ekzotika mənbəyi, xoşbəxt insanların sərbəst həyat tərzinin ifadəçısi kimin götürürdü. Son kitablarında isə o, Fransa dövlətinin Afrika ölkələrindəki əməllərini azad insanların kölə halına salınmasına xidmət edən müstəmləkəçilık siyasəti kimi qiymətləndirərək kəskin tənqid edir.
A.Jidin dini inancla bağlı mövqeyi sadə deyildi. Onun mənəvi və əxlaqi görüşləri də həyatı boyu ciddi təbəddülüatlara məruz qalmışdı. Dini görüşləri barədə özü belə demişdi: “Mənim üçün katoliklik yolverilməz, protestantlıq isə dözülməzdir. Buna baxmayaraq, özümü xaçpərəst sayır, Allaha inanmaqla xoşbəxtlik arasında fərq görmürəm. Yazıçı dinə münasibətini 1925-ci ildə yazdığı “Haradan gəlirsən?” adlı əsərində qabarıq şəkildə əks etdirmişdir. Elə həmin il yazıçının etiraf xarakterli avtobioqrafik əsəri – “Toxum cücərmirsə” romanı nəşr olunur. Bu əsərdə öz həyatını və həyat haqqında düşüncələrini bütün çılpaqlığı ilə əks etdirən yazıçı qeyri-ənənəvi cinsi baxışlarına görə yenə də ədəbi-ictimai rəyin kəskin neqativ münasibəti ilə üzləşir. Üstündən illər keçdikdən, Fransa cəmiyyətinin mənəvi-əxlaqi baxışları əsaslı şəkildə dəyişərək liberallaşandan sonra bu gün A.Jidin həmin romanı bioqrafik etiraf janrının mükəmməl nümunəsi kimi hətta bu sahədə etalon sayılan J.J.Russonun “Etiraf”əsəri ilə yanaşı qoyulur.
1926-cı ildə A.Jidin özünün ən yaxşı əsəri saydığı, onun yaradıcılığında, həqiqətən də, əlamətdar rol oynamış “Saxta pul kəsənlər” romanı nəşr olunur.
Bu roman həcminə görə də yazıçının digər bədii əsərlərindən daha əhatəlidir. Mükəmməl yazı üslubuna və bitkin kompozisiyaya malik olan pomanda məzmunca bir-biri ilə bağlı olan və olmayan bir neçə süjet xətti, geniş hadisələr silsiləsi, personajlar panoramı bəzən bir-biri ilə ziddiyyət təşkil edən baxış bucaqlarından təsvir edilmişdir. Bütün bu keyfiyyətlər sayəsində roman XX əsr fransız dilli ədəbiyyatın ən dəyərli nümunələri sırasında yer tuta bilmişdir.
Müəllif hadisələrin cərəyan etdiyi vaxtı dəqiq göstərməyib, məkan olaraq isə Parisi və balaca bir İsveçrə kəndini götürüb. Süjet üç qonşu ailənin həyatında baş verən hadisələr əsasında qurulub. Əslində, heç, həqiqətən, saxta pul kəsənlərdən söhbət getmir. Əsərin qəhrəmanlarından biri, yazıçı Eduard insanlar üzərində apardığı həyat müşahidələrini gündəlik şəklində yazaraq bu qeydlərdən gələcək romanı üçün material kimi istifadə edir. O, hər gün gördüyü saxta duyğu və düşüncələrlə, saxta sevgi və nifrətlə, saxta xatirə və arzularla yaşayan, saxta mənəvi dəyərlərə dəyər verən insanları saxta pul kəsənlərə bənzədir.
Görkəmli fransz tənqidçisi Jan İtye A.Jidin yaradıcılığından bəhs edərkən göstərdiyi kimi, onun, həqiqətən, böyük ədəbiyyat nümunəsi sayıla biləcək iki əsərindən biri gənclik dövrünə aid olan “Andre Valterin qeyd dəftərləri” kitabı, ikincisi isə yetkin çağlarında yazdığı “Saxta pul kəsənlər” romanıdır. Bu roman sayəsində müəllif ilk dəfə həqiqi beynəlxalq şöhrət qazanmış oldu.
Sonrakı on il ərzində A.Jid ölkəsinin və qitənin ictimai həyatında fəal iştirak edir. Həmin illərdə İspaniyada faşist diktaturasının qurulmasına qarşı aparılan və bütün Avropanın ictimai-siyasi həyatına, ideoloji və təbliğat mücadiləsinə güclü təsir göstərən vətəndaş müharibəsinin gedişində nüfuzlu antifaşist kimi ad çıxarır.
Yaradıcılığa simvolist kimi başlayan A.Jid elə gənclik dövründə bu yaradıcılıq metodu ilə vidalağır. Özünü ifadə axtarışları ilə modernizmin müxtəlif yaradıcılıq üslublarına üz tutur. A.Jidin yeni yaradıcılıq mövqeyinin formalaşmasına şeirdə V.Uitmenin, nəsrdə F.Dostoyevskinin, fəlsəfədə F.Nitsşenin həlledici təsiri olmuşdur. Bundan sonra A.Jidin yaradıcılığında insanın şəxsiyyət azadlığı mövzusu aparıcı rol oynamağa başlayır və onun əsərləri fonunda bu ideya 40-50-ci illərdə fransız ədəbiyyatında və ictimai fikrində böyük önəm qazanır.
1947-ci ildə yazıçının Nobel mükafatına layiq görülməsində bu amilin həlledici rol oynaması inkaredilməzdir. İkinci Dünya müharibəsi illərini şimali Afrika ölkələrində keçirən və burada yazdığı “Tezey” romanını 1946-cı ildə nəşr etdirən ədib elə həmin il Oksford Universitetinin fəxri doktoru seçilir. A.Jidə Nobel mükafatının verilməsi ilə bağlı keçirilən müzakirədə İsveç Akademiyasının üzvü Andres Esterlinq onun yaradıcılığını belə qiymətləndirmişdi: “Andre Jid onu əhatə edən müasirləri arasında dünyanın zidiyyətlərini hamıdan daha artıq ifadə edə bilmişdir. Buna görə də onun əsərləri həyatsevərliklə həyata tərəddüdlü münasibət, mütiliklə sərbəstliyə canatma arasındakı daimi münaqişəni həmkarlarından daha qətiyyətlə əks etdirir”.
