Super User
“YAŞAT" Fondunun Londondakı yay məktəbi başa çatıb
“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan ikinci "YAŞAT" yay məktəbi uğurla başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Fonddan məlumat verilib.
13-27 iyul tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilib və proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərinə cəlb olunublar.
Proqram çərçivəsində iştirakçılar bir-birindən maraqlı ekskursiyalara da qatılıblar. Dünyada mum heykəlləri ilə məşhurlaşan Madam Tüsso Muzeyinə, Britaniya monarxlarının Londondakı rəsmi iqamətgahı sayılan "Buckingham" sarayına, Londonun gözü adlandırılan və 135 metr yüksəklikdə yerləşən, Avropanın ən hündür əyləncə çarxına səfərlər reallaşıb.
Layihə iştirakçıları Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə onlar üçün təşkil olunan ziyafətə qatılıblar.
Yay məktəbinin iştirakçılarına sertifikatlar da təqdim olunub.
Layihənin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
Yay məktəbi ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 şəhid övladını əhatə edib.
Xatırladaq ki, ötən il yay məktəbi Almaniyanın Frankfurt şəhərində keçirilib.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
“YAŞAT" Fondunun Antalyadakı düşərgəsinin növbəti həftəsi başlayıb
"YAŞAT" Fondunun, Azərbaycan Respublikasınının Gənclər və İdman Nazirliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün Türkiyənin Antalya şəhərində yay düşərgəsi davam edir.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, düşərgənin növbəti həftəsinin iştirakçıları iyulun 28-də Bakıdan yola düşüblər.
Şəhidlərimizin 18-22 yaş aralığındakı oğul övladlarının qatıldığı düşərgəsi 5 avqust tarixinədək davam edəcək. Proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, təlimlər və əyləncəli oyunların keçirilməsi nəzərdə tutulur.
Düşərgənin əsas məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir. Düşərgə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Alaaddin Keykubat Kampında keçirilir. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edirlər.
Şəhidlərimizin müxtəlif yaş kateqoriyasına uyğun övladları üçün “YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr, təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
Bu dəfə dərviş yox, Hidayət Parisi partlatdı
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Artıq 4 ildir ki, bütün dünya Azərbaycanın mübariz oğullarının döyüş meydanındakı cəsarətindən danışır. Hətta bir çox ölkələr hərbi təlimlərdə Azərbaycan Ordusunun taktikasından yararlanmaq üçün müraciət belə edib. Dünya gündəmini dörd il demək olar ki, Azərbaycan və Türk dünyası zəbt edib. Bu zəfərin ardı-arası kəsilmir.
Qərbin Azərbaycana təcavüzkar siyasətinin artdığı bir dövrdə, əsasən də, Fransanın Azərbaycana mövqeyinin 180 dərəcə dəyişdiyi bir halda Paris bir daha partladıldı, həm də 48 il sonra. Bu dəfə Dərviş tərəfindən yox, Hidayət tərəfindən. Sanki Mirzə Fətəli Axundov 174 il əvvəl görürdü bu günləri. Qan çanağına dönmüş, hər vəchlə neokolonializm siyasəti yürüdən Fransa bu dəfə siyasi iradə göstərə bilmədi. Eləcə öz arenasında, ayaq üstə qarşıladı Azərbaycan Himnini. Bu sevinci bizə yaşadan Hidayət Heydərovu bütün Azərbaycan xalqı ayaqda qarşıladı. Gözlərdə sevinc gözyaşı qurumadı.
Xatırladım ki, dünən, yəni 29 iyul 2024-cü il tarixdə Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibi olub. 73 kiloqram çəki dərəcəsində yer alan idmançımız finalda məhz fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb. Mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbullaya (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondı (Kanada), yarımfinalda isə Akil Qyakovanı (Kosovo) üstələyib. Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada idi.
Ruhun şad olsun, Azərbaycan ədəbiyyatının dahisi Mirzə Fətəli Axundov. Sənin utopik yazdığın “Paris partladı!” şüarını dünən Hidayət həqiqətə çevirdi. Doğrudan, od vurdu Parisə. Fransanın paytaxtında, olimpiada oyunlarının keçirildiyi məkanda, hətta bununla yetinməyib finaldakı rəqibi fransalı Con Benjamin Qabanı üstələməklə Azərbaycan Bayrağını zirvələrə, Azərbaycan Himnini ürəklərdən qulaqlara köçürdü. Bütün Fransanı ayaqüstə saxlatdı bu himn. Bu dövlətin qurucuları “Bir daha enməz”,– dedilər, bu bayraq enmədi. Gözün aydın, Azərbaycan. Hələ neçə sevincli günlərin, aydın sabahların səni gözləyir.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
Dünya şöhrətli Riki Martin Bakıya gəlir - biletlər 120-dən 2500 manatadək!!!
Bələdçiniz: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
İnanılmaz! Dünya şöhrətli pop musiqiçi Riki Martin möhtəşəm solo konserti ilə ilk dəfə Bakıda çıxış edəcək.
Bəli, bəli!
Adı musiqi dünyasının simvoluna çevrilən əfsanəvi müğənni və aktyor Riki Martin avqustun 2-də Sea Breeze Resort-da çıxış edəcək! Konsert saat 20-dən 23-dək davam edəcək. Biletlər 120 manatdan 2500 manatadəkdir. Fanzona biletləri isə 80-150 manat civarındadır.
Həqiqətən də Sea Breeze Resort ölkənin musqiq tamaşaları mərkəzi statusuna yiyələnməkdədir.
Dünyada 95 milyondan çox albomu satılan, iki Grammy, dörd Latın Grammy qazanan və bir çox Billboard mükafatçısı olan bu müğənninin Bakıda konsertini təşkil etmək böyük hünərdir.
İllər öncə - 90-ların sonlarında “Livin la vida loca” mahnısı ilə puerto-rikolu gənc bir oğlan səhnədə parladı. Bu mahnını bütün dünya zümzümə edirdi. Çoxları Mərkəzi Amerikadakı Puerto-Riko adlı ekzotik ölkəni məhz Riki Martinə görə tanıdı.
İndi isə həmin müğənninin 52 yaşı var və o, ilk dəfə bakılılar qarşısında çıxış edəcək.
Konsertə tamaşa edəcək bütün bəxtəvərlərə içi özüm qarışıq xoş seyrlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
“Süleyman Rüstəm dedi, sənin şeirini evdə arvad da əzbərdən bilir” – ustad şair Əşrəf Veysəlli ilə müsahibə
“Ədəbiyyat və incəsənət” portalının “Şənbə qonağı” rubrikasında İntiqam Yaşar sizi Sumqayıt şəhərində yaşayıb yaradan ustad şair Əşrəf Veysəlli ilə görüşdürmüşdü. Tam iki il öncənin 30 iyul günündə. Bir daha gəlin həmin müsahibəni gözdən keçirək.
-Salam Əşrəf müəllim, əhvalınız necədir?
-Demək olar ki, yavaş-yavaş yaxşılığa doğru gedir. Bir balaca xəstələnmişdim, indi hiss edirəm ki, həyat get-gedə gözəlləşir. Doğrudur, çəkişmələr, dünyəvi hadisələr, insan psixologiyasına mənfi mənada təsir edə biləcək hadisələrlə doludur dünya, amma Azərbaycanın son vaxtlar əldə edə bildiyi uğurları görəndə, xüsusilə Qarabağ torpaqlarının, itirilmiş torpaqların geri qaytarıldığını görəndə adam yaşamaq istəyir. Adam Qarabağın gələcəyini görmək istəyir, Qarabağın gözəlliyini görmək istəyirsən. Amma əldən gedənlərçün də təəssüflənirsən, indi ele şeylər gedib ki, onları geri qaytarmaq qeyri-mümkündür. Məsələn, ola bilər ki, bizim kəndimizdən də gözəl kənd tikəcəklər, Qarabağdan da gözəl Qarabağ yaradacaqlar, amma Qarabağ olmayacaq, ovaxtki gördüklərimiz olmayacaq. Yeni bir psixologiya yaranacaq, yeni bir nəsil yaranacaq, amma adam yenə də görmək istəyir, yenilikləri görmək istəyir, xalqını, dövlətini görmək istəyir, biləsən ki, sən doğrudan da qədim dövlətə və dövlətçiliyə malik olan bir xalqsan və bu gün həmin o möhkəm özüllər üzərində dövlətini yarada bilmisən, qoruya bilirsən. Bu mənada adam Azərbaycan ordusunda xidmət göstərən oğulları, xüsusilə Şuşanın geri qaytarılmasında xidmət edən oğulları, qollarına ildırımları dolayıb hücuma keçən oğulları bağrına basıb öpmək istəyir. Şəhidlərimizin ruhu şad olsun. Azərbaycan övladları canlarından keçdi və elə bilirəm ki, siyasi mənada da Xalq və İqtidar birliyi yarandı. Əgər yaranmasa idi, əgər türkləşmə getməsə idi, Türkiyə dövləti kimi bir dövlət Azərbaycana mən burdayam deməsə idi, bəlkə də bizim işlərimiz yenə də yaxşı getməzdi. Çox şükür həyat bu mənada gözəlləşir və adam istəyir hey yaşasın.
