Super User
Humanist dünya yaratmaq naminə Azərbaycan-Çin tərəfdaşlığı
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan nümayəndəsi
Azərbaycan və Çin arasında dostluq körpüləri Ulu Öndər Heydər Əliyevin dönəmində qurulub. 1994-cü ilin martında Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı dövlətlərimiz arasında səkkiz müqavilə imzalanıb. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə İpək Yolunun bərpası və inkişafı ilə bağlı ilk dəfə Bakıda keçirilən beynəlxalq forumda dünyanın 42 ölkəsinin nümayəndəsi və səkkiz dövlət başçısı iştirak edib. Beləliklə də, Azərbaycan Şərqin Qərblə birləşməsinə tam imkan verən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlayıb.
Sonrakı illərdə bu öhdəliyi 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev öz boynuna götürdü. 2015-ci ilin dekabrında “Azərbaycan ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanması ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıdı. Prezident İlham Əliyev Çinlə əlaqələr haqqında deyib: “Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”.
Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biri kimi
Bu gün dünyanın söz sahiblərindən olan Çinin “Bir kəmər, bir yol” təşəbbüsü də Azərbaycanın maraqlarına tam cavab verir. Məhsulların birgə istehsalı, ümumi inkişaf və faydalılıq yaradan “Bir kəmər, bir yol” layihəsi bu yol ətrafında olan bütün dövlətlərin inteqrasiyasını təmin edir. Şərqi Çindən başlayıb Qərbi Avropanın son nöqtəsinə qədər uzanan bu marşrutu Azərbaycanın dəstəkləmək məqsədi bu yolun ölkəmizdən keçməsidir. Və inanırıq ki, gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi ilə Xəzər dənizi üzərindən keçərək Qazaxıstan və Azərbaycxanı birləşdirən Orta Dəhliz qurudan keçəcək. Həmçinin bu kəmər layihəsi qərb hegemonluğuna qarşı tarazlıq mövqeyini tutur. Hər kəs başa düşməlidir ki, hegemonluq yox, qarşılıqlı maraqlara hörmət etməlidir. Logistika imkanları nə qədər çox olarsa, iqtisadi əlaqələrdə bir o qədər inkişaf edər. Bu da bir növ inteqrasiya prosesini gücləndirərək daha çox ölkənin cəlbinə səbəb olar. Azərbaycan “Kəmər və yol” layihəsinə tam şəkildə daxil olub və onun ən fəal iştirakçılarından biridir. Çinlə Azərbaycanın maraq və baxışlarımızın üst-üstə düşməsi bizi bir-birimizə daha da yaxınlaşdırır. Buna görə də iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması Pekinin müasir xarici siyasət strategiyasına uyğundur. Bu gün Çin strateji tərəfdaşlıq, koordinasiya, əməkdaşlıq kontekstində fəal siyasət yürüdür. Bakı ilə Pekin arasında müxtəlif tərəfdaşlıq növlərinin mövcudluğu, münasibətlərin inkişafı, praqmatik faydaların gücləndirilməsi bu bağları daha da qırılmaz edir.
2022-ci ilin aprelindən Çin yük qatarlarını yeni marşrut üzrə – Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya, Çexiya vasitəsilə tranzitlə Almaniyaya göndərməyə başladı. Bu əlaqələrin fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi getdikcə çoxalaraq Azərbaycanın bu layihədə rolunu daha da artırır. Son bir neçə ildir ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın tranzit ölkə qismində əhəmiyyətinin artması dinamik müşahidə olunur.
Azərbaycan və Çin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində strateji tərəfdaşlığa dair Birgə Bəyannaməsində qeyd edilir ki, Bakı və Pekin siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək, beynəlxalq məsələlərdə əlaqələri gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə qorumaq, birlikdə regional və qlobal sülh, sabitlik və inkişafa töhfə vermək fikrindədir. Bəyannamədə, həmçinin vurğulanır ki, Azərbaycan və Çin bir-birini prioritet və etibarlı tərəfdaşlar hesab edir və xarici amillərdən asılı olmayaraq, ikitərəfli münasibətlərə dair siyasəti müstəqil şəkildə müəyyən edirlər. Çin 2013-cü ildə 21 milyard dollar həcmində dəyərləndirilən “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsinə start verdi və Azərbaycan bu layihəni dəstəkləməklə yanaşı, onun reallaşmasında aparıcı iştirakçıya çevrildi.
