Super User

Super User

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Dönə dönə tapşırırdı mürşid müridinə Şükür, pənah, təvkkül deyə..

1,2,3...

 

Mələklər xoşbəxtliyi insanın varlığına, ruhuna ən yaxın, ağlının gələ biləcəyi ən uzaq nöqtəyə qoymuşdular.

Xoşbəxtliyə gedən yol əslində bəşərin düşündüyü qədər uzaq və yorucu deyildi.

Üç addımlıq yol idi əslində, xoşbəxtliklə aramızdakı məsafə.

Birinci addım təşəkkür etməkdən keçirdi, minnətsiz təşəkkürdən.

Yumruqladığımız ovcumuzu açıb əllərimizi rahat buraxmalı idik. Və gözümüzü döyərək boş-boş baxdığımız ovcumuzun içindəki o toxumla nə etməli olduğumuzu artıq anlamalıydıq. Onu aid olduğu yerə gömmək lazım idi…

İkinci addımda dilimizin bağı çözülməliydi, biz danışmağı və ən nəhayət bununla bərabər istəməyi, fikrimizi ifadə etməyi öyrənməliydik. 

“Əllərim palçığa bulaşacaq” dərdi olmadan barmaqlarımızla torpağı qazıb toxumu ora əkməliydik.

Və üçüncü addımda yorulmadan hər gün o toxumun cücərib cücərməyəcəyi təlaşına qapılmadan, səbrlə onu sulamalıydıq.

Düşündüyümüz qədər uzaq deyildi əslində xoşbəxtliklə aramızdakı məsafə, sadəcə üç kiçik addım ayırırdı bizi.

1,2,3...

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Çərşənbə, 24 İyul 2024 11:30

STATUS YAĞIŞI - Elşən Əzim ilə

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Mingəçevirdə yaşayan kəlbəcərli şair Elşən Əzim üçün açır. Buyurun.

 

Azad olmuş bölgələrdə kənd adlarına yer-yurd toponimlərinə, çayların, bulaqların adlarına toxunmaq olmaz. Göz açıb "Tutqu çayı" kimi eşitdiyim çayın adı indi bütün yazılı mənbələrdə "Tutqun çayı" yazılır, tv jurnalisti "Sarı yer" yaylağından hazırladığı reportajda yaylağın adını "Sarı yel" kimi işlədir. Kəndlərindən video çəkiliş edən gənc kəndin adını bəyənmədiyini deyir. Bu adların hər biri özündə bir tarixi yaşadır. Bunu unutmayaq. Yer-yurd adlarını dəyişə-dəyişə tariximizi itiririk.

 

Kəlbəcər doğumlu şair Elşən Əzim!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Çərşənbə, 24 İyul 2024 14:11

GÜLÜŞ KLUBUnda Don Juan

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Üzərək fiziki hərəkətdə olmaq, balıq yemək, çoxlu su içmək insanı formada saxlayar və kökəlməyə qoymaz. Bəs nədəndir bütün bunları edən balina div boydadır?

 

2.

Don Juanların hətta vicdanları da başqalarının arvadları ilə yatır.

 

3.

Əgər sənə cəmi bir sosiska lazımdırsa, bütöv donuzu ələ keçirməyinə dəyərmi, adam?

 

4.

Ən asan düşmən üstünə yumruqla gələn, ən çətini sənə sədaqət andı içəndir. 

 

5.

Ağadadaş Ağayevin atdığı balta Trampın qulağına dəysəydi nə olardı? 

 

6.

Tərcüməçilərin hesabına, Amerika filmi həiqətdə olduğu kimi səfeh deyil. 

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün  yağı əlində olan o ellərimizlə bağlı şeirləri təqdim edir.

 

 

Hüseyn ARİF

GÖYÇƏLİLƏR, DAĞILMAYIN GÖYÇƏDƏN

 

Göyçəlilər, dağılmayın Göyçədən,

Göyçə qədim, Göyçə ulu Göyçədi,
Göyçəlilər, dağılmayın Göyçədən.
Var-dövlətli, mal-qoyunlu Göyçədir,
Göyçəlilər, dağılmayın Göyçədən.

Toxulcada axdı bulud, ötdü çən,
Xəbər tutdum durnaların köçündən,
Atla keçdim Ağbulağın içindən,
Göyçəlilər, dağılmayın Göyçədən.

Göyçə eli şöhrətlidir ellərin,
"Göyçə gülü" əzbəridir dillərin,
Göyçə gölü göyçəyidir göllərin,
Göyçəlilər, dağılmayın Göyçədən.