-Sizin ana vətəniniz Füzuli azad olundu, 30 ilin həsrəti bitdi. Ağsaqqal yazar kimi azad olunmuş torpaqlarımızın bundan sonrakı mədəni həyatını necə görmək istərdiniz?
-Füzuli torpağı bilirsiniz də Muğam Mərkəzi olub. Seyid Şuşinski Füzulidəndir, Zülfü Adıgözəlov Füzulidəndir, Ağabala Abdullayev Füzulidəndir, yəni muğamatın, muğamın özəyinin Qarabağ torpağında olması bir daha deyir ki, buranın gələcəyi var. O gələcək Allahın köməkliyi ilə olacaq. Yüksək mədəni dəyərlər yenidən yaranacaq, yenidən Füzulidə o mədəniyyət ocaqları yarancaq. Füzilidə böyük mədəniyyət evi var idi, görüşlər keçirilərdi, İslam Rzayev və başqaları gələrdi. Mənim heç yadımdan çıxmaz, orada poeziya gecəsi keçirilirdi, mən məxmər pencəyimi Çingiz Əlioğluna saxlaması üçün verdim, girdim poeziya gecəsinə, qulaq asdım. Elə günlər olub, Füzulinin o cür coşub çağlayan günləri olub. O vaxtlar yenidən başlayacaq. Füzilidə də, Ağdamda da, Şuşada da Allahın köməkliyi ilə həyat yenidən qaynayacaq. Kəlbəcər kimi gözəl bir yer, Laçın kimi dağların zirvəsində yerləşən, dağların tacına bənzəyən yer düşmən tapdağında qala bilməzdi. Doğrudan da, Ulu Öndər Heydər Əliyev çox gözəl qeyd etmişdi, “Biz ora qayıdacayıq, hökmən qayıdacayıq”. Və xoş ki biz yenidən Şuşanı ala bildik, biz yenidən itən torpaqları qaytara bildik, adam kövrəlir bunları danışdıqca, gördükcə, hiss etdikcə, Allahin izni ilə işıqlı və çox gözəl görürəm gələcəyimizi. (kövrəlir -red.)
-Haqqınızda yazılan yazıların hər birində həsrət qaldığınız kəndə qovuşmaq arzusunu dilə gətirirdi müəlliflər. O arzuların çin olacağına inamınız necə idi?
-Arada mən o inamı itirmişdim.
Öldü kəndim,arxam gümanım öldü,
Ey Vətən, torpağın, daşın sağ olsun.
Mənim yaşamağa inamım öldü,
Heç deyən olmadı, başın sağ olsun.
Elə bil yaşamağa inamım ölmüşdü, çünki inandığım hər şey əldən getmişdi. Birdən-birə elə bil ki, bəlkə, Allahın möcüzəsi idi, bəlkə də Azərbaycan oğullarının təpəri idi, o yenidən ruhun dirçəlməsi forması idi, yenidən özünə qayıtdı. Və onda mənim arzularım çox böyük oldu ki, biz yenidən torpaqlarımıza qayıdacağıq, torpaqlarımızı görəcəyik. Və gördük uzaqdan da olsa, gördük (gülür -red.). Sevindim ki, mənə Şuşadan su göndərdilər, Veysəllidən su göndərdilər mənə. Açığı, eşitdim ki, qəbiristanlıqları dağıdıblar. Ona görə getmirəm ki, atamın qəbrinin dağıdıldığını görsəm, elə orda da qalasıyam. İnanırsan, yada salanda adamın tükləri qalxır ayağa, bu vicdansızlar bizə nələr ediblər. Çörəyimizi yemisiniz də, a bədxahlar, a çörəkləri dizinin üstə olanlar, biz sizə neyləmişik axı? Qonşuluq etmişik, evinizdə heç nəyiniz olmayıb, bizdən sizə pay gedib, insan sifətinə məxsus olmayan bütün keyfiyyətlər bunlarda var. Hətta, cəngəllikdə yaşayan vəhşilər belə etməz. Yenə min şükür, Azərbaycanın Milli Ordusu, Azərbaycanın apardığı dövlət siyasəti, Xalq-İqtidar birliyi və Cənab Prezidentin - Ali Baş Komandanın apardığı siyasət, əvvəldən axıra qədər “Qarabağ Azərbaycandır” deməyi, həm dildə şüara çevirildi, həm də əməldə özünü doğrultmağa başladı. Hər şey ona xidmət etdi ki, Qarabağ Azərbaycandır! Bizim olmalı idi, bizim özümüzündür, öz torpağımızdır.
-80-i keçmiş bir yazar kimi ədəbiyyatımızın saysız-hesabsız böyük sənətkarları ilə ünsiyyətiniz olub. Xatirələriniz çoxdur təbii ki.
- Yaxşı məqama toxundunuz. Ədəbiyyat haqqında fikirləşəndə, korifeylərimiz haqqında düşünəndə mən çox möhtərəm adamlarla görüşmüşəm. Çox zəngin, mənəviyyatı zəngin insanlarla görüşmüşəm. Məsələn, mən Mehdi Hüseyn haqqında kiçik bir xatirə deyim sizə. Deməli, o vaxtları dəbdə idi, hamımız Arazı tənqid edirdik, Araz ilandır, Araz cəlladdır, hərə bir şeir yazırdı, az qalmışdıq hamımız Arazı boğazından asaq (gülür –red.). Mənim də bir yazım var idi.
Torpağı yandırıb, yaxır Araz,
Arazdı bir qəlbi ikiyə parçalayan.
Parçalanmış qəlbimin, qanıdır Araz.
Bu şeirimi oxuyurdum, Osman Sarıvəllinin otağında, Gənclər günündə. Bu vaxt Mehdi Hüseyn girdi içəri, belə baxdı, dedi: ”Cavan oğlan, ürəyin də o qədər qanı olar?” Dedim, o boyda ürəyin qanı da o boyda olar. Azərbaycan boyda ürəyin qanı da Araz qədər olar. Güldü, dedi: ”Osman, bu, aşıq olmağına aşıqdır”. Elə orda mənim şeirlərimi çap etdilər.
Çox böyük nasirimiz Fərman Kərimzadə, həm də rəssam idi. Ədəbi aləmə gəlirdi, hekayələrini oxuyurdu, amma o qədər utancaq idi, heç yerə getmirdi .Mən girdim onun qoluna, gətirdim Əbülhəsən Ələkbərzadənin yanına. Dedim, böyük yazıçıdır, xahiş edirəm dinləyin və yazılarını çap edin. Üç böyük hekayəsini “Azərbaycan” jurnalında çap etdilər. ”Sonuncu eksponat” və.s. Bu hekayə çap olunanda, məni əsgərliyə göndərdilər. Sonradan Əbülhəsən dedi ki, sən deyən hekayələr, çap olundu.
Xəlil Rza Ulutürk ilə bağlı, Süleyman Rüstəm ilə bağlı da xatirələrim var. Süleyman Rüstəm çox xeyirxah adam idi. Mən deyim ki, bir yazı oxudum. Lirik poema, “Bir gecəlik ayrılıq” adında, xoşlarına gəldi. O vaxt Tofıq Bayram “Ulduz”jurnalında işləyirdi və Tofiq Bayramdan yazı keçirmək mümkün deyildi. Çox tələbkar yazar idi, o qoymazdı, pis yazı getsin “Ulduz”jurnalında. Mənim poemam xoşlarına gəldi. Tofiq Bayram dedi: ”Əşrəf, gəl belə edək, mən də yazaram bunun haqqında, amma istəmirəm. İstəyirəm ki, xalq yazıçısı yazsın sənin haqqında”. Dedim, hə nə olar. O götürdü və təqdim etdi Süleyman Rüstəmə. Az keçdi, bir də gördüm “Azərbaycan Gəncləri“ həmin poemamı verib, Süleyman Rüstəmin uğurlu yolu ilə. Orda Süleyman Rüstəm yazmışdı ki, Azərbaycanın bütün mətbuat orqanlarının qapısı bu gəncin üzünə açıq olmalıdır. Özünün 70-dən yuxarı yaşı vardı, 6-cı mərtəbədə yerləşirdi “Azərbaycan Gənclər”jurnalı, özü oraya qalxıb yazını təqdim etmişdi. Mən onunla əyani şəkildə görüşə bilmədim, telefonla zəng vurdum, təşəkkür etdim. Dedi, , sənin şeirini evdə arvad da əzbərdən bilir.