Bu gün Çin qlobal iqtisadiyyatda əvəzolunmaz rol oynayaraq nəinki ümumi daxili məhsul istehsalının artımında, eləcə də yeni texnologiyaların inkişafında Avropanı geridə qoyub. 2019-cu il tarixlərdə Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə Çinə etdiyi səfər zamanı iki ölkə arasında müxtəlif istiqamətlər üzrə ümumi dəyəri 821 milyon dollar olan 10 sənəd imzalanıb. Bu sənədlər arasında Transxəzər Nəqliyyat Marşrutu vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması haqqında saziş xüsusi qeyd olunur. Buradan da görünür ki, rəsmi Pekin tranzit sahəsində Azərbaycanı ən yaxın tərəfdaşı hesab edir. Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməyə çalışması Azərbaycan 15 milyon ton yükaşırma imkanı olan beynəlxalq dəniz limanına və ildə 5 milyon ton yükdaşıma imkanı olan Bakı-Tbilisi–Qars (BTQ) dəmir yoluna malik olmasıdır. Bu infrastrukturlar Orta Dəhlizin əsasını təşkil edir. Orta Dəhliz ərazidən keçən bütün dövlətlər üçün əhəmiyyətlidir. Dəhliz ticarət yollarını şaxələndirməklə yanaşı, iqtisadi artıma, yeni tərəfdaşların tapılmasına və iqtisadi əməkdaşlıq əlaqələrinin artmasına böyük imkanlar yaradır. Orta Dəhlizin tam işə düşməsi region dövlətlərinə iqtisadi gəlirlə yanaşı, həm də siyasi üstünlüklər qazandıracaq. Azərbaycan yeni İpək Yolunun mühüm halqası olmaqla bu layihənin uğurla həyata keçirilməsinə xüsusi diqqət yetirir.
Çin dünya iqtisadiyyatının yeni arxitekturasını yaradır
Çin dünyanın yüksək texnologiyanın tətbiq olunduğu rəqabətdə bütün ölkələri üstələyənölkələrdəndir. Çin indi sifarişçilərin bütün istəklərini yerinə yetirmək qabiliyyətində olan nəhəng kainat fabrikidir. Planetin sakinlərinin az qala üçdə birini Çinin yüngül sənayesinin istehsalı geyindirir. Çin dünya iqtisadiyyatının, əslində, yeni arxitekturasını yaradıb. Son on ildə Si Cinpinin rəhbərliyi ilə ölkə sürətli iqtisadi və texnoloji inkişaf nümayiş etdirib. “Bir kəmər, bir yol” və “Güclü Çin 2025”strategiyası kimi son təşəbbüslər ölkənin müxtəlif sahələrdə inkişafına töhfə verib. Çin elmi və texnoloji tədqiqatlara və inkişafa fəal şəkildə sərmayə yatırır və süni intellekt, kvant texnologiyası və günəş panelləri sahəsində dünya liderinə çevrilib. Qlobal bazarda lider şirkətlərdən olan Çinin “Huawei” şirkəti Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində fəal iştirak edir. Ölkə rəhbərliyi sosial siyasət və ətraf mühit sahəsində mühüm islahatlar aparır. “Yaşıl infrastruktur” və “yaşıl enerji” kimi təşəbbüslər fəal şəkildə dəstəklənir. Ölkə rəhbəri Si Cinpin çıxşlarının birində deyirdi: “Biz yaşıl infrastruktur, yaşıl enerji və yaşıl nəqliyyat sahələrində əməkdaşlığı intensivləşdirməyə hazırıq”. Çin dövlət başçısının sonuncu “Bir kəmər, bir yol”Forumunda çıxışı bu ölkənin sülh, tolerantlıq və qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini bir daha önə çəkir. Çin bütün dünya xalqları ilə birgə rifah və inkişaf üçün fəal şəkildə çalışır və dünya miqyasında tərəfdaşlıq əlaqələrini gücləndirməkdə davam edir.Ölkə BKBY-də “yaşıl” investisiyalar prinsiplərinin həyata keçirilməsi çərçivəsində 2030-cu ilə qədər 10 min nəfər üçün nəzərdə tutulmuş tərəfdaş ölkələrdən mütəxəssislərin hazırlanması istiqamətində kurs təşkil etməyə hazırdır.
Azərbaycan və Çin sülh, dialoq və dövlətlərin suverenliyinə qarşılıqlı hörmət prinsiplərinə sadiqdirlər
Bu gün dünya liderləri arasında siyasi güc nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin qarşılıqlı hörmət və humanizm əsasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və diplomatik əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyirlər. Prezident İlham Əliyev BKBY təşəbbüsünü ilk dəstəkləyənlərdən olub. Azərbaycan Prezidenti bütün sahələrdə, xüsusilə “yaşıl enerji” və nəqliyyat infrastrukturunun inkişafı sahəsində istənilən dövlətlə əməkdaşlığı təqdir edir. Bu səbəbdəndə Azərbaycan bu gün Cənubi Qafqazda həyata keçirilən bir çox qlobal beynəlxalq layihələrin təşəbbüskarı və öncülüdür. Hər iki lider humanist dünya yartamaq üçün birgə səy göstərir. Onlar sülh, dialoq və dövlətlərin suverenliyinə qarşılıqlı hörmət prinsiplərinə sadiqdirlər. Dünyanın 140-dan çox ölkə və regionunu əhatə edən “BKBY” dünya arenasında təkcə layihə yox, həm də qlobal təşəbbüsdür. İki il əvvəl Səmərqənddə Azərbaycan və Çin dövlət başçıları arasında baş tutan görüşdə Si Cinpin Azərbaycanla bağlı bəyanatlarında yüksək dostluq nümayiş etdirib. O xüsusilə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının və Yeni Azərbaycan Partiyasının yaradılmasının otuzuncu ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Si Cinpin Azərbaycan ilə Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və yüksək səviyyədə inkişaf etdiyini bildirib.
