RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Layiqənin gətirdiyi çayı içib təhlillərimi davam etdirmişdim. Təkrar təhlil apararkən yol verdiyim bir boşluq diqqətimi çəkmişdi. Daha doğrusu, bu mütləq yoxlanılması tələb olunan bir detal idi. Nəhayət, onun nə olduğunu tapa bilmişdim. Söhbət gecə saatlarında görüşdüyüm mühafizəçidən gedirdi. Daha dəqiq desəm, onun davranışından. Bunu başa düşəndə mühafizəçinin söhbət edərkən özünü qeyri-adi aparması üzərində dayanmalı oldum. Onunla bütün söhbətimizi bir daha kino lenti kimi gözümün önündən keçirdim. Əsas da bu söhbət zamanı etdiyi hərəkətləri. Xüsusilə, suallarıma cavab verdikdən sonra boynunun dalını qaşıması heç yaxşı əlamət deyildi. Bu onun ya nəyisə dəqiq xatırlmadan cavab verməsi, ya da nəyisə gizlətməsi anlamına gəlirdi. Buraya ilk sualımı verərkən onun çaşqın vəziyyətə düşməsini də əlavə etsəm, deməli torbada pişik var. Mühafizəçi nəsə bilir və gizlədir. Təmasımız zamanı nəzərimdə mühafizəçi neytral birisi kimi şübhələrdən kənarda olduğu üçün onun çaşqınlığını Fərmanın arvadından şübhələndiyinə yozması kimi qəbul etmişdim. Ancaq təhlillərim gəlib onda divara dirənəndə məsələyə başqa tərəfdən yanaşdım və onu yoxlamaq qərarına gəldim. Saat doqquz olmamışdı. Deməli, mühafizəçi növbəni hələ təhvil vermədiyi üçün iş yerində olmalıdı. Telefonu götürüb verdiyi nömrəni yığdım. Cavab verən kimi dedim:

- Gecə sizinlə görüşən adamdır, Fərman müəllimin dediyi.

- Buyurun, müəllim, eşidirəm, - mühafizəçinin səsində cüzi titrəyişi sezə bildim.

- Tamam unutmuşdum soruşum. Fərman müəllim özü xatırlamadığı üçün demişdi sizdən dəqiqləşdirim. Zəhmət olmasa xatırlayın, bəs o özü dediyim tarixlərdə saat neçədə evdən çıxıb və axşam neçədə qayıdıb?

Mühafizəçi düşünmədən cavab verdi:

- Bunu xatırlamağa nə var ki. Fərman müəllim həmişə səhər eyni vaxtda, yəni 08:40 - da evdən çıxır. On biri tarixində axşam təxminən doqquzda, on üçündə isə düz saat yeddidə işdən gəlib. Başqa sualınız var?

- Suallarım var. Ancaq onları sizə üzbəüz söhbətdə verəcəyəm. Zəhmət olmasa, evə getməyə tələsməyin. Dərhal oraya gəlirəm.

- Ancaq axı mənim iş vaxtım bitir, - mühafizəçinin bu sözlərində narazılıqdan çox aradan çıxmaq istəyi hiss olunurdu.

Ona sözünü uzatmağa imkan verməyib davam etdim:

- Əgər ehtiyac varsa, Fərman müəllimə xahiş edim sizin rəisə desin.

Bunu eşidən mühafizəçi tez dilləndi:

- Ehtiyac yoxdur, mən gözləyərəm.

Sağollaşmadan xətti kəsdim. İndi tıxacı nəzərə alıb maksimum tez Fərman müəllimin ünvanına çatmalıydım. Hər nədisə də, adam gecə səhərə qədər yatmamışdı. Amma ona verəcəyim təkrar suallar çox vacib  idi, çox. Bəlkə də bu söhbətdən sonra hər şey kökündən dəyişəcək, ehtimallarım təsdiqlənəcək və axıra qədər bir ipə düzüləcəkdi. 