Səhhətində problem olduğundan Andre Jid Nobel mükafatının təqdimat mərasimində iştirak edə bilmir. Onun minnətdarlıq məktubunu Fransanın İsveçdəki səfiri oxuyur. Nobel Komitəsinə və İsveç Akademiyasına təşəkkürünü ifadə edən yeni laureat yazırdı: “Uzun illər boyu mənim səsim səhrada fəryad edən tənha adamın səsinə bənzəyirdi. Lakin bu gün siz öz qərarınızla mənim azsaylı oxucularıma müraciətimdə haqlı olduğumu sübut etdiniz. Siz öz səsinizimənim əsərlərimin yalnız bədii keyfiyyətlərinəyox, həm də onlarda ifadə olunmuş insanın şəxsiyyət azadlığı ideyasına vermisiniz.”
1950-ci ildə A.Jid bütün ömrü boyu yazdığı “Gündəlik” əsərinin 1939 – 1949-cu illəri əhatə edən son cildini çap etdirir. Gənclik yaşlarından yazmağa başladığı, demək olar ki, bütün bədii əsərlərinin mövzu və ideya qaynağı olan bu unikal yazı nümunəsini ədib ömrünün sonuna qədər davam etdirmişdi. Görkəmli fransız yazıçısı, 1952-ci ilin Nobel mükafatçısı Fransua Moriak bu əsəri A.Jidin bütün qalan kitablarından daha dəyərli hesab edirdi.
A.Jidin şəxsiyyəti kimi yaradıcılığı da ikili xarakter daşıyırdı. Onun əsərlərində sadəliyə və aydınlığa meyil, personajların və situasiyaların təsvirindəki həyatilik abstraksionizm və şərtiliklə; insanlararası münasibətlərdəki sinizm və amoralızm mənəvi saflıq və səmimiliklə paralel halda götürülür. Bir müəllif olaraq oxucuya gah bu, gah da digər profildən görünür. Bütün bunların səbəbi ondadır ki, yazıçı bütün yaradıcılığı ərzində qovuşmaz gerçəklikləri qovuşdurmağa, əkslikləri vəhdət halında götürməyə çalığırdı. Tədqiqatçılarından biri onun müəllif simasını ayın çöhrəsi ilə müqayisə etmişdi – heç zaman eyni görünüşdə olmur, amma görüntülərinin heç biri yalan, saxta deyil, hamısı səmimidir, hər yerdə özüdür.
Andre Jid 1951-ci ilin 19 fevralında Parisdə 81 yaşında vəfat etdi və vəsiyyətinə uyğun olaraq, Küvervil şəhərində, arvadının məzarı yanında dəfn olundu. Görkəmli fransız yazıçısı, 1964-cü ilin Nobel mükafatçısı Jan-Pol Sartr onun vəfatına həsr etdiyi məqalədə yazırdı: “A.Jid yorulmadan bizi öyrədirdi ki, hər şey barədə yazmaq, istənilən fikri təlqin etmək olar, təki bunu yüksək ədəbi formada ifadə edə biləsən.” Andre Jid özü ömrü boyu bunu bacarmış, yazdıqlarının hamısında yüksək ədəbi keyfiyyətə nail olmuşdu.
Növbəti gündə sizə Andre Jid aforizmlərindən seçmələr təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(23.7.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Atila Ərfəyinin “Mən özümü asaram, sən heç qorxma” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Atila Ərfəyinin şeirlərini təqdim edir.
Şəhərin içində yaşayan ölülər,
Mən özümü asaram, sən heç qorxma!
Siqaret tüstüsündən saralmış tavandan
Həbib özünü asır.
Bir şairin
Eynəyi sınıq,
Aynaları saf
Şeir yaza bilmir daha.
Yaşayanlar həsrət çəkir bir qəzəl olmağa.
Xoşluq,
Nəfəs,
Kvadrat köklərinin gəldiyi kimi
Mədd olub qabağına belə baxmadan
dalı-dalı gedir.
Damcılar pəncərədə deyil daha,
Yanaqlarımdan süzülür.
Qovuşur sənsizliyə
Alqışlanır bütün dərdlərin simfoniyası.
Yazılmır,
Baxılmır,
Oxunmur daha.
Kafelərdən qaçan şairlər,
Tablolarda görünməyən rəssamlar,
Bir qarğa yalnız oturub ağacda.
Baxmır daha heç fotoqrafçı,
Yaşam bir çantaya yığışmış
İki ulduzlu hotellərin
Saralmış pərdə və divarları
Viski yoxdur daha.
Soruram!
Dəniz yox bu diyarda
Sən necə boğulursan?
Bilinmir daha
Danışıq.
Gerçək yoxdur daha
Sürreal danışıqlar ölür havada,
Bir rəsimdən rənglər axır.
Tarixin unudulmuş parçasıdır
Mələklər diz çökür şeytana
Hansılar gəlir?
Yaxşılar gedir.
Hər gün yeni bir Zevs çıxır
Qara buludların arxasından.
Bir klassik musiqi parçasıdır
Bu şəhərdə qələm satılmır daha.
Şəhərin içində yaşayan ölülər
Mən özümü asaram, sən heç qorxma.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
“Murad futbola baxırdı” – NAZİLƏ GÜLTAC
“Ədəbiyyat və incəsənət” portalı Nazilə Gültacın hekayələrinin təqdimini davam edir. İkinci oxuyacağınınz hekayə “Murad futbola baxırdı” adlanır.
MURAD FUTBOLA BAXIRDI
Vəssalam! Hər şey bura qədərmiş. Pal-paltarını çantasına yığıb dəhlizdəki dolabın yanına qoydu. İnamsızlıq onu yormuşdu. Son zamanlar bütün bədbəxtliklərin inamsızlığa bağlı olduğunu yəqinləşdirmiş, bildiyi, gördüyü həqiqəti kimlərəsə inandıra bilmədiyi üçün zaman keçdikcə, özü də başqalarına qarşı inamını itirməyə başlamışdı. Və əslində, inanmamağın faciəsini bildiyi üçün bu illər ərzində çox şeylərə göz yummuşdu. Son vaxtlar ərinə qarşı içində bir şübhəbaş qaldırmışdı. Ərinin bəzən evə gec gəlməsi, qayğılı və soyuq rəftarı qəlbinə kölgə salırdı Mədinənin. Nə illah edirdisə, şübhələri başından çıxara bilmir, özünü danlayır, içindəki narahatlığı boğmağa çalışırdı.
