Super User
UNUDULMADI, UNUDULMAYACAQ - Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının anım günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bir elə “Dəli Kür” romanı bəs edər ki, onun Azərbaycan ədəbiyyatı tarixindəki ən ön sıradakı yerini müəyyənləşdirsin. “Dəli Kür” romanı Azərbaycanda ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir.
Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 29 il ötür.
O, 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib, Qazax pedaqoji məktəbində, daha sonra isə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib. İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhədə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib.
Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsində aspirant , müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor , Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının sədri və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.
İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm.
İsmayıl Şıxlı şeirdə lövbər salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, “Ayrılan yollar” kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi. İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: “Ayrılan yollar” şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların yaxşı mənada örnəyi, sələfidir”.
“Ayrılan yollar” romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı. Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi. Ancaq İsmayıl Şıxlı “Dəli Kür”dən sonra yeni “Dəli Kür”ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq ki, İsmayıl Şıxlının yaşayıb-yaratdığı dövrlərdə (məsələn, Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda yaranmasına əsas verirdi. İsmayıl Şıxlı ədəbiyyatda yeni “Dəli Kür”ü yazmaması barədə təvazökarlıqla deyirdi: “Çox söz verib uzatmış, ləngitmişəm. Odur ki, bu barədə heç bir şey deməyəcəyəm, ta ortaya bir şey qoyana kimi. Amma tələb haqlıdır. Elə dediyim kollektivləşmə dövrünün kəndi, adamların iqbalı...
Onların qarşısında özümü borclu və günahkar hesab eləyirəm”. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. İ.Şıxlı "XIX əsr xarici ədəbiyyat tarixi"ni rus dilindən tərcümə edərək 1964-cü ildə çap etdirmişdi. Bu kitabda XIX əsrin romantizm və tənqidi realizm kimi iki əsas cərəyanı alman, ingilis, fransız, polyak, macar və digər ədəbiyyatların əsasında təhlil olunur.
Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, türkiyəli yazıçı Əziz Nesinin "Taxtalıköydən məktublar" sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.
"Qızıl Ulduz", "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının "Şöhrət" ordeninin sahibi Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
Milli Teatr yeni mövsümdə dörd yeni tamaşa ilə çıxış edəcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında cari ilin sonuna qədər dörd yeni tamaşa təqdim olunacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına tetarın mətbuat xidmətinin rəhbəri Cavid eynallı məlumat verib.
Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanacaq “Ledi Maqbet” səhnə əsəri Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə benefis tamaşadır. Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.
Növbəti mövsümdə premyerası olacaq daha bir səhnə əsəri “Müharibə”dir. Tamaşa Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Nihad Qubadzadənin eyniadlı əsəri əsasında reallaşacaq.
Teatr uzun illərdən sonra yenidən Cəfər Cabbarlının “Aydın” əsərinə müraciət edib. Ərşad Ələkbərovun quruluşunda təqdim olunacaq yeni səhnə əsərinin rəssamı Şəki Dövlət Dram Teatrının baş rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Azər Hacıəsgərli, rejissor assistenti Vüqar Məmmədovdur.
Milli Teatrın növbəti yaradıcılıq işi məşhur fransız yazıçı-dramaturqu Rober Tomanın “Səkkiz qadın” pyesi əsasında qurulan eyniadlı tamaşadır. Tamaşanın quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, rəqslərin quruluşçusu Ceyhun Dadaşov, rejissor assistenti Nərmin Həsənovadır.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
Ötən il bu gün: qazi şair Emin Pirinin şeirləri
2020-ci ilin Vətən Müharibəsi zamanı könüllü cəbhəyə yollanan Emin Piri tağım komandiri olub. Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı və Şuşanın azad olunması uğrunda döyüşüb. "Vətən Müharibəsi iştirakçısı", Hərbi xidmətdə fərqlənməyə görə", "Xocavəndin azad edilməsinə görə" medallarıyla təltif olunub.
Ötən ilin bugünkü günündə onun şeirlərini dərc etmişdik. “Ötən il bu gün” rubrikasını bu gün Eminə ayırdıq.
Sən azadsan!
(Savaş qazisinin dilindən)
Saçımda anamın xınası,
yolların ayaqlarımçün duası,
gözlərimdə hələ bizim olmayan uzaqlıq
deyir:
Sən azadsan!
Sən azadsan!
Ayaqlarım cığırlara yalvarır;
QARABAĞ,
biz sənin övladınıq,
ilk dəfə gördüyün övladlar.
Uzaq tut ayaqlarımızdan
bətnində gizlətdiyin minaları.
Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi...
Burda ulduzlarla deyil,
hər minamyot mərmisiylə sayırıq
yarım qalan ümidləri,
anaların göz yaşını,
bir döyüşçü sevgilisinin
bətnində ölən arzusunu.
Günlərdir danışmırıq.
bilirəm, narahatsan, ana.
bəlkə gecələri ağlayıb,
şəklimlə ovunursan, ana,
səni Füzulidən eşidirəm, ana,
səni Cəbrayıldan görürəm, ana,
sənə Şuşadan əl yelləyirəm, ana.
Formamda şəhid qardaşlarımın qanı,
gözlərimdə 44 gecənin yuxusuzluğu,
bir az həyəcan, bir az da
sevinc tərinə qarışan geyimim.
Qarabağ torpağıyla, palçığıyla
büsbütün vətənləşən bədənimiz
və
bizi gözləyən Azərbaycan
meydanlarda, ürəklərdə, gözləriylə hayqırır;
Sən azadsan!
Sən azadsan!
(Xocalı, Siqnax. Noyabr 2020)
Tanrılar məbədi qadın
(səngərdən məktub)
Öpüşümlə dərərəm barmaqlarını bir-bir,
çobanyastığı ləçəkləri kimi sayaram
sevir, sevir
və...
Sevir.
Unutmaq
yeri yaddan çıxan basdırdığın
mina kimidir.
bir gün üzər ayaqlarını həyatdan
gözləmədiyin anda.
Küsər,
Baxışları-
şimal buzlu okeanın sahilə vurduğu
sərt, dondurucu ləpələr kimi.
Yeddi yox,
bütün notların sayı cəmi birdi.
təbəssümündən qopmadı hər bəstə.
Gözlərin
dənizlərin şahı,
görsə
Poseydon utanardı məqamından.
Ürəyim yerindən çıxıb
düşər ovuclarına.
Sən Tanrı Kukulkan
mənsə yağış duası.
Qəlbim əllərində döyünər
rahib taxçasındakı ürək kimi.
Indi anlayırsan ki,
yollar qovuşmaq yox, ayırmaqçündü.
Bütün yolları dağıtmaq lazım,
körpüləri uçurtmaq...
Xatırladınmı,
Ata-anası savaşarkən
oyuncağının gözlərini tutan
qızcığaz
bu gün “xilaskar” kimi
“Can qurtarırdı” abort masasında.
Burda anlayırsan ki,
Sevmək - solunda qəlbin döyüntüsü yox,
hər sabah oyandığında
sağında
bir ürəyin yatdığını görməkdir.
Qurmaq istərsən
o uşaq kimi dünyanı.
Divardan endirib ata rəsmini
silib qoltuq ağaclarını onun şəklindən,
ayaq çəkirdi atasına
Mərmilərin acığına.
Bilirsənmi, necə dəhşətlidir
ilk kərədən qınanmaq.
Başının üstünü kəsdirən qızın:
“Niyə ayağa qalxmır, bu mədəniyyətsiz” baxışı.
Deyə bilməzsən
ayaqlarının iki il öncə
mina üstündə centlmenlik etdiyini...
Protez ayağın utanar özündən
qayıda sənə:
“Xahiş edirəm, daha mənsiz get”
Məktəbdə kökə bölüşdürən uşaqları
burda mərmilər bölüşdürür
öz aralarında, sevgili.
Bəlkə də dönərəm,
hər duamı tellərinə deyərəm,
bütün arzularımı ovcuna pıçıldayaram,
dodaqlarında alaram dəstəmazı,
Tanrılar məbədi, qadın.
Şəhid oğlunun dedikləri
Darıxır
anamın cehizlik ütüsü
Atamın biçənək ətirli
pal-paltarıyçün...
Ütüyə gəlmir ancaq
heç birisi!
Atamdan qalanlar
sandıq vətəndaşı
illərdir qırışmır
Anamın əlləri qırışıb ancaq,
ütümüz də qocalıb.
Atamın pal-paltarı
cəzasını çəkir
sandıq küncündə
dərsə hazırlıqsız bir şagird kimi.
Gözləyirəm...
iki ilə,
üç ilə ...
bəlkə nə vaxtsa...
boyum çata atama.
Geyəm paltarlarını.
yıxam özümü yerdən-yerə,
sürünəm asfalt üstdə,
bəlkə bir az qırış qatam
bəlkə bir az çirkləndirəm
sevindirəm anamın əllərini,
sevindirəm ütümüzü...
