Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Aləmzər Sadıqqızının şeirlərini təqdim edəcəyik. 

 

 

Unutdum...

 

Canımı qoymağa yer tapmayanda

Başımı ayrılığa qoydum.

Yuxuya verdim gözlərimi,

Layla dedim buludlara,

Nağıl dedim ulduzlara,

Unutdum bu dünyanı, unutdum sən qarışıq...

 

İçimdə küt ağrı kimidi bu yorğun sabah,

Günəşi buz kimi.

Quşları da oxumur bu səhərin,

Çiçəkləri ətirsizdi baharın.

Adamları etinasızdı dünyanın,

Unutdum adamları, unutdum, sən qarışıq...

 

Əlimi açdım göyə, Tanrı ilə danışdım,

Bir az hüzur istədim,

Bir az ömür istədim.

Səni unutmaq üçün bir az dözüm istədim,

Ayrılığa bir çözüm, bir də çarə istədim,

Unutdum ayrılığı, unutdum sən qarışıq.

 

Hamı gülsün, gül açsın, güllər gülə verilsin,

Mənsiz açsın çiçəklər, mənsiz gülsün ürəklər.

nəğmə desin dodaqlar, gülsün bütün ocaqlar,

Gülsün, Yer üzü gülsün,

Mən gülməyi unutdum, unutdum, sən qarışıq...

 

Gözlər sevgidən gülər,

Ürək sevgidən dinər,

Həyat nəğmələrini sevgi dilində söylər,

Arılar çiçəklərə, çiçəklər böcəklərə,

Küləklər ağaclara, ağaclar yarpaqlara,

Qaranquşlar bahara, həyat yaşayanlara

Məhəbbətdən, sevgidən minbir nağıl danışar.

Sən olmayan dünyanı sevməyi bacarmadım,

Unutdum sevməyi də, unutdum, sən qarışıq...

 

*

Yenə kövrəlmişəm, göy üzü kimi,

Axşamdan kəsməyən yağış kimiyəm.

Bütün duyğuları gözündən daman,

Kədərdən çatlayan baxış kimiyəm.

 

Buludum içimdə, göyüm içimdə,

Mənim ağrılarım özümdən yağır.

Ürəyim dünyanın daman yeridi,

Hərdən dolub, daşır, gözümdən yağır.

 

Bu qismət, bu tale, bu nə yazıymış,

Könlüm bir atəşdə bişən deyilmiş.

Əzəldən bu nağıl kəm yazılıbmış,

Sonunda almalar düşən deyilmiş...

 

*

Ruhuma yağan yağış,

Gəl, sənə bir sirr açım:

Mənim sevgidən deyil,

Səndən islanıb saçım.

 

Səni sevdiyim kimi,

Bir kimsəni sevmədim.

Sənlə danışdığımı,

Sevdiyimə demədim.

 

Səni alıb ovcuma,

Dönə-dönə öpürəm.

Çəkirəm ürəyimə,

Gözlərimdən tökürəm.

 

Qoşulub mən də sənə,

Uşaq kimi yağıram.

Bəlkə kipriklərimlə

Sənə nağıl yazıram.

 

Biri varmış, biri yox,

Pir payız, bir yaz varmış.

Biri göyü sevirmiş,

Biri yerə aşıqmış.

 

Sən iki sevgilinin

Söhbətisən, sözüsən.

Yerlə Göy arasında

Məhəbbətin dilisən!

 

Bəlkə o üzdən səni,

Sadəcə sevən anlar,

Kimsə bilməz dərdini,

Sənə danışar, ağlar...

 

*

Mən səni görəndə quruyar dilim,

Əllərim titrəyər, ürəyim əsər.

Yol olmaz geriyə qayıdım deyə,

Göz yaşım danışar, sözümü kəsər.

 

Mən saçı ağaran uşaq kimiyəm,

Bir az böyüt məni, bir az öy məni.

Elə bir nağıl yaz dünyama mənim

Bir az yer tanısın, bir az göy məni.

 

Sən də bir mələksən, göydən gəlmisən,

Gəl qarış ruhuma, həsrətim gülsün.

Şeytanı mələkdən bu bol dünyanın

Bir Aləm adında mələyi ölsün.

 

*

Məni unutmağı asan bilmə sən,

Bilirsən ruhunda, qanındayam mən.

Aldığın havada, içdiyin suda,

Təpədən-dırnağa canındayam mən.

 

Nə qədər könlümü oyursansa, oy,

Həsrətin əliylə ürəyimi soy.

Apar əllərini ürəyinə qoy,

Gör necə qəlbinin yadındayam mən.

 

Bir xoş xatirə yox, anıb güləsən,

Bilmirəm, ömrümə gəldin niyə sən?!

Qoy deyim, ömürlük bunu biləsən,

Ölüncə təninin solundayam mən!

 

Başını götürüb getdiyin yerə,

Özündən qaçıb da itdiyin yerə,

Məni ürəyindən atdığın yerə

Dönüb görəcəksən yanındayam mən.

 

Sənsiz əllərimin səsi üşüyər,

Ölən arzuların nəşi üşüyər,

Ölən bir qəribin yası üşüyər,

Bilmərsən, o anda hayandayam mən.

 

Səni kim ağlayar məndən savayı?!

Yıxılar könlümün sənli sarayı,

Ay mənim könlümün hayı-harayı,

Səslərsən, görərsən məzardayam mən!

 

*

Məndən inciməyi heç düşünməyin,

Belə yaşayıram... belə... birtəhər...

Heç kim küsə bilməz mən könüllüdən,

Özümdən inciyib, küsdüyüm qədər.

 

Sormayın necəyəm, bilməyin necə,

Gecə mənlə yatır, ya mənmi gecə?

Bir ömür oynadım, sonu heç-heçə...

Ondan yıxır məni, yıxır bu kədər.

Gözümdən könlümə damır göz yaşım,

Unudur məni də mənim yaddaşım.

Mənim sirr yoldaşım, öz ürək daşım.

susduqca içimi yeyir bu qəhər.