Maraqlı hadisələr çoxdur, hamısın danışsam qurtarmaz. Əli Kərimlə də yaxın ünsiyyətdə olmuşuq. O vaxtlar mənim “Ulduz “jurnalında şeirlərim çap olunmuşdu, “Səadət”, bir də, “Küknar haqqında ballada” şeirlərim. O şeirləri oxumuşdu və xoşuna gəlmişdi. Təbrik elədi məni. Əli çox incə yumora, incə zarafata və çox poetik tutuma malik olan dünyaya sahib idi. Onun ilk efir yazısı da Sumqayıtdan gedib. Sumqayıtda Feyzi Mustafayev yaşayırdı, Əli Kərim haqqında “Dinmə, ey kədər “ kitabını ilk Feyzi Mustafayev yazıb. Feyzigildə Əli Kərimlini dindirmişik, bizə şeirlər oxuyub. ”Zoya kimi”,”Qaytar ana borcunu“, “İlk Sevgi” - bax bu şeirləri öz ifasında səsləndirib. Bu şeirlər radioda gedib, o vaxt Feyzi Mustafayev təqdim edib. Əli Kərim Sumqayıtla bilavasitə əlaqədə idi, həm də Əli Kərimin bir əsəri var idi, istəyirdi ki, Sumqayıt Teatrında tamaşaya qoyulsun. Şəkidə qoymuşdular, adı “Ürək güzgüsü” idi. Maraqlı mövzu idi. Belə ki, hər kəs öz ürəyinin təmizliyindən danışır, hamı deyir mənim ürəyim təmizdir. Bir nəfər ürək güzgüsü adlı aparat kəşf edir. Deyir, kimin ürəyi təmizdirsə, gəlsin baxaq. Heç kim yaxın getmir (gülür –red.). Əli Kərim Sumqayıtda yaşayarkən tez-tez poeziya görüşlərində olurdu. Əli Kərim görüşlərin birində dedi ki, mən arzu edirəm, Sumqayıtda poeziya klubu və ya poeziya teatrı yaransın. Bu, Əlinin arzusuydu. Uzun müddət biz mübarizə apardıq ki, ”Əli Kərim” Poeziya klubu yaransın. Poeziya klubu yarandı, ancaq Əli Kərimin adın vermirdilər. O vaxt Əli Kərimi başqa cür tanıyırdılar. Onda deyirdilər, Səməd Vurğunun adını vermək lazımdır. Mən etiraz etdim. Əyani şəkildə etiraz etdim və sübut etdim ki, Əli Kərim də Əli Kərimdir. Səməd Vurğun sevimli şairimizdir, Xalq şairimizdir, adına çox şeylər var. Kitabxanamız var, küçəmiz var, ən böyük Mədəniyyət ssarayı onun adınadır, ancaq Əli Kərim adına heç nəyimiz yoxdur. Ondan sonra razılaşıb Əli Kərimin adın təsdiqlədilər. ”Əli Kərim” Poeziya evi beləcə yarandı. Min şükür, hal-hazırda həmin poeziya evi çox böyük və çox gözəldir. Sumqayıtın bir ədəbiyyat ocağına çevirilib. Əli Kərim heç vaxt yaddan çıxmayan, sözün əsl mənasında poeziya adamı idi, şeir adamı idi. Çox böyük sənətkar idi.
-Sumqayıt özünəməxsus ədəbi mühiti ilə fərqli bir şəhərdir. Bakı ilə iç-içə olduğu qədər də, fərqli abu-havası da var. Necə analiz edərdiniz bu özəlliyi?
-Çox düzdür. Əvvəla, bir şey deyim ki, Sumqayıtda ilk dəfə SSRİ Yazıçılar Birliyinin üzvü mən olmuşam. Məndən əvvəl bir nəfər olub, ancaq o, azərbaycanlı deyildi. Mən Sumqayıta gələndə, gördüm burada ədəbi mühit var. Xasay Cahangirov ədəbi birliyə rəhbərlik edirdi. Sonra Qulam Feyzullayev var idi. Qəzəllər müəllifiydi, əruzda yazanlardan idi. Yəni, baxırdın ki, burada ədəbi mühit var, ancaq o səviyyədə deyil ki, burada böyük görüşlər keçirilsin. Vaqif İbrahimin poeziya evinə rəhbərliyi ilə, Sumqayıtda ciddi mənada ədəbiyyata gəliş, ədəbiyyata ciddi münasibət başladı.Və deyim ki, hər şey münasibətdən asılıdır. Kim nə deyir, desin, hər şey münasibətlərdən asılıdır. O vaxt mən işsiz idim. Sumqayıtda mədəniyyət şöbəsinin müdiri bilirsən kim olub? Erməni. Ticarət şöbəsinin müdiri, bilirsən kim olub? Erməni.Tamara var idi, Rəsulova Tamara. Bizim mədəniyyətin rəhbəri o idi. Onun atası azərbaycanlı idi, anası erməni idi. O da şeirlər yazırdı, ancaq rusca yazırdı. Elə oldu ki, Vaqif bir fənd işlətdi, dedi: “Əşrəf, sən işsizsən, Tamara xanımın şeirlərindən, bir-ikisini Azərbaycan dilinə tərcümə et, o sənə bir ştat versin”. Mən də onun şeirlərindən bir-iki bənd tərcümə etdim, elə-belə tərcümə etdim, boğazdan yuxarı (gülür –red). Tamara xanımın xoşuna gəldi, dedi yaxşıdır və mənə iş verdi. Beləcə, Sumqayıtın mədəniyyət şöbəsinin müdiri olan erməni qadına kəf gəldik. Mənə nə iş verdi? Şahmat klubunun direktoru işini (gülür –red.). Halbuki, mən ömrümdə şahmat oynamamışam. Şahmat nədir, bilmirəm, dama nədir bilmirəm. Şeirimdə də var:
Gör məni hayana atdı günlərim,
Nə çalım fəryadı qırıq simlə mən,
Piyada qaldılar, atlı günlərim,
Şahmat oynayıram, taleyimlə mən.
Mən oldum şahmat klubunun direktoru. Elə oldu ki, yavaş -yavaş poeziya klubu ilə şahmat klubu cütləşdi, eyni binada yerləşdirildi. Birinci mərtəbə şahmat klubu oldu, ikinci mərtəbə poeziya klubu oldu. Axırda gördülər mən ədəbiyyat adamıyam, məni verdilər poeziya klubuna direktor. Ancaq poeziya klubunun yaranma təşəbbüskarlığı, dediyim kimi, Əli Kərimdən gəlmişdi. Çox görüşlər keçirmişik orada. Bunu xatirə kimi deyirəm. Mən universitetdə oxuyurdum, universitetdən çıxıb gələndə bir beşmərtəbəli binanın qabağında çay evi var idi, yanında bir söyüd ağacı var idi, həmin söyüd ağacının yanında Əli Soltan mənim qarşımı kəsdi. Mən onu tanıyırdım, o məni tanımırdı. Mən ondan yaşda balaca idim, o isə yazıçı, şair kimi tanınırdı. Kəsdi qarşımı, dedi, ‘Mən Sumqayıta gedirəm, mənim yol pulum yoxdur. Bacımgilə gedirəm, mənə yol pulu ver”. İnanırsan? Mənim də cibimdə cəmi 50 qəpik pulum vardı, çıxardıb verdim. Dedim, buyur. Olan pulum budur, verirəm sənə. 50qəpiyi aldı, dedi, “Ola bilər ki,bu pulu mən sənə qaytarım, ola bilər ki, qaytarmayım. Ancaq bir şeir demək istəyirəm“. Dedim ki, de. Dedi :
Bəzən düşünürəm, fikrə dalaraq,
Kaş çata bilərdim, yoldaşlarıma.
İllərlə su kimi içdiyim araq,
Bu gün çevrilibdi, göz yaşlarıma.
50 qəpiyə almışam mən bu şeiri ondan. Mən nə etdim? Mən cavan oğlan idim, getdim elektrik qatarına mindim, pulsuz evə gəldim (gülür –red.).
-Bu günlərdə yenə möhtəşəm Vaqif poeziya günləri Şuşada baş tutdu. Ədəbiyyat aurasında Şuşa necə görünür?
-Şuşa haqqında son dövrlərdə xeyli əsərlər yarandı. Hətta, zəfərimiz haqqında “Zəfər dastanı”,”Qələbə yolları” və s. şeirlər yazdılar. Xalq şairi Nəriman Həsənzadədən tutmuş, Şəki ədəbi mühitinin rəhbəri Vaqif Aslana kimi Şuşa haqqında yazılar getdi. Müəyyən mənada özüm oxumuşam, özüm oxuya bilmədiklərimi də nəvəmə demişəm, o oxuyub. Şuşanın itirilməsi, Azərbaycanın papağının itməsi demək idi. Azərbaycan papağını, bayrağını itirmişdi. Dünyada dağlar çoxdu, amma heç bir dağlar nəğmə oxumur. Bizdə isə dağlarımız Şuşa nəğməsi oxuyur və mən o nəğməni görmək istəyirdim, duymaq istəyirdim yazılarda. Və bəzi uğurlu yazılar da var, amma mən deyən səviyyədə, yüksək səviyyədə olan yazılara mən rast gəlməmişəm. Orada Azərbaycan əsgərinin şücaətindən bəhs edə bilən, onların qəhramanlıqlarını heç olmasa ifadə edə bilən şeirlər səslənməlidir. Bilirsiniz, Azərbaycan qadını müharibə dövründə şəhid tabutunun altına girib, aparıb dəfn etməyə. Qurban olum sənə, bu poeziyadır, biz hələ şeirdə bunu ifadə edə bilməmişik. Yəni, bizim Xalq daha böyük əsərlərə layiqdir, daha qiymətli qəhramanlıqlara layiqdir ədəbiyyatda. Mən vaxtı ilə Şuşa əldən gedəndə Şuşa haqqında bir şeir yazmışdım.