Murada olan inamsızlığının səbəbini ilk vaxtlar özündə axtarmağa başladı. Bəlkə də, bunlar uşaqlıq illərində baş verənlərlə bağlıydı. Hərdən nəinki səsini, ətrini də duyurdu xatirələrin, hissi, duyğusu o qoxuya bələnirdi. Zamanın xəlbirindən keçən bəzi xatirələr ilişib qalmışdı yaddaşında, keçməyənlər isə qəlbinin dərinliyinə gömülmüşdü.
Yeddi-səkkiz yaşı olardı, əmisi Rusiyadan öz qızına bir cüt qəşəng əlcək almışdı. Mavi rəngli əlcəklər Mədinənin də xoşuna gəlmişdi. Əmisigillə onların evini bir çəpər ayırırdı.
Qarlı günlərin birində əmisiqızı əlcəklərini taxıb,həyətdə qardan dovşan, şaxtababa düzəltdi, sonra onlara gələndə əlcəklərini unudub getdi. Mədinə dərhal əlcəkləri əlinə keçirdi. Əlində əlcək sevinə-sevinə evdə gəzişir, əlcəyin yumşaq tüklərini, ilmələrini sığallayırdı. Sonra onları çıxarıb döşəyin altına qoydu ki, heç olmasa bir gecə onun yanında qalsın əlcəklər.
Səhərin gözü açılar-açılmaz əmisi arvadı qaranəfəs gəldi ki, bəs qızın əlcəyi itib, hardasa qoyub, ağlayıb özünü öldürür.
Mədinə tez əlcəkləri döşəyin altından çıxarıb əmisi arvadına verdi: “Axşam bizdə unudub, mən də saxladım ki, itməsin”. Arvad bərk qəzəblənmışdı: “Niyə oğurlamısan?!!”
Onun qınağından qızcığaz çox pərt olmuş, əmisi arvadını öz sözünə heç cür inandıra bilmədiyi üçün ağlamışdı. Əmisindən də ilk dəfə onda qırıldı. Ürəyində dedi ki, nə olardı, mənə də alaydı... Daha nələr olmuşdu, yadında deyil. Anasınn vurduğu şillənin yeri ağrıyırdı hələ də qəlbində. Ürəyində əmisi və əmisi arvadıyla heç vaxt barışmadı.
Bu hadisənin acı təsiri onu uzun müddət tərk etməyərək, adamayovuşmaz eləmişdi. Daha nə əmisigilə gedir, nə də əmisi qızıyla evcik-evcik oynayırdı. İllər keçsə də, əmisigillə onun arasındakı soyuqluq isinməmişdi. Uşaqlıq dünyasına elə bil raket atmışdın, nələrsə sınmış, dağılmışdı. O, əmisi ilə atasını müqayisə eləyir, öz kasıb atasının necə səxavətli olduğunu yaxşı görürdü. Çünki atası konfet alanda belə bölüb qardaşı uşaqlarına da verirdi. Amma əmisi elə deyildi. Bütün bunlar onun uşaq dünyasını yaralayırdı.
Zaman keçdikcə gözüylə gördüklərini qəlbinin aynasına tutmağı öyrəndi Mədinə. Bir də baxdı ki, qəlbinin aynasında çirkin ürəklər daha aydın görünməyə başlayıb. Amma heç vaxt haqlı olduğunu isbatlaya bilmədi. Bunun üçün dəridən-qabıqdan çıxmağa da cəhd etmədi heç.
Bir dəfə yayda anası onları dağ kəndində yaşayan qohumlarıgilə aparmışdı. Qohumunun qızı Rəna sözə baxmayan və yalançı idi. Mədinəni daim ağıllı bir qız kimi tərifləyir, ona nümunə göstərirdilər. Rəna paxıllıqdan yola getmirdi onunla. Ondan gen gəzən Mədinə öz aləminə dalıb, həyətdə qara kömürlə rəsmlər çəkməyə başlamışdı. Gülləri, bir də quşları çəkməyi çox sevirdi. Bir gün başı rəsm çəkməyə necə qarışmışdısa, evində qaldığı qohumunun yaxınlaşdığını duymamışdı. Qəfildən qadın onun yaxasından dartaraq, yuxarı qaldırmış və üzünə tüpürmüşdü: “Biz də buna ağıllı deyirik, o nə şəkillərdi divara çəkmisən?”
Çaşıb qalan qızcığaz ağlamışdı, elə bilmişdi, gül şəkilləriylə divarı korladığı üçün danlanır. Qadın onu darta-darta evin arxasına gətirmişdi. Evin arxa divarına öpüşən qız-oğlan rəsmi çəkilmişdi. Bunun Mədinənin işi olduğunu söyləyibmiş qohumunun qızı. Yenə də inandıra blmədi ki, bu mənim işim deyil. Axı kömür onun əlində idi. Göz yaşlarına boğulan Mədinənin gözləri birdən Rənaya sataşdı. Qız bic-bic gülürdü. Mədinə başa düşdü ki, bu onun işidir. Daha onlara da getmədi...
Həmişə danışanda deyirdi ki, mənim xatirələrim ilin qış fəsli kimidir. Həm də deyirdi ki, mənim xatirələrim yarımçıq filmdi...
Hər şey keçmiş qonşusu Rəbiyə ilə qarşılaşandan sonra baş verdi. Qadınla görüşəndən sonra illərlə qaysaq bağlamış yarası yenidən göynəməyə başladı. O gün eşitdikləri Mədinəni odsuz-ocaqsız yandırdı. Yenidən o əzablı, məşəqqətli günlərə qayıtdı. Hər şeyi unutmuşdu az qala, ərini belə ürəyində bağışılamışdı. Amma bax, budur, yenidən qəzəb varlığını bürüdü, qovurdu. Nə qədər özünü ələ almağa çalışsa da, danlasa da, xeyri olmadı ki, olmadı.