32 illik sağlam və sabit dinamika artan templə davam edir
Azərbaycan həmişə vahid Çinin tərəfdarı olub, Çin Xalq Respublikası isə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən olub. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 32 il keçsə də, sağlam və sabit inkişaf dinamikası qorunub saxlanılır. Bu gün Azərbaycan Çinlə, demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır. Məlumatlara əsasən Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb. Azərbaycanda isə bu göstərici, təqribən, 2 dəfə artıqdır. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. “ACWA Power” şirkətinin “yaşıl enerji” ilə bağlı Azərbaycanda qurduğu stansiyanın texniki təminatının Çin şirkətləri tərəfindən həyata keçirilməsi Azərbaycan-Çin əməkdaşlığının daha da intensivləşdirib. Beləliklə, Azərbaycanla Çin arasında münasibətlər bu gün “Bir kəmər, bir yol” layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Bu cür çoxsahəli əməkdaşlıq kontekstində Azərbaycan-Çin əlaqələri yeni mərhələyə keçir. Hazırda tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Çin Xalq Respublikasının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyəttəqdirəlayiqdir. Tarixi İpək Yolundan başlanan bu münasibət, demək olar ki, bu gün bütün sahələrdə inkişaf edərək möhkəmlənir. 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Sammit zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. Ölkə başçısı Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibədə deyirdi: “Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq”.Unutmaq olmaz ki, COVID-19 pandemiyası başlayan zaman peyvəndlərin ölkəmizə gətirilməsində Azərbaycana yardım edən yeganə ölkə Çin idi. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 21 faizdən çox artıb. Ötən il Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 63,5 milyon dollar təşkil edib. Çindən Azərbaycana idxalın həcmi isə 1 milyard 556,2 milyon dollar olub. Beləliklə, Azərbaycana idxal olunmuş məhsulların 15,4 faizi Çinin payına düşüb və bu göstərici ilə Çin ikinci pillədə yer alıb. Ölkələrimiz arasında iqtisadi əlaqələr o cümlədən birgə əməkdaşlıq, icra olunan layihələr, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması və Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı sayəsində daha da güclənib. Bundan əlavə, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir.Ölkələrimiz, həmçinin informasiya sahəsində də sıx əməkdaşlıq edir. 20 ildir, AZƏRTAC ilə Sinxua agentlikləri arasında gündəlik olaraq qarşılıqlı xəbər, foto və video mübadiləsi həyata keçilir. Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrdə uğurla inkişaf edir. 1995-ci ildə Pekindəməşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin keçirilməsi, 2001-ci ildə Çinin Çücou şəhəri və Sumqayıt şəhərinin qardaşlaşması, 2008-ci ildə Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü”, 2011-ci ildə isə Çində Azərbaycan Mədəniyyəti Günləri 2012-ci ildə isə Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri təşkil olunub. Hazırda Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir. Ölkəmizdə Çin mədəniyyətinə və Çin dilinə maraq günü-gündən artmaqdadır. Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasındaHeydər Əliyev Fondunun hədiyyəsi olan dahi şair Nizami Gəncəvinin büstünün nümayişi isə bizlər üçün böyük qürur mənbəyidir. Bu gün açıq-aydın görünür ki, iqtisadi və mədəni əlaqələrin qurulmasında, həmçinin “Bir kəmər, bir yol” layihəsinin, eləcə də Orta Dəhliz strategiyasının həyata keçirilməsində Azərbaycan və Çin tərəfdaşlığı qovşaq və körpü rolunu oynayır.
Şəkildə: Heydər Əliyevin Çinə rəsmi səfərindən görüntü
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)
İntizar ədəbiyyatı - Əli Tudə, "Mənim qiymətim"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Dedilər ki, o tay da,
Bu tay da Vətənindir.
Səni məşhurlaşdıran
Bu boyda Vətənindir.
Adım iki Vətənli
Oldusa da ey həyat,
Özüm bir Vətənli də
Ola bilmədim, heyhat!
Bir Vətən ki, bölündü
Uğursuz qismətimdə,
Vətən tək parçalandı
Sənətdə qiymətim də.
Yox! Nə yanan şimşəkdən,
Nə çağlayan leysandan,
Nə qopan zəlzələdən,
Nə bağıran tufandan
Qranit Savalanın
Tərpənməz bir daşı da.