Ay Əşrəf, gülünclər qoy bizə gülsün,
Sızlayan ürəyin yansın, tökülsün.
Başına daş düşsün, yıxılsın, ölsün,
Kimin ki əlindən Şuşası getdi.
Şuşanı itirmək olmaz. Biz Şuşanı qazanmışıq, itirmək ağrılarını yaşadıq, ancaq qazandığımız qələbənin şərafətini, qazandığımız qələbənin hisslərini hələ ədəbiyyatda verə bilməmişik, amma verəcəyik. Bir vaxt burada - Sumqayıtda Nizaminin heykəli olan yerdə bir xatirə qoymuşdular, Rusiya ilə birləşməyimizin (yəni Rusiya tərəfindən işğal olunmağımızın – red.) 150 illiyi ilə əlaqədar. Üzərinə də yazmışdılar, "150illik". Şairlərdən biri baxıb demişdi: ”Bəh-bəh, yüz əlli illik, bəzi şairlərə mövzu verib, düz əlli illik”. İndi 150 il yazasan bizim qələbəmiz barədə, 150 il yetməz. Kaş bu qəhramanlıqlara layiq əsər yaza bilək.
-Düşünürəm ki, bu cür ənənəsi olan ədəbi etkinliklərin çox ciddi təsir imkanları olur cəmiyyətə. 40 illik ənənəyə söykənən Vaqif poeziya günlərindən mühitin canlanması baxımından nə kimi gözləntiləriniz var?
-Elə bil ki, əvvəla Vaqifin məqbərəsi olan yer ən böyük tribunadır. O, Azərbaycanın ən böyük tribunasıdır. Çox maraqlı bir fakt dedilər ki, o gün orada dərədə olan hava sıxlığı ilə, zirvədə olan hava sıxlığı eynidir və dünyanın yeganə yeridir ki, Şuşa dərəsindəki hava ilə, zirvəsindəki hava eynidir. Möcüzədir bu. Elə bilirəm ki, Şuşanın özü, yeri, iqlimi möcüzə olan kimi, onun ədəbi aləmə xidmətləri də Allahın köməkliyi ilə möcüzələrlə nəticələnəcək, gələcəkdə. Çox uğurlu gələcəyini görürəm Şuşanın. Hələ o qədər ora qonaqlar gəlib, gedəcəklər. Bizi vəhşi adlandıranların simaları üzə çıxacaq, başa düşəcəklər ki, dünyanın ən vəhşi milləti ermənilər imiş, sən demə.
-Ustad, Sumqayıtda yazmaq, həm də 50 il, necə görünür ötən illər?
-Bilirsən,Sumqayıtda ədəbi mühit formalaşdı. Var ədəbi mühit, nəticələri də var. Gözəl şairlər var Sumqayıtda.Yəqin, hamısını tanıyırsan cavanlarından tutmuş Sabir Yusifoğluna kimi hamısı yaxşı şairlərdir. Sumqayıtın özündə həyat qaynayır, həmişə də belə olub. Bax, Sovet dönəmində də müxtəlif yerlərdən axıb gələn insanlar var ki, Sumqayıtda yaşayırlar, onların aralarında poetik mənada, ədəbi mənada, ədəbi əlaqələr yaranıb. Burada Həmzə Səfərov yaşayırdı. Sənin yadına gəlməz Həmzə Səfərov çox gözəl rus dilini bilirdi və rus poeziyasını Azərbaycan dilinə tərcümə edirdi. Onun bir şeiri var idi, bir bəndini deyim. Deyir:
Məhəbbətin yollarında qüssədən ,
Səadətdir saçlarıma düşsə, dən.
Məhəbbətsiz ömr eyləyən kimsədən,
Bir aşiqin məzar daşı yaxşıdır.
Həmzə Səfərovun şeiridir. Görürsən nə qədər gözəldir. O gün televizorda qulaq asıram, bizim Seyran çıxış edir. Bir şeir dedi.
Keçmə şairindən, muğənnisindən,
Könlümü o yerə bağlar deyirlər.
Döysən Qarabağda bir uşağı sən,
Muğamat üstündə ağlar deyirlər.
Seyran dedi, əfsuslar olsun ki, bu şeirin müəllifi kimdir, bilmirəm. Amma mən bilirəm, bunun müəllifi Fikrət Cavadovdur. Fikrət deyirdi:
Mən qardaş itirmişəm,ay qardaşı olanlar ,
Mən qardaş itirmişəm,ay qardaşsız qalanlar.
Mən gəlin itirmişəm, hərisi alınmayıb,
Mən beşik itirmişəm, laylası çalınmayıb.
Nə gözəldir. Yəni, Sumqayıt ədəbi mühiti var, poeziyası var. Yəqin, Gülbala Mehdinin yaradıcılığı ilə tanışsan, çox gözəl və inandırıram sizi ki, haqqında ürək dolusu danışıla bilinəcək bir şairdir. Yəni, çoxdur Sumqayıtda yaxşı şairlər. Ədəbi mühitin özünün formalaşmasında burada ləyaqətli insanların yaşaması vacib amildir. Mən burda bir adam tanıyırdım, daha doğrusu gənclik illərimdə qollarımdan yapışan, mənə dayaq duran insanlardan biriydi, Zəbi Abdullayev. Çox zəngin bir kişi idi. Uzun müddət ikinci katib işləmişdi Xızıda. Ələkbər Cavadov var idi, Qubanın birinci katibi işləyirdi, Mircəfər Bağırovun dövründə. Yəni, deyirəm bunlar zəngin adamlar idi. Zəbi ilə nə hər adam ədəbiyyatdan danışa bilərdi, nə də dini söhbətlər etmək olardı. Çox savadlı adam idi, Zəbi Abdullayev. O, həmişə Füzulidən misallar gətirirdi. Klassik ədəbiyyatı gözəl bilirdi. Bizim bəxtimiz elə gətirdi ki, biz tədbirlərdə onları gördük. Sonra elə oldu ki, bizim Sumqayıtda ədəbi məclisə Süleyman Rüstəm, poeziya evinə isə Rəsul Rza rəhbərlik etdi. Yəni, Azərbaycan Xalq şairləri bir növ bağlanmışdılar Sumqayıta. Həm ədəbi-bədii tədbirlər, həm ədəbi-bədii gecələr, kitab müzakirələri bol olurdu, ümumiyyətlə, canlanırdı həyat.”Canlanır hər qarış yer Sumqayıtda” - bu sözlər həqiqətən də həqiqətə uyğun sözlər idi. Ona görə də Sumqayıtda yaxşı yazarlar çoxdu.
-Əşrəf müəllim, yaş baxımından yanaşsaq, nəsildaslarınızla müqayisədə kitablarınız elə də çox çap olunmayıb. Bunun səbəbi nədədir?
-Açığı deyim sənə, gənclik illərində hələ universitetdə oxuyurdum, mən Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda bir poema oxudum. “Anama oxşayır bu torpaq” adlı poema idi. O vaxt tədbirə Cəlil Əlibəyov rəhbərlik edirdi. Cabir Novruz, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk və s. şairlər hamısı qalxdılar və müdafiə etdilər ki, çox gözəl poemadır və qərara gəldilər ki, poema çap olunsun, “Azərbaycan Gəncləri” qəzetində. Apardılar çap etməyə, mən də gözü yolda, kənddən gəlmiş uşaq, inanın, onlar aparan yeganə nüsxə idi. Əsgərlikdə yazmışdım həmin poemanı. Poemanın məzmunu belə ki, əsgərlikdə silahlara qulluq edən bir adamdır, gecə-gündüz silahları təmizləyir, amma kənddə anasını qoşa lülədən açılan güllə öldürüb. Bir növ, silahlanmanın əleyhinə gedən əsər idi.15 gün sonra gəldilər ki, bəs Əşrəf, yazını itirmişik yeni variantını ver. Sən təsəvvür et, mən necə olaram? Təxminən səkkiz yüz, min misranı mən necə bərpa edim? O qədər acığım tutdu, ədəbiyyatdan küsdüm.15 il əlimə qələm götürmədim, yazmadım. Sonra fikirləşdim, kimə nə edirəm? Özümə pislik edirəm. Yenidən başladım yazmağa. Həm də mən çox yazmağın da tərəfdarı deyiləm. Səksən şeir kitabı olar? Şeir kitabı olar 3 ədəd, uzağı 5 ədəd, səksən şeir kitabı nəyə lazımdır? Həm də, mən özümə qarşı çox tələbkaram, hər şeyi qələmə almaq istəmirəm. İlham yapışır yaxamdan, buraxmır ha, yaz məni deyir, bax onda istəyirəm yazam. Ona görə də azdır şeirlərimin sayı.
