Super User
“İnnovasiyalar Mərkəzi” “iFest” innovasiya və texnologiya festivalının rəsmi tərəfdaşıdır
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innovasiyalar Mərkəzi”nin rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə ölkəmizdə ilk “iFest” innovasiya və texnologiya festivalı baş tutub.
Əsas məqsəd texnologiya şirkətlərinin tanıtımı, startapların inkişafına dəstək, onların maliyyə imkanlarına çıxışının təmini və nümayişidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən, enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqindən söz açıb. Həmçinin Dövlət Agentliyi və “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi layihələr diqqətə çatdırılıb.
“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti “iLab” startapı tərəfindən istehsal olunan “Charge Box” elektrik qidalanma stansiyaları barədə məlumat verilib. Bildirilib ki, elektromobil sahiblərinin işini asanlaşdırmaq məqsədilə istifadəyə verilən “Charge Box” mobil tətbiqi enerji doldurma stansiyalarını axtarmaq, ödənişlər etmək və seansları idarə etmək üçün əsas interfeys rolunu oynayır.
Belə ki, yerli ödəniş sistemlərinə inteqrasiya olunan bu tətbiq vasitəsilə istifadəçilər ödənişdən əlavə stansiya və ya məntəqədə, yerində nağdsız ödəniş, tam və saatlıq doldurma kimi seçim imkanlarını əldə edirlər.
O qeyd edib ki, sözügedən stansiyalar artıq bir çox “ASAN xidmət” mərkəzində və yanacaqdoldurma stansiyasında quraşdırılıb.
Sonra “Gələcəyin İnnovasiyası: texnologiyaya istiqamət verən trendlər və strategiyalar” və “COP29 və innovasiya: dayanıqlı gələcək üçün innovativ həllər” mövzularında panel müzakirələr start götürüb.
Festival 10 innovasiya və texnologiya şirkəti, 30 startapın sərgisi, investor görüşləri (pitching), "Startap Forum"un təqdimatı, texnoloji şoular ilə davam edib.
Tədbirə 1000-ə yaxın ziyarətçi qatılıb.
Silsiləvi xarakter daşıyan festival bu il COP29-a həsr olunur və “Yaşıl texnologiya yaşıl dünya naminə” şüarı ilə keçirilir.
"İnnovasiyalar Mərkəzi" innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması istiqamətində sosial innovasiya xarakterli layihələrin, startap və innovasiya sahəsində baş tutan tədbirlərin keçirilməsinə dəstək göstərir. Həmçinin gənclərin gələcək inkişafı, onların bu sahədə dəyərləndirilməsi, innovativ düşüncə və biliklərin qazanılması, ideyalar bazasının formalaşdırılması və innovasiya potensialının gücləndirilməsi istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr reallaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında “Mədəniyyət və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti üzrə yer alan məsələlərdən biri MYS sahəsində kadr potensialının inkişaf etdirilməsidir.
Tədbirlər planında sözügedən fəaliyyət istiqaməti üzrə öz əksini tapan “Müasir və rəqabətli MYS sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması” tədbiri ilə əlaqədar Mədəniyyət Nazirliyi əsas icraçı qurum olaraq müəyyənləşdirilib.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları” Mədəniyyət Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq olunub.
Təqaüd proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə xaricdə təhsil, magistratura səviyyəsi üzrə xaricdə təhsil, xaricdə keçirilən qısamüddətli təlim, kurs və proqramlar (o cümlədən distant (məsafədən) formada) üzrə təhsil və Azərbaycan Respublikası ərazisində keçirilən qısamüddətli təlim, kurs və proqramlar üzrə təhsil seçimləri mümkündür.
MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində 60 nəfər tələbənin təhsil alması, 1000 nəfər sahə üzrə mütəxəssisin sertifikatlaşdırılması, eləcə də tədris mərkəzinin yaradılması və hər il ən azı 100 gəncin təhsilə cəlb edilməsi, sahə üzrə tədris olunan ixtisasların sayının 10 faiz artırılması və məzmununun yaxşılaşdırılması nəzərdə tutulur.
Təqaüd proqramı audiovizual (musiqi, kino, o cümlədən animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans və yaradıcı texnologiyalar sahələri üzrə ixtisaslaşma istiqamətlərini əhatə edir.
Proqrama yaradıcı potensialını inkişaf etdirmək istəyən yaşı 15-dən yuxarı şəxslər müraciət edə bilərlər.
Qeyd edək ki, təqaüd proqramı üzrə müsabiqəyə müraciət qaydası, proqram iştirakçılarının seçimi ilə bağlı meyar və prosedurlar haqqında ətraflı məlumat yaxın vaxtlarda nazirliyin rəsmi internet informasiya ehtiyatlarında yerləşdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin (MYS) təşviqi üzrə qrant müsabiqəsi davam edir.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, müsabiqənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.
Qrant müsabiqəsi mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər, yerli animasiyanın dəstəklənməsi kino sənayesində institusional islahatlara dair layihələri əhatə edir. Sənədlərin qəbulu grants.culture.az internet resursu üzərindən elektron formada həyata keçirilir.
Müsabiqəyə avqustun 2-dək grants.culture.az resursu üzərindən elektron formada müraciət etmək olar.
Qrant müsabiqəsi ilə bağlı suallarla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına və ya Mədəniyyət Nazirliyinin Qaynar xəttinə (Tel: 147) müraciət etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Adil Mirseyid, “Hüznlə süslənib səhər”
Könül, “Ədəbiyyat və incəsənət”
Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə.
Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi.
Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər.
balaca bir mətbəx şəkli çəkir
səhər erkən pəncərədən süzülən işıq
əşyaların çizgiləri aydınlığa qovuşur
seylon çayı dəm alır darçın qarışıq
bu mətbəxdə mavi bəyaz bir hüzn var
hüznlə süslənib səhər
süfrədə isti çörək radioda boyat xəbərlər
ətirşah qoxusutək islaq bir kədər
dənizin üstündən duman çəkilir
sübh namazına durub dua eləyir
umudları boşa çıxmış br qadın
bu balaca mətbəxi bu islaq ətirşah qoxusunu
bu qadının gözlərini bu qadının yuxusunu
və pəncərədən süzülən işığı sevirəm mən
bu sevda mənimlə məzara girər
uçun quşlar uçun, uçun dünya gözəldi bu gün
mən də bu gün qanad açıb uçardım
ürəyimdə ağır yük olmasaydı
gecə səhərə qədər ağlayan tut ağacı
gün doğunca gülümsədi üzümə
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
"Vida"dan "Nida"ya... - Esmira İsmayılova Elçin Hüseynbəylinin “Vida” romanı haqqında
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Esmira İsmayılovanın Elçin Hüseynbəylinin “Vida” romanı haqqında düşüncələrini təqdim edəcəyik.
Son illərdə sosial mediada Qarabağ mövzusunun ədəbiyyatda əksi ilə bağlı qızğın müzakirələr gedir. Və əksəriyyətinin fikri də üst-üstə düşür - ədəbiyyatımızın Vətən müharibəsi ilə bağlı səhifəsi boş qalıb... Əlbəttə ki, mövzuya ədəbiyyatşünas alimlərin, tənqidçilərin fərqli baxış bucaqları ola bilər. Məsələn, mənim üçün tək "Vida" romanı nəyə desən, dəyər! Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin "Vida"sı müharibə mövzusunda, həm də vətənpərvərliyin təsirli dillə, həssas səhnələrlə təsvir və tərənnüm edildiyi əsl sənət nümunəsidir, Qarabağ həqiqətlərinin bütün çılpaqlığı ilə əks olunduğu "yaddaş salnaməsi"dir. "Vida" son dövr Azərbaycan ədəbiyyatında mövzu, məzmun, bədii ifadə və təsvir vasitələrinin zənginliyinə, dil-üslub xüsusiyyətlərinə görə tam yeni olan, xüsusi çəki, məna yükü daşıyan, insani hiss və duyğuların dramatikliyi ilə seçilən psixoloji roman-essedir. Fikrimi təsdiq və inkar etmək istəyənlərə bir tövsiyəm var: "Vida"nı təkrar-təkrar oxuyun, ana laylası yerinə, ağı yerinə oxuyun, ölüm ağrısını sərinlədəcək şərbət yerinə için, şəhidlərin ruhuna nəğmə kimi pıçıldayın, Kəlmeyi-şəhadət kimi təkrarlayın...
Əgər hər hansı bədii əsərin dəyəri oxucu hissiyyatına, zehniyyatına təsir gücü, ədibin oxucunu hadisələrin içinə daxil edə bilmək bacarığı ilə ölçülürsə, onda "Vida"nın misli yoxdur! Ona görə ki, "Vida"dakı hadisələrin yazıçının təxəyyül dünyasında yarandığına, yazıçı qələminin məhsulu olduğuna inanmaq çox çətindir. Kitabı qatlayıb kənara qoymaq, ölüm ayağında olan həkimi tək qoymaq qədər çətindir, onun ölüm arzusu qədər ağırdır. Sizi bilmirəm, mən hələ də əsərin təsirindən çıxa bilməmişəm, ata-balanın birgə uyuduğu məzarın başında dayanıb nə edəcəyimi kəsdirə bilmirəm...