Vüqar büstünə dönər.
Qarla dolu başı da!
Bilsin neçə nəzər də,
Bilsin neçə təskin də,
Mənim məğrur səsimdə
Hiddət də var, təmkin də!
Hər zirvənin yeri var
Qarlı dağlar içində.
Hər ağacın yeri var
Barlı bağlar içində.
Mənim adımın üstdən
Kimsə qələm çəksə də,
Ya narazı, ya laqeyd,
Ya da ötkəm çəksə də,
Qiymətim parçalanmaz
Vahid söz dünyamızda.
Savalan şairiyəm
Mən də öz dünyamızda!
Təki mərd istedadım
Çağlamaqdan doymasın!
Sənətin meydanında
Məni yalqız qoymasın!
İstedad bir gözələ
Bənzəyir bu cahanda.
Heyran pərəstişkarı
Tapılar hər zamanda....
Şair var, itib-batıb
Özü ad-san içində.
Bir sözü də parlamır
Neçə dastan içində.
Ancaq belə şairə
Qibtə eləmirəm mən!
Şeirimə istiqbalsız
Tale diləmirəm mən!
Axı bilirəm sabah
Yanğılı misralarım,
İşıqlı misralarım,
Qayğılı misralarım
Vətənin özü boyda
Odlu dastan olacaq!
Milyon-milyon insana
Məhrəm ünvan olacaq.
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)
“Leylək balası” - Nemət Tahirin hekayəsi
Oğuz evin sonbeşiyiydi. Özündən 15 yaş böyük qardaşı hüquq fakültəsini bitirmişdi, dövlət sektorunda işləyirdi. Ondan 10 yaş böyük bacısı isə Tibb Universitetini bitirmişdi, özəl xəstəxanada həkim idi. Bu yaş fərqinə görə də ata və anası Oğuza övlad kimi yox, daha çox nəvə qayğısı ilə yanaşırdılar.
İş adamı olan valideynləri Oğuzun dərsləri ilə məşğul olması üçün ta ibtidai sinifdən hazırlıq müəllimi tutumuşdular. Oğuz iti zehni, məntiqi və hazırcavablılığı ilə fərqlənirdi. İllər bir-birini sürətlə əvəz edirdi. Oğuz sevgi və qayğı ilə böyüyürdü. Həm valideynləri, həm də qardaş-bacısı onun bütün ehtiyaclarını ödəyirdi. Ancaq valideynləri çox narahar idilər. Çünki o, hər şeydən tez bezən, dəqiq seçimi olmayan bir uşağa çevrilirdi. Bütün fənləri yaxşı oxusa da, hansı peşə sahibi olacağını müəyyən edə bilmirdi. Valideynləri onu da qardaşı kimi hüquqşünas görmək istəyirdilər.
Bu il Oğuz 10-cu sinifdə oxuyurdu. Artıq bir il idi ki, onların ailəsində bir narahatlıq və söz-söhbət var idi. Səbəb isə Oğuzun hüquqşünas yox, rəssam olmaq istəməsi idi. Onun rəsm çəkməyə marağını həmişəki kimi ötəri bir həvəs olduğunu düşünən valideynləri rəsm dərnəyinə də yazdırmışdılar. Ancaq bu həvəs artıq Oğuzun qəlbinə və ağlına nüfuz etmişdi. Hətta evdəki rahatlığını da əlindən almışdı. Elə bir gün olmazdı ki, atası ilə bu mövzuda mübahisə etməsinlər. Atası deyirdi ki, “rəssamlıq bizim ölkədə ciddi sənət kimi qəbul edilmir, sənin gələcəyin var, bacarığını və istedadını əsas fənlərə yönəlt”. Anası da atasına dəstək olurdu ki, “atan haqlıdır, bacın və qardaşın ali təhsil alıbdır, Allah şükür, yaxşı yerlərdə də işləyirlər, sabah biz qocalanda sən rəssam qazancı ilə özünə və ailənə necə baxacaqsan?”
Oğuzun tək istəyi valideynlərininin onun seçiminə hörmət edib dəstək olmaları idi. Ancaq bu alınmırdı, əksinə hər gün ailədə söz-söhbət, narazılıq artıdı. Oğuz müxtəlif heyvan şəkilləri çəkirdi. Gələcəkdə animalist rəssam olmaq istəyirdi. Hər çəkdiyi heyvan rəsmi onu başqa bir aləmə aparırdı. Həmin rəsmlərlə xəyalən söhbət edirdi, onunların dilini və istəklərini öyrənmək istəyirdi. Bir rəsmi çəkmək üçün həmin heyvan haqqında bir neçə gün internetdə araşdrıma edirdi. Heyvanın bütün xüsusiyyətlərini öyrənirdi. Ancaq onlayn araşdırma artıq Oğuza bəs etmirdi. Buna görə də bu gün hazırlığa getməyib birbaşa zooparka - rəsmini çəkəcəyi heyvanları müşahidə etməyə getdi. Necə başı qatışdısa, vaxtın necə keçdiyinin fərqinə varmadı. Özünü çox əla hiss edir, yorulmadan qeydlər götürür, heyvanlar haqqındakı lövhələri oxuyurdu. Düşünürdü ki, insan ancaq sevdiyi işi görəndə xoşbəxt ola bilər. Telefonuna gələn zəng onu sanki yuxudan ayıltdı. Anası idi: -Salam, Oğuz. Oğlum, sən hardasan, bu gün hazırlığa niyə getməmisən?