-Yeni şeirlər varmı?
-Bəli, var yeni şeirlər. Ancaq belədir ki, əzbər yadımda qalmır. İstəsən, oğlum göndərər.
-Bilirəm ki, ədəbi mətbuatı diqqətlə izləyirsiniz. Yeni nəsil yazarlar haqda düşüncələriniz maraqlıdır.
- Onu bilirəm ki, çox istedadlı gənclər var. Fərid Hüseyn, Şəhriyar del Gerani, Aqşin Yenisey - bu yazarlar mənim diqqətimi çəkən yazarlardı. Neftçalada bir şair var, Elnur Abdıyev. Sosial şəbəkələrdə oxuyuram onun yazılarını, “Ədəbiyyat”da oxuyuram, Azər Turan tez-tez verir yazılarını. İstedadlı gənclər çoxdur. Gəncədən tutmuş Lerikə qədər. Xanlar Həmid var , eşitmiş olarsan, Lerikdə yaşayır, “Avestanı” Azərbaycan dilinə tərcümə edib. İndi ikinci hissə üzərində işləyir. Mənim Əli Kərim adına Poeziya evinə rəhbərlik etdiyim zamanlarda yanıma gəlib-gedərdi. Bu dəqiqə də mənə ustad deyə müraciət edir. Eləcə də Aybəniz Əlyar çox yaxşı şairədir. Gəncədə gənc yazarlar var, yaxşı yazarlar var, İnqilab İsaq, Sahib İbrahimov, yaxşı yazarlar çoxdur. Hamısını əzbər yadda saxlamaq olmur, yaşımın da o vaxtı deyil, hamısı yadımda qalmır (gülür –red.). Amma oxuduğum yazarlar içərisində baxıram ki, istedadlıları var. Həm də fəxr edə biləcəyim, o cümlədən sənin özün, Əkbər, yəni, çoxdur yazarlar, Allah canların saxlasın.
-Təşəkkür edirəm maraqlı söhbət üçün.
-Mən də təşəkkür edirəm, xoş gəldin bizim Sumqayıta.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
STATUS YAĞIŞI - Rəşid Abdullayev ilə
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını yazar Rəşid Abdullayev üçün açır. Buyurun.
Çox yaşamaq insanı qocaltmır, bizi qocaldan gömülən arzularımız və hədəflərimizin olmamasıdır. İllər dərimizi büzüsdurə bilər, amma arzularımızı, həyəcanlarimizi təslim etsək ruhumuz büzüşər.
İnsanlar yaşadıqca yaşlandıqlarını sanarlar, halbuki, hədəflərinə aparan yolu yürümədikcə yaşlanırlar. İnsan qocaldığından şübhələndiyi gün qocalar! Gözəlliyə baxmağı özünə haram saydığı gün qocalar! Ömür hündür zirvədir, dırmandıqca təngnəfəs olur adam, amma ətrafı görmə imkanımız genişlər. Beynimiz yeni təcrübələr kəşf etdiyi müddətcə insan gəncdir. Amma Azərbaycanda qocalan uşaqlar başqa məsələdir. Arzularımızın, ümidlərimizin üstündə oturub bu Vətən!...
Goethe "Faust"u 83 yaşında bitirmişdi, memar Sinan Səlimiyyə məscidini tamamlayanda 86 yaşı vardı.
İnsan, özünə güvəni dərəcəsində gənc, şübhəsi dərəcəsində yaşlıdır. Cəsarəti dərəcəsində gənc, qorxuları dərəcəsində yaşlıdır. Ümidləri dərəcəsində gənc, ümidsizliyi dərəcəsində yaşlıdır. Ümidsizlikdir uşaqkən bizləri bu məmləkətdə çərlədib qocaldan...
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
Fiziki güc adama həm də mənəvi güc verir - NƏYİ SƏHV ETMİŞİK?
Dəniz Nəqliyyat Donanması Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Abdulla Atakişiyev redaksiyamıza “Fiziki hərəkət güc, enerji və həyat mənbəyidir” başlıqlı yazı təqdim edib. Yazını oxucularımıza təqdim edir, xüsusən gənc oxucularımızı ağsaqqal müəllifin tövsiyələrinə əməl etməyə çağırırıq.
Bəşəriyyətin ən qiymətli sərvəti insan, insan üçün isə ən qiymətli sərvət onun sağlamlığıdır. Hər bir adam üçün, elə cəmiyyət üçün də cansağlığından böyük sərvət yoxdur. İnsanların cansağlığının mühafizəsi və möhkəmləndirilməsi birinci dərəcəli əhəmiyyəti olan işdir. Yüksək texniki nailiyyətlər heç vaxt insanların səhhətinin qorunması və möhkəmləndirilməsi ilə müqayisə edilə bilməz. İnsanların sağlamlığı hələ Hippokrat dövründən müdrik insanların diqqətini cəlb etmiş, yunan xalqı “sağlam bədəndə sağlam ruh olar” atalar sözünü yaratmışdır. Qədim Elladanın nəhəng qayalarından birində bu sözlər yazılmış və bizim dövrümüzə qədər gəlib çatmışdır: “Güclü olmaq istəyirsənsə qaç, sağlam olmaq istəyirsənsə qaç, gözəl olmaq istəyirsənsə qaç.”
Bədən tərbiyəsi və idmanın bütün növlərində bu və ya başqa şəkildə qaçış və fiziki hərəkət vardır. Böyük Roma şairi Horatsi qədim Elladanın daş kitabəsini bəyənmiş və insanlara sağlamlıqlarını qorumaq naminə qaçmağı məsləhət görmüş, demişdir: “sağlam ikən qaçmasan, xəstələnəndən sonra qaçmalı olacaqsan.”
Antik dövrün böyük filosofu Platon sağlamlığı insan üçün birinci xoşbəxtlik amili hesab edirdi. Təbabətin banisi Hippokrata görə, fiziki hərəkətsiz müalicə yoxdur. Plutarx isə deyirdi: ”Baxın, gimnastika təbiətin şəfaverici hissəsidir.”
“Qanunlar” əsərinin müəllifi, xalq arasında Loğman adı ilə tanınan Əbu Əli ibn Sina yazırdı:
“İdmanla yaxşıca olsan aşina,
Çatarsan fərəhlə sən yüz yaşına.”
Makedoniyalı İsgəndər bədən tərbiyəsi və idmanla mükəmməl məşğul olduğuna görə Bosfor boğazını hələ uşaq ikən üzüb keçmiş, yeniyetmə ikən isə vəhşi atı – Busefalı ram etmişdi.
Alman filosofu İ.Kant həyatının ilk dövrlərində çox sısqa, çəlimsiz bir uşaq olmasına baxmayaraq, fiziki hərəkətlə, bədən tərbiyəsi və idmanla məşğul olmuş, qeyri-adi dəqiqliklə həyat sürmüş, 80 il yaşamışdır. Kant gəzintiyə çıxarkən Kensberq əhalisi onunla saatını yoxlayarmış. Dahi ingilis şairi Bayron idmanla müntəzəm məşğul olmaqla, anadangəlmə ayaq qüsurunu nisbətən aradan qaldırmış, dövrünün ən məşhur idmançılarından biri kimi tanınmışdır. Böyük rus sərkərdəsi Suvorov bədəncə çox zəif olduğuna görə, onu hərbi xidmətə götürmək istəməmişdilər. Lakin o, idmanla məşğul olmaq sayəsində nəinki hərbi xidmətə getmiş, hətta dövrünün ən dözümlü sərkərdələrindən biri olmuşdur. Fiziki tərbiyə insan həyatında böyük əhəmiyyət kəsb edir. Bədən tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafı üçün zəruri şərt hesab edilir. Ölkəmizdə hər bir adam yüksək mənəviyyatlı, əqidəli, zəhmətkeş, əməksevər vətəndaş, habelə hər an VƏTƏNİN müdafiəsinə hazır olan möhkəm sağlamlığa, fiziki keyfiyyətə malik insan olmalıdir.