Yenə də həmin qaydada qrimləndikdən sonra ofisdən çıxıb maşına oturdum. Mühərriki qızdırmadan maşını yerindən tərpətdim. Mühafizəçinin səmimiliyini şübhə altına almağım üçün kifayət qədər əsas var idi. Gec də olsa, bunları başa düşəndə telefon söhbəti ilə onu yoxlayıb əminliyimi möhkəmlətdim. Əlbəttə, o mənim sualımdakı incəliyi tuta bilməzdi. Həmin tarixlərdə Fərman Gəraybəylinin neçədə gedib neçədə qayıtması məni qətiyyən maraqlandırmırdı. Mən mühafizəçinin nə dərəcədə diqqətli olmasını yoxlamaq istəyirdim. Bu hərif Fərmanın evdən çıxıb qayıtma vaxtlarını az qala dəqiqəsinə kimi xatırladığı halda Sənubər kimi gözəl xanımın həmin tarixlərdə evdən çıxıb -çıxmadığını uzun - uzadı yadına salmalı oldu. Belə olmur, yoldaş mühafizəçi. Əgər yaddaşın zəifdirsə, qoy bütün hallarda zəif olsun. Nə bilirsənsə, hamısını səndən çəkib çıxaracağam. Hələ təkrar zəngimdən həyəcanlanmasını demirəm…

Təxminən iyirmi beş dəqiqədən sonra lazım olan ünvana çatdım. Növbəni təhvil vermiş yuxulu mühafizəçi boynunu büküb bir kənarda məni gözləyirdi. Salam vermədən gözünün içinə baxıb dedim:

- Qonşu küçədəki kameralarda dediyim günlərdən birində Sənubər xanımın görüntüləri qeydə alınıb. Nazik ağ rəngli plaşda, hündürdaban ayaqqabılarda, əlində də açıq mavi rəngdə kiçik qadın çantası. İndi hoqqabazlığı bir kənara qoy, bildiyin hər şeyi mənə danış. Belə etsən, söz verirəm ki, səni birdəfəlik unudacam. Amma yenə nala - mıxa vursan yaxşı bir şey gözləmə.

Mühafizəçi udqunub mənə baxdı. Rəngi bir az da avazımışdı. Mən təbii ki, va - bank gedirdim. Sənubərin uşaq oğurlanmazdan əvvəlki tarixlərdə kiminləsə görüşməsinə  şübhələrim əvvəldən də var idi. Bunun səbəbini sonra izah edəcəyəm. Amma bu zəif şübhələr olduğu üçün digər şübhələrim kimi yoxlanılmasını Nadirdən xahiş etməmişdim. Elə mühafizəçi ilə birinci görüşüm də bunu dəqiqləşdirmək üçün idi. Amma bu şübhələr gecəki təhlillərim zamanı kifəyət qədər möhkəmlənmişdi. Bundan sonra isə, gecə olduğu üçün heç bir kamera görüntüsünü yoxlatdırmaq imkanım olmamışdı. Ağ rəngli qadın plaşını Fərman müəllimin evində olarkən dəhlizdəki asılqanda görmüşdüm. Daim diqqətimdə saxladığım qadın geyim dəbinə əsasən ağ rəngli plaşla hansısa əlvan rəngdə çanta gəzdirildiyini bilirdim. Ona görə də çanta üçün bu mövsüm xüsusilə dəbdə olan açıq mavi rəngi seçdim. Bu mühafizəçinin liseydəki keçmiş polis əməkdaşı olmuş mühaizəçidən fərqli olaraq bu işdə təsadüfi biri olduğunu ilk görüşümüzdən anlamışdım. İnanmıram ki, hazırlıqsız bir kişi hansısa qadının çantasının rəngini xatırlasın, xüsusilə qorxusundan açıq-aşkar «sarısını udduğu» bir vaxtda. O ki qaldı, ayaqqabılara, Sənubər kimi bir xanım mütləq və mütləq hündürdaban ayaqqabıda evdən çıxa bilərdi.

Sənubərin geyimindən tutmuş çantasına qədər «məlumatlı» olduğumu görən mühafizəçi artıq ovcumun içində idi. Bunu onun mənə yönəlmiş yalvarışlı baxışlarından başa düşdüm.

Nəhayət, o dilləndi.

- Olub, iki növbə bundan əvvəl Fərman müəllimin həyat yoldaşı çox təlaşlı şəkildə, tələsik çıxıb harasa getdi.

