“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Faiq Hüseynbəyli “Sən də gözəlsən” söyləyəcək.
Oxudum, mənimçün şeir yazmısan,
Şeir də gözəldi, sən də gözəlsən.
Tilsim yaratmısan, sehir yazmısan,
Sehir də gözəldi, sən də gözəlsən.
Sənsiz yaşamadım, sənsiz ölmədim,
Sənli fikirlərin ruhu, canıyam.
Sənsiz sabahların şairi mənəm,
Eşqinlə alışan söz insanıyam.
Təklik yoldaşımdır, təklik həmdəmim,
Gecələr xəyalım, səhərlər qəmim -
Səhər də gözəldi, sən də gözəlsən.
Fikirdən danışdım, fikir sən adda,
Bürüyüb ətrin tək bəndi-bərəni.
Mən köhnə xəyalda, köhnə inadda,
Eşqdi də, dəyişər könül verəni.
Yaxşı ki, sən varsan, varsansa nə qəm?
Amma fikrin ki, var, ayrı bir aləm,
Fikir də gözəldi, sən də gözəlsən.
Səbr Tanrıdandır, Tanrı gözəllik,
Bilirəm, insanı səbri yaşadır.
Ruhunu göylərə əmanət verən
İnsanın nəşini qəbri yaşadır.
Ölsə də ümidlər, solsa arzular,
Sənə yetişməyən dualarım var,
Zikr də gözəldi, sən də gözəlsən.
Sən ki, bir qiymətli daşımsan mənim,
Ömürsən - yolumsan, yaşımsan mənim.
Bütün fəsillərin yaşadığımsan,
Baharımsan mənim, qışımsan mənim...
Yaqutdu, Zümrüddü daşımın adı.
Sənin şəkillərin yaddaşımdadı,
Şəkil də gözəldi, sən də gözəlsən.
Tikanlar var idi, çəpərkimiydi,
Əfi ilan idi, zəhərkimiydi -
Yürüdüm yolları, canıma batdı.
Dərimi soydular, qanım sıçradı,
Zahidin barmağı qanıma batdı.
Bilsən nələr oldu, ax, nələr, nələr,
Bu saxta fərmanlar, mühakimələr...
Hakimlər, vəkillər qərar söylədi,
Adın çəkiləndə çiçəklər açdı -
Vəkil də gözəldi, sən də gözəlsən.
Bütün ilğımların sonunda varsan,
Sanki bir çələngsən, gül butasısan.
Getmə o dalğalı dənizə tərəf,
Amandı, qayıt gəl, gəl... batasısan.
Qayıt ki, süslənsin susan təbiət,
Özünü göylərdən asan təbiət.
Çeşmələr quruyub gözündən, qayıt,
Ay suda qırılan səhəngim mənim.
Qayıt gül ətirlim, çələngim mənim,
Əklil də gözəldi, sən də gözəlsən.
Mən səni sevmişəm, sənə aşiqəm,
Ey iki aləmdə şahidim mənim.
Sevgi həqiqətdi, sevgi uğruna,
Canından keçənim, şəhidim mənim.
Səndə tükənmişəm, səndə bitmişəm,
Sən sonsuz sərhəddim, hüdudum mənim.
Tək səni istədim ürək dolusu,
Təkimsən, birimsən, vahidim mənim,
Təkbir də gözəldi, sən də gözəlsən.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)