Sağlamlıq- hər bir adamın uzunömürlüyünü, yaradıcı əməkdə iştirakını təmin edən, ailə qurmağa, uşaqların tərbiyəsi qayğısına qalmağa kömək edən fiziki və ruhi keyfiyyətlərin məcmuyudur. “Sağlamlığı aptekdən almaq mümkün deyil.” Hər bir valideyn lap kiçik yaşlarından uşaqların sağlamlığı qayğısına qalmalıdır. Çünki yalnız sağlam adam cəmiyyətin əldə etdiyi sosial-iqtisadi imkanlardan lazımınca istifadə edə bilər və onları özünün maddi rifahının yüksəldilməsi vasitəsinə çevirə bilər. Sağlamlığı mühafizə edən və möhkəmləndirən mühüm amillərdən ən birincisi, əsası fəal hərəkətdir, zəruri fiziki qüvvənin işlədilməsidir. Bu, təbiidir. Çünki bütün canlı varlıqlarda fitri hərəkət etmək təlabatı vardır. Hərəkət etmək təlabatının ödənilməsi üçün insan qaçmalı, yeriməli, hoppanmalı, turnikdə dartınmalı və müxtəlif fiziki hərəkətləri icra etməlidir. Fiziki hərəkət orqanizmin həyat fəaliyyəti, onun ayrı-ayrı üzvləri və sistemlərinin zəruri təbii stimuludur.
Uşaqların fiziki təmrinləri, çalışmaları, hərəkətləri icra etmələri onlarda şən əhval-ruhiyyə yaradır, onların sağlamlığını və gümrahlığını təmin edir. Fiziki tərbiyə uşaqların sağlam və möhkəm, dözümlü böyüməsini təmin edir, onlara həyatda zəruri olan hərəkət, bacarıq və vərdişləri (düzgün yerimək, qaçmaq, tullanmaq, üzmək, təbii amillərdən düzgün istifadə etmək və sair) aşılayır, onları əmək həyatına və vətənin müdafiəsinə hazırlayır. Fiziki təmrinlər, çalışmalar sağlamlığı təmin edən təbii, habelə gigiyenik amillər də fiziki tərbiyədə mühüm rol oynayır. Yaşayış yerləri, həyətlər, məhəllələr yetişən yeni nəslin tərbiyəsində, xüsusən də fiziki tərbiyəsində əhəmiyyətli rol oynayır. Uşaq və yeniyetmələr məktəbdənkənar asudə vaxtlarının əsas hissəsini öz yaşayış yerlərində, həyətlərdə keçirirlər. Əslində yaşayış yerlərində əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün dövrün tələblərinə uyğun şəraitin yaradılması vacibdir.
Tarixə nəzər saldıqda ölkəmizdə insan sağlamlığında özünəməxsus rol oynayan bədən tərbiyəsi hərakatını kütləvi hərakatdan ümumxalq hərakatına çevirmək işində, yaşayış yerlərində bədən tərbiyəsi-idman işinin qabaqcıl rol oynadığı daim diqqət mərkəzində olduğu nəzərə çarpır. 70-ci illərdə Mənzil İstismar Sahələrində
idman klublarının yaradılması üzrə iş bütün respublikada geniş vüsət almışdı. Bu dövrdə yaşayış yerlərində bədən tərbiyəsi və idman işinin bütün formaları ilə 50 mindən çox adam məşğul olurdu. 1979-cu ildə respublikanın mənzil-istismar təşkilatlarının ştatlarında 110 nəfər təşkilatçı- müəllim və bədən tərbiyəsi təlimatçısı olmuşdur.
Yaşayış sahələrində 14 bədən tərbiyəsi-idman klubu yaradılmış, 310 sadə idman meydançası salınmışdır. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 4№-li Mənzil-İstismar Sahəsində təşkilatçı-müəllim işlədiyim dövrdə, yəni 1988-ci il 22 iyun tarixdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnistutunun Elmi Şurasının qərarı ilə şobə müdiri, Pedaqoji Elmlər Namizədi Əjdər Ağayevin rəhbərliyi ilə “Məktəblilərin asudə vaxtının səmərəli təşkilində yaşayış sahələrində fəaliyyət göstərən uşaq klublarının iş sistemi” mövzusunda dissertasiya işim təsdiq edildi. Bununla da adı çəkilən sahə bir tədqiqat obyekti kimi uzun müddət mənim diqqət mərkəzimdə olmuşdur. 80-ci illərin sonuna qədər bu sahəyə müəyyən diqqət var idi. Çox təəssüf ki, sonralar bu sahə tamamilə unuduldu, yaddan çıxarıldı. Yaşayış sahələrində fəaliyyət göstərən uşaq klublarını, sadə idman qurğularını “daha əhəmiyyətli” obyektlər, qurğular əvəz etdi. Bu gün həyət və məhəllələrdə əvvəllər qurulmuş turniklər, paralel qollar və başqa bu kimi sadə idman qurğuları sındırılmış, məhv edilmiş və ya çürüyərək öz keyfiyyətini itirmişdir. Tək-tək qalanlar isə baxımsızlıqdan sakinlər tərəfindən yun, xalça, palaz yumaq, qurutmaq üçün istifadə olunur.
Nəzəri və təcrubi cəhətdən uzun müddət bu sahə ilə maraqlanmış bir şəxs kimi deyə bilərəm ki, son dövrlərdə heç bir məhəllədə və ya həyətdə hər hansı bir turnik və ya başqa sadə idman qurğusu qoyulmamışdır. Bəzi yerlərdə bu işi sakinlər, özü də çox sadə və primitiv şəkildə həyata keçirmişlər. Acınacıqlı hal ondadır ki, çox yaxından əlaqəm olan məktəblərdə əsaslı təmir işləri aparılan zaman tam yararlı olan turnik və başqa sadə idman qurğuları bərpa və təmir edilmək əvəzinə tamamilə ləğv edilmişdir. Məlum olduğu kimi bu gün hərəkətsizlik, oturaq həyat, pis vərdişlərə aludəçilik kimi qlobal bir bəla infeksiya xəstəliyi kimi bəşəriyyəti tədricən ağuşuna alır.
Dolayı və ya birbaşa yolla biz özümüz də bu problemin, bəlanın genişlənməsinə, ayaq açmasına şərait yaradırıq. Həyətlərə, məhəllərə, küçələrə nəzər salın. Bekarçılıqdan avara-avara gəzən, küncdə, bucaqda sallağı oturaraq siqaret çəkərərək, lağ-lağı etməklə gününü başa vürmağa çalışan uşaq, yeniyetmə və gəncləri görəndə təəssüf hissi adamı bürüyür. Turnik olan həyətlərdə gənclərin bir-birinə baxaraq müxtəlif idman hərəkətləri etdiyinin, hətta yarışdıqlarının dəfələrlə şahidi olmuşam. Canlı nümunə uşaq və yeniyetmələrin həyatında mühüm rol oynayır, onları həvəsləndirir, ruhlandırır, birbaşa və ya dolayı yolla fiziki hərəkət, idman etməyə təhrik edir. Keçən dövr ərzində mən özüm idman hərəkətləri edən zaman yeniyetmələrin maraqla məni izlədiklərini və gördükləri hərəkətləri tədricən təkrar etməyə çalışdıqlarının dəfələrlə şahidi olmuşam. Hətta bəziləri onunla məşğul olmağım üçün məndən xahiş etmişlər. Ancaq mənim peşəkar idmançı, məşqçi olmadığımı söylədikdə inanmamış, heyrətlənmiş və təəssüflənmişlər. Müşahidələrimə əsaslanaraq bildirmək istəyirəm ki, bu gün orta məktəbləri bitirən oğlan uşaqlarının əksəriyyəti əgər hər hansı bir idman növü ilə məşğul olmursa o, turnikdə ən sadə çəkinmə hərəkətlərini belə yerinə yetirməkdə çətinlik çəkir. Bu günün şagirdi sabahın əsgəridir. Hərbi xidmət zamanı bir çox fiziki hərəkətlər kimi turnik hərəkətləri də əsgərin yaxından gərəyi olmaqla yanaşı, eyni zamanda bir neçə turnik hərəkətlərindən ibarət hərbi normaları təhvil vermək lazımdır. Məktəb illərində lazımi fiziki vərdişlərə yiyilənməmiş əsgər həbi xidmət zamanı müəyyən çətilikəırlə qarşılaşmaq məcburiyyətində qalır.
Hərbi xidmət müddətində belə halların yaşanmaması üçün hər bir oğlan məktəb illərində hərbi xidmətə hazırlanmalıdır.
Bunun da ən asan və gərəkli yolu fiziki hərəkət, idmandır. Bu isə ancaq ailə və məktəbin birgə fəaliyyəti zamanı əldə edilir və nəticəsi də ürəkaçan olur.
Yaxşı yadımdadır, 1975-ci ilin iyun ayında hərbi xidmətə başladığım rotada ilk fiziki hazırlıq təlimində turnikdə 12 dəfə çəkindim. Bu, komandanlığın çox xoşuna gəldi və qiymətləndirildi. Bir müddət sonra rotanın fiziki hazırlıq işinə rəhbərlik və nəzarət mənə həvalə edildi. Bu, mənim məsuliyyətimi daha da artırdı, həm də turnikdə fiziki hərəkətlərə, idmana həvəsimi bir az da çoxaltdı. Öz üzərimdə daha çox işləməyə başladım. 1976-cı ilin 1 may tarixində 2000-dən artıq əsgər və zabitin iştirakı ilə keçirilən idman yarışında turnikdə 25 dəfə çəkilmə və turnikin üzərində fırlanma hərəkəti edərək üçüncü yeri tutdum. 1977-ci ilin 1 may tarixində isə 67 dəfə birdən qol gücünə turnikin üzərinə qalxma hərəkətini edərək birinci yerə layiq görüldüm. Medal və Fəxri fərmanla mükafatlandırıldım. Fiziki hazırlıq işində turnikin rolu əvəzolunmazdır. Çünki turnikdə bədənin demək olar ki, bütün hissələrini və əzalarını məşq etdirmək mümkündür. Yeniyetmə və gənclərdə turnikə həvəsi artırmaq lazım və vacibdir.