...Anamı heç elə görməmişdim
Atamı gətirəndə
sıxmışdı əllərini...
camaat görməsəydi
yumruqlardı atamı:
“bu iki yetimə bəs, kim baxacaq?!”
...Sonralar
üzümə baxıb,
saçıma əl gəzdirdi
və...
“şəhidlər ölməz” dedi...
Yayın gözü açılan kimi
anam yorğan-döşək çırpır
həyətdə.
Gözündə sevgi,
qolunda nifrət.
Çırpır
ürəyinin çırpıntısını,
çırpır atamın yoxluğunu.
...Atamın izini,
dizini döyür anam.
Sonra nəsə fikirləşib
gözünü döyür anam...
Şəhid məzarlarını...
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
Bu yaşıma görə
Şəhidlər Xiyabanında
18 yaşlı
başdaşları
utandırdı məni.
məndən kiçikdi hələ
məndən öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
başdaşının doğum günüymüş.
can qoydular
nə düşdü paylarına
sağ qalanlar
daşladılar
torpağının başını.
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
QƏRBİ AZƏRBAYCAN ŞEİRLƏRİ – Həsən Mirzəyev, “Dərələyəz”
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün yağı əlində olan o ellərimizlə bağlı şeirləri təqdim edir.
Həsən MİRZƏYEV
DƏRƏLƏYƏZ
Ey ana torpağım, ey can diyarım,
Hanı o səndəki el, Dərələyəz?!
Ey cənnət məkanım, ey dağ vüqarım,
Pərən-pərən olub el, Dərələyəz!
Yaram göz-göz olub, bil, Dərələyəz!
Düşmən əlindəsən, gələ bilmirəm,
Axan göz yaşını silə bilmirəm,
Dərd məni öldürür, ölə bilmirəm,
Aylarım olubdu il, Dərələyəz!
Sənsiz lal olubdu dil, Dərələyəz!
Ömür sarayımı sökür həsrətin,
Qəddi-qamətimi bükür həsrətin.
Həsrətdən ağarıb tel, Dərələyəz!
Dərdindən yay olub bel, Dərələyəz!
Sənsiz qışa dönüb baharım, yazım,
Susubdur kamanım, dillənmir sazım,
Həsənəm, bu dərdi, de, necə yazım?
Didərgin olubdu el, Dərələyəz!
Göz yaşım olubdu sel, Dərələyəz!
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
“İsa və Məryəm” - Leyla Səfərovanın hekayəsi
Qeyd: Hekayədəki adların dinlə əlaqəsi yoxdur. Təsadüfi seçilmiş adlardır.
Xəyallar və həyatlar... Bir-birinə bağlı iki dünya və bu iki dünyanı bir-birindən ayırmağı bacarmayan insanlar. Və bir də... Və bir də bu dünyaları yaradanlar.
Keçmiş zamanlarda, hər kəsin dərdinin bir quru çörək olduğu dönəmlərdə bir adam varmış. Hansı ki, heybəti yeri, duası göyü sarsacaq adam. Və bir də, o adamın yar bildiyi bir qadın... İsa, göylərdə yaşayan bir mələk. Hər kəsin ruhunda, hər kəsin mənliyində yaşayırdı o. Lakin necə də qəribədir ki, tək bir ruha, tək bir bədənə sahib olmağa doymur, bütün varlığıyla istəyir, sevirdi onu. Məryəm... Adı qədər gözəl qadın.
İllər öncə İsa yer üzünə enərkən ona bir mələk göndərildiyi, onu taparsa, körpücüyündən öpərsə yerə göyə sahib olacağı deyilər. Hər yerə hökm etmək fikri ilə İsa heç bilmədiyi, heç görmədiyi bu qadının arxasından gedərmiş. Başqa bir dünyada əsrlər keçib, lakin hər şey sanki sadəcə 5-10 ilmiş kimi davam edib insanlar üçün.
Səyahət, axtarış anbaan davam edir o günədək. O gün bir körpü başında ilk baxışdan vurulur bir qıza İsa. Bu dünyaya gəliş səbəbini, hökmranlığı unudur və o qızın gözlərində əsir qalmağı arzu edir bir ömürlük. Lakin bilmirdi ki, bu məhz axtardığı qadın, axtardığı eşqdir.
Küləkdə saçları dalğalanan Məryəm ayırmır gözlərini İsanın qara gözlərindən. İlk baxışdan sevə bilərmi insan insanı? Tanımadan, bilmədən. İlk dəfə gördüyü insana həsrət duyarmı? Duyarmış. Məryəmin illərlə bilmədiyi, varlığından xəbərsiz olduğu İsaya duyduğu həsrətin nə tərifi varmış, nə də izahı.