Gör bir qonşu qadın necə dedi; – O arvad yenə də sənə qarğış tökür. Gözü sənin ərində qalıb. Deyir ki, mərdimazar Mədinə iki sevəni ayırdı.
Dəli olmadımı! Bəlkə də, o qarğışlara görə səkkiz ildir ki, ailə quran oğlu övlad üzünə həsrət qalıb. Hər şeyin unudulduğunu zənn etmişdi. Sən demə, boşuna ümidlənib, heç nə unudulmayıbmış. Əgər belədirsə, demək, əri də hələ o qadını sevir. Unutmur! Çünki heç vaxt onunla qarşı-qarşıya səmimi söhbət etməyib. Bu illər ərzində yataqları da ayrı olub. Əvvəl-əvvəl o incidiyini göstərmək üçün yatağını başqa çarpayıda saldı. İlk vaxtlar davam edən bu küsülülük yerini sülhə versə də, o gün-bu gün ayrılan yataqlar bir daha birləşmədi.
Keçib arxa otaqda yana-yana, için-için ağladı. Ömrünə, yalanla dolu həyatına acıdı.
Sonra qonaq otağına keçdi. Əri televizora baxırdı. Mədinənin nə vaxt içəri keçməsindən heç xəbəri belə olmadı. “Bir buna bax!”, – deyə təsirləndi. “Mənim varlığımı duymur. Amma bəlkə də, o qadını səbirsizliklə gözləyərdi”. Çox kədərləndi. Heç bir şey demədən iti addımlarla mətbəxə keçdi, çaynikin altını hikkə ilə yandırdı. Qazanı qəsdən əlindən yerə saldı, soyugucunun qapısını bərkdən çırpdı. Əri otaqdan səsləndi ki, nə haray salmısan, bir az asta iş gör, futbola baxıram. Mənə çay gətir.
Əvvəllər deyirdi ki, bir quru qaraltısı da bəsdi ərinin, amma indi yanıldığını anladı. Neynirəm onun qaraltısını?! Ömrü mətbəxlə iş yeri arasındakı yollarda keçdi. Nə bir xoş rəftar, nə də bir qayğı gördü... Dörd uşaq böyütdü. Bu acı həqiqət onu xeyli düşündürdü, qəlbini cırmaqlayıb qanatdı ötüb keçənlər.
Əri Muradla ana tərəfdən qohum idilər. Muraddanuşaqlıqdan xoşu gəlirdi. Elə sanmışdı ki, Muradın da ondan xoşu gəlir. Muradın atası rəhmətə getməsəydi, qardaşı balalarına himayədarlıq edən əmisi onlara elçi gələrdimi, görəsən? Toyu da Muradın əmisi elədi. Ailə qurandan sonra şəhərə köçdülər.
Murad həm işləyir, həm də oxuyurdu. Mədinə çox təkid elədikdən sonra ailə büdcəsinə kömək üçün mağazaya satıcı düzəlməyə ərini razı sala bildi. Dalbadal iki övladı dünyaya gəldi. Beləcə, illər keçdi...
Murad institutu bitirdi, zavoda mühəndis düzəldi. Mədinə həmişə evin, uşaqların qayğısının çox hissəsini öz üzərinə götürürdü ki, əri yorulmasın, yeməyin ən yaxşı yerindən ona pay saxlayırdı, pərvanə kimi onun başına dolanırdı.
Özünə bahalı paltar almır, deyirdi ki, Murad, sən özünə kostyum al, mühəndissən.
Muradı şöbə müdiri keçirmişdilər, dolanışıqları get-gedə yaxşılaşırdı. Son vaxtlar Murad evə çox gec-gec gəlməyə başlamışdı. Gələndə də lal-dinməz yemək yeyir, televizora baxırdı. Qadın yenə də onun qayğısına qalır, işinin ağır olduğunu düşünür, qara fikirləri özündən uzaqlaşdırır, evin bir çox problemlərini ona açıb demir, hər şeyi özü təkbaşına həll edirdi.
Bir gün evdə paltar yuyurdu. Qapı qəfil döyüldü. Açanda kandarda bərli-bəzəkli bir qadın gördü. Qadın onu başdan-ayağa ikrahla süzdü:
– Muradın yoldaşı sənsənmi? – deyə soruşdu.
O, ətri bütün evə yayılan qadından – Bəli, nə lazımdır? – deyə soruşdu.
Çağırılmamış qonaq dəvət gözləmədən içəri keçdi. Gözlərini hirslə ona bərəldərək: – Sən Murada yaraşmırsan. O, məni, mən də onu sevirəm. Boşan ondan. Əl çək Muraddan, – deyərək qışqırdı.
Mədinə sarsıldı.
– Sən kimsən ki, belə sözlər deyirsən?! Yalan deyirsən. Onun üç uşağı var. Ailəli kişidən sən əl çək, əxlaqsız! – deyə hönkürdü.
Qadının irəli keçib, Mədinəyə şillə vurmasıyla Muradın otağa girməsi bir oldu. Gördüyü mənzərədən dəliyə döndü Murad. Qadını itələyib bayıra çıxardı. – Rədd ol, bir də bu qapıya gəlmə, – dedi.
Qadın çaşdı, özünü itirdi. Ani sükutdan sonra iti addımlarla çıxıb getdi. Mədinə isə hələ də ağlayırdı. Dünyası qaralmışdı.
O gün, bu gün Murad o qadından ayrıldı. And-aman elədi, Mədinədən dönə-dönə üzr istədi. Sonralar Mədinə qonşu qadından öyrəndi ki, sən demə, əri həmin qadınla düz beş ildir ki, bir ailə kimi imiş.
Muradın qadından uzaq durduğunu görən Mədinə də çox dərinə getmədi. Hər kişi büdrəyər, deyib, uşaqlarını düşündü. İnsafən Murad da çox dəyişdi, onu heç vaxt acılayıb incitmədi, amma əzizləmədi də. Murad öz övladlarını çox istəyirdi. Yaşadıqları yerdən başqa yerə köçdülər.