Xoş ləhcəni, şirin dili saxlayın,
Həm sevinci, həm nisgili saxlayın,
Zodda zodu, Cildə cili saxlayın,
Göyçəlilər, dağılmayın Göyçədən.

Aləm bilir, hər hörmətim sizədir,
Dədə-baba məhəbbətim sizədir,
Mən Arifəm, vəsiyyətim sizədir,
Göyçəlilər, dağılmayın Göyçədən.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

 

Çərşənbə, 24 İyul 2024 10:37

BİR SUAL, BİR CAVAB Ramil Əhməd ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Səndən məcburi köçkün bədənimi 

harada gizlədim,

Vətənim mənim?

Harada yoxa çıxsın bu canım ki

qurtulum bir kimsə olmaqdan?

Mən bu dünyada heç kim olmaq istəyirəm,

Bircə sənin nəyin olum, bilmirəm...

 Ayaqlarımın gücü yox,

söykənmişəm səsinə...

Uzun gecələr

həsrətindən çəkilmir,

Söykənmişəm səsinə,

Səsinin dəydiyi sözləri 

bir-bir öpmək istəyir könlüm.

 O sözləri söz edən hərfləri

 bir-bir bağrıma basmaq,

 Hər kiçik zərrə qədəriylə 

sevmək səni. 

(Ramil Əhməd)

 

Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur. Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətin çəkər.. (Cəlaləddin Rumi)

 

Əziz Ramil bəy, həsrət yükü çiyinləri yerə çökdürməyi başarırmı?

 

 

CAVAB

Şeirdəki həsrətin iki istiqaməti var. Bir dünyəvi olana bəndəyə olan həsrət, bir də yaradana. 

Bu çoxlu mənaları şair şeirində yazıb, sonra isə onu şərh edə bilməz. Şair mənanı yaradan adamdır. Şərhi başqaları verir.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

“Moskvada yay. Hamı küçəyə” festivalı çərçivəsində Rusiya paytaxtının “Briqantina” parkında Azərbaycan Mədəniyyəti Günü keçirilib. 

 

Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin Qadınlar şöbəsinin müdiri, tədbirin təşkilatçısı Ulduz Əsgərovanın AzərTAC-a verdiyi məlumata görə, gün ərzində Rusiya paytaxtının sakinləri və qonaqları incəsənət ustalarının çıxışlarına - milli rəqslər və musiqi nömrələrinə, Azərbaycana həsr olunmuş rəsm sərgisinə baxmaq imkanı əldə ediblər, həmçinin Azərbaycan yeməkləri və şirniyyatlarının dadına baxıblar.

Moskva Linqvistik Universitetinin rəqs qrupu parlaq nömrələrlə səhnəyə çıxıb, Rəna Qafarlı “Qavalla rəqs” və “Stəkanlarla rəqs”i ifa edib. Andrey Katkov, Aysel Məmmədova və Vasil Məmmədovun ifasında məşhur “Mavi əbədiyyət”, “Mənim şəhərim Bakı”, “Dünyanın ən yaxşı şəhəri”, “Zibeydə” mahnıları səsləndirilib.

Azərbaycan Mədəniyyəti Günü Rusiyanın müxtəlif mədəniyyətlərinin nümayəndələrini birləşdirən, onları bir araya gətirən, ölkəmizin adət-ənənələrini, mədəniyyətini nümayiş etdirən bayrama çevrildi.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Kitablardakı cümlələrin, filmlərdəki epizodların, mahnıların, yaşanmış həyat hekayələrinin, səmanın, dənizin və mavinin təsirində xeyli qala bilirəm.

Və bir cümlə məni çoxca düşünməyə, təhlillərə, sorğulara və həyatla üzləşməyə doğru itələmişdi.

 

“Güzgünün qarşısına keç, gözlərinin içinə dərin-dərin bax və özünlə üzləş. Unutma ki, kimsə sənin gözlərinə sən qədər dərindən baxa bilməz və sən heç kimin gözlərində öz gözlərinin dərinliyinə endiyin qədər dərində ola bilməzsən”.

 

Çox düşündüm bu barədə. Cəsarətimi toplayıb güzgüdə gözlərimə dərin-dərin baxmağa çalışdım.

Baxdım da.

Həm də, maviyə baxmağa qıymadığım qədər dərin, mavidə boğulmaqdan qorxduğum qədər cəsur baxdım.