"Vida"da Elçinin qəhrəmanı ədəbi obrazlılıqdan çıxır, can ağrısı ilə qəlb ağrısını bir anda daşıyır və bu ağrını paralel olaraq oxucuya ötürə bilir, həmsöhbətinə çevrilir, onunla dərd ortağı olur, doğmalaşır. Elə bu doğmalıqdandır ki, son nəfəsinə, ölüm arzusunu reallaşdırdığı ana qədər həkimi tək qoymağı insafıma sığışdırmadım, bacarmadım, ən azından dualarımla ona kömək olmağa çalışdım, ölüm ağrı-acısının azalması üçün Tanrı dərgahına əl qaldırdım... Son nəfəsində "Yasin" surəsini belə, dodaqaltı pıçıldadım - bir müsəlman bəndənin digərinə iman borcu kimi... Sanki həmin anlarda Elçinin qəhrəmanı nəzərimdə Vətən idi, Azərbaycan idi, yurda qayıdışını ölümü ilə qazanmaq uğrunda mücadiləyə, mübarizəyə qalxan böyük İnsan idi!
Etiraf edim, Elçin Hüseynbəylinin "Gözümə gün düşür" hekayəsini birinci dəfə oxuyanda çox həyəcanlanmışdım, hadisələrin necə cərəyan edəcəyini bilmədiyimdən qəlbən, ruhən narahat idim. Məcnun həkim doğmama çevrilmişdi, onun ata-baba ocağında deyil, erməni əsirliyində, Yerevanda öləcəyindən çox qorxurdum. Bu ölüm Qarabağın itirilməsi qədər ağrılı olardı, Xocalı faciəsinin təkrar yaşamı qədər acı idi və nə yaxşı ki, bu baş vermədi! ...Sanki Elçin Hüseynbəyli həmin an yanımda idi, qəlbimdəki həyəcanı duydu, hiss etdi, qəhrəmanını anında, atasının məzarı önündə dünyadan köçünə qələmi ilə qədər yazdı... Siz heç kimsənin ölümünə sevinmisinizmi? Mən bu hissi "Vida"da yaşadım, bir həkimin, bir insanın ölümünə sevinə bildim. Çünki, həkimin vətəninə qovuşmaq arzusu ölümündən keçirdi - ayrı yolu yox idi...
Mənim nəzərimdə "Vida" adicə roman deyil. 30 ilə qədər davam edən Qarabağ itkisinin ağrı-acısını, qaçqın, köçkün insanların yurd həsrətinin hopduğu hüznlü, kədərli layladır, ağıdır, bayatıdır, ərşə yüksələn haraydır, bədii salnamədir. Ölüm ayağında dağılmış ev-eşiyə, viran olmuş kəndə baxaraq için-için sızlayan adam təkcə bütün dünyanın tanıdığı istedadlı onkoloq-həkim deyil. O, hər şeydən əvvəl, vətənpərvərdir, mübarizdir, həm də insaflıdır, erməni zabitinə yardım edəcək qədər humanistdir. Bir sözlə, bəşəri hisslərin cəmləşdiyi kamil insan obrazıdır. Bu insanın ölümünə vətənə qovuşmaq ümidi kimi baxması oxucuda kədər yox, izahını verə bilmədiyim, sözlə izharı olmayan, möhtəşəm bir hissdir. Bu, qəribə, mistik, fövqəlbəşər bir duyğudur, sanki zaman körpüsüdür, iki dünyanı birləşdirən yaddaş axınıdır, ruhların qovşağıdır. Bu ölüm dünyaya vida deyil, yenidən doğuşdur, insanın milli kimliyinə, milli yaddaşına qayıdışıdır və elə buna görə də dəyəri həyatın özü qədər əhəmiyyətli, əzəmətlidir.
...Hardan başlanır Vətən? Uşaqlığımızdan tez-tez eşitdiyimiz bu klassik sorğuya ömrün müxtəlf anlarında cavablarımız fərqli olur. "Vida"dan sonra anladım ki, Vətən ölümdən də başlaya bilərmiş və ölüm Vətən ola bilərmiş! Elçin Hüseynbəylinin "Vida"sı insanın doğuşdan ölümə qədər müşayiət edən, çox qorxduğu, hürkdüyü ölümü bizə doğmalaşdıra, xofunu azalda bildi, sanki...
Həkimin ölümqabağı keçirdiyi hisslər, gördüyü yuxular, keçmişinə xəyalən baş vurması, olanları anbaan xəyalında canlandırması, ruhən təkrarən yaşaması mənə böyük söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salamı"nı xatırlatdı. Fərq budur ki, M.Şəhriyar doğulduğu ocağa, Şəngülava - yurduna ölmək üçün yox, küskün olduğu dünyaya həyat eşqini qaytarmaq, yaşamaq həvəsi ilə dönüş etmişdi, çəkdiyi ağrı-acılarını dərd ortağı kimi Heydərbaba dağı ilə bölüşməklə içini boşaltmaq istəmişdi, bu təmasdan sakitləşmişdi, hüzur tapmışdı, yaddaşını qaytarmışdı. Elçinin qəhrəmanının Allahdan rüsxəti, istəyi isə sağ ikən qovuşa bilmədiyi ata-baba ocağında həyata vida etməkdir. Niyə? "Niyə"sini, çox güman ki, heç Elçin Hüseynbəylinin özü də bilmir. Bu sualın cavabı həkimlə birgə məzara gömülüb, torpağa qarışıb, ərşə ucalıb...
Dünyadan köçəcəyini bilən onkoloji xəstənin can ağrısının halına qalmayıb, yurd yerinə dönmək istəyi, "Sən yurd itkisinin nə olduğunu bilmirsən. Elə bil ki, körpə, südəmər uşağı anasından ayırıblar, özü də zorla!" deməyi Elçinin qəhrəmanını gözümüzdə böyüdür, şəhid zirvəsinə qaldırır. Qeyd edək ki, Elçin Hüseynbəyli özünün də yaşadığı yurd ağrısını həkimin timsalında çox gözəl, real, təsirli boyalarla, oxunaqlı dillə əks etdirməyi bacarıb və bədii forma kimi də insanın öz daxili dünyası ilə dialoqunu seçib.
"Vida"da qəribə, sirli-sehrli bir cazibə qüvvəsi var. Kitabı əlinə aldınmı, sətirlərin, kəlmələrin bircəciyini belə ötürmək istəmirsən. Diqqətindən nəyinsə qaçacağından, hansısa sətiraltı mənanı anlamayacağından, vacib məqamı ötürəcəyindən qorxursan. "Vida" romanı bir insanın simasında, timsalında yurd itkisi ilə dünyadan köç edən bütöv bir nəslin ağrı hekayəsidir, tragediyasıdır. Həkim Azərbaycanın ümumiləşmiş obrazı olduğundan, ağrısı da tək şəxsiyyət ağrısı olmaqdan çıxır, xalq, millət yanğısına çevrilir.
Elçin Hüseynbəylinin özünün də köçkünlük ağrısı yaşaması səbəbindən qəhrəmanı ona doğma və yaxındır. O qədər yaxın ki, bəlkə məzarın soyuqluğunu həkimdən əvvəl Elçin özü yaşayıb, üşütməsini canından keçirib. Yoxsa ki, o hiss-həyəcanı oxuculara bu cür ustalıqla, insanı içdən üşüdən yanğı ilə ötürə bilməzdi. Bir də ki, ölüm həmişə soyuq olmur ki... istisi də olur - Məcnun həkimin ölümü kimi... Bu ölümdə, insanın həyata vidasında hərarət var, məchul, sirli bir ümid işığı közərir, alova çevrilərək şölələnir - biz bu torpaqlarda doğulmuşuqsa, bu yerlərdə də öləcəyik, torpağa qarışacağıq - nəyin bahasına olursa-olsun!
Elçin Hüseynbəyli sözünün ağası, nəqqaşı olan gözəl nasirdir, zəngin təxəyyülünə, bədii duyumuna söz yox. O, həm də ədəbiyyatı ədəbiyyatşünas səviyyəsində çox gözəl bilir, folklorumuza da yaxşı bələddir. Əsərlərinə - fərqi yoxdur, hekayə, ya da roman olsun, ona uyğun, ona yaraşan bədii don biçməkdə ustadır. "Vida"nı oxuyanda müharibə mövzusunda yazılmış bir neçə əsəri - Nikolay Ostrovskinin "Polad necə bərkidi", Boris Polevoyun "Əsl insan haqqında povest", Aleksandr Fadeyevin "Gənc qvardiya" romanlarını xatırladım. Bu əsərlərin leytmotivində də insanla ölüm üz-üzə dayanır və insan iradəsi sonda ölümə qalib gəlir. Elçin Hüseynbəylinin qəhrəmanı da sonda ölümə qalib gəlir - arzu etdiyi ölümü yaşadığına görə!