Murad iş yerini dəyişdi, yavaş-yavaş yağışlar yağdı, çatlar örtüldü, yaralar qaysaqlandı. İndi budur, təsadüfən küçədə rastlaşdığı keçmiş qonşusu yarasının qaysağını qopardı, onu təzədən iyirmi beş il əvvələ qaytardı. Bir andaca bu iyirmi beş ildə yalan bir ömür yaşadığını fərq elədi Mədinə. Belə çıxır ki, o, Murada ancaq qulluqçuluq eləmişdi. Uşaqlar böyümüş, qızları köçürmüş, oğlanlarını evləndirmişdilər. Artıq övladlarının ona ehtiyacları qalmamışdı. Onun bəbəklərində əri tərəfindən aldadılan, sevilməyən, sevilmədiyi üçün əzab çəkən bir qadın mənliyinin son damla yaşı parladı.
Otaqda çay içə-içə televizora baxan ərinə sarı boylandı, ona elə gəldi ki, Muradın gözləri televizora baxsa da, fikri başqa yerdədir, bəlkə də, o gözəlçənin yanındadır. Düşündü ki, doğrudan da, Murad bu illər ərzində evdə bir kölgə kimi dolaşmışdı. Həmişə evdə istilik yaratmaq üçün özünün neçə çabaladağı gəldi gözünün önünə, birdən-birə Murad yadlaşdı gözündə.
Artıq əri ilə bir dam altında qalmaq mümkünsüz idi. Getmək, bu evdən, bu insandan, bir ömürlük aldanışdan uzaqlaşmaq fikri onu xeyli yüngülləşdirdi...
Dəhlizə qoyduğu çantasını da götürüb, səssiz addımlarla evdən çıxdı. Kəndə – atadanqalma evlərinə getməyə qərarlıydı. Kiçik bir zərf qoydu yastığın üstünə. “Güvənə bilmədiyim yalan ömürdən gerçək həyata gedirəm. Əlvida!”
Murad televizorda futbola baxır, çay gözləyirdi.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi
“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Gözlərimi açıb saata baxdım. Səkkiz idi, səhər açılmışdı. Saat 6-da yuxuya getmişdim. O hesabla cəmi iki saat yatmışdım. Ancaq öyrəncəli olduğum üçün bu mənə kifayət edirdi. Gecə boyu gün ərzində öyrəndiklərimi bir ipə düzərkən hər şey zəncir kimi ardıcıllıqla bir-birinə bağlanır, konkret bir məqama çatanda isə zəncir qırılırdı. Nəyisə, çox incə bir məqamı gözdən qaçırdığım fikri məni rahat buraxmırdı. Bunun nə olduğunu heç cürə anlaya bilmirdim. Nəticədə yaranmış mənzərə heç ürəkaçan deyildi. Bu gün Fərman Gəraybəyliyə verilmiş vaxtın ikinci, sonuncu günü idi. Artıq ayın on altısı idi. Axşam saatlarında zəng edib pulu tələb edəndə mənə çox güvənən Fərmanın gözlərimə zillənəcək baxışlarını təsəvvür belə etmək istəmirdim. Belə sonluğa imkan verə bilməzdim. Əlbəttə, hələ dünən axşamdan bəzi fikirlərim var idi. Topladığım məlumatlar hər şeyin yaxşı olacağına ümidlər verirdi. Ancaq onlar sonda məntiqi nəticəyə gəlmək üçün kifayət etmədilər və hələ ki, elə ehtimal olaraq da qalırlar. Mənsə, uduzmağa öyrəşməmişəm. Fərman da, həyat yoldaşı da bir tərəfə, xilas edəcəyimə söz verdiyim bir yeniyetmənin həyatını təhlükədə qoya bilmərəm. Fərman da haradasa haqlıdır. Pulu alıb uşağı qaytarmaya bilərlər. Bu isə fəlakət demək idi. Ona görə də təhlillərimdə mənə mane olan boşluğu tapmağın yeganə yolu vaxt udmaqdır. Deməli, qarşı tərəfdən heç olmasa bir gün də möhlət almaq üçün tutarlı bir səbəb tapıb ehtiyat variantı işə salmalı, bundan sonra intensiv şəkildə araşdırmalarıma davam etməli idim.
Kreslodan qalxıb əl-üzümü yumaqçün hamam otağına keçdim. Sonra elektrik çaydanına su alıb şəbəkəyə qoşdum. Layiqə bir azdan gələcəkdi. O gələnə qədər bir stəkan çay içmək pis olmazdı. Öyrəncəli olduğum üçün iki saat yuxu mənə bəs etsə də, şokoladla içəcəyim bir stəkan tünd çay fikirlərimi davam etdirməyə daha yaxşı kömək edərdi. Fikirlərimi isə, elə indi, çay içəndən sonra davam etdirəcəkdim. Ehtimallarımın yerini almasına mane olan səbəbi mütləq tapmalıydım. Zəncirin qırılan halqasından, qaldığım yerdən davam edəcəkdim yenə də.
Çaydan qaynadı. Çayı dəmə qoymaq istəyəndə giriş qapısının üstündə asdığım zınqırovun melodik səsi gəldi. Mətbəxdən boylandım. Gələn Layiqə idi. Onun belə tez gələcəyini gözləmirdim. Layiqənin əhvalı həmişəki kimi yüksək idi. Mətbəxdən baxdığımı görüb ucadan salamlaşdı:
- Sabahınız xeyir, şef.
- Sabahın xeyir, ey əvəzolunmaz köməkçim, - mən də həmişəki kimi onun salamına öz tonunda cavab verdim. Belə deməyimi çox xoşladığını bilirdim.
İş masasının yanına keçib çantasını əlindən qoyan Layiqə mətbəxə qayıtdı.
- Mən dəmləyərəm, siz dincəlin, - bunu deyib çaydana quru çay töküb üstünə su aldı.
- Dincəlim?
- Hə, gecə ofisdə qaldığınız və çox gec yatdığınız baxan kimi məlum olur.
- Bunu necə bildin? - Layiqəyə detallara fikir verməyi öyrətdiyim üçün indi onun deyəcəkləri mənə maraqlı idi.