Məgər bir cüt göz danışa bilərmi?

Danışırmış sən demə.

Sətirlərə sığmayacaq qədər çox, özü də.

Susaraq danışırmış.

Mənalı və ya mənasız, bəzən uzun, bəzən qısa, hərdən ağlayaraq, hərdən gülərək, çoxca ya da boşca.

Amma danışırmış.

Gözlərimdəki mən ilə üzləşmək çətin oldu bir xeyli, ancaq bu günə kimi özüm üçün etdiyim ən böyük yaxşılıq gözlərimlə ruhumun söhbəti olmuş ola bilər. Düzü, bu günə kimi özümə neçə dəfə yaxşılıq etmişəm, bilmirəm.

Məsələn, neçə dəfə soyuqdan üşüməmək üçün qalın, istidən tərləməmək üçün nazik geyinmişəm?

Mmm… necə dəfə özüm üçün süfrə hazırlamış, çayımın ətrini alıb göy üzünə doyunca baxmışam ki?

Ya da neçə dəfə özümə baxıb gülümsəmişəm, xatırlayırammı heç?

Neçə dəfə sadəcə özüm üçün səsim pis olmağına rəğmən yüksək səslə mahnı oxumuşam ki?

Neçə dəfə qərarlarımın arxasında durub əmrlərə boyun əymək yerinə qəlbimin səsini dinləmişəm, ya da?

Mən özümü çılğın, sərt, əsəbi, tərs, bəzən xətalı, bəzən yalançı və günahkar ola-ola neçə dəfə sevmişəm?

Neçə dəfə yox deməyi bacarmış, başqalarının standart kriteriyaları, arzu və istəkləri əsasında formalaşaraq, qəliblərə uyğunlaşaraq yox, bütün varlığımla azadlığın qoxusunu burnumda hiss edərək yaşamışam ki bu həyatı?

Artıq çəkimə, boyuma, üzümdə ara-sıra yaranan sızanaqlara, uşaq vaxtı xəfif sınmış kəmərli burnuma baxıb ən son nə vaxt özümə gözəl olduğumu demişdim ki məsələn?

 

Bəs sən?

Sən ən son nə zaman özünə yaxşılıq etmisən bəs?

Sən nə vaxt saysız-hesabsız ayrılıqlar, uğursuzluqlar, standart olmayan gözəllik qavrayışları və imic, özünü tam doğrulda bilmədiyin ağlın ilə birgə keçdin aynanın qarşısına və gözlərinə baxacaq cəsarəti tapdın özündə?

Neçənci uğursuz müsahibəndə vaz keçdin özünə inanmaqdan və yıxıla-yıxıla qalxmaqdan? 

Ya da neçənci dəfə qınaq obyektinə çevrildiyini görəndən sonra sən də hamılaşmağa qərar verdin?

Məsələn, oxuduğun kitabları oxumaq istədiyin üçün, faydalanmaq üçün oxudun, yoxsa müzakirə zamanı “mən filan qədər kitab oxumuşam" deyə bilmək üçün oxuyursan o kitabları?

 

Hə?

Sən kimsən?

Özünə neçə dəfə yaxşılıq edib, özünü bütün var oluşunla qəbul edib sevdin bütün sevgisizliklərə rəğmən?

Bəlkə hər gün, bəlkə də, heç vaxt..

Bəlkə keçən illər ərzində tanış olduğun bir sürü insan olsa da, özünlə tanış olmaq üçün gecikmisən və hələ də gecikirsən.

Bəlkə də tam zamanıdır.

 

Deyəsən çox danışdım yenə. Bəlkə danışdıqlarım susduğumun yarısı belə deyil. Kiminəsə görə boş söz yığını, kiminəsə görə motivasiya qaynağı oldum bəlkə də.

Bütün bəlkələr heç yoxmuşcasına əminliklə deyə bilərəm ki, insan özü özünün ən böyük şansıdır.

Bəzən ailəvi problemlərlə qarşılaşa bilərik, yanlış dost, yaxud sevgili seçmiş ola bilərik, axşam bir boşqab artıq yediyimiz yemək ucbatından pəhrizimiz da pozula bilər. Yetəri qədər flirt olmaya, marka geyinməyə, bahalı ətir və aksessuarlar istifadə etməyə bilərik.

Sağlamlığımız sınana bilər, əziyyətlərimizin cəmi məhv olmuş xarabalığa belə çevrilə bilər.