Yazıçı romanda çox maraqlı təhkiyə üsulu tapıb, öz qəhrəmanını özü müşayiət edir, bir anlıq da olsa, tək qoymur, onunla birgə düşmən tapdağında olan kənd-kəsəkdən keçir, doğma yurdun ətri ilə birgə, viran olan yurd yerlərinin ağrısını da sinəsinə çəkir. Nə üçünsə, əsəri oxuyanda mənə elə gəldi ki, həkimin həyatdakı prototipi, bəlkə elə Elçinin özüdür. Axı, Elçin Hüseynbəyli də yurd yerini itirib, Qarabağ itkisini qəlbən, hissən yaşayıb, köçkünlüyün yaratdığı çətinliklərlə üzləşib, doğmalarının məzarı düşmən tapdağında qalıb, bu ağrılar həyatının bir hissəsinə çevrilib. Qəhrəmanı kimi ölməyi həmin anda, situasiyada Elçin kimi vətənpərvər yazıçı da arzulaya bilərdi, edərdi...
"...Mən kiməsə güllə atmağa yox, doğma yurdumda ölməyə gedirəm. Hamıya bəyan edirəm ki, mən - 57 yaşlı həkim ("dünyaca məşhur" sözünü yazmağa, yəqin ki, utanmışdı) altı aydır ki, ağır xəstəyəm, sağalmağa heç bir ümidim yoxdur, ölüm ayağında kəndimizə getmək, həyətimizdə ağac əkmək, sonra isə orada ölmək istəyirəm. Qoy, bu ağac dünyadakı münaqişələrin hamısına etiraz əlaməti, sülh rəmzi olsun..." Həkimin ölümqabağı vida məktubu xalqları, millətləri üz-üzə qoyanlara tutarlı cavabdır, müharibə qızışdırıcılarının sifətinə çırpılmış sərt şillədir, xəbərdarlıqdır - biz yurd yerlərimizə qayıdacağıq, mütləq qayıdacağıq!
"Mənim istəyim öz qəbrimi əllərimlə qazmaqdır. Bu, bir etirazdır. Təkcə sülh ağacı ilə iş bitmir. Qoy, onlar görsünlər ki, bu müharibələr uzandıqca hələ çox adam özünü diri-diri basdırmağa hazır olacaq. Əslində, belə də olur, hamı öz içində ölür, yaxud hansısa bir sevgini, deyək ki, vətən sevgisini öldürür. Bundan dəhşətli nə ola bilər? Mən günəş üfüqdən çıxanda ölməliyəm. Ona baxa-baxa. Belə ölüm mənimçün rahat və ağrısız keçəcək". Görəsən, "Vida" romanı əsasında film çəkilsə, bu hiss və duyğuları bu hərarətdə canlandırmaq mümkün olacaqmı? Çox istərdim, bu əsərin səhnələşdirilməsini, film olmasını, daha çox tamaşaçı auditoriyasının ondan bəhrələnməsi, tanış olması üçün. Çernobıl dəhşətlərinin olduqca təsirli əks olunduğu, rejissorluğunu Yohan Renkin, ssenaristliyini isə Kreyq Mazinin etdiyi "Çernobıl" teleserialını xatırladım. "Vida"nın süjet xətti hadisələrin psixoloji gərginliyi baxımından daha dramatik, məzmunu daha dolğun və bəşəridir - Vətən, yurd sevgisinin ölüm arzusunda əksinə görə. Və elə buna görə də "Vida" romanı "Çernobil" qədər təsirlidir, əsər film kimi uğurlu həllini tapsa, bu, Azərbaycan kinosunun "Fəryad" kimi ikinci incisi ola bilər.
Romanda vətənpərvərlik duyğusunun kövrək nüanslarla əksi diqqət çəkir: "Niyə şəhərlilər doğulduğu məkanı kənddə doğulanlar qədər sevmirlər. Çünki kənddə hər şey yüz illərlə, min illərlə öz yerində durur. Demək olar ki, insanlardan başqa heç nə dəyişmir. Ağaclar da öz yerində, evlər də, yaylaqlar da, biçənəklər də, bulaqlar da. Ora ilkinliyin beşiyidir". Yurd həsrətinin obrazlı və həm də real təsviri. Harda yaşayırsansa-yaşa, işləyirsənsə-işlə, sonda mütləq doğulduğun ocağa dönməlisən. Çünki:
Gəzməyə qürbət ölkə,
Ölməyə Vətən yaxşı!
Yurd-yuvasından didərgin düşmüş həkim biliyi, bacarığı, zəhməti sayəsində həyatda hər şeyi qazana bilib. Amma qazandıqları yurd itkisinin yerini doldura bilmədiyindən, o, xoşbəxt deyil. Elçinin qəhrəmanı bu həqiqəti, ölüm öncəsi bütün çılpaqlığı ilə hiss edir, babasının sözlərini xatırlayır: "Böyüyəndə o, ağsaqqal kişi olacaq və hamıdan başda oturacaq. Amma o böyümədi, qocaldı. Doğma yerlərdən uzaqlarda, vətən dərdi çəkə-çəkə çürüdü". Dünya şöhrətli həkim ev-eşik, oğul-uşaq sahibi olsa da, böyüyə bilmədi, yurd həsrəti onu böyüməyə qoymadı. Bax, həkimi düşmən tapdağında olan ata ocağına aparan da elə bu hissdir, böyümək arzusudur - son nəfəsində olsa belə, o ucalığı hiss etmək, yaşamaq duyğusudur.
"Mən öz ölümümü satın almaq istəyirəm! Sizin üçün fərqi nədir. Yolda öldüm, İrəvanda, ya da ki, burda. Amma mənim üçün fərqi var..." Elə fərqi olduğuna görə də Elçinin qəhrəmanı canından da artıq istədiyi, 31 il baş yastığa qoyduğu həyat yoldaşını, doğmalarını tərk edərək ölümünə yol gəlir və ona qovuşur.
Maraqlı bilirsiniz, nədir? Ölüm arzusu ilə yurd yerinə dönən insanda yenidən yaşam həvəsinin oyanması! Bu həvəs o qədər güclü və Elçinin təsvirində o qədər real, təbii, canlıdır ki: "Ona elə gəldi ki, ölmək istəmir, şəhərə dönmək və hər şeyi olduğu kimi danışmaq istəyir... Demək istəyir ki, oralar kimsəsizdir və heç kim orda yoxdur. Kənd, ölməkdə olan yurdlar adamları, ocaq sahiblərini gözləyir..." Hansı hisslər idi olumla ölüm arasında yaşam həvəsini Məcnun həkimə təkrar qaytaran? ... Yaloba bulağın hələ də axması, qurumaması, Maralyan, Çayağzı bağlarında ağacların çiçək açması, Dəyirman arxından su içməsi, Qurdağzı dərəsini təkrarən görməsi, yurd yerində toyuğun bala çıxartması və s. həyatın davam etdiyini xatırladır, həkimi həyata təkrar bağlayır.
Ölüm vədəsini saatına kimi bilən, amma son nəfəsində olsa belə, ata ocağını təmir etmək istəyən, bu məqsədlə köynəyini kisə edib əhəng daşıyan həkimin yurd sevgisinə həsəd aparmaq olar. Ata-baba ocağını qoruya bilmədiyinə görə özünü günahlandıran həkim vətənə borcundan bu cür çıxmaq istəyir. Bu arzusunu reallaşdırmaq fiziki qüvvəsi xaricində olsa belə, ermənilərin əlinə hər an keçəcəyini bilsə də, bu arzusundan vaz keçmir. Niyə? Çünki "Bura onun vətəniydi. Vətəndə gizlənmək olmaz!"
Həkimin yüksək humanizmi, insaniyyəti xəstə erməni zabitinə yanaşmasında da özünü göstərir. Bu yanaşmada Elçinin qəhrəmanı tək həkim deyil, həm də qayğıkeş insan kimi diqqət çəkir. Həkim çox qorxur ki, babasının vəsiyyətinə əməl etməmiş dünyadan köçsün: "Hər kəs ömründə bir ağac əkməlidir. Yadında saxla. Onu da yadında saxla ki, insan doğulduğu yerdə ölməlidi. Doğulduğu yerdə. Harda olursan-ol, haranı gəzirsən-gəz, haranı sevirsənsə-sev, yurduna qayıt. Yaddaşını qaytar. Olanları yaddaşında dirilt və yaşa. Əbədi yaşa!"