- Sizin məktəbinizi keçdikdən sonra belə şeyləri müəyyən eləmək elə də çətin deyil. Kreslonuzun arxası iş masanıza tərəf çevrilib. Deməli, adətiniz üzrə ayaqlarınızı masanın üzərinə uzadıb saatlarla fikirləşdikdən sonra yorulub kresloda geriyə çevrilib mürgüləmisiz. Kresloda yatanda həmişə belə edirsiz. Evdə gecələyib gələndə ofisə girərkən ilk işiniz işıqları yandırmaq olur. Belə tezdən ofisdəsizsə və işıqlar da hələ yanmayıbsa, deməli gecədən buradasız. Gözlərinizin bir qədər qızarması isə çox az yatdığınızdan xəbər verir.
Diqqətlə Layiqəyə baxıb dedim:
- Bunlar hamısı çox yaxşıdı, diqqətinə heyranam, amma əsas bir şeyi nəzərdən qaçırdın.
- Nəyi, şef? - Layiqə təəccüblə mənə baxıb soruşdu.
Bir qədər pauza verib dedim:
- Dəm qaynadı.
Layiqənin çaydana baxıb sonra özünümüdafiə pozası aldığını gördükdə tez gülə - gülə dilləndim:
- Yaxşı, yaxşı, təzədən dəmlə, işimiz çoxdur.
Köməkçim ilə hərdən zarafat etməyi xoşlayırdım. Ancaq belə deməklə diskussiyanın bitməsinə işarə etdim. Yoxsa mətbəx bacarığı ilə heç vaxt fərqlənməyən bu yaxşı qızın onu söhbətə tutduğumu əsas gətirib dəmin qaynamasında məni günahlandıracağına əmin idim.
Sadaladığı müşahidələrindən sonra «afərin» gözləyən Layiqə burnunu sallayıb yenidən dəm çaydanını götürdü. Müşahidələri isə, cəmi bir ildən bir qədər çox yanımda çalışan birisi üçün həqiqətən də təqdirəlayiq idi. Bu qız artıq mənim vərdişlərimi də öyrənmişdi. Bunu üzünə deyib onu arxayınlaşdırmaq fikrim yox idi. Qoy hələ üzərində çalışsın. İrəlidə öyrənəcəyi çox şey var. Yaxşı detektiv olmaq bir - iki günün işi deyil, buna uzun zaman tələb olunur.
Mətbəxdən çıxıb masamın arxasına keçdim. Çayı elə burada içəcəkdim.
* * *
Köhnə bağ evindəki dəmir çarpayıda yuxuya getmiş adam qulağına gələn tappıltı səsindən dik atılıb yerinin içində oturdu. Qeyri - ixtiyari əlini uzadıb balış əvəzinə istifadə etdiyi kisənin altına qoyduğu tapançanı götürdü. Qalxıb ehtiyatla pəncərəyə yaxınlaşıb həyətə baxdı. Heç kim gözə dəymirdi. Tapançanı yerinə qoyub həyətə çıxdı. Ətrafa boylandı. Gözünə şübhəli bir şey dəymədi. Sakitçilik idi. Tappıltı səsinin küçədən gəldiyini fikirləşib əlini yellədi. Onsuz da gecəni pis yatmışdı. Bu səsdən də hövlnak oyanması tarıma çəkilmiş əsəblərini bir qədər də gərginləşdirmişdi. Bu gün hər şey həll olunmalı idi. Natarazı hər şeyin yaxşı keçəcəyinə əmin etsə də, özü buna tam əmin deyildi. Adam oğurluğu kimi bir cinayətə ilk dəfə getdiyi üçün içində güclü narahatıq vardı.
Cibindən natarazın ona verdiyi köhnə telefonu çıxarıb baş barmağını düymələrdən birinə sıxdı. İşıqlanan ekranda saata baxdı. Doqquza işləyirdi. Axşama qədər bir işi olmadığı üçün belə tez oyanmaq fikri yox idi. Onu oyadan tappıltının ünvanına bir söyüş söyüb evə qayıtdı. Axşamdan içdiyi arağın təsirindən ürəyi bulanırdı. Evə keçib gözü masanın üstündəki yarımçıq araq şüşəsinə sataşanda ürəkbulanması bir az da artdı. Tez gözünü şüşədən ayırıb keçib çarpayıya uzandı. İndiki vəziyyətdə vaxtı öldürmək üçün ən yaxşı vasitə yatmaq idi. Yuxuya gedə bilərsə, düz günortaya qədər yatacağını qət etdi. Bir qədər sağa-sola çevrildikdən sonra nəhayət gözünə yuxu getdi.
Onun xəbəri yox idi ki, həyətə çıxmasından qayıdıb evə keçməsinə qədər olan müddətdə bir cüt göz ara vermədən onu izləmişdi. Bu adam, qumarda uduzduğu üç nəfərdən biri idi. Heç kimin olmadığı qonşu bağa girən adam onun hasarından içəri atılarkən ayağı düz yerdəki paslı dəmir lövhənin üstünə düşmüş, möhkəm səs salmışdı. Adamı onu izləmək üçün nataraz göndərmişdi. O, hasarı aşdıqdan sonra özünü natarazın əvvəlcədən ona nişan verdiyi, bağın lap yuxarı başında olan, nə vaxtsa toyuq damı kimi istifadə edilən tikiliyə çatdırıb orada gizlənə bilmişdi. Aldığı tapşırığa görə axşama qədər bağ sahibini gözdən qoymamalı, əgər o harasa gedərsə onu izləməli, həyətə polislər gələrsə, yaxud şübhəli hər hansı bir hal baş verərsə, dərhal mesajla nataraza xəbər verməli idi. Bağ sahibindən fərqli olaraq belə işlərdə daha təcrübəli olan və hər addımını yüz ölçüb bir biçən nataraz bu dəfə də sığortalanmağı lazım bilmişdi. Adam birtəhər yerini rahatlayıb yenə də evə tərəf baxmağa başladı. İrəlidə onu bu taxtaları çürümüş, damı çökmüş tikilidə keçirəcəyi uzun saatlar gözləyirdi.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
LİDERLİYİN 21 QANUNU – 1.Tavan qanunu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
1. Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
Şəhidlər barədə şeirlər - Vüqar Ələkbərov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Vüqar Ələkbərov
Vüqar Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001-2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində "Avtomobilin təmiri və servisi" üzrə təhsil alıb.