İki növbə əvvəl ayın on biri idi, avtomat telefondan ilk dəfə zəng gəldiyi gün.

- Bəs onun təlaşlı olduğunu nədən bildiz?

Mühafizəçi düşünmədən cavab verdi:

- Bilirsiz, biz binada yaşayanların hamısını tanıyırıq. Xasiyyətlərinə də az-çox bələdik. Üç ildir burada işləyirəm. Elə sakinlər var ki, bu üç ildə nəinki özü salam verməyib, hətta salamımı belə almayıb. Amma Sənubər xanım fərqlidi. Nə vaxt görsə, salam verir, bayramlarda paydan - zaddan göndərir. Həmin günsə heç salam vermək də yadına düşmədi. Çox sürətlə yanımdan keçdi. Rəngi avazımışdı. Çox tələsirdi. Mən hər şeyi ondan bir qədər əvvəl yanına gəlmiş qonağına yozdum o vaxt.

Bunları birnəfəsə deyən mühafizəçi nəfəsini dərmək üçün ara verdi. Susub onun davam etməsini gözlədim. Söhbət maraqlı məcraya yönəlirdi. Bu yerdə sual verib onu yayındırmaq istəmirdim.

Mühafizəçi qaldığı yerdən davam etdi.

- Həmin gün gəlmiş bir orta yaşlı kişini saxlayıb kimgilə gəldiyini soruşdum. Burada qayda belədir. Kənar adamların içəri keçməməsi üçün hamıdan haraya gəldiyini soruşub dəqiqləşdiririk. Sənubər xanıma qonaq gəldiyini dedi. Bütün mənzillərin telefon nömrələri bizdə var. Zəng edib Sənubər xanımla dəqiqləşdirdim. Onu içəri buraxmamı istədi. Qonağı içəri keçəndən heç iyirmi dəqiqə ötməmiş çıxıb sağollaşıb getdi. Bundan da təxminən on beş dəqiqə sonra Sənubər xanım aşağı düşüb harasa getdi. Dediyim kimi, çox həyəcanlı görünürdü.

Artıq sual verməyin vaxtı idi. Sənubərin nə vaxt qayıtdığını dəiqləşdirməli idim.

- İndi dəqiq xatırla, neçə vaxtdan sonra qayıtdı?

- İki saatdan sonra.

- Davam elə.

- Həmin gün daha yadda qalan bir şey baş vermədi. Amma ayın on üçündəki növbəmdə yenə də Sənubər xanımın qonağı olduğunu deyən birisi mənə yaxınlaşıb içəri keçmək istədi. Bu adamın əyin-başı heç Fərman müəllimin evinə gələn adamlarınkına oxşamırdı. Amma yenə də qaydalara uyğun olaraq Sənubər xanıma zəng etdim. Bu adamı da içəri buraxmamı istədi. Açığı çox təəccübləndim. Amma nə etməliydim. Bu gələn adam bir qədər gec qayıtdı. Haradasa bir saata yaxın çəkdi gəlməyi.

- Sənubər o gedəndən sonra evini tərk etdi yenə?

- Yox, bu dəfə evdən bayıra çıxmadı.

- Yaxşı, davam elə. 

Mühafizəçi yenə dərindən nəfəs aldı. Amma söhbətinə sualla davam etdi.

- Mən arxayın ola bilərəm ki, məni işdən qovmayacaqlar? Siz söz verdiniz?

- Tam arxayın ol, sözüm sözdür, - onu sakitləşdirdim.

- Bu baş verənlərin mənə heç bir dəxli yoxdur. Kiminsə qonağı gəlirsə, kimsə evdən çıxıb harasa gedirsə, mən bu şeylərə bir cavabdehlik daşımıram. Olanları əvvəlki gəlişinizdə gizlətməyimin səbəbi sonra baş verənlərdir.

Onun hələ də tərəddüd etdiyini görüb dedim:

- Danış, sənə söz verdim ki, söhbətimiz aramızda qalacaq. Sənin işdən qovulmağında mənim bir marağım yoxdur. Mən tamam başqa bir şeyi araşdırıram.

Mühafizəçi başını aşağı salıb dedi...

 

 “Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.