Romanda ən təsirli səhnə bilirsiniz, nədir? Həkimin ölüm həyəcanı içində, son dəqiqələrində yaddaşına qayıtmaq istəyi: "O, yaddaşını qaytarmadan ölmək istəmirdi. Uşaqlığını, cavanlığını xatırlayırdı. Anasının əlindən tutub qəbiristanlığı dolaşması, anasının dodağının altında hansısa mahnını zümzümə eləməsi, yaxınlarının ruhuna dua oxuması indi də qulaqlarında səslənirdi. Gözlərinin önünə güllü-çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutduğu günlər gəlirdi. Hər şey gözəl idi. Onun yadında daha çox günəş qalmışdı. Amma bu gözəllik yox olmuşdu və bunun nə zaman baş verdiyini xatırlaya bilmirdi. İndi bu gözəlliyin və itkinin yerini acı bir boşluq doldururdu...Son anda hiss elədi ki, gözünə gün düşür. Qıpqırmızı Günəş başının üstündən sallanıb. Əllərini qaldırıb onu sığallamaq istədi. Əlləri qalxmadı... Gülümsündü... Və birdən hansısa görünməz bir əl onu qaldırdı və gördüyü, amma əli çatmadığı sonsuzluğa apardı. Qarşıda başı buludlara dəyən qızıl minarələr vardı. Yuxusu çin olurdu, deyəsən. Və həmin minarədən əzan səsləri ucalırdı... O sevinirdi, gülümsünürdü. Qarşıda onu çoxdan görmədiyi əzizləri, ata-anası, babası, nənəsi gözləyirdi. Onlar doğma dağların döşündə gül-çiçək yığırdılar... və birdən dikəldilər, ona əl eləməyə başladılar... O, xatırlayırdı. Yaddaşını qaytarırdı..."
Milli yaddaş, milli kimlik, milli özgüvənlik milləti millət edən ən üstün, ali dəyərlərdir. Tənqidçi alim Yaşar Qarayevin təbirincə desək: "Millət - genetik səviyyədə, yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdətdən və bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Əslində nəinki təbiət və insan, ekologiya və poeziya da yaddaşdır. Şəhid - ölümü ilə, şair ağrısı ilə yaddaşa qaynayıb qarışır. Və yaddaşın ömrü bir vicdana və haqqa xidmətin qədərindən, bir də qədir-qiymətə, qeyrətə çevrilən anların cəmindən yaranır". "Yaddaşsızlıq başlanan yerdə insanın, millətin, xalqın mənəvi ölümü baş verir. Amma nə yaxşı ki, Yaddaş diridir, ölmür.(Vaqif Yusifli)
Əsərin sonluğunun əvvəli ilə eyni olmasının özü bir bədii tapıntıdır, rəmzi məna daşıyır - İlk və son bir-birini tamamlayır. "Vida"da başlanğıc kimi sonluqda da bir günəş hərarəti duyulması ölümün heç də son olmadığı qənaətini verir: "...Günəş... qıpqırmızı... güllü-çiçəkli yamaclar... çayda çimən uşaqlar... onlara baxıb qüssələnən cocuq ... balıq tutan oğlan... ayağı yalın gənc... sudan gələn gəlin... otçalan... başı çalmalı qoca... otçalan qoca... otçalan qoca... başı çalmalı... və... və... sonsuzluq..."
"...Həqiqətən, yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdət və bütövlüyün özüdür. Yalnız yaddaş olan yerdə tamlıq var, əsrlər və nəsillər arasında bağlılıq var" (Yaşar Qarayev). "Vida" milli yaddaşın ədəbi bağıdır, nəsillər arasında söz körpüsüdür.
Xatırladaq ki, Elçin Hüseynbəyli "Vida" romanını yazanda Qarabağ müharibəsi hələ bitməmişdi, torpaqlarımız hələ erməni qəsbkarlarının tapdağında idi. Amma 2016-cı ilin Aprel döyüşləri ürəklərdə o torpaqlara qayıtmaq arzusunu alovlandırdı, ümid qığılcımı yaratdı. E.Hüseynbəyli romanı 2019-cu ildə bitirəndə minlərlə köçkün hələ didərgin idi, yurd həsrətini qəlbində daşıyırdı, doğma yurda qayıtmaq, o yerlərdə yaşamaq, o yerlərdə torpağa qovuşmaq nisgilini yaşayırdı. 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır. Nöqtə" deyirdi, Cıdır düzündə "Yallı" gedirdi. Azərbaycan prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunadan dünyaya səslənirdi: "Qarabağ Azərbaycandır. Nida!"
..."Vida"dan "Nida"ya bir il çəkdi. Əslində, romanda əzəli yurd yerlərimizin, Qarabağın erməni qəsbkarlarından tezliklə azad olunacağına bir işarə var: "Deyə bilməzsiniz ki, erməni xalqı bu müharibədən nəsə qazanıb. Müharibə heç kimə lazım deyil. Mən o ağacı bütün münaqişələrin əleyhinə, etiraz əlaməti olaraq əkdim. İstəyirəm ki, onu qoruyasınız. Siz, ya başqası, mənimçün fərqi yoxdur, - deyə həkim davam elədi. O, "bizimkilər gələnə kimi qoruyun" demədi, düzü, deməyə ürəyi gəlmədi, zabiti acıqlandıra, işləri korlaya bilərdi. - Sizin əsgərlər onu tapdadılar. Amma inanıram ki, yenidən qalxacaq". Torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərimizin sırasına Elçin Hüseynbəylinin həkim qəhrəmanını da əlavə etmək olar. Çünki onun da amalı müqəddəsdir, vətənə məhəbbəti ölümdən güclüdür, o, torpaqların qayıdacağına inamı böyükdür və ən əsası, yurd yerində torpaq olmağı bacardı!
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi
“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Layiqənin gətirdiyi çayı içib təhlillərimi davam etdirmişdim. Təkrar təhlil apararkən yol verdiyim bir boşluq diqqətimi çəkmişdi. Daha doğrusu, bu mütləq yoxlanılması tələb olunan bir detal idi. Nəhayət, onun nə olduğunu tapa bilmişdim. Söhbət gecə saatlarında görüşdüyüm mühafizəçidən gedirdi. Daha dəqiq desəm, onun davranışından. Bunu başa düşəndə mühafizəçinin söhbət edərkən özünü qeyri-adi aparması üzərində dayanmalı oldum. Onunla bütün söhbətimizi bir daha kino lenti kimi gözümün önündən keçirdim. Əsas da bu söhbət zamanı etdiyi hərəkətləri. Xüsusilə, suallarıma cavab verdikdən sonra boynunun dalını qaşıması heç yaxşı əlamət deyildi. Bu onun ya nəyisə dəqiq xatırlmadan cavab verməsi, ya da nəyisə gizlətməsi anlamına gəlirdi. Buraya ilk sualımı verərkən onun çaşqın vəziyyətə düşməsini də əlavə etsəm, deməli torbada pişik var. Mühafizəçi nəsə bilir və gizlədir. Təmasımız zamanı nəzərimdə mühafizəçi neytral birisi kimi şübhələrdən kənarda olduğu üçün onun çaşqınlığını Fərmanın arvadından şübhələndiyinə yozması kimi qəbul etmişdim. Ancaq təhlillərim gəlib onda divara dirənəndə məsələyə başqa tərəfdən yanaşdım və onu yoxlamaq qərarına gəldim. Saat doqquz olmamışdı. Deməli, mühafizəçi növbəni hələ təhvil vermədiyi üçün iş yerində olmalıdı. Telefonu götürüb verdiyi nömrəni yığdım. Cavab verən kimi dedim:
- Gecə sizinlə görüşən adamdır, Fərman müəllimin dediyi.
- Buyurun, müəllim, eşidirəm, - mühafizəçinin səsində cüzi titrəyişi sezə bildim.
- Tamam unutmuşdum soruşum. Fərman müəllim özü xatırlamadığı üçün demişdi sizdən dəqiqləşdirim. Zəhmət olmasa xatırlayın, bəs o özü dediyim tarixlərdə saat neçədə evdən çıxıb və axşam neçədə qayıdıb?
Mühafizəçi düşünmədən cavab verdi:
- Bunu xatırlamağa nə var ki. Fərman müəllim həmişə səhər eyni vaxtda, yəni 08:40 - da evdən çıxır. On biri tarixində axşam təxminən doqquzda, on üçündə isə düz saat yeddidə işdən gəlib. Başqa sualınız var?
- Suallarım var. Ancaq onları sizə üzbəüz söhbətdə verəcəyəm. Zəhmət olmasa, evə getməyə tələsməyin. Dərhal oraya gəlirəm.
- Ancaq axı mənim iş vaxtım bitir, - mühafizəçinin bu sözlərində narazılıqdan çox aradan çıxmaq istəyi hiss olunurdu.
Ona sözünü uzatmağa imkan verməyib davam etdim:
- Əgər ehtiyac varsa, Fərman müəllimə xahiş edim sizin rəisə desin.
Bunu eşidən mühafizəçi tez dilləndi:
- Ehtiyac yoxdur, mən gözləyərəm.
Sağollaşmadan xətti kəsdim. İndi tıxacı nəzərə alıb maksimum tez Fərman müəllimin ünvanına çatmalıydım. Hər nədisə də, adam gecə səhərə qədər yatmamışdı. Amma ona verəcəyim təkrar suallar çox vacib idi, çox. Bəlkə də bu söhbətdən sonra hər şey kökündən dəyişəcək, ehtimallarım təsdiqlənəcək və axıra qədər bir ipə düzüləcəkdi.