 

Hər gecə içimi didər bir sual,

Özüm öz qarşımda bitərəm lal-lal.

Min dərdə bölünər, olar halbahal,

Görən, açılarmı, görən, bu səhər!

 

Kimi dünya yeyir, kimi qəm yeyir,

Kimi ömür boyu duman, çən yeyir.

Birisi bəs qədər, biri kəm yeyir,

Kiminin udduğu havası zəhər.

 

Yazar min sevincdən barsız ömrünü,

Elə hey xərclənən karsız ömrünü.

Bu nakam ömrünü, şansız ömrünü

Yazar sətir-sətir... verər min bəhər.

 

 

Bir ayrılıq var

 

Bir az ürəyinə, bir az gözünə

Yığ məni, özünlə apar, nə olur.

Üzünə baxanda bilirsənmi heç

Nədən gözlərimə yağışlar dolur?

 

Sənsiz boşalacaq, bəlkə bu dünya,

Bəlkə də güləcək taleyin üzü.

Nə öz ürəyimə əllərim yetmir,

Nə də sənə çatmır sözümün gücü.

 

Hələ də bilmirsən, hayana getsən,

Mənim gözlərimdən keçib gedərsən.

Yumub gözlərimdən tökərəm səni,

Qayıdıb dünyaya təzədən gələrsən.

 

Nə deyim, yolundan saxlayım səni,

Sənə söz verməyə bircə ümid yox.

Nə yazıq, hər şeyi bu bol dünyanın

Azarı-bezarı sevincindən çox.

 

Getsən də, ölümdü, qalsan da, ölüm,

Çətini özündən gedənəcəndi.

Səninlə mənim də xoşbəxtliyimiz

Ölüb bu dünyaya gələnəcəndi.

 

Səndən mənə qalan bircə əmanət,

Gözümü sildiyin bircə yaylıq var.

Ölümdən qorxmuram, ölümdən çətin

Əlimə verdiyin bir ayrılıq var!

 

*

Hər şey bura qədərmiş,

Bitdi bütün arzular.

Daha oxunmayacaq

Yazılmayan nağıllar.

 

Demə, ömrün sonuymuş

Əvvəli saydığım gün.

Yazılmayıb ömrümə

Səni tanıdığım gün.

 

Özüm qurdum, yaratdım,

Öz içimdə böyütdüm.

Qaldırdım zirvələrə,

Endirməyi unutdum.

 

Dağılıb yerə, bir bax,

Olmayan xatirələr.

Üşüyür əllərimdə

Açılmayan səhərlər.

 

İçimdə qırx otaq var,

Lap sonuncu açılıb.

İçində ölən qızın

Könlündə sirr asılıb.

 

Bu da sonuncu nəğməm,

Tökülür yanağımdan.

Mən şeir yazmıram ki,

Qan süzür varağımdan.

 

Bir Aləm var, bir ölüm,

Dayanıblar üz-üzə.

Söz də bitib deyəsən,

Baxışırlar göz-gözə.

 

 

Qoy, nuruna boyanım...

 

Aç qolunu, çağır məni yanına,

Bulud olub, yağıb yerə tökülüm.

Bükülməyə beşcə arşın bezim yox,

Qoy, bir ovuc torpağına bükülüm.

 

Ay göylərdə taxtın qurub oturan,

Qoy, bir ağız ağı deyim, ağlayım.

Həyat verib yaşatdığım birini

Yoxluğumla içdən-içə dağlayım.

 

Nə çəkirəm, sən bilirsən, bir də mən,

Səndən gələn hər əzaba razıyam.

Tərəzinin bir gözündə savablar,

Bir gözündə yüz dərdimin azıyam.

 

Hikmətinə sual yoxdu əzəldən,

Nəyi-nəyə böldüyümü bilirəm.

Niyə doğdum bu dünyaya, bilmirəm,

Amma nədən öldüyümü bilirəm!

 

Aləm adlı bu qızını bağışla,

Qoy, diz çöküm, qüdrətinə dayanım.

Nur içində yaşamadım, bilirsən,

Elə öldür, qoy nuruna boyanım!

 

*

Evim deyəndə yadıma düşür

Uşaqkən qurduğum evciklər...

Onlar daha gözəldi

Arzularıyla,

Ümidləriylə,

Sevgiləriylə...

İnanırdı bir gün şipşirin yuvası olacaq,

Pəncərələrində çiçəkləri gülümsəyən,

Gözlədiyi qonaq gələcək

Əlındə sevgi dolu zənbili...

 

Anlamazdı heç kimdi o qonaq,

Bir az atasına bənzəyirdi,

Bir az da müəlliminə.

Xəyalları doluşardı o kiçik evciyinə,

Anasının köhnə yaylığı xalçası olardı,

Atasının kəsdiyi taxta parçaları əşyaları.

Axşam düşəndə uçurardı qurduğu dünyanı.

 

Bir gün nə evcik qurdu, nə uçurdu,

Uçub getmişdi o adama bənzəyən atası.

Hər tərəf atasızlıq qoxuyurdu,

Bütün dünya ayrılıq nəğməsi oxuyurdu.

Bir küncə atılıb qalmışdı

Atasından başlayan arzuları.

Bilmirdi, hələ canını

            çox sıxacaq o qorxulu nağılları.

 

Bilmirdi, bir gün başqa bir evcik quracaq

Yalanlardan başlayan.

İçində çox ağlayacaqdı

            ürəyindən yıxılan günlər.

Bilmirdi, hələ çox öldürəcək onu

Kirayə-kirayə, yalan-yalan evciklər...

Tikə-tikə yox, uça-uça

            gedəcək ömrünün sarayına.

 

Bilməzdi ki, içi sevgidən

            evi adamdan yetim qalar,

Atasına bənzəyən o adam girməz qapıdan,

Soruşmaz ehtiyacının nə olduğunu.

Gözlərinin niyə gülmədiyini,

Uşaqlarının niyə xəstələndiyini,

Almaz əllərindən daş kimi ağır dərdlərini.

 

Evim deyəndə yadına düşür indi

Yerini bilmədiyi kiçik bir yuvası var

Onu evciklərindən alan...