Məgər İsanın nə çox yarası varmış? Sarılıb Məryəmə. Dörd qolla, illərdir axtardığını bir anda itirməkdən qorxurcasına sarılıb və bir də buraxmayıb bu zərif qadını. Aylar keçib, İsa Məryəmi "Qəlbimin Kəpənəyi" deyə səsləyib hər gün, hər saat. Məryəm sarıb İsanın qollarındakı, üzündəki yaraları. Məryəm tutub İsanın gözündən düşən yaşları. Sarılaraq isidib ruhundakı soyuqluğu. Sadəcə İsa. Sadəcə onun varlığına sığınıb. Hər yerə hökm etmək istəyən İsa isə Məryəmin varlığıyla unudub bütün cahanı. Bəlkə də bu imiş əsl varlıq. Bəlkə də sevgi imiş. İsanın qollarındakı yaraları mərhəm, ruhundakı yaraları Məryəm sarıb hər gün, hər gecə...
Bəs sən tapdınmı ki öz Məryəmini? Tapdığın Adəmin Həvvasıdırsa necə yar olsun sənə?
Bu gün dərin düşüncələrlə qarşı-qarşıya qalmışam. Nədir sevgi? Nədir xoşbəxtlik? Keçmişdən bugünə hərkəsin yazdığı, yazdırdığı sevgi həqiqətən məlhəm olarmı yaralara? Bəlkə də xoşbəxtlik bir az da özünü fəda etməyi bacaranın idi. Özünü, ruhunu qurban verməyi bacaranların idi.
Cəsurlar bir dəfə, qorxaqlar min dəfə ölər deyiblər. Bu həyatda cəsarət olmayan hər şey, hər duyğu yarım qalmağa məhkumdur, deyəsən. Məryəmi axtarmayan, axtarıb tapdıqda yanında qalmayan hər İsa yarım qalacaq, yaralı qalacaq. Amma bəlkə də bu, Məryəmlərin xoşbəxtliyi olacaq, kim bilə bilər ki? Bəzən hekayələr yarım qalmalı, xoşbəxtliklər yarım qalmasın deyə.
Və sən... Hər kimsənsə, bilmirəm, amma inanıram. Qorxaqlığın qarşısında onu qorumaq üçün cəsurca dimdik duran ruhun qalib gələcək bu savaşda da, əminəm. Özünə yaxşı bax. Qəlbinin kəpənəyi getməsin səndən heç vaxt.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi
“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Tanınmış özəl xəstəxananın dəhlizində qaçhaqaç düşmüşdü. Zarafat deyildi, az əvvəl təcili yardım maşınında tanınmış iş adamı Fərman Gəraybəylini gətirmişdilər. Sürücüsü ondan əvvəl gəlib əvvəlcə baş həkimlə görüşmüş, sonra xəstəxananın kassasına depozit olaraq 10 000 manat ödəniş etmişdi. Bu, ilkin ödəniş idi. Əgər əməliyyata ehtiyac olarsa, lazım olan qədər əlavə ödəniş ediləcəkdi. Bu təkrar müayinələrdən sonra bilinəcəkdi. Bundan bir qədər sonra gələn Gəraybəylini baş həkimin nəzarəti altında birbaşa Reanimasiya şöbəsinə yerləşdirmişdilər.
Onunla birlikdə gəlmiş həyat yoldaşı baş həkimlə qısa söhbətdən sonra sürücünü bir kənara çağırıb dedi:
- Mən evə qayıdıram. Sən burada qal. Baş həkimə tapşırdım. Hər saatdan bir sənə Fərmanın vəziyyəti barədə məlumat verəcəklər. Sənsə məni yığarsan.
- Bəs necə gedəcəksiz? Sizi aparım qayıdaram.
- Yox, taksi ilə gedəcəm. Sən buradan ayrılma.
- Yaxşı.
Bunları deyən Sənubər sürücüdən ayrılıb tələsik çıxışa tərəf getdi.
* * *
Axşama az qalırdı. Layiqə çoxdan Nadirlə görüşüb qayıtmışdı. Bir qədər əvvəl isə nəhayət Nadirdən zəng gəlmişdi. Qısa müddətdə, demək olar ki, bir neçə saat içərisində mümkünsüz olanı etmiş dostumun öyrəndikləri olduqca qiymətli məlumatlar idi. Onun telefonla dediklərindən sonra zənnimcə araşdırmam son fazadan əvvəlki fazasına girmişdi. Artıq araşdırmamın ilk dəqiqələrindən yaranmış şübhələrim, bu şübhələr əsasında qurduğum ehtimallarım, əldə etdiyim təkzibolunmaz sübutlarla tam təsdiqini tapmışdı. Zənnimcə final uzaqda deyildi.