Yenə də həmin qaydada qrimləndikdən sonra ofisdən çıxıb maşına oturdum. Mühərriki qızdırmadan maşını yerindən tərpətdim. Mühafizəçinin səmimiliyini şübhə altına almağım üçün kifayət qədər əsas var idi. Gec də olsa, bunları başa düşəndə telefon söhbəti ilə onu yoxlayıb əminliyimi möhkəmlətdim. Əlbəttə, o mənim sualımdakı incəliyi tuta bilməzdi. Həmin tarixlərdə Fərman Gəraybəylinin neçədə gedib neçədə qayıtması məni qətiyyən maraqlandırmırdı. Mən mühafizəçinin nə dərəcədə diqqətli olmasını yoxlamaq istəyirdim. Bu hərif Fərmanın evdən çıxıb qayıtma vaxtlarını az qala dəqiqəsinə kimi xatırladığı halda Sənubər kimi gözəl xanımın həmin tarixlərdə evdən çıxıb -çıxmadığını uzun - uzadı yadına salmalı oldu. Belə olmur, yoldaş mühafizəçi. Əgər yaddaşın zəifdirsə, qoy bütün hallarda zəif olsun. Nə bilirsənsə, hamısını səndən çəkib çıxaracağam. Hələ təkrar zəngimdən həyəcanlanmasını demirəm…
Təxminən iyirmi beş dəqiqədən sonra lazım olan ünvana çatdım. Növbəni təhvil vermiş yuxulu mühafizəçi boynunu büküb bir kənarda məni gözləyirdi. Salam vermədən gözünün içinə baxıb dedim:
- Qonşu küçədəki kameralarda dediyim günlərdən birində Sənubər xanımın görüntüləri qeydə alınıb. Nazik ağ rəngli plaşda, hündürdaban ayaqqabılarda, əlində də açıq mavi rəngdə kiçik qadın çantası. İndi hoqqabazlığı bir kənara qoy, bildiyin hər şeyi mənə danış. Belə etsən, söz verirəm ki, səni birdəfəlik unudacam. Amma yenə nala - mıxa vursan yaxşı bir şey gözləmə.
Mühafizəçi udqunub mənə baxdı. Rəngi bir az da avazımışdı. Mən təbii ki, va - bank gedirdim. Sənubərin uşaq oğurlanmazdan əvvəlki tarixlərdə kiminləsə görüşməsinə şübhələrim əvvəldən də var idi. Bunun səbəbini sonra izah edəcəyəm. Amma bu zəif şübhələr olduğu üçün digər şübhələrim kimi yoxlanılmasını Nadirdən xahiş etməmişdim. Elə mühafizəçi ilə birinci görüşüm də bunu dəqiqləşdirmək üçün idi. Amma bu şübhələr gecəki təhlillərim zamanı kifəyət qədər möhkəmlənmişdi. Bundan sonra isə, gecə olduğu üçün heç bir kamera görüntüsünü yoxlatdırmaq imkanım olmamışdı. Ağ rəngli qadın plaşını Fərman müəllimin evində olarkən dəhlizdəki asılqanda görmüşdüm. Daim diqqətimdə saxladığım qadın geyim dəbinə əsasən ağ rəngli plaşla hansısa əlvan rəngdə çanta gəzdirildiyini bilirdim. Ona görə də çanta üçün bu mövsüm xüsusilə dəbdə olan açıq mavi rəngi seçdim. Bu mühafizəçinin liseydəki keçmiş polis əməkdaşı olmuş mühaizəçidən fərqli olaraq bu işdə təsadüfi biri olduğunu ilk görüşümüzdən anlamışdım. İnanmıram ki, hazırlıqsız bir kişi hansısa qadının çantasının rəngini xatırlasın, xüsusilə qorxusundan açıq-aşkar «sarısını udduğu» bir vaxtda. O ki qaldı, ayaqqabılara, Sənubər kimi bir xanım mütləq və mütləq hündürdaban ayaqqabıda evdən çıxa bilərdi.
Sənubərin geyimindən tutmuş çantasına qədər «məlumatlı» olduğumu görən mühafizəçi artıq ovcumun içində idi. Bunu onun mənə yönəlmiş yalvarışlı baxışlarından başa düşdüm.
Nəhayət, o dilləndi.
- Olub, iki növbə bundan əvvəl Fərman müəllimin həyat yoldaşı çox təlaşlı şəkildə, tələsik çıxıb harasa getdi.
İki növbə əvvəl ayın on biri idi, avtomat telefondan ilk dəfə zəng gəldiyi gün.
- Bəs onun təlaşlı olduğunu nədən bildiz?
Mühafizəçi düşünmədən cavab verdi:
- Bilirsiz, biz binada yaşayanların hamısını tanıyırıq. Xasiyyətlərinə də az-çox bələdik. Üç ildir burada işləyirəm. Elə sakinlər var ki, bu üç ildə nəinki özü salam verməyib, hətta salamımı belə almayıb. Amma Sənubər xanım fərqlidi. Nə vaxt görsə, salam verir, bayramlarda paydan - zaddan göndərir. Həmin günsə heç salam vermək də yadına düşmədi. Çox sürətlə yanımdan keçdi. Rəngi avazımışdı. Çox tələsirdi. Mən hər şeyi ondan bir qədər əvvəl yanına gəlmiş qonağına yozdum o vaxt.
Bunları birnəfəsə deyən mühafizəçi nəfəsini dərmək üçün ara verdi. Susub onun davam etməsini gözlədim. Söhbət maraqlı məcraya yönəlirdi. Bu yerdə sual verib onu yayındırmaq istəmirdim.
Mühafizəçi qaldığı yerdən davam etdi.
- Həmin gün gəlmiş bir orta yaşlı kişini saxlayıb kimgilə gəldiyini soruşdum. Burada qayda belədir. Kənar adamların içəri keçməməsi üçün hamıdan haraya gəldiyini soruşub dəqiqləşdiririk. Sənubər xanıma qonaq gəldiyini dedi. Bütün mənzillərin telefon nömrələri bizdə var. Zəng edib Sənubər xanımla dəqiqləşdirdim. Onu içəri buraxmamı istədi. Qonağı içəri keçəndən heç iyirmi dəqiqə ötməmiş çıxıb sağollaşıb getdi. Bundan da təxminən on beş dəqiqə sonra Sənubər xanım aşağı düşüb harasa getdi. Dediyim kimi, çox həyəcanlı görünürdü.
Artıq sual verməyin vaxtı idi. Sənubərin nə vaxt qayıtdığını dəiqləşdirməli idim.
- İndi dəqiq xatırla, neçə vaxtdan sonra qayıtdı?
- İki saatdan sonra.
- Davam elə.
- Həmin gün daha yadda qalan bir şey baş vermədi. Amma ayın on üçündəki növbəmdə yenə də Sənubər xanımın qonağı olduğunu deyən birisi mənə yaxınlaşıb içəri keçmək istədi. Bu adamın əyin-başı heç Fərman müəllimin evinə gələn adamlarınkına oxşamırdı. Amma yenə də qaydalara uyğun olaraq Sənubər xanıma zəng etdim. Bu adamı da içəri buraxmamı istədi. Açığı çox təəccübləndim. Amma nə etməliydim. Bu gələn adam bir qədər gec qayıtdı. Haradasa bir saata yaxın çəkdi gəlməyi.
- Sənubər o gedəndən sonra evini tərk etdi yenə?
- Yox, bu dəfə evdən bayıra çıxmadı.
- Yaxşı, davam elə.
Mühafizəçi yenə dərindən nəfəs aldı. Amma söhbətinə sualla davam etdi.
- Mən arxayın ola bilərəm ki, məni işdən qovmayacaqlar? Siz söz verdiniz?
- Tam arxayın ol, sözüm sözdür, - onu sakitləşdirdim.
- Bu baş verənlərin mənə heç bir dəxli yoxdur. Kiminsə qonağı gəlirsə, kimsə evdən çıxıb harasa gedirsə, mən bu şeylərə bir cavabdehlik daşımıram. Olanları əvvəlki gəlişinizdə gizlətməyimin səbəbi sonra baş verənlərdir.
Onun hələ də tərəddüd etdiyini görüb dedim:
- Danış, sənə söz verdim ki, söhbətimiz aramızda qalacaq. Sənin işdən qovulmağında mənim bir marağım yoxdur. Mən tamam başqa bir şeyi araşdırıram.
Mühafizəçi başını aşağı salıb dedi...
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Fırlanır...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Fırlanır” şeiri ilə.
Təbii ki, yenə də öz təəccübləndirir, heyrətləndirir şair.
“Bəlkə elə şərab içib-
Dünyanın başı fırlanır?!”
Gözəldir deyilmi?
Xoş mütaliələr!
Neçə acın yuxusunda,
Dəyirman daşı fırlanır.
Bəlkə elə şərab içib-
Dünyanın başı fırlanır?!
Azdım bir quşun səsində...
Sirr var şamın şöləsində.
Dərdimin yan-yörəsində
Gözümün yaşı fırlanır.
Bu yarpaq da bir çiçəkdi,
Qoxusunu yellər çəkdi...
...Bu dünya bir yelləncəkdi-
Nə qədər naşı fırlanır...