Qısacası həyatımızın bütün periodlarında istənilən yaşda həyatdan zərbə və yaralar ala bilərik.

Lakin bütün bunlar baş verərkən biz ən ağır dərd dediyimiz hər hansısa acıdan dolayı qıvrılsaq belə, yer kürəsinə heç nə maraqlı deyil.

O öz oxu və günəş ətrafında dövr etməyə cavabdehdir sadəcə.

Dünya səni bu qədər vecinə almazkən çox sevə və sənə keçici ev sahibliyi edə bilirsə, sən də eyni davran.

Dünyaya çox bağlanmadan sevgi ver ona.

Xəyallarını hədəflərin halına gətirib həyatının mərkəzinə qoy və addım-addım çat hədəflərinə.

Güzgünün qabağına keç, gözlərinin içinə ən dərinə kimi bax və özünü qəbullanaraq şükr et.

İndi isə gülümsə.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Çərşənbə, 24 İyul 2024 10:10

“Stabilizator” – NAZİLƏ GÜLTAC

 “Ədəbiyyat və incəsənət” portalı Nazilə Gültacın hekayələrinin təqdimini davam  edir. İkinci oxuyacağınınz hekayə “Stabilizator” adlanır.

 

 

STA­BİLİZA­TOR

 

İki yüz ma­nat pu­lu pən­cə­rə­nin önün­də­ki jur­na­lın ara­sın­dan gö­tü­rüb, çan­ta­sı­na qoy­du. Ev­də ən çox eti­bar et­di­yi yer bu jur­na­lıy­dı, çün­ki ev­də jur­na­lı on­dan baş­qa kim­sə oxu­mur­du.

Uc­qar bir mə­həl­lə­də ya­şa­yır­dı. Əy­ni­ni ge­yi­nib ev­dən çıx­dı, Sə­də­rək Ti­ca­rət mər­kə­zi­nə ge­dən av­to­bu­sa min­di. Fi­kir­ləş­di ki, 120 ma­na­ta bir sta­bi­li­za­tor, özü­nə də ucuz bir çək­mə alar. Ar­tıq ha­va­lar so­yu­muş, aya­ğın­da­kı yay ayaq­qa­bı­sı çox­dan köh­nəl­miş­di.

Ti­ca­rət mər­kə­zi­nə ge­dən av­to­bu­sun otu­ra­caq­la­rı di­di­lib sö­kül­müş, kir­dən rəng­lə­ri­ni itir­miş­di. İçə­ri­də ayaq bas­ma­ğa yer yo­xuy­du, adam­lar bir-bi­ri­nə pər­çim ol­muş­du. Yə­qin ki, bu ge­dən­lər is­tə­dik­ləri­ni or­dan ucuz qiy­mə­tə ala bi­lə­cək­lə­ri­nə ümid edir­di­lər.

Doğ­ru­dan da, ti­ca­rət mər­kə­zin­də nə­lər yox idi! Nə is­tə­sən, tap­maq olar­dı. Gör­dü ki, iki ma­nat əl­li qə­pi­yə əl-üz ­dəs­ma­lı var, ya­dı­na düş­dü ki, tə­zə dəs­ma­lı qal­ma­yıb. Bir cüt al­dı. Am­ma əsas məq­sə­di sta­bi­li­za­tor al­maq idi. Mə­həl­lə­lə­rin­də işıq çox zə­if idi. Kre­dit­lə ye­ni­cə al­dı­ğı so­yu­du­cu­nu, kon­din­sio­ne­ri ­be­lə zə­if işıq­da iş­lə­də bil­məz­di. Qor­xur­du ki, bir ətək pul ver­di­yi bu şey­lə­rin mo­to­ru qə­fil ya­nar, qa­lar ya­man gü­nə. Ona gö­rə də son xərc­li­yi gö­tü­rüb ev­dən çıx­mış­dı...

Av­to­bus­dan dü­şüb tə­sər­rü­fat mal­la­rı sa­tı­lan tə­rə­fə keç­di, qar­şı­sı­na çı­xan ilk ma­ğa­za­ya gir­di. Sa­tı­cı oğ­lan nə is­tə­di­yi­ni öy­rən­mək üçün ona ya­naş­dı. Bil­dir­di ki, ona beş min ki­lo­vat­lıq sta­bi­li­za­tor la­zım­dır. Oğ­lan, – onun qiy­mə­ti iki yüz iyir­mi ma­nat­dır, – de­di.

Mə­ət­təl qal­dı. Na­ra­hat­çı­lıq onu bü­rü­dü.