Sənubərin zəngi də özünü çox gözlətməmişdi. Nadirin zəngindən təxminən bir saat sonra o da zəng etmişdi. Düşündüyüm kimi bu qadın, iki gün olmasa da, qarşı tərəfdən bir gün möhlət ala bilmişdi. Bu isə indiki vəziyyətdə az bir müddət deyildi. İnsan oğurluğu ilə məşğul olan dəstənin necə təhlükəli olduğunu, onların adətən ilkin şərtlərini dəyişmədiklərini və heç bir kompromisə getmədiklərini bilirdim. Çox vaxt tələb olunan məbləği ödəmək üçün verilmiş müddətdən sonrakı gün, oğurlanmış adamın bir barmağını kəsib göndərir, səhərisi gün ikinci barmağı göndərəcəklərini deyirlər belə cinayətkarlar. Çünki bunun qarşı tərəfə necə təsir göstərdiyini gözəl bilirlər. Təcrübəmdən bilirəm ki, ikinci barmağın gəlməsini heç kim gözləyə bilmir və tələb olunan məbləğ dərhal deyilən yerə aparılır. Məsələnin başqa bir pis tərəfi də var-bağlamadakı barmağı alandan sonra hələ nəyəsə ümid edib pulu verməyi bir qədər uzadan adamların bütün ümidləri bir anda puç olduğu kimi, bu halda şərtləri diktə edən qarşı tərəfi ələ keçirmək şansları da xeyli azalır.
Sənubər isə bir gün vaxt ala bilmişdi və dediyim kimi bunu edə biləcəyinə ümidim böyük idi. Elə, ya belə, hər halda indi qarşıda daha bir günümün olduğunu bilirdim və bu bir gündə heç kimin bizə heç bir «hədiyyə» göndərməyəcəyi məlum idi. Deyirlər, hər şeydə bir xeyir var. Bəlkə də belədir. Hər halda vaxt almaq üçün ehtiyat variant fikirləşməyimə bir lüzum qalmamışdı. Fərmanın xəstəxanaya düşməsi özü hər şeyi yoluna qoymuşdu. Çox güman ki, bu qarşı tərəf üçün inandırıcı arqument olmuşdu. Əgər Fərmanın evinin ətrafında müşahidə varsa, o zaman onun təcili yardım maşınında aparıldığını bilirlər. Yox əgər yoxdursa, Sənubərdən xəstəxananın adını soruşub bunu asanlıqla öyrənə bilərdilər. Hər halda pulu verəcək adam da, onu lazım olan yerə gətirəcək adam da Sənubər yox Fərman idi. Fərman isə reanimasiyada ola-ola bunu heç cür edə bilməz və onlar da bunu başa düşürlər.
Sənubərə telefon zəngi zamanı növbəti gün pulu sürücü vasitəsilə göndərəcəyini deməsini tapşırmışdım. Əlbəttə sürücünün bu işlərdən xəbəri yox idi. Sabah deyilən yerə mən gedəcəkdim. Ancaq əgər buna ehtiyac olarsa. Çünki mənim ehtimallarıma görə hər şey daha tez, axşam düşənə qədər başa çatmalı idi. Onlar tam bir gün əlavə vaxt verəndə pulun verilmə saatı düz sabah axşama dəyişmişdi. Mənimsə sabah axşama qədər gözləmək fikrim yox idi. Nadirdən aldığım məlumatlardan sonra növbəti gedişlərimin planı hazır idi. Böyük ehtimalla elə bu gecə, onların arxayınlaşıb tam bir sutka gözləyəcəyi bir vaxtda hərəkətə keçəcək, gözləmədikləri anda zərbəni endirəcəkdim. Bunun üçün bəzi şeyləri dəqiqləşdirməli idim. Gedişatda hər şey məlum olacaqdı.
Aldığım yeni məlumatları əvvəlkilərlə uzlaşdırmağıma bir saata yaxın vaxt getdi. Demək olar ki, artıq bütün daşlar yerinə oturmuşdu. Layiqənin görüşdüyü adamın böyük məbləğdə pul hesabına verdiyi məlumatlara Nadirin söylədiklərini əlavə etdikdə maraqlı bir mənzərə yaranmışdı. Verdiyim sorğularla ilk gündən yaranmış şübhələrim təsdiqini tapmış, artıq uşağı qaçıranlardan birinin adı mənə dəqiq məlum idi. Diqqət mərkəzimə düşən başqa bir nəfər də var idi ki, onun da bu işin içində olduğuna şübhəm yox idi. Təhlillərimi bitirən kimi üzümü Layiqəyə tutub dedim:
- Səninçün çətin bir tapşırıq çıxıb. Yaxın otur və məni dinlə.