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
Nihat Pir, “Bir kəndin manifesti” - HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalı Nihat Pirin “Bir kəndin manifesti” hekayəsini təqdim edir..
Vallah, bu əhvalat nə vaxt olub, heç özüm də bilmirəm. İndi oturub bunun zaman təfərrüatına varası olsaq, əhvalat uzandıqca uzanacaq. Odur ki, birbaşa mətləbə xitab eləməkdən yanayam.
Bu söhbət adını bilmədiyiniz və buna heç də gərək olmayan balaca bir kənddə baş verib.
Olur e, iraq olsun, ölüm ölümü əvəz eləyir; filankəsin meyidi soyumamış bəhmənkəsin xəbəri gəlir, filankəsin azanı verilib qurtarmamış, başqasının qara xəbəri yayılır. Hə, bax belə şeylərə biz tərəflərdə “Kəndə Əzrayıl gəlib” deyirdilər. Hətta o Əzrayılın kənddən biryolluq çıxıb getməsi üçün qurban deyənlər, fitrə çıxardanlar da olurdu.
Amma əhvalatımızın vaqe olduğu kənddə işlər tam tərsinə gedirdi. İndi deyəcəksiniz ki, təki ölüm olmasın, təki canımız salamat olsun, bunun qəribə tərəfi nədir?
Kənd mollası Xudayar da əvvəl-əvvəl belə düşünürdü – hamı kimi. Amma iş o yerə çatdı ki, Xudayar əmi düz doqquz ay doqquz gün doqquz saat idi ki, “Molla əmi, filankəs də Allahın dərgahına təşrif etdi” cümləsinə həsrət qalmışdı. Sözün düzü, kişi əvvəllər bunu dərd eləmirdi, daha doğrusu, dilinə gətirməyə utanırdı. Ki məgər kimə demək olar ki, sən Allah, bu kənddə niyə ölən yoxdur? Heç rəvadırmı ki, kiməsə deyəsən, ay mən deyən, niyə yıxılıb ölmürsən? Adama deyərlər, a kişi, yetmiş beş yaşın var, belə ölmək arzulayırsan, get gir qəbrə də. Day camaatın öldü-qaldısı ilə nə işin?
İş o həddə çatmışdı ki, Xudayar, az qala, mollalığı da yadırğamışdı. Çıxış yolu kimi hər gün bir qəbrin başında yasin oxumağa başlayan molla beləcə bu doqquz ayda qəbiristanı düz üç dəfə o baş-bu baş gedib-gəldi. Axırda çar-naçar keçən ayın ortalarında qonşu kəndin mollasına da ağız açdı ki, sən Allah, arabir məni də gör. Biz tərəflərdə əməlli-başlı “kasıbçılıq”dır. O kənddə də ki rəqabət, maşallah olsun, güclü idi. Qonşu mollaya nə lüzum? Kəsəsi, molla Xudayarın sözü elə dediyi kimi də havada qalmışdı. Dönüb-dolanıb yenə də bərk yapışmışdı öz kəndindən.
Molla Xudayarın narahatlığı üzərinə yavaş-yavaş kənd içində də pıçapıçlar başladı ki, o da kənd ağsaqqallarını bir araya toplamağa fürsət tapdı:
– Camaat! Əvvala, Allah-Taala özü cəmi müsəlmanları hifz eləsin, biz də onun
içində, – deyə sözə başlayan molla bu çıxışı, yalan olmasın, bəlkə, beş aydır ki, məşq
edirdi. – Amma məlumunuz üzərinə, kəndimiz elə bir bəlamı deyim, xeyirmi deyim, vallah, heç özüm də bilmirəm, bildiyim odur ki, bu işdə nəsə var. Ölüm bizdən üz döndəribdir. Allah öz dərgahının qapısını biryolluq bizim kənd üçün qapayıb.
– Şeytan işidir, molla əmi! – Kəndin gətir-götür işlərinin qabaqda gedəni Murtuz idi. – Vallah, çörəyimizin duzu da gedib. Mən həftəyə üç-dörd qəbir qazan adam idim, anamın canıyçün. İndi hardadır e o günlər?! Ayaqyolu qazmaqla, çəpər tutmaqla bir çətən külfət saxlamaq olar?
Murtuzun bu sözündən sonra yerbəyerdən “Lənətlənmişik!”, “Qurban demək lazımdır!”, “Mən üç dənə qoç qurban deyirəm!” kimi qəribə-qəribə fikirlər məclisi başına götürdü. Xudayar camaatı birtəhər sakitləşdirib düz beş aydır ki, üzərində işlədiyi çıxışına davam elədi.
– Hammınızı başa düşürəm, nigaranlığınızı da annıyıram. Amma mənim qammadığım bir şey var ki, məgər bu doqquz ayda heç birinizin orası-burası da ağrımayıb? – Mollanın bu sözündən sonra adamlar qəribə təhər-tövürlə bir-birlərinə baxır, ağrıyıb-ağrımadıqlarını soruşurdular.
– Bax elə götürək Kazım kişini. – Xudayar irəli şığıdı, Kazımın qolundan yapışıb onu irəli çəkdi. – Ay Kazım, bir yerin ağrıyıb-eləmir ki?
– Yox, ay kişi, vallah, tırp kimiyəm, – deyən Kazım qaqqanaq çəkib elə güldü ki, protez dişləri yerindən oynadı. Amma heç kəsin gülmədiyini görüncə özünü yığışdırıb keçdi adamların arasına.
– Şeytan əməlidir, vallah, Murtuz demiş, kişi bizdən üz döndərib, – kənd müəllimi Balayar portfelini sinəsinə sıxıb sözə başladı. – Nə günah eləmişik, nə qələt yemişik, bilmirəm, amma kəndimiz misilsiz bir bəlaya düçar olub. – Balayar müəllim bir az ara verib davam elədi:
– Təklif edirəm ki, molla əmi, kəndin dörd bir yanında o kişiyə qurbanlar kəsək, əfvinə sığınaq, bizi bağışlaması üçün dualar edək. Yalvaraq, yapışaq... Biz qulların əlindən başqa nə gəlir ki?..
– Halal olsun!..
– Sağ ol, məllim!
– Var ol!
Yerbəyerdən Balayar müəllimin təklifinə dəstək nidaları gəldi.
– Vallah, bir dənə öküzüm var, onu elə bəsləyirəm, elə bəsləyirəm, and içirəm ki, kim ki birinci başın yerə qoydu ha, bax onun ehsanına peşkəş edəcəm, öz canımçün. – Qəssab Camalın bu sözündən sonra yenə də yerbəyerdən təkliflər, iradlar bir-birinə qarışdı, molla Xudayar təzədən səs-küyü sakitləşdirib düz beş aydır ki, hazırladığı çıxışına davam elədi:
– Balayar məllimin təklifi yaxşı təklifdir, mən razı. Elə günü sabahdan hər dəngədə bir dənə qoç kəsək, Allah yolunda kasıb-kusuba paylayaq. Hər namazda hammız bir ağızdan Allah-Taalaya bizi bağışlaması üçün dualar edək.
– Eləyək!
– Bəli, bəli!
– Sağ ol, ay Xudayar!
– Allah səni üsdümüzdən əysiy eləməsin!
– Ay Allah, keş günahımızdan...
Yenə də yerbəyerdən dualar, təkliflər yüksəldi, Xudayar boğazını arıtlayıb növbəti dəfə adamları sakitləşdirdi və düz beş aydır ki, hazırladığı çıxışına davam elədi:
– Mənim də bir təklifim var, camaat. – Adamların səsi, tamamilə, kəsildi. Yetmiş beş yaşlı mollanın, sözsüz ki, bu çıxılmaz və misli görülməmiş vəziyyətdə təklifi hamıya maraqlı idi. – Təklif edirəm ki, Seyran kişinin evinin yuxarı başında, bələdiyyə binasına tərəf o açıqlıqda – Əli ilə həmin tərəfi göstərərək davam etdi, – iri bir yas çadırı quraq. – Adamların sükütü hələ də davam etməkdə idi. – Məncə, bununla, Əzrayılın yadına sala bilərik ki, arabir, bizim kəndə də baş çəksin...
Molla Xudayar fikrini tamamlayıb bir az duruxdu, ardından, “Hə, Qasım kişi, nə deyirsən?” deyib kəndin digər ağsaqqallarının da ağzını aradı. Qasım kişi ora-bura baxıb boynunu elə bükdü ki, sanki bu sualı qaldırmağa gücü çatmadı. Eləcə əyilib qaldı bir kənarda.
Heç kəsin danışmağa cürət eləmədiyi bir məqamda adamların arasından titrək bir səs hamının beynini girinc edən həmin o sualı verib dərhal da susdu:
– Çadır, nəmənə, ay Xudayar?
Bu sualdan ürəklənən adamlar təzədən qaynaşmağa, fikir içindən fikir çıxarmağa başladı.
– Diri-diri basdıraqmı cahamaatı?
– Heç elə şey olar?..
– Xudavəndi-aləm, özün bizi qurtar...