Bunun ən yaxşı yolu məktəblərdə, həyət və məhəllələrdə müasur turniklərin və başqa bu kimi sadə idman qurğularının qurulmasıdir. Buna əməl olunarsa, həvəskarların da sayı tədricən artar. Üstündən uzun müddət keçməsinə baxmayaraq turnikdə məşq edərkən kənardan məni müşahidə edən batalyon kamandiri, mayor V. Prilipkanın yarızarafat, yarıciddi sölədiyi fikir heç vaxt məni tərk etmir: “Afərin! Atakişiyev güclü və çevik əsgərdir. Onunla zarafat etmək qorxuludur.” Bu gün də mən hərbi xidmət zamanı qazandığım, əldə etdiyim ciddiliyi, nizam-intizamı, məsuliyyəti, fiziki hərəkətlərə, idmana olan sevgimi, məhəbbətimi qoruyub saxlamağa çalışıram.
Mümkün qədər də öz istəyimə çatıram. Ancaq bu çox böyük və gərgin zəhmət bahasına başa gəlir. Bu da məni sevindirir, ruhlandırır, gələcəyə, yaşamağa olan sevgimi, məhəbbətimi artırır. Bu günlərdə növbəti məşqlərin birində sakit, asta-asta gəzişərək, kənardan məni izləyən 78 yaşlı Əsədulla kişi: ”Mən səni gördüm, gəncliyim yada düşdü, hisslərim coşdu. Özümü sənin yerində hiss etdim. Mən də çox istərdim həmən fiziki hərəkətləri təkrar edim, ancaq artıq bacarmaram, gecdir. Sən fəxr olunmalı, nümunə göstərilməli bir iş görürsən. Çox istərdim, övladlarım, nəvələrim səndən nümunə götürsünlər. Sən də heç vaxt həvəsdən, ruhdan düşmə, belə davam elə, UĞURLAR!”- deyə əllərimi sıxdı.
Mənimlə salamlaşıb əllə görüşən onlarla insan əllərimdəki qabarları hiss edəndə və ya görəndə, qabarların turnikdə edilən mürəkkəb fiziki hərəkətlər nəticəsində yarandığını yəqin etdikdə gözlərində təəccüb, heyrət hissləri oxunur.
Ancaq burada heyrət, təəccüb doğuracaq heç nə yoxdur. Əgər başqalarına baxıb heyrətlənmək, təəccüblənmək istəmirsinizsə, fəal, qıvraq olmaq istəyirsinizsə, oturaq, passiv həyatdan uzaq olun, yaşınıza, səhhətinizə uyğun olaraq güc, enerji və həyat mənbəyi olan fiziki hərəkətlə, idmanla məşğul olun. Başlamaq isə heç vaxt gec deyil. Başlayın. Unutmayın ki, “idman-güc, fəal və sağlam həyat tərzi, xoş əhval-ruhiyyə, yüksək ruh deməkdir.” Sizə uğurlar!
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
Mədəniyyət naziri Adil Kərimli iyulun 29-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdən əvvəl nazir Adil Kərimli və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Görüş zamanı Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə iştirak edən şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqət göstərilib, onların müraciətlərinə vaxtında baxılması məqsədilə qeydiyyat aparılaraq nəzarətə götürülüb.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
Ankarada keçirilən mədəniyyət festivalında Azərbaycan geniş təmsil olunub
Ankaranın Keçiören rayon bələdiyyəsi və TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının birgə təşkilatçılığı ilə “Beynəlxalq Keçiören Türk dünyası şöleni” adlı festival keçirilib.
AzərTAC xəbər verir ki, Ankaradakı Yayla məhəlləsindəki Lavanta və Gül Baxçası parkında reallaşan tədbirdə ölkəmizi səfirliyimiz nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev təmsil ediblər.
“Beynəlxalq Keçiören Türk dünyası şöleni” adlı tədbirdə Ankara Keçiören Bələdiyyəsinin sədri Mesut Özarslan, TÜRKSOY-un Baş katibi Sultan Raev, Ankara Böyükşəhər bələdiyyəsinin rəhbəri Mansur Yavaş çıxış edərək Türk dünyası, dövlətlərimiz arasında tarixi qardaşlıq, həmrəylik, ortaq dəyərlər haqqında danışaraq, təşkil olunan tədbirin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını, böyük bir coğrafiyada yaşayan türk xalqlarının zəngin mədəniyyətini nümayiş etdirməyə imkan verdiyini söyləyiblər.
Tədbirdə Türk dövlətlərinin Türkiyədəki təmsilçilərinə xüsusi mükafatlar təqdim edilib. Azərbaycan səfirliyi və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi də əməkdaşlığa verdiyi töhfələr üçün xüsusi mükafata layiq görülüb.
Türk dövlətlərinin mədəniyyətinə həsr olunmuş böyük konsert proqramı təqdim edilib.
Tədbirdə Azərbaycandan gələn incəsənət ustaları, "Səma" Rəqs Ansamblı milli rəqslərimizi və mahnılarımızı təqdim ediblər.
Konsert proqramında Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının musiqi kollektivlərinin çıxışı maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
“Salur Qazan və Aruz Qoca” - KAMAL ABDULLA
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə görkəmli ədib, Xalq yazıçısı Kamal Abdullanın “Gizli Dədə Qorqud" silsiləsindən “Salur Qazan və Aruz Qoca” essesini təqdim edəcəyik.
Dastan deyir ki, Aruz Qoca Salur Qazanın dayısıdır. Heç bir boyda biz bu qohumluq dərəcəsinin verdiyi imtiyazların biruzəsini görmürük. Bu informasiya son dərəcə adi təsvir səviyyəsində təqdim edilir. Bu qəhrəmanların bir-birinə münasibəti Dastanın aşkar qatında bu qohumluğa görə nə daha yaxın olur, nə də daha uzaq olur. Qohumluq amili münasibət qurmaq işində heç bir rol oynamır.
Amma Dastanın başqa bir gizli qatı da var. Salur Qazan ova getməyə hazırlşırkən Aruz Qoca ondan soruşur: elini-obanı qoyub gedirsən. Sası dinli Gürcüstan ağzına gedirsən. Ordun üstünə kimi qorsan?
Bəlkə də təhlilin sentimental (intim) tərəfi belə bir təxmin üçün əsas verir ki, Aruz Qoca bu sualı verərkən məhz özünü ordu başında görmək istəyir. Bu onun gizli niyyəti kimi qəbul edilə bilər. Salur Qazan isə təcrübəli Aruz Qocanı deyil, təcrübəsiz oğlu Uruzu evini qoruyan ordunun başına təyin edib ağır səfərə yola düşür. Salur Qazanın bu addımını Aruz Qocaya qarşı bir münasibət bildirişi kimi anlamaq olar.
Qədim əcdadlarımız da digər dünya xalqları kimi öz qədim tarixlərində matriarxat dönəmində yaşamışlar. Anaxaqanlıq kimi qəbul etdiyimiz bu dönəm qadınların cəmiyyət daxilində aparıcı mövqeyi ilə səciyyələnir. Bu dönəmin ən əsas göstəricisi Dastanın Müqəddimə hissəsində belə bir ifadə ilə öz təzahürünü tapır: "Oğul kimdən olduğun ana bilir". Məhz bu ifadə öz semantikası ilə ananın (qadının) cəmiyyətdə tutduğu əsas yerə aydın şəkildə işarə edir.
Ananın (qadının) rolu bu şəkildə başlayır və elə Dastanın bizə daha yaxın dövrünün məhsulu olan məqamlarında "Ana haqqı - Tanrı haqqı" ifadəsi ilə başa çatır. "Oğul kimdən olduğun ana bilir"dən "Ana haqqı - Tanrı haqqı" düşüncəsinə qədər gələn inkişaf yolu, əslində, matriarxatdan daha sonrakı patriarxat dövrünü kompressiyalaşmış (sıxılmış) şəkildə əhatə edən bir bədii modeldir.