Layiqə cəld stulu çəkib qarşımda oturdu.
- Mən hazır, şef.
- Sürücülük vəsiqən üstündədi?
- Üstümdədi.
- Mən bir azdan çox vacib bir görüş üçün çıxacam. Sənsə Novxanıya gedəcəksən. Amma əvvəlcə ofisə gələcək kuryeri gözləməlisən. O təxminən yarım saata gələcək. Onun gətirəcəyi zərfi aç, orada tək bir şəkil olacaq. Şəkildəki adamı yadında saxla. Yaxınlıqda kirayə maşın verən şirkət var, bilirsən. Oradan bir maşın kirayələ. Qiymətinə baxma, təzə maşın olsun. Gedəcəyin dəqiq ünvan Novxanı bağlarındadı. Bağlarda kor-koranə ünvan axtarmaq bir qədər çətin olar. Yoxlamışam, naviqator lazım olan ünvanı göstərir. Məsafə 22,8 kilometrdi. Naviqatordan istifadə edib oranı tap. Ünvandakı bağ evi küryerin gətirəcəyi şəkildəki adamındı. Mənim zənnimcə o, indi həmin evdə olmalıdır. Amma bilirsən ki, heç vaxt zənn ilə iş görmürəm. Ona görə də bunu sən tam dəqiqləşdirib oradan mənə məlumat verməlisən. Bu çox vacibdir. Əsas tapşırığın budur. Ancaq başqa nəsə də öyrənə bilsən yaxşı olar.
- Başa düşdüm.
Ayağa qalxıb pencəyimi geyindim. Layiqə də mənimlə eyni vaxtda qalxdı. Qapıya çatanda dedim:
- Silahını götür. Adam çox təhlükəlidir. Məlumun olsun ki, boyu iki metrə çatır. Özü də quduz itdən betər biridi. Son dərəcə ehtiyatlı ol. Orada gözləməyini, ya geri qayıtmağını sonra sənə deyəcəm.
- Oldu, şef, - belə desə də, Layiqənin gözlərində yaranmış sevinc işartıları aşkar hiss olundu. Riski sevməyən detektiv köməkçisi ola bilməz. Ancaq bu qızın riskə olan həvəsinin avantüra ilə qarışıq olduğunu çoxdan hiss etmişdim. Bu isə yaxşı heç nəyə gətirmir. Bunu öz acı təcrübəmdən bilirdim. Çünki özüm də vaxtı ilə onun kimi macəraya meyilli idim. Nəticədə əməliyyatların birində aldığım güllə yarasından sonra qolumda qalan ağrılara görə sevimli peşəmdən, polis sıralarından ayrılmağa məcbur olmuşdum. Al Kaponenin bir deyimi yadıma düşdü: «Güllə insanın başında çox şeyi dəyişir. Hətta o güllə onun yumşaq yerinə dəyibsə belə…» Hər halda mən yaralanandan sonra daha ehtiyatla davranmağa başlamışdım. Kaş ki, insanlar bir gecədə yatıb səhər hamısı mələk kimi yuxudan oyanaydı. Nə silaha ehtiyac olaydı, nə də kiməsə atəş açmağa. Layiqə mənim yaşadıqlarımı yaşamamış, acı reallıqlardan xəbəri yox idi. Çox illər sonra nə vaxtsa güllə ilə vurub zərəsizləşdirdiyin adamlar gecələr yuxuna gəlir, onları niyə öldürdüyünü soruşurlar. Həmin yuxularda həyatda olduğu kimi, haqlı olduğunu sübut etməyə çalışmırsan. Sadəcə gözlərinin içinə baxıb susursan. Bu sükut çox uzun çəkir, həddən çox. Uzandıqca da yavaş-yavaş havanın çatmadığını, nəfəsinin daraldığını hiss edirsən. Sonra isə… Sonra soyuq tər içində oyanıb yenə o yuxuya qayıtmamaqçün səhərə qədər yatmırsan. Ən pisi də odur ki, bu yuxuları heç kimə danışa bilmirsən.
Nə vaxtsa bunları yaşamağı bu gənc qıza arzulamırdım.