Xudayar təsəkəsini çıxarıb o üz-bu üzünə baxdı, təzədən başına keçirib boğazını artıladı:
– Özüdür ki, var, camaat! O çadırda dirilərimizə yas verəcəyik, üç, yeddi, qırx keçirəcəyik, ehsanı, canamazı da üstündə... – Molla sözünü bitirər-bitirməz yenə də yerbəyerdən etiraz səsləri yüksəldi.
– Xudayar kişi, indi deyirsən ki, məni diri-diri basdırıb halvamı yemək istəyirsən? – Kəndin feldşeri Cəbrayıl yarı zarafat, yarı ciddi soruşdu.
– Yox, ay kişi! Səni niyə basdırırıq? Səni oturdacam məclisin düz başında, öz halvanı da özün yeyəcəksən, day nə istəyirsən ki?
Feldşer Cəbrayıl bir o yana baxdı, bir bu yana, axırda çar-naçar “Nə deyim, vallah?” deyib geri çəkildi. Cəbrayılın cavabdan qane olmadığını görən molla səsini bir az da qaldırdı:
– Bapbalaca bir kəndik, hamının dolanışığına da bələdik. Hüzürümüzü diriykən vermək ən yaxşı çıxış yoludu. Beləcə Əzrayılın da yadına düşər ki, biz tərəflərə də səfər eləsin. Üstəlik, bu camaat dolanmalıdı, ya yox?
– Bəli, bəli!
– Kişi düz deyir!..
– Sağ ol, ay Xudayar!..
Adamların dəstək sədalarını eşidən molla daha da ürəkləndi.
– Bayaq özünüz Murtuzun dediklərini eşitdiz. Həftəyə üç-dörd qəbir qazıb çörəkpulu edən Murtuz indi bəs nəynən dolanmalıdı?
– Allah balanı saxlasın, Xudayar kişi! – Murtuz adamları yarıb irəli çıxdı. – Sənin başına dönərəm, de, qadası, de, ağrın alım, de!
– Yaxud bu Namiq yazıq. Kənddə ayda, ildə bir dəfə toy olar ki, onu da aparıb mərkəzdəki sarayda edirik. Bəs bu kişi çadırını kimin qapısında qursun?
Lap elə götürək mənim özümü. Bu doqquz ayda ölülərinizdən xəbəriniz olubmu heç? O qəbiristanlığı düz üç dəfə o baş-bu baş yasin oxuya-oxuya gedib-gəlmişəm. Biriniz üç manatınızdan keçibsizmi?
– Allah balanı saxlasın!
– Sağ ol səni, Xudayar!
– Var ol!
– Kişi düz deyir! Gələ bu beş manatı da qoy cibinə, – Camal irəli çıxıb mollanın əlini sıxdı, – axşam da arvad yuxuma girib, sən Allah, ona bir yasin oxuginən!
– Camaat, mən razı! Elə günü sabah çadırı quraq, hə, nə deyirsiz? – Balayar müəllimin də razılıq verməsi ilə işin böyük qismi həll olundu.
Bir neçə dəqiqə davam edən sükutdan sonra adamların arasında təzədən pıçapıçlar başladı və ardından bu təklifə görə molla Xudayara dualar yağış kimi yağmağa başladı...
***
Bir həftəyə yaxın idi ki, kəndin bələdiyyə binasının yaxınlığında iri və təmtəraqlı çadır qurulmuşdu. Kəndin xeyir-şər çadırlarına düz on il idi, Namiq baxırdı. O yazıq da düz doqquz aydır ki, demək olar, itirilib-axtarılmırdı. Yazıq heç səsini də çıxara bilmirdi. Amma məlum söhbətdən sonra çadırı elə sevincək, elə xürrəm qurdu ki, gəl görəsən. “Allahımıza and olsun, elə bilirəm ki, öz toyumdur, təki bu bəla bizdən əksilsin” deyən Namiq, üstəlik, bu doqquz ay ərzində heç də bikar qalmayıbmış, sən demə. Çadırın pərdələrini dəyişmiş, içində yay üçün sərinlədici sistem, qış üçünsə qızdırıcı qurub-qoşmuş, qab-qacaq dəstini də ən yaxşı şəkildə yeniləmişdi. Amma kənd arvadları eşidəndə ki ağsaqqalar “Əzrayılı kəndə dəvət edir”, onlar da Əzrayılı hörmət-izzətlə qarşılamaq üçün evdəki ən bahalı qab-qacaqlarını gətirib düzmüşdülər masaya.
Camal da neçə gün idi ki, söz verdiyi öküzü gətirib çadırın yanına bağlamışdı. Camaat da bir ucdan yoncadan, yemdən daşıyırdı. Öküz indi rahat yüz iyirmi kilo olardı, amma nə fayda?! Nə Əzrayıl gəlirdi, nə də ki, ölən tapılırdı...
***
Bugünkü yas mərasimi Kazım kişinin idi. Kazım məclisin baş tərəfində molla Xudayarın yanında oturub gəlib-gedənləri salamlayır, “Allah rəhmət eləsin” deyənləri şəxsən özü yola salır və bundan məmnun görünürdü.
– Allah sənə qəni-qəni rəhmət eləsin, ay Kazım!
– Sağ ol, ay Camal, səninçün olsun.
– Allah qoysa, Allah qoysa...
– Allah özü bizi bağışlasın.
– Amin!
Molla Xudayar o biri dünyadakı haqq-ədalət məclisindən, Allahın savab-günah tərəzisindən, cənnət-cəhənnəm məsələsindən dəm vururdu ki, bu vaxt çadırın çölündə bir hay qopdu ki, gəl görəsən. Adamlar hövlnak özlərini bayıra atdılar.
Budur, kəndin o biri başından balaca bir qaraltı və tozanaq görünür, qaraltı
yavaş-yavaş yaxınlaşdıqca bunun bir at və üzərində bir nəfər uşaq olduğu sezilirdi. Uşaq “Əzrayıl əmi gəldi, Əzrayıl əmi gəldi” deyə-deyə çadıra tərəf çapırdı. O, çadırın yanına varana qədər dua duanı əvəz elədi, şükürlərin sədası ərşə çıxdı.
– Nolub, a bala, nə hay-həşir salmısan? Nə Əzrayılı?
Uşaq çatar-çatmaz atdan düşüb ağzını çadırın girişindəki su çəlləyinə dirədi. İçib yanğısını söndürəndən sonra dedi:
– Molla əmi, “Ala qapı”da (“Ala qapı” kəndin giriş qapısı idi) at arabası qəzaya uğrayıb. Kəndin baytarı Həsənağa kişi bir dənə iri camış vurub, özü də, arabası da yumalanıb düşüb çaya. Seyid Rza kişi tez məni bura göndərdi ki, sizi muştuluqlayım. Eheyy! Əzrayıl əmi gəlir eeey, Əzrayıl!!! – Uşaq təzədən ata minib çığıra-çığıra kəndin içərilərinə doğru çapmağa başladı.
Bir anda çadırın ətrafında vurhavur başladı. Adamlar “Şükür, ay Allah” deyib mollanın əlini-ətəyini öpə-öpə Həsənağanın yas məclisinin hazırlığına başladılar. Molla Xudayarın göstərişi ilə çadırda Kazımın şəklini çıxarıb yerinə Həsənağanın şəklini yapışdırlar. Qəssab Camal bir hərəkətlə yüz iyirmi kiloluq dananın boynunu burub yıxdı yerə, “Allah sənə rəhmət eləsin, ay Həsənağa, kişinin sözü bir olar” deyib dananın başını kəsdi. Qəbirqazan Murtuz Həsənağanın boynunu-buxununu öyrənib götürüldü qəbiristanlığa.
– Murtuz, rəhmətlik Salman kişinin yanında qazginən, əmisidir. – Xudayar təsəkəsini çıxarıb dərin bir ah çəkdi.
Doqquz aylıq ölüm xəbərinə həsrət qalan kənd camaatı bircə saatın içində yas məclisinə hazırlıqları tamamilə yekunlaşdırdı. Xudayarın göstərişi ilə hamı bir nəfər kimi çadıra yığılıb Seyid Rzadan gələcək xəbəri gözləməyə başladı. Bu vaxt çadırın nimdaş, yamaqlı xalçadan hazırlanmış qapısı açıldı, Kazım kişi əlində tüfəng içəri daxil oldu. Bayaqkı haray-həşir ölü sükutla əvəzləndi. Kazım tüfəngi sinəsinə basıb məclisin yuxarı başına doğru addımladı.
– Ədə, Xudayar, dirimə hörmət qoymamağın bəs deyil, üstəlik, mənim yas məclisimi də urvatdan salırsan?
Molla Xudayar əlləri əsə-əsə stəkanı yerə qoyub ayağa qalxdı.
– Yox, ay...
– Kəs, ə! – Kazım tüfəngin nişangahını tarazlayıb düz Xudayarın sinəsinə tuşladı.
– Sənə sual verirəm: bu gün kimin yasıydı?
– Sənin, Kazım, sənin... – Xudayar arxa-arxaya gedərək çadırın dirəklərinə söykənib dayandı.