Matriarxat dövründə "ana" və onun təmsil etdiyi mənəvi - genetik zümrənin nümayəndələri cəmiyyətdə (əslində, tayfada) xüsusi bir "nəvazişlə" dəyərləndirilir. Qədim dövrlərdəki münasibətlərdən birini ifadə edən belə bir anlayış var: avankulat. Bu, dayıya münasibətin adıdır. Dayı kultu deməkdir. Aydındır ki, bu anlayışın arxasında anaya itaət durur. Avankulat mtriarxatın ən bariz münasibətbildirmə göstəricilərindən biridir. Qədim cəmiyyətlərdə bu şəkildə dayı kultunun mövcudluğunu görə bilirik.
Aruz Qocaya bir dayı kimi münasibət, hətta onun faciəli şəkildə sonuncu boyda iki bacıoğlu (Salur Qazan və Qaragünə) tərəfindən amansızcasına öldürülməsi onu göstərir ki, Oğuz cəmiyyəti matriarxat dönəmidən artıq sıyrılıb çıxmaqdadır.
Sual edilə bilər: Aruz Qocanın suçu böyük idi. O, Qazanın sevimlisi Beyrəyi hiylə ilə evinə çağırmış, onu Qazana qarşı mübarizəyə dəvət etmiş, rədd cavabı almış və ölümünə səbəb olan qılınc zərbələri ilə yaralamışdır. Oğuz içinə ikitirəlik salmış, üsyan bayrağını qaldırmışdır. Ona görə də Salur Qazanın hətta döğma dayısına qarşı bu cür amansız hərəkəti anlaşılan deyilmi?!
Bu suala belə bir sualla cavab vermək olar. Bütün bunlara baxmayaraq matriarxat dövründə avankulata qarşı belə bir addım atmaq mümkün olardımı?! Yəqin ki, bu suala "yox" deməli olacağıq. Mifoloji təfəkkür belə bir faciəli sonluğa yol verməzdi. Ya da biz bu gün başqa bir strutur-semantik mikromətnlə üz-üzə qalmış olardıq.
Aruz Qocanın Dastanda təsvir edilən kimi nümayişkəranə (bizə görə - amansız, mətnə görə geridönməz) şəkildə məhv edilməsi (başının bədəndən ayrılması) Dədə Qorqudun Oğuz cəmiyyəti üçün nəzərdə tutulmuş həyat dərslərindən biri kimi diqqəti cəlb edir. Cəmiyyətin Dədə Qorqud dərslərinə ehtiyacı var idi və ulu ustad cəmiyyətin inkişafı naminə bu dərsləri bir-bir, usanmadan cəmiyyət üzvlərinə təqdim edirdi.
Dayı kultundan (avankulatdan) uzaqlaşmaq, düşünürük ki, qədim cəmiyyətin ilk növbədə fiziki gücünü təmin edə bilən reallıqlara üz tutmaq demək idi. Və cəmiyyət üzvü bu şəkildə dayı qəzəbindən, ana qəzəbindən azad olmağa hazırlanırdı. Bu bir keçid dönəmi idi və Dastan bu keçid dönəmini məhz bu şəkildə modelləşdirirdi.
"Bacıoğlu-dayı" münasibətlərinin dərininə, Dastandakı gizli məqamlarına keçmək istəyiriksə, onların ayrı-ayrılıqda bəzi səciyyələrinə bir daha nəzər salmaq lazımdır. Bu nəzər nöqtəsi bizə qəhrəmanlarda indiyə qədər görmədiyimiz bəzi cəhətləri üzə çıxarmağa imkan verir.
Salur Qazandan başlayaq. Bəylərbəyinin bir sıra düşünülməmiş hərəkətləri Oğuz tayfaları üçün əməlli-başlı təhlükəli məqamlar yarada bilər deyə düşünürük. Misal üçün "Bəkil oğlu İmran" boyuna müraciət edək.
Bəkil Oğuzun sərhəddini qoruyan bir qəhrəmandır. Bayındır Xanın sərhəddə bu missiyanı həyata keçirmək təklifini Oğuz bəyləri içindən təkcə o qəbul etdi. Onu Oğuzda ağırlamağı, zəhmətinə və xidmətinə qarşılıq olaraq isti-ilıq münasibət bildirməyi Oğuz bəyləri özlərinə borc bilir.
Bəylər Bəkili ova dəvət edirlər. Onlar Bəkilin ov məharətindən ağız dolusu danışıb ona hədiyyələr verir, Bəkilə xoş gəlsin deyə öyüb dururlar. Bəkilin bir ovçu kimi şücaəti bir oxla heyvanın qabaq ayağını qulağına vurub pərçimləməkdir. Onun bu məharətindən bütün Oğuz əhli xəbərdardır, çünki Bəkil bu şəkildə ovladığı heyvanı hər dəfə Oğuza göndərirmiş. Oğuz bəyləri bunu əsl ovçu məharəti kimi qəbul edir və Bəkili dəvət etdikləri ov zamanı tərif edib könlünü xoş etmək istəyirlər. Bəs Salur Qazan nə edir?!
Salur Qazan Bəkilin bu məharətinə ağız büzür, məharətin Bəkilə deyil, onun atına aid olduğunu iddia edir. Bu sözlərdən pərt olan Bəkil bəylərin hədiyyələrini yerə tökür, təkcə Qazana deyil, bütün Oğuza küsür, dəstəsini çəkib evinə, Oğuz sərhəddinə qayıdır. Bəkil hətta kafir elinə gedib məskən salmaq, Oğuza asi olmaq barədə düşünür. Qazanın, belə deyək, düşünmədən dediyi sözlər Oğuz üçün belə acı perspektivlər yarada bilərmiş.
Başqa bir məqama diqqət yetirək. Dastan deyir ki, "ol zamanlar" Salur Qazan İç Oğuz və Dış Oğuz bəylərini ağırlamaq üçün ildə bir dəfə halalı Boyu uzun Burla xatunun əlindən tutub evindən çıxar, İş Oğuz, Dış Oğuz bəyləri bundan sonra onun evinə girər, evdə nə varsa yağmalar, kim nə istərsə özü üçün götürərdi. Qədim bir cəmiyyət üçün səciyyəvi olan və bu günkü təsəvvürdə demokratik münasibətin ilkin qədim təsəvvürü kimi özünü göstərən bu prinsip bir dəfə Salur Qazan tərəfindən pozulur və Dış Oğuz bəyləri yağmaya çağrılmır.
Aruz Qoca Dış Oğuz bəyi və ağsaqqalıdır. O, Qazanın bu hərəkətinə qarşı üsyan bayrağını qaldırır, digər Dış Oğuz bəylərini ətrafına yığır və İç Oğuzla, bəylərbəyi Salur Qazanla münasibətini kəsir.
Əslində, "əgər...onda..." kimi qeyri-səlis məntiq prinsipini tətbiq edərsək, cərəyan edən hadisələrin münasibətini belə qura bilərik: əgər cəmiyyətdə demokratik prinsiplərin pozulması səbəb kimi özünü göstərərsə,, onda nəticədə hakimiyyətə qarşı üsyan baş erə bilər".
Salur Qazan məhz bu prinsipi pozmuşdu və onun doğma dayısı Aruz Qoca, əslində, bu demokratik prinsipin pozulmasının qarşısını almaq üçün üsyan bayrağını qaldırmışdı. Oğuz cəmiyyəti iki yerə bölünmüş, qarşıdurma yaranmış və üsyan Aruz Qocanın qanı bahasına yatırılmışdı. Yenə də Salur Qazanın bir bəylərbəyi kimi əsaslandırılmamış, Oğuzun başına bəlalar gətirə bilən hərəkətinin şahidi oluruq.
Beləliklə, biz nəyi görə bilirik?! Biz qədim bir cəmiyyətə xas olan və bəlkə də Salur Qazanın özünün ortaya atdığı ilkin demokratik prinsipin onun özü tərəfindən pozulmasını və bu demokratik prinsipin bərpası uğrunda öldürən və ölən Aruz Qocanı görürük.
"Kitabi-dədə Qorqud" dastanı öz ideoloji-bədii yönü ilə qədim cəmiyyətin inkişaf kompasıdır. O, cəmiyyətin xaosdan kosmosa, sistemsizlikdən sistemə, matriarxatdan patriarxata keçid dönəmini mənəvi cəhətdən hazırlamaq funksiyasını həyata keçirir. Bir növ unudulmuş bir mənəvi məkandan yeni bir dünyaya aparan körpü kimi özünü göstərir.
"Bacıoğlu-dayı" münasibətlərinin Dastanda bu şəkildə dərin, gizli qatdakı təzahürü həmin körpünün etibarlı olmasının daha bir göstəricisidir.
Bu gün özündən razı ölkələrdə bəzi siyasətçilərin "yeri gəldi-gəlmədi", demokratiyadan danışması fonunda əcdadlarımızın hələ, Dastan dili ilə desək, "ol zamanlar" demokratiya uğrunda apardıqları mücadilə bizə belə deyir: qədim təsəvvürlərimizi öz dərin qatında bəzən gizlədib yaşadan Dastanımız bu gün dünyaya təqdim etdiyimiz Azərbaycan həqiqətləri istiqamətində hələ çox mətləblər ortaya qoya bilər.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)