Ofisdən çıxıb maşına oturdum. Adama gələcəyim barədə məlumat verməmişdim. Qəfil gəlişimin yaradacağı effekt mənim üçün çox vacib idi. Mühərriki işə salıb maşını yerindən tərpətdim. Şəhərin küçələrində gediş-gəliş seyrəlmişdi. Heç iyirmi dəqiqə keçməmiş lazım olan ünvanda idim. Liftlə qalxıb qapının zəngini basdım. Bir azdan içəridəki adam əvvəlcə qapıdakı gözlükdən baxdı, sonra qapını açıb kənara çəkildi və təəccüblə soruşdu:
- Siz?
Heç nə deməyib içəri keçdim. Dəhlizdə ayaqqabılarımı çıxarıb icazə almadan otağa adladım və kresloya oturdum. Bu cür davranış tərzi təsadüfi deyildi. Hələ ilk dəfə görəndə bu qadında olan «əsil xanıma» xas xüsusiyyətlər, xüsusilə məğrurluğu diqqətimi çəkmişdi. Onunla söhbətimin çətin olacağını bilirdim. Ancaq səmimi söhbətə çəkə bilməyim üçün bu güclü qadının qarşısındakı kişinin ondan güclü olduğunu hiss etməsi vacib idi. Oturduqdan sonra qəsdən xeyli fasilə verib nəhayət dilləndim:
-Əyləşin, Ruhanə xanım.
Ev sahibəsi təbirini pozmadan, ayaq üstə dayanmaqda davam edib aramla və bir qədər təkəbbürlə dedi:
- Yəqin unutmusunuz, Bəxtiyar müəllim, mənim adım Sənubərdi.
Özünü nə qədər soyuqqanlı aparsa da, ona Ruhanə deməyimdən tutulduğu gözümdən qaçmadı.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
LİDERLİYİN 21 QANUNU – 4. Naviqasiya qanunu.
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
4.Naviqasiya qanunu.
«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».
Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.
Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.
Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.
Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.
Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.
«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».
Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:
- Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;
- məqsədi lokallaşdırmaq və sistemləşdirmək;
- prioritetləri ünvanlı korrektə etmək;
- əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;
- planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;
- reallaşdırmaya fəal qoşulmaq;
- gözlənilən problemlərə uyğunlaşmaq;
- uğurları təbii şəkildə görmək və qeyd etmək;
- hər gün öz planına nəzarət etmək.
Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.
Əvvəl təqdim edilən qanunlar isə burda sıralanıb:
1. Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
2. Təsir qanunu.
«Liderliyin həqiqi ölçüsü təsirdir».
Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.
3.Proses qanunu.
«Lider bir gün ərzində deyil, günbəgün olurlar».
Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.
Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.
«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».
Liderlik – inkişaf qanunlarına tabedir.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
“Həyat taleyimizi qəfil keçirtdi çarmıxdan…” - EMİNQUEY
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə portalın və jurnalın birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsində fərqlənən gənc şairlərin şeirlərini təqdim edirik.
III YER
EMİNQUEY
SƏHƏR YUXULARIMIZDAN…
səhər yuxularımızdan çin çıxmır ölən adamlar...
yuxumuza elə-belə gəlmir ki gələn adamlar,
ey siz, yuxusunu suya danışıb bölən adamlar,
o sular axıb gedir,
qayıtmır.
yuxuya qoşa düşdüyün adamla qoşa düşmürsən,
kiməsə sirrini versən, yuxuda işə düşmürsən,
bir də görürsən, bir adam danışır, başa düşmürsən,
əlini sıxıb gedir,
qayıtmır.
yuxuda dirilər adam, adam yuxuda ölər də!
yuxusunu çin istəyir yuxu görən ölülər də,
hamı ölmür bu dünyada...
bilirsənmi,
ölmür,
hərdən çin çıxıb gedir,
qayıtmır.
***
HƏYAT TALEYİMİZİ…
həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,
sonra atamızın şəklini,
gödəkcəsini, papağını asdı
əllərimizdəki, ayaqlarımızdakı o mıxdan
sonrası,
qəfildən uşaq kimi yox,
kişi kimi oyandığın sabah olur...
atasız uşaqları incitməyin,
Allahın xətrinə dəyir,
günah olur!
əslində,
İsanın yox,
bütün atasız uşaqların atası – Allah imiş,
biz xoşbəxt olanda
Allah – baba olur...
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
Şəhidlər barədə şeirlər - Tural Aslanov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Tural Aslanov
Tural Aslanov Elşən oğlu 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çayüzü kəndində anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Aslanov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Aslanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Sənə şeir yazıram,
Sözümün ahı şəhid,
Allahın eşqi şəhid,
Vətənin şahı şəhid.
Sənə şeir yazıram,
Əsir əlim, ayağım.