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Cümə axşamı, 01 Avqust 2024 10:03

QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - Sınıq karvansara

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

 

SINIQ KARVANSARA

(Zəngəzur mahalının Gorus rayonu)

 

Çox qədim zamanlarda türk oğuz boylarının xanı öz xeyirxahlığı ilə, adil və ədalətliyi ilə rəiyyətin rəğbətini qazanmışdı. 

Məhəmməd Olcaytu xanın iki oğlu var idi. Böyük oğlu Süleymanşah vaxtsız bu dünyadan köçmüşdü. Kiçik oğlu Əbu Səid öz igidliyi, qorxmazlığı ilə Bahadur adı qazanmışdı. 

Vaxt keçdi, xan qocaldı, bir gün oğlunu çağırıb dedi:

- Oğul, mən artıq qocalmışam, Xanlıqda hakimiyyətin tamamilə sənin ixtiyarına keçəcəyi gün uzaqda deyil. Dünyada ən xeyirli şey hünərdir. Hünərsiz heç nəyə nail olmaq mümkün deyil. Dünyada ən yaxşı şey elə yaxşılığın özüdür. Nə qədər yaxşılıq etsən bir gün o sənin qabağına çıxacaq. İnsana həyatda ən lazımlı şey isə həqiqətdir. Həqiqət olmasa, intizam da olmaz, dünya öz nizamından çıxar. Tanrıya çox şükür ki, etdiyim yaxşılıqların qarşısında mənə sənin kimi övlad qismət edib. Amma mənim rahat ölməyim üçün de görüm, oğlum, sən nəyə qadirsən?

Əbu Səid Bahadur atasından bu sualını cavablandırmaq üçün möhlət istədi. Aradan bir müddət keçdi və  oğul atasının yanına gəldi.

– Atayi mehriban. Xanlığımız böyük və zəngindir, – o, söhbətə başladı, – amma daha da zəngin ola bilər.

Xan təəccüblə oğluna baxdı, heç nə demədi, onu dinləməyə başladı. 

“Bəli, daha da varlı”- oğlu təkrarladı. “Mən öz mallarımızı karvanla xarici ölkələrə aparar, sonra tacirlərlə əlaqə yaradıb onları yurdumuza dəvət edərdim. İstəyim odur ki, bizim torpağımızdan da karvanlar keçsin. Odur ki, elə bir karvansaray tikərdim ki, ora gələnlər sığınacaq, rahatlıq tapsın.

“Bəli, bu, çox maraqlı təklifdir”- deyə xan razılaşdı.-“ Oğlum izn verirəm. Yola hazır olun”.

Əbu Səid yerli tacirlərdən ibarət böyük bir karvan topladı, onlar dəvələrə mallarını yükləyib dəvə karvanı ilə uzun müddət səyahət etdilər. Bu illər ərzində Əbu Səid Bahadur ticarət və tikinti işlərini öyrəndi. Vətənə qayıdandan sonra başqa ölkələrdən gələn tacirlərlə görüşüb karvansaray tikmək üçün hazırlaşmağa başladı.

Tezliklə qoca xan öldü. Dəfn mərasimindən sonra mərhum xanın bütün ehtiramlarını ödədikdən sonra atasının yerinə hökmdar olan  oğul atasının vəsiyyətlərini və planlarını həyata keçirməyə başladı. Tacirlər gəlməmişdən əvvəl o, min il davam edəcək və bütün tacirlər, səyyahlar, zəvvarlar, dərvişlər üçün sığınacaq olacaq bir karvansaray tikmək qərarına gəldi. O, ən məşhur sənətkarları topladı və işə başladı. Karvansarayın həm istirahət, həm də ibadət yeri olduğunu nəzərə alıb tikiləcəyi yerin günəşə baxanolacağı müəyyənləşdi. Gənc xanın inşaatçılarla məsləhətindən sonra belə bir yer dağların yamacında, çayın sahilində yerləşən gözəl vadidə seçildi. 

Karvansaray şərqə baxırdı. Buna görə də günəşin ilk şüaları binanın fasadını işıqlandırıb isidir, divarlarınırütubətdən qoruyurdu. Karvansaranın binası altında ərzaq ehtiyatı, su, yem və ərzaq saxlamaq üçün zirzəmilər, at, dəvə, eşşək və qatırlar üçün yerlər və oxurlar tikildi. Karvansaraya su çəkildi.

İllər keçdi və nəhayət karvansara hazır oldu. Görən hər kəs onun ən parlaq, bənzərsiz və qeyri-adi memarlıq sənətinə, qeyri-adi gözəlliyinə və əzəmətinə heyran qalmışdı. Karvansaranın şöhrəti Böyük İpək Yolu boyunca yayıldı. Bir çox tacirlər başqa yollardan gəlib karvansara sahibinin qonaqpərvərliyindən zövq almaq üçün təşrif gətirirdilər. 

Əbu Səid Bahadurun sərvəti artdıqca düşmənlərin gözləri bunu götürmür, onu məhv, müflis etmək üçün planlar cızırdılar. Xan təkcə yaxın düşmənlərlə deyil, həm də karvansaraya hücum edən qaçaq- quldur dəstəsinə qarşı vuruşurdu. Döyüşlərin çox azında məğlub olsa da, bu uğursuzluqların heç biri onu ruhdan salmır, əksinə o, məğlubiyyətin səbəblərini dərindən öyrənib daha ciddi, daha möhkəm hazırlıqla hücuma keçib, düşmənlərini məğlub edirdi. Qüdrətli xan öz polad iradəsi, cəsarəti, şücaəti ilə qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb, düşmənlərin öhdəsindən layiqincə gəlirdi. Amma bu döyüşlər səngimək bilmirdi. Quldurların sayı gündən-günə artırdı. Onlar karvansaraya hücum edib tacirləri öldürür, mallarını qarət edirdilər. Belə qanlı döyüşlərin birində Əbu Səid ağır yaralandı, öldü. Quldurlar karvansaranı ələ keçirdilər, oğurlanmış əmlakı karvansaranın yeraltı zirzəmilərində gizlətdilər. Quldur başçısı öz quldurları ilə karvansarada məskən saldı, lakin qalın daş divarlar ona kömək etmədi. Qonşu qəbilələrin başçıları quldur dəstəsinin nalayiq cinayət əməllərindən xəbər tutdular, birləşdilər onlara qarşı müharibəyə başladılar. Rəqibin daha güclü olduğu ortaya çıxdı. Quldurlardan ölən öldü, qalanlar qaçıb canlarını qurtardılar. Qanlı ağır döyüşlərdən sonra karvansaranın bir hissəsi dağıldı.