– Bəs başının üstündəki o yerdə Həsənağanın şəkli nə gəzir, ə? – Kazım çənəsini az-maz yuxarı qaldırıb şəklə işarə elədi.
– Ay Kazım, özün bilirsən ki, bunu Əzrayılı oyuna gətirmək üçün...
– Kəs, ə, dedim sənə! Bəyəm Həsənağa mənnən artıq kişidi?
Molla Xudayar nə cavab verəcəyini bilməyib əllərini yana açdı. Arabir titrəyə-titrəyə “Ay Kazım, ay Kazım” deməkdən başqa əlindən-dilindən bir şey gəlmirdi. Məclis iştirakçıları da sadəcə olanlara tamaşa eləməklə kifayətlənirdilər. Hamı hadisənin şokunu yaşayırdı.
– Bir halda ki deyəcək sözün yoxdu, onda nolar, mənə də Kazım deyərlər! – Kazım tüfəngi bir dəfə də möhkəmcə sinəsinə sıxıb başını yellədi:
– Xudayar, mən belə hörmətsizliyin altınnan çıxammaram, dədəmin qəbri, – deyib tətiyi çəkirdi ki, Seyid Rza çadıra daxil oldu.
– Camaat, Həsənağa sağdı!
Bu sözü eşidən molla elə bil təzədən doğuldu. Tez masanın bu biri tərəfinə atlanıb Kazımı qolundan yaxaladı. Bunu görən məclis iştirakçıları da Kazımı sakitləşdirməyə başladılar, əlinə-ayağına düşdülər.
– A kişi, sən Allah, qanqaraçılıq salmayaq.
– Bu dana da sənin qismətinmiş, canımçün, halal xoşun! – Camal şirin dilini işə saldı.
– Yas davası eləmirsən, ay Kazım?! Di buyur, bu da yasın, ha-ha-ha!..
***
Cəmi yarım saat sonra hər şey qaldığı yerdən davam edirdi. Kazım kişi məclisin baş tərəfində oturub başının üstündəki şəklə baxa-baxa adamları salamlayır, “Allah rəhmət eləsin”ləri şəxsən özü qəbul edir və bundan misli görülməmiş məmnunluq duyurdu...
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
Planeti sürətli moda epidemiyasından necə xilas etməli? - SON DƏRƏCƏ AKTUAL
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu yaxınlarda bir dostum İtaliyaya getmişdi. Əbədi şəhər olan Romanı, su üzərində bərqərar olmuş Florensiyanı gəzməklə yanaşı, təbii ki, modanın Parisdən sonrakı ikinci vətəni olan Milana da güzar etmiş, bol təəssüratla dönmüşdü. Təəssüratlarını mənə danışdıqdan sonra maraqlı bir məsələyə də toxundu.
O, yaşadığı otelin konfrans zalında maraqlı bir tədbirə şahidlik edibmiş. Modanı əsrin bəlası hesab edən aktivistlər cavabdehləri tez bir zamanda dünyanı başına alan atılmış köhnə paltarların yaratdığı cır-cındır qəbristanlıqlarının sürətlə böyüməsinin qarşısını almağa səsləyirdilər.
Düzü, dostumun bu söhbəti mənə olduqca təəccüblü gəldi. Şəxsən mən köhnə paltar təhlükəsindən xəbərsiz idim. O vaxtdan mövzunu gündəmimdə saxladım və bazaar günü Euronews xəbərlərində bu barədə süjet görəndə bu dəfə daha təəccüblənmədim.
Florensiya yaxınlığındakı Toskano əyalətində yerləşən Prato şəhəri bir zamanlar – daha dəqiqi, orta əsrlərdə qitənin tekstil paytaxtı olub. Bu gün isə Pratoda Avropanın ən böyük tekstil rayonu mövcuddur. Və burada təkrar parça emal edən ən böyük kombinat vardır, dünyadakı bütün təkrar papça emalının 15 faizi tək burda başa gəlir. Yəni, hər yerdən istifadəyə yararsız pal-paltar bura gətirilir, burda təkrar emal edilib yenidən istehlaka göndərilir.
Süjet Pratoda çəkilmişdi. İnsanlar kameralara danışırdılar. Bir qadın deyirdi:
-Biz daha çox paltar alırıq, amma bu paltarlar xidmətimizdə çox az dayanır. Səhər bunlar dəbdən düşür. Yeniləri dəbə minir. Biz də bunları atıb yenisini alırıq. Və bu səbəbdən də dünya cır-cındırla dolur, tekstil sənayesi isə ekologiyanı çirkləndirən əsas nəsnəyə çevrilir.
Bəli, ucuz paltarlar, tez-tez dəyişən moda daha çox zəhərli maddələrin ətrafa atılmasını təmin edir.
Prato kombinatının marketinq və kommunikasiya rəhbəri Aliçe Tezi söyləyir:
-Təkrar emala gəlmiş materialın ən yaxşı halda 60 faizi yararlı sayılır, qalanı atılır. Təkrar emaldan çıxanda daha 50 faiz itki olur. Yerdə qalan hissə ya atılır, ya termoizolyasiyaya məruz qalır. Beləcə, biz təkrar emaldan çıxan parçanı fabriklərə, zibilisə yerə gömürük.
Təkrar emaldan çıxan parçalar kimyəvi məhlullarla zəngin olduqları halda onları ekoloji təmiz, saf məhsul adı altında sırımaq da var.
Rifo kompaniyasının sahibi Nikollo Şipriani isə deyir:
-Biz təbii məhsula üstünlük veririk, sintetik məhsullardan qaçırıq. Təbii məhsul isə pambıq və ipəkdir. Biz təkrar emal keçmiş parçalardan əsla istifadə etmirik. Ona görə də vicdanımız təmizdir. Biz əksini edənlərlə tərəzinin eyni gözündə dayanmaqdan usanmışıq. Belə olmaz.
Bəli, biznesdə hamı qazanmaq istəyir, itirənsə təbiət və insanlıqdır. Və məşhur telekanalın süjeti də sonda bu ehtimalı ona görə ortaya atır ki, insanlar az da olsa ümidlənsinlər.
Yekunda deyildi ki, Pratoda gələn il ikinci təkrar parça emalı kombinatı da tikilir. İşbazlar böyük gəlirlər əldə etməkdə israrlıdır. Bununla belə, aktivistlər təbiətə ciddi ziyan vuran Prato kombinatının ikiqat vergiyə cəlb edilməsi məsələsini gündəmə çıxarıblar. Gəliri isə kimyəvi zəhərlənməyə məruz qalan insanların müalicəsinə sərf etmək nəzərdə tutulur.
Hansısa tamaşamızda belə bir fikir var.” Ah, moda, moda. Salmısan bizi oda”.
Orada qəhrəman yeni paltara pul xərcləməyin zülmünə acıyır. Amma indi həqiqətən də moda bizi oda salır. Çünki, tək büdcəmizə deyil, canımıza da ziyan edir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Quru meyvə, çərəz və paxla ilə balıq mütəncəmi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Quru meyvə, çərəz və paxla ilə balıq mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 200 qr
§ Kartof – 100 qr
§ Qırmızı soğan – 35 qr
§ Portağal şirəsi – 35 qr
§ Kərə yağı – 35 qr
§ Bitki yağı – 15 qr
§ Əncir qurusu – 25 qr
§ Badam – 25 qr
§ Müxəşşər – 25 qr
§ Axta zoğal – 17 qr
§ Cəfəri – 16 qr
§ Mərzə (quru) – 2 qr
§ Sarıkök – 0,1 qr
§ İstiot (dənəvər) – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ limon – 15 qr, nar – 10 qr, narşərab – 5 qr
HAZIRLANMASI:
Balıq filesi 60 qramlıq tikələrə doğranır. Tikələrin qalınlığı 2 sm, eni, uzunu isə balığın öz ölçüsündə olduğu kimi doğranır. Tavaya yağ əlavə olunur, yağ əriyəndə duz, istiot vurulmuş balıq tikələri yağda qızardılır. Sonra başqa qaba yığılır, həmin tavada aypara şəklində doğranmış soğan qızardılır. Qızarana yaxın qaynar duzlu suda isladılmış, qabığı təmiz- lənmiş badam, əvvəlcədən bişirilmiş müxəşşər, yuyulub-təmizlənmiş axta zoğal, yarıya bölünmüş əncir qurusu, kvadrat şəklində doğranmış, qızardıl- mış kartof, duz, istiot, sarıkök, mərzə qurusu, xırda doğranmış cəfəri əlavə olunur və bişirilir. Daha sonra qızardılmış balıq düzülür, üzərinə portağal şirəsi əlavə olunur. Tavanın qapağı örtülür, vam odda 10 dəqiqə ərzində bişirilir, yağa düşənə yaxın ocaqdan götürülür. 5 dəqiqə ərzində ağzı örtülü vəziyyətdə yer dəmi alır. Sonra gözəl düzülüşlə buluda çəkilir və süfrəyə verilir.
Nuş olsun!
Ədəbiyyat və incəsənət”
(24.07.2024)