-Ana, narahat olma, hər şey yaxşıdır, evə gələndə danışarıq, - deyib telefonu söndürdü. Atası Oğuzun hazırlığa getməyib zooparka getməsi qərarını eşidəndə çox əsəbləşdi:
-Bu da hardan çıxdı, hazırlıqdan çıxmaq nədir? Deyəsən, sənin nazınla oynadıqca, əzizlədikcə təmiz xarabın çıxır, başın xarab olub? Oğuz : -Ata, mən hazırlığın hamısından çıxmıram. Sadəcə V qrupa hazırlaşıb rəssam olmaq istəyirəm-deyə bildirdi.
Atası və anası bir neçə saatdan çox danışdılar, bu qərarın onun gələcəyinə necə təsir edəcəyini izah etdilər. Atasının ürəyi soyumadı, Oğuzun otağına keçib onun çəkib öz otağının divarların yapışdırdığı rəsmləri qopardıb cırıxladı, hətta Oğuza bir şillə də vurdu. Anası tez araya girdi. “Bəsdirin, ayıb deyil? Gör nə vəziyyət qaldıq, İlahi?!” deyib ağlamsındı.
Oğuz isə başını əllərinin arasına alaraq divanda oturub ağlayırdı və tez-tez deyirdi:-Məni sevirsinizsə, seçimimə hörmət edin, nə olar?
Atası bunu eşidib daha da qəzəbləndi.
-Səni yoldan çıxardan o dərnək müəllimidir, üstü-başı həmişə boya içində olan, saqqallı o tüfeyli gədədir. O günü mənə zəng edib deyir ki, Oğuzun çox yaxşı istedadı və gələcəyi var. Yaxşı rəssam olacaq. Hələ onda başa saldım ki, biz Oğuzu rəssam olmaq üçün yox, sadəcə həvəsi olduğu üçün rəsm dərnəyinə qoymuşuq. Elə dirənib ki, övladınızın fikirlərinə hörmətlə yanaşın. Guya övladımı məndən çox istəyir. Mən indi onun payını verərəm, -deyib müəllimə zəng etmək üçün digər otağa keçdi. Bir azdan anasının gətirdiyi ürək dərmanını içən atası dedi ki, sabahdan rəsm dərnəyinə getməyi də dayandırırsan, iki ilin var, əgər ali məktəbə qəbul olmasan, səni övladlıqdan rədd edəcəm. Oğuz qulaqlarına inanmırdı, ali təhsilli, savadlı, mədəni və övladlarını göz bəbəyi kimi sevən, qoruyan ata-anası niyə belə edirdilər? Axı o bu peşəni valideynləri üçün yox, özü üçün seçəcəkdi. Axı bunu böyüklər daha yaxşı başa düşməli idi.... Oğuz: “Siz həmişə demisiniz ki, insan adını, peşəsini və həyat yoldaşını seçəndə gərək elə etsin ki, ömür böyü peşman olmasın. Aydındır ki, doğulanda heç kim özünə ad seçə bilməz. Sağ olun ki, mənə gözəl ad seçmisiniz. Ancaq peşəmi seçməyə mənə şans verin, xahiş edirəm” -deyib ata-anasına yalvarış dolu gözlərlə baxdı. Ancaq valideynləri qərarlarını vermişdilər.
-Biz qərarımız sənə dedik, vəsallam. Qardaş, bacına da ixtisası biz seçdik. İndi də şükür, peşman deyillər. Sən də oxuyub hüquqşünas olmalısan, biz sənin qabiliyyətini bilirik, - deyə anası məsələyə son nöqtəni qoydu.