İllər keçdi. Karvansara ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşdiyindən tacirlər bir gün olsa da burada köç edirdi. Karvansara onu tikdirən xanın – yəni, Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadurun adı ilə deyil, Sınıq karvansara adı ilə tarixdə qaldı. 

 

Sınıq karvansara Zəngəzur mahalının Gorus rayonunun Yaycı kəndi yaxınlığında, qədim Urud yolunun üstündə türk-müsəlman abidəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yardımlılı şair İqbal Nəhmətdir, bu dəfə  “Boydadı” şeiri ilə. 

 

“Bu dünyanın yüz yalanı,

Bir dənə düzü boydadı” - deyir şair.

Gözəl deyir, düzdümü?

Xoş mütaliələr!

 

Şairin boyu ölçülməz,

Dediyi sözü boydadı!

*

Hərənin var öz yalanı,

Qızarsa üzü boydadı.

Bu dünyanın yüz yalanı,

Bir dənə düzü boydadı.

 

Çalış eyləməsin xumar,

Saçına çəkilən tumar,

Nəfs dediyimiz zəhrimar,

Adamın gözü boydadı.

 

Parçalamaq olub işi,

Yadından çıxıb vərdişi,

İşə bax tökülüb dişi,

Canavar quzu boydadı.

 

Hərə öz tayından böyük,

İş görər soyundan böyük,

Adam var boyundan böyük,

Adam var özü boydadı.

 

Balacalar böyük bilməz,

Böyüklər də susar dinməz,

Şairin boyu ölçülməz,

Dediyi sözü boydadı.

 

İqbal, qısa bilək ömrü,

Gəl sevinək, gülək ömrü,

Yaşadığın külək ömrü,

Yolların tozu boydadı.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Çərşənbə, 31 İyul 2024 17:30

Fransa hidayət edəcəkmi? -Əkbər QOŞALI

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazar və siyasi icmalçı Əkbər Qoşalının növbəti şərhini təqdim edir. 

 

Yazını ritorik sualla başlayıram, qüsura baxmayın: Hidayət sözünün anlamı nədir? - Bəlli olduğu kimi, bu söz “doğru yolda olmaq, haqq yolu bulmaq (və ya göstərmək)” anlamlarını daşıyır.

Hidayəti istəyən, diləyən insandır, onun könlünə iman nuru verən isə Yaradanımızdır. Yəni, hidayəti, iraq olsun, cəhaləti, zəlaləti də yaradan Tanrı olsa belə, onlardan hansı birini seçmək insanın öz ixtiyarındadır. Dindarların sözü olmasın, aqibətinə görə sorumlu olan məhz insanın özüdür. Bəs belə isə bəndələrin görəvi haqqa-həqiqətə aparan yolları (səbəbləri) aramaq, ağıl və iradəsini bu yönə səfərbər etmək deyilmi?

Bir də, hidayət bir qavram olaraq yalnız müsəlmanlar üçünmü keçərlidir? Bəs digər - “səmavi” dediyimiz dinlərçün necə?..

Gəlin bu yerdə Əməkdar jurnalist Nadir Azəridən bir sitata diqqət edək. - “Paris-2024”-ün açılış törənini satanistlərin Allaha, inananlara meydan oxuması kimi yorumlayan Əməkdar jurnalist “bayraqdarinfo”da yazır:

“Dünya sivilizasiyasında bu vaxta kimi insanlığı təhdid edən bir çox “izm”lər mövcud olub. Faşizm, imperializm, kolonializm və s. Ancaq hesab edirik ki, bütün bunları öz qəddarlığı, əxlaqsızlığı və çirkablığı ilə arxada qoyan Makronializmdir. Hesab edirik ki, bu gün Parisdə mərkəzləşsə də, artıq bütün dünyanı, bütövlükdə insanlığı təhdid edən, bəşəriyyəti dinsiz və mədəniyyətsiz qoymağı hədəfləyən cərəyanın, zehniyyətin, siyasətin, idarəçiliyin adıdır Makronializm.

Makronializm həm də xristian sivilizasiyasını hədəfə alıb

Dünənə qədər Makronializm əsasən türk və müsəlman dünyası üçün təhlükə mənbəyi sayılırdısa, Parisdə başlayan 33-cü Yay Olimpiya Oyunlarının açılış törənindən sonra fikirlər tamamilə dəyişdi. Artıq belə bir fikir formalaşıb ki, Makron idarəçiliyi, bizim təbirimizcə isə Makronializm həm də xristian sivilizasiyasını hədəfə alıb”… Doğru demirmi?

 

Bəli, hidayəti tapmaq önəmlidir ancaq o son məqsəd deyil. 

Bəs hidayətin üsulları, necə deyək, yolu-izi nədir, necə ifadə olunur?

1) Allaha, onun Rəsuluna qarşı sayğılı olmaq;

2) İman və saleh əməl;

3) Müsibətlər qarşısında toxtaqlı olmaq;

4) Böyük günahlardan çəkinmək;

5) Əməlisaleh dostlarla birlikdə olmaq və s.

