Fransa hidayət edəcəkmi? -Əkbər QOŞALI Featured

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazar və siyasi icmalçı Əkbər Qoşalının növbəti şərhini təqdim edir. 

 

Yazını ritorik sualla başlayıram, qüsura baxmayın: Hidayət sözünün anlamı nədir? - Bəlli olduğu kimi, bu söz “doğru yolda olmaq, haqq yolu bulmaq (və ya göstərmək)” anlamlarını daşıyır.

Hidayəti istəyən, diləyən insandır, onun könlünə iman nuru verən isə Yaradanımızdır. Yəni, hidayəti, iraq olsun, cəhaləti, zəlaləti də yaradan Tanrı olsa belə, onlardan hansı birini seçmək insanın öz ixtiyarındadır. Dindarların sözü olmasın, aqibətinə görə sorumlu olan məhz insanın özüdür. Bəs belə isə bəndələrin görəvi haqqa-həqiqətə aparan yolları (səbəbləri) aramaq, ağıl və iradəsini bu yönə səfərbər etmək deyilmi?

Bir də, hidayət bir qavram olaraq yalnız müsəlmanlar üçünmü keçərlidir? Bəs digər - “səmavi” dediyimiz dinlərçün necə?..

Gəlin bu yerdə Əməkdar jurnalist Nadir Azəridən bir sitata diqqət edək. - “Paris-2024”-ün açılış törənini satanistlərin Allaha, inananlara meydan oxuması kimi yorumlayan Əməkdar jurnalist “bayraqdarinfo”da yazır:

“Dünya sivilizasiyasında bu vaxta kimi insanlığı təhdid edən bir çox “izm”lər mövcud olub. Faşizm, imperializm, kolonializm və s. Ancaq hesab edirik ki, bütün bunları öz qəddarlığı, əxlaqsızlığı və çirkablığı ilə arxada qoyan Makronializmdir. Hesab edirik ki, bu gün Parisdə mərkəzləşsə də, artıq bütün dünyanı, bütövlükdə insanlığı təhdid edən, bəşəriyyəti dinsiz və mədəniyyətsiz qoymağı hədəfləyən cərəyanın, zehniyyətin, siyasətin, idarəçiliyin adıdır Makronializm.

Makronializm həm də xristian sivilizasiyasını hədəfə alıb

Dünənə qədər Makronializm əsasən türk və müsəlman dünyası üçün təhlükə mənbəyi sayılırdısa, Parisdə başlayan 33-cü Yay Olimpiya Oyunlarının açılış törənindən sonra fikirlər tamamilə dəyişdi. Artıq belə bir fikir formalaşıb ki, Makron idarəçiliyi, bizim təbirimizcə isə Makronializm həm də xristian sivilizasiyasını hədəfə alıb”… Doğru demirmi?

 

Bəli, hidayəti tapmaq önəmlidir ancaq o son məqsəd deyil. 

Bəs hidayətin üsulları, necə deyək, yolu-izi nədir, necə ifadə olunur?

1) Allaha, onun Rəsuluna qarşı sayğılı olmaq;

2) İman və saleh əməl;

3) Müsibətlər qarşısında toxtaqlı olmaq;

4) Böyük günahlardan çəkinmək;

5) Əməlisaleh dostlarla birlikdə olmaq və s.

 

Fransa müsəlman ölkəsi deyil, əksinə, müsəlman ölkələrini qərinələr boyu əsarətdə saxlamış, müsəlmanlara qarşı soyqırım aktları törətmiş ölkədir. Fransa guya demokratik respublika olsa da, öz müsəlman vətəndaşlarına qarşı sayğısızlıqları bitməmişdir. Müsəlmançılığı qoyaq bir qırağa, Fransa musəviliyə, isəviliyə sayğımı duyur guya? Yuxarıdakı dürüst sitatdan, XXXIII Yay Olimpiya Oyunlarının açılış törənindəki hoqqalardan və Fransanın ən azı son illərki dış və iç politikasından da göründüyü kimi, Fransa (Allah ağzımı əyməsin), allahsızlıq peşindədir… Belə bir yol - daha doğrusu, yolsuzluq isə hələ heç kəsə, heç bir dövlətə uğur gətirməyib.

Fransanı biz necə görmüşük? 

- O, imansızlıq yuvasıdır və saleh əməllərdən uzaqdır;

- Sömürgələri (!) əlindən çıxınca toxtaqlı davrana bilmir, quyruğu tapdanmış ilan kimi sağa-sola saldırır;

- BMT Təhlükəsizlik Şurasının daimi üzvü, NATO-nun, Avropa Birliyinin qurucu üzvü olsa da, özünü sütül dövlət kimi aparır, böyük davranmaq yerinə, böyük günahlardan çəkinmir, əlinə düşən hər fürsətdə hansısa ölkənin (xalqın) haqq-hüququnu tapdalayır.