*
Artıq aylar keçmişdi. Oğuz hər gün məktəbə və hazırlıqlarına gedir, proqramlaşdırılmış robot kimi valideynlərinin arzusunu yerinə yetirmək üçün gecə-gündüz çalışırdı. Ancaq ailələrində əvvəlki mehribanlıq, istiqanlılıq yox idi. Hər dəfə atası işdən gələndə qollarını açıq onun boynuna atılan, yaxşı qiymətlərinə görə tərif və mükafat alan Oğuz evdə gözəgörünməz olmuşdu sanki, ruh kimi hərlərindi. Elə valideynləri onun qanadlarını qırmışdı. Yemək saatlarında süfrəyə gəlir, sakitcə yeməyini yeyib yenidən otağına çəkilirdi. Ailənin birləşdiyi yemək süfrəsi yas süfrəsini xatırladırdı. Anası hər dəfə nəsə demək istəsə də, atasının zəhmindən qorxaraq susurdu. Bu küskünlük və soyuqluq günü-gündən artırdı. Oğuzu valideynlərindən ayıran yarğan daha da böyüyürdü. Ailədə hər kəs bunu hiss edirdi, sadəcə valideynlərin yersiz qürurü, mənəm-mənəmlik hissi, mühafizəkarlığı bu buzları qırmağa və övladına yenidən sarılmağa, isti münasibət göstərməyə imkan vermirdi. Qardaşı və bacısı da valideynləri ilə danışmaq istədilər, amma alınmadı. Çox da cəhd etmədilər, çünki valideynlərini yaxşı tanıyırdılar, onlar ortaq bir qərar verdilərsə, dünya dağılsa da, geri addım atmazlar. Bir axşam Oğuzun valideynləri axşam yeməyindən sonra xəbərləri izləyirdilər. Oğuz isə öz otağında dərslərini oxuyurdu. Ümumiyyətlə, həmin hadisədən sonra aylardır ki, Oğuz ata-anası ilə ünsiyyətdə olmur, ancaq yemək vaxtı onları görür və verdikləri suallara “bəli, xeyr”-deyə cavab verirdi. Televizora baxa-baxa anası dedi:
-Bu uşağın axırı necə olacaq, ay Kərim? Necə vaxtdır ki, elə bil, evimizdə yas düşübdür. Mən bu cür yaşa bilmirəm. Evimizin sevinci, gülüşü yoxa çıxıbdır. Xahiş edirəm, onunla söhbət edək, aramızdakı buzlar ərisin...
Elə bu vaxt televizorda Oğuzu göstərirdilər. Atası:- Bir dəqiqə, Gülnarə, bu Oğuz deyil? –Hə, hə, televizorun səsini yüksəlt, görək, hələ teleanonsdur, -deyib televizora lap yaxınlaşdı.
Diktor xanım təntənə ilə elan edirdi: -İndi isə mədəniyyət xəbərləri: Yaponiyada təşkil olunmuş “Wildlife Artist” Beynəlxalq rəsm müsabiqəsində “Valideyn övlad münasibəti” nominasiyası üzrə Azərbaycan məktəblisi Oğuz Kərimoğlunun çəkdiyi rəsm əsəri qalib olubdur, cüməgünü Bakıda- Mədəniyyət Nazirliyində mükafatlandırma olacaq, Fəxri fəman və digər mükafatlarla birlikdə qalibə 3 min dollar pul mükafatı da veriləcək və əlavə olaraq qeyd edək ki, animakist rəssam olan Oğuz Kərimoğlu Yaponiyanın Kioto Universitetinin Rəssamlıq və İncəsənət fakültəsində ali təhsil almaq hüququ qazanıbdır. Onun çəkdiyi rəsmi təqdim edirik.
Oğuzun çəkdiyi rəsm nümayiş olundu: Leyləyin digərlərindən zəif olan balasını dimdiyi ilə götürüb yuvadan atdığı məqam rəsmdə öz əksini tapmışdı.
Diktor davam etdi:
-Əməkdaşlarımız Oğuzla əlaqə yaradıbdır, ən yaxşısı, rəsminin mənasını özü sizə izah etsin. O, rəsmin mənasını belə izah edir: Bizə məlumdur ki, bir çox canlılar, əsasən də Leyləklər yumurta qoyub bala çıxardır və balaları böyüyəndə hansı bala inkişafdan qalsa, valideynlər onu yuvadan götürüb atırlar ki, digər baların qidasına şərik çıxmasın, inkişafına maneə olmasın. Bir çox bioloqlar bunu təbii seçmə adlandırırlar. Sual yarana bilər ki, bunun rəsm müsabiqəsinin mövzusu ilə nə əlaqəsi var? Mən bunu belə izah edirəm ki, bizim ölkədə əksər valideynlər həmin leyləklər kimidir. Onlar övladlarını digər bacı-qardaşlarından, qonşudan, qohumdan, sinif yoldaşlarından və həmyaşıdlarından geri qalmasını qəbul edə bilmirlər. Həmin “zəif” övladın seçiminə, fikirlərinə önəm vermirlər, onu olduğu kimi qəbul etmirlər. Ya onların istədiyi kimi olmalısan, ya da valideynlər səni arzularınla birlikdə ölümə məhkum edirlər. Kərim və Gülnarə müsahibə qurtarsa da, bir neçə dəqiqə bir-birinin üzünə baxaraq, əsl şok yaşayırdılar. Kərim, biz nə edirik?-deyə anası dilləndi,-Göz gör-görə aylardır ki, evimizdə balamıza zülm edirik, ölümünü gözləyirik, -hönkür-hönkür ağladı. Kərim tez Oğuzun otağına keçdi, həyəcanla qapını açdı,-Oğuz,oğlum, -deyib onu qucaqladı, - Bağışla, məni, bağışla, balam. Oğuz da onu qucaqlayıb ağladı. Anası da gəldi. Başını sığallayıb üz-gözündən öpdü və dedi:
-Sənin rəssamlığın və böyük ürəyin öz eqosuna və şöhrətpərəstliyinə 3 balasını qurban verən iki ali təhsilli canlıya qalib gəldi...