 

Fransa müsəlman ölkəsi deyil, əksinə, müsəlman ölkələrini qərinələr boyu əsarətdə saxlamış, müsəlmanlara qarşı soyqırım aktları törətmiş ölkədir. Fransa guya demokratik respublika olsa da, öz müsəlman vətəndaşlarına qarşı sayğısızlıqları bitməmişdir. Müsəlmançılığı qoyaq bir qırağa, Fransa musəviliyə, isəviliyə sayğımı duyur guya? Yuxarıdakı dürüst sitatdan, XXXIII Yay Olimpiya Oyunlarının açılış törənindəki hoqqalardan və Fransanın ən azı son illərki dış və iç politikasından da göründüyü kimi, Fransa (Allah ağzımı əyməsin), allahsızlıq peşindədir… Belə bir yol - daha doğrusu, yolsuzluq isə hələ heç kəsə, heç bir dövlətə uğur gətirməyib.

Fransanı biz necə görmüşük? 

- O, imansızlıq yuvasıdır və saleh əməllərdən uzaqdır;

- Sömürgələri (!) əlindən çıxınca toxtaqlı davrana bilmir, quyruğu tapdanmış ilan kimi sağa-sola saldırır;

- BMT Təhlükəsizlik Şurasının daimi üzvü, NATO-nun, Avropa Birliyinin qurucu üzvü olsa da, özünü sütül dövlət kimi aparır, böyük davranmaq yerinə, böyük günahlardan çəkinmir, əlinə düşən hər fürsətdə hansısa ölkənin (xalqın) haqq-hüququnu tapdalayır.

 

Bir dövlətçün əməlisalehlik nədir? - Beynəlxalq hüquqa sayğı - bax, Fransada o yoxdur. Fransa dostlarını, onunla birlikdə olanları da günahlara sürükləməyə çalışır - Ermənistanı bizimlə sülh bağlamaqdan çəkindirməyi buna misaldır. Frankafoniya buna misaldır. (Ötən il Frankafoniya növbəti dəfə öz mandatını aşaraq Azərbaycana qarşı əsassız qətnamə qəbul etmək istərkən, bizim orada bulunan dost dövlətin Baş naziri bunu əngəlləmişdi)… Əhalisinin hər üç nəfərindən biri fransız olan Kanadanın Azərbaycana, Türkiyəyə münasibəti (münasibətsizliyi) buna misaldır və s.

 

Fransa hidayət yolundasa, ona münasibətindən asılı olmayaraq, heç bir ölkəyə, xalqa yanlış üsul, vasitələrlə yaxınlaşmamalı, onu zəlalətə yox, ədalətə götürəcək yolu izləməlidir. 

Fransa hətta, bir zamanlar malik olduğu, özü yaratdığı dəyərlərdən uzaqlaşıb; əsla tərk etməməli olduqlarını tərk edib. Fransa respublika qurmuş, demokratiya yaratmış, kamil ədəbi, bədii, fəlsəfi, elmi əsərlər yaratmış babalarının belə yolunda deyil. (Ya bəlkə biz o əsərlərin yalnız yaxşılarını görmüş, qəbul etmişik?..) 

Zəlzələdən, vəlvələdən, Makron kimi bir siyasətçini iki dəfə ard-arda dövlət başçısı seçən, onun üzdəniraq hökumətini başa keçirən, səs verdiyi parlamentin hər iki qanadı (şəxsən bizə münasibətdə!) açıq-aşkar ədalətsizliklər etmiş bir cəmiyyət deqradasiyada, nihilizm içindədir…

 

Təsəvvür edin: 

sən evsahibi olasan, qonaq komandalardan birini sünii olaraq “yuxarı”laya, digərini “aşağı”lamağa çalışasan - bu, qətiyyən yol verilməzdir, qətiyyən! Bu, Olimpiya hərəkatına, bütün müvafiq xartiyalara, hətta, dövlət ərkanı qalsın bir qırağa, ən adi jurnalist etikasına, mənəvi, əxlaqi, hüquqi olan hər şeyə ziddir! 

Yadınızdasa, 

l Avropa Oyunlarında Ukraynanı təmsil edən erməni idmançı Gevorq Manukyanın adı elan olunarkən, salondan sövq-təbii uğultu qopdu. - Xatırladım ki, onda hələ torpaqlarımız işğaldan azad olunmamışdı… - 

Prezident İlham Əliyev bir əl işarəsi ilə salonu sakitləşdirdi və gümüş medal qazanmış o idmançını ləyaqətlə təltif etdi. Bu, ərkan, əsalət bizim xarakterimizin ifadəsiydi. Biz belə xalqıq, bizim liderimiz belə liderdir! 

Ancaq böyüklü-kiçikli Fransa və Ermənistan bacıları nəinki idmanı siyasətə, siyasəti idmana qatır, beynəlxalq tədbirlərdə iştirak edən Azərbaycan nümayəndə heyətlərinə qarşı ayrı-seçkilik edir. Bu barədə neçə-neçə misal var…

 

Bax, məhz bu amillər cüdoçumuz Hidayət Heydərovun Parisdəki qələbəsinə bizim özəl sevincimizi şərtləndirir. Yoxsa, idmançı udar da, uduzar da; qələbəyə görə bir dəfə bizim bayraq, bir dəfə digər ölkənin bayrağı daha yuxarı asılar - bu, anlaşılandır. Lakin Hidayət Heydərovun məhz finalda məhz Fransanı təmsil edən idmançıya parlaq surətdə qalib gəlməsi çox, lap çox önəm ərz elədi. 

Hidayət Heydərovun qələbəsinə özəl sevincimizin başqa tutarlı səbəbləri də var, əlbəttə. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti olandan bəri biz parlaq qələbələrə, yüksək əyarlı medallara  öyrəşmişik, alışımıq. Ancaq ötən dəfə Tokioda qızıl medal ala bilməmişdik - üzgündük. “Qızıl”sızlıq Tokioda qalmalıydı, qaldı da!

Onu da etiraf edək ki, məhz Azərbaycan idman təsərrüfatının yetirməsi olan idmançıların qələbəsinin həzzi bir başqadır! Odur ki, Hidayət Heydərovun Olimpiya “qızıl”ı bizimçün qızıldan qiymətlidir! İnanırıq, bayrağımız Parisdə yenə dalğalanacaq, hətta ən yüksəkdə dalğalanacaqdır!

 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Elman Tovuzun dostu Ehtiram İlham ilk olaraq onun vəfatı barədə məlumat paylaşdı. 