Sən mənim vətənimsən,
Sən mənim şan bayrağım.
qaldırdın 93-də
Tapdanmış şərəfimi.
Öz canınla ucaltdın
Əzilmiş tərəfimi.
Sənə şeir yazıram,
Şuşanın əli ilə.
Sənə şeir yazıram,
Vətənin dili ilə.
Yazıram ki, bəxtimə
Nədən yazılmış oğul?
Sən alın yazısına,
Vətən yazılmış oğul.
Yazıram ki, şəhidlər,
Allahın mələyidi.
Şəhidlərin məzarı,
Anaların ağ saçı,
Vətənin ürəyidi.
Sənə şeir yazıram,
Zəfər qayəsi şəhid.
Tanrı kəlməsi şəhid,
"Quran" ayəsi şəhid.
Sənə şeir yazıram,
Sözlə soyumur ürək.
Şəhiddən yazırsansa
Dastan yazasan gərək.
Mən də şeir yazıram,
Mən də bir ozan, igid.
Bircə bunu bilirəm,
Sən Şuşanın bağrına.
Qələbə yazan igid.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
ƏN YENİ POEZİYA: “Sən də gözəlsən”, Faiq Hüseynbəyli
“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Faiq Hüseynbəyli “Sən də gözəlsən” söyləyəcək.
Oxudum, mənimçün şeir yazmısan,
Şeir də gözəldi, sən də gözəlsən.
Tilsim yaratmısan, sehir yazmısan,
Sehir də gözəldi, sən də gözəlsən.
Sənsiz yaşamadım, sənsiz ölmədim,
Sənli fikirlərin ruhu, canıyam.
Sənsiz sabahların şairi mənəm,
Eşqinlə alışan söz insanıyam.
Təklik yoldaşımdır, təklik həmdəmim,
Gecələr xəyalım, səhərlər qəmim -
Səhər də gözəldi, sən də gözəlsən.
Fikirdən danışdım, fikir sən adda,
Bürüyüb ətrin tək bəndi-bərəni.
Mən köhnə xəyalda, köhnə inadda,
Eşqdi də, dəyişər könül verəni.
Yaxşı ki, sən varsan, varsansa nə qəm?
Amma fikrin ki, var, ayrı bir aləm,
Fikir də gözəldi, sən də gözəlsən.
Səbr Tanrıdandır, Tanrı gözəllik,
Bilirəm, insanı səbri yaşadır.
Ruhunu göylərə əmanət verən
İnsanın nəşini qəbri yaşadır.
Ölsə də ümidlər, solsa arzular,
Sənə yetişməyən dualarım var,
Zikr də gözəldi, sən də gözəlsən.
Sən ki, bir qiymətli daşımsan mənim,
Ömürsən - yolumsan, yaşımsan mənim.
Bütün fəsillərin yaşadığımsan,
Baharımsan mənim, qışımsan mənim...
Yaqutdu, Zümrüddü daşımın adı.
Sənin şəkillərin yaddaşımdadı,
Şəkil də gözəldi, sən də gözəlsən.
Tikanlar var idi, çəpərkimiydi,
Əfi ilan idi, zəhərkimiydi -
Yürüdüm yolları, canıma batdı.
Dərimi soydular, qanım sıçradı,
Zahidin barmağı qanıma batdı.
Bilsən nələr oldu, ax, nələr, nələr,
Bu saxta fərmanlar, mühakimələr...
Hakimlər, vəkillər qərar söylədi,
Adın çəkiləndə çiçəklər açdı -
Vəkil də gözəldi, sən də gözəlsən.
Bütün ilğımların sonunda varsan,
Sanki bir çələngsən, gül butasısan.
Getmə o dalğalı dənizə tərəf,
Amandı, qayıt gəl, gəl... batasısan.
Qayıt ki, süslənsin susan təbiət,
Özünü göylərdən asan təbiət.
Çeşmələr quruyub gözündən, qayıt,
Ay suda qırılan səhəngim mənim.
Qayıt gül ətirlim, çələngim mənim,
Əklil də gözəldi, sən də gözəlsən.
Mən səni sevmişəm, sənə aşiqəm,
Ey iki aləmdə şahidim mənim.
Sevgi həqiqətdi, sevgi uğruna,
Canından keçənim, şəhidim mənim.
Səndə tükənmişəm, səndə bitmişəm,
Sən sonsuz sərhəddim, hüdudum mənim.
Tək səni istədim ürək dolusu,
Təkimsən, birimsən, vahidim mənim,
Təkbir də gözəldi, sən də gözəlsən.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)