 

Bir dövlətçün əməlisalehlik nədir? - Beynəlxalq hüquqa sayğı - bax, Fransada o yoxdur. Fransa dostlarını, onunla birlikdə olanları da günahlara sürükləməyə çalışır - Ermənistanı bizimlə sülh bağlamaqdan çəkindirməyi buna misaldır. Frankafoniya buna misaldır. (Ötən il Frankafoniya növbəti dəfə öz mandatını aşaraq Azərbaycana qarşı əsassız qətnamə qəbul etmək istərkən, bizim orada bulunan dost dövlətin Baş naziri bunu əngəlləmişdi)… Əhalisinin hər üç nəfərindən biri fransız olan Kanadanın Azərbaycana, Türkiyəyə münasibəti (münasibətsizliyi) buna misaldır və s.

 

Fransa hidayət yolundasa, ona münasibətindən asılı olmayaraq, heç bir ölkəyə, xalqa yanlış üsul, vasitələrlə yaxınlaşmamalı, onu zəlalətə yox, ədalətə götürəcək yolu izləməlidir. 

Fransa hətta, bir zamanlar malik olduğu, özü yaratdığı dəyərlərdən uzaqlaşıb; əsla tərk etməməli olduqlarını tərk edib. Fransa respublika qurmuş, demokratiya yaratmış, kamil ədəbi, bədii, fəlsəfi, elmi əsərlər yaratmış babalarının belə yolunda deyil. (Ya bəlkə biz o əsərlərin yalnız yaxşılarını görmüş, qəbul etmişik?..) 

Zəlzələdən, vəlvələdən, Makron kimi bir siyasətçini iki dəfə ard-arda dövlət başçısı seçən, onun üzdəniraq hökumətini başa keçirən, səs verdiyi parlamentin hər iki qanadı (şəxsən bizə münasibətdə!) açıq-aşkar ədalətsizliklər etmiş bir cəmiyyət deqradasiyada, nihilizm içindədir…

 

Təsəvvür edin: 

sən evsahibi olasan, qonaq komandalardan birini sünii olaraq “yuxarı”laya, digərini “aşağı”lamağa çalışasan - bu, qətiyyən yol verilməzdir, qətiyyən! Bu, Olimpiya hərəkatına, bütün müvafiq xartiyalara, hətta, dövlət ərkanı qalsın bir qırağa, ən adi jurnalist etikasına, mənəvi, əxlaqi, hüquqi olan hər şeyə ziddir! 

Yadınızdasa, 

l Avropa Oyunlarında Ukraynanı təmsil edən erməni idmançı Gevorq Manukyanın adı elan olunarkən, salondan sövq-təbii uğultu qopdu. - Xatırladım ki, onda hələ torpaqlarımız işğaldan azad olunmamışdı… - 

Prezident İlham Əliyev bir əl işarəsi ilə salonu sakitləşdirdi və gümüş medal qazanmış o idmançını ləyaqətlə təltif etdi. Bu, ərkan, əsalət bizim xarakterimizin ifadəsiydi. Biz belə xalqıq, bizim liderimiz belə liderdir! 

Ancaq böyüklü-kiçikli Fransa və Ermənistan bacıları nəinki idmanı siyasətə, siyasəti idmana qatır, beynəlxalq tədbirlərdə iştirak edən Azərbaycan nümayəndə heyətlərinə qarşı ayrı-seçkilik edir. Bu barədə neçə-neçə misal var…

 

Bax, məhz bu amillər cüdoçumuz Hidayət Heydərovun Parisdəki qələbəsinə bizim özəl sevincimizi şərtləndirir. Yoxsa, idmançı udar da, uduzar da; qələbəyə görə bir dəfə bizim bayraq, bir dəfə digər ölkənin bayrağı daha yuxarı asılar - bu, anlaşılandır. Lakin Hidayət Heydərovun məhz finalda məhz Fransanı təmsil edən idmançıya parlaq surətdə qalib gəlməsi çox, lap çox önəm ərz elədi. 

Hidayət Heydərovun qələbəsinə özəl sevincimizin başqa tutarlı səbəbləri də var, əlbəttə. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti olandan bəri biz parlaq qələbələrə, yüksək əyarlı medallara  öyrəşmişik, alışımıq. Ancaq ötən dəfə Tokioda qızıl medal ala bilməmişdik - üzgündük. “Qızıl”sızlıq Tokioda qalmalıydı, qaldı da!

Onu da etiraf edək ki, məhz Azərbaycan idman təsərrüfatının yetirməsi olan idmançıların qələbəsinin həzzi bir başqadır! Odur ki, Hidayət Heydərovun Olimpiya “qızıl”ı bizimçün qızıldan qiymətlidir! İnanırıq, bayrağımız Parisdə yenə dalğalanacaq, hətta ən yüksəkdə dalğalanacaqdır!

 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.