2014-cü ilin iyul ayında Ucar rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. 2014-2016-cı illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edib. Hərbi xidməti zamanı fərqləndiyinə görə "baş əsgər" hərbi rütbəsi alıb.
Hərbi xidmətini başa vurduğdan sonra Vüqar Ələkbərov 2016-cı ilin yanvarından Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlyıb. 2017-ci ilin yanvar ayında Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində (XTD) xidmətini davam etdirib. Həmin ilin fevral ayında isə xidmətini Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində davam etdi. 2017-ci il mayın 29-da nümunəvi xidmətinə görə "kiçik gizir" hərbi rütbəsi alaraq İriçaplı Pulemyot Yarımqrupunun Komandiri vəzifəsinə təyin edilib.
Vüqar Ələkbərov 2018-ci ildə "gizir" hərbi rütbəsi aldı və bir il sonra, 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin zirehli maşınlar üzrə rəhbəri vəzifəsinə təyin edilib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Vüqar Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağı istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli istiqamətində strateji əhəmiyyətə sahib olan mövqelərin azad edilməsində, o cümlədən Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Vüqar Ələkbərov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar rayonunun Qazyan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
AdınVüqar, vətənin
Vüqarısan, şəhidim!
Azadlığın, zəfərin
Nübarısan, şəhidim!
Şəhidsən, bumillətin
And yeri, aman yeri!
Nə qədər ki, zaman var
Andığı zaman yeri.
Havalar soyuq keçir,
Necəsən, şanlı şəhid?
Nişan üzüyün hanı,
Hanı, nişanlı şəhid?
Bir qızın barmağında
Bir üzüyün izisən.
Vətənin sinəsində,
İgidliyin özüsən.
İndi sənin adından
Vətən güc alır, şəhid!
Şuşada, Cəbrayılda
Bayraq ucalır, şəhid!
Sən vətənə borcunu
Qaytarmısan, vermisən,
Şəhidlik meyvəsini
Cənnətindən dərmisən.
İndi bizim borcumuz
Səni yaşatmaq olsun,
Hamımız fəda olaq,
Təki Vətən sağ olsun!
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
Bir intiharın ildönümü - ACİ HEKAYƏT
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Faktla bağlı araşdırma aparılır..?
-Danışır Bakı televiziyası. Mən həmvətənliniz Səlimə Yaqubqızının təqdimatında günün ən aktual xəbərləri ilə qarşınızdayıq...
-Ay Gülçöhrə bacı, eşitdin Səlimin qızı özünü öldürübeey..
-Bıy a bacı, nə danışırsan, o ki cavan, gözəl-göyçək bir qız uşağı idi.
-Hə ay bacı, dünən səhər asıb özünü, bu gün getmişdim başsağlığı verim, yazığ Ülkərlə Səlimin öyü yıxılıb. Ülkər yazıq bir gecənin içində 10 yaş qocalıb elə bil. Hələ Səlimi demirəm, kişinin ağlamağdan gözləri qan çanağına dönüb.
-Ayqız nə danışırsan, bəlkə qızın nə isə zibil işi olub?
-Yox ay bacı, ölünün haqqına girməyək, gül kimi qız uşağı idi.
-Xanımlar zəhmət olmasa səssiz olun, xəbərlərə baxıram.
-Ay kişi, xəbər budeey, burnunun dibində, cavan qız uşağı özünün öldürüb, sən nə xəbər-xəbər salmısan?
-Gülçöhrə səssiz ol, xəbərlər başladı..
-Bu gün Abşeron rayonu Biləcəri qəsəbə sakini 17 yaşlı Lalə Səlim qızı Şahbazova naməlum səbəblərdən dolayı intihar edib, polis dərhal hadisə yerinə müdaxilə edib və faktla bağlı cinayət işi açılıb...
Belə, keçək günün qaynar xəbərinə, gündən-günə çiçəklənən Azərbaycan Resp........
-Ay kişi sən də qəribəsəne vallah, bayaqdan xəbər deyib durmusan, indi niyə televizoru söndürdün.
-Gülçöhrə, məgər sən mən baxan xəbərə baxmırdın, televizorda Səlimin intihar edən qızını göstərib ardından çiçəklənən Azərbaycan deyir. Ölkə çiçəklənir, amma ölkənin hər yerində bir çiçək solur. Saymışam, Lalənin intiharı ilə birgə bu ay ərzində 17ci intihar hadisəsidir bu. Bizim aidiyyatı qurumlar isə hələ də, faktla bağlı araşdırma aparırlar.
-Düz deyirsən ay kişi, durum bir çay süzüm.
23.07.2022-Bəlkə gözəl olardı..
Mənim adım Lalədir, mənim 17 yaşım var və bu il universtitet imtahanlarına hazırlaşırdım, əksər həmyaşıdlarım kimi mən də ali məktəbə qəbul olub, ali savadlı diplomlu bir qız kimi ailəmin fəxri olmaq, özümdən balaca iki qardaşıma nümunəvi bacı olmaq istəyirdim. Anamın xəyalı qohumlar arasında danışanda diliuzun olması üçün, diplomlu, ali təhsilli gəlin köçürtmək idi məni. Atam da düz 3ildir ki məni kəndimizin ən seçilən müəllimlərinin yanına hazırlıqlara göndərirdi, o da istəyirdi ki, ən azı bir yerə girib tökdüyü pulları heyif etməyim.
Bir həftə öncə imtahan nəticələrimiz açıqlandı. Qohumların, müəllimlərimin, qonşuların ardı-arası kəsilməyən zəng və mesajlarına verə biləcəyimiz baş ucaldan cavab yox idi. Mən qəbul ola bilmədim. İmtahan balım olması gərəkəndən biraz az olduğu üçün tələbə adından məhrum oldum. Mirzə əminin oğlu Mahmud isə düz 675 balla Bakı Dövlət Universtitetinin Hüquq fakultəsini qazanmışdı.