– Baş­qa mar­ka yox­­dur­­mu­­? Bir az ucuz – de­yə as­ta səs­lə so­ruş­du.

– Xa­la, ən yax­şı­sı bu­dur, mis do­laq­lı, iki mo­tor­lu. İşıq 150-yə dü­şən­də 220-yə yük­səl­dir. Son­ra ya­lan-ger­çək sta­bi­li­za­to­run  bir  sı­ra əla­və üs­tün­lük­lə­rin­dən də dəm vur­du.

– Qoy o bi­ri ma­ğa­za­la­ra da də­yim, – de­yib ba­yı­ra çıx­dı.

İla­hi, bö­yük ma­ğa­za­lar­da nə­lər yox idi! Göz­qamaş­dı­ran çil­çı­raq­lar, ba­ha­lı qab­lar, ser­viz­lər, gül­dan­lar, te­le­vi­zor­lar, qab­yu­yan ma­şın­lar... Da­ha nə­lər, nə­lər! Bü­tün bun­la­rı gör­dük­cə için­də bü­züş­dü, ba­la­ca­laş­dı. Göz­lə­ri­nə bir qəm­gin­lik çök­dü, köv­rəl­di. Yox­sul, ka­sıb evi­ni göz­lə­ri önü­nə gə­tir­di. Öm­rü bo­yu iş­lə­di, hə­lə də ça­lı­şır. Baş­qa­la­rı 8 sa­at iş­lə­yən­də o, 18 sa­at iş­lə­di, am­ma ye­nə də çox şey­lə­ri ala bil­mir. Əy­nin­də­ki ucuz ge­yi­mi­nə nə­zər sal­dı. Sta­bi­li­za­to­run qiyməti onu lap dil­xor et­di.

İn­di ne­cə elə­si­n? Bir ne­çə ma­ğa­za­ya da baş vur­du. Yüzsək­sən,  iki yüz iyir­mi ma­nat­lıq sta­bi­li­za­tor­la­ra xey­li bax­dı, də­rin fik­rə get­di. Qə­ti bir qə­ra­ra gə­lə bil­mir­di. “Ala­ram, bir­dən­ key­fiy­yət­siz olar, bir­dən al­da­dar­lar! Ən yax­şı­sı oğ­lum­la gə­lə­rəm”. Ma­ğa­za­dan ­qa­nı­qa­ra çıx­dı. Ar­tıq yo­rul­muş­du. Ci­bin­də­ki 190 ma­na­tı bərk-bərk tu­tub, av­to­bus da­ya­na­ca­ğı­na tə­rəf  yol­lan­dı. Qı­yıb özü­nə çək­mə də al­ma­dı, – “o da ba­ha olar, yə­qin” –deyə dü­şün­dü. Bu  ­zən­gin ba­zar­da özü­nü bö­yük bir ağır­lıq al­tın­da hiss elə­miş­di. Elə ki av­to­bu­sa min­di, xey­li yün­gül­ləş­di. Al­dı­ğı iki dəs­mal­la av­to­bu­sun ar­xa qol­tuq­la­rın­dan bi­ri­nə sı­ğın­dı. Bir  əyin-ba­şı özü ki­mi olan sər­ni­şin­lə­rə, bir də əlin­də­ki dəs­mal­la­ra bax­dı. Dəs­mal­la­rı dol­muş göz­lə­ri­nə sı­xıb ba­şı­nı av­to­bu­sun şü­şə­si­nə söy­kə­di...

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

 

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Sübhi Mürsəliyev

 

Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyi, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

Bu vətənin, torpağın

Üzərində yeriyən,

Hər kəsinin şəhidi!

Kəndinin, şəhərinin,

Ölkəsinin şəhidi!

 

Necəsən, yoldaş mayor?

Vətənə sirdaş mayor!

Hamıya ata oldun,

Hamıya qardaş, mayor!

 

İndi sən yaşayırsan

Vətənin hər yerində:

Dağda, daşda, dənizdə,

Deyim sənə, biləsən,

Qələbə qazanmışıq

Biz sizin sayənizdə.

 

Qazanmışıq Şuşanı,

Laçını, Kəlbəcəri.

Sizlər bizə yaşatdız

Bu tarixi qələbə,

Bu tarixi zəfəri.

 

Rahat uyu, rahat yat,

İgidliyi tarixə,

Yazılmış kitab mayor.

Sən daha çevrilmisən

Vətənə, cənab mayor!

