Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək Featured

 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında “Mədəniyyət və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti üzrə yer alan məsələlərdən biri MYS sahəsində kadr potensialının inkişaf etdirilməsidir.

 

Tədbirlər planında sözügedən fəaliyyət istiqaməti üzrə öz əksini tapan “Müasir və rəqabətli MYS sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması” tədbiri ilə əlaqədar Mədəniyyət Nazirliyi əsas icraçı qurum olaraq müəyyənləşdirilib.

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları” Mədəniyyət Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq olunub.

Təqaüd proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə xaricdə təhsil, magistratura səviyyəsi üzrə xaricdə təhsil, xaricdə keçirilən qısamüddətli təlim, kurs və proqramlar (o cümlədən distant (məsafədən) formada) üzrə təhsil və Azərbaycan Respublikası ərazisində keçirilən qısamüddətli təlim, kurs və proqramlar üzrə təhsil seçimləri mümkündür.

MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində 60 nəfər tələbənin təhsil alması, 1000 nəfər sahə üzrə mütəxəssisin sertifikatlaşdırılması, eləcə də tədris mərkəzinin yaradılması və hər il ən azı 100 gəncin təhsilə cəlb edilməsi, sahə üzrə tədris olunan ixtisasların sayının 10 faiz artırılması və məzmununun yaxşılaşdırılması nəzərdə tutulur.

Təqaüd proqramı audiovizual (musiqi, kino, o cümlədən animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans və yaradıcı texnologiyalar sahələri üzrə ixtisaslaşma istiqamətlərini əhatə edir.

Proqrama yaradıcı potensialını inkişaf etdirmək istəyən yaşı 15-dən yuxarı şəxslər müraciət edə bilərlər.

Qeyd edək ki, təqaüd proqramı üzrə müsabiqəyə müraciət qaydası, proqram iştirakçılarının seçimi ilə bağlı meyar və prosedurlar haqqında ətraflı məlumat yaxın vaxtlarda nazirliyin rəsmi internet informasiya ehtiyatlarında yerləşdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.