1997-ci ildən yatağa düşən şair uzun müddət idi ki, əlil arabasında idi və ağır xəstəlikdən əziyyət çəkirdi.

 

Qeyd edək ki, Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov) 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət (ərazi vahidi - Çataq) kəndində doğulub. Şair "Hara gedir bu yol belə?..", "Dünya, məni mənə qaytar", "Dəlir ürəyimi demədiklərim" adlı üç kitabın müəllifidir.

Onun vəfatı dostlarını, tanışlarını və oxucularını çox sarsıtdı.

Budur, onlardan bəzilərinin acı təəssüf kəlmələri.

 

Narıngül Babayeva:

“Elman Tovuz çox əhatəli, dostlu, qonaq -qaralı insan idi. Dostları çox idi: Mikayıl Bozalqanlı, Ehtiram İlham, İlqar Türkoğlu,..  Siyahını nə qədər desən, uzatmaq olar. Adı çəkiləndə dostlarının üzündə təbəssüm yaranırdı. İndiki dövrdə bu qədər sevilmək də hər adamın işi deyil.  

Dünyadan bir işıqlı adam da azaldı. Ruhu şad olsun. 

Başınız sağ olsun, dostlar”.

 

Əlizadə Nuri:

“Yaşıl libasını geyib gələrsən-

Mənim də evimdə səmənim olsun...

Bu gözəl misraların müəllifi Elman Tovuzu itirdik. Çox üzgünəm.

Məqamın uca olsun, qardaş.

Böyük poeziyanın başı sağ olsun”.

 

Sadiq Qarayev:

“Belə getsə...”

Hə müəllim, belə getsə işıq qalmayacaq bu dünyada...

ALLAH Sizə rəhmət eləsin dəyərli şairimiz, işıqlı insan Elman Tovuz”.

 

Çiçək Mahmudqızı:

“Şeir kitabını varaqlayan,qız

Heyif ki,sevinə bilmədi, Elman Tovuz...

Heyif səndən etibarlı dost, böyük şair, təkrarsız könül sahibi. İtgin nə ağır oldu bizə. Sonun belə olacağını heç gözləmirdim. Ümidlə gözləyirdim səni, ümidlərim boşa çıxdı, könüldaşım... Əylən ay gedən, əylən, deyiləsi, çözüləsi nə qədər söhbətlərimiz qaldı, həyat eşqili İnsan...”

 

Adilə Nəzər:

“Bu gecə üçünmü yazdın bu şeiri Elman Tovuz ?!

 

Tənhalığın son gecəsi

 

Bir gecə qapın döyülə,

Əl atıb açan olmaya.

Qonşuda bir səsi gələn,

Küçədən keçən olmaya.

 

Aynadan baxan tapıla –

Gözünə yad görünəsən.

Öz əlin, öz yaxan ola,

Yarıb qoynuna girəsən.

 

Üstünə çökə qorxular,

Kilidlənə dil-dodağın...

Canın, içində qovrula,

"Dadı çıxa" tənhalığın.

 

Xəyalından gəlib keçə

Bir-bir şirinlər, acılar...

Yatıb qalasan beləcə,

Sabahın gözü açıla.

 

Ruhun havalana göyə,

Ardınca ağca tüstüsü.

Son dəfə qapını döyə

Ürəyinin döyüntüsü...

 

Uçub hər yana dağıla

Minarədən azan səsi.

Bir ömür dönə nağıla,

Tənhalığın son gecəsi.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı”nın birgə təşkilatçılığı,  “Code Academy” şirkətinin dəstəyi ilə "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində  “DIGIAGE - Bakı 2024” rəqəmsal oyun düşərgəsi keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Eləcə də onların dünya bazarına çıxmaq istiqamətində  təcrübə əldə etmələrinə və yeni təşəbbüslərinə dəstək  əsas hədəflərdir. 

 

20 minə yaxın gəncin iştirakı ilə dünyada doqquzuncu, ölkəmizdə isə ikinci dəfədir təşkil olunacaq “DIGIAGE” düşərgəsi vasitəsilə oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstəriləcək və investisiya əsasında ekosistemi böyütmək imkanı təmin ediləcək.

 

Ötən ilin 7-9 sentyabr tarixində baş tutan ilk düşərgədə 14 komandadan müvafiq potensiallı hesab olunan 5 komandaya investisiya ayrılıb və "Bilişim Vadisi Bakı" kampusunda ödənişsiz ofis imkanları verilib. Ümumilikdə 14 komandadan 11-nə isə "Bilişim Vadisi" tərəfindən mentorluq dəstəyi verilməklə investisiya potensiallarının artırılmasına dəstək göstərilib.

 

Düşərgələr 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” , “Bilişim Vadisi Bakı” və “Code Academy” arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən təşkil olunur. Məqsəd texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsidir. Eyni zamanda ölkəmizdə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanması prioritetlərdir.

 

“DIGIAGE - Bakı 2024”  düşərgəsində iştirak etmək istəyən şəxslər 16 avqust 2024-cü ilə tarixinədək  https://digiage.com.tr saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının Mütəxəssi Rəyi rubrikası Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin peşəkar fəaliyyəti zamanı qarşılaşdığı çətinlik barədə danışacaq, çıxışçı Fariz Xəlillidir. 

 

1970, 1980, 2000-ci illər nəsilləri sanki bir-birindən xəbərsiz bir arxeoloji abidəni başqa yeni adlarla, yeni inventarla dövlət qeydiyyatına alıblar. Dəqiqləşdirmələr aparılmayıb, yeni kəşflər də üstünə gəldikcə, bir abidənin 3-4 inventar nömrəsi ortaya çıxıb. Yazıq abidə mühafizinə də bunu başa salan olmayıb, düşüb dağların, düzlərin canına abidələri axtarıblar, axtarırılar. Arxeoloqların çoxu vəfat edib, gənc arxeoloqlar mərhumların haranı nəzərdə tutduğunu da dəqiqləşdirməkdə əziyyət çəkirlər. 2020-ci illərin nəsilləri də eyni problemi davam etdirirlər. “Yeni aşkar olunmuş” adı ilə çoxlu sayda 3-4 inventarlı abidələr yenidən inventarlaşmalı olub. Problemi dəfələrlə səsləndirməyimizə baxmayaraq acı bağırsaq kimi uzanıb gedir. Nəticədə abidə mühafizlərinə şəkildə gördüyünüz kimi, küp qəbirləri, müsəlman qəbiristanlığını göstərib qoruyarlar. Abidə əslində başqa yerdədir, amma heç aidiyyatı olmayan yerdə qorunur. 