Bir anda bütün ev başıma yıxıldı sanki.
Atamın şilləsindən üzümü hiss edə bilməz halda ikən, anamdan eşitdiyim “səni Allah öldürsün,adın qara daşlara yazılsın” sözü mənə şillədən də ağır təsir etmişdi.
Düz bir həftə otağıma həbs edildim, atam telefonumu alıb sındırdı. Hər gün eşitmədiyim söz qalmırdı. Qardaşlarım Muradla Tehran belə gedib-gəlib məzəmmət edirdilər. Dünən ilk dəfə idi ki, atam məni süfrəyə çağırdı. Artıq anam da, atam da sanki adam öldürmüşəm, hansısa pis iş görmüşəm kimi hadisəni ört-basdır etmək üçün bir qərar veriblər. Ağcabədidə Faiq kişinin 34 yaşlı dul baytar oğluna gəlin gedəcəm. İki gün sonra nişanım olacaq. Barı özüm özüm üçün bir şey edə bilmirdim, qoy ailəm mənim bu rüsvayçılığımı ört-basdır eləsin. Səhər-səhər süfrənin bir küncündə əyləşən zaman deyilən sözlər qədər qəlbimi heç nə yaralaya bilməzdi.
Artıq hər şeyi anlamışdım. Mən ailəm üçün yük idim, evdə bir artıq, üz qarasından başqa bir şey deyildim.
Anamı qohum-qonşu yanında başıaşağı etmişdim. Atam isə heç mənim kimi övladı olmamışcasına sanki evdə artıq bir varlıq imiş kimi davranırdı mənlə. Hər ikisi haqlı idi, o qədər pul, əzab-əziyyət hədər olub getmişdi, mənə tökülən pullarla bir kişi gəlin köçürdə bilərmiş.
Bəli mən sevgiyə layiq deyiləm, bəli mən ailəmə layiq övlad olmadım, bəli mən uğursuzluğuma rəğmən sevilmədim.
İndi isə sizə bir hədiyyəm olacaq. Ana, narahat olma, ilk dəfə arzunu yerinə yetirəcəm, adımı qara daşlarda görəcəksən ana, ata, sən də sevin, Mirzə əmi oğlu ilə öyünəndə sənin başın mənə görə aşağı əyilməyəcək. Sizə cəsədimi hədiyyə edib gedirəm, buludlardan sevinc göz yaşlarınızı seyr edəcəm daima.
Siz mənim yanımda olsaydınız, mənə dəstək olub məndən ilk uğursuzluğumda vaz keçməsəydiniz, bəlkə hər şey gözəl olardı. Bundan sonra mən yoxam, bəlkə hər şey gözəl olmadı, amma məndən sonra hər şey gözəl olacaq. Sizə layiq ola bilmədiyim üçün məni bağışlayın, sizi sevirəm...
Faktla bağlı cinayət işi açılır, müəyyən araşdırmalar aparılır və "əsaslı"dəlil olmadığı üçün Səlim kişi sağ-salamat evinə qayıdır..
40 gün sonra artıq hər şey unudulmuş olur. Hər kəs bir qənaətə gəlib, intihar edən hər zaman ən günahkar və ən iradəsiz bəndədir, valideyn istədiyi əməli edə bilər, tərbiyəsi olan övlad əməlindən peşman olub hər şeyə dözməlidir, günahı olmayan özünü öldürmək istəməz...
Həyat qaldığı yerdən davam edərkən, çiçəklənən diyarın hər guşəsində bir çiçək solur. Bəzilərimiz isti yerimizdən ağız dolusu ölünün günahına girib rəy yazır, bəzilərimiz günah keçisi axtarır, bəzilərimiz heçnə hiss etmədən sadəcə oxuyub keçirik. Neçə-neçə Laçınlar torpağın altında intihara qurban gedərkən, neçə-neçə Lalələr yaşarkən intihar etmişdi.
Nə qədər ki,
mental qəliblərdən çıxa bilməyəcəyik, nə qədər ki, el-oba nə deyəri övladından üstün tutan valideyinlər öz bacara bilmədiklərinə, yaşanılmayan xoşbəxtliklərinə sipər olaraq övladlarını tutacaq, ana qucağına həsrət gəncləri torpaq bir-bir qucaqlayacaq.
Bu, ilk intihar deyildi, necə ki, sonuncu da olmayacaq. Hələ çox faktlarla bağlı araşdırma aparılıb, cinayət işi açılacaq.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
İntizar ədəbiyyatı - Əli Tudə, "Sərhəd"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Min hikmətli nağıl bilsə də bəşər,
Sərhədlər qorxulu nağıl kimidir.
Neçə düyün açsa, neçə sirr əgər,
Sərhədlər bağlanmış qıfıl kimidir.
Doğma məcrasında dinc axır, fəqət
Sərhəddə dəyəndə diksinir çay da.
Nədir o səksəkə? Nədir o zülmət?
Sərhəddə təlaşla boylanır ay da...
Bəli! Sərhəd xətti bir külək kimi
Dağdan addımlayır, ətəkdən keçir.
Yox! Odlu-alovlu bir şimşək kimi
Nə qədər nisgilli ürəkdən keçir.
Yaman uğuldayır hicran küləyi,
Yer ilə sürünür soyuq ətəyi.
Köpüklü sulara düşür örpəyi,
Sahildə titrəşən güllər ayrılır.
Durnalar uçuşur şimala sarı,
Meh əsir mahaldan-mahala sarı.
Dodağı gülüşlü vüsala sarı
Həsrətlə uzanan əllər ayrılır.
Nəhəng addımlarla yeriyir zaman,
Gələcəyi qurur bu tayda insan.
Öz yerində sayır o tayda dövran,
Arazın üstündə illər ayrılır.
Duzlu göz yaşıyla yoğrulan torpaq
İntizar göyərdir, həsrət bitirir.
Mehriban baxışlar sükutla ancaq
O taydan bu taya salam yetirir.
Hələlik torpaqda sərhəd olsa da,
Deyirəm ürəyə hədd qoyulmasın!
Hələlik növraqda sərhəd olsa da,
Deyirəm diləyə hədd qoyulmasın!
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)