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)
Əbədiyaşar musiqilər müəllifi - VASİF ADIGÖZƏLOVUN DOĞUM GÜNÜNƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Dünən Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 89-cu ildönümü tamam oldu.
Təbii ki, qədirbilən xalqımız bu böyük bəstəkarın unudulmaz əsərlərini əsla unutmayacaq. Elə bu sətirlərin müəllifi şəxsən onun “Natəvan” operasına iki dəfə tamaşa edib.
Vasif Adıgözəlov 1935-ci il iyulun 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.
Azərbaycan musiqi ictimaiyyəti V.Adıgözəlovu həm də fəal ictimai xadim kimi sevmiş və tanımışdır. O, müxtəlif illərdə Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı, öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanıb.
V.Adıgözəlovun yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.
Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər - piano və orkestr üçün 3 "Konsert"in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.
Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.
İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.
Vasif Adıgözəlovun yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.
Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.
Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)
“Dream Fest – 2024” festivalı başa çatıb
Bakıda, “Sea Breeze” istirahət mərkəzində “Dream Fest – 2024” Beynəlxalq Musiqi Festivalı başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bazar günü yekunlaşan festivalda əksəriyyəti postsovet məkanından, eləcə də Türkiyə, Böyük Britaniya, Kanada və digər ölkələrdən 100-dən çox musiqiçinin çıxışı maraqla izlənilib.
Onların arasında Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Jony (Cahid Hüseynli), həmçinin Xalq artistləri Aygün Kazımova, Emin, isveçli müğənni Bosson, rusiyalı sənətçi Ani Lorak, Azərbaycan əsilli Qazaxıstan müğənnisi Jah Khalib (Bəxtiyar Hüseynov), Mot (Matvey Melnikov) və başqaları olub.
MDB ölkələri arasında “Ən yaxşı remiks” nominasiyası üzrə “Qremmi” mükafatını alan ilk musiqiçi qazax İmanbek Zeikenov (DJ İmanbek) da festivalın iştirakçısı idi.
Bir neçə gün ərzində mavi Xəzərin sahilində, Nardarandakı “Sea Breeze” istirahət mərkəzində bir neçə nəsil musiqiçilər populyar mahnılarla çoxsaylı tamaşaçılara xoş anlar bəxş etdilər.
Onu da qeyd edək ki, tamaşaçıların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən avtobuslar da ayrılmışdı, avtobuslar hər gün saat 16:00-dan 20:00-a qədər “Koroğlu” metrostansiyasının cənub çıxışındakı nəqliyyat mübadilə məntəqəsindən yola düşürdü.
Festival barədə daha geniş yazını növbəti saatlarda təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)
Fotomüxbir İlqar Cəfərov beynəlxalq fotomüsabiqədə 3 qızıl medal qazanıb
İllərdir ən müxtəlif müsabiqələrdə mükafatlar qazanan istedadlı fotoqraf, AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov növbəti uğuru sıralayıb. O, həm Hindistanda, həm də Serbiyada keçirilən beynəlxalq fotomüsabiqələrdə 3 qızıl medala layiq görülüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası (FIAP) tərəfindən Hindistanda keçirilən SPARKLING INTERNATIONAL SALON 2024 fotomüsabiqəsinə dünyanın 35 ölkəsindən 129 iştirakçı 1611 fotoşəkil göndərib.
FIAP-ın qızıl medalına İlqar Cəfərovun "Athlete Willpower" fotoşəkili layiq görülüb.
Serbiyada keçirilən WORLD PHOTO TRIP 2024 fotomüsabiqəsində isə 115 iştirakçı arasında fotomüxbirin iki fotosu “Confrontation in tennis” və “Red Dress” qızıl medal qazanıb.
Fotoşəkillər mükafata “Fotojurnalistika” nominasiyasında layiq görülüb.
Qeyd edək ki, fotoşəkillər fotomüxbir tərəfindən 2016-cı ildə Braziliyada keçirilən Paralimpiya Oyunlarında və Bakı şəhərində çəkilib.
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)
Əməkdar artist Şahin Növrəsli beynəlxalq caz festivalının qonağı olub
Fransanın Marsiak şəhərində 46-cı beynəlxalq caz festivalı dünyanın nüfuzlu sənətçilərini bir araya gətirib.