Arxeoloji abidələrin vəziyyəti bu mənada çox acınacaqldır. Əgər mütəxəssis olmasanız, siz də bunları başa düşməzsiniz, bəlkə də çoxunuz, heç başa düşmür də. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin hansı və nə boyda əziyyəti çəkdiyini bir təsəvvür edin.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

Çərşənbə, 31 İyul 2024 15:38

STATUS YAĞIŞI - Şəmil Sadiq ilə

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını yazar Rəşid Abdullayev üçün açır. Buyurun.

 

Kəklikotu, çayır, lalə... 

Adətən, dağlıq zonada bitir. Amma susuzluqdan əziyyət çəkən dağlarda olanda ətri daha sərt, daha məstedici olur. Bilirsiniz niyə, çünki o bildiyiniz yaşam mücadiləsi verir. Bir tərəfdən su tapmaq üçün kökünü dərinə salmağa çalışır, bir tərəfdən də sərt qayaların arasında boy atmağa. Hələ bunun qurdu var, quşu var, iti var, böcəyi var ki, onun boy atmasına daima maneə olur, əzməyə cəhd edir. O isə bunlara məhəl qoymadan min bir əzab-əziyyətlə günəşlə qovuşur. Üzü göylərə olsa da, gücünü torpaqdan alır. Ona görə də onun ətri elə gözəl olur. 

Çətinliklər insanı güclü edir deyirlər, amma güclü olana qədər də ömür əldən gedir, can yıxılır. Kəklikotu da elə, min bir zillətlə torpaq üzərində duruş gətirməyə çalışır ki, ya iki ayaqlı, ya da 4 ayaqlı heyvanlar onun sonunu gətirir. 

Gərək ki bivec olasan çayır kimi?.. Harda su var, orda var olasan. Amma çayırın da bir hörməti yox, şərəfi yox. Üzünə tüpürən kim, tapdalayan kim, yolan kim. Gör heç vecinədir? Niyə vecinə deyil, bilirsiniz o da nə qədər əziyyət çəkir. Biz onu sevəndə çəmən, bezəndə çayır adlandırırıq. Bizi məmnun etmək üçün yazıq o da min bir zillət çəkir. Amma çayır yetim yıxılsa da özünü o yerə qoymayan lardandır. Altda nə olur, olsun, əsas üstdəkidir. Cəmiyyət onu sevsin, bəyənsin, yetər, arxada başına nə oyun gəlir-gəlsin, təki ona sən nə gözəlsən desinlər. 

Hə bir də laləni düşünün. Sahənin ən gözəl yerində, ən verimli yerində bitər. Əslində bizlərin işinə maneə də olur. Ona görə adamın otu, zəmini biçməyə də əli gəlmir. Dəyməyin, qoyun lalə şellənsin, ammandı toxunmayın, uçub gedər. Onunla məhəbbət dolu şəkil çəkdirərik, oxşayarıq, kökündən qırsaq belə, elə ehtiyatla davranarıq ki, elə bil ləl-cəvahirdir. Heç ətri də yoxdur eee...

P.S. Kəklikotundan yazacaqdım, çayırla, lalə söhbətə necə urcah oldular bilmədim)

Şəklin söhbətə dəxli olmasa da, qəşəngdir.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

“Ədəbiyyat və incəsənət” portal “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Cəfər Atayevin “Quyu” hekayəsini təqdim edir.

 

Əslində hər şey qaydasında gedirdi. Davutlu kəndinin sakinləri həmişəki kimi öz həyatlarına davam edirdilər. Ta ki o günə kimi...

İl 1989. Qəribə bir yay günü idi. Ağaclar yaşlı insan kimi görünür, budaqları isə vahimələndirirdi. Hələ ayda qırmızımtıl parıldayırdı. Sanki təbiət bu günü özəl edəcək nəsə hazırlamışdı. Yorğun bir günün sonunda Nazlı, sanki illərin yorğunluğunu göstərən gözləri yumulmasın deyə özünü zar-zor tuturdu. Yelləncəyində mürgüləyərək yellənən Nazlı arxadan gələn bir səsi eşitcək diksindi. Astaca balaca əlləri ilə yorğun gözlərini, iri, açıq, zilqara bəbəklərini sanki “bir azca da oyaq qal” deyərmişcəsinə ovuşdurdu.

Səs bağın ortasındakı ağacların arasından gəlirdi.

Nazlı az sonra olacaqlardan xəbərsiz, ağlında “bu toyuqları hinə salmaqdan bezdim, bunlar çıxmaqdan bezmədi”- deyə deyinərək ora yaxınlaşdı.

Nəhayət üç yaşlı, bədheybət ağacın arasından gələn səsə boylandı. Orada heç nə yox idi. Az öncə gələn səs isə gah sağdakı ağac tərəfdən, gah soldakından, gah da tam qarşısındakından gəlirmiş kimi əks-səda verirdi. Nazlı reaksiya vermədən donub qalmışdı, olanlara kiçik beynində bir anlam verməyə çalışırdı. Alnından süzülən soyuq tər damcılarının neçəsi qara iri bəbəklərinin içinə gedib göynədir, neçəsi yanağından çartlamış dodağlarını yandıraraq süzülürdü. Ağzı açıq, dəli kimi gah sağa, gah sola boylanırdı. Sanki ayaqları yerə yapışıbmışcasına bədənini tərpədə bilmir, bu hadisədən qaçıb qurtulammırdı.