 

Çevrilmisən müqəddəs

Sözlərin hamısına,

Hamımız baş əyirik

Şəhid daşından baxan

Üzlərin hamısına.

 

Sağ ol, görüşəcəyik,

İnsan yenə doğulur,

Ruhlar bətnə gəlir.

Bir də ki, cənab mayor,

Dur, atanı qarşıla,

Ziyarətinə gəlir.

 

 “Ədəbiyyat və incəsənət”

(24.07.2024)

 

 “Ədəbiyyat və incəsənət” portalı Ədəbiyyat üzrə Nobel mükafatçılarının təqdimatını davam etdirir. Rubrikanı İlham Abbasov aparır.

 

 

         1947-сi ilin ədəbiyyat üzrə Nobel mükafatına namizədlər siyahısında qarşıdakı illərin bir sıra laureatları, o cümlədən bu mükafatı 1948-ci ildə alacaq ingilis yazıçısı Tomas Eliot, 1954-cü ilin Nobel mükafatçısı, ABŞ təmsilçisi Ernest Heminquey, 1958-ci ilin laureatı -- sovet yazıçısı Boris Pasternak kimi görkəmli ədiblər olduğu halda, Nobel Komitəsinin qərarı ilə mükafat “insan probleminin, həqiqətən, qorxusuz sevgi və dərin psixoloji hisslərlə əks etdirildiyi yüksək mənalı bədii əsərlərinə gorə” o dövrdə çox da tanınmayan, yəhudi əsilli Fransa yazıçısı Andre Jidə verildi. Bir insan və şəxsiyyət olaraq son dərəcə ziddiyyətli, bir yazıçı kimi mürəkkəb həyat yolu keçmiş A.Jid özünün bənzərsiz əsərləri ilə ədəbiyyatda gedən yeniləşmə prosesinə güclü təsir göstərmişdi.

        

Sizə Andre Jid aforizmlərindən seçmələr təqdim edirik.

 

İncəsənət və təbiət Yer üzündə rəqib kimi mövcuddur.

Böyük sənətkar odur ki, qarşısına çıxan maneələrdən tramplin kimi istifadə edə bilir.

Məxluq nə qədər zəifdirsə, onun üçün dəyişikliklər bir o qədər qorxuludur.

Təhsil ancaq güclülər üçün faydalıdır.

İnsan başqa şəxslərin təsirindən qaça bilməz; nə qədər özümüzü qorusaq da, nə qədər ətrafımıza çəpər çəksək də, təsirə məruz qalırıq.

İnsan öz varlığının bir çox cəhətlərini aça bilmur; yalnız o cəhətləri açır ki, onları izah edə bilir.

Sənə olduğun kimi nifrət etmələri olmadığın kimi sevmələrindən yaxşıdır.

İncəsənət sıxıntılar hesabına yaşayır, sərbəstlikdən isə məhv olur.

Allah qorxusu bitən yerdən müdriklik başlayır.

Atasının kim olduğunu bilməməsi insanı ona oxşamaqdan xilas edir.

İnsan xarakterinin səfalətini yalnız uzun sürən ünsiyyətdən sonra anlamaq olur.

Çox zaman qadın öz sevgisini kişinin boynuna asılqan kimi asır.

Həyatda o qədər gözəl şeylər var ki, zövqsüzlüyümüz onları görməyə mane olur.

Başqasının səndən yaxşı edə biləcəyi bir işi heç zaman eləmə.

İnsanın yaratdıqlarının ən yaxşıları mütləq qəm-kədər ifadə edir.

Həyatda ən çətin şey nəyə isə uzun müddət ciddi münasibət bəsləməkdir.

Əlindən xeyir iş gəlmirsə, həyata nə ilə bağlana bilərsən?!

Hamının əyriliklə yaşadığı dünyada düz adam şarlatan kimi görünür.

Bizim öz iradəmiz adlandırdığımız şey Allahıln bizi hərəkətə gətirmək üçün istifadə etdiyi ipdir.

Qadının ağlını dəyərləndirməmək kişilərin ən böyük səhvidir.

Axşama günün ölümü kimi baxırıq, əslində isə o, yeni günün doğuluşudur.

Qəlbimiz dini təsəvvürlərə uyduqca real həyat öz mənasını itirir.

Adi insanın Allahın səsini eşitmək qabiliyyəti yoxdur, qulağımıza həmişə yalnız şeytanın səsi gəlir...      

 

“Ədəbiyyat və incəsənət”

(24.7.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.