AzərTAC xəbər verir ki, azərbaycanlı caz pianoçu, Əməkdar artist Şahin Növrəsli festivalın xüsusi qonağı olub.
Festival çərçivəsində Ş.Növrəsli amerikalı caz ustası, pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın (Frederik Rassel Cons) xatirəsinə həsr edilmiş konsertindən əvvəl Areta Franklin Kollecinin şagirdləri ilə görüşüb. Onun gənc musiqiçilər üçün ustad dərsi təşkil olunub.
Builki Marsiak caz festivalında məşhur pianoçu Əhməd Camalın vəfatının ildönümünün qeyd edilməsi yaddaqalan anlardan olub. 1930-cu ildə Pittsburq şəhərində (Pensilvaniya ştatı) anadan olan cazmen 1950-ci ildə Çikaqoya köçüb, orada İslamı qəbul edib və adını Əhməd Camal olaraq dəyişdirib. 2023-cü ildə vəfat edib.
Qeyd edək ki, Marsiak caz festivalının mahiyyəti onun eklektik və ruhlandırıcı proqramı ilə sübut olunduğu kimi, sərhədləri aşmaq bacarığındadır.
Festival avqustun 4-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)
Azərbaycanlı rejissorun filmi Sarayevo Film Festivalının əsas proqramında nümayiş ediləcək
Rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi 30-cu Sarayevo Film Festivalının əsas proqramında nümayiş ediləcək.
AzərTAC xəbər verir ki, festivalın saytında yer alan məlumata görə, Bosniya və Herseqovinanın paytaxtında təşkil olunan ənənəvi festival bu il avqustun 16–dan 23-dək keçiriləcək.
Festivalda bədii, sənədli, qısametrajlı və tələbə filmləri üzrə müsabiqə proqramında ümumilikdə 54 film yarışacaq.
Xatırladaq ki, “Sanki yoxsan” filmi may ayında 77-ci Kann Beynəlxalq Film Festivalında qısametrajlı filmlər müsabiqəsində nümayiş olunmuşdu.
Filmin əsas qəhrəmanı Leyladır. Samir və Leyla ailələrindəki ixtilafdan qaçmaq qərarına gəlirlər. Ertəsi gün Samir yoxa çıxır...
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)
Gürcüstanda 104 yaşlı azərbaycanlı şair vəfat edib
Gürcüstanda yaşayan ən yaşlı soydaşımız, pedaqoq, jurnalist, şair, bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində çalışmış Dünyamalı Kərəm (Əliyev) iyulun 26-da 104 yaşında dünyasını dəyişib.
AzərTAC xəbər verir ki, bu barədə D.Kərəmin yaxınları məlumat yayıblar.
Qeyd edək ki, Dünyamalı Kərəm oğlu Əliyev 1920-ci il aprelin 28-də Bolnisi rayonunun Qoçulu kəndində anadan olub.
Bakıda ali təhsil alan D.Kərəm 1954-1957-ci illərdə Xankəndidə "Kommunist " qəzetinin xüsusi müxbiri olaraq çalışıb. Sonradan anasının arzusu ilə Bolnisiyə qayıdaraq müəllim kimi fəaliyyət göstərib.
O, 7 kitabın, yüzlərlə elmi məqalənin müəllifi olub.
Daim “İnsanın uzunömürlü olması onun özündən asılıdır”, - deyən D.Kərəmin sonuncu kitabı da "Mən ki, 100 il yaşamasam" adlanıb.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
Mədəniyyət nazirimiz Serbiyanın mədəniyyət naziri ilə görüşüb
İyulun 26-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası ilə əlaqədar ölkəmizdə səfərdə olan Serbiyanın mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli Azərbaycan ilə Serbiya arasında əlaqələrin iki ölkənin rəhbərlərinin səmimi dostluğa və qarşılıqlı etimada əsaslanan münasibətləri zəminində hərtərəfli inkişaf etdiyini bildirib.
Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələrin geniş perspektivləri var. Eyni zamanda, mədəniyyət sahəsində əməkdaşlıq üçün hüquqi baza mövcuddur. 2011-ci ildə Azərbaycan və Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Nazir Nikola Selakoviç səmimi qəbula görə təşəkkürünü bildirib, Hökumətlərarası Komissiyanın iyulun 25-də keçirilən iclasını yüksək qiymətləndirib.
Söhbət zamanı mədəniyyətin müxtəlif sahələri üzrə geniş əməkdaşlıq formatı müzakirə edilib. Həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı müzakirələr aparılacağı diqqətə çatdırılıb. Serbiyanın COP29-da iştirakının məmnunluq doğuracağı bildirilib.
Nikola Selakoviç öz növbəsində Azərbaycanın mədəniyyət nazirini ölkəsinə rəsmi səfərə dəvət edib.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)