Bu dəmdə yanındakı quyudan gələn körpə çığırtısı Nazlının bütün bədənini titrətdi, bu səs indiyə qədərki vəziyyəti tamam dəyişmişdi. Elə bil ruhu bədənindən çıxdı,  yox-yox, sanki ruhu bədəninə daxil oldu, ya da yox, bu ruh deyildi... Bu tam başqa bir şey idi. Bu şey Nazlının zülmət qarası gözlərini parıldadıb, beynini keyləşdirmişdi. Lakin quyudakı inilti dinməmişdi.

Az sonra özünü uşaq ağlaması və ara bir fəryad səsi ilə əvəz edən bu inilti Nazlının balaca qəlbində həm qorxu, həm mərhəmət hissi oyatdı. Quyunun qapısını açmağı tapşırırdı içindəki səs, belə də etdi. Çətinliklə də olsa bu dəmiri yerə salmağı bacarmışdı. Amma quyunun suyu çəkilmişdi. Su yerinə yerdə üçbucaq şəklində bir-birinə yaxın üç yanılı şam var idi, ortasında isə bir gəlincik.  Bunca fəryadın bu vahiməli gəlincikdən çıxması nə qədər ağılasığmaz olsa da, o şamları ora kimin qoyması və hələ yandırması düşüncəsi daha betər qorxudurdu adamı... Bu, başdan ayağa dəlilik idi.

Bütün bədəni qan tər olan Nazlıya içindəki səs o gəlinciyi xilas eləməyi tapşırdı. Uzun kəndir tapıb, bir ucunu belinə bağlayıb, digər ucunu isə quyunu əhatə edən 3 ağacın ətrafında dəfələrlə dolayaraq nəhayətində bağlaya bildi. Dərindən nəfəs alıb quyunun üstünə çıxdı. Astaca birinci ayaqlarını, sonra bədənini quyuya saldı.

Sağa-sola baxır, sanki çırpınırdı bu boşluğun içində.

Nəfəsi daralır, quyunun dərininə düşdükcə ciyərləri ağırlaşırdı. Getdikcə uzanan uzun yolun sonunda quyunun dibinə enməyi bacardı, amma bu dəmdə bədəni yüngülləşmişdi, sanki illərlə bədənində həbs olan bir şey azad olmuşdu.. Bir qədər donub, daha sora gördüyünə inana bilmədi. Yerdə nə şamlar, nə də gəlincik var idi.  

Nazlının gözlərinin parıtlısı itdi. Tez əlini bura düşdüyü kəndirə atanda orda kəndirin olmadığını gördü. Son dəfə çabaladı, başı gicəlləndi, yerə yıxıldı. Gözünü açanda özünü qaranlıq bir otaqda tapdı. Bu, otaq da deyil, tunel idi, damdar idi, məzar kimi. Yox-yox, geniş idi.

Nazlı getməyə başladı, get-gedə uzanan yol isə onu yorurdu. Budur, o çatmışdı. Qarşısında yol ayrıcı və hər yol ayrıcında bir qapı durmuşdu. Sağdakı qapı tərəfdə qışqırıq, fəryad, soldakından isə gülüş səsləri yüksəlirdi. Nazlı özü də bilmədən bir-birindən bağımsız iki kainatın ortasında idi. Bir qədər düşünüb gülüş gələn qapıya tərəf qaçdı. Nazlı qaçdığca qapı ondan daha da uzağa düşürdü..

Yorulan Nazlı içindəki bir səslə daha da şiddətli qaçmağa başladı.

 “Get, get, sən bacararsan!”

Nazlı qapıya yaxınlaşanda artıq təmiz taqətdən düşmüşdü, yorğunluq ifadə edən qara gözləri bozarmış, göz altları sallanmış, ayaqları isə sanki bədənindən uzaqlaşmaq istəyirmiş kimi qaçırdı. Boğazı o qədər qurumuşdu ki, elə bil, illərlə suya həsrət olan səhra yerləşirdi ağzının içində.

Bayaqdan yanında qaçıb fikir vermədiyi bir budağa gözü sataşdı. Bu budaq Cənnətdən çıxmışdı. Budağın üstündə isə parıldayan almalar göz oxşayırdı.

Sol əlini bir ümüdlə atıb almanın birini qopardı...

***

Səhər saatları.

Ailə 9 yaşında Nazlını bütün qorum-qonşudan sorub-soruşdurandan sonra, ümidini  üzüb, ən yaxın polis şöbəsinə üz tutdu. Həyətdə axtarış zamanı qapağı yarımçıq  qoyulmuş bir yer quyusu polislərin diqqətlərini çəkdi. İçində isə Nazlının şişmiş, cansız bədəni. Əlində isə bir dişlənmiş alma.

Uzun tərəddüddən sonra ailə qızın yuxuda gəzdiyini etiraf etdi və cinayət işi bağlandı.

O hadisədən bir həftə keçmişdi ki, ailəni gecə yarısı bir səs oyatdı.  Quyudan uşaq çığırtısı səsi gəlirdi...

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)      

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aydın Sabahın  şeirlərini təqdim edir. 

 

 

Aydın Sabah

Təbriz

 

 

 

OLDUM

 

Dur gəl bu yetim duyğulara mən qapaz oldum,

Səssizcə bahar könlümə qış, qış ayaz oldum.

 

Oxlandı günəş zirvəsi tel-tel yaralandım,

Yoxsa ki, Saram könlünə sel-sel Araz oldum.

 

İl ötdüsə, ay ötdü budaqlar tək ələndim,

Saçlar önünə gözdən iraq qar, bəyaz oldum.

 

Bayquş yuxusuydu deməli gəldi bu axşam,

Sinsitdi qapı, pəncərəmi oxşamaz oldum.

 

Neylim ki, daha güllərimiz soldu, saraldı,

Bəlkə bu yalan bağçamıza təkcə yaz oldum.

 

Mən dağdan uca çənli dumanlar günəş idim,

Qar-qat əridimsə, qoluna dəstəmaz oldum.

 

İllərdi çiçəklər yarası burda sağalmır,

Dur gəl bu yetim duyğulara mən